DOQQUZUNCU FƏSİL
HƏYAT YOLDAŞI SEÇMƏYİN YOLU
NAQİS HAQQIN RƏHMƏTİNDƏN MƏHRUMDUR
Həzrət Peyğəmbər (s) bir rəvayətdə buyurur: «Naqis Allahın rəhmətindən uzaqdır».
Şübhəsiz, naqis gözü olmayan, əlsiz-ayaqsız və ya digər qisim nöqsanla dünyaya gəlmiş insan deyildir. Naqis gözəl əxlaqi keyfiyyətlərə malik olmayan, əməlisaleh olmayan və mərifət kəsb etməyən şəxsdir. Belə ki, yemək, yatmaq və şəhvani ləzzətdən qeyri bir şeyə fikir vermir.
Bəli, insan həqiqətlərə, mənəvi məqamlara yetişməyə qadirdir. O, bu yolda öz səyini əsirgəməməli, nə qədər dünyadan köçməyib, öz daxili, fikri nöqsanlarını aradan qaldırmalıdır. Əgər bu iş üçün çalışmazsa, Haqqın rəhmətindən uzaq düşəcəkdir.
Çox təəssüflər olsun ki, bəziləri yetmiş, həştad yaşlarında olmalarına baxmayaraq, fikri baxımdan bir, əxlaqi baxımdan isə beş yaşlı uşağa bənzəyirlər. Onlar həyatları boyunca Haqqın səmavi kitablarından, peyğəmbərlər, imamlar və bu kimi mənəvi nemətlərindən bəhrələnməyiblər. Heyvan kimi yalnız enlərini və uzunlarını artırmaqla məşğul olublar. Halbuki, onlar özlərini saflaşdırıb mənəvi xüsusiyyətlər qaynağına çevirə bilərdilər. Lakin bunun əksinə olaraq, öz heyvani bədənlərini şişirtmiş və bununla qürrələnərək, hədsiz dərəcədə naqis və mənəvi baxımdan yoxsul qalmışlar.
Bu qəbildən olan çoxları övlada, vəzifəyə, var-dövlətə sahib olmalarına baxmayaraq, qüsurlu və naqisdirlər. Bu naqislik ucbatından da olduqca ziyan çəkən, hər bir günaha, məsiyyətə aludə olan bir şəxsə çevrilər. Digərlərinin hüququna təcavüz edir, zülm etməkdən çəkinmir, utanmadan Haqq nemətlərinin geniş süfrəsindən bəhrələnir və şeytanla ‒ Allahın düşməni ilə həmkarlıq edirlər.
Digər bir hədisdə yeddinci imam həzrət Musa ibn Cəfərin (ə) dilindən qeyd olunur: «İki günü eyni olan şəxs ziyandadır. İki gününün sonu həmin iki günün ən pis zamanı olan şəxs məlundur. Ömrü boyunca özündə artım hiss etməyən şəxs naqisdir. Bu yöndə hərəkət edən şəxsin ölümü yaşamasından daha yaxşıdır».("Bihar" c.27, səh.327)
Bu məzmuna yaxın digər bir rəvayət də imam Sadiqdən (ə) nəql olunmuşdur.("Bihar" c.71, səh.173)
Peyğəmbər (s) buyurur: «Kəsb və qazancla məşğul olan şəxs Tanrının sevimlisidir».
Şübhəsiz ki, ən üstün kəsb, ən gözəl ticarət və qazanc mənəvi fəzilətlər qazanmaq, maarif, əxlaqi və insani keyfiyyətlər kəsb etmək yolunda addımlamaqdır. Belə bir qazanc sahibi Allah elçisi kimi Haqqın sevimlisi və dəyərli bir insandır.
Gəlin naqis qalmaqdan, iki günümüzün eyni olmasından çəkinək, mənəvi məqamlar kəsb etmək uğrunda çalışaq.
