İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 27 » İslam və qərb mədəniyyəti
    1:47 PM
    İslam və qərb mədəniyyəti
    MƏDƏNİ ƏSRDƏKİ VƏHŞİLİKLƏR
    Bəzi sosioloqların fikrincə, müharibələr bəşər həyatının ayrılmaz bir hissəsidir və insan yaşayışı ibtidai çəkişmələr və davalarla əkiz doğulmuşdur. Amma bir çox sosioloqlar, psixioloqlar və alimlər bu fikri rədd edir və deyirlər ki, müharibə insan cəmiyyəti üçün qarşısıalınmaz hadisə deyildir. Daha doğrusu o, ictimai, siyasi və iqtisadi ziddiyyətlərin, habelə əxlaqi çatışmazlıqların nəticəsidir. Buna görə də müharibənin səbəblərini bəşər təbiətindən kənarda axtarmaq lazımdır və ictimai münasibətləri tarazlaşdırmaqla, əsaslı və düzgün təlim-tərbiyə yoluyla onu doğuran səbəbləri aradan qaldırmaq olar. Nəticədə müharibələrin insan cəmiyyətinə vurduğu sağalmaz yaraların və böyük tələfatların qarşısını almaq mümkündür. 20-ci əsr, elm və texnika sahələrində əldə edilən parlaq və misilsiz qələbələrlə yanaşı, maddi imkanlarını artırmaq, bir qrup adamların tüğyan edən təmayüllərini doydurmaq üçün törədilən ən vəhşi müharibələrlə müşayiət olunub. Əgər bu əsrdəki müharibə və hadisələrin qaranlıq tarixinə nəzər salsaq, görərik ki, bu cinayətlər öz həcminə və şiddətinə görə indiyədək olan bəşəriyyət tarixindəki bütün cinayətləri ötüb keçmişdir.
    Təəssüf ki, müasir texnologiyalara və nüvə silahlarına malik olan qərb dünyası elmin qüdrəti ilə bəşəriyyəti qan və fəlakətlərə doğru sürükləyir və abadlıqları viran qoymaq planları hazırlayır.
    Hər iki dünya müharibəsi böyük dövlətlərin maddi mənafelərindəki ziddiyyətlər üzündən baş vermiş və bəşəriyyətə çox acı nəticələr bəxş etmişdir. Həmin müharibələrin dəhşətli statistikasına nəzər salaq:
    Birinci dünya müharibəsi 1565 gün davam edərək, döyüş meydanlarında 9 milyon adamın ölümü, 22 milyon nəfərin yaralanması və şikəst olması, 5 milyon nəfərin itkin düşməsi ilə nəticələndi. Bütün bu rəqəmlər təkcə döyüş meydanlarıyla əlaqədardır. Saysız-hesabsız kəndlər və şəhərlər, yaşayış məntəqələri müharibə vaxtı viran qoyulmuşdu. Bu müharibəyə sərf olunan xərclər 400 milyard dollardan çox idi. Karneqi mərkəzinin hesablamalarına görə bu pulla İngiltərə, İrlandiya, Şotlandiya, Belçika, Rusiya, ABŞ, Almaniya, Kanada və Avstraliyada bütün əhali üçün kifayət qədər yaşayış şəraiti olan evlər tikmək olardı. Birinci dünya müharibəsi ağlasığmaz təlafat və xəsarətlərlə başa çatdı; onun yaraları sağalmamış ikinci dünya müharibəsi başladı. İkinci dünya müharibəsində 35 milyon nəfər öldürüldü, 20 milyon adam şikəst oldu, 13 milyon məktəb, 6 min universitet, 8 min elmi labaratoriya dağıdıldı.
    1945-ci ildə ABŞ tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə iki atom bombası atıldı. Xirosimada 70 min adam məhv oldu və bir o qədər də yaralandı. Naqasakidə 40 min adam öldürüldü və təqribən bir o qədər də yaralandı. Bundan 5 gün sonra Yaponiya danışıqsız təslim oldu və ikinci dünya müharibəsi başa çatdı. Onun digər dəhşətli nəticələrini aşağıdakı məlumatdan da anlamaq olar:
    SSRİ ABŞ dövlətindən dörd milyon süni ayaq (protez) düzəltməyi xahiş etmişdi. Bunlar müharibədə əl-ayaqlarını itirmiş sovet əsgərləri üçün nəzərdə tutulmuşdu. Çünki SSRİ təklikdə bu işin öhdəsindən gələ bilmirdi. ABŞ zavodlarına verilən həmin sifarişin həcmini başa düşdükdə, Avropanın başqa ölkələrindəki insan təlafatlarının miqdarını yaxşı anlamaq olur.
    Hal-hazırda mövcud olan ən kiçik nüvə silahları Xirosimaya atılan bombadan 5 min dəfə güclüdür. Bir hidrogen bombası isə 5 milyon dəfə atom bombasından şiddətli dağıntı yarada bilər. Təkcə bir belə bomba Nyu-York, Paris, London vvə Moskva kimi böyük şəhərləri yerlə yeksan etməyə qadirdir. Belə bombaları işə salmaq üçün fədakar əsgərlər lazım deyil və müasir raketlər onları dünyanın hər hansı bir nöqtəsinə çatdıra bilər.
    Pentaqonun yüksək rütbəli zabitlərindən biri deyir: «Gələcəkdə baş verəcək müharibələrin təlafatı təkcə hərbçilərə aid olmayacaq, daha doğrusu belə bir müharibə bütün millətlərin məhvinə gətirib çıxarar. Hətta uşaqlar və qadınlar da tələf olacaqlar. Çünki silah düzəldən fiziklər və alimlər müharibə qüdrətini əsgərlərdən alıb, onu şüursuz fiziki tərkiblərə və döyüş alətlərinə vermişlər. Həmin döyüş vəsait və imkanları təkcə döyüşçüləri deyil, ümumiyyətlə, bütün insanları öz çənginə alacaqdır. Gələcəkdə düşmənlər bir-birlərinin qalalarının üstünə hücum etməyəcəklər. Döyüş meydanı bütün şəhər və kəndləri əhatə edəcək. Çünki yeni nəzəriyyələrə əsasən, düşmənin əsas qüvvəsi onun ordusunda deyil, bazarların və ticarət mərkəzlərinin, zavodların və fabriklərin cəmləşdiyi şəhərlərin sayındadır. Əgər müharibə olsa, bunlar nüvə bombaları ilə, kimyəvi və bakteroloji silahlarla darmadağın ediləcək».
