MÜQƏDDİMƏ
Bəşəriyyəti hər gün yeni-yeni üfüqlərlə tanış edən, zahiri bərli-bəzəkli görünən «mədəni dünya»mız artıq, həyat gerçəkliklərindən kənara çıxıb, iqtisadiyyat və maddiyyata əsaslanan öz məntiqi ilə insani dəyərlərin mahiyyətini dəyişdirir. Xalqın mənəvi və ideoloji inkişafının keyfiyyəti onu əbədiyyət aləmindən xəbərsiz edir. Daxili xüsusiyyətləri əsasında gözünü mənəvi dünyaya dikən insan, diqqətini yalnız maddi aləmə yönəldir və təbiətin qeyri-maddi cəhətini habelə, səmavi həqiqətləri xəyali məfhumlarla əvəz edir. Ona görə də mümkün qədər çox sərvət toplamaq və maddi rifaha malik olmaq onun ali məqsədinə çevrilir. Fərdi və ictimai münasibətlərdə hökmranlıq edən, müxtəlif şəkillərdə zahir olan belə təfəkkür tərzi ilə bəşəriyyətin həqiqi səadətə nail olacağını təsəvvür etmək düzgün deyildir. İnsan öz əli ilə düzəltdiyi maddiyyat bütlərini sındırmaqla, təfəkkürünü büsbütün dəyişməklə və mənəvi həqiqətləri axtarıb tapmaqla nicat tapa bilər.
Biz bu sözlərlə heç də müasir mədəniyyətin bütün imkanlarını, rabitələrin sürətliyini və texnikanın inkişafını inkar etmirik; onun məziyyətlərinə və faydalarına göz yummuruq. Çünki, bu yolla insanın həyat və məişəti daha yaxşı təmin edilir, onun normal yaşayış şəraiti daha da asanlaşır. Amma, insan ruhunun dərinliyi nəhayətsiz bir gerçəkliyin qarşısında qərar tapdığıdan, mənəvi səadəti maddi rifahla qurmağın qeyri-mümkün olmasını başa düşməliyik. İnsan batini rahatlığa çatmaq üçün yalnız maddi rifahla kifayətlənə bilməz. O, dinin əhəmiyyətini, onun nə üçün göndərildiyini unutmamalı və zatən ehtiyaclı olduğu şeylərdən xəbərsiz qalmamalıdır.
Ümumbəşəri qanunların, insan haqları və vicdan azadlığının müdafiəsi iddiaları ilə çıxış edən tərəqqipərvər əsrimizdə ictimai-siyasi məktəblər tam soyuqqanlılıq və rəhimsizliklə milyonlarla adamın ölümünə səbəb olan iki böyük dünya müharibəsinin tonqalını qalayıblar. Hal-hazırda dünya ictimaiyyətini ümumi bəlalardan qorumaq məqsədi ilə yaradılan beynəlxalq təşkilatlar da ehtimal verilən digər təhlükələrin qarşısını almaq üçün ağlabatan yollar göstərə bilmirlər. Son dövrlərdə daha bir müharibə alovunun şölələnmək ehtimalı heç kəsə gizli deyildir. Müasir kütləvi qırğın silahlarının dəhşətli dağıdıcı gücünü nəzərə alsaq, başa düşə düşərik ki, belə bir ocağın qalanması ilə bəşəriyyət tamamilə yanıb külə dönə bilər.
Təəssüflər olsun ki, uzun illərdir şərq xalqları qərbin texnoloji və iqtisadi tərəqqisi qarşısında həqarət hissi ilə dayanmış, özünə etimad və inam hissini əldən verib, ruhsuz və tüfeyli bir cəmiyyətə çevrilmişdir. Onlar müasir mədəniyyətlə kifayət qədər tanış olmadıqları üçün qərbdən gələn hər bir şeyi zamanın hökmü kimi qəbul edirlər. Qərb təfəkkür tərzi insanlara hakim olmuşdur və onlar elə düşünürlər ki, insan günün «tələblərinə» təslim olmalıdır. Hətta həmin «tələblər» səhv və məntiqsiz olsalar belə, onları qəbul etmək lazımdır.
Şübhə yoxdur ki, özündə zəiflik və çatışmazlıq hiss edən bir cəmiyyət bu mürtəce əqidənin təsiri altına düşərək, heç vaxt həyatını yeniləşdirmək, geriliyini aradan qaldırmaq üçün səy etməyəcək. Xalqın istedad və bacarığını inkişaf etdirmək, cəmiyyətdə müstəqil düşüncə tərzini bərqərar etmək üçün insani dəyərləri dirçəltmək və bütün imkanları səfərbər etməkdən savayı başqa bir yol yoxdur.
