İlk növbədə bilmək lazımdır ki, boşanma qeyri-təbii və yaradılış qayda-qanunlarına müxalif olan bir işdir. Əgər hansısa cəmiyyətdə boşanmaların sayı artırsa, bu ona dəlalət edir ki, həmin cəmiyyət öz təbii yaşayış qanunlarından kənara çıxıb. Psixolqlar, sosioloqlar və hüqüqşünaslar boşanmanın səbəbləri haqqında bir çox tədqiqatlar aparmışlar. Boşanma yalnız çox zəruri hallarda baş verməlidir. Çünki, onun nəticəsində bir ailə dağılır, uşaqlara mənəvi və ruhi zərbələr dəyir. Alimlər ailə münasibətlərinin elə bir şəkildə tənzim edilməsini təklif edirlər ki, bununla boşanma imkanları son dərəcə məhdudlaşdırılsın və buna ən zəruri vəziyyətlərdə yol verilsin.
Əgər müxtəlif səbəblərdən ər-arvadın birgə yaşaması mümkün deyilsə, onda nə etmək lazımdır? Belə ailə axıradək ruhi narahatçılıq və bədbəxtçilik şəraitində ömür sürməlidir? Yoxsa, onlara ailə tellərini qırmağa və mənəvi əzablardan xilas olmağa imkan yaradılmalıdır?
Boşanmanı qadağan edən xristianlıqdan fərqli olaraq, İslam dini müəyyən şəraitdə buna icazə verir. Əgər ər-arvadın birgə yaşayışı dözülməz dərəcəyə çatıbsa, onlara boşanmaq imkanı vermək lazımdır. Baxmayaraq ki, boşanma Allahın ən çox qəzəbinə səbəb olan işlərdəndir. Bununla belə, ər-arvada ayrılmağa icazə verilməlidir ki, boşandıqdan sonra kişi və qadın özlərinə yeni ailə qurub, rahat yaşaya bilsinlər. Digər tərəfdən də nikahın qorunması və ailənin möhkəmləndirilməsi barədə İslamın xüsusi baxışları var. Ailə nizamını qorumaq üçün İslam dini bəzi azadlıqları məhdudlaşdırır. Məsələn, qadının boşanmada mütləq ixtiyara malik olmaması, onun nəfsani istəklərə tabe olaraq, ürəyi istədiyi vaxt və əhəmiyyətsiz mübahisələr ucbatından ailəni dağıtmasına imkan verilməməsi həmin məhdudiyyətlərdəndir.
Əgər boşanma təkcə iki nəfərin, yəni ər və arvadın ixtiyarında olsa, ayrılmaq ehtimalı bir neçə dəfə artır. Boşanmada nəzərdə tutulan mehriyyənin ödənilməsi, uşaqlara qəyyumluq məsələsi hikmətlə düşünülmüş proqramlardır və çox vaxt məhz bu amil boşanmanın qarşısını alır.
Aydın məsələdir ki, qadın və kişinin fitri, cismi və digər xüsusiyyətlərində kəskin fərqlər mövcuddur.
Doktor Aleksis Karl bu barədə deyir:
«Kişi və qadının bədənlərindəki cinsi fərqlər və onların əsəb sisteminin müxtəlifliyi bir sıra məsələləri ortaya çıxarır. Mütəxəssislər gərək bu cismi və ruhi müxtəlifliyə xüsusi diqqət yetirsinlər. Həmin fərqləri əhəmiyyətsiz sayanlar səhvən elə fikirləşirlər ki, qadın və kişi iş fəaliyyətləri, məsuliyyətlər və imkanlar baxımından eyni səviyyədə olurlar». Həmin gerçəklikləri nəzərə alaraq, İslam dini belə hökm edir: «Boşanma kişinin ixtiyarındadır».