    İndi aşkar şəkildə görürük ki, qərb dünyasının başına gələn hər iki dünya müharibəsi misilsiz dağıntı və təlafatlarla nəticələnsə də, qərblilərin əxlaqına heç bir təsir etməmişdir. Dünyapərəstlikdən və alkoqoldan məst olan bu əxlaq dəyişilməmiş, keçmiş bəlalardan ibrət götürülməmişdir. Hal-hazırda dünyanın bir çox nöqtələrində regional hərbi münaqişələr baş verir və onların böyük dünya müharibəsinə çevrilmək təhlükəsini heç kim inkar etmir. Belə bir böyük müharibə isə mədəniyyət və insanlığın əsasını məhv edə bilər.
    «Mədəni millətlər» özlərinin güclü potensiallarının böyük bir qismini - əslində maddi rifah və asayişə sərf olunmalı çoxlu sərmayələrini təhlükəli, dağıdıcı silahların yaradılmasına yönəldirlər. Həmin xərclər bu dövlətlərin büdcəsinin böyük bir hissəsini təşkil edir.
    İngilis filosofu Bertrand Rassel deyir: «Bu gün Aya və Yer ətrafı orbitə süni peyklər göndərən dövlətlər bir-birləri ilə yarışırlar. Həmin müsabiqənin nəticəsi axırda dünyanın məhvinə gətirib çıxara bilər. Əgər keçmişdə müharibələr, qarətlər və qətllər ictimai zərurət üzündən baş verirdisə, indi həmin müharibələr ictimai inkişaf və tərəqqiyə mane olur. Gələcəkdə isə bunlar bəşəriyyətə çox böyük bədbəxtliklər gətirəcək. Hazırkı dünyada mövcud olan iqtisadi istehsal yarışı ictimai məhvin amillərindən biridir». «İqtisadi araşdırmalar» jurnalının yazdığına görə dünyada 20-ci əsrin birinci yarısında 4000 milyard dollar vəsait müxtəlif silahların hazırlanmasına sərf edilmişdir. Həmin pulla 50 il ərzində bütün dünya əhalisini havayı yeməklə təmin etmək olardı və yer üzündəki insanların üçdə ikisi üçün ev tikmək mümkün idi.
    Bir tərəfdən elə bir dünyada yaşayırıq ki, onun əhalisinin üçdə iki hissəsi ərzaq çatışmazlığı və aclıqla üzləşir və hələ də savadsızdır, digər tərəfdən isə ildə hərbi xərclərə 120 milyard dollar vəsait qoyulur. Yəni, sutkada 350 milyon dollar dağıdıcı məqsədlər üçün xərclənir. Bu məbləğ bütün dünyadakı bir ildə istehsal olunan əmtəələrin qiymətinə bərabərdir və ya bütün dünyadakı sərmayə qoyuluşlarının yarısı ilə eynidir. Dünyadakı elmi işçilərin 70%-i silahların hazırlanması ilə məşğuldur. Bu gün dağıdıcı və kütləvi qırğın silahları o qədər çoxdur ki, əgər üçüncü dünya müharibəsi baş verərsə, bəşəriyyət tamamilə məhv olar.
    Məşhur alim Sorokin deyir:
    «Bizim zamandakı əsas məsələ kapitalizmin, ya sosializmin, millətçilik və ya beynəlmiləlçiliyin üstün olması deyil, indiki mədəniyyətin gələcək svilizasiya üçün layiqli keçid mərhələsi rolunu oynamasıdır. Mən dəfələrlə qeyd etmişəm ki, bizim zaman gələcək dövrlər üçün xüsusi bir mədəniyyət hazırlayan əsrə çevrilməlidir. 1-ci və 2-ci dünya müharibələri zamanı dəfələrlə eşidirdik ki, əgər qarşı tərəf aradan getsə, sülh və əmin-amanlıq bərqərar olar. 1-ci dünya müharibəsi zamanı çoxları elə təsəvvür edirdilər ki, alman imperatoru Vilhelm və ya İngiltərə dövləti məhv olsalar, müharibə başa çatacaq. 2-ci dünya müharibəsi dövründə deyirdilər ki, əgər Hitler olmasaydı, ya Çörçill İngiltərəyə başçılıq etməsəydi, ya Mussolini dünyaya gəlməsəydi, ya Hirohito yaponların imperatoru olmasaydı, ya Stalinin yerini Trotski tutsaydı, heç vaxt müharibə başlamazdı. Halbuki adları çəkilən bu adamlar dünyadan getdikdən sonra da dünyanın bir sıra bölgələrində müharibələr baş verməkdə davam edir. Çünki həmin adamlar 20-ci əsrin böhranlarını yaratmamışdılar. Daha doğrusu, bu adamları böhranlar yaratmışdı. Əgər onlar olmasaydı, digərləri bu yerləri tutacaq və həmin işləri görəcəkdilər. Belə adamlar xəstə bədəndəki çirkli yaralara bənzəyirlər. O yaraları sıxıb çirki çıxartdıqdan sonra onun yerinə təzəsi gəlir. Bu cür xəstə cism yalnız əsaslı surətdə müalicə vasitəsiylə - qanı təmizləməklə sağala bilər». Qəribədir, heyvanları qorumaq üçün «müdafiə cəmiyyətləri» yaradan, süni ürək düzəldən yeni dünya günahsız adamların öldürülməsinə etinasız yanaşır. BMT və «İnsan hüquları konvensiyası» yaradan müasir dünya özünü zülmün düşməni və məzlumların himayəçisi sayır. Amma minlərlə insan hazırkı dünyada acından ölür.
    Məgər bütün bu «şuralar», «cəmiyyətlər», insan hüquqlarını müdafiə təşkilatlarının özləri dünya ictimaiyyətində ziddiyyətlər və müharibələrin yaranmasına səbəb olmurlarmı?
    Məgər bütün ixtilafları diplomatik yollarla həll etməyə çağıranlar və dünyada sülh və təhlükəsizlik yaratmaqdan dəm vuranlar, özləri başqalarına insafsızcasına təzyiqlər və hücumlar etmirlərmi?
