İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 12
Qonaqlar 12
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 26 » İslam və qərb mədəniyyəti
    2:36 PM
    İslam və qərb mədəniyyəti

    XƏSTƏXANALAR
    Corc Zeydan yazır: «Üçüncü əsr hələ başa çatmamış, Məkkə və Mədinə, habelə başqa müsəlman şəhərlərində xəstəxanalar mövcud idi. Müqtədir Abbasi və onun vəziri xəstəxana tikintisində bir-biri ilə yarışa çıxmışdılar. Qısa bir müddətdə təkcə Bağdadda dörd xəstəxana inşa edilmişdi. Oradakı Əzdi xəstəxanasında hər biri müəyyən sahənin mütəxəssisi olan 24 həkim çalışırdı.
    Müsəlmanların xəstəxanaları nizam-intizamla idarə olunurdu və millətindən, məzhəbindən, peşəsindən asılı olmayaraq, bütün xəstələr yüksək səviyyədə müalicə edilirdilər. Hər bir növ xəstəlik üçün xüsusi salonlar nəzərdə tutulmuşdu. Oradaca tibb və əczaçılıq tədris edilirdi. Tələbələr nəzəri biliklərlə yanaşı, təbabət elmini də praktiki qaydada öyrənirdilər. Hələ o dövrdə səyyar xəstəxanalar da mövcud idi. Bunlar qatır və dəvələr vasitəsilə bir yerdən digərinə aparılırdı. Sultan Mahmud Səlcuqinin səyyar xəstəxanası 40 dəvə vasitəsilə daşınırdı».
    Doktor Qustav Loben yazır:
    «Müsəlmanların xəstəxanaları sağlamlığı qorumaq üçün nəzərdə tutulmuşdu və onlar indiki Avropa xəstəxanalarından daha yaxşı idi. Həmin xəstəxanalar həddindən artıq geniş olub, hava və su ilə yaxşı təmin edilirdilər. Məhəmməd ibni Zəkəriyyə Razi xəstəxana inşa etmək üçün göstəriş aldıqda, bir yoxlama aparmışdı ki, indiki yoluxucu xəstəliklər üzrə mütəxəssislər də onu təsdiq etmişlər. O, şəhərin müxtəlif yerlərində bir parça ət asmış, ətin ən gec xarab olan yerini xəstəxana binası üçün münasib bilmişdi.
    Müsəlmanların xəstəxanaları müasir xəstəxanalar kimi böyük salonlara malik idi. Orada tibbi öyrənən tələbələr üçün də xüsusi otaqlar nəzərdə tutulmuşdu və onlar öz peşələrinə əməli olaraq yiyələnirdilər. Həmin dövrlərdə, hətta ruhi xəstələri müalicə etmək üçün xəstəxanalar da var idi».
    Mak-Kap yazır: «Qahirədə böyük bir xəstəxana tikilmişdi. Orada fəvvarələr, bağçalar və dörd iri həyət mövcud idi. Həmin xəstəxanaya müalicəyə gələn kasıb adamlar sağaldıqdan sonra oranı tərk edən vaxt onlara beş ədəd qızıl sikkə də verilirdi!»
    KİMYA ELMİ
    Cabir ibni Həyyan İmam Sadiq (ə)-ın şagirdi və böyük elmi şəxsiyyətlərdən biri olmuşdur. O, kimya elmində fövqəladə məharət qazanmışdı. Maks Hof onun barəsində belə deyir: «Cabir bütün dünyada ərəb kimyasının atası sayılır. Onun yüz cildə yaxın kimya elminə dair kitabı hələ də əllərdədir və həmin kitabların müasir kimyaya nüfuzu çox güclüdür».
    Mərhum Əllamə Seyyid Şəhristani yazırdı: «Mən Cabirin qədim xəttlə yazılmış 50 cild kitabını görmüşəm. O, bu kitablarda hər hansı bir elmi mövzu barədə fikir söyləməzdən əvvəl, onları İmam Sadiqə (ə) nisbət verir. Cabirin kitablarından 500 cildi çap edilib. Bundan daha çox sayda Berlin və Paris kitabxanalarında yəqin ki, hələ də qalmaqdadır».
    Avropa alimləri ona «hikmət ustadı» ləqəbini veriblər və adını daim əzəmətlə yad edirlər. Onlar etiraf edirlər ki, indiyədək kəşf olunan elementlərdən on doqquzunu vaxtilə Cabir kəşf etmişdir. Cabir özü belə deyirdi: «Bütün bu elementlər öz mənşəyini maddənin tərkibindəki güclü elektrik sahəsinə malik olan çox xırda, müşahidə olunmayan zərrəcikdən alırlar.»
    Cabir qəribə bir şəkildə atomun ətrafında fırlanan elektron haqqında məlumat verir!
    Doktor Qustav Loben yazır: «Müsəlmanlar bu gün də lazımlı olan bir çox maddələri kəşf etmişdilər. Təəssüflər olsun ki, müsəlman alimlərinin çoxlu qiymətli əsərləri məhv olub aradan getmişdir. Mövcud olan kitablarda onların əldə etdiyi kimyəvi tərkibləri nəzərdən keçirdikdə, bu sahədə hansı böyük müvəffəqiyyətlər qazandıqlarını aydın dərk etmək olur.
    Rənglərin düzəlməsi, filizlərin çıxarılması, polad istehsalı və dabbağçılıqdakı məharətləri sübut edir ki, onlar sənətkarlıq sahəsində də kimya elmindən istifadə edirmişlər.
