BİRİNCİ FƏSİL
İNSAN, İSLAM DÜNYAGÖRÜŞÜNDƏ
İnsana aid olan islam dünyagörüşündə təəccüblü əhvalatlar olmuşdur. O, yalnız iki ayaq üzərində yeriyən və nitqə malik olan bir varlıq deyildir. Quran insanın çox sirli və əsrarəngiz bir varlıq olduğunu bəyan edir. Burada biz insanın həm tərif və təşviq olunduğunun, həm də məzəmmətlənib danlandığının şahidi oluruq. O, bəzən mələklərdən üstün tutulur, bəzən hətta dörd ayaqlı heyvanlardan belə, aşağı səviyyəyə endirilir. Quran insanın malik olduğu istedad sahəsində onun təbiətə hakim ola bilməsini və mələkləri öz ixtiyarına ala biləcəyini, eyni zamanda öz çirkin əməlləri ilə Cəhənnəmin ən aşağı təbəqəsi olan «Əsfəlus-safilin»ə süqut edəcəyini bəyan edir. Demək insan, taleyini özü müəyyən etməli və özünə aid olan bütün məsələlərdə son nəticəyə gəlməlidir.
Burada söhbətimizi «insani dəyərlər» adlı bir bəhslə başlamaq istəyirəm.
1. İnsan Allah-taalanın yer üzərindəki xəlifəsidir.
([Ya Məhəmməd!] Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə [canişin] yaradacağam», – dedikdə, mələklər: «Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsimi yaratmaq istəyirsən?» – söylədilər. Allah [onlara]: «Mən bildiyim şeyi siz bilmirsiniz!» – buyurdu.) (Bəqərə-30).
([Ey insanlar!] Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur.) (Ənam-165).
2. İnsanın elmi tutumu məxluqatın malik ola biləcəyi tutumlardan daha üstündür.
([Allah Adəmi yaratdıqdan sonra] Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları [həmin şeyləri] mələklərə göstərərək: «İddianız doğrudursa, bunların adlarını mənə bildirin!» – dedi. Onlar: «Sən pak və müqəddəssən! [Bütün eyb və nöqsanlardan kənarsan!] Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən» - dedilər. [Sonra] O: «Ey Adəm, bunların [kainatda mövcud olan əşyanın] adlarını onlara bildir!» -dedi. Adəm mələklərə bunların adlarını xəbər verdikdə, Allah: «Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin zahirə çıxardığınız, yaxud gizli saxladığınız işləri bilirəm, söyləmədimmi?» - buyurdu.) (Bəqərə-31-33).
3. O, Allahtanıma fitrətinə malikdir; İnsanın batinində Allahı dərk edən bir qüvvə [vicdan] vardır. Bütün inkar və tərəddüdlər, batini [mənəvi] çatışmazlıqlar insanın təbiətindən qaynaqlanır.
([Ey Peyğəmbərim!] Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən [gələcək] nəsillərini çıxardıb onları özlərinə [bir-birinə] şahid tutaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?» - soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!» - deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: «Biz bundan qafil idik».) (Əraf-172).
([Ya Rəsulum!] Allah tərəfindən qarşısıalınmaz gün [qiyamət günü] gəlməmişdən əvvəl üzünü düzgün dinə [islama doğru] çevir. O gün insanlar [haqq-hesab çəkildikdən sonra] bölük-bölük [iki dəstə] olarlar. [Möminlər Cənnətə, günahkarlar isə Cəhənnəmə gedərlər]). (Rum-43).
4. İnsan təbiətində mövcud olan maddi ünsürlərdən başqa, ayrı bir ilahi ünsür də vardır. İnsan, təbiət və metafizikadan, maddə və mənadan, cism və candan ibarət olan bir varlıqdır.
(O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı [Adəmi] yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif dəyərsiz sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan [özünün yaratdığı ruhdan] üfürdü [həyat verdi]. O, sizə göz, qulaq və ürək verdi. Siz [bu nemətlərə] az şükr edirsiniz!) (Əlif, lam, mim – səcdə-7-9).
5. İnsanın yaradılışı təsadüfi bir iş deyil, əvvəlcədən düşünülmüş və müəyyənləşdirilmiş bir işdir. İnsan seçilib-sayılmış bir məxluqdur.
(«Sonra Rəbbi [tövbə etdirməklə] onu seçdi. [Özünə yaxınlaşdırdı], tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.) (Taha-122).
