ON İKİNCİ FƏSİL
AİLƏ QURULUŞUNDA İSLAM ƏXLAQI
Qadın və kişi özlərinin və övladlarının səadəti naminə Quranın və rəvayətlərin təkid etdiyi bir çox əxlaqi məsələlərə riayət etməlidirlər.
Gözəl əxlaq sahibi olub, əxlaqi çirkinliklərdən qorunmaq çətin iş deyil. Əxlaqi məsələlərə riayət etmək, az bir müddətdə əxlaqi çirkinliklərdən çəkinmək mümkün olan işdir. Bu, ilahi yolu asanlaşdırır, ailəni möhkəmləndirir və qarşılıqlı məhəbbəti gücləndirir. Bu, digərlərinə, xüsusilə də ailənin övladlarına nümunəvi əxlaq dərsi təsirini bağışlayır.
Əxlaqi xüsusiyyətlərin icrası ailə həyatına səmimiyyət, əmniyyət, eşq və məhəbbət bəxş edərək, həyatı baldan da şirin edir.
Əxlaqi xüsusiyyətlərlə zinətlənmək və onları həyata keçirməklə bağlı Quranın bir çox ayələrində Peyğəmbər (s) mədh olunmuşdur:
«(Ya Məhəmməd!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər»("Ali-İmran" 159).
«Doğrudan da, sən böyük əxlaq sahibisən!». ("Qələm" 4)
Peyğəmbər buyurur: «İslam gözəl əxlaqdır».("Mizanül-hikmə" c.3, səh.137-138)
İmam Həsən (ə) buyurur: «Yaxşılıqların ən yaxşısı yaxşı əxlaqdır».(Həmin mənbəə)
Rəsulullah (s) buyurur: «Gözəl əxlaq dünya və axirət səadətini özüyülə gətirir».(Həmin mənbəə)
Əmirəl-möminin Əli (ə) buyurur: «Gözəl əxlaq bütün yaxşılıqların başıdır».(Həmin mənbəə)
İmam Sadiq (ə) buyurur: «Gözəl əxlaq sahibi olmaqdan yaxşı eyş və yaşayış yoxdur».("Bihar" c.71, səh.388-389)
Peyğəmbər (s) buyurur: «Allah-təala gözəl əxlaq sahibini oruc tutan, gecə yarısı ibadətlə məşğul olan şəxs dərəcəsinə yetirər»;(Həmin mənbəə) «Qiyamət günü bəndənin (ədalət) tərəzisinə qoyulacaq ilk əməli gözəl əxlaqdır»;(Həmin mənbəə, səh.385)«Sizin mənim yanımda ən sevimliniz, qiyamət günü mənə ən yaxınınız, ən gözəl əxlaqa malik və çox təvazökar olanınızdır».(Həmin mənbəə)
Xatəmi-ənbiya (s) imam Əliyə (ə) buyurur: «Sənə öz əxlaqıma daha oxşar əxlaq sahibini tanıtdırımmı?» İmam «Bəli»-deyə cavab verdi. Rəsulullah (s) buyurdu: «Sizin ən gözəl əxlaqlınız, ən səbirliniz, yaxınlarınıza daha çox yaxşılıq edəniniz və daha çox insaflınız (mənə daha çox bənzəyir)».("Bihar" c.77, səh.58)
Gözəl əxlaq o qədər mühümdür ki, həzrət Peyğəmbər (s) onu öz peyğəmbərliyinin səbəbi kimi göstərmişdir: «Mən, yalnız gözəl əxlaqı təkmilləşdirmək üçün göndərilmişəm».("Mizanül-hikmə" c.3, səh.149)
Gözəl əxlaq Haqq sifətlərinin şüası, ənbiya və imamların xüsusiyyətləri və xeyrin, hərəkətin başlıca amilidir.
Pis əxlaqi xüsusiyyətlər həyatın acılığına, əhali arasında iğtişaş və təfriqəyə səbəb olan şeytani amillərdəndir.
Mən ailənin möhkəmlənməsinə, səmimiliyinə bais olacaq məsələlərə toxunur və Allah-təaladan hamımızı gözəl əxlaqi keyfiyyətlərlə zinətləndirməsini və bizə pis əxlaqi xüsusiyyətlərdən uzaq durmaqda yardım etməsini diləyirəm.
