Fatimənin (s) qızları Fatimənin (s) iki qızından biri «Bəni-haşim əqiləsi» ləqəbli Zeynəbi-kübra, ikincisi Zeynəbi-suğra, yəni Ümmül-gülsümdür. Hər ikisi mömin, hər ikisi islam şünas, Qurandan xəbərdar, Quran təfsirçisi, Quran müdafiəçisi, həyat boyu haqq, ictimai və siyasi səhnələrdə daim hazır! Əhli-beytin bu iki qızının böyüklüyünü, şücaətini Kərbəla şəhidləri, imam Hüseynlə (ə) birgə yaratdıqları Kərbəla tarixindən öyrənmək olar. Məhz onlar yanıqlı Aşura inqilabını yaradıb, şəhid qanları üstə tarixə haray çəkiblər. Bu iki nurlu çöhrə Bəni-üməyyənin cəhənnəm şəraitində qardaş və dostları ilə birgə haqqa köməyə tələsdilər. Cəmiyyətdə əsil islamı diriltdilər. Qardaşları, övladları, dostlarının ürək yandıran dağına dözərək şəhid yadigarlarına qəyyumluq edib, düşmənin zəncirləri, qandalları, min cür işgəncələri altında fəryad etdilər. Kərbəladan Şama, Mədinəyə əsirlik səfərinə dözüb, tarixdə misli görünməmiş bir əzəmət yaratdılar. Bəni-üməyyə zülmü qarşısında dağ kimi dayanıb, öz işıqlı nitqləri ilə zalımların üzündən pərdəni açdılar, küfrü aşkar etdilər. Əməvi zalımlarını elə rüsvay etdilər ki, onların rəzaləti qiyamətədək bəşəriyyətin qulağında gurlayacaq. Onlar əməvi muzduru Ubeydullahın qələbə naminə şadlıq məclisini rüsvayçılığa döndərdilər. Alçaq Yezidin məclisində elə bir inqilab yaratdılar ki, Yezid və tərəflarları öz yaşıl saraylarında zillətə uğradılar. Onlar hamıya möhkəmlik, səbr, Allah yolunda müsibətə dözüm dərsi verdilər və üzücü müsibətlərə sinə gərdilər. Hər biri haq yolda çətinliyi şərəf saydığından ləyaqəti üstün tutdular. Zeynəbdən (s) soruşulanda ki, səfəriniz necə keçdi? Buyurdu ki, biz gözəllikdən başqa bir şey görmədik! Bəli, budur Fatimə övladlarının böyük və sarsılmaz ruhu. Onlardır Fatimə (s) südündən içib, onun ağuşunda tərbiyə alanlar. Bu həmin Fatimədir ki, daim zülm, namərdlik, haqsızlıq müqabilində məğrur dayandı. Bu iki xüsusiyyət – ər qayğısı və övlad tərbiyəsi Fatimə (s) həyatının özünəməxsus parlaqlığıdır. O xanımın nümunə olması baxımından ailə qurluşunda, övlad tərbiyəsində onun səliqəsinə əməl etmək cəmiyyətin inkişafına və ilahiliyinə səbəb olacaq. Bu üsul yalnız Fatimədə yox, bütün peyğəmbərlər və imamların həyatında bir ailə əsası tək diqqəti cəlb edir. |