6. Allahın yer üzündəki əmanətdarı olan insan azad və müstəqil şəxsiyyətə malikdir. Onun öhdəsinə ağır məsuliyyətlər düşür. İnsan yer üzünü abadlaşdırmalı və özü öz ixtiyarı ilə ya səadət, ya da zillət yolunu seçməlidir.
(Biz əmanəti [Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü. [İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi]). (Əhzab-72).
Həqiqətən, Biz insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz onu [dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik. Biz onu eşidən və görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir]). (Dəhr-2-3).
7. İnsan zati kəramət (hörmət) və şərəfə malikdir. Allah-taala onu digər məxluqatdan üstün tutmuşdur. O, yalnız o zaman özünün həqiqi varlığını dərk edər ki, bu zati xüsusiyyətləri başa düşsün, rəzilət, nadanlıq, əsarət (başqalarından asılılığı) və nadanlığı özündən uzaqlaşdırmış olsun.
(Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda [gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə] mindirib sahib etdik, özlərinə [cürbəcür nemətlərdən] təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. [İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boyun-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükr edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!) (İsra-70).
8. O, vicdani və batini əxlaqa malikdir. Fitri ilham ilə gözəllik və çirkinliyi dərk edir.
And olsun nəfsi [insanı və ya insan nəfsini] yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini [xeyir və şəri] öyrədənə ki, nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır. (Şəms-7-9).
9. O, yalnız Allahı yad etməklə rahatlıq tapır. Onun istəkləri sonsuz və əbədidir. Allahın müqəddəs Zatından başqa ələ gətirdiyi hər şeydən doyur və uzaqlaşmaq istəyir. İstədiyi yeganə şey varsa, o da Allahın müqəddəs Zatına qovuşmaqdır.
(O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!) (Rəd-28).
(Ey İnsan! Sən [ölənə qədər] Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!) (İnşiqaq-6).
10. Yer üzündə mövcud olan bütün nemətlər insan üçün yaradılmışdır.
(Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur [Allahdır!] O, hər şeyi biləndir). (Bəqərə-29).
(Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!) (Casiyə-13).
11. İnsan yalnız Allaha ibadət etmək və Onun əmrinə itaət etmək üçün yaradılmışdır.
(Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.) (Zariyat-56).
12. İnsan özünü yalnız Allahına itaət etməklə dərk edir. Əgər o, Allahını unudarsa, özünü unutmuş olar, artıq özünün kim olduğunu, nə üçün yarandığını, nə edəcəyini və haraya doğru gedəcəyini bilməz.
(Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə bənzəməyin.) (Həşr-19).
13. Dünyasını dəyişdiyi andan gözləri önündən «can» və «mən» pərdəsi götürülər və dünyada onun üçün gizli olan həqiqətlər aşkar olar.
(Ona belə deyiləcəkdir:] «Sən [dünyada] bundan [bu müdhiş günə uğrayacağından] qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən artıq sərrast görürsən!»). (Qaf-22).
14. O, yalnız maddi maraq üçün fəaliyyət göstərməyir və onu hərəkətə gətirən qüvvə yalnız maddi istəklər deyildir. İnsan bəzən ali hədəflər uğrunda da çalışır. Bəzən bütün fəaliyyət və səylərini yalnız Allahın razılığını əldə etmək üçün həyata keçirir.
[Qiyamət günü Allah-taala mömin kimsəyə belə buyuracaqdır:] [Ey öz imanından, əməlindən və Allahın vədindən] xatircəm olan kəs! [Və ya ey arxayın nəfs!] Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!) (Fəcr-27-28).
(Allah mömin kişilərə və qadınlara [ağacları] altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə [bunların hamısından] daha böyükdür. Bu ən böyük qurtuluş və uğurdur.) (Tövbə-72).
Dediklərimizdən belə məlum olur ki, Quran nöqteyi-nəzərindən insan Allah-taalanın yer üzərində təyin etdiyi xəlifə – yarı maddi və yarı ilahi olan bir varlıqdır. Allahtanıma fitrətinə malik olan azad, müstəqil, əmanətdar, özünə və ətraf mühitə qarşı məsuliyyət hiss edən və nəhayət təbiətə hakim olan məxluqdur. Onun yaradılışı zəif bir mərhələdən başlayır və getdikcə kamala doğru yüksəlir, amma yalnız Allahı yad etməklə rahatlıq tapır. İnsanın elm və əməl çərçivəsi məhdud deyildir. Zati hörmət və şərəfə sahib olan insan bəzən maddiyyata meyl etmədən məqsədinə nail olur. Ona ilahi nemətlərdən qanuni olaraq səmərəli istifadə etmə ixtiyarı verilmişdir, amma bütün bunlarla yanaşı onun Allah qarşısında müəyyən vəzifə və məsuliyyətləri də vardır.