Qiyamətdə mənəvi baxımdan yoxsul olanlar Allah rəhmətindən uzaq düşər, əməlləri qiyamət tərəzisində yüngül gələr, nəticədə isə əzaba layiq görülərlər. Mənəvi çəkiyə malik olanlar isə nicat taparlar.
Bu barədə Quranın iki ayəsinə nəzər salaq:
«O gün (qiyamət günü) əməllərin (tərəzidə) çəkilməsi haqqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır! Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən, özlərinə zərər yetirənlərdir»("Əraf" 8-9).
Allah-təala Quranda bütün insanlara kamillik yolunu keçmək üçün ilahi və insani şərtləri nəzərə alaraq, iki həqiqəti əldə etməyi tapşırır: Maddi və mənəvi həyat yolunu qət etmək.
Bu iki anlayış «Ali-İmran» surəsinin aşağıdakı dörd ayəsində bəyan olunmuşdur:
«Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.
(Ya Məhəmməd!) Söylə ki, sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub çəkinənlər üçün Rəbbin yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada hər cür eyibdən pak olan zövcələr və (ən böyük nemət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!
O bəndələr ki, «Pərvərdigara, biz həqiqətən Sənə iman gətirmişik, günahlarımızı bağışlayıb, bizi cəhənnəm əzabından qoru!» deyirlər.
Və o bəndələr ki, (müsibətlərə) səbir edən, (sözlərində və işlərində) doğru olan, Allaha itaət edən, mallarından fəqirlərə verən və sübh çağı Allahdan bağışlanmaq diləyənlərdir (Sübh namazına qalxanlardır)» ("Ali-İmran" 14-17).
Ayədə istifadə olunan «زين» feli qrammatik baxımdan felin məchul növüdür. Ayədə felin bu növündən istifadə edilməsi yəqin ki, sözügedən məsələnin dəyər və əzəmətinin göstəricisidir. Buna əsasən demək lazımdır ki, bu, Haqq tərəfindən edilmişdir. O, bütün insanları bu həqiqətlərlə bəzəmiş və onları öz istəklərinə qarşı rəğbətli və meylli yaratmışdır. Bir tərəfdən də bu eşq və rəğbət insanı izdivaca, qazanca, heyvanları əhliləşdirməyə, abadlaşdırma işlərinə sövq edir və insanlar da bu yolla maddi həyatdan bəhrələnirlər.
Digər tərəfdən isə təqva, iman, dua, axirət əzabından qorxuyla zinətlənir, səbir, ibadət, infaq, istiğfar kəsb edir və bu yolla Haqqın behiştinə, İlahi razılığına, pak axirət huriləri əldə etməyə nail olurlar.
Hər halda, Quran ayələrinə əsasən qadının zərif xilqəti, gözəl siması, onun zati həya və vüqarı, bu varlığın cazibəsi və incə səsi, onun işvəgərliyi bütün ‒ bunlar hamısı bu fövqəladə varlığın zinət və bəzəyidir. Bütün bunlar kişini cəzb edən, onun özünə həyat yoldaşı seçmək eşqinin ən başlıca amili, ailə qurmaq, övlad sahibi olmaq, maddi həyatı üçün qazanc ardınca getmək və ailə həyatının sona qədər davam etməsinin köklü səbəblərindəndir. Bu elə bir yoldur ki, təqva, günahdan çəkinmə, iman, münacat, sidq və s. bu kimi xüsusiyyətlərlə yanaşı olarsa, dünya və axirət səadətini, mənəvi və maddi xeyiri təmin edər. İnsan dünyanın ləzzətbəxş nemətlərindən, axirətin əbədi mənafeyindən, ən başlıcası isə Allah-təalanın razılığından bəhrələnir.
İSLAMDA HƏYAT YOLDAŞI SEÇMƏYİN YOLU
Vəhydən ayrı düşən və ya öncədən vəhylə heç bir əlaqəsi olmayan din, məzhəb və cərəyanlar həyat yoldaşı seçmək məsələsində İslamdan köklü şəkildə fərqlənirlər.
