Südəmərlik dövrü Əsrimizdə ana südünün körpənin inkişafına, fiziki və mənəvi sağlamlığına təsiri aşkardır. Əgər bu günkü elm aləmi ana südünün təsirini illərlə təcrübədən sonra dərk etmişsə, Peyğəmbər və onun Əhli-beyti (s) əsrlərcə əvvəl ana südünün əhəmiyyətini xatırlamışlar. Həzrət Peyğəmbər (s) buyurur: «Körpə üçün ən yaxşı qida ana südüdür».(«Bəhar» cild 100.)Həzrət Əli (ə) buyurmuşdur ki, övlad üçün heç bir şey ana südü tək bərəkətli deyil.(«Vəsail» cild 15.) Bu gün elmin uşaq qidalanması ilə məşğul olan bölməsi ana südü olmadan sağlamlığı qeyri-mümkün hesab edir. Beləcə islamın fiqhi hökmlərinin əhəmiyyəti üzə çıxır. Şəhidi-əvvəl kimi şiə fəqihləri övladına doğuş südü verməyə onlara vacib buyururlar. Ana südü qida maddələri ilə zəngin bir nemət olmaqla yanaşı ananın fiziki və mənəvi keyfiyyətlərini övlada ötürür. Bu təkcə uşağın öz anasına aid deyil. Ümumiyyətlə söhbət uşağa süd verən qadından gedir. Ananın döşündə süd olmaması və ya digər səbəbdən uşağa süd vermək üçün dayə də tutula bilər. İslam dayənin xüsusiyyətlərini bəyan edir. Övladınız üçün ləyaqətli, pak, ağıllı dayə seçin. Çünki südün rolu o qədər böyükdür ki, xarakteri dəyişə bilər.(«Vəsail» cild 15.) Həzrət Əlidən (ə) nəql olunur ki, övladlarınıza kimin süd verdiyinə diqqət edin. Çünki uşaq südlə inkişaf edir.(«Vəsail» cild 15.) Buna görə də süd verən qadın öz ruhi vəziyyətinə və yeməklərinə nəzarət etməlidir. Pak ruh, pak niyyət, günah xatirlərdən uzaq, imkan olsa dəstəmazlı halda süd verilməlidir. Uşaq süd yeyərkən yaxşı olar ki, ana Allahı zikr etsin, Quran oxusun. Ana şübhəli, haram yeməklərdən çəkinməlidir. Haram tikə ana ruhiyyəsində, övlad tərbiyəsində pozuculuq işi aparır. Ona görə də qadın hamiləlik dövründə pis fikirlərdən, haram qidalardan ciddi şəkildə pəhriz etməlidir. Ananın hər növ nöqsanlardan çəkinməsi övlad tərbiyəsində böyük rola malikdir. Məlumdur ki, ilahi göstərişlərə etinasızlıq uşağa mənfi təsir göstərəcək və cəmiyyətin nifrətinə səbəb olacaq. |