İnsan eyni zamanda Qurani-kərimdə danlaq və tənqid atəşinə də tutulmuşdur.
(O [insan] çox zalim və nadandır.) (Əhzab-72).
(Həqiqətən insan [Allahına qarşı] çox nankordur) (Həcc-66).
(Özünün dövlətli olduğunu [bir şeyə ehtiyacı olmadığını] gördüyü zaman tüğyan edir.) (Ələq-6-7).
(İnsan [hər şeydə] tələsəndir, gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz.) (İsra-11).
(İnsana bir sıxıntı [xəstəlik, yoxsulluq, bəla] üz verən zaman [uzananda da, oturanda da, ayaq üstə duranda da] Bizə dua edər; Lakin onu sıxıntıdan qurtardıqda, ondan ötrü [əvvəlcə] bizə heç dua etməmiş kimi çıxıb gedər. [Allaha şükr etməyi də unudub yaramaz işlərinə davam edər]. Müşriklərə etdikləri əməllər beləcə yaxşı göstərildi.) (Yunis-12).
(İnsan [nə qədər varlı olsa da təbiəti etibarilə] xəsisdir.) (İsra-100).
(İnsan isə [bütün məxluqatın içərisində] ən çox mübahisə edəndir. [Haqqa boyun qoymaz, öyüd nəsihət qəbul etməyib batilə uyar].) (Kəhf-54).
(Həqiqətən insan [sərvətə] çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar.) (Məaric-19-21).
Quran insanı gözəl, yoxsa çirkin bir məxluq kimi qələmə verirmi?
İnsan iki müxtəlif təbiətə – zülmət və nuraniyyətə malik olan bir varlıqdırmı?
Necə olur ki, Quran onu həm yüksək dərəcələrə qalxmaqda mədh [tərif], həm də insanlığın ən alçaq dərəcəsinə süqut etməkdə məzəmmət edir?!
Onun həm tənbeh, həm də məzəmmət olunması heç də iki təbiətə – mədh və məzəmmətə malik olması demək deyildir.
Quran nöqteyi-nəzərindən insan müxtəlif istedadlara malikdir. O, kamala çatmaq üçün öz istedadlarından səmərəli istifadə etməlidir. Bunun isə əsas şərti insanda imanın olub-olmamasıdır. İmanın vasitəsilə təqva, saleh əməl və Allah yolunda çalışmaq müvəffəqiyyəti hasil olur. Yalnız imanla elmi, sui-istifadədən xaric edib faydalı bir şeyə çevirmək olar.
Allah-taalanın yer üzərindəki xəlifəsi olan insan mələklərin səcdəgahıdır. Hər şey onun üçün və onun kamala çatması üçün yaradılmışdır. İnsan dedikdə, imanı da nəzərdə tutmaq lazımdır. İmansız insan naqis bir varlıqdır. Belə bir insan həris, zalim, paxıl, kafir və hətta heyvandan da aşağı səviyyədə olar.
Qurani-kərimdə mədh və məzəmmət olunan insanların xüsusiyyətləri bəyan olunmuşdur. Bu ayələrdən belə məlum olur ki, Allahdan uzaq və imansız şəxslər həqiqi insan deyillər.
Əgər insan yeganə olan həqiqətə iman gətirərsə, Ona pənah aparıb özündə mənəvi rahatlıq hiss edərsə, kamala çatmış olar. Ondan – yəni Allahdan uzaq düşdükdə isə, kökündən ayrı düşmüş ağaca bənzər.
Misal olaraq bu ayələrdən ikisinə işarə edirik.
(And olsun axşam çağına [ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə] ki, insan [ömrünü bihudə işlərə sərf etməklə dünyanı axirətdən üstün tutmaqla] ziyan içindədir!
Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! [Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!]) (Əsr surəsi).
(Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onlar [Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini] anlamazlar. Onların gözləri vardır, lakin onunla [Allahın möcüzələrini] görməzlər. Onların qulaqları vardır, lakin onunla [öyüd-nəsihət] eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də [ondan daha çox zəlalətdədirlər]. Qafil olanlar da məhz onlardır!) (Əraf-179).
