XRİSTİANLIĞIN İNKİŞAF SƏBƏBLƏRİ
Müasir dövrdə səmavi və ya qeyri- səmavi din və məzhəblər müxtəlif təhriflərin, eləcə də nöqsan və çatışmazlıqların ucbatından inkişaf etmək əvəzinə, günbəgün süquta doğru yaxınlaşırlar. Təkcə xristianlıq cürbəcür təşəbbüs və səylər nəticəsində bütün dünyada geniş şəkildə təbliğ olunmaqdadır. Hal-hazırda dünyada qarşı-qarşıya dayanan yalnız iki böyük din mövcuddur. Bunlar İslam və xristianlıqdır.
Xristianlığın inkişafı onun mahiyyətindən irəli gələn xüsusi amillərdən doğmur və bu dinin öz ayinləri burada əsaslı rol ifa etmir. Hər bir ideoloji məktəbdə olduğu kimi, onun inkişafında da təbliğat güclü və mühüm təsir amili hesab olunur.
Təbliğat məsələsi xristianlığın inkişaf mərhələləri üçün yüksək əhəmiyyətə malik olan renosans (intibah) dövründə diqqət mərkəzində olmuşdur. O dövrdən indiyədək xaçpərəstlər güclü təşkilatların vasitəsi ilə öz dinlərini dünyanın bütün nöqtələrində yaymaqla məşğuldurlar.
Onların təbliğatı modern üsullarla mədəni millətlər arasında hərtərəfli və güclü şəkildə aparılmış, iqtisadi cəhətdən geri qalmış xalqlara müəyyən yardımlar göstərməklə, böyük bir kütləyə öz dinlərini qəbul etdirə bilmişlər. Xristianlığın aldadıcı zahiri görünüşü milyonlarla insanın gözünü qamaşdıraraq, onların fikir və düşüncələri üzərinə qaranlıq pərdə çəkmiş, haqqı axtarmaq, həqiqi dini tapmaq imkanından məhrum etmişdir.
İslamın dəvət və təbliğinə gəldikdə isə, imkanlarımız məhdud olduğundan, habelə zəruri təbliğat vasitələrinin kifayət qədər olmaması üzündən dinimizin parlaq simasını dünyaya tanıtdırmağımız çox çətin olmuşdur.
Qeyd olunan məsələ xristianlığın inkişafına səbəb olan mühüm amilllərdəndir.
Müsəlman xalqları və dövlətləri arasındakı münaqişə və çəkişmələr onların zəifləyərək, dünyanın böyük ölkələrinin təsiri altına düşmələrinə səbəb olmuş, İslam dininin təbliğ olunmasının qarşısı alınmış və nəticədə xristianlığın yayılması üçün böyük imkanlar yaranmışdır.
KİLSƏ RƏHBƏRLİYİNİN TÖRƏTDİYİ FACİƏLƏR
Xristianlıq xalqın ictimai işlərini idarə etmək üçün xüsusi sistem, qanun və üsullara malik olmadığından, məsihi ruhani qurumları ictimai-siyasi və hökumət məsələlərinə heç vaxt qarışmırdılar.
Bu vəziyyət altıncı əsrə qədər davam etdi. 756-cı ildə Fransa imperatoru öz hökmranlığı altında olan torpaqların bir hissəsini Papanın ixtiyarına verdikdən sonra, sanki xristian ruhaniləri üçün yeni bir dövran başlandı. Avropada nüfuz və qüdrət qazanmaq uğrunda kilsə xadimləri ilə krallar arasında çəkişmələr şiddətləndi.