    İndiki kimya kitablarında Lavuazye bu elmin banisi adlandırılır. Bu tamamilə yanlış bir fikirdir. Halbuki min illik tarixə malik olan İslam kimyaşünaslığı mövcud olmuş və müəyyən inkişaf səviyyəsinə yüksələ bilmişdi».
    Corc Zeydan yazır: Şübhə etmək olmaz ki, müsəlmanlar öz təcrübə və tədqiqatları ilə yeni kimya elminin əsasını qoymuşlar. Onlar bir çox kimyəvi tərkibləri kəşf etmişlər. Yeni kəşflər də məhz həmin kəşflərdən faydalanmaqla müasir vəziyyətə gəlib çıxa bilmişdir. Bundan əlavə, müsəlman kimyaçıları elə şeylər kəşf ediblər ki, onlar bizə yalnız ümumiləşdirilmiş formada gəlib çatıb. Amma, onların necəliyi barəsində hələ də dəqiq məlumatımız yoxdur».
    Doktor Hof, Razi haqqında belə yazır: Onun «Kimya sənəti» kitabı son zamanlarda bir hind şahzadəsinin kitabxanasından tapılmışdı. Razi bu kitabda müxtəlif maddələrin təsnifatını vermiş və onların hər birinin xassələrini dəqiqliklə göstərmişdir».
    Vill Dorant yazır: «Kimyanın elm kimi formalaşması müsəlmanların təşəbbüslərinə bağlıdır. Çünki onlar dəqiq elmi müşahidələr və təcrübələr apararaq, bu elmin təşəkkül tapmasında müstəsna rol oynamışlar. Müsəlmanlar bir çox maddələri tərkib hissələrə bölə bilmiş, daşların təsnifatını tərtib etmişlər. Turşu və qələvilərin xassələrini aydınlaşdırmış, onların rolunu dəqiq müəyyənləşdirə bilmiş və yüzlərlə yeni tibbi dərmanlar aşkar etmişlər. Dəmirin qızıla çevrilməsi ideyasından əl çəkib, həqiqi kimyanın məsələlərilə dərindən məşğul olmuşlar. İslam alimlərinin, müəllifləri bəlli olmayan kimyaya dair çoxlu kitabları latıncaya tərcümə edilib və həmin əsərlər Avropada bu elmin inkişafında vəsfolunmaz təsir göstərmişdir».
    SƏNAYE
    Abbasi xəlifəsi Harunun dövründə icad olunan ilk saat böyük sənət nümunəsi sayılırdı. Müsəlmanlar tərəfindən ixtira edilən bu saatı Harun hədiyyə kimi Fransa kralına göndərmişdi. Doktor Qustav Loben bu barədə belə deyir: «Harun Ər-Rəşid Fransa kralı üçün çoxlu hədiyyələr göndərmişdi. Onlardan ən mühümü vaxtı göstərən bir saat idi. Hər saat tamam olduqda o, zəng vururdu. Fransa kralı və onun əyanları bundan mat-məəttəl olmuşdular. Sarayda heç kim bu saatın «sirrini» başa düşə bilmirdi».
    Doktor Loben sözünə davam edir: «Ərəblər Əndəlosdan (indiki İspaniya) çıxarıldıqdan sonra bu diyar tənəzzülə uğradı. Tarixdə belə bir qısa müddətdə bu cür şiddətli tənəzzülə düçar olan ikinci ölkə görünməyib. Elm, sənət, əkinçilik xülasə bütün sahələrdə mövcud olan tərəqqi az bir zamanda məhv olub getdi. 400 min əhalisi olan Madriddə 200 mindən də az adam qalmışdı. Şəhərlərdəki emalatxanalar yavaş-yavaş dağılmağa başladı».
    Həmin fransız alimi qeyd edir ki, ilk dəfə pambıqdan kağız istehsal etməyi öyrənənlər müsəlmanlardır. O, deyir: «Orta əsrlərdə uzun müddət avropalılar dəri üzərində yazı yazırdılar. Bu da çox baha başa gəldiyindən kitabların böyük həcmlə nəşr olunmasında maneçilik törədirdi. Dəri o qədər az tapılırdı ki, yunan və rum rəhbərləri qədim kitabları yığıb, onlardakı yazıları pozaraq, əvəzinə xristian məzhəbi mətnlərini yazmağı əmr etmişdilər. Əgər müsəlmanlar kağızı icad etməsəydilər, rahiblər əllərində olan bütün qədim kitabları məhv edəcəkdilər. Müsəlmanların kağızı ixtira etməsi, doğrudan da elmə böyük töhfə idi.
    Kasiri «Eskorial» kitabxanasında 1009-cu ildə kağız üzərində yazılmış bir kitab aşkara çıxarmışdı. Bu kitabdan məlum olurdu ki, ilk dəfə dəri əvəzinə kağızdan istifadə edənlər məhz müsəlmanlar olmuşlar. İpəkdən kağız ixtira edilməsini çinlilərə nisbət verənlər belə etiraf ediblər: «İpəkdən olan kağız Avropaya çatmamışdı. Çünki Avropada ipək yox idi. Müsəlmanlar birinci olaraq pambıqdan kağız istehsal edib, onu avropalılara tanıtdırdılar. Kağız üzərində yazılmış müsəlmanların çoxlu qədim kitabları mövcuddur. Onlar elə yüksək keyfiyyətli kağız əldə etmişdilər ki, hətta indinin özündə də belələrinə rast gəlmək olmur!»
    RİYAZİYYAT
    Baron Karra De Vu yazırdı:
    «Müsəlmanlar müxtəlif elmlərdə böyük müvəffəqiyyətlər əldə etmişdilər. Onlar ədədlərin işlədilməsini xalqa öyrətmişdilər...