Qadının xüsusiyyətləri elə bir şəkildədir ki, o, ən kiçik bəhanə ilə ailənin dağılmasına səbəb ola bilər. Ona görə də boşanma ixtiyarı kişiyə verilir. İslam evlənmə məsələlərində nə qədər rahatlıq və sadəlik yaradırsa, boşanma işlərində qarşıya bir o qədər çətinlik və maneələr çıxarır. İslam dini ailə ocağının sönməsini istəmir və onun əmin-amanlıq, anlaşma şəraitində davam etməsini istəyir. İslam ailə tellərinin möhkəmliyini qorumağa çalışır. Quran, kişilərə xitabən belə buyurur:
«Onlarla [qadınlarla] gözəl rəftar edin. Əgər onlara qarşı ikrah etsəniz, ola bilsin ki, sizdə ikrah doğuran hər hansı bir şeydə Allah sizin üçün çoxlu xeyir nəzərdə tutmuş olsun».(Nisa surəsi 19-cu ayə.)
Kişilərin bəzi vaxtlarda qadınlara qarşı bəslədikləri ikrah hissi və narahatlıqları aradan qaldırmaq üçün, Quran səbir və dözümlüklə ailə ocağını qorumağı tövsiyə edir. Çünki elə həmin qadınlarda bəzi şəraitlərdə ərləri üçün xeyir-bərəkət ola bilər ki, adi vaxtlarda kişilər bunu görə bilmirlər. Quran qadınlara belə sifariş verir:
«Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb-düzəlişmələrindən ər-arvada heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir». (Nisa surəsi 128-ci ayə.)
İslam Peyğəmbəri (s.ə.v.v) boşanmanı məzəmmət etmiş və onu çirkin işlərdən saymışdır. Həzrət Rəsuli-Əkrəm (s.ə.v.v) öz hədislərində bu barədə belə buyurur:
«Zərurət olmadan öz ərindən boşanmaq tələb edən qadını Allah öz rəhmət və mərhəmətindən məhrum edər».
«Evlənin, amma boşanmayın! Çünki, boşanma Allahın ərşini lərzəyə salır».
İslam dini kişiyə boşanmada ixtiyar versə də, ondan sui-istifadə etməyi qadağan edir. Müqəddəs şəriətimizdə boşanma qayda-qanunları elə bir şəkildədir ki, onlar boşanmaların sayının artmasının qarşısını alır. İslam dinində ər-arvad arasındakı ixtilafları boşanmaya qədər həll etmək üçün «ailə məhkəməsi» mövcuddur. Belə məhkəmələr bir çox məsələlərin həllinə kömək edir və ailəni dağılmaqdan qoruyur. Qərbdə isə hələ də bu cür məhkəmə mövcud deyil.
Həmin ailə məhkəməsində ər-arvad arasındakı ixtilafların səbəbləri araşdırılır və nəticə çıxarılır. Ər-arvada səmimi məsləhətlər verilir. Özlərinin ən yaxın qohumlarından belə sözləri eşidən kişi və qadın daha tez həmin məsələhətləri qəbul edirlər. Ailə məhkəmələri əksər hallarda sülhün yaradılmasına nail olurlar.
«Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, bir nəfər kişinin və bir nəfər də qadının adamlarından münsif təyin edib onların yanına göndərin. Əgər bu iki vasitəçi ər-arvadı barışdırmaq istəsə, Allah da onlara yardım edər. Allah hər şeyi biləndir və hər şeydən xəbərdardır». (Nisa surəsi, 35-ci ayə.)
Ər-arvad arasında sülh yaratmaq heç cür mümkün olmasa, onda boşanma zərurəti qarşıya çıxır. Ümumi məhkəmələrin əvvəldən belə işlərə baxması isə, adətən ixtilafları bir az da dərinləşdirir və əksər hallarda boşanmanın qanuniləşdirilməsi ilə sona çatır. Çünki, həmin məhkəmələr işə qanun çərçivəsindən baxıb qərar çıxarırlar. Bu halda onun ixtilaf səbəblərini araşdırmaqla sülh və barışıq yaratmasının arasında heç bir fərq olmur.
İki adil şəxsin boşanma vaxtı şahidliyi də əsas şərtdir.
«İki nəfər adil müsəlman kişini şahid tutun»(Təlaq surəsi, 2-ci ayə.)