Başqa bir tərəfdən isə gənc nəslin düşüncə tərzi müasir dövrün zərərli ideoloji hücumlarına məruz qalıb, hər gün bu zəhərli ideyalar ona öz ziyanlı təsirini göstərməkdədir. Belə bir şəraitdə İslam alimlərinin vəzifəsi çox şərəfli və həyat bəxşedicidir. Onlar gərək elmi anlayışlar və məntiqi yollarla gənclər və yeniyetmələr üçün hidayət yolunu göstərsinlər, böyük İslam mədəniyyəti və maarifini onlara təqdim etsinlər.
Son illərdə alimlər tərəfindən bu istiqamətdə diqqətəlayiq işlər görülməsinə baxmayaraq, hələ də İslam ideologiyası cavanların bütün təbəqələrinin düşüncə və təfəkkürünə yol tapmayıb; bu böyük və çox qiymətli mənəvi irs kifayət qədər tanıtdırılmayıb. Bu kitabda qərb dünyasının maddi fikirlərə əsaslanan düşüncələri güclü islami məntiqlə üzləşdirilib, yetərli müqayisələr edilib və qərb mədəniyyəti ictimai, siyasi, iqtisadi zəminlərdə islami baxışlarla təhlil olunub. Mənbələrdən və dəlillərdən istifadə etməklə, İslamın ictimai asayişi bərqərar etmək, cəmiyyətin inkişaf yollarını göstərmək proqramları oxucuların nəzərinə çatdırılır. Çünki İslam, müxtəlif millətləri bir-birinə yaxınlaşdırmaq, mədəniyyəti inkişaf etdirmək və dünyada kamil bir maarifin əsasını qoymaq üçün bütün müsbət elementləri səfərbər etməyə qadirdir.
Xristianlığın əksinə olaraq, islamda heç vaxt elm və din arasında çəkişmələr mövcud olmayıb. Daha doğrusu, alimlər İslam dininin sayəsində elmdə çox yüksək nəticələr əldə etmişlər. Onlar elmi tədqiqatlar, yaşayışın təkamülü və hamının qəbul edə biləcəyi təbii və fitri qanunlar baxımından, beş əsr ərzində bəşəriyyətin öncülləri olmuşlar. Müsəlmanlara maddi və mənəvi tərəqqi bəxş edən, onları elm öyrənməyə təşviq edən məhz İslam dininin özüdür. İslam, müasir dövrdə hakim olan təəssüblü fikirlərdən uzaq olub, insanlar arasında qarşılıqlı həmkarlıq ideyasını təbliğ edir.
Maddi meyar və dəyərlərin əsiri olmuş müasir dünyada hələ də yalnız İslam dini öz əbədi təlimlərini çəkinmədən göstərə bilir. İslamın mahiyyət və özülü həqiqətdən yoğrulub; o, həmişə olub və olacaq; İslam təlimləri həmişə təravətlidir və bütün dövrlərlə ayaqlaşa bilir.
Hər bir əsrdə insan öz hədəfini və həyatının mənasını İslam dini ilə müəyyənləşdirə bilər; onun qanunlarına tabe olaraq, maddi həyatın tufanlarından xilas olar.
Əgər cəmiyyət bu ali səmavi proqramları tətbiq etmək üçün çalışsa, həqiqi səadət qapılarını öz üzünə açar və məntiqli, sağlam həyat tərzini əldə etmiş olar.
Müxtəlif təbəqələrdən olan insanların bu kitabı yüksək rəğbətlə qarşılamaları belə bir həqiqəti sübuta yetirir ki, xoşbəxtlikdən gənc nəslin bir hissəsi haqqa tərəf addım atmaqdadır. Onların müasir mədəniyyət və onun müxtəlif cəhətlərini tanıması, qərb mədəniyyətinin mahiyyətini düzgün dərk etmələri bu gün çox mühüm bir işdir. Ümid edirəm ki, bu kitab insanların ümumi məlumatlarının artırılmasına kömək edəcək, onlara qərb mədəniyyətinin nə olduğunu daha yaxşı başa salacaq və gənc nəslin hidayət və islah olunmasına təsir edəcək.
Əl-həmdu lillahi Rəbbil aləmin.
Qum şəhəri-Seyyid Müctəba Musəvi Lari