    Onlar cəbri dəqiq elm səviyyəsinə qaldırdılar və onu inkişaf etdirdilər. Təhlili həndəsənin əsasını qoydular. Şübhə yoxdur ki, səthi üçbucaqlar və dairələri (triqonometriya) onlar kəşf etdilər. Xristian Qərbinin başı müharibə və çəkişmələrə qarışdığı vaxt, müsəlmanlar elmləri tədqiq edir və öz mənəviyyatlarının qorunmasına çalışırdılar».
    Müsəlmanlar riyaziyyat, həndəsə və triqonometriya sahələrində çoxlu kəşflər etmişlər. Avropalılar onlardan bu elmlər barəsində çox şey öyrənmiş və hal-hazırda da həmin məlumatlardan istifadə edirlər. Avropalıların bu gün işlətdikləri riyazi terminlərin çoxunun ərəb mənşəli olması buna ən yaxşı sübutdur. Alqebra ərəbcə əl-cəbr deməkdir. Fransız dilində hesab rəqəmlərinə «ərəb rəqəmləri» deyilir.
    Müsəlman riyaziyyatçılarının keçmişdə etdiyi mühüm kəşflər hələ də diqqət mərkəzindədir. Onlar səma cisimlərinin hərəkətlərini öyrənmək və hesablamaq üçün nəzərdə tutulan «üstürlab» rəsəd alətini kəşf etmişlər. Triqonometriya və onun terminləri də müsəlman riyaziyyatçılarının kəşfləri nəticəsində meydana çıxıb. Bir ingilis tarixçisi yazırdı ki, biz avropalılar riyaziyyat elmlərinin hamısını məhz müsəlmanlardan öyrənmişik.
    COĞRAFİYA
    Məşhur fransız tarixçisi Doktor Qustav Loben yazır:
    «Müsəlmanlar gəmiçilikdə həmişə mahir olmuşlar və çox uzaq məsafələrə səfərlər etmişlər. Onlar Çin və Afrikanın ucqar bölgələri ilə ticarət əlaqələri saxlayırdılar. Həmin dövrlərdə bu məntəqələr avropalılar üçün əlçatmaz yerlər sayılırdı. Süleyman adlı səyyah öz «Səfərnaməsini» çap etdirmiş və bu kitab Avropada da nəşr olunmuşdur.
    İbni Hoqəl böyük müsəlman coğrafiyaşünasıdır. O, öz kitabında belə yazırdı: «Mən bu kitabda Yerin eni və uzunluğunu göstərmişəm. Bütün İslam ölkələri və onların sərhədləri barəsində məlumat vermişəm. Hər ölkənin şəhərləri, qəsəbələri, çayları, gölləri, məhsulları, əkinçiliyi və yolları haqqında olan məlumatları gətirmişəm. Ölkələrin arasındakı məsafələr, oradakı ticarət məhsulları, xülasə coğrafiya elmi üçün lazım olan bütün məlumatlar haqqında şərhləri bu kitabda tapmaq olar».
    Fransız tarixçisi daha sonra Əbu Reyhan Biruni, Əbul Həsən və başqa müsəlman coğrafiyaşünaslarının adını çəkərək belə qeyd edir: «Müsəlmanlar coğrafiya elmində çox inkişaf etmişdilər. Bunun da səbəbi onların səyyahlıqda bacarıqlı olmaları, astronomiya elmilə yaxından tanış olmaları idi».
    SƏNƏTKARLIQ
    Doktor Loben yazır: «Müsəlmanların keçmişdən qalan məscidlərinə, mədrəsələrinə, mehmanxanalarına və digər tikililərinə baxanda başa düşürük ki, İslamda din və mədəniyyət bir-biri ilə elə qaynayıb-qarışıbdır ki, onların birini digərindən ayırmaq heç vaxt mümkün olmaz. Hər millətin zövq və bacarığını onun yaratdığı sənətkarlıq nümunələrindən anlamaq olar.
    Müsəlmanların hal-hazırkı əsrə qədər qorunub saxlanılmış sənət nümunələri sübut edir ki, heç bir millət bu sahədə onlardan irəli gedə bilməmişdir. Qədim binaları və tikintiləri müşahidə etməklə müsəlmanların sənət aləmində necə böyük nailiyyətlər qazanmasını yaxşı dərk edə bilirik. Buna ən yaxşı nümunə olaraq, Kordova məscidini göstərmək olar. Gözəl memarlıq incisi olan bu məscidin inşasında o dövrün yeni və mütərəqqi tikinti üsullarından istifadə edilib.
    Ağac, fil sümüyü və sədəf üzərində nəqqaşlıq sənətində müsəlmanlar fövqəladə ustalıq qazanmışdılar. Qədim məscidlərdə, yaraşıqlı darvazalarda, minbərlərdə, pəncərə və tavanlarda həmin gözəl nəqqaşlıq nümünələrini görmək olar. Hansı ki, bu gün müasir imkanlardan istifadə etməklə, bu kimi sənət əsərlərini düzəltmək çox çətindir.
    Səlib yürüşləri zamanı İslam ölkələrindən gətirilmiş gözəl naxışlı sandıqlar və mücrülər indi də Avropadakı muzeylərdə sənət inciləri kimi qorunmaqdadır. Təəccüblüsü də budur ki, müsəlmanlar belə incə və nəfis işləri ən sadə və adi alətlərlə yaradırdılar. Bu da onların ustalığının çox yüksək səviyyədə olmasına ən yaxşı dəlildir. Hələ indiyədək Avropada belə nəqqaşlıq nümunələrinə rast gəlinməyib.
