Üçüncü: Sakitliyin təmini İnsanın maddi həyatı iş, səy, qarşılıqlı əlaqələr, yorğunluq, ruhi iztirablarla müşayət edilir. Quran buyurur: «Biz insanı məşəqqətdə yaratdıq».(«Bələd» 4.) Allah-təalanın insanı iztirablardan qurtarmaq yollarından biri evlənmədir. Mehriban ailə mühiti, ər-arvadın xoş ünsiyyəti yorğunluğu aradan qaldırır, sakitlik, rahatlıq yaradır. Ailə ilə ünsiyyətdən duyulan rahatlıq heç bir yolla hasil olmur. Heç bir əlaqə, heç bir məhəbbət ər-arvad əlaqəsindən üstün deyil. Məhəbbət dolu ailə mühitindən məhrum olan insanlarda bədbinlik yaranır və bu hisslər iztiraba səbəb olur. Bu səbəbdən sübhan Allahın evlənmə üçün müəyyən etdiyi mühüm bir hədəf ruhən sakitliyin təminidir. Qayda-qanunlara riayət etdikdə evlənmə rahatlığa səbəb olur. Quran buyurur: «Onlarla ünsiyyətdə olasınız deyə sizin üçün zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir».(«Rum» 21.) Qeyd etdiyimiz üç məqsəd Quran və Əhli-beytin diqqət yetirdiyi evlənmə hədəfləridir. Əlbəttə ki, bu hədəflərə hər evlənmədə müvəffəq olunmur. Evlənmənin müqəddəs amallarına çatmaq üçün Allah-təala üsul və qaydalar təyin etmiş, zəruri göstərişlər vermişdir. Yalnız bu dini göstərişlərə əməl etməklə həmin üç hədəfi təmin etmək olar. Ailə məsələləri və tərbiyə üsullarına əməl etməyən şəxs nə bu üç hədəfi, nə də layiqli övladı gözləyə bilməz. İndi isə əsas ailə məsələsi və tərbiyə üsullarını araşdıracağıq. |