Həmin iki ədalətli şahid olmadıqda boşanma batildir. Şahidlərin iştirakının faydalarından biri də budur ki, onlar boşanmadan qabaq ər-arvad arasında barışığın yaranmasına çalışırlar. Böhranın aradan qaldırılması üçün onların nəsihət və vasitəçiliyi bəzən yaxşı nəticə verir, ailənin dağılmasının qarşısını alır.
Boşanmanın gerçəkləşməsi üçün vacib olan şərtlərdən biri də qadının həmin ərəfədə heyz və nifas halında olmamasıdır. Bu müddətin başa çatması ilə nikahın qorunması üçün bir növ əlavə vaxt yaranır və mümkündür ki, həmin müddətin sona yetməsilə kişi boşanma fikrindən daşınsın.
«Zövcələrinizi boşadığınız zaman onları gözləmə müddətlərində [heyzdən pak olduqdan sonra] boşayın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları açıq-aşkar bir pis iş etməyənə qədər evlərinizdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlarıdır [hökmləridir]. Allahın müəyyən etdiyi hüdudları aşan şəxs özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad edə bilər [Ər-arvad arasında yenidən məhəbbət yarada bilər və onlar barışarlar]». (Təlaq surəsi, 1-ci ayə.)
Şübhə yoxdur ki, üç ay ərzində ərin evində gözləmə müddətini yaşayan qadına qarşı ərində yenidən məhəbbət hisslərinin yaranması ehtimalı çox böyükdür. Ona görə də Quran: «Ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin» deyə buyurur. Bu da qadının gözləmə müddətinin sonuna qədər ər evində qalmasının fəlsəfəsinə bir işarədir. «Rici təlaq»da (gözləmə müddətində kişinin boşanma niyyətindən dönməsi) kişinin qadına cüzi şəkildə öz meylini bildirməsi ilə yenidən əvvəlki münasibətlər bərpa edilə bilər.
İslamın bu qayda-qanunları bir çox ixtilafların aradan qalxmasına və ailənin qorunmasına səbəb olur. Həmin qaydalar və məhdudiyyətlər də boşanmanın qarşısını alan amillərdəndir. Bütün bunlar İslamın ailənin qorunması üçün nə qədər hikmətli və gözəl qanunlara malik olmasını sübut edir.
İslam dini qadın hüquqlarını müdafiə edərək, qeyri-sağlam mühitdə və yaşamaq mümkün olmayan şəraitlərdə boşanma üçün yol qoyur:
1. Nikah bağlanan vaxt qadın kişi qarşısında şərt qoya bilər ki, əgər onunla pis rəftar etsə və ya onun xərclərini ödəməsə və ya başqa qadınla evlənsə, onda qadın nikahı poza bilər;
2. Qadın intim məsələlərdə əri ilə həmkarlıq etməsə, əlacsız olaraq ər ona təlaq verir;
3. Qadının xərclərini ödəməyə aciz olan və ya bundan imtina edən, yaxud intim məsələlərdə vəzifələrini yerinə yetirməyən ərdən şəriət hakiminə şikayət etmək olar və əgər həmin iddiaların doğruluğu sübut olunsa, boşanma haqqında hökm verilir;
4. Əgər ər öz arvadını iffətsizlikdə günahlandırsa və ya övladlarının ondan olmamasını iddia etsə, qadın İslam məhkəməsinə şikayət edə bilər. Həmin iddialar sübut olunmazsa, belə nikah pozulur;
5. Əgər qadın öz mehriyyəsindən imtina etsə, kişi gözləmə müddətində onun xərclərini ödəməyə bilər. Bu halda da nikahı pozmaq olar;
6. Əri itmiş qadın onun barəsində heç bir xəbərə malik olmazsa və öz xərclərini təmin etməkdə çətinlik çəkərsə, şəriət hakiminə boşanmaq üçün müraciət edə bilər. Şəriət hakimi də mövcud şərtlər daxilində belə nikahın ləğv olunması haqqında qərar çıxara bilər.
İslam qanunlarında kişi qadına qarşı ikrahla yanaşdıqda nikahın pozulması nəzərdə tutulduğu kimi, qadının da ərinə qarşı eyni və ya ərinə əlavə bir şey verməklə boşanmaq tələbini irəli sürmək hüququna malik olması mövcuddur.