    Xristian başçıları isə zahirdə xalqın xoşuna nə gəlirsə, onu bəhanə edərək təbliğat aparırlar və belə «sülhsevərlik» əslində müharibədən də pisdir. Roma kilsəsi və faşistlər arasında bağlanan saziş isə Avropadakı yaşlı nəslin hələ də yaddaşından silinməyib!
    İRQİ AYRI-SEÇKİLİK
    İrqçilik nəzəriyyəsinə görə, millətlər heç vaxt bərabər olmamışlar və «ali irqə» mənsub xalqlar nəhayətdə, dünyaya ağalıq edəcək, zəif irqlər isə onlara tabe olacaqlar.
    Belə təfəkkür tərzi bəşərin həyat fəlsəfəsi, fərdi və ictimai azadlıq prinsipləri ilə tamamilə ziddir və zəif millətlərin tənəzzülünə səbəb ola bilər. Müasir tədqiqatçıların və filosofların böyük bir hissəsi tarixi və elmi baxımdan irqçiliyi xəyali, saxta və əsassız təlim kimi qiymətləndirmişlər.
    «İndiyədək hər hansı bir irqin xalis qaldığı müşahidə olunmadığı, həmçinin bu sahədə dəqiq mənbələrə söykənməyən bir sıra təhqiqatçılar bu məsələnin əsil mahiyyətini tam aydınlaşdırmadan belə fikir yürüdürlər ki, «ariya» irqi söz-söhbəti də əfsanədən başqa bir şey deyil və dəqiq bir fakt yoxdur ki, tarixdə ariya irqinin mövcud olduğunu sübut etsin. Aydın olan isə yalnız aryayi dillərin həqiqətən varlığıdır və əksərən müxtəlif irqlərin eyni dildə danışdığı göz qabağındadır.»("Dinlərin tarixi”.)
    İkinci dünya müharibəsinin törənmə səbəblərindən biri Hitler Almaniyasında «millətçilik» ideyasının yaranmasıdır. Bu ideya alman millətinin ən yüksək irqə malik olması fikirlərinə əsaslanırdı. Hitlerin son məqsədi Almaniya ərazisini genişləndirmək və Avropanın mərkəzində qüdrətli «German» dövləti yaratmaq idi. Bu rejim öz hakimiyyəti dövründə güclü təbliğat üsulları ilə milli qüvvələri cəlb edə bilmiş və onlardan xüsusi məqsədlərinə çatmaq üçün istifadə etmişdi.
    Doktor Qustav Loben deyir:
    «İctimai fikirlərdə mühüm rol oynayan ideyalardan biri də irqçilik idi. Keçmiş siyasətçilər ona böyük əhəmiyyət verirdilər və bu, onların siyasətlərinin əsasını təşkil edirdi. Həmin ideyanın yayılması nəhayətdə, misilsiz dağıntılar və ağır itkilərlə bitən müharibələrə səbəb oldu. Bu ideyanın yayılmasının əsas səbəbi bu idi ki, guya ən güclü və toxunulmaz millət daha çox əraziyə malik və daha çox sayı olan millət hesab edilməlidir. Halbuki, belə millətlər məğlubiyyətə daha yaxın olurlar».
    Hələ də dünyanın ən mütərəqqi sayılan ölkələrində ağ dərililərin zəncilərdən üstünlüyü fikri və çürümüş irqi müqayisələr təfəkkürü fövqəladə nüfuza malikdir. Mədəniyyətin beşiyi sayılan bir çox ölkələrdə zəncilər ümumi hüquq və azadlıqlardan məhrumdurlar. Son illərə qədər ABŞ-da irqçiliyin biabırçı təzahürləri qalmaqda idi. 1963-cü ildə ABŞ prezidenti konqresdəki çıxışında deyirdi:
    «Bu gün Amerikada doğulan hər zənci uşağın məktəbə qəbul olma imkanı ağ dərili uşaqların qəbul olma imkanının yarısı qədərdir. Zəncinin universitetə daxil olma ehtimalı ağ dərililərin üçdə biri qədərdir. Onun mütəxəssis olmaq imkanı da eyni cürdür. İşsiz qalmaq təhlükəsi isə çox böyükdür»!
    1954-cü ildə ABŞ-ın ali məhkəməsinin zəncilərlə ağların eyni hüquqla məktəblərdə oxuması haqqında çıxardığı hökmə baxmayaraq, cəmi 4% zənci ağların məktəblərinə qəbul edilmişdi. Zənci uşaqların ağ dərililər oxuyan məktəblərə qəbulu bir çox hallarda dava-dalaşla və polisin işə qarışması ilə müşahidə olunurdu.
    ABŞ-da ağların zəncilərə qarşı törətdikləri cinayətlər öz vəhşiliyinə görə orta əsrlərin cinayətlərini xatırladırdı.
    Məşhur filosof Sorokin deyir:
    Mən «şərq şərqdir, qərb qərbdir və onlar heç vaxt bir-birinə çatmazlar» deyənlərlə müxalifəm. Niyə çatmazlar? İnsanlar arasında nə fərq var?
    İsa Məsihin zühurundan iki min il sonra yada salmalıyıq ki, o deyirdi: İnsanlıq və fəzilət niyyətə, yaxşı əmələ və məhəbbətə bağlıdır. İndi isə biz, «mədəni şəriət» deyirik ki, insanın fəziləti onun qanının növündən və dərisinin rəngindən asılıdır.
    Deyirlər ki, Hitler pis adam idi və irqi ayrıseçkiliyə inanırdı. Amma, indi ətrafımıza diqqət yetirin. Hər tərəf kiçik hitlerlərlə doludur. Afrikanın cənubuna və ya Amerikaya baxın. Hər yer irqi ayrı-seçkiliklə doludur. Əslində ABŞ-ın Vyetnamdakı müharibəsi əsl irqçilik nümunəsi idi və qərbin ağ dərili irqinin, sarı dərili Asiya irqindən üstünlüyü prinsipinə əsaslanmışdı». Son vaxtlaradək Cənubi Afrikada mövcud olan «aparteid» rejimi irqçiliyin ən çirkin forması idi.