    Saxsı qablar düzəltməkdə və dulusçuluqda da memarlıqda olduğu kimi müsəlmanlara çatan yox idi. 10-cu əsrin əvvəllərindən Əndəlosda müsəlmanlar kaşı istehsalına başladılar. Onlar orada emalatxanalar təsis edir və öz məhsullarını dünyanın hər yerinə ixrac edirdilər.
    «Qırmızı sarayda» kaşı nümunələrinin misilsiz incilərini görmək olardı. İtalyanlar bu sənəti məhz müsəlmanlardan öyrənib, Avropada məşhurlaşmışdılar. Kaşı düzəltmək sənətinin ən böyük yadigarlarından biri «Qırmızı sarayda»kı məşhur güldan hesab edilir. Onun hündürlüyü 1,5 metrdir və naxışlarının gözəlliyi doğrudan da heyrətamizdir».
    Doktor Maks Meyerhof deyir: «Müsəlmanların elmi potensialı get-gedə aşkar olur. Son illərin kəşfləri İslam elmləri tarixinə işıq salmışdır. Lakin bunlar hələ kifayət qədər həmin mədəniyyəti dünyaya tanıtdıra bilmir. Ümidvaram ki, gələcəkdə dünya xalqları İslamın dərin elm və mədəniyyətinin misilsiz nümunələrini öyrənib, onlardan daha çox faydalanacaq. Müsəlmanların elmləri orta əsrlər Avropasını qaranlıq gecədə parlayan Ay kimi işıqlandırmışdı və həmin elmlərin nurunu biz hələ də hiss etməkdəyik».
    Avropa və Amerika tarixçilərinin bir çoxu Qərbdə elmin inkişafına müsəlmanların elmi məlumatlarının necə böyük təsir etdiyini etiraf edirlər.
    Kembric universitetinin professorlarından olan Con Brend Trend belə deyirdi: «Avropanın böyük bir hissəsi maddi və mənəvi bədbəxtçiliklərə düçar olduğu zaman, İspaniya müsəlmanları mədəniyyət və iqtisadiyyatda çox böyük nailiyyətlər qazanmışdılar.
    İspaniyalı müsəlmanlar sənaye, elm, ədəbiyyat və digər sahələrdə elə böyük tərəqqiyə çatmışdılar ki, istər-istəməz bu mədəniyyət başqa Avropa ölkələrinə nüfuz etməyə başlamışdı. Avropanın tanınmış alim və mütəfəkkirlərinin çoxu həmin mədəniyyətin təsiri altına düşmüşdülər. Buna görə də müsəlman İspaniyasını Avropa mədəniyyətinin bayraqdarı saymaq lazımdır».
    İngilis alimi Çember yazır: «Etiraf etməliyik ki, müsəlmanlar öz insanlıq və səadət bəxş edən adət-ənənələri ilə bizim torpaqlara işıqlı bir mədəniyyət daxil etmişdilər. Avropanın tərəqqi və inkişafında bu böyük mədəniyətin oynadığı rolu təsəvvür etmək çox çətindir.
    Əgər 711-ci ildə Tariq ibni Ziyadın başçılığı altında müsəlmanlar Cəbəlüt-Tariq boğazından Avropaya keçməsəydilər, biz indiki vəziyyətimizə heç vaxt nail ola bilməzdik».
    İngilis alimi Buqold isə belə yazır:
    «Bağdad və Əndəlosdakı İslam universitetlərində yəhudi və xristian tələbələrə xarici olduqlarına baxmayaraq, «xoş gəldin» deyirdilər və onları maddi cəhətdən dövlət xəzinəsindən təmin edirdilər. Onlara hörmətlə yanaşırdılar. Yüzlərlə avropalı cavan müsəlmanların bu alicənablığından istifadə edərək, həmin mərkəzlərdə təhsil alırdılar».
    Məşhur Amerika tarixçisi Draber yazır:
    «Müsəlman alimləri bir çox qədim və yeni elmlərdə mühüm məlumatlar əldə etmişdilər. Mexanika, hidravlika, dinamika, kimya və ümumi fizika sahələriində misilsiz göstəricilərə nail olmuşdular.
    İslam universitetlərində fizika, kimya, astronomiyadan tutmuş əxlaq və fəlsəfəyə qədər bütün elmlər tədris edilirdi. Bəzi böyük universitetlərdə 6 minə qədər tələbə təhsil alırdı!»
    Kordovada neçə kilometrlərlə uzanan daş döşəməli yollar var idi. Halbuki, Londan və Paris bundan 7 əsr sonra belə vəziyyətə nail ola bilmişdilər. Bütün müsəlman şəhərlərində saysız-hesabsız gözəl memarlıq əsərləri olan hamamlar mövcud olduğu halda, avropalılar hamamın nə olduğunu bilmirdilər!
    Biz müsəlmanlar belə işıqlı və əzəmətli mədəniyyətin varisi olduğumuz halda, nə üçün bu gün hazırkı vəziyyətdə yaşayırıq? Dünya mədəniyyətində aparıcı məqamı hansı səbəblər üzündən əldən vermişik? Niyə bizim mədəniyyətimiz, elmlərimiz və siyasi qüdrətimiz zəifləyib? Nə üçün tərəqqimiz dayanıb? Niyə biz yerimizi qərblilərlə dəyişmişik? Nə üçün elm və sənayedə biz onlardan asılı olmuşuq, onların isə bizə ehtiyacı yoxdur?