«[Ey kişilər!] onlara [qadınlarınıza] verdiyinizdən bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın hökmlərini yerinə yetirməkdən qorxduqları zaman mümkündür. Əgər onların [ər-arvadın] Allahın hökmlərini yerinə yetirməyəcəklərindən qorxarsınızsa, arvadın [kəbin haqqından] ərinə bir şey verməsində heç biri üçün günah yoxdur». (Bəqərə surəsi 229-cu ayə.)
Göründüyü kimi, İslam dini bu məsələlərdə qadın hüquqlarının qorunmasını tamamilə təmin edir. Peyğəmbərin (s.ə.v.v) dövründə aşağıda nəql olunan bir hadisə baş vermişdi. İbni Abbas deyir:
«Sabit ibni Qeysin həyat yoldaşı Cəmilə bir gün pərişan halda Peyğəmbərin (s.ə.v.v) hüzuruna gəldi və dedi: «Ya Rəsuləllah! Bu gündən etibarən mən Sabitlə yaşamağa razı deyiləm. Əlbəttə, onun imanından, əxlaq və davranışından şikayətim yoxdur. Amma onunla birgə yaşamağa davam etsəm, qorxuram ki, dinsizliyə düçar olum. Səbəbi də budur ki, bir gün qarşıdan gələn bir dəstə kişi ilə rastlaşdım və mənim ərim də onların içərisində idi. Bu dəstəyə diqqətlə baxıb gördüm ki, onların içərisində ən yaraşıqsız, qara və qısa boylu şəxs mənim yoldaşımdır. Bundan sonra özümdən asılı olmayaraq, ona qarşı məndə ikrah hissi yarandı. Ona görə də mən artıq, Sabitlə birgə yaşa bilmirəm».
Peyğəmbər (s.ə.v.v) bu sözləri dinlədikdən sonra Cəmiləyə öyüd-nəsihət verdi. Lahin bunların heç bir təsiri olmadı. Nəticədə, Sabit öz həyat yoldaşına həddindən artıq bağlı olmasına baxmayaraq, mehriyyə kimi verdiyi bağı geri almaqla, onu boşamağa razı oldu.
Bəzi vaxtlar kişi deyil, qadın boşanmaq istəyir. Bu növ ayrılıq bəzən məhkəməyə müraciət etməklə, bəzən bunsuz da mümkün olur. Məsələn, istər qadın, istərsə də kişi ruhi və psixi xəstəliyə tutularaq ağlını əldən versə, hər iki tərəf eyni səviyyədə nikahı ləğv etmək səlahiyyətinə malik olar. Kişinin intim məsələlərdə acizliyi də (cinsi ehtirasların olmaması) qadına nikahı pozmaq haqqı verir. Qarşı tərəfə kəskin ikrah hissi də əqdin ləğv olunmasına səbəb ola bilər.
Qərb cəmiyyətlərində ailə təməlinin sarsılması və boşanmaların hədsiz şəkildə artmasının səbəblərindən biri də uzun əsrlər boyu kilsənin boşanmaya ümumiyyətlə icazə verməməsidir. Xristianlıq boşanmanı qəti surətdə qadağan etdiyindən, axırda dövlətlər rəsmən ona icazə verməyə məcbur oldular.
Məsələn: Fransada boşanma 1789-cu il inqilabına qədər qadağan idi. Lakin 1804-cü ildə xalqın təzyiqi nəticəsində «yeni mədəni hüquq» layihəsində boşanmağa icazə verildi. Boşanmanın sürətli artımına görə, yenidən kilsənin təzyiqi ilə 1816 -cı ildə təlaq qadağan edilərək «müvəqqəti boşanma» qanununu qəbul etdilər. Yenə xalqın tələbi ilə 1884-cü ildə müəyyən məhdudiyyətlərlə boşanmağa icazə verildi. Həmin məhdudiyyət şərtləri bunlar idi:
1. Qadın və ya kişi aşağıda göstərilən cəzaların hər hansı biri ilə məhkum edildikdə: Edam, ömürlük həbs, sürgün, ictimai hüquqlardan məhrum edilmə və ağır cinayətlər;
2. Ər və ya arvadın hər hansı biri zina etdikdə; (Bu qanuna əsasən, qadın o zaman boşanma hüququ qazanır ki, əri öz yaşadığı yerdə zina etmiş ola.)