İNSANIN MÜXTƏLİF XÜSUSİYYƏTLƏRİ
Qeyd olunanlardan belə məlum olur ki, insan digər varlıqlarla müştərək xüsusiyyətlərə malik olmaqla yanaşı, bəzi hallarda onlardan uzaq düşmüşdür. İnsan maddi-mənəvi bir varlıqdır.
Onu digər canlılardan fərqləndirən xüsusiyyətlər ümumilikdə üç qismə bölünür:
1. Özünü və ətraf mühiti dərk və kəşv etməsi;
2. İnsanı əhatə edən cazibələr;
3. Bu cazibələrin təsiri altına düşüb onlardan birini seçmək.
ƏTRAF MÜHİTİ DƏRK ETMƏK QABİLİYYƏTİ
Heyvanat aləmi onları əhatə edən ətraf mühiti hiss orqanları ilə dərk edirlər. Bu, insan və heyvanat aləmi arasında olan müştərək xüsusiyyətdir. Bəzən onların bir sıra hiss etmə qabiliyyəti insandan daha güclü olur. İnsan və heyvanların hiss orqanları ilə əldə etdikləri məlumatlar adətən səthi və zahiri olur; Yəni əşyaların mahiyyət və zatına və onlar arasında bərqərar olunan rabitəyə toxunulmur. Amma heyvanat aləmindən fərqli olaraq, insanda özünü və ətraf mühiti dərk etmək üçün özünəməxsus bir qüvvə vardır. Bu qüvvə onun əql və zəkasıdır. O, əql və düşüncə ilə aləm və təbiət üzərində hakim olan qanunları kəşf edib üzə çıxarır və ondan gündəlik həyatında səmərəli istifadə edir. Bir qədər əvvəl bu haqda söhbət edərkən qeyd etdik ki, insana xas olan əqli mərifət ən sirli tanışlıq mexanizmidir. Əgər bu mexanizmdən düzgün istifadə olunarsa, insanın özünün sirli dünyası da tanınar və aşkara çıxarılar. Belə bir mərifət və tanışlıqda insan ətraf mühitlə hiss orqanları ilə təmasda olmadan həqiqəti birbaşa dərk edir. İnsan hiss orqanları ilə dərk edə bilmədiyi varlıqları, xüsusilə Allaha fəlsəfi mərifəti məhz əql və düşüncə ilə əldə edə bilər.
İNSANI ƏHATƏ EDƏN CAZİBƏLƏR
Cazibəyə gəldikdə isə, insan da digər canlılar kimi müxtəlif maddi və təbii cazibələrin təsiri altına düşür; Yuxuya, istirahətə, qidaya, cinsi əlaqəyə olan meyl onu maddə və təbiətə doğru sövq edir. İnsanı özünə cəlb edən cazibələr isə bunlara aid deyildir. Digər cazibələr insanı qeyri-maddi yönümlərə çəkir. Yəni bu cazibənin nə həcmi, nə də ağırlığı vardır və onları maddiyatla müqayisə etmək də mümkün deyildir.
Bu günlər bizə məlum olan və qəbul etdiyimiz mənəvi cazibələr bunlardan ibarətdir.
İnsan elmə, yalnız onu təbiətə hakim olmaq və ondan bəhrələnmək üçün yiyələnməyir. O, öz batinində daim həqiqəti sevir və onu ələ gətirmək istəyir. Elm və bilik insana xüsusi zövq və ləzzət bəxş edir. Keçmiş haqda əldə olunan məlumatlar, onun maddi və mənəvi həyatının yaxşılaşmasına böyük təsir göstərir. Bəzən insan ona fayda verməyəcək şeyləri də tədqiq edib öyrənməyə çalışır. İnsanın təbiəti onu cəhalət və nadanlıqdan uzaqlaşdırıb elm və biliyə doğru sövq edir. Bu səbəbdən də elm və bilik insana xas olan xüsusiyyətlərdəndir.