Kilsəni məsihi ruhaniliyinin simvolu hesab edən xalq, onu kəskin şəkildə müdafiə edirdi və bununla da kilsənin qüdrəti günbəgün artırdı. Uzun sürən bu çəkişmələrdən sonra, artıq iş o yerə çatmışdı ki, kilsə rəqibsiz olaraq, Avropa xalqları üzərində hökmranlıq edirdi. Xristianlıqda məzhəb ixtilafları yaranana qədər hər bir Avropa şəhərini bir kardinal idarə edirdi. Bir neçə şəhərlərdən təşkil olunan vilayətlərə isə, Papanın canişinləri başçılıq edirdilər. Papa xaçpərəstlərin ali rəhbərliyini öz öhdəsinə alıb kardinal və canişinləri vəzifəyə qoyur və ya çıxarır, bütün işlərə rəhbərlik vəzifəsini həyata keçirirdi. Tədricən Konstantinopoldakı canişinlər Papanın nüfuzu altından çıxmaq fikrinə düşdülər. Uzun illər davam edən bu çəkişmələr, nəhayət 1052-ci ildə onların tamamilə bir-birindən ayrılmasına səbəb oldu; xristianlıq iki yerə bölündü. Şərqi Avropa Konstantinopol ruhanilərinə tabe olaraq, özlərini «ortodoks» adlandırdılar. Polşadan İspaniyayadək uzanan qərbi Avropa ölkələri isə Roma Papasına itaət etməkdə davam etdilər və özlərini «Katolik» adlandırmağa başladılar. Bu iki məzhəb qarşı tərəfi inkar etmə yolunu seçərək, bir-birlərinə qarşı kəskin və barışmaz mövqe tutdular.
16-cı əsrin əvvəllərində Avropada «Protestantlıq» adlı yeni bir məzhəb meydana çıxdı. Həmin məzhəbin banisi Lüter və onun həmfikirləri «cənnət hədiyyə etmək» və «günahları bağışlamaq» kimi cəfəng iddialar irəli sürən Papaya qarşı müxalifətə başladılar. Onlar kilsənin üzdəniraq qayda-qanun və eyiblərini aradan qaldırıb, onu saflaşdırmaq istəyirdilər. Kilsə üsul idarəsinə və Papanın mütləq məqamına qarşı çıxan Lüter hərəkatının Avropada çoxlu tərəfdarı olduğundan, xristianlıq üç yerə bölündü.
12-13-cü əsrlərin katolik Avropasında Papanın mütləq hakimiyyəti nəticəsində xristianlıqda bidətlər ortaya çıxmağa başladı. Belə bidətlərin qarşısını almaqdan ötrü 1215-ci ildə Papa tərəfindən «inkvizisiya» adlı təşkilatın yaradılması haqqında fərman imzalandı. Fransa, İtaliya, Almaniya, İspaniya, Polşa və başqa ölkələrdə həmin təşkilat bidətçiləri axtarıb tapır, mühakimə edir və cəzalandırırdı.
Bu təşkilat hər cür azad və yeni fikirlərin qarşısını amansızcasına alır, dində təhrif və azğınlıq yaratmaq ittihamı ilə minlərlə insanın qətlinə fərman verirdi. İnkivizasiya ümumi fikirlərdə elə bir boğucu atmosfer yaratmışdı ki, kilsənin əqidələri ilə müxalif olan hər kəs onun qəzəbinə düçar olaraq, müxtəlif işgəncələrə məruz qalırdı. Hətta, bəzən ölülər də küfr və bidət etdikləri üçün məhkəmə qarşısında qalırdılar. Əlbəttə, bu vaxt onların tabutdakı sümükləri «ittiham» olunurdu. Vill Dorant «Mədəniyyət tarixi» kitabında həmin məhkəmələrin xüsusiyyətlərini belə şərh edir:
«Təftiş məhkəməsi (inkivizasiya) əqidələri, qanunları və ayinləri özünəməxsus şəkildə yoxlayırdı. Hər hansı bir şəhərdə məhkəmə başlamazdan qabaq kilsələrin qüllələrindən xalqa «iman fərmanı» oxunurdu və onlardan tələb olunurdu ki, bidətçi və kafirlər barəsində nə bilirlərsə, tezliklə məhkəməyə çatdırsınlar. İnsanlar xəbərçiliyə, qonşularını və qohumlarını satmağa təşviq olunurdular. Xəbərçilərin hərtərəfli müdafiə və himayə olunmasına təminat verilirdi. «Kafirləri» tanıyıb, təftiş məhkəməsinə xəbər verməyənlər özləri məhkum olunurdurlar. Hərdən ölülər də mühakimə edilir, var-dövləti varislərindən alınır və onların otuz faizi həmin xəbərçilərə verilirdi. İşgəncə üsulları ayrı-ayrı vaxtlarda və yerlərdə müxtəlif cür idi. Bəzən müttəhimin əllərini arxadan bağlayıb asır və ya ağzına su doldurub boğurdular. Yaxud da əl-ayaqlarına kəndir bağlayıb sümüklərə çatana qədər sıxırdılar».