    Bu dövlətin rəsmi qanunlarına görə, zəncilər ağ dərililər yaşayan bölgələrdə yaşaya bilmirdilər. Vətəndaşların irqi mənsubiyyəti onların pasportlarında qeyd olunurdu. Zəncilər üçün ayrıca qatarlar, avtobuslar, mehmanxanalar və hətta kilsələr nəzərdə tutulmuşdu. Onlara ağların istifadə etdiyi telefon köşklərindən danışmağa icazə verilmirdi. Dünyasını dəyişmiş zəncilər ağların qəbristanlığında dəfn edilə bilməzdilər!
    İrqçiliklə mübarizə aparan zəncilər tutulub həbsxanalara salınırdı. Belələrinin sayı 1,5 milyona çatırdı. Bu ədalətsizliklərə qarşı etiraz nümayişi keçirən zəncilər CAR-nın polisi tərəfindən pulemyotlarla gülləbaran edilmişdilər. 1960-cı il martın 21-də baş verən həmin qanlı hadisə zamanı 69 nəfər öldürülmüş, 180 nəfər isə yaralanmışdı. İnsanlığa zidd olan belə bir vəhşiliyə nə ad qoymaq olar? Görəsən insanları dərisinin rənginə görə kölə vəziyyətində yaşamağa məcbur etmək «mədəniyyət» sayılırmı?
    AİLƏ TƏMƏLİNİN SARSILMASI
    Cəmiyyətin əsasını təşkil edən və ictimai həyatın kiçik bir hissəsindən ibarət olan ailə həyatı hər şeydən artıq mehribanlıq və məhəbbət hisslərinə ehtiyaclıdır. İnsan yaşayışının müxtəlif mərhələləri ev mühitindən başlayıb, orada da başa çatır. Ailə üzvləri arasında mənəvi və əxlaqi bağlılıq nə qədər möhkəm olarsa, həmin mühitdə səadət və xoşbəxtlik daha qüvvətli olacaqdır. Həyatın keşməkeşli təsirləri qarşısında rahat ailə mühitində hər şeydən artıq dinclik və aramlıq əldə olunur. «Sənaye inqilabı»ndan əvvəl qərb millətləri sadə yaşayış tərzi keçirərdilər. Onların ailə mühitində səfa-səmimiyyət hökm sürürdü. Kişilər öz ailələrinin ehtiyacını təmin etmək üçün işləməyə gedir, qadınlar ev işləri və uşaqların tərbiyəsi ilə məşğul olur və bununla da onların fəaliyyəti ailə mühitindən kənara çıxmırdı.
    Yüksək səviyyədə işçi qüvvəsi tələb edən sənaye inkişafının ilk töhfəsi bu oldu ki, kişi və qadınlığından, kiçik və böyüklüyündən asılı olmayaraq, ümumi insan kütləsi sənaye mərkəzlərinə, dövlət idarələrinə, ticarət mərkəzlərinə və sair müəssisələrə cəlb edildi. Şəhərlərin vəziyyəti tamamilə dəyişdi, fəaliyyətlərin əksəriyyəti daha yaxşı yaşamaq istiqamətinə yönəldi və ictimaiyyətdə yaşayışın zahiri görünüşünü yaxşılaşdırmaq marağı yarandı.
    Bu dəyişikliklərdən sonra ailə üzvləri arasında narazılıq, ər-arvad bağlılıqlarının zəifləməsi, qohumluq əlaqələrinin əhəmiyyətsizliyi, övladlara qarşı məhəbbət hisslərinin azalması, uşaqların tərbiyəsinə diqqətsizlik təzahürləri ortaya çıxdı. Qadınlar işdə çox enerji sərf etdiklərindən ev işləri və ailə məsələləri ilə məşğul ola bilmirdilər. Onlar iş yerlərində yorulduqdan sonra evə gəlir və ona görə də lazımi qədər ailə-məişət məsələlərinə diqqət yetirməyə qadir olmurdular. Digər tərəfdən də mütləq qadın «azadlığı» cəmiyyət üzərinə öz ağır kölgəsini saldı və bir çox ailələrdə iffət məsələsi unuduldu. Uzun illərdən bəri ailədə hakim olan əxlaqi dəyərlər tədricən öz yerini üzdəniraq xüsusiyyətdərə verdi.
    Dünyada baş verən boşanmaların dəhşətli statistikası mədəni millətlərin ən böyük ictimai probleminə çevrilmişdir və artıq o, qarşısıalınmaz proses hesab olunur. Ər-arvad arasında baş verən ən kiçik mübahisə böyük dava-dalaşa çevrilir və boşanma ilə nəticələnir. Ümumiyyətlə, müasir boşanmaların əksəriyyəti xırda məsələlər üzündən baş verir və əgər belə mübahisələrdə bir qədər güzəştə gedilsə, ailənin dağılmasının qarşısını almaq olar.
    Almaniyada müvəqqəti yaşayan dostlarımdan biri deyirdi ki, burada yaşadığım bir neçə ildə qonşuluğumdakı ailələrin hamısının mənasız işlər ucbatından necə dağıldığının şahidi olurdum!
    Almaniyada boşanmaların səbəbini araşdırmaq və onların qarşısını almaq üçün həkim, psixoloq və hüquqşünaslardan ibarət bir təşkilat da yaradılmışdı. Həmin təşkilat belə bir nəticəyə gəlmişdi ki, boşanma səbəbləri qadınların evdən xaricdə daha çox işləməsi ilə əlaqədardır.
    Aylıq gəlirin azlığı 70%-ə qədər ərli qadınları işləməyə məcbur edirdi ki, bunların 60%-i uşaqlı idi. Təbiidir ki, ağır iş şəraiti, evdə uşaqlara qulluq etmək və tərbiyə işi ilə məşğul olmaq yüksək əsəbi gərginlik yaradır. Belə şəraitdə yaşayan qadınlar öz ərləri ilə mənasız işlər üstündə mübahisə edir və nəticədə ixtilaflar böyüyür, boşanma məsələsi ortaya çıxır və nəhayət ailə dağılır.