    Tarix göstərir ki, müsəlmanlar öz səmavi təlimlərinin ruhundan uzaq düşən kimi, zəlillik və bədbəxtliklərə düçar olurlar. Keçmişdə əzəmətli dövrünü yaşayan müsəlmanlar öz dinlərinə və mədəniyyətlərinə bizdən daha artıq bağlı idilər. Dini dəyərlərin əvvəlki zamanlardakı kimi qiymətləndirilməməsi elm və fikir, maddi və mənəvi həyat arasındakı tarazlığı pozub, İslam ölkələrində çəkişmələr və müharibələrə səbəb oldu. Nəticədə iqtisadi gerilik, elm və mədəniyyətin tənəzzülü müsəlmanların başının üstünü aldı. Bundan istifadə edən Qərb millətləri öz mədəniyyətlərini və həyat tərzlərini dünyada sürətlə yaymağa başladılar. Müsəlman ölkələrinin bir çoxu qərblilərin təsiri altına düşüb, hətta bəziləri öz siyasi və iqtisadi müstəqilliklərini də itirdilər.
    Müsəlmanların əxlaqi səciyyələri də dəyişdi. Səmimiyyət, düzgün əməl, səadət və iman kimi keyfiyyətlər başqa şeylərlə əvəz olundu. Bu sərhədlər pozulduqdan sonra müsəlmanlar öz dinləri ilə vidalaşdılar. İslamın müqəddəs prinsiplərini tərk edənlər isə hökmən bədbəxtlik və cəhalətə düçar olurlar. Əgər müsəlmanlar həqiqi İslamdan uzaq düşməsəydilər, onların əzəmətli vəhdəti heç vaxt pozulmazdı və bu din bütün dünyanı fəth edərdi.
    «Müqəddəs Yelena» adasında Napoleon ilə birgə sürgündə olmuş onun yaxın adamlarından sayılan Lakas deyirdi: «Napoleon Misirdə olduğu vaxt öz təəccübünü ifadə edərək deyirdi: İslam peyğəmbəri və başqa müsəlmanlar necə olub ki, asanlıqla bu qədər ölkələri fəth edə biliblər? Lakas belə davam edir: «Həmin amil Napoleonun İslama meylini gücləndirmişdi. O vaxtlar imperator izhar edirdi: «Mən İslam dinini seçəcəyəm». Hal-hazırda İslam qanunları ictimai və siyasi səhnədən, hətta müsəlmanların həyat tərzindən kənarda qalıb. Qeyri-islami qanunlarla yaşayan cəmiyyət isə əslində İslam cəmiyyəti deyildir. Müsəlmanlar yaşadığı bir çox ölkələrdə İslami əxlaq və təfəkkür tərzi demək olar ki, tamamilə aradan getmək üzrədir. Ona görə də mədəniyyətimizin tənəzzülü bəzi müsəlmanların günahı ucbatındandır və bu işdə İslam dininin heç bir günahı yoxdur.
    Müsəlmanlar bu günkü dünyada layiqli yer tutmaqdan ötrü vəziyyəti düzgün qiymətləndirib, öz imkanlarından əlverişli şəkildə istifadə etməlidirlər. Geriliyi aradan qaldırmaq üçün öz dini köklərinə qayıdıb, maddiyyatla mənəviyyatı tarazlaşdırmağa çalışmalıdırlar. Başqa sözlə desək, müsəlmanlar qiymətli İslam təlimlərinə müraciət etməyincə, əvvəlki əzəmət və qüdrətlərini heç vaxt əldə edə bilməzlər. Müsəlmanlar dünya və axirətə şamil olan həqiqi İslama qayıtmayınca, dini əqidələrini möhkəmləndirməyincə və Allahla sarsılmaz rabitəni bərpa etməyincə, səadət və xoşbəxtliyə yetişməyəcəklər.
    İSLAM VƏ ALKOQOLLU İÇKİLƏR
    İslamın təlim-tərbiyə üsulları bütün dünyaya şamil olan və insanların həqiqi səadətini təmin edən, ilahi vəhyə əsaslanmış qayda-qanunlardır. Dinimizə dəvət ağıla, vicdana və daxili hisslərə xitab etməklə möhkəmlənir. Qurani-Kərimin bir çox ayələri etiqadi və əməli maarifimizi güclü dəlillərlə bəyan edir; Həmin dəlillərlə hədəf və məqsədlərimizi göstərir. İslam əqlin və zəkanın gücü ilə insanları heyvanlar cərgəsindən çıxarmaq istəyir; onu yaradılışda nəzərdə tutulan məqsədə və hədəfə doğru aparmağa çalışır. İslam fərdi və ictimai yaşayışı əqlin öhdəsinə qoyur və bu nemətə böyük qiymət verir. Əqli, insana yol göstərən daxili peyğəmbər kimi tanıtdırır. Bu böyük nemətin təbii fəaliyyətini zəiflədən və onu aradan aparan hər bir şeyin qarşısını almağı vacib bilir.
    Spirtli içkilər əqlin fəaliyyətinə çox pis təsir göstərən amillərdəndir. Alkoqol həm sağlamlığa, həm də mənəviyyata sarsıdıcı zərbə vurur. İnsan əqlini korlayan alkoqollu içkiləri İslam dini kəskin şəkildə qadağan edir və hətta bir qətrə bu içkilərdən içmək böyük günah sayılır.
    İslamın meydana gəldiyi mühitdə (Ərəbistan yarımadası) şərab içmək çox geniş yayılmışdı. Cahiliyyət dövründəki ərəblər bu çirkin əmələ adət etmişdilər. Adamlar cəhalət və fəsad içərisində qərq olmuşdular. Belə bir mühitdə vəsfolunmaz təqva və imana malik olan əzəmətli İslam peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.v.v) zühur etdi. O, Allahın vəhyinə əsasən, xalqı İslama dəvət etməyə başladı.