Xristian ruhaniləri Avropada elə bir qüdrətə yiyələnmişdilər ki, Almaniya və Fransanın 10-dan artıq böyük dövlət xadimi Papa tərəfindən kafirlikdə günahlandırılmışdı. Bu səbəbdən də həmin şəxslər ya hakimiyyətdən uzaqlaşdırılmış, ya da «tövbə» etməyə məcbur edilmişdilər. 1075-ci ildə Alman imperatoru altıncı Henri, fərmana etinasızlıq etdiyi üçün Papa səkkizinci Qriqori tərəfindən kafir elan edilmişdi. Henri əlacsız qalıb tövbə etmiş, lakin Papa üç gün onun tövbəsini qəbul etməmişdi. Nəhayət üç gündən sonra Papa Henrinin tövbəsini qəbul edərək, onu bağışlamışdı.
1140-cı ildə səkkizinci Lui, Papa tərəfindən kafir elan olunmuşdu. 1205-ci ildə isə İngiltərə kralı ilə Roma Papası arasında ixtilaf baş vermiş və Papa onun haqqında kafirlik hökmü çıxarmışdı. Qısa bir müddətdən sonra İngilis kralı aşağıdakı məzmunda əhdnamə imzalmağa məcbur olmuşdu:
«Qeyb mələklərindən belə bir göstəriş almışıq ki, İngiltərə və İrlandiya ölkələri İsaya (ə), Həvarilərə, Papaya və onun canişinlərinə itaət etməlidir. Bundan sonra ölkələrimizi Papanın canişini kimi idarə edəcəyik. Roma katolik kilsəsi hər il bizdən iki min gümüş lirə almalıdır. Əgər biz yuxarıdakı öhdəliklərin hər hansı biri ilə müxalifət etsək, hakimiyyət hüququndan məhrum oluruq».
Marsel Kaş yazır: «Bu dövrlərdə Papanın fərmanı ilə müxalifət etdiyinə görə beş milyon nəfər qətlə yetirilmişdi. 1448-1499-cu illər ərzində təftiş məhkəməsinin hökmü ilə 1020 nəfər diri-diri yandırılmış, 6860 nəfər şaqqalanmış və 97023 nəfər ağır işgəncələr nəticəsində həlak olmuşdular». Orta əsrlərdə təftiş məhkəmələrinin hökmü ilə 350 min nəfər alim və mütəfəkkir diri-diri yandırılmışdı.
Məşhur fransız yazıçısı Viktor Hüqo bu barədə belə deyir: «Kilsə həyatı bəşəriyyətin inkişaf və tərəqqi istiqamətində deyil, tarix səhifələrinin arxasında yerləşir. Kilsə, bir alimi ulduzlar haqqında müəyyən bir fikir söylədiyinə görə şallaqlayaraq yaralamış, başqa birisini digər bir dünyanın mövcudluğu haqda danışdığı üçün işgəncələrə məruz qoymuşdu. Qanın insan bədənində hərəkət etdiyini söyləyən digər alimi isə təftiş məhkəməsi döydürərək ağır cəzalara məhkum etmişdi. Qalileyi yerin fırlanması haqda irəli sürdüyü nəzəriyyəyə görə zindana salmışdılar. Xristofor Kolumb isə kilsənin qabaqcadan xəbər vermədiyi torpaqları kəşf etdiyi üçün təqiblərə məruz qalmışdı. Paskalı kafir elan edən də həmin kilsədir».