İslam mömin şəxsə, müsəlmana hər istədiyi qızı seçməyə, eləcə də, mömin və müsəlman qadına istədiyi hər bir şəxsə ərə getməyə icazə vermir. Çünki həyat yoldaşı seçərkən, insanın dünya və axirət səadəti, bu günün və sabahın xoşbəxtliyi, günah, aludəçilik və şeytani azğınlıqdan qorunması nəzərə alınmalıdır. İslam dininin prinsiplərinə əsasən, izdivacın məqsədi yalnız cinsi ləzzət, şəhvəti doyurmaq deyil. Əksinə, ondan məqsəd qadın və kişilərin dininin qorunması, ilahi bir ailə qurmaq, ləyaqətli övladlar yetişdirmək və Haqqın razılığını cəlb etməkdir. Elə buna görə də, izdivac prinsipləri çərçivəsində ailə qurmaq, öz mömin xanımına məhəbbət bəsləmək, lazımı qədərincə cinsi ehtiyacların ödənilməsi, qarşılıqlı hüquqların qorunması, övlad sahibi olmaq, övlad tərbiyə etmək, ailəsini mənzillə, geyimlə, qida ilə təmin etmək Allaha ibadət hesab olunur və bu yolda insanın atdığı hər bir addım üçün böyük bir savab nəzərdə tutulmuşdur.
Buradan İslamın bənzərliyə ‒ bir-birinə tay olmağa təkid etməsi möcüzəsi aydınlaşır. İnsan İslamda mövcud olan ilahi şərtlər əsasında izdivac etmək qarşısında bütün varlığı ilə tabeçiliyə vadar olunur. Əgər bu mənəvi və ilahi şərtlər nəzərə alınmazsa, onun qurduğu ailənin, yaşadığı həyatın, sürdüyü ömürün üz-gözündən şər və fitnə yağacaq, yaşadığı ev əzab, qəm-qüssə ilə dolu olacaq, sonu isə təlaq, boşanma ilə nəticələnəcəkdir. Dözüm, səbir olmadıqda isə psixoloji xəstəliklərə və ya iki tərəfdən birinin intiharına gətirib çıxaracaqdır.
İzdivac edərkən təqva, iman, əxlaq kəsb etməyən qadından uzaq durun. Bu xüsusiyyətlər əsasında tərbiyə olunmayan qadın öz əri üçün təhlükə və ziyandan başqa bir şey deyildir.
Bu mövzuda həzrət Baqirdən (ə) bir rəvayət nəql edilmişdir: «Allah rəsulu bir dəstə qadının yanından keçərkən, dayanıb onlara xitab etdi: «Mən aqillərin ağlını əlindən alan sizin kimi ağılı və dini qüsurlu olan başqa bir zümrə görmədim. Mən sizin əzabınızı bütün cəhənnəm əhlinin əzabından ağır olduğunu müşahidə etdim. Sizə ciddi şəkildə tapşırıram, imanınızı təkmilləşdirmək, mərifət kəsb etmək və insani keyfiyyətlərlə zinətlənməklə Allaha yaxınlaşın».("Vəsail" Nigahın müqəddiməsi bölümü)
İmam Sadiq (ə) buyurmuşdur: «Möminin ən qatı düşməni onun pis həyat yoldaşıdır».("Bihar" c.100, səh.240)
Digər bir rəvayətdə buyurur: «Günahın ilk mərhələsi altı xislətdir: Dünyapərəstlik, vəzifəpərəstlik, yatmağa meyl, qadınpərəstlik, qarınpərəstlik və rahatlığa meylli olmaq».("Vəsail" Nigahın müqəddiməsi, 4-cü bölüm)
Buna görə də, həyat yoldaşı seçərkən, burada rəvayətlərdən istifadə edərək, izah edəcəyimiz İslamın şərtlərinə diqqət yetirmək lazımdır. Səy etmək lazımdır ki, yalnız zahiri gözəllik, ailə qurmaq həvəsi, qadının var-dövlətinə göz dikmək və s. kimi məsələlər həyat yoldaşı seçməyinizə təsir göstərməsin.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Qadını var-dövləti və gözəlliyi üçün seçməyin. Onun var-dövləti harınlığa, gözəlliyi isə məhv olmağa yol açır. İzdivac edərkən qadının iman və dinini nəzərə alın»;("Müstədrəkül vəsail" "Nigah" 13-cü bölüm)«Əgər qərar olsa ki, bir şeydə nəhslik olsun, qadınlarda olar».("Bihar" c.100, səh.227)
Bəli, iman, əxlaq və digər insani keyfiyyətlərə malik olmayan qadın ərinin uğursuzluğuna, həyatın mənasızlığına səbəb olur.