MƏHƏBBƏT VƏ ONUN ELAN OLUNMASI
Qadın və kişinin qəlbinə qarşılıqlı məhəbbəti, eşqi Allah bəxş etmiş və onu öz varlığının nişanələrindən hesab etmişdir. Bu qadın və kişinin eşqinin, xüsusilə də kişinin qadına qarşı eşqinin əzəmətinin göstəricisidir.
«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!» ("Rum" 21).
Bu eşq və məhəbət izdivacın ilk günlərində, hətta nikah bağlanmazdan öncə meydana gəlir. Qadın və kişi bu daxili neməti, həyata şirinlik bəxş edən bu ülvi hissi qorumaq üçün əllərindən gələni əsirgəməməli, ona zərbə vuran, nəticədə isə ilahi əzaba səbəb olan ünsürlərdən qəti şəkildə çəkinməlidirlər.
Həzrət Sadiq (ə) digərlərinin məhəbbətini cəlb etməyi bacaran şəxs haqqında dua etmişdir: «Allah-təala öz mərhəmətini insanların rəğbətini qazanan şəxslərdən əsirgəməsin».("Mizanül-hikmə" c.2, səh.205)
Eşqi heç bir əqli və şəri səbəb olmadan nifrətə çevirmək Haqqın neməti qarşılığında naşükürlük, onu qorumaq isə dünya və axirət sevincinin qarantıdır.
İmam Sadiq (ə) buyurur: «Vay olsun Allah neməti qarşılığında naşükürlük edənlərə. Xoş Allaha görə bir-birlərinə məhəbbət bəsləyən şəxslərin halına».("Vəsail" c.16, səh.271)
Əli (ə) buyurur: «Ehsan və yaxşılıq baxımından ən fəzilətli şəxs, öz tərəf müqabilinə məhəbbət göstərməkdə öncül olan şəxsdir».("Mizanül-hikmə" c.2, səh.210)
İnsan həyat yoldaşı və övladları kimi yaxınlarından əlavə, digər eşqə, məhəbbətə və dostluğa layiq şəxslərə sevgi bəsləyib, onlara ehtiramla yanaşmalıdır.
Hədisi-qüdsidə qeyd olunur: «Yaradılmışlar mənim əyalımdırlar. Onların ən sevimlisi digər məxluqata qarşı mehriban olan və öz ehtiyaclarını aradan qaldırmağa səy göstərənlərdir».("Kafi" c.2, səh.199)
Yuxarıda qeyd etdiklərimizdən məlum olur ki, qadın və kişinin qarşılıqlı məhəbbəti Allah varlığının əlamətlərindən və Haqqın nemətlərindəndir. Həyatın davamı yalnız onun qorunması və artırılmasına bağlıdır.
İmam Sadiq (ə) buyurur: «Qadınlara məhəbbət bəsləmək peyğəmbərlərin əxlaqındandır».("Vəsail" c.20, səh.22-23)
Həzrət Peyğəmbər (s) buyurur: «Gözümün aşığı (nuru) namaz, ləzzət və sevincim dünya qadınları, xoş ətirli güllərim isə Həsən və Hüseyndir».(Həmin mənbəə)
İmam Sadiq (ə) buyurur: «Camaat dünya və axirətdə qadından aldıqları ləzzət qədər heç bir ləzzət almırlar. Allah-təala buyurmuşdur:("Ali-İmran" 14)
İmam ayəni oxuduqdan sonra buyurdu: «Behişt əhli nikahdan aldıqları ləzzət qədər heç bir şeydən ‒ nə yeməkdən, nə də içməkdən ləzzət almırlar».("Vəsail" c.20, səh.23-24)
Rəsuli-əkrəm (s) buyurur: «Kişinin həyat yoldaşına dediyi «Həqiqətən, mən səni sevirəm» sözləri heç vaxt qadının qəlbindən silinmir».(Həmin mənbəə)
İmam Sadiq (ə) buyurur: «İnsanın qəlbində həyat yoldaşının məhəbbəti artdıqca, imanı da artır».(Həmin mənbəə)
Əlbəttə, diqqət yetirmək lazımdır ki, qadına qarşı eşq bəsləyərkən ifrata varmaq olmaz. Çünki ifrat eşq insanın haqq yolunda addımlamağına mane olur. Bu, qadının eşq vasitəsilə kişiyə hakim olmaq istəməsi zamanı özünü daha çox göstərir.