«Qadının xəyanəti hüquq-mühafizə orqanları tərəfindən tam şəkildə sübuta yetirilməlidir. Belə ki, əgər ər, ya arvad boşanmaq istədikdə, ər öz arvadının başqa kişilə qeyri-qanuni əlaqədə olmasını polisə xəbər verməlidir və polis də bunu qeydə almalıdır. Polis ərlə birlikdə həmin evə gəlib arvadın başqa kişiylə yatdığını isbat etdikdən sonra boşanmağa icazə verilməlidir!» Görün boşanmağa hansı iffətsizlik şəraitində icazə verilir. «Mədəni cəmiyyət» bir tərəfdən qadına ictimai-siyasi işlərdə yaxından iştirak etmək imkanı verir, digər tərəfdən isə onun belə bir alçaq vəziyyətdə rüsvay olmasına şərait yaradır;
3. Ər və ya arvad bir-birlərinə zərər vururlarsa, ya bir-birlərini təhqir edib söyürlərsə, boşanmağa icazə verilir.
Hal hazırda Fransa, Portuqaliya və İtaliyanın özündə «müvəqqəti boşanma» qanunu öz qüvvəsindədir. Bu qanuna görə, boşanmaq istəyən ər-arvad əvvəlcə üç il müddətində bir-birlərindən ayrı yaşamalıdırlar. Bu müddət ərzində qadın kişinin cinsi təmini və kişi qadının xərclərini ödəmək məsuliyyətini daşımır. Amma aralarındakı digər ər-arvad münasibətləri yerində qalır və üç il başa çatdıqdan sonra könüllü olaraq, ayrılmaq və ya birgə yaşamaq yolunu seçməlidirlər.
ABŞ-da isə boşanmaq üçün geniş imkanlar vardır. Bu səbəbdən də boşanma statistikasına görə Amerikaya çatan bir ölkə yoxdur. Orada qadınlar ən kiçik şeylər üstündə boşanma haqda məsələ qaldırırlar. Bu isə ailə əsaslarını dağıdan ən mənfi amildir. Əslində Qərb dünyası ailəni möhkəmlətmək əvəzinə ona zərbə vurur. Qadınların tam sərbəstliklə boşanma hüququna malik olduğu bütün ölkələrdəki statistik göstərişlər hər bir insanı dərindən düşünməyə vadar edir.
Məşhur qəzetlərdən biri belə yazırdı: «Fransada bir il ərzindəki boşanmaların 27%-i, Almaniyada 33%-i, İsveçdə 17%-i və Hollandiyada 36%-i qadınların modabazlığı ucbatından baş vermişdir. Halbuki, bu xüsusiyyət nə ailəni möhkəmləndirir, nə də qadının şəxsiyyətini yüksəldir. Qadınlara bu şəkildə boşanma ixtiyarı vermək mənasız işlər üstündə ailənin dağılmasına səbəb olur.
İslamda boşanma qanunlarının üstünlüyünü vurğulayan Valterin etirafını xatırlamaq yerinə düşərdi:
«Məhəmməd (s.ə.v.v) ağıllı bir qanunverici idi. O, istəyirdi ki, bəşəriyyəti bədbəxtlikdən, cahillikdən və fəsaddan xilas etsin. Öz arzusunu həyata keçirmək üçün kişi və qadının, uşaq və böyüyün, ağ və qara dərili bütün insanların hüquq bərabərliyini təmin etməyə çalışırdı. Şərqdə hakimlərin öz hərəmxanalarında saysız-hesabsız qadın saxlaması adətini ləğv edərək, bir kişinin yalnız ən çox dörd qadına malik ola bilməsini qanuniləşdirmişdi. Onun evlənmək və boşanmaq haqqındakı qanunları xristian qanunlarından nəhayətsiz dərəcədə üstündür. Quranın boşanma haqqındakı qanunlarından daha kamil bir qanun ola bilməz».
