Uşağa ehtiram Uşağın şəxsiyyətini qaldırmaq üçün ona ehtiramla yanaşılmalıdır. Uşaq zərif ruhuna görə öz kəramətinin izharına meyllidir. Ona ehtiram göstəriləndə diqqət cəlb olunur, daxili istəklər ödənir. Dini tərbiyə üsulunda uşağın təhqiri, sərtliklə danlanması pislənir. Çünki danlamaq nəinki uşağı islah etmir, həddi aşanda onu sırtıqlaşdırır. Həzrət Əlidən (ə) nəql olunub: əgər uşaq səhv etmişsə, onun səhvini sadə və məntiqi bir dillə anlatmaq gərəkdir. Səhvə görə danlaq onun istedadını məhv edir və bundan çəkinmək lazımdır. Əksinə uşağı tərif etmək, ona hörmətlə yanaşmaq istedadları çiçəkləndirir. Ona görə də dini göstərişlərdə bu nöqtəyə əhəmiyyət verilir və bizə buyurulur: «Övladlarınıza ehtiram göstərin. İmam Sadiq (ə) buyurur ki, övladlarınıza ehtiram göstərin, onları yaxşı tərbiyə edin ki, sizin mükafatlanma və bağışlanmanıza səbəb olsun».(«Bəhar» cild 101.) Həzrət Peyğəmbər (s) uşaqlara ehtiram göstərərdi. Rəvayət olunur ki, Həzrət (s) məhəllənin uşaqlarına salam verərdi. Aydındır ki, Peyğəmbər (s) kimi bir şəxsiyyətin uşaqlara və cavanlara salam verməsi onlarda necə müsbət bir təsir qoyurdu. Bu əməl onların şəxsiyyətini ucaldırdı. Onu da qeyd edək ki, Peyğəmbərin (s) salam verməsi təsadüfi olmayıb, bir-başa onun xarakteri ilə bağlıydı. Nəql olunur ki, Peyğəmbər (s) buyurub: «Mən beş şeyi heç vaxt unutmuram ki, məndən sonra qayda olsun – onlardan biri uşaqlara salam verməkdir».(«Bəhar» cild 16.) |