Kilsə öz nüfuz və qüdrətindən müsəlmanlar əleyhinə də istifadə etmiş, Beytül-müqəddəsin azad olunması bəhanəsi ilə müsəlmanları vəhşicəsinə qətli-am etmişdi. Səlib müharibələri adı ilə tarixdə məşhur olan və yüz minlərlə müsəlmanın faciəli şəkildə öldürülməsi ilə nəticələnən bu qırğınlar 1095-1270 -ci illər ərzində bir neçə mərhələdə baş vermişdir.
Həmin müharibələrin əsas səbəbi xristian din xadimlərinin müsəlmanlara qarşı öz ürəklərində bəslədikləri kin və ədavət idi. Onlar avropalıları müxtəlif hiylələrlə aldadaraq, müsəlmanlar əleyhinə qızışdırırdılar. Müharibə başlamazdan əvvəl, Papa ikinci Urben keşişlərin və xristian təəssübkeşlərinin iştirakı ilə bir konfrans təşkil etdi. Həmin konfransda müsəlmanlara qarşı müharibə qərarı çıxarıldı. Papa bu yığıncaqda bütün keşiş və kardinallara xalqı müsəlmanların ziddinə təşviq etmək əmrini verdi. Fransada isə bu işi şəxsən özü həyata keçirir, ardıcıllarını müharibəyə dəvət edirdi.
Bir milyondan artıq döyüşçüdən təşkil olunmuş böyük xristian ordusu Beytül-müqəddəsi zəbt etmək üçün səlib yürüşünə başladı. Sanki bütün Avropa şərqə tərəf axışırdı. Qoşun qarşısına çıxan hər bir yaşayış məntəqəsini qarət edir, hər yeri yandırır, müsəlmanları dara çəkir, boğur və qılıncdan keçirirdi. Bu amansız müharibədə heç kəsə rəhm edilmir, qoca-uşaq, kişi-qadın və hətta uşaqlar belə, xüsusi qəddarlıqla öldürülürdü. Səlibçilər 1099-cu ildə Beytül-müqəddəs şəhərini ələ keçirən zaman, bir milyondan artıq döyüşçüsü olan o böyük ordudan cəmi 20 min nəfər salamat qalmışdı. Səlibçilər böyük təlafatlar verməklə Beytül-müqəddəsi tuta bilmişdilər. Onların itkiləri bir milyona yaxın idi.
Bu xristian qoşununun vəhşilikləri ilə yaxından tanış olmaq üçün fransız tarixçisi Qustav Lebonun yazdıqlarını nəzərdən keçirək:
«Səlibçilərin azğınlıqları onları dünyanın ən vəhşi, yırtıcı və şüursuz heyvanları sırasına daxil edir. Onlar qocalar, cavanlar, qadınlar və uşaqlarla eyni cür qəddarlıqla davranırdılar. Yəni, heç kimə fərq qoymadan hamını öldürür və var-yoxlarını qarət edirdilər. Yeri gəlmişkən, rahib Robertin şəxsən özünün iştirak etdiyi hadisələr haqqında yazdıqlarına baxsaq, məsələ daha aydın olar. O deyir: «Bizim qoşun müxtəlif ərazilərdən keçirdi. Öz balasını yalamaqdan ləzzət alan dişi şir kimi, qoşunumuz uşaqları tikə-tikə etməkdən, kütləvi qətllər törətməkdən zövq alırdı.
Cavanlar və qocalar qılıncdan keçirilirdi. Qətl mərasimlərini sürətlə icra etməkdən ötrü eyni vaxtda bir kəndirlə bir neçə müsəlman dardan asılırdı. Qızıl, gümüş və qiymətli əşyalar qarət edilir, bəzi sağ qalan cavanlar kölə kimi satılmaq üçün Antaliyaya göndərilirdi». Bu qaniçən qoşunun başçısı Papaya göndərdiyi məlumatında belə yazırdı: «Beytül-müqəddəsdə əlimizə keçən müsəlmanlarla nə etdiyimizi bilmək istəyirsinizsə, agah olun ki, Süleyman eyvanının ətrafı və tamam məbəd atlarımızın dizlərinə qədər qan içində idi».