İnsanın hər bir hissi, hər bir duyğusu, o cümlədən qadına məhəbbəti Allaha olan imanına tabe olmalıdır. Onun qadına məhəbbəti günah qaynağına çevrilərsə, bu zaman bu ülvi hiss öz ilahi məcrasından çıxıb, şeytani cığırla hərəkət edər. Bu növ eşq Allah razılığından kənardır.
Kişi və qadın hər ikisi özünəməxsus cismi və ruhi gücə malikdir. Bu gücü anlamaq azacıq ünsiyyətdən asılıdır. Qadın və kişi azacıq ünsiyyətdən sonra bir-birlərinin cismi və ruhi qabiliyyətləri ilə daha yaxından tanış olurlar.
Qadın və kişi bilməlidir ki, uca Allah insana ünvanladığı əmr və qadağaları buyurarkən, iki mühüm məsələni nəzərə almışdır: 1. İnsanın bacarığı xaricində olan bir şey tapşırmamışdır; 2. İnsanın öhdəsinə qoyduğu məsuliyyətləri onun bacardığından da bir pillə aşağı mərhələdə tələb etmişdir.
Bu ulu Tanrının qiyamət gününə qədər davam edəcək lütfüdür. «Bəqərə» surəsinin 233, 286, «Ənam» surəsinin 152, «Əraf» surəsinin 42 və «Möminun» surəsinin 62-ci ayələrində bu həqiqətə toxunulmuşdur:
«Heç kəsin öhdəsinə gücü çatmayan iş (bacarığı xaricində olan iş) qoyulmaz».
«Allah heç kəsi gücü çatmayan işi (görməyə) vadar etməz».
Buna əsasən, qadın və kişi qarşılıqlı təvəqqe və umacaqlarında Haqqın rəhim xüsusiyyətindən dərs almalıdırlar.
Birincisi, istər maddi, istərsə də mənəvi məsələlərdə imkan xaricində olan tələblər irəli sürməməlidir. Çünki bu bir zülm olaraq Haqqın əzabına səbəb olur.
İkincisi isə, öz istək və tələbləri zamanı bir-birlərinin hazırki imkanından da aşağı mərhələni nəzərə almalıdırlar.
Əgər onlar belə bir iş görə bilsələr, bu zaman ilahi övliyaların əxlaqını özlərində əks etdirmiş olacaqlar.
Çox şey ummaq imkan xaricində olan bir işin icrasını tələb etmək deməkdir. Şübhəsiz ki, belə bir işin tələb olunması ailədə qan-qaraçılıq yaradır, səmimiyyəti pozur, nəticədə isə ailənin dağılmasına gətirib çıxarır.
Çox şey ummaq qürurdan doğan şeytani bir xislət və ruhi bir xəstəlikdir. Az şey ummaq isə ədəbin, mərifətin göstəricisidir.
Əgər baldan da şirin bir həyat sürmək istəyirsinizsə, ixtilafdan, şəxsiyyəti təhqirə yol açan artıq umacaqdan uzaq durun. Çünki Haqqın rəhmətini, razılığını yalnız bu yolla cəlb etmək mümkündür.
Hər halda, qadın və kişi ailədə olduqca səmimi və mülayim olaraq, bir-birlərinə qarşı daha asan tələblər irəli sürməlidirlər. Bu, saleh əməllərdən hesab olunaraq, mükafata layiq görülür.