    Cahiliyyətdən miras qalan bir sıra çirkin adətlər kimi, şərabın da qadağan edilməsi və ərəblərin onu tərk etməsi İslamın heyrətamiz müvəffəqiyyətlərindəndir. Əlbəttə, şərabın qadağan edilməsi və haram buyurulması tədricən baş vermişdi. Nəhayətdə açıq şəkildə şərabın ziyanları göstərildi və onu içmək haram buyurularaq qəti şəkildə qadağan edildi.
    «Şübhəsiz, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istəyir.» (Maidə surəsi 91-ci ayə).
    Şərabı qadağan edən ayə nazil olan vaxt bəzi ərəblər içki içməklə məşğul idilər. Ayəni eşitdikdən sonra fikirləşmədən şərab qablarını sındırmağa və içərisindəkiləri yerə tökməyə başladılar. Ənəs ibni Malik deyirdi: «Ayə nazil olan vaxt biz Əbu Təlhənin mənzilində şərab içməklə məşğul idik. Peyğəmbərin carçısının nidasını eşitdik: Ey müsəlmanlar! Agah olun ki, şərab haram elan edildi və gərək onu küçələrə tökəsiniz.
    Əbu Təlhə məndən şərabları küçəyə tökməyi tələb etdi və mən də onun göstərişinə əməl etdim. Bəziləri şərab qablarını sındırırdılar və küçələrə o qədər şərab tökülmüşdü ki, yağış yağan vaxt yerdə şərabın rəngi və iyi zahir olurdu».
    Bu qanun müsəlmanlar arasında elə nüfuz etmişdi ki, İslam ordusunun tutduğu hər bir ölkədə qısa zaman ərzində şərabdan əsər-əlamət qalmırdı. İndinin özündə də milyonlarla müsəlman tapmaq olar ki, ömrü boyu bir qətrə də şərab içməyib.
    Bəşəri qanunlarda nöqsanların aşkar olması ilə onun haldan-hala düşməsi və onların öz əvvəlki fikirlərini dəyişmələri bu qanunlarda təsirini qoyur. Qanunların dəyişməsi də insanları müxtəlif dəyişikliklər etməyə məcbur edir. Aşağıda göstərəcəyimiz bu iki təcrübəyə diqqət yetirin:
    Birinci təcrübə ABŞ-da vaxtilə alkoqollu içkilərin qadağan olunması haqqındakı qanun və onun nəticələri barəsində, ikinci təcrübə isə İslamın zühurunun əvvəllərində şərabı qadağan edən ayənin nazil olması ilə əlaqədardır. Bu iki təcrübənin müqayisəsi çox ibrətamizdir.
    ABŞ konstitusiyasının 18-ci maddəsinin düzəlişinə əlavə edilməzdən qabaq, bu ölkədə bir qrup xeyirxah adam alkoqollu içkilər əleyhinə güclü və geniş təbliğat kompaniyasına başladılar. Onlar müxtəlif kitablar, məqalələr, dəlillər vasitəsilə 10 il müddətində, alkoqolun insanların cisminə, sağlamlığına, mənəviyyatına habelə iqtisadiyyata vurduğu ziyanları xalqa başa salırdılar.
    Bu təbliğatın başlamasından 1925-ci ilə qədər 65 milyon dollar həmin kompaniyanın aparılmasına sərf edilmişdi. Nəticədə xalqın böyük əksəriyyəti Amerika konqresindən alkoqollu içkiləri qadağan edən qanun çıxarılmasını tələb etdi. Dəqiq araşdırmalardan, habelə bunun mənfi və müsbət cəhətləri öyrənildikdən sonra, ABŞ konqresi və Senatı alkoqollu içkilərin ölkədə qadağan olunması haqqında qanun qəbul etdi.
    Amma bu qanun hələ qüvvəyə minməmiş, içkiyə adət etmiş xalq öz əvvəlki əqidəsindən əl çəkdi. Gizli şərab zavodlarının sayı və qaçaq yolla ölkəyə alkoqollu içkilər gətirilməsi sürətlə artdı. Qanundan qabaq ölkədə 400-ə yaxın şərab zavodu var idisə, qanundan sonra gizli şərab zavodlarının sayı 80 minə çatdı! Tədriclə oğlan və qız uşaqları gizli restoranlara ayaq açmağa başladılar. Cinayətkarlığın statistikası sürətlə yüksəlirdi. Qanunun qüvvədə olduğu 13 il ərzində 200 nəfər öldürülmüş, 500 min nəfər məhkum edilmiş, 400 milyon dollarlıq əmlak müsadirə olunmuşdu.
    Az yaşlılar arasında törədilən cinayətlərin sayı qadağandan əvvəlkinə nisbətən dəfələrlə artmışdı. Alkoqolizmdən xəstələnən və ölənlərin statistik göstəriciləri isə dəhşətli idi.
    Xülasə, bütün bu itkilərdən sonra ABŞ hökuməti qanunu ləğv etməyə məcbur oldu. 1933-cü ilin dekabrında həmin qanun tamamilə və rəsmi surətdə ləğv edildi. «Mədəni cəmiyyət» yenə də «azadcasına» şərab içməyə başladı.
    İngiltərədə bir vaxtlar hökumət alkoqollu içkilərin işlədilməsini azaltmaq məqsədilə qanun çıxarıb onu parlamentin təsdiqinə vermişdi. İngilislər bundan həyacana gəlmiş, müəssisə və mağazaları tətil etmişdilər. Dövlət də əlacsız qalaraq qanunun icrasından vaz keçmişdi. Qanunvericilik və onun icrasındakı bu cür təzadlar cəmiyyətin meylləri və nəfsani istəklərindən doğur. İslamda isə yalnız cəmiyyətin sağlamlığı və səadəti nəzərə alınır və mənfi meyllərə, habelə xalqın istəklərinə fikir verilmir.
