Səhv olubsa, nə etməli? Əgər səhv olubsa, nə etməli? Səhvin ardınca düşüb, kiçiyi böyütmək, dava-dalaş salmaqmı? Yoxsa səhvi bağışlayıb səmimiyyətə, məhəbbətə yol açmaqmı? Quran və Əhli-beyt ikinci yolu göstərir. İslam ailə əsaslarını möhkəmləndirmək üçün məhəbbətin qorunmasında səy göstərdiyi kimi, büdrəmələr zamanı da çalışır ki, güzəştə getməklə ixtilaflar aradan qalxsın. Qurani-kərim ailənin bir əsasını məhəbbət, digərini əfv və güzəşt kimi bəyan etməklə buyurur: «Ər arvad arasında həm məhəbbət, həm də güzəşt qərar verildi ki, bir-birinin səhvini bağışlamaqla məhəbbəti möhkəmlətsinlər». Məhəbbət güzəştə, güzəşt isə daha böyük məhəbbətə səbəb olur. Rəvayətlərdə də bu nöqtəyə işarə olunub ki, ailə münasibətlərində səhvlərə göz yumulsun. Belə olsa, həyat şirin və səmimi olar. İmam Sadiq (ə) buyurur: «Həyat yoldaşının təminatına, geyiminə diqqətli ol, onun səhvlərini bağışla».("Vəsail" 14) |