    Tanınmış rus yazıçısı Lev Tolstoy deyirdi:
    «Boşanmaların çoxalmasının səbəbini qadınların ruhiyyəsindəki qeyri-sabitlik və incəliklə yanaşı, onların yüksək ixtiyara malik olmasında da axtarmaq lazımdır. Baxmayaraq ki, bunun digər səbəbləri də vardır. Məsələn: işlərin maşınlar tərəfindən icrası kişi və qadınların əsəb sistemində yorğunluq yaradır, müəssisələrdə qadınların kişilərlə birgə işləməsi bəzən onlar arasında qeyri-qanuni əlaqələrin yaranmasına səbəb olur. Ona görə də boşanma səbəbləri haqqında danışanda qadınların evdən xaricdə işləmələri məsələsini unutmaq olmaz».
    Bir neçə il əvvəl aparılmış sosioloji tədqiqatlardan məlum oldu ki, Nyu-York və Vaşinqton şəhərlərində baş vermiş boşanmaların ən böyük hissəsi sənət adamlarının payına düşür. Boşanmaların tədqiqi bütün təbəqələr arasında sənət adamlarının böyük əksəriyyətlə «liderlik» etdiyini göstərdikdən sonra, Hollivudun özündə də belə bir statistik araşdırma aparıldı. Oradakı boşanmaların sayı o qədər çox olmuşdu ki, həmin mərkəz nəticələri dərc etməkdən çəkinmişdi.
    Yazıçılardan biri Amerikadakı boşanmaların çoxluğu haqqında belə deyirdi:
    «Son illərdə ABŞ-da boşanma halları on dəfə artmışdır. Təqribən hər dörd nikahdan biri boşanma ilə nəticələnir».
    İsveçdə isə son əlli il ərzində boşanma min faiz! çoxalmışdır. Fransada da bu rəqəm ildə 70%-dən artıq olur.
    Birinci və xüsusilə də ikinci dünya müharibəsindən sonra nikahların sayının kəskin azalmasına səbəb olan amillərdən başlıcası əxlaqi pozğunluqların artması idi. Gənclər ailə qayğısı çəkmədən, məsuliyyətsiz yaşamağı nikahdan daha üstün tuturdular.
    Fransada ildən-ilə boşanmaların artmasını görən «ailə federasiyası» təşkilatı dövlətdən 1945-ci ildə ləğv olunmuş qanunun yenidən tətbiq olumasını tələb etmişdi. Həmin qanuna görə evlənmənin ilk üç ilində hər cür boşanma qadağan edilirdi. İngiltərədə belə qanun aşağıdakı iki halın istisna edilməsi ilə icra olunurdu:-«Ər tərəfindən fövqəladə vəhşilik və kobudluq, qadın tərəfindən hədsiz pozğunluq və xəyanət».
    Amerikada qadınların əksəriyyəti evləndikdən iki, səkkiz və ya iyirmi ay sonra ərlərindən ayrılırlar. Hər il 150 min körpə boşanmanın qurbanı olur. Hazırda ABŞ-da üç milyon uşağın ata-anası bir-birlərindən ayrı yaşayırlar. Bu ölkədəki boşanmaların 80%-i qadınların tələbi ilə baş verir.
    HEYVANLARI SEVMƏK
    Bəzi qərb ailələrində heyvanları evdə saxlamaq və onlara bağlılıq dəlilik həddindədir. Almaniyada tibbi təhsil alan bir iranlı belə deyirdi: «Mənim ev sahibim öz itini çox sevirdi. Onu qucaqlayır, öpür və hətta özü ilə yatızdırırdı. Mən bir gün ona xəbərdarlıq etdim ki, o, itin bədənindəki mikroblar vasitəsilə xəstəliyə tutula bilər. Amma o, mənim sözlərimə heç bir əhəmiyyət vermədi. Əlacsızlıqdan bu barədə yazılmış kitabı ona göstərdim. Oradakıları oxuduqdan sonra o, heyrətə gəldi və çox təəccübləndi. Məndən soruşdu ki, əgər itlə təmasda olmaq bu qədər təhlükəlidirsə, bəs nə üçün alimlər və həkimlər özləri evlərində it saxlayırlar. Dedim: «Bir çox şeylər vardır ki, sağlamlığa zidd elan olunsalar da, bəzi həkimlər özləri buna riayət etmirlər». (Məsələn, siqaret çəkmək və s.)
    Amerikadakı jurnallardan biri it saxlayan qadınlar arasında sorğu keçirərək, onlara aşağıdakı suallarla müraciət etmişdi:
    1. İtinizi ərinizdən çox istəyirsiniz?
    2. Əgər itiniz və özünüz ac olsanız və azacıq yeməyiniz olarsa, itinizə verərsiz ya özünüz yeyərsiniz?
    3. İtiniz sizin otaqda yatırmı?
    4. İtiniz ölsə, ağlayarsınız?
    5. İtinizi «heyvandan» yüksək mövqeli sayırsınız?
    6. Əgər itinizlə uşağınız dalaşsa və nəticədə uşağınız ağlayıb, itiniz ulasa, hansını birinci olaraq sığallayarsınız?
    7. Əriniz və itiniz eyni vaxtda xəstələnsələr, birinci onların hansı üçün həkim çağırarsınız?
    8. İşdə olduqda itiniz yadınıza düşürmü?
    75 min məktubdan ibarət olan cavabda nəticə belə idi:
    1. Üçdə iki hissə cavab vermişdilər ki, ərlərimizi istəyirik, əgər onlar itlərimizi istəsələr! Bəziləri bildirmişdilər ki, itləri onlar üçün hər şey deməkdir!
    2. 60 min nəfər demişdi: Yeməyi itə verərik.
    3. 49 min qadın demişdi: Əlbəttə itlərimizi öz otağımızda yatızdırırıq. Necə olsa da başqalarından yaxşıdır!
    4. Üçdə iki hissə itləri ölsə ağlayacaqlarını bildirmişdi.
    5. Təqribən bütün qadınlar yazmışdı: İtimizin «heyvandan» yüksək mövqedə olduğunu hesab edirik və onu «mənəvi şəxsiyyət» sayırıq.