İnsan gördüyü bir çox işləri xeyir gətirmək və ya hansısa ziyanı dəf etmək üçün deyil, sevgi, məhəbbət və insansevərlik üzündən həyata keçirir. İnsanda mövcud olan bu xüsusiyyət «əxlaqi yaxşılıq» adlanır. O, bütün bu işləri insanlığın tələbatı olduğuna yəqin etdikdən sonra həyata keçirir. Bir anlıq bir şəxsin susuz və səhrada yolunu azdığını gözünüz önünə gətirin. Belə bir ağır şəraitdə başqa birisi ona yol göstərir və əlindən gələn köməkliyi edir. Onlar bir-birindən ayrılır və uzun müddət görüşməyirlər. Bir neçə il keçdikdən sonra taleh onları yenidən görüşdürür. Bu dəfə əksinə olaraq bir zaman səhrada yolunu azmış şəxsə nicat verən xeyirxah insan özü çıxılmaz vəziyyətə düşür. O, dərhal həmin şəxsin bir gün ona nicat verdiyini xatırlayır. Belə bir şəraitdə onun vicdanı nə hökm edəcəkdir? Əlbəttə, batini bir qüvvə ona – yaxşılıq əvəzinə yaxşılıq et! – deyə əmr edəcəkdir. Başqalarına yaxşılıq və ehsan etmək vacibdirmi? Cavab müsbətdir. Əgər başqa birisi ona kömək etmişsə, digərləri bu haqda nə fikirləşər? Etinasızlıq edərək heç bir əksül-əməl göstərməkdikdə necə?
Təbii ki, köməklik edərsə başqaları da ona «afərin!» deyəcək, etinasızlıq etdikdə isə, onu danlayıb tənbeh edəcəklər. Çünki belə olduqda insan vicdanı Quranın bu ayəsini hökm edir:
(Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!) (Ərrəhman-60).
Digər tərəfdən insan vicdanı, yaxşılıq əvəzinə yaxşılıq edəni tərif edib, afərin deməyi, etinasızlıq edənləri isə danlayıb, tənbeh etməyi hökm edir. İnsanın fitrətindən irəli gələn bu kimi işlərə «əxlaqi yaxşılıq» deyilir.
Onun gördüyü bir çox işlər maddiyat üçün deyil, əxlaq və ya başqa sözlə desək «əxlaqi dəyərlər» əsasında həyata keçirilir. Deməli məlum olur ki, insanın mənəvi xüsusiyyətlərindən birini də «əxlaqi dəyərlər» təşkil edir. Belə ki, biz bu xüsusiyyəti digər canlılarda görmürük. Çünki heyvan üçün əxlaq və əxlaqi dəyərlər heç bir məna və məfhum kəsb etməyir.
İnsanın digər mənəvi xüsusiyyətlərindən biri də onun gözəlliyə olan meyl və əlaqəsidir. Onun həyatına məna bəxş edən məhz bu mənəvi xüsusiyyətdir. İnsan hər şeyi gözəl görmək istəyir. İsti və soyuqdan qorunmaq üçün geydiyi paltarın tikilişinin gözəlliyinə böyük əhəmiyyət verir. Yaşayış evlərinin tikilişində və süfrə salarkən ilk növbədə gözəlliyə, səliqəyə diqqət yetirir. İnsan adının, geyindiyi paltarın, xəttinin, yaşadığı küçə və şəhərin, bir sözlə gözləri önündə canlanan hər bir şeyin gözəl olmasını istəyir. Heyvan üçün gözəllik heç bir əhəmiyyət kəsb etməyir. Onun üçün sığındığı yerin və üzərinə qoyulan palanın gözəlliyi deyil, rahatlığı və təhlükəsizliyi əhəmiyyət kəsb edir.
Hələ qədim zamanlardan bəri insan ruhunun təcəllisi olan pərəstiş və ibadət onu dəyərləndirən mənəvi xüsusiyyətlərdən biri olmuşdur. Bəşəriyyətin tarixinə nəzər saldıqda belə məlum olur ki, insan harada yaşamışsa, daim ibadətə qapılmış və bütün ümidini ibadət etdiyi ilahi qüvvəyə dikmişdir. Fərqlənən yalnız məbudlar (ibadət olunan cism və ya varlıqlar) olmuşdur. Məbudlar zaman və məkanda fərqli olaraq müxtəlif formalardan ibarət olmuşlar. Kimisi öz əli ilə yonduğu daş, dəmir, taxta bütlərə ibadət etmiş, kimisi dəstə halında dini rəqs mərasimləri keçirmiş, digəri isə Allahını zikr edərək Ona sidq ürəklə ibadət etmişdir.
Peyğəmbərlər bəşəriyyətə düzgün ibadət gətirmişlər. Onlar bəşəriyyətə ibadəti necə həyata keçirməyi, daha dəqiq desək, necə əməl olunmasını öyrətmiş və tək olan Allahdan başqa digər varlıqlara ibadət etməyi qadağan etmişlər.