Şübhə yoxdur ki, İslam səadət və xoşbəxtlik bəxş edən bir dindir və heç vaxt xalqı bəlalara, bədbəxtliyə düçar etmək üçün göndərilməyib.
İslam dini insanlar üçün problemlər yaratmır və həyatın bütün sahələri üçün onun müsbət və dolğun göstərişləri vardır. Heç bir yerdə bəşəriyyətin səadətinə mənfi təsir göstərə biləcək proqramlar irəli sürmür. Buna görə də İslam saysız-hesabsız məziyyətlərə malik olan, ən yaxşı ayin və ən kamil dindir.
İslamın hüquqi əsasları ədalət və ictimai bərabərliklə uyğun olduğu üçün öz xüsusi məna dərinliyi ilə seçilir, müasir dövrün bütün tələblərinə cavab verir. Evlənmə və ailə-məişət qanunları ən mütərəqqi proqramlardandır ki, heç bir dində və hüquqi məktəblərdə onların tayı-bərabəri yoxdur. İslam dini ailə qurmağın çox əhəmiyyətli və lazımi bir iş olmasına təkid edir. Lakin, xristianlıqda evlənmək haqda qeyri-təbii qayda-qanunlara rast gəlirik. Xristian ruhani xadimlərinin ömürlərinin axırına qədər ailə qurmaması, onlar üçün hətta əxlaqi bir fəzilət sayılır! Vatikanda təşkil olunmuş konqreslərin birində belə bir qərar çıxarılmışdı: «Keçmişdə olduğu kimi, xristian ruhanilərin evlənməsi bəyənilməz bir işdir və kilsə bu barədə öz fikrini dəyişə bilməz».
Təbiidir ki, insanın təbii ehtiyacları və cinsi ehtirasları evlənmək vasitəsilə təmin olunmasa, insanın daxilində qeyri-sağlam və çirkin cinsi meyllər baş qaldırmış olar. Qərb cəmiyyətlərində yaramaz və üzdəniraq cinsi meyllərin baş alıb getməsində kilsənin xüsusi «xidmətləri» var.
İslamın insanlara həddi-buluğa çatan vaxt evlənmək üçün verdiyi göstərişlər təbii cinsi ehtirasların ödənməsi üçün ən yaxşı vasitədir. Aydındır ki, insan vaxtında evlənməsə, həmin istəklər onu ən alçaq və heyvani yollara sövq edə bilər. Bu gün Qərbdə insana yaraşmayan cinsi meyllərin ən iyrənc formaları çox geniş yayılıb.
İslam dini insanın öz ailə-uşaqlarını sevməsini bəşəriyyətin yüksək dəyəri adlandıraraq buyurur: «Öz qadınlarını və uşaqlarını sevmək insanın zinətidir».
İslam 14 əsr bundan qabaq cəmiyyətdə fəsad və əxlaqsızlığın qarşısını almaqdan ötrü müvəqqəti kəbinə icazə vermişdi. Cahiliyyət dövründə qanunsuz cinsi əlaqələr və fahişəlik adi hal almışdı. Açıq şəkildə mövcud olan fahişəxanalar cəmiyyətdə pozğunluğun yayılmasına kömək edirdi. İslam dini əxlaqın qorunması və tərbiyəsizliyin azaldılması üçün müvəqqəti kəbinə icazə verdi.
O vaxt Peyğəmbərin (s.ə.v.v) carçısı küçə və bazarlarda nida edirdi: «Ey camaat! Allahın Rəsulu (s.ə.v.v) sizə müvəqqəti evlənmək üçün icazə vermişdir. Cinsi ehtirasları sakitləşdirmək üçün düzgün yoldan istifadə edin və cinsi tərbiyəsizlikdən , zina və qanunsuz əlaqələrdən çəkinin!».
Bu qanuna əsasən, kişi və qadın daimi izdivacla yanaşı, müəyyən müddət davam edən ər-arvadlıq münasibətləri də qururdular.