    Elm inkişaf etdikcə, tədqiqatlar dərinləşdikcə alkoqolun cürbəcür və yeni-yeni ziyanları məlum olur. Zorakılıq, iffətsizlik, ailədə ixtilaflar və sair bəlalar alkoqolun törətdiyi «cinayətlərin» yalnız bir qismidir. Tibbi baxımdan onun insan orqanizminə vurduğu ziyan isə inkarolunmazdır.
    Alkoqolun zərərləri haqqında minlərlə kitab yazılmış, müxtəlif dillərdə saysız-hesabsız jurnallar buraxılmış və onun əleyhinə uzun müddət güclü təbliğat aparılmışdır. Amma bütün bunlar İslamın təkcə bir qadağan qanunu ilə həyata keçirdiyi işlə müqayisədə çox əhəmiyyətsizdir.
    İslamın yarandığı dövrlərdə şərab əleyhinə nə belə təbliğatlar aparılıb, nə də bu işə milyonlarla pul xərclənib. Yalnız Rəsuli-Əkrəm (s.ə.v.v) müsəlmanlara elan etmişdi ki, Allah şərab içməyi haram buyurur. Nəzərə almaq lazımdır ki, həmin dövrdə ərəblər üçün şərab içməkdən üstün sayılan başqa bir ləzzət yox idi! Xalq şiddətli dərəcədə bu dərdə mübtəla olmuşdu. Lakin Peyğəmbərin (s.ə.v.v) carçısı hələ sözünü bitirməmiş, xalq şərabdan əl çəkdi və onunla həmişəlik vidalaşdı.
    İlahi qanunlarla bəşəri qanunların fərqlərindən biri də budur ki, insanlar cinayətlərinə görə cəza alacaqlarından qorxaraq, bəşəri qanunları pozmamağa çalışırlar. Aşkarda onlara riayət edib, gizlində isə həmin qanunlara heç bir əhəmiyyət vermirlər. Amma həqiqi möminlər ilahi qanunları heç vaxt pozmazlar. Çünki, elə bir yer yoxdur ki, həmin məkanda günah edilsin və Allah onu görməsin. Günahlardan çəkinməyin yolu Allahla rabitəni gücləndirməkdə və daim imanla yaşamaqdadır. Əgər insan bu dünyadakı yaşayışla həyatın bitməməsini başa düşsə və etdiyi günahlara görə axirətdə cavab verməli olacağına etiqad bəsləsə, onda onun həyat tərzi kamil insanın yaşayışına çevriləcək.
    «Mədəni cəmiyyət»lər bu gün xalq üçün iradə azadlığını təmin etdiklərini iddia edir və qanunların təyin olunmasında «milli iradə»yə əsaslandıqlarını söyləyirlər. Amma bu «milli iradə»ni təhlil etdikdə aydın olur ki, o əksəriyyətin azlıq üzərindəki ağalığıdır. Əgər xalqın 51%-i hansısa qanunun qəbul edilməsini istəsə, yerdə qalan 49%-in rəyinə etina olunmur. Aydındır ki, «azadlıq»ın rəyinin qanunda nəzərə alınmaması heç də «ümumi milli iradə» demək deyil. Azlıqda qalan insanların haqqının tapdalanması «azadlıq» sayıla bilərmi? Məgər köləlik insanları azadlıqdan məhrum etmək deyilmi? Əksəriyyətin əqidəsini azlığa zorla qəbul etdirmək əsarət adlandırılmırmı?
    Ona görə də belə «azadlıq»da əslində köləlik gizlənmişdir. Amma ilahi qanunlarda xalq köləliyin bütün formalarından azad edilmişdir. Burada «əksəriyyət» və «azlıq»ın iradəsi ortaya çıxmır. Həmin qanunlar ümumi mənafeni təmin etmək və cəmiyyətə həqiqi xoşbəxtlik və səadət bağışlamaq üçün nəzərdə tutulurlar.
    Dindar bir şəxsin nəzərində bu qanunlara itaət etmək vacib iş sayılır. Çünki, onları təyin edən Allahın özüdür.
    Bəşər qanunlarının təhlili göstərir ki, onlar heç vaxt insanları əxlaqsızlıq və mənəviyyatsızlıqdan çəkindirə bilmirlər. Bəşər müasir elm və texnalogiyalara nə qədər çox yiyələnsə də, mənəvi xəstəliklərdən yalnız Allaha iman gətirmək sayəsində xilas ola bilir. Burada qərb alimlərindən bir neçəsinin şərabın qadağan edilməsi barədə İslam qanunu haqqında söylədikləri fikirlərə nəzər salaq. İngilis alimlərindən biri deyir:
    «İslamın ən yaxşı qanunlarından biri də şərabın haram edilməsidir. Şərab içən afrikalılar dəlilik həddinə çatırdılar. Ona adət etmiş avropalılar buna görə afrikalılara şərab içməyi qadağan etməliydilər və özləri də bu bəlanın həqiqi zərərini başa düşməliydilər. Şərab içən şimallıların ağlı zəifləyir, cənublular isə dəlilik həddinə çatırlar».
    Valter yazırdı:
    «Məhəmmədin dini məntiqli, ciddi, pak və insansevər bir ayindir. O, əsil dəlilik olan şirki heç vaxt qəbul etmir və Allah üçün bənzərlər, taylar düzəltmir. Onda heç bir ziddiyyət yoxdur. Bu din ciddidir; Həmin cəhətdən də şərab və qumarı haram sayır. Onların yerinə gündə beş dəfə namaz qılmağı əmr edir. Pak dindir; ona görə də İslama qədər Asiyada geniş yayılmış çoxarvadlılığı dörd daimi kəbinlə məhdudlaşdırır. İnsansevər bir dindir; o cəhətdən də zəkatı və imkansızlara köməyi həccdən daha vacib hesab edir. Bütün bunlar İslamın həqiqi nişanələridir».