    6. Belə yazmışdılar: Səy edərik ki, hər ikisi sakit olsun.
    7. Cavablar belə idi: Əvvəl baytar həkimini, sonra isə insan həkimini çağırarıq!
    8. Bütün qadınlar iş vaxtı itlərini xatırladıqlarını bildirmişdilər.
    Doğrusu çox qəribədir ki, itin «mənəvi şəxsiyyətə» malik olduğuna inanırlar və onun ölümü üçün ağlayırlar. Amma azadlıq və istiqlaliyyət uğrunda mübarizə aparan minlərlə insan vəhşicəsinə qətlə yetirildikdə, «mədəni» insanların ürəklərində heç bir hiss oyanmır. İtləri öz otaqlarında yatızdırırlar, amma qara dərili insanlarla hətta eyni küçədə yaşamaq istəmirlər. İt xəstələnən kimi həkim çağırırlar, lakin minlərlə insanın aclıqdan və xəstəliklərdən ölməsi onları narahat etmir.
    ABŞ-dakı mağazalarda müxtəlif növ «it odekolonları» satılır. İtlər üçün hətta diş pastaları da almaq olar. Belə mağazalarda itləri «bəzəmək»dən ötrü cürbəcür ləvazimatlara rast gəlmək olar.
    «Taym» jurnalının yazdığına görə, böyük şəhərlərdə itlərə olan «məhəbbət» sayəsində onların sayı o qədər çoxalmışdır ki, bəzi iri şəhərləri «it məskənləri» kimi qeyd etmək olar. İtlərin uşaqları qapması halları çoxalmaqdadır. Tokioda 280 min, Los-Ancelesdə 300 min, Nyu -Yorkda 500 min, Londonda 700 min, Meksikada 1 milyondan artıq it mövcuddur.
    Fransada nəşr edilən jurnallardan biri yazırdı:
    «ABŞ-da hər il itlərin yemək-içməyinə və bəzək əşyalarına 300 milyon dollar pul xərclənir. Nyu -York, San-Fransisko, Çikaqo və Los-Anceles şəhərlərində itlərə bəzək vurmaq üçün minlərlə salonlar vardır. Bu salonlarda böyük növbələr olur. Bir «it bərbəri» ixtisas üzrə təşkil olunmuş kurslarda altı ay təhsil aldıqdan sonra bu cür salonlarda işləmək hüququ verən vəsiqə alır. ABŞ-ın böyük şəhərlərində ən azı üç-dörd it qəbiristanlığı mövcuddur.
    Şübhə yoxdur ki, heyvanlara qayğı göstərmək gözəl insani xüsusiyyətlərdəndir. Amma, yuxarıda göstərilən formada heyvanlara mehr-məhəbbət bağlamaq ən azı insafsızlıqdır. Hər gün dünyada minlərlə insan acından ölür, amma «mədəni cəmiyyət»lərdə milyonlarla dollar vəsait itlərin bəzək-düzəyinə sərf edilir. Qərb dünyasının bu təzahürləri adamı dərindən fikirləşməyə vadar edir və insanda istər-istəməz belə bir sual yaradır: Qərb mədəniyyəti doğrudan da insan mədəniyyətidirmi?...
    QAYĞI VƏ MƏHƏBBƏTİN OLMAMASININ NƏTİCƏLƏRİ
    Qadınlar fiziki keyfiyyətləri və bioloji xüsusiyyətlərinə görə kişilərdən fərqlənir. Allah-taala onları həyatda öz vəzifələrini yerinə yetirmək üçün lazımi şəkildə təchiz etmişdir. Fizioloji qabiliyyətləri və analıq xüsusiyyətləri onlara məxsus mehribançılıq, atifə və ruhiyyə verir. Onların ən mühüm vəzifəsi övladlarına qayğı göstərmək və dəqiq şəkildə tərbiyələndirməkdir. Psixoloji baxımdan bunun böyük əhəmiyyəti vardır. Körpələri maddi qidalarla yanaşı, daimi olaraq ana məhəbbəti ilə bəsləməyi və lətif duyğularla köksünə sıxıb nəvaziş etməyi heç bir şeylə əvəz etmək olmaz. Ən yaxşı avadanlıqlarla təchiz olunmuş uşaq bağçalarında uşaqlara göstərilən mehribançılıq və qayğı ana məhəbbəti ilə müqayisədə əhəmiyyətsiz görünür. Ana məhəbbəti ilə böyüməyən uşaqların gələcəkdə hansı psixoloji problemlərə düçar olması danılmaz bir faktdır. Müasir qərbli qadın evdən xaricdə işlədiyinə görə öz təbii vəzifələrinin sərhəddini aşmış və həyatın, habelə təbiətin ən aşkar qanunlarından kənara çıxmışdır.
    Şübhəsiz, nə kommunizm xülyası, nə də qərbin maddi mədəniyyəti bəşər təbiətini dəyişməyə qadir deyildir. Onlar qadınları əsas vəzifələrindən ayırdıqları üçün cəmiyyətdə silsiləvari ruhi-əxlaqi çatışmazlıqlar yarandı.
    Ana məhəbbətindən məhrum olan uşaqlara dəyən zərbələr bəlkə də heç vaxt sağalmaz.
    Psixoloqlar deyirlər ki, uşaq bağçalarında uşaqlarla təkcə məvacib almaqdan ötrü zövqsüz-həvəssiz işləyən tərbiyəçilər hövsələsizlik və əsəbilik edirlər. Onlar uşaqlarda özünəetimad hisslərini və başqa lazımi duyğuları istiqamətləndirə bilmirlər.
    Məşhur alim, doktor Karrel Avropa ailələrindəki səhvlər haqqında belə deyir: «Müasir ictimaiyyətin ən böyük səhvi odur ki, kiçik yaşdan başlayaraq, uşaqları valideyn qayğısından məhrum etmiş, onların tərbiyəsini bağça və məktəbin öhdəsinə buraxmışdır. Bu işi qadınların xəyanəti kimi qiymətləndirmək lazımdır. İdarə işləri, müxtəlif peşələr və ya boş-boş əyləncələrlə asudə məşğul olmaqdan ötrü uşaqlarını bağçaya verən analar ailə ocağının söndürülməsinə səbəb olurlar. Ailə mühitində uşaqların tərbiyə və inkişafı məktəblərdə və bağçalarda böyüyən uşaqlarla müqayisəolunmazdır. Uşaq ailədə tez bir müddətdə öz cismi və ruhi xüsusiyyətlərini inkişaf etdirir. Bağça və məktəblərdə isə həmyaşıdlarından çox az şey öyrənir. Düzgün inkişaf üçün uşaqlar kiçik ailə mühitinə çox ehtiyaclı olurlar».