Həzrət Peyğəmbər buyurur: «Əməlisaleh şəxslər behiştə daxil olaraq, Kövsər kənarında mənimlə ilk görüşən şəxslər olacaqlar».("Vəsail" c.16, səh.303)
İmam Sadiq (ə) buyurur: «Behiştin «saleh əməl» adlı bir qapısı var. Oradan yalnız əməlisaleh şəxslər daxil olacaqlar. Bu dünyanın əməlisalehləri axirətin də əməlisalehləridirlər».(Həmin mənbəə, səh.304-305)
Rəsulullah (s) buyurur: «Hər bir saleh əməl sədəqədir».(Həmin mənbəə)
Quranda hər bir yaxşı əməlin qarşılığının (mükafatının) on qat ödəniləcəyi buyurulmuşdur.("Ənam" 160)
Az şey ummaq bir növ saleh (yaxşı) əməl və İslami bir sədəqədir. Belə ki, onun mükafatı on qat ödəniləcəkdir. Belə olan surətdə bəs nə üçün qadın və kişilər bu ilahi mükafata layiq olmasınlar? Nə üçün onlar ömürlərinin sonuna qədər bu faydalı mükafatı əldə etmək üçün mübarizə aparmasınlar?
Qadın və kişinin qarşılıqlı qüsurlara yol vermələri mümkündür. Qadın həyat yoldaşına xidmət göstərərkən, övladlarına baxarkən, yemək hazırlayarkən, eləcə də kişi ailədəki davranışında, ailəni idarə etməsində müxtəlif qüsurlara yol verə bilər. Qüsur, xəta hər iki tərəfdən bağışlanıla biləcək bir məsələdir. Qadın və kişinin lazım olduqda güzəşt etmələri şəri və əxlaqi bir vəzifədir. Onlar bu məsələdə qətiyyən qürura yol verməməli və Haqq göstərişlərinə arxa çevirməməlidirlər.
Güzəşt Quran baxımından bir ehsan olaraq, Allahın sevgisini qazanır.
«(O müttəqilər ki,) İnsanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər»("Ali-İmran" 134).
«Hər kəs pislik edəni bağışlasa və onunla barışsa, onun mükafatı Allaha aiddir»("Şura" 40).
İmam Sadiq (ə) buyurur: «Üç şey dünya və axirət böyüklüyüdür: sənə zülm edən şəxsi əfv etmək, səninlə qohumluq əlaqəsini kəsən şəxslə gəl-get etmək, sənə qarşı nadanlıq edən şəxs qarşısında dözümlü olmaq».("Bihar" c.71, səh.400)
Rəsulullah buyurur: «Həqiqətən, Allah bağışlayandır və bağışlayanları sevir»;
[("Mizanül-hikmə" c.6, səh.367)«Allah-təala müsəlmanın qüsurundan keçən şəxsi qiyamət günü əfv edəcək»;(Həmin mənbəə)«Camaatın qüsurlarından keçin. Bunun qarşılığında Allah da sizin qüsurunuzdan keçəcək».("Həmin mənbəə)
İmam Sadiq (ə) buyurur: «Biz Əhli-beytik. Bizim böyüklüyümüz, bizə qarşı zülm edən şəxsi əfv etməkdir».(Həmin mənbəə, səh.368-370)
Əmirəl-möminin Əli (ə) buyurur: «Az əfv etmək eyib, intiqam almağa tələsmək isə böyük günahdır»;
[(Həmin mənbəə)«Camaatın ən pisi tərəf müqabilinin qüsurlarından keçməyən və digərlərinin eyibini örtməyən şəxsdir».(Həmin mənbəə)
İmam Sadiq (ə) buyurur: «Əfv cəriməsiz, danlaq və qəzəbsiz olmalıdır».(Həmin mənbəə)
Qurana və rəvayətlərə əsasən, əfv Allahın məhəbbət bəslədiyi bir xüsusiyyət, cəhənnəm əzabından nicat qapısıdır.
Nə üçün qadın və kişi bir-birlərinin qüsurlarından keçməklə, Allahın sevimli bəndəsi olmasınlar?! Nə üçün onlar məsum imamlarla, ilahi övliyalarla həmrəy olaraq dünya və axirət səadətinə nail olmasınlar?!
Qadın və kişilər bir neçə dəfə bu üsuldan istifadə edərlərsə, artıq əfv etmək onlarda bir adət halını alaraq, bütün varlıqlarını əhatə edəcəkdir.