    Başqa bir avropalı alim Jül La Bum isə belə deyir:
    «Ərəblər şərab içməkdə ifrat dərəcəyə çatmışdılar və qumarı halal sayırdılar. Kişi istədiyi qədər evlənə bilərdi və istədiyi vaxt da arvadını boşamağa icazəsi vardı. Belə boşanmış qadınlar keçmiş ərləri öldükdən sonra həmin kişilərin oğulları tərəfindən yenidən arvadlığa qəbul edilirdilər! İslam dini bütün bu adətləri kənara atdı.»
    Professor Edvard Monte deyir: «Quranın ərəblər arasında yayılmış qız uşaqlarının qətli kimi insanın qurban edilməsi, spirtli içkilərin istifadəsi və qumar oyunlarını qadağan edərək bu kimi islahatların sayəsində ərməğan gətirdiyi tərəqqi bais oldu ki, biz Məhəmmədi (s) ən humanist insanların önündə görək.»
    İSLAM VƏ HƏR NÖV AYRISEÇKİLİYİN RƏDDİ
    İslamın əqidə və inam məsələləri tövhid əsasında qurulduğu üçün İslam icmasının strukturunu da vəhdət prinsipləri təşkil edir. İslamın nəzərində insan anlayışı geniş bir məna kəsb edərək onun bütün üzvləri vahid bir icmanın fərdləri hesab olunur. Bu ideyanın əhatəsi o qədər genişdir ki, bəşər arasında ixtilafa səbəb ola biləcək hər növ ayrıseçkiliyi aradan qaldırır, yerində qardaşlıq, ülfət, həmrəylik və sair kimi onları bir-birinə vəsl edən ictimai birliyi bərpa edir, vəhdəti poza biləcək hər hansı amilin tam əleyhinə durur. İslam insanlar arasında ayrıseçkilik kimi dəstəklənən irq, rəng, kök, dil və sairinin qarşısında məntiqlə çıxış edərək deyir ki, bəşər öz mənşəyini bir kişi və qadından götürmüş və sadalananların heç biri birinin kimsə üzərində imtiyaz və üstünlüyünə dəlalət etmir. Ümumiyyətlə, nasionalizm fikir və hissləri İslamda heç bir məna daşımır. Bununla da İslam dini millət, dil və irqçiliklə fəxr etməyi əsassız elan etmişdir.
    Dərinin rəngi və dillərin müxtəlifliyi Yaradanın qüdrət nişanələridir. Quran bu məsələyə diqqət edib, dərindən düşünməyi insanlara tövsiyə edir.
    «Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət nişanələrindəndir. Şübhəsiz ki, bunda ağıl sahibləri üçün nişanələr var». (Rum surəsi 22-ci ayə.)
    «İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və əzabla qorxudan peyğəmbərlər göndərdi». (Bəqərə surəsi 213-cü ayə.)
    Bu ayədən məlum olur ki, sonradan meydana gələn ixtilaflar ilk bəşər cəmiyyətində mövcud olmamışdı və insanlar vəhdət halında yaşamışdılar.
    Həzrət Əmirəl-möminin Əli (ə) özünün Malik Əştərə yazdığı məşhur məktubunda belə deyir: «Agah ol, ey Malik! Millətə qarşı öz ürəyində mərhəmətə yer ver. Onlara qarşı məhəbbətli ol. Heç vaxt vəhşi heyvanlara oxşay
    araq, onların malını və canını məhv etmə. Onlar ya sənin dini qardaşlarındır, ya da sənin kimi insandırlar.»
    Buradan da biz İslamın bütün irqlərə və müxtəlif dilli xalqlara necə münasibət bəslədiyini aşkar şəkildə görürük.
    Millətlər arasında olan ən güclü və ən möhkəm rabitə dini bağlılıqdır ki, bunun vasitəsilə müxtəlif millətlər və irqlər ən yaxşı şəkildə bir-birlərilə əlaqələr qururlar.
    İslam bu vasitə ilə fərdlərin bağlılığını və vəhdətini təmin edərək ixtilaflar zəncirini qırıb. Bütün müsəlmanların imanla möhürlənən qardaşlığını elan edibdir. İslamda dini qardaşlıq hüquq bərabərliyinə, səmimiyyətə və qarşılıqlı köməyə əsaslanır. Müsəlmanların əqidə birliyi və dini vəhdətinə əsaslanan bu dini qardaşlıq, hətta doğma qardaşlıqdan da güclü olur. Çünki, ən yüksək səviyyəli bağlılıq, ürəklərin bağlılığıdır.
    «Həqiqətən möminlər qardaşdırlar. Öz qardaşlarınız arasında sülh yaradın və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız.» (Hucurat surəsi 10-cu ayə)

    İslam Peyğəmbəri (s.ə.v.v) belə buyurur: «Möminlərin cəmiyyəti məhəbbət və rəğbət baxımından vahid bir bədən kimidir. Hər vaxt bədənin bir üzvü dərdə mübtəla olsa, onun başqa əzaları da narahat olur və inciyir. Əgər bir müsəlman dərd və bəlaya düçar olsa, digər müsəlmanlara ona kömək etmək və qəminə şərik olmaq hökmən lazımdır.»
    Category: İslam və qərb mədəniyyəti | Views: 993 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024