Özünü uşaqla eyni tutmaq Uşağın diqqətini cəlb etmək, onun şəxsiyyətini ucaltmaq üçün doğru tərbiyə üsullarından biri özünü uşaqla eyni tutmaqdır. Ata-ana, tərbiyəçi özünü uşaqdan yuxarı tutanda və onunla ünsiyyətdən qaçanda qarşılıqlı olaraq uşaq da bu etinasızlığı hiss edib, onlardan uzaqlaşır. Beləcə, uşaq ehtiyac duyduğu ünsiyyətdən məhrum olur. Uşaqda məhəbbət və ünsiyyət azlığının qarşısını almaq üçün ata-ana, tərbiyəçi özünü uşaqla eyni səviyyədə tutmalı, onunla uşaq dilində danışmalıdır. Hətta onlarla birgə oynamaq da lazımdır. Bu əməl uşağın fövqəladə sevincinə bais olacaq və onların məhəbbəti qat-qat artacaq. Özünü uşaqla həmyaşıd kimi aparmaq onun şəxsiyyətli olmasına gətirib çıxarır. Əgər bir şəxs özünü uşaqla eyni tutub oynadığı vaxt uşaq səhv edirsə, bu vaxt onun islah edilməsi üçün əlverişli şərait yaranır. Onun şəxsiyyətinə hörmətlə yanaşıldığı bir vaxt həmişəkindən daha asan tərbiyə etmək mümkündür. Bir sözlə, övlad tərbiyəsində dini göstərişlərdən biri özünü uşaqla eyni tutmaqdır. Peyğəmbərdən (s) nəql olunub ki, yanında uşaq olan şəxs özünü onunla eyni tutub, uşaq dilində danışmalıdır.(«Vəsail» cild 15) Həzrət Əlidən (ə) nəql olunmuşdur: «Uşağı olan şəxs onunla uşaq kimi davranmalıdır». Böyük islam Peyğəmbəri (s) və İmamlar (ə) da uşaqlarla mehriban, səmimi olub, özlərini onlarla eyni tutmuşlar. Peyğəmbər (s) Həsən və Hüseynlə (ə) oynayar, onlar Həzrətin kürəyinə minərkən O, deyərdi: Nə yaxşı atınız var!(«Bəhar» cild 43.) |