Bunlar orta əsrlərdə və səlib müharibələrində xristianların alimlərə, mütəfəkkirlərə, habelə müsəlmanlara qarşı etdikləri misilsiz cinayətlərin bəzi nümunələridir. Avropa ölkələrindəki inkivizasiyanın təzyiq və işgəncələri nəhayət oradakı elm xadimlərini təngə gətirdi. Onlar bu vəhşi zülmlərdən azad olmaq üçün kilsə ilə mübarizəyə başladılar.
Alimlərlə kilsə xadimlərinin mübarizəsi gün-gündən kəskinləşərək barışmaz sinfi mübarizəyə çevrildi. Belə bir şəraitdə təbiət elmləri inkişaf etməyə başladı. Nəhayət, kilsə xadimləri geri çəkilməyə məcbur oldular və azad fikirli insanların fəaliyyəti üçün meydanı tərk etdilər.
Kilsənin əsassız iddiaları və azğın cinayətləri səbəb oldu ki, bir sıra alimlər ümumiyyətlə bütün dinləri elmlə mübarizə aparan cəhalət hesab etməyə başladılar. Nəticədə, inkivizasiya bütün dinlərə böyük zərbə vuraraq, etiqadi fikirlərə qarşı bədbinlik hissi yaratdı. Həqiqi din haqqında düzgün məlumatların olmaması insanlarda ona qarşı nifrət oyatmışdı.
Başqa ölkələrdə də kilsənin fəaliyyətləri xalqın narazılığına səbəb olurdu. Çar Rusiyasında kilsə həddindən artıq geniş səlahiyyətlərə malik idi. Milyon hektarlarla torpaqlar, meşələr, otlaqlar, balıqçılıq və ticarət mərkəzləri provaslav kilsəsinə zəngin sərvətlər toplamaq imkanı yaratmışdı. Rusiyadakı kilsələr ən böyük torpaq sahibi və ən böyük bank səhmlərinə yiyələnən təşkilat idi. Kilsə tərəfindən rəhimsizcəsinə ağır işgəncələrə məruz qalmış kəndlilər din xadimlərini «keşiş libası geymiş quldurlar» adlandırırdılar. Keçmişdə gerilik və irtica simvolu olan həmin kilsə artıq bu gün, öz əsaslarını möhkəmlətmək üçün elm və mədəniyyətin bütün sahələrindən çox səmərəli şəkildə istifadə etməkdədir.
Hal-hazırda təkcə katolik kilsəsinin dörd mindən artıq təbliğat qrupu mövcuddur və onlar dünyanın bütün nöqtələrinə səpələnmişlər. Kifayət qədər büdcə ehtiyatlarına malik olan xristian təşkilatları hətta Afrikanın ən ucqar bölgələrində öz təbliğatlarını aparırlar. Yalnız İngilis kilsəsinin bir ildəki təbliğat üçün çəkdiyi xərcləri bizim ölkə miqyasında təbliğat işlərinə sərf etdiyimiz xərclərlə müqayisə etsək, vəziyyətimizin necə olduğunu daha yaxşı anlaya bilərik. Xristianlar indiyədək «İncili» bütün dillərə tərcümə etmiş və onun milyonlarla nüsxələrini bütün dünyada həmçinin, müsəlman ölkələrində çox geniş şəkildə yaymışlar. Vatikan öz gündəlik qəzetini 300 min nüsxə ilə, 50-yə yaxın jurnal və kitabçalarını isə ayda bir neçə milyon nüsxədə dünyaya yayır. Onun 32 mindən çox müxtəlif səviyyəli məktəbləri mövcuddur. Vatikanın saysız-hesabsız xəstəxana və klinikaları dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Katolik dini kitablarının yayılması, kilsələrin tikilməsi, təbliğat qruplarının müxtəlif nöqtələrdə güclü iş aparması həmin fəaliyyətləri daha da mütəşəkkil edir. Protestant məzhəbinin ardıcılları tərəfindən aparılan təbliğatlar isə göz qabağındadır. Qərb qəzetlərindən biri yazır: «1950-ci ildən başlayaraq, ən azı 10-a yaxın protestant dini hövzəsi təsis edilmiş, çox güclü fəaliyyətlər sayəsində həddindən artıq yüksək nəticələr əldə edə bilmişlər. Onların cəmiyyətlərinin sayı sürətlə 2-3 dəfə artırılmışdır. Kilsələr üçün