İlkin islamda qadının ictimai fəaliyyəti Bunun sübutu ilkin islam cəmiyyəti və həzrət Peyğəmbərin (s) həyatıdır. Cahiliyyət dövründə qadının vəziyyətini azca mütaliə edib, ilkin islamdakı vəziyyətlə müqayisə etdikdə islam və islam Peyğəmbərinin (s) qadınlara necə üstünlüklər verdiyinə şahid oluruq. Cahiliyyətdə bütün insani haqlardan məhrum olan qadına islam dini bütün ictimai-siyasi, mədəni, iqtisadi hüquqlarını qaytardı. Qadınlar o qədər inkişaf etdilər ki, söhbətimizin əvvəlində adı çəkilən əsma kimi qadınlar yetişdi. Bu qadının mənalı sualı Peyğəmbəri (s) necə tərifə vadar etdi, oradakıları necə təəccübləndirdi! Həmin hissəni bir daha oxuyasınız! Bunu da qeyd edək ki, Peyğəmbər (s) dövründə qadınlar ümumi yığıncaqlarda iştirak edər, Peyğəmbərin (s) hüzurunda olub, onun moizələrindən bəhrələnirdilər. Hətta bir vaxt kişilərin Peyğəmbərin (s) hüzurunda daha çox olduğunu hiss edərək onlar üçün xüsusi bir gün ayrılmasını istədilər. Əbu Səid Xidri nəql edir: «Qadınlar azad bir şəkildə Peyğəmbərdən (s) onun hüzurunda olmaq üçün vaxt ayrılmasını istədilər».(Səhih-Buxari» cild 1.) Siz ilkin islamda qadınların həyatından elə səhnələrlə tanış olacaqsınız ki, onların ictimai, mədəni, siyasi, hətta hərbi sahələrdə iştirakı aydınlaşacaq. Bədr döyüşündə Ümmü Vərəqə adlı bir qadın Peyğəmbərdən (s) icazə istədi ki, yaralılara kömək, müalicə üçün cəbhədə iştirak etsin. Bu qadın Allahdan Onun yolunda şəhadət dilədi. Peyğəmbər (s) buyurdu ki, Allah sənə şəhidliyi müəyyən edib. Peyğəmbər (s) onu öz ev əhli üçün pişnamaz təyin etdi. O, Peyğəmbər (s) evində camaat namazını təşkil edirdi. Nəhayətdə, şəhadətə yetirildi. Xeybər döyüşündə Bəni-ğifar qəbiləsindən bir qadın Peyğəmbərdən (s) icazə aldı ki, bir dəstə qadınla birgə yaralılara tibbi yardım göstərmək üçün döyüşdə iştirak etsinlər. Həzrət (s) dua etdi və onlar döyüşdə iştirak etdilər. Səhihe-müslümdə müxtəlif rəvayətlər nəql olunub ki, Peyğəmbərlə (s) yanaşı döyüşlərdə qadınlar da iştirak edirdilər. Nəcdə adlı bir qadın İbni Abbasa məktub yazıb, bu mövzuda sual verir. İbni Abbas cavab verir ki, bəli, qadınlar müharibədə iştirak edir, yaralılara tibbi yardım göstərirdilər və hətta Peyğəmbər (s) müharibə qənimətlərindən onlara pay verirdi.(Səhihe-Müslüm» cild 5.)Başqa yerdə ənəs ibni Malikdən nəql olunur ki, Ümmü Sələmə ənsardan bir dəstə qadınla müharibədə iştirak edər, döyüşçülərə su paylayar, yarlılara tibbi yardım göstərərdi. Digər bir rəvayətə görə Hüneyn döyüşündə həzrət Peyğəmbər (s) Ümmü Sələmənin əlində xəncər görüb, soruşur ki, xəncər nəyinə gərəkdir? Ümmü Sələmə cavab verir ki, əgər bir müşrik mənə hücum etsə, onun qarnını yırtaram! Peyğəmbər (s) gülümsəyir. Özünüz bu qadının haq və batil müharibəsində necə şücaətlə iştirak etdiyini mülahizə edin! Bunlar Peyğəmbər (s) dövründə baş vermiş və tarixə düşmüş səhnələrdir. Olsun ki, unudulmuş hadisələr daha çoxdur. Bu nümunələrdən Peyğəmbərin (s) mədəni, ictimai, hətta hərbi məsələlərdə qadınlara necə yer verməsi aydın olur. Bütün bunları – ənsari qadının sualını, Ümmü Vərəqənin pişnamazlığını, qadınların Peyğəmbərdən xüsusi gün istəməsini, və yüzlərlə digər halları təsadüf hesab etmək olarmı?! Bunlar cəmiyyətdə qadınlara necə əhəmiyyətli bir yer verildiyindən danışılmırmı?! Özü də cahiliyyətdən azca sonra! |