Rəsulullah (s) digər bir hədisdə buyurur: «Ən pis şey pis qadındır».(Həmin mənbəə)
Əbulfütuh Razinin təfsirində qeyd olunur: «Azan vaxtı minarədə azan verən bir gənc məscidin ətrafında yerləşən evlərə nəzər saldı. Hansı ki, Allah-təala insanın məsləhətini, onun fitnələrdən qorunmasını nəzərə alaraq, bu növ baxışları haram etmişdir.
Gəncin gözü evlərdən birində yaşayan gözəl simalı qıza düşdü və ürəyini ona verdi. Azandan sonra o evin qapısını döydü. Ev yiyəsi qapını açdı. Gənc dedi: «Qızınızı ərə vermək fikriniz varsa, mən onu istəyirəm». Ev yiyəsi dedi: «Biz Asuri məzhəbinə mənsubuq. Əgər bizim məzhəbimizi qəbul etsən, qızımla ailə qurmağına heç bir etirazım yoxdur. «Qızın gözəlliyinə aldanan gənc, öz tayını tapmaqdan əl çəkdi və bu məsələdə yalnız şəhvətin, gözəlliyin meyar olduğunu düşündü. İslamdan üz döndərərək, şirkə doğru addımladı. Nəhayət, nikah mərasimi gəlib çatdı. Gənc kamına çatacağı gün evin pillələri üzərindən yıxılıb, əbədi həlak oldu».
HƏYAT YOLDAŞI SEÇMƏYİN İNSANİ VƏ İSLAMİ ŞƏRTLƏRİ
1. Əziz valideynlər izdivacdan öncə qız və oğlanın bir-birini görməsinə şərait yaratmalıdırlar. Burada əqd oxunması, məhrəmlik əldə olunması lazım deyil. Bu İslamın icazə verdiyi, İslam fiqhinin heç bir qadağa qoymadığı bir həqiqətdir. Bu görüş hər iki tərəf üçün zəruridir. Burada onlar bir-birlərini bəyənər və zahiri qüsurlarından xəbərdar olarlar. Sonra qəti qərara gələrkən, izdivacdan sonrakı irad və bəhanələrin yolunu bağlayarlar. Əlbəttə, bu görüş yalnız izdivac məqsədi ilə həyata keçirilməli və bəyənib-bəyənməmək məsələsi şərt olunmalıdır. Bununla da, bu görüş Allaha qarşı asi olmaqdan kənar olar. Bu mövzuda bir neçə rəvayətə diqqət yetirək:
Həzrət Peyğəmbər (s) bir qadınla ailə quran Müğeyrə ibn Şöbəyə buyurur: «Əgər (izdivacdan) öncə onu görsəydin, indi sizin səmimiyyətiniz daha çox olardı».("İzdivac dər İslam" 47)
Məhəmməd ibn Müslüm deyir: «İmam Baqirdən (ə) soruşdum: «İzdivac etmək istəyən şəxs almaq istədiyi qızı görə bilərmi?» Həzrət buyurdu: «Bəli! Çünki, çox baha qiymətə alır, niyə görə görmək haqqına malik olmamalıdır?!»(Vəsailuş-şiə "Nigahın müqəddiməsi" 36-cı bölüm)
Həsən (imamın əshabı) deyir: «İmam Sadiqdən (ə) soruşdum: «Kişinin evlənməzdən öncə qadına diqqət yetirməsi caizdirmi? Onun arxasına, simasına nəzər sala bilərmi?» Həzrət buyurdu: «Bəli, istədiyi qadının arxa və simasına nəzər salmasının heç bir eybi yoxdur».("Vəsail" 36-cı bölüm)