    Yuxarıda qeyd olunanlar ailə nizamsızlığı haqda qısa məlumat idi ki, əsasən qadınların öz əsas vəzifələrini başqalarının öhdəsinə qoymaqdan irəli gəlir.
    ABŞ-da boşanmaq üçün məhkəmələrə müraciət edən qadınların 25%-i müxtəlif növ psixi xəstəliklərə düçar olanlardır. Hər il 150 min uşaq ata-analarının boşanmasının qurbanı olur.
    İş yerlərində yorulan amerikalı qadınlar evə gəldikdən sonra da rahat ola bilmirlər. Milyonlarla belə qadınlar əsəb gərginliyini aradan qaldırmaq üçün ya daim sakitləşdirici həblər atır, ya da psixiatorlara müraciət edirlər. Xülasə, onlar bərk yorğun olurlar və bu yorğunluq ictimai səhnədə şiddətli fəaliyyətlərdən doğur. Məşhur psixoloq Corc Mali deyir: «Cavanlardakı bir çox psixi çatışmazlıqlar uşaqlıq dövrünün yadigarıdır ki, bunu onların analarının günahı kimi qiymətləndirmək olar. Yalan danışan, heyvanlara və bitkilərə zərər yetirən, cəmiyyət qanunları ilə hesablaşmayan uşaqlar əksər hallarda valideyn qayğısından məhrum olan uşaqlardır. Qərbdə valideyn-övlad münasibətləri, eləcə də onlar arasında olan rabitə və məhəbbət olduqca zəifdir. Uşaqlar buna görə də öz valideynləri qarşısındakı vəzifələrini yaxşı dərk etmirlər. Bəzən bir ailə üzvləri illərlə bir-birləri ilə görüşmürlər. Valideynlərin, yaşı təqribən 17-ni ötmüş övladlarına olan münasibət tərzi qeyri-məqbuldur. Dəfələrlə müşahidə olunmuşdur ki, valideynlər həddi-büluğa çatan övladlarını öz mənzillərindən xaric edirlər və onlar da əlacsız qalaraq haradasa tənha yaşamağa məcbur olurlar. Əgər övlada ata evində qalmaq icazəsi verilərsə o, gərək gündəlik xərclərini özü ödəyə. Hətta təsadüfən evdə bir qab sındırsa, gərək onun pulunu ödəyə və ya təzəsini ala. Belə bir rəftar xüsusilə qızlara ağır təsir göstərir və əksər hallarda onlar ağır şəraitdə tənha yaşamağı valideynlərlə birgə yaşamaqdan üstün tuturlar. Sahibsiz qızların ictimai pozğunluqlar burulğanında necə qərq olmasını, müxtəlif fəsadlara qurşanmasını isə kimsə inkar edə bilməz. İnsanlar arasında ülfətin qırılması, bir-birlərinə qarşı laqeydlik və soyuq münasibət bütün cəmiyyətlər üçün arzuolunmaz haldır. Qərb ölkələri və onların mənfi təsirinə məruz qalan xalqların vəziyyəti həddindən artıq acınacaqlıdır. Həyati münasibətlərin əsasını təşkil edən məhəbbət guya müasir sənaye maşınlarının çarxları arasında qalıb parça-parça olmuşdur. Adamlar öz həmdərd və dostlarını barmaqla sayırlar. «Mədəni cəmiyyət» əslində yeni ictimai nizam yaratmaq üçün insanların mənəvi dəyərlərini qurutmuş, onları cansız və quru formalara salmışdır. İnsanlar yalnız ruhsuz qanunlar çərçivəsində bir-birlərilə ünsiyyətdə olur, mənəvi cəhətdən isə hətta öz yaxınları ilə əlçatmaz uzaqlıqda yaşayırlar. Kimsəyə bir bəla üz versə, başqaları ona kömək etmir və özlərini ən cüzi maddi zərərə salmağa hazır olmurlar; başqalarından ötrü heç vaxt özlərinin zəhmətə düşməsini istəmirlər. Hər hansı bir iş yalnız onların qanuni vəzifəsi olduqda, məsələn, hüquq-mühafizə orqanları onlardan həmkarlıq etmək tələb etdikdə və köməklik istədikdə yardım edirlər.
    Almaniyada xəstəxanada yatdığım vaxt, mənə baş çəkməyə gələnlər üçün məlum məhdudiyyətlər olsa da, onların sayı yerli xəstələri yoxlamağa gələnlərdən daha çox idi. Bu fakt xəstəxana işçilərinə çox qəribə gəlirdi. Mən görürdüm ki, xəstələrin hətta ən yaxın qohumları Almaniyada yaşaya-yaşaya onları yoxlamaqdan ötrü xəstəxanaya gəlmirdilər.
    Sizin üçün şahidi olduğum bir hadisəni nəql edim ki, «mədəni millətlərin» dünya görüşlərini daha yaxşı başa düşəsiniz:
    Hamburq universitetinin milliyyətcə alman olan bir professoru Allahın hidayəti və həmin şəhərdə fəaliyyət göstərən İslam cəmiyyətinin təbliğatları nəticəsində müsəlmanlığı qəbul etmişdi. Bir müddətdən sonra o xərçəng xəstəliyinə tutulur. Xəstəxanada olduğu vaxt şəhərdəki İslam cəmiyyətinin üzvləri tez-tez yeni müsəlman olmuş qardaşlarına baş çəkirmişlər. Həmin cəmiyyətin başçısı danışırdı ki, bir gün professorun yanına getmişdim. Onu çox pərişan halda gördüm. Qəmli-qəmli mənim üçün başına gələnləri danışdı və dedi: Bu gün oğlum və arvadım yanıma gəlmişdilər. Onlar tam soyuqqanlılıqla mənə dedilər ki, həkimlər sənin cəmi bir neçə gün yaşayacağını bildiriblər. Ona görə də səninlə xudafizləşməyə gəlmişik. Professor deyirdi: Bir neçə gündən sonra öləcəyimə narahat deyiləm, çünki Allah-taala bəndələri ilə öz hikmət və ədaləti ilə rəftar edir. Qəmgin olmağımın səbəbi arvadım və oğlumun mənə qarşı etinasızlığıdır.
