Dost tapmaq Dost və ya yoldaşın insana, xüsusi ilə uşaqlara böyük təsiri vardır. Uşaq öz yoldaşından daha tez qəbul edir, rəng götürür. Dostun təsirinin nəzərə alaraq, islam ləyaqətsiz adamlarla yoldaşlıqdan çəkindirir və mərifətli adamlarla yoldaşlığı tövsiyə edir. Yoldaşlığın mənfi və ya müsbət təsirindən, xüsusi ilə bu yoldaşlıq uzun sürdükdə, insan öz əqidəsini dəyişə bilər. Axirət dünyasında həqiqətlər üzə çıxarkən dostların azğınlığa çəkdiyi adamlar əzaba düçar olar və arzu edərlər ki, kaş günahkarlarla yoldaşlıq etməyəydilər. «Vay halıma, kaş filankəsi özümə yoldaş etməyəydim».(«Fürqan» 28.) Həzrət Peyğəmbərdən (s) nəql olunub ki, insan öz dost və yoldaşlarının dinində, məsləkindədir.(«Vəsail» cild 8.) Qeyd edildiyi kimi uşaqların və gənclərin mənəviyyatında dostların rolu böyükdür. Onların ruhu lətif olduğundan təsir altına tez düşür. Ona görə də uşağın dostlarına diqqət yetirilməlidir. Küçəyə, məktəbə yola salınan uşağa başa salınmalıdır ki, ləyaqətsiz adamlarla yoldaşlıq etmək olmaz. Dini tərbiyə üsullardan xəbərdar ailədə böyümüş uşaq və gənc cəmiyyətə çıxıb, pozğun adamlarla əlaqədə olduqda bütün dəyərləri unudub, günaha rəğbətlənir. Bəli, uşaqlar və cavanlar daim bu təhlükə ilə üzbəüzdürlər. Bu sahədə valideynlərin vəzifəsi çox ağırdır. Uşağın yoldaşları təhqiq olunmalı, dini və əxlaqi cəhətdən müsbət uşaqlarla yoldaşlığa icazə verilməlidir. Övladlar pusquda dayanmış «Şəyyad» tələsindən qorunmalıdırlar. |