Fatimənin (s) sadə həyatı İnsan fitrəti zatən paklığa meyilli olduğundan daim pak insanlar, onların əməl və əxlaqları sitayiş edilir. Ona görə də saleh insanların yolu nümunə götürülür. Nümunə götürmək, başqalarının dəyərli xüsusiyyətləri təsirində olmaq fitrətin əmridir. Çirkin əməllərə, əxlaqa nifrət də fitrətdəndir. İnsan paklıq, yaxşılıq, gözəl sifətlərlə nə qədər çox ziynətlənərsə, cəmiyyətə təsiri də bir o qədər çox olar, qəlbləri asanlıqla əla alar. Peyğəmbərlər və ilahi rəhbərlərin insanlara təsir etməsinin sirri də budur. Onlar bəşəriyyətin fitri istəklərini oyatmağa çalışmışlar. Digər tərəfdən özləri paklıq və yaxşılıq nümunəsi olub, məsləklərinə inanmışlar. Onların sözü və əməli arasında heç bir uyğunsuzluq olmamışdır. Vəhyə iman səbəbindən özləri dini göstərişlərə əməl etməkdə nümunə olmuşlar. Çünki sözlə əməl arasında ziddiyyət başqalarının nifrətinə səbəb olur. Hansı ki, əməl və söz bir-birlərini tamamlamalıdırlar. Buna görə də cəmiyyətin inkişafında xüsusi rolu olan ilahi rəhbərlər xalqı paklığa, dünyaya uymamağa, nəfslə vuruşmağa çağırırlar. Onlar gözəl əxlaq və təqvada, Allah qarşısından təvazö və Ona itaətdə, Allah bəndələri ilə gözəl davranışda nümunədirlər. Onların həyatı sadə və zər-zibasız olmuş, yeməkləri, geyimləri, nəqliyyatları xalqınkından fərqlənməmiş, bəlkə də aşağı səviyyədə olmuşdur. Çünki peyğəmbərlər və ilahi insanlar insanın dəyərini maddiyatda görməmiş. İnsanı əsil məqsəddən yayındıran dünya bəzəklərinə meyl ağılsızlıqdır. Peyğəmbərlər isə cəmiyyətin ağıllılarıdırlar və heç zaman dünya malına bağlanmazlar. Həqiqi rəhbərlərlə yalançı rəhbərlərin fərqi budur. |