Olduqca gözəl xüsusiyyətlərdən biri də xalq arasında çox az təsadüf olunan özünü unutqanlığa vurmaqdır.
Digərlərinin təqsirini, eyibini müşahidə etdikdə özünü, qarşı tərəfin sənin müşahidə etmədiyindən arxayın olacağı şəkildə unutqanlığa vurmaq insani keyfiyyətlərdəndir.
İnsanın öz həyat yoldaşının hər hansısa bir qüsurunu gördükdə, özünü bilərəkdən unutqanlığa vurması onun əxlaqının, insanlıq və böyüklüyünün son həddidir.
Əli (ə) buyurur: «Aqilin vücudunun yarısı səbir və dözüm, yarısı isə özünü unutqanlığa (görməməzliyə) vurmasıdır»;("Mizanül-hikmə" c.7, səh.268) «İnsanın ən gözəl əxlaqı özünü bildiyi şey haqqında unutqanlığa (bilməməzliyə) vurmasıdır»;(Həmin mənbəə)«Özünü bilməməzliyə vurmaq kimi bir ağıllılıq, unutqanlığa vurmaq kimi bir dözümlülük yoxdur».(Həmin mənbəə)
Xırdaçılıq etmək, səhvi üzə vurmaq, qüsurlardan keçməmək, Əlinin (ə) buyruğuna görə, əxlaqa zidd olan, həyatın şirinliyini pozan xüsusiyyətlərdəndir.(Həmin mənbəə)
Əfv və keçəcək, bundan daha yüksək özünü unutqanlığa vurmaq qadın və kişi üçün zəruri olan əxlaqi keyfiyyətlərdəndir. İnsan yalnız bu növ əxlaqi və insani dəyərlər sayəsində tam aram, şirin bir həyat sürə bilər.
Əfv, özünü bilməməzliyə, unutqanlığa vurmaq qəzəbi udmağın şirin meyvəsi, qəzəbi udmaq isti kürədən can qurtarmaq kimi bir şeydir.
Qəzəb və ardı-arası kəsilməyən dedi-qodular qeyri-insani keyfiyyət olaraq Haqqın nifrətinə səbəb olur. Bu xüsusiyyətin çirkinliyi haqqında bir rəvayət qeyd olunmuşdur. Bir kişi acı bir tərzdə imam Hüseynə (ə) dedi: «Gəl, din mövzusunda mübahisə edək». İmam (ə) buyurdu: «Mən dinim haqqında kifayət qədər məlumata malikəm. Allahın məni hidayət etməsi mənə gün kimi aydındır. Əgər sənin bu mövzuda cahilsənsə, get, cəhlinə bir əlac et…Şeytanın insanı günaha salması üçün bir vəsvəsəsi olan mübahisə ilə mənim nə işim var?!».("Bihar" c.2, səh.135)
Mübahisə haqqı sübuta yetirmək üçün olarsa, gözəl mübahisənin nümunələrindəndir. Bu növ mübahisənin heç bir eybi yoxdur. O, elmin inkişafı üçün də çox faydalıdır. Lakin mübahisə söz dava-dalaşı, ağıla müvafiq olmayan məqsədlər üçün həyata keçirilərsə, şübhəsiz ki, haram və günahdır.
Həzrət Rza (ə) Əbdül Əzim Həsəniyə buyurur: «Dostlarıma məndən salam de. Onlara de ki, şeytana sizə vəsvəsə etməyə yol verməyin. Onlara düz danışmağı, əmanətdarlığı, sakitliyi, yersiz və heç bir faydası olmayan mübahisədən uzaq durmağı tapşır».("Bihar" c.74, səh.230)
Quranla yanaşı, rəvayətlər də bəşəriyyəti əsəbilik və qəzəbdən uzaq düşməyə çağırır və qəzəbi, insanı məhvə sürükləyən bir növ «dəlilik» adlandırırlar.