yüzlərlə binalar alınmış və çoxlu sayda missioner heyətləri müxtəlif ölkələrə ezam olunmuşdur. Ən mühüm məsələ isə budur ki, protestant cəmiyyətlərindəki insanlar həmin məzhəbin sevinc və səadət bəxş edən yeganə din olduğunu dərk etmişlər»! Xristian dini qurumları nə yəhudi, nə də buddizm dinlərindən qorxmurlar. Çünki bu dinlər yalnız müəyyən xalqlara bağlıdır və həmin mühitdən kənara çıxa bilmirlər. Onların nüfuz dairələri də bağlı olduqları millətlərlə məhdudlaşır. Xristian təşkilatlar yalnız, əhatə dairəsi bütün dünya xalqlarına şamil olan İslam dinini özləri üçün təhlükə sayırlar. Roma papası Vatikanda keşişlər şurasının açılışı zamanı söylədiyi nitqində demişdi: «Afrikada xristianlıq və qərb üçün real təhlükə olan İslam, dünyadakı kommunizm təhlükəsindən daha qorxuludur».
Hal-hazırda İslam təbliğatının çox zəif aparılmasına baxmayaraq, onun zəngin maarifi və hərəkətverici qüdrəti dünyanın bəzi nöqtələrində, xüsusilə Afrikada inkişaf etməkdədir. İslam dini məzlum zəncilərin ən yaxşı pənahgahına çevrilmişdir və kilsə bu təhlükəni nəzərdən qaçıra bilməz. Belçikanın tədqiqat və araşdırma müəssisələri belə bir məlumat vermişlər: «20-ci əsrin əvvəllərində Konqoda yalnız bir bölgədə yaşayan dörd min müsəlman var idi. İndi isə bütün ölkə ərazisində 230 mindən çox müsəlman yaşayır».
Parisdə çıxan jurnallardan birində şərqşünas Marsel Karder yazır: «Əvvəllər hökmdarların və şahzadələrin dini olan İslam, bu gün ümumxalq məzhəbinə çevrilmişdir. Sel kimi coşqun olan xalqlar onun bayrağı altında birləşirlər. İslam şimali Afrikadan həmin qitənin cənubuna doğru sürətlə və ardıcıllıqla irəliləməkdədir. Statistika da bu inkarolunmaz faktı təsdiq edir».
«Rio de Paris» jurnalı bütpərəstlər, xristianlar və müsəlmanlar haqqındakı statistik məlumatları qeyd etdikdən sonra müsəlmanların say çoxluğunu göstərərək belə yazır: «Ümumiyyətlə, afrikalıların yarısı müsəlman hesab olunur. İslam bu qitədə qəribə sürətlə inkişaf edir. Belə ki, hər il orta hesabla 500 min nəfər müsəlman olur. Bu inkişaf İslamın keçmişdəki nüfuzu hesabına deyil, daha doğrusu yeni şəraitlə bağlıdır. 1950-ci ildə Əl-əzhər universitetinin dörd nəfər məzunu Mabaku şəhərində bir mədrəsə açdılar və burada İslam dini ildırım sürəti ilə inkişaf etməyə başladı. Amma Fransa dövləti tez bir zamanda onu bağladı». Neapol universitetinin professoru Vakliyeri yazır: «Görəsən müsəlman ölkələrində qeyri-müsəlmanların geniş azadlıqlara malik olduğu təqdirdə və hazırkı dövrdə həqiqətən İslamı təbliğ etmək üçün heç bir təşkilatın olmadığı bir şəraitdə nə üçün son illərdə Asiya və Afrikada İslam dini sürətlə inkişaf edir? Bu gün «fatehlərin qılıncı İslamın yayılmasını təmin edir» sözlərini beyinlərə yeritmək olmaz. Əksinə, əvvəllər İslamın hakimiyyət etdiyi həmin məntəqələrə, indi başqa dinlər və hökumətlər sahib durmuşlar. Əcnəbi təşkilatlar İslam ölkələrində illərlə güclü təbliğat aparsalar da, həmin dini xalqdan ayıra bilməmişlər. Bu dinin daxilində hansı möcüzəli qüvvə gizlənmişdir? Bəşər ruhunun hansı guşə və dərinliklərində bu dinə kömək edən qüvvələr mövcuddur ki, təkcə ibtidai formada dəvət etməklə milyonlarla insan İslamın çağırışına səs verir?»