    Bir neçə gündən sonra professor vəfat etdi. Biz onu şəriət qanuna uyğun olaraq, müsəlman qəbristanlığında dəfn etmək üçün aparırdıq. Birdən cavan bir oğlan gəlib çıxdı, əsəbi halda qışqır-bağır salaraq qabağımızı kəsdi. Məlum oldu ki, həmin cavan rəhmətlik professorun oğludur. O, dedi: Mən atamın meyitini hələ sağlığında üzərində tədqiqat işləri aparmaq üçün bu xəstəxananın təcrübə laboratoriyasına 30 marka satmışam. Ona görə də sizin meyiti aparmağa haqqınız yoxdur.
    Təbii ki, biz İslam şəriətinə zidd olan bu işə yol vermədik və pulu ödədikdən sonra mərhumu qayda-qanun üzrə müsəlman qəbristanında dəfn etdik.
    Həmin cavan sonralar etiraf edərək deyirdi ki, maliyyə vəziyyəti pis olduğundan atasının meyitini satmaq istəyirmiş. O, gündüzlər kiçik bir zavodda, axşamlar isə «it dəlləyi» işləyirmiş. Lakin buna baxmayaraq, yenə də maddi cəhətdən çətinlik çəkirmiş.
    Bu hadisə çox acı bir həqiqətdir və «mədəni cəmiyyət»lərdə ailə bağlılığı və insanlar arasındakı məhəbbətin məhv olduğunu aydın şəkildə göstərir.
    Müasir dövrdə əxlaqi dəyərlər baxımından bəşəriyyətin tənəzzülü və ictimai fəsadların tüğyan etməsi inkarolunmaz bir həqiqətdir. Böyük mütəfəkkirlər bu acı həqiqəti dərk edərək, onun əleyhinə mübarizə aparmaq, fəzilət və imana əsaslanan yeni bir dünya qurmaq yollarını tapmağa çalışmışlar.
    Bu şəkildə yaşayan adamlar özləri də dərk edirlər ki, bu cür həyat mənasız bir yaşayış tərzidir və o, heç vaxt bəşəriyyətə səadət bəxş edə bilməz. Yaxşı olar ki, ABŞ-ın sabiq prezidenti C. Karterin bu barədəki etirafını qeyd edək: «Var-dövlət içində olduğumuzu görürük, amma ruhiyyəmiz sarsılıb, əlimiz aya çatır, lakin burada yerdə pərişan haldayıq!
    Biz müharibəyə düçar olmuşuq və sülh istəyirik. Nifaq bizi parçalamaqdadır! Yaşayışımızı puçluq əhatə edib, həyatda rahatlıq arzusuyla ömür sürürük!
    Mənəvi böhran bizi çoxlu suallara cavab verməyə məcbur edir. Onlara cavab tapmaq üçün gərək özümüzə diqqətlə baxaq. Əgər vicdanımızın səsinə qulaq assaq, görərik ki, o bizdən yaxşılıq, iffət və mehribanlıq kimi çox sadə görünən lakin, əsaslı şeylər istəyir!»
    Məşhur fransız fiziki doktor Karel yazır: «Biz elə bir dünyaya ehtiyaclıyıq ki, hər kəs cavanlıqdan öz layiqli yerini orada tuta bilsin və maddiyyatla mənəviyyət bir-birindən ayrılmasın. Gərək necə yaşadığımızı bilək. Yavaş-yavaş başa düşürük ki, kompassız və yol göstəricisiz səfərə çıxmaq çox təhlükəlidir. Qəribədir, belə təhlükələri görə-görə yaşayışımızı islah etmək üçün vasitələr axtarmırıq. Həmin təhlükənin çox böyük olduğunu başa düşənlər isə indi həddən artıq azdırlar. Bu gün xalqın böyük bir hissəsi ürəkləri istədiyi kimi yaşayır və müasir texnologiyaların bəhrələrindən məst olurlar. Onlar yeni mədəniyyətin məziyyətlərindən əl çəkməyə razı deyillər. İnsanların başı maddi mənfəət axtarmağa və cürbəcür boş əyləncələrə qarışıb.
    Biz həyatın danılmaz həqtqətlərini ideoloji qəliblərə salmışıq. Bu səbəbdən də elə bir dünya yaratmışıq ki, o bizim həqiqi ehtiyaclarımızı təmin edə bilmir və həmişə insanlara qarşı biganədir.
    Müasir insanlar maddənin ilkinliyini qəbul edir və mənəviyyatı iqtisadiyyata qurban vermişdir. O, qüvvəni və müvvəqəti şadlıqları daimi rahatlıqdan üstün tutmuşdur.
    Biz bu gün həqiqi ehtiyaclarımıza diqqət vermədən texnoloji inkişaf yolu ilə gedirik. Maddiyyat dünyasında batırıq, amma bunu başa düşmək istəmirik. Bəşəriyyət neçə əsrlərdir belə bir girdaba düşüb.
    İnsanlar təbiətin deyil, liberalizm və marksizmin məxluquna çevrilib. İnsan yaşayıb-yaratmaq üçün xəlq edilib. Əgər insan öz həyatını yalnız iqtisadi fəaliyyət və maddi nemətlər əldə etməyə yönəltsə, onda sanki, onun vücudunun böyük bir hissəsi kəsilib atılmışdir! Əgər müasir dünya bütün bu fəsadların və mənəvi tənəzzülün kökünü kəsmək istəyirsə, ilahi peyğəmbərlərin səmavi təlimlərinə əsaslanmaqdan başqa çıxış yolu yoxdur. Nə qədər ki, şəhvət tufanı bəşər əqlini qaranlıq zindanda məhbus edib və əxlaqi pozğunluqlar onun əl-ayağını zəncirləyib, o heç vaxt həqiqi səadətə çatmayacaq.
    Xülasə, bəşəriyyət öz təfəkküründə inqilab etməyincə və hazırki əxlaqi fəsadlar həqiqi mənəvi dəyərlərlə əvəz olunmayınca, xoşbəxtliyə çatmaq qeyri-mümkündür.
    Category: İslam və qərb mədəniyyəti | Views: 1127 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024