TARİXİ MATERİALİZMİN ƏSASLARI
1. MADDƏNİN RUH ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ
İnsan həm cismə, həm də ruha malikdir. Onun cismi (bədəni) tibb elmi, anatomiya, fiziologiya, və bu kimi digər elmlərin mütaliə mövzusudur. Ancaq ruh və ruhla əlaqədar mövzular, fəlsəfi və psixoloji araşdırmalar mövzusudur. Fikirlər, imanlar, hisslər, meyllər, nəzəriyyələr və ideologiyalar ruhi işlər və mövzulara aiddir. Maddənin ruhdan üstün olması, ruhi işlərin ikinci dərəcəli olması deməkdir. Bu nəzəriyyəyə əasən, ruhi işlər, xarici varlığın əsəb və beyin sistemində bir sıra maddi əksül-əməllər silsiləsidir.
Bu işlərin vəzifəsi, insan vücuduna hakim olan maddi qüvvələrə qarşı çıxan qüvvə kimi deyil, daxili maddi qüvvələrlə ətraf mühit arasında rabitə yaratmaqdır. Ruhi işləri avtomobilin işığana bənzətmək olar. Avtomobil, gecə vaxtı işıqsız hərəkət edə bilmir və onun şüaları altında öz istiqamət və yolunu müəyyənləşdirir. Ancaq onu hərəkətə gətirən çıraqlar deyil, mühərrikdir.
Ruhi işlər – yəni fikirlər, imanlar, nəzəriyyələr, ideologiyalar və s. – tarixin maddi qüvvələrinin axarına qarışarlarsa, tarixin hərəkətinə kömək göstərəcəklər. Ancaq, onlar özləri heç cür, hərəkət yarada bilməzlər və maddi qüvvələrin qarşısına müxalif qüvvə kimi çıxa bilməzlər. Ruhi işlər, əsasən qüvvə sayılmırlar. İnsan vücudunun həqiqi qüvvələri, maddi qüvvə adı ilə tanınan və maddi ölçülərlə ölçülən qüvvələrdir. Bu səbəbdən də, ruhi işlər hərəkətdoğurucu və cəhətverici ola bilmir, heç vaxt cəmiyyətin hərəkəti üçün «sükan» sayılmırlar. Mənəvi dəyərlər maddi dəyərlərə əsaslanmazsa, heç bir ictimai hərəkətin başlanğıcı ola bilməz.
Buna görə də, tarixi təfsir edərkən dəqiq olmaq lazımdır. Tarixin zahiri təsirlərinə qapılmaq olmaz. Əgər, təsadüfən müəyyən bir dövrdə hər hansı bir əqidə, insan və ya ideologiyanın hər hansı bir cəmiyyəti hərəkətə gətirdiyini və təkamül mərhələsinə çatdırdığını görsək, məlum olacaq ki, bu əqidələr müstəqil deyil, cəmiyyətin maddi qüvvələrinin inikasıdırlar. Həmin maddi qüvvələr, iman şəklində cəmiyyətləri hərəkətə gətirir. Tarixi inkişaf etdirən maddi qüvvə – texnoloji cəhətdən – cəmiyyətin istehsal sistemi, insani cəhətdən isə, cəmiyyətin məhrum və istismar olunan kütləsidir.
Məşhur materialist filosof Feyerbax – Marks bir çox materialist nəzəriyyələrini onun fikirlərindən götürüb – deyir: «Nəzəriyyə nədir? Praksis (ictimai və əməli fəlsəfə) nədir? Bunların ikisinin fərqi nədir? Bu suala özü belə cavab verir: «Zehnlə məhdudlaşan hər bir şey nəzəridir. Bir çox beyinlərdə yerləşənlər əməlidir. Bir çox beyinləri bir-biri ilə müttəfiq edən, kütləni əmələ gətirən və bununla da dünyada özünə yer açan da odur.»(Andre Piter, «Marks və marksizm» səh-39.)
Onun vəfalı şagirdi Marks yazır: «Aydındır ki, tənqidin silahı, silahların tənqidini əvəz edə bilməz. Maddi qüvvəni, yalnız maddi qüvvə ilə əzmək olar.»
Marks, qeyri-maddi qüvvələrə əsalət və üstünlük verməmək və onların yalnız aydınlaşdırıcı rolunu göstərmək üçün davam edir: «Ancaq nəzəriyyə də kütlə arasında yayıldıqda, maddi qüvvəyə çevrilir.»
Maddənin ruh üzərindəki üstünlüyü, mənəvi qüvvələrin və mənəvi dəyərlərin əsassız sayılması, fəlsəfi materializmin əsas prinsiplərindən biridir.
Bu prinsipin qarşılığı, ruhi dəyərlər və insan vücudunun bütün cəhətlərinə maddə və onun qanunları ilə ölçə bilməmək fikri əsasında qurulmuş fəlsəfi fikirdir. Ruh, insan vücudu çərçivəsində həqiqi reallıqdır. Ruhi enerji də, maddi enerjilərdən ayrı və müstəqildir. Buna görə də mənəvi qüvvələr, yəni fikri, etiqadi, imani və s. qüvvələr bir sıra hərəkətlər üçün – istər fərdi vücud və istərsə də cəmiyyət səviyyəsində – təkanverici sayılır və bu təkanvericilərdən də tarixin hərəkəti üçün istifadə etmək olar. Tarixi hərəkətlərin bir çoxu bu təkanvericilərdən başlayıb və başlayır. Xüsusilə də, fərdi və ictimai hərəkətlər bü qüvvələrdən başlayıb və öz böyüklüyünü də məhz bu cəhətdən tapıb.