Dini qanunlar baxımından və bəzi dinşünas alimlərin fikrincə, bəşər əvvəldə tək olan Allaha ibadət etmiş və müvəhhid [təkallahçı] olmuşdur. Onun aya, günəşə, ulduzlara, bütlərə, insanlara pərəstiş etməsi isə sonralar müxtəlif hadisə və cərəyanlar nəticəsində meydana gəlmişdir. Yəni insan öz ibadi həyatını bütlərə və nəticədə təkamülə doğru hərəkət edərək yeganə Allaha ibadət etməklə başlamamışdır. İbadət hissi bəzən dini hiss də adlandırılmışdır. Qeyd etmək lazımdır ki, bu hiss bütün insanlarda mövcud olmuş və olmaqdadır.
Erik From deyir:
«İnsanın canlılara, qızıl, daş bütlərə, gözə görünməyən Allaha, müqəddəs və ya şeytansifət bir şəxsə pərəstiş və ibadət etməsi mümkündür. O, öz millətinə, qohum-əqrəbasına, qəbiləsinə və ya hər hansı bir partiya və ya cəmiyyətə də pərəstiş edə bilər... O, ya öz etiqadlarına agah olduqdan sonra digər etiqadlardan fərqli olaraq, onu din kimi qəbul edir və ya əksinə olaraq dinin mövcud olmadığını güman edir. Məsələ dinin olub-olmamasında deyil, hansı dinin olmasındadır.»
Vilyam Ceyms, İqbalın söylədiklərinə əsasən deyir:
İnsanların əksəriyyəti istər daimi, istərsə də təsadüf üzündən ona üz tuturlar. Yer üzünün ən nadan insanı da, belə bir yüksək diqqəti nəzərə alaraq özünü dəyərli həqiqət hesab edir.
Vilyam Ceyms bu hissiyyatın hamı üçün eyni olduğunu vurğulayaraq deyir:
«İnsanların bir-birindən fərqli olaraq təsir altına düşmələrini bir növ daimi hissiyyat ehtimalı adlandırmaq olar. Bəziləri üçün bu məsələyə diqqət yetirmək başqalarından daha çox əhəmiyyət kəsb edir. Bu xüsusiyyətə malik olanlar adətən dinpərəst olurlar. Amma mən yəqin bilirəm ki, bunu qətiyyətlə rədd edənlər özlərini aldatmış olurlar və həqiqətən onlar müəyyən qədər də olsun dindardırlar.»
Əfsanəvi qəhrəmanların, alim və tanınmış şəxsiyyətlərin məqamlarını həddindən artıq şişirdərək onlara pərəstiş etmək, məhz insanın müqəddəsləşdirmə hissiyyatından irəli gəlir. İnsanların yaşadıqları məntəqəni, üzv olduqları partiya və ya təşkilatları, yolunda canlarını fəda etməyə razı olduqları məslək və əqidəni, bayraq, gerb və digər atributları müqəddəsləşdirməsi bir daha onun bu daxili hissiyyatına qayıdır. İnsan müqəddəs hesab etdiyi hər bir şeyi gözəl və bütün eyb və nöqsanlardan uzaq bilir. Onun məxluqata pərəstiş etməsinin əsas səbəbi əqidəvi pozğunluq və şəkk-şübhəyə düçar olmasıdır.
İnsan öz məhdud vücudu ilə ibadət zamanı eyb və nöqsandan uzaq olan və heç bir məhdudiyyəti olmayan varlığa qovuşmaq istəyir.
Əsrin dahi alimi Eynşteyn bu haqda deyir:
«İbadət zamanı insan özünün kiçik bəşəri hədəf və arzularından agah olur, təbiət, kainat və ona hakim olan nizamın əzəmətini dərk edir.»
İqbal deyir:
«İbadət həyati və adi bir əməldir. Onun vasitəsi ilə biz şəxsiyyətimizin (vücudumuzun] kiçik adasını böyük aləmdə kəşf edirik.»
İbadət insanda mövcud olan meyl, imkan və bacarıqları biruzə verir, maddiyyat sərhədlərindən xaricolma bacarığı və daha geniş, daha uca üfüqlərə qovuşmaq meyli sayılır. Belə bir meyl və eşq insanın xüsusiyyətlərindəndir. Bu səbəbdən də ibadət insanın mənəvi xüsusiyyətlərindən biri hesab olunur.
İnsanın cazibə və təsir altına düşməsi, onlardan birini seçməsi haqda isə gələcək bəhslərdə söhbət açacağıq.