Həmin dövrdə müvəqqəti ər-arvad əlaqələrinə riayət edilirdi. Müvəqqəti nikahda varislik qanunları, kişinin qadını yemək-içmək, pal-paltar və məskənlə təmin etməsi vacib olmur. Amma nizam-intizamı qorumaq üçün digər qayda-qanunlar yerinə yetirilir və qadın da müxtəlif hüquqlara malik olurdu. Quranda buyurulur:
«Daimi və ya müvəqqəti evlənmə üçün seçdiyiniz qadınların mehriyyələrini lazımı qaydada verin».
İzdivacda müddət müəyyən edilməsə o, daimi evlənmə hesab olunur. Müəyyən müddətlə məhdudlaşan nikah isə müvəqqəti izdivac sayılır. Müvəqqəti kəbindən olan övladlar daimi nikahdan olan övladlarla hüquqi baxımdan heç nə ilə fərqlənmirlər və bütün imtiyazlardan istifadə edə bilərlər.
Fahişəliyin geniş yayılma səbəblərindən biri də müvəqqəti nikah bağlamaq imkanının olmamasıdır. Adətən daimi evlənmə üçün lazımi şərait olmadığından və ya maddi imkanların çatışmazlığı ucbatından çoxları ailənin ağır məsuliyyət yükü altına girməyə razı olmurlar. İş dalınca və ya ticarət üçün uzun müddətli səfərə gedən şəxslər, xüsusilə də cavanlar cinsi ehtirasların təmin olunması ehtiyacı ilə üzləşirlər. Bunun da müsbət həlli yalnız müvəqqəti kəbinlə mümkündür. Əks təqdirdə qanunsuz əlaqələr qaçılmaz bir iş olacaq. Bu mütərəqqi qanun xüsusi şəraitdə və şəri qanunlar çərçivəsində düzgün icra olunsa, fəsad və əxlaqsızlığın qarşısı müəyyən mənada alına bilər. Burada «düzgün icra» ifadəsindən məqsəd, bəzi fürsəttələb şəxslərin bu qanundan sui-istifadə etməsinin qarşısını almaq üçündür. Çünki bəzi şəxslərin yaramaz hərəkətləri bu qanuna qarşı qərəzli və müxalif mövqe tutan şəxslərin əks-təbliğatına geniş imkan yaratmışdır. Halbuki, müvəqqəti izdivac pak bir evlənmə növüdür. Bu qanun günahlara etina etməyən şəxslərin qarşısını almaq, fəsad və fahişəliklə mübarizə aparmaq üçün ən düzgün mexanizmdir.
Şübhəsiz, bu qanun ictimaiyyəti islah etmək üçün nəzərdə tutulub. Ondan sui-istifadə edildikdə bunun qarşısı qətiyyətlə alınmalıdır. İmam Məhəmməd Baqir (ə) həzrət Əli (ə)-dan belə nəql edir: «İkinci xəlifə müvəqqəti kəbini qadağan etməsəydi, çox alçaq və pozğun adamlardan savayı heç bir müsəlman zina etməzdi».
Peyğəmbərin (s.ə.v.v) öz dövründə müvəqqəti nikaha icazə verilir və bu qanuna əməl edilirdi. Amma Ömər naməlum səbəblərə görə xəlifəliyinin son dövründə bu məşhur cümləsi ilə onu qadağan etdi: «Rəsuli-Əkrəm (s.ə.v.v) zamanında icazə verilən və əməl olunan iki mütəni mən qadağan edirəm: Biri həcc mütəsi, digəri qadın mütəsi». Aydındır ki, Ömər öz şəxsi fikrinə əsasən müvəqqəti nikahı qadağan etmişdi. Peyğəmbərin (s.ə.v.v) bir çox səhabələri onun bu göstərişinə etina etmirdilər və müvəqqəti izdivacı halal sayırdılar. Müasir dövrdə fitnə-fəsadın təhrikedici hücumları cavanların əxlaqına çox pis təsir etməkdədir. Pornoqrafik şəkillər və filmlər hər addımda cavanları əxlaqsız əməllərə sövq edə bilər. Belə şəraitdə mömin gənclər çox ağır təzyiqlər qarşısında qalırlar. Bəs bu halda onların təbii ehtiyaclarını təmin etmək üçün hansı yoldan istifadə edilməlidir? Məgər bütün cavanlar öz nəfslərini saxlamağa qadirdirlərmi? Ehtiraslarını şiddətli təzyiq altında saxlayan həmin gənclər öz səbr və dözümlüklərini nə vaxta qədər qoruya bilərlər? Belə şeylər ümumiyyətlə bəşəriyyət üçün böyük təhlükələr yaradır və İslam təlimləri ilə ziddir. Quran açıq şəkildə belə buyurur:
«Allah [Öz dini üçün] sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı».(Həcc surəsi, 78-ci ayə.)