Xristianlar müsəlmanların əqidələrini məhv etmək üçün hər cür üsula əl atırlar. Cənubi Afrikada yerləşən İngiltərəyə məxsus olan bir gəmiçilik şirkətində çoxlu müsəlman işləyirdi. Bu şirkətin başçıları xristian olduqlarından müsəlmanların orada çalışmasına dözə bilmirdilər. Şirkət başçısı bir gün qəribə iş tutdu. Müsəlman fəhlələrin əmək haqqının üçdə iki hissəsinin əvəzinə onlara alkoqollu içkilərdən ibarət şüşələr verdi. O yaxşı bilirdi ki, müsəlmanlar bu içkiləri nə içəcəklər, nə də satacaqlar. Çünki, İslamda bunların hər ikisi haramdır. Beləliklə, müsəlman fəhlələr əmək haqlarının mühüm bir hissəsindən məhrum oldular. Onlar etiraz olaraq, məhkəməyə müraciət etdilər. Nəticədə onların şikayətinə heç kəs məhəl qoymadı və hamısını işdən çıxartdılar. Bəli, demokratiya və insan hüquqlarının müdafiəsi budur?! İndi Afrikada İslamı təbliğ etmək üçün geniş üfüqlər açılıb və bu iş ciddi aparılsa, oradakı xalq kütlələri canla-başla dinimizi qəbul edəcəklər. Afrika xalqları din və məzhəb axtarışındadır ki, onunla maddi və mənəvi tərəflər arasında uyğunluq yarada bilsin, nəticədə ictimai mühitdə bərabərlik qazansın, sülhə, əmin-amanlığa və həqiqətə qovuşsun.
Şübhəsiz, indiki xristianlıq belə istəkləri təmin edə bilmir və bu cəhətdən çoxlu çatışmazlıqlarla üzləşir. Hətta kilsə özü ayrı-seçkilik və ixtilaf amilinə çevrilmişdir. Afrikada qara və ağ dərililərin ayrı-ayrı kilsələrdə ibadət etmələri bunu aydın şəkildə göstərir.
Konqonun mərhum rəhbəri Lumumba Paris qazetlərinin birində belə deyirdi: «Heç vaxt başa düşə bilmirdim ki, nə üçün məktəblərdə bizə xristianlıq qaydalarına hörmət etməyi öyrədirdilər. Çünki, məktəbdən xaricdə biz avropalıların hər cür ləyaqətsiz işlərinin şahidi olurduq. Onlar bütün mədəni və insani üsulları tapdalayırdılar. Məktəblərdə bizə öyrətdikləri üsullarla, onların qara dərili insanlara münasibət tərzi kəskin şəkildə fərqlənirdi.»
Afrikada İslamın inkişafından, hətta Amerikadakı missioner təşkilatları da narahatdırlar. Onlar Amerikadakı qara dərililərin də müsəlman olması prespektivindən çox qorxurlar və bu dinin əleyhinə bütün vasitələrlə mübarizə aparırlar. ABŞ senatorlarından biri vaxtı ilə zənci müsəlmanların həmin ölkədəki təşkilatlarının bağlanması tələbi ilə prezidentə müraciət etmişdi.