Əli (ə) dahiyanə kəlamlarında bu məsələyə toxunaraq buyurur: «Qəzəb təhlükədir. Onu cilovlamazsansa, (səni) məhv edər»;("Mizanül-hikmə" c.7, səh.231) «Qəzəb ağıldan yüngül olanların miniyidir»;(Həmin mənbəə) «Qəzəb gizli kinləri (düşmənçilikləri) alovlandırır».(Həmin mənbəə)
İmam Sadiq (ə) buyurur: «Qəzəb hər bir ziyanın açarıdır».
Bəli, qəzəblənən şəxs hər bir xətaya yol verir. Qarşı tərəfin şəxsiyyətini təhqir edir, öz orqanizminə istənilən ziyanı vurur.
Həzrət Peyğəmbər (s) buyurur: «Qəzəb şeytanın bir odudur».(Həmin mənbəə)
Əli (ə) buyurur: «Qəzəb bir növ dəlilikdir. Həqiqətən, bu xislətə malik olan şəxs peşman olur. Peşman olmadıqda isə, onun bu dəliliyi güclənir»;(Həmin mənbəə, səh.232-233) «Qəzəb ağılı məhv edir, insanı Haqdan uzaqlaşdırır»;(Həmin mənbəə)«Qəzəbini cilovlamayan şəxs bizdən deyil»;(Həmin mənbəə) «Şəhvəti və qəzəbinə məğlub olan şəxs heyvanlar sırasındadır».(Həmin mənbəə)
Həzrət Baqir (ə) qəzəbi boğmaq haqqında buyurur: «Allah qiyamət günü qəzəbini üzə çıxara biləcəyi halda boğan şəxsin qəlbini iman və təskinliklə doldurar».("Kafi" c.2, səh.110)
Əli (ə) buyurur: «Allah-təala öz qəzəbini cilovlayan şəxsin eybini örtər».("Mizanül-hikmə" c.7, səh.236)
O həzrət vəfalı dostu Haris Həmədaniyə yazır: «Hirsini boğ, qütrətin olsa belə, əfv et. Əsəbini cilovla, gücün yetsə belə, digərlərinin qüsurlarını ört (gizli saxla). Əgər belə edərsənsə, aqibətin xeyir olar».(Həmin mənbəə)
«Kafi», «Vəsail» və «Biharül-ənvar» kimi mötəbər kitablarda digərlərinə qarşı qəzəbi boğmağın mükafatının Haqqın qəzəbindən amanda qalaraq, rəhmətinə qovuşmaq olduğu qeyd olunmuşdur.
Həzrət Məsihdən (ə) qəzəbin səbəbini soruşduqda buyurdu: «Qəzəbi törədən üç səbəb var: qürur, eqoistlik və digərlərini səviyyəsiz hesab etmək».
Həzrət Peyğəmbərin (s) Əmirəl-möminin Əliyə (ə) ünvanladığı tövsiyələrdə oxuyuruq: «Qəzəblənmə, qəzəbləndikdə əyləş və Haqqın bəndələrini əhatə edən qüdrəti haqqında düşün. Qəzəbləndiyində sənə «Allahdan qorx!»-deyə söyləsələr, qəzəbi bir kənara qoyub, normal vəziyyətə qayıt».
İslamda ən pis əxlaqi xüsusiyyətlərdən biri kimi günah hesab olunan, ilahi əzaba səbəb olan xüsusiyyətlərdən biri də, digərləri qarşısında iftixar hissi (fəxr etmək) duymaqdır. Bunun çıxış yolu, yalnız tövbə edərək təvazökarlıq yolunu seçməkdir.
Toydan öncə bir-birlərini görüb bəyənmiş, ailələri haqqında geniş məlumat əldə edərək bu qohumluğu qəbul etmiş ər və arvad indi birgə həyat sürdükləri halda, bəzi imtiyazları nümayiş etdirməkdən, bəzi çatışmazlıqları üzə vurmaqdan, bir sözlə, bir-birlərinə qarşı iftixar hissi duymaqdan qəti şəkildə çəkinməlidirlər. Əgər ailədə belə hərəkətlər baş verərsə, bu yersiz dava-dalaşa, kin bəsləməyə və nəticədə, ayrılığa gətirib çıxarar. Belə olan halda, bütün bu baş verənlərin ağır yükü, öz iftixarı ilə bütün bunlara səbəb olan şəxsin üzərinə düşəcək.