Bir şəxs imam Sadiqdən (ə) soruşdu: «Kişi ailə qurmaq istədiyi qadının başının tükünü və digər gözəlliklərini müşahidə edə bilərmi?» Həzrət buyurdu: «Qadının gözəllikləri ilə tanış olmaq məqsədi ilə olarsa, heç bir eybi yoxdur».(Həmin mənbəə)
İmamdan soruşuldu: «(Ailə qurmaq istədiyi) qadının kişinin görməsi üçün onun qarşısında dayanması caizdirmi?» Həzrət buyurdu: «Bəli bu məqsədlə nazik paltar geyinməyin də eybi yoxdur».
Həzrət Peyğəmbər (s) bir qadına elçilik edən səhabələrdən birinə buyurdu: «Onun üzünü və əllərini nəzərdən keçir».(İzdivac dər İslam,49)
Bu kimi rəvayətlər göstərir ki, hər hansı bir şəxs hər hansı bir qadını özünə həyat yoldaşı seçirsə, onun ailəsi, əxlaqı, imanı haqqında apardığı araşdırmalardan sonra başının tükü, gözəlliyi, boy-buxunu, quruluşu və s. kimi bədən xüsusiyyətlərini müşahidə etməyinin heç bir eybi yoxdur. Bunun səbəbi odur ki, kişi ailə qurandan sonra qadında mövcud olan hər hansı eyib və ya nöqsan üzündən ondan soyuyaraq ayrılmasın. Əlbəttə, bütün bunların mənası bu deyildir ki, hər hansı bir şəxs evbəev gəzib, insanların namusunu bir-bir gözdən keçirərək qadınları başdan-ayağa qədər gözdən keçirsin, sonda isə onlardan birini seçsin.
2. Qadını görüb bəyəndikdən sonra, onunla izdivac fikrinə düşdükdə qadının gözəlliyi, ağılı, kamalı, camalı ilə yanaşı, niyyətini də xalis Allaha görə etməlidir. Bu işi Allah-təalanın göstərişini, ilahi ənbiyaların, xüsusilə də böyük İslam peyğəmbərinin (s) sünnəsini diriltmək və ona əməl etmək məqsədi ilə görməlidir.
Bu mövzuda həzrət Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə buyurulur: «Allaha görə ailə quran və digərlərinin ailə qurmasına yardım edən şəxs Onun himayəsi altındadır».("Məhəccətül-Bəyza" c.3, səh.54)
Bəli, aşağıdakı ayə bu fəzilətli insanlara aid olunur:
«Allah ona inananların dostudur. Onları zülmətdən çıxarıb, nura (işığa) tərəf yönəldər…»("Bəqərə" 257).
Allah-təala qadın və övlad sahibi olanları sevir. Elə buna görə də, yaşlı vaxtlarından Zəkəriyyaya Yəhyanı, İbrahimə isə İsmayılı bəxş etdi. Quranın ayələrindən birində isə öz elçisinə buyurur:
«(Ya Məhəmməd!) Biz səndən öncə də peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik»("Rəd" 38).
3. İzdivac məsələsində tələsmək düzgün deyildir. İslam maarifində qeyd olunur ki, tələsmək şeytan işidir. Həyat yoldaşı seçmək diqqətlə, məsləhətləşmə və onun özü və ailəsi haqqında lazımı araşdırmalar aparılmaqla həyata keçirilməlidir. Əks təqdirdə, hər iki tərəfə əvəzolunmaz olmayan böyük ziyan dəyə bilər.