Mənəvi qüvvələr bədənin maddi qüvvələrini, təkcə ixtiyari fəaliyyət səviyyəsində deyil, hətta mexaniki, bioloji və kimyəvi fəaliyyətlərdə də öz şiddətli təsiri altına alır və onları öz məqsədinə uyğun olan şəkildə idarə edir. Fiziki xəstəliklərin sağalmasında psixi təlqinlərin, hipnotizmin qeyri-adi təsiri inkarolunmaz dəlillərdəndir.
Elm və iman, xüsusilə də iman, bir-biri ilə uyğunlaşdığı zaman, böyük və faydalı qüvvəyə çevrilirlər və tarixi hərəkatlarda aparıcı qüvvə rolunu oynaya bilirlər.
Ruhi qüvvələr, onun əsalət, üstünlük və dəyərliliyi «fəlsəfi realizmin» əsas prinsiplərindəndir.
2. MADDİ EHTİYACLARIN MƏNƏVİ EHTİYACALARDAN ÜSTÜNLÜYÜ
İnsanın, öz ictimai vücudunda ən azı, iki növ ehtiyacı vardır: Çörək, su, məskən, geyim, dərman və s. kimi maddi ehtiyaclar; təhsil, elm, ədəbiyyat, incəsənət, fəlsəfi düşüncə, iman, ideologiya, əxlaq və s. kimi mənəvi ehtiyaclar. Hər iki növ ehtiyac, insanda mövcuddur. Söhbət onların hansının üstün və daha öncül olmasıdır. Maddi ehtiyac, ya mənəvi və yaxud da heç biri? Maddi ehtiyacların önəmliyi nəzəriyyəsi, maddi ehtiyacların üstün və birinci dərəcəli olması, onların birinci dərəcəliyinin «insan əvvəl maddi ehtiyaclarını ödəməyə çalışır və onları ödədikdən sonra, mənəvi ehtiyaclarına üz tutur» mənasında deyil, «mənəvi ehtiyacların mənbəyi maddi ehtiyaclardır» mənasını iddia edir. İnsan öz yaradılışında, maddi və mənəvi adlı iki növ ehtiyac fitrəti ilə yaradılmayıb. Əslində insan, birnövlü ehtiyacla yaradılıb və mənəvi ehtiyaclar ikinci dərəcəli ehtiyac olub, maddi ehtiyacların daha yaxşı ödənməsi üçün bir vasitədir.
Bu cəhətdən də mənəvi ehtiyaclar mahiyyət, keyfiyyət və forma baxımından da maddi ehtiyaclara tabedirlər. İnsanın maddi ehtiyacları hər bir dövrdə istehsal alətlərinin inkişafına uyğun olaraq, xüsusi forma və keyfiyyətə malik olur. Onun maddi ehtiyaclarından doğan mənəvi ehtiyacı da, forma, keyfiyyət və xüsusiyyət baxımından maddi ehtiyaclarına uyğun olur. Deməli həqiqətdə, maddi və mənəvi ehtiyaclar arasında iki növ önəmlilik mövcuddur: Vücud önəmliliyi, yəni mənəvi ehtiyacların maddi ehtiyaclardan doğması; keyfiyyət önəmliliyi, yəni forma və xüsusiyyət baxımından mənəvi ehtiyacların maddi ehtiyaclara tabe olması. P.Ruyanın yazdığı «Tarixi materializm» kitabında, Haymen Loyun «Fəlsəfi fikirlər» kitabının 92-ci səh-dən nəql edərək yazır: «Bəşər yaşayışının maddi yolu, insanları dünyaya, cəmiyyətə, incəsənətə, əxlaqa və s. – bunlar həmin maddi yoldan və istehsal formasından doğur – aid olan və zamanın maddi ehtiyaclarını ödəmək vasitələri əsasında olan nəzəriyyələr irəli sürülməyə vadar etdi.»(Tarixi materializm, səh-37.)
Bu səbəbdən də elmi hakimlik, fəlsəfi düşüncə, zövq və gözəllik hissləri, əxlaqi qiymətləndirmə tərzi və hər bir fərdin dini meylləri, onun yaşayış tərzindən asılıdır. Bu prinsip fərdə aid olduqda, bu formada səslənir: «Nə yediyini söylə, nə fikirləşdiyini deyim.» Ancaq cəmiyyətə aid edildikdə, bu formada səslənir: «İstehsal alətlərinin inkişaf dərəcəsini və cəmiyyət fərdləri arasında mövcud olan rabitənin növünü de, hansı əxlaq, hansı ideologiya və hansı dinin orada hakim olduğunu deyim.»
Bu nəzəriyyənin əksi, mənəvi ehtiyacların əsas və daha vacib olması nəzəriyyəsidir. Həmin nəzəriyyəyə əsasən, insanda zaman baxımından maddi ehtiyacların daha tez meydana