4-Məhəbbət
Evlənərkən digər bir meyar evlənənlərin bir-birinə meyli, məhəbbətidir. Bu meyar ödəndikdə ailənin bünövrəsi möhkəm olur, ailə hadisələr qarşısında dözümlə dayanır.
Əgər oğlan və ya qızda evlənməyə meyl yoxdursa, ata-ana onu məcbur etməməlidir. Məcburi evlənmə etibarsız və dözümsüzdür. Təəssüf ki, bəzi ailələrdə mövcud olan belə yanlış qayda yeni ailənin ruhsuzluğuna, bədbinliyinə səbəb olur. Nəticədə ya ömür boyu peşimanlıq hökm sürür, ya da qalmaqallar ailə ocağını dağıdır. Çünki məhəbbət olmayan yerdə ən kiçik nöqsan böyük bir ixtilafa çevrilir. Məhəbbət zor gücünə yaranmadığından kimsə ər-arvad arasında ülfəti bərpa edə bilmir. Rəvayətlərdə qeyd edilib ki, evlənmədə əsas ər-arvad arasındakı məhəbbətdir, başqalarının müdaxiləsi faydasızdır.
Bir şəxs imam Sadiqdən (ə) sual edir ki, mən bir nəfərlə evlənmək istəyirəm, amma atam başqa birini nəzərdə tutub. İmam buyurur: «Meyar atanın yox, sənin istəyindir».(«Kafi» cild 5.)Başqa bir rəvayətdə imam Kazimdən (ə) rəvayət olunur ki, meylin olan adamla evlən. («Vəsail» cild 14). Ailə qurmaq üçün ən yaxşı qızlar ağıllı, kamallı, ədəbli qızlardır. Eləcə də evlənərkən meylin olsun!