Həzrət Sadiq (ə) bu mövzuda buyurmuşdur: «Qadın, sanki bir boyunbağıdır. Həyatının boynuna hansı boyunbağını saldığına diqqət yetir».("Bihar" c.100, səh.233)
4. Dəyərli şiə kitablarında Haqq elçisi və onun pak Əhli-beyti (ə) tərəfindən buyurulan hədislərdə mömin və müsəlman gəncə layiq həyat yoldaşının bütün xüsusiyyətləri dolğunluğu ilə bəyan edilmişdir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Sizlərdən hər hansı biriniz bir qadınla ailə qurmaq istədikdə (onu görmək mümkün olmazsa), siması barəsində araşdırma apardığınız kimi, saçı haqqında da araşdırma aparın. Çünki saç da gözəlliklərdən biridir».(Həmin mənbəə, səh.237)
5-13. Cabir ibn Abdullah Ənsari deyir: Həzrət Peyğəmbərin (s) hüzurunda əyləşmişdik. Qadınlar haqqında, onların bəzilərinin bəzilərinə nisbətən üstün olmaları barəsində söhbət olundu. Haqq elçisi buyurdu: «Sizinlə bu mövzuda söhbət edimmi?» Səhabələr «Bəli»-deyə, ərz etdilər. Həzrət (s) buyurdu: «Sizin qadınlarınızın ən yaxşısı övlad dünyaya gətirən, mehriban, iffətli, qohumları yanında hörmətli və ərinə təvazökarlıq və itaət göstərən qadınlardır. Onlar yalnız ərləri üçün bəzənər, digərlərinə qarşı etinasızlıq göstərər, ərinin sözünə baxar, ona tabe olar, xəlvətdə özünü onun ixtiyarına verərlər».(Həmin mənbəə, səh.235)
14-18. Əli (ə) buyurmuşdur: Sizin ən yaxşı qadınlarınız beş xislətə malikdirlər. İmamdan «Bu beş xislət hansılardır?»-deyə soruşulduqda, Həzrət (ə) buyurdu: «İşin asanından yapışmaq, yumşaq xasiyyətli olmaq, güzəşt etməyi bacarmaq, əri qəzəbləndikdə nəyin bahasına olursa - onun razlığını cəlb etmək, əri olmadıqda onun abırını qorumaq. Bu xislətləri özündə cəm edən qadın Haqq tərəfdarıdır. O, Allahın rəhmətindən (heç bir zaman) məyus olmasın».(Həmin mənbəə, səh.231)
19. Bir kişi izdivac məsələsi haqqında həzrət Peyğəmbərlə (s) məsləhətləşdi. Həzrət (s) buyurdu: «İzdivac et, amma dindar qadınla. Allah xeyrini versin. Ləyaqətli qadın əsəm qarğaya bənzəyir. (Yəni) iou tapmaq çox çətindir». Kişi «Əsəm qarğa nədir?»-deyə soruşdu. Həzrət (s) buyurdu: «Bir ayağı ağ olan qarğa».(İzdivac dər İslam, səh.59)
20-21. İbrahim (imamın əshabı) deyir: «İmam Sadiqə (ə) dedim: «Həyat yoldaşım, həmdəmim, məni anlayan yeganə şəxs dünyasını dəyişib. İndi ailə qurmaq fikrinə düşmüşəm. Həzrət (s) buyurdu: «Çox diqqətli ol. Bax gör, özünü kimə tapşırırsan, kimi öz var-dövlətinə şərik edir, onu dinindən, sirrindən və əmanətindən xəbərdar edirsən. İzdivacdan qeyri çarən olmazsa, özünə əxlaqlı bir həyat yoldaşı tap».("Bihar" c.100, səh.232)
22. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Müsəlman şəxsin vəziyyətini yaxşılaşdıran ilahi təqdirlərdən biri qadındır. Belə ki, əri ona nəzər saldıqda qəlbinə sevinc dolur, o olmadıqda onun abrını qoruyur, o olduqda isə əmrlərinə tabe olur».(İzdivac dər İslam-60)
23. Rəsulullah (s) buyurmuşdur: «Ümmətimin qadınlarının ən üstünü ən gözəl və mehriyyəsi ən az olandır».("Bihar" c.100, səh.236)
24. Əli (ə) buyurmuşdur: «Rəsulullah (s) camaata buyurdu: «Qadınlar üçün nəyin daha yaxşı olduğunu mənə deyin». Həzrət Fatimə (s) cavab verdi: «Kişiləri görməsinlər, kişilər də onları görməsin. Əxlaqi və şəri məsələlərə qarşı etinasız olmasınlar». Həzrət Peyğəmbər (s) bu cavaba heyran oldu və buyurdu: «Fatimə mənim canımın bir hissəsidir».("Bihar" c.100, səh.238)
25-26. İmam Sadiq (ə) buyurmuşdur: «Sizin qadınlarınızın ən yaxşısı ona bir şey verildikdə təşəkkür edən, bir şeyi qadağan etdikdə isə razı qalan qadındır».(Həmin 239)
28-30. İmam Sadiq (ə) buyurmuşdur: «Sizin qadınlarınızın ən yaxşısı gözəl ətirli, biş-düşü yaxşı bacaran, yersiz və artıq xərc aparmayan, yerində qənaət etməyi bacaran qadındır. Belə bir qadın Haqq göstərişlərinin icraçısıdır. Onun məyus və peşman olmasına səbəb yoxdur».(İzdivac dər İslam, 61)
31. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Ən bərəkətli qadın ərini az xərcə salan qadındır».(Həmin mənbəə, 70)
32-34. Əli (ə) buyurmuşdur: «Qadının ailədəki ən yaxşı xüsusiyyətləri kişinin ən pis xüsusiyyətləridir: Təkəbbür, qorxu, xəsislik. Qadın təkəbbürlü, qürurlu olarsa, ərindən qeyrisinə təslim olmaz. Xəsis olarsa, ərinin malını qoruyar, qorxaq olarsa qarşıya çıxan hər bir hadisədən qorxaraq, özünü qorumaq fikrinə düşər və digərlərinin hiyləsinə məruz qalmaz.("Bihar" c.100, səh.238)
35-38. «Bakirə və toxunulmamış qızlarla ailə qurun. Çünki onlar daha pakizə ağıza və (uşaq doğurmaq üçün) daha əlverişli bətnə malikdirlər. Onlara təlim vermək daha asan, ərlərinə və həyata bağlılıqları daha möhkəmdir».(Həmin mənbəə, 237)
39-40. İmam Sadiq (ə) buyurmuşdur: «Sizin qadınlarınızın ən yaxşısı odur ki, əri ilə xəlvətə düşdükdə, libasını əynindən çıxarmaqla öz ərinə qarşı həya pərdəsini də kənara atsın. (Özünü istənilən şəkildə ərinin ixtiyarına versin). Libasını geyindikdə isə həya pərdəsinə də bürünsün».(İzdivac dər İslam, səh. 67)
Yuxarıda qeyd olunan xüsusiyyətlər müsəlman və mömin qadında olmalıdır. Gənc möminlər ailə qurarkən rəvayətlərdə qeyd olunan bu qırx xüsusiyyətə diqqət yetirməlidirlər. Belə bir qadın tapdıqda onu özlərinə həyat yoldaşı, övladlarına isə ana olaraq seçməlidirlər. Onlar diqqət yetirib, bu seçimi özləri üçün çətinləşdirərək, yersiz vəsvəsələrə yol verməsinlər. Çünki çox diqqət və yersiz vasvaslıqlar işi olduqca çətinləşdirir.