Əgər şəriətin icazə verdiyi yolu bağlayırlarsa, onda cavanlar nə etməlidirlər? Əxlaqa və dinə zidd olan yola qayıtmalıdırlarmı? Quran buyurur:
«Siz xeyirli olan şeyləri alçaq şeylərlə dəyişdirmək istəyirsiniz?»
[(Bəqərə surəsi, 61-ci ayə.)
Müvəqqəti izdivac qanununa əməl etməməklə minlərlə dul və baxımsız, ağır şəraitdə yaşamağa məcbur olan qadınların maddi ehtiyaclarını təmin etmək mümkündürsə də, onların intim ehtiyaclarını necə ödəmək olar? Müvəqqəti kəbin isə qeyri-qanuni və əxlaqsız əməllərin qarşısını almaq üçün ən yaxşı yoldur. Bu gün Qərb ölkələrində qanunsuz kişi-qadın münasibətləri çox geniş yayılıb və cinsi həyatda hərc-mərclik hökm sürür. Hətta Qərb mütəfəkkirləri cürbəcür xəstəliklərin və fahişəliyin qarşısını almaqdan ötrü müvəqqəti kəbin qanununun tətbiq edilməsini istəyirlər. İngilis alimi Bertrand Rassel belə deyir:
«Müasir dünyada ictimai-iqtisadi problemlər bizim istəklərimizin xilafına olaraq, cavanların evlənmə məsələsini təxirə salır. Bir əsr bundan öncə əgər bir tələbə 17-20 yaşlarında təhsilini başa vururdusa, onun evlənmə məsələsi birinci növbəli iş sayılırdı. 40 yaşına qədər ailə qurmayanların sayı həddən artıq az idi. Lakin indiki cavanlar təhsillərini başa vurduqdan sonra bir müddət işləmək məcburiyyətində qalır, ailə qurmaq haqqında isə heç fikirləşmək belə istəmirlər. 35 yaşından sonra evlənmək adi hala çevrilib. Cinsi ehtirasların aşıb-daşdığı həmin dövrdə cavanlar istər-istəməz qeyri-qanuni yollarla öz istəklərinin təmin edilməsinə çalışırlar. Bunun isə heç vaxt yaxşı nəticələri olmur. Həmin dövrdəki şərait fəsad və əxlaqsızlığa qurşanmaq, sağlamlığa vurulan ziyanlarla müşahidə edilir. Bəs bunların qarşısını almaq üçün nə etməliyik?
Cavanların bu həssas dövrdəki problemlərini yalnız müvəqqəti kəbinlə həll etmək olar. Bu qanun onları müxtəlif fəsadlardan, qanunsuz əlaqələrdən, cürbəcür xəstəlik və günahlardan xilas edə bilər.»
Amerikalı professor Vilhelm Van Lum belə yazırdı:
«Psixoloji sahələrdəki elmi təcrübələr sübut etmişdir ki, kişilər bir müddət ailə həyatı sürdükdən sonra, onlarda təzə evləndikləri vaxt mövcud olan hisslər zəifləyir. Bu cəhətdən də onlar cinsi pozğunluqlara meyl edirlər. Mövcud statistik göstəricilərdən məlum olur ki, evli kişilərin 65%-dən çoxu öz arvadlarına xəyanət edirlər (Əlbəttə, burada Qərb ölkələri nəzərdə tutulur). Bunun qarşısını almaq və belə münasibətləri tənzim etmək üçün dövlət müvəqqəti nikah barədə qanun qəbul etməlidir».