Amma bütün bunlara baxmayaraq, qara dərili müsəlmanların sayı günbəgün artmaqdadır və onların təşkilatlarının fəaliyyətləri genişlənir. İndi ABŞ-ın 27 ştatında 70-dən çox müsəlman təşkilatları mövcuddur. Çikaqo və Betroyt şəhərlərində müsəlman maarif mərkəzləri vardır. Onlar çoxlu məscidlər inşa etmiş və islami qəzetlərin yayılmasına nail olmuşlar. Bəzi şəhərlərdə nümayişlər keçirib, «La ilahə illəllah, Muhəmmədən rəsulullah» şüarları ilə öz mövqelərini bildirirlər. Zənci müsəlmanlar öz dini ayinlərini yerinə yetirir və qadınlar İslami örtük qaydalarına riayət edirlər. Ət və sair ərzaq məhsullarını yalnız müsəlmanların dükanlarından almağa çalışırlar. Ərəb dilini öyrənmək üçün çox səy edirlər. Öz cavanlarına Quran oxumağı öyrənməyi tövsiyə edirlər. Onların arasında oğurluq və başqa cinayətlər edən şəxslər demək olar ki, yoxdur. Hətta, düşmənlər də etiraf edirlər ki, müsəlman olduqdan sonra zəncilər çirkin adətlərdən uzaq olurlar. Afrikada təbliğat aparan missionerlər zəncilərin tərəqqiyə yetişməsini istəmirlər. Daha doğrusu, onların kilsəyə və həmin missioner təşkilatlarını maliyyələşdirən dövlətlərə tabe olmasına çalışırlar. Professor Vesterman belə bir həqiqəti çox düzgün qeyd edir: «Zənci müsəlman olduqdan sonra özünü ali bir cəmiyyətin üzvü hesab edir və tezliklə onda özünə inam hissləri yaranır. O, öz mövqeyini dərk edir və başa düşür ki, dünyanın tam hüquqlu üzvüdür. Başa düşür ki, avropalılarla müəyyən qədər rabitəsi var. Əvvəllər zir-zibil kimi hesab olunan zənci, müsəlman olduqdan sonra avropalıların da ona hörmətlə yanaşdığını yaxşı başa düşür. Amma bütpərəst və xristianlığı qəbul edən zənci, müsəlmanlarla öz vəziyyətini müqayisə etdikdə, aralarında təsəvvürolunmaz fərqlərin mövcud olduğunu görür. Çünki bizim (məsihilər) mövcud şəraitimiz bir növ özəllik təşkil edərək zənci irqini tamamilə özündən ayırır. Ona görə də onlar bizim mədəniyyətlə üzləşəndə uyğunlaşa bilmirlər. Biz hələ də zəncilərə təlim verə bilməmişik və buna görə də onlar öz xüsusi vəziyyətlərini başa düşmürlər. Çünki biz zəncilərin mədəniyyətinə diqqət etməmişik. Onların vəziyyətini öz mədəniyyətimizlə ölçüb-biçirik. Biz zənciləri həmişə Avropada pis şəkildə tanıtdırmışıq və onları iyrənc avropalı hesab etmişik. Amma İslam dini zənciləri qədim Afrikalı kimi ehtiramla qəbul edir. İslamın onlara verdiyi ictimai bərabərlik, avropalıların onlara olan münasibətindən çox fərqlidir.»
Bəzi avropalılar hətta xristian zənciləri də adam yerinə qoymurlar. Başa düşməliyik ki, belə münasibətlər ucbatından əvvəllər xristian təbliğatını görmüş ölkələrdəki zəncilər, İslamla tanış olduqdan sonra bu dini qəbul edirlər. Avropalıların onları bərabər hüquqlu insanlar kimi qəbul etmədiyini görən zəncilər, İslamın yeganə düzgün din olduğunu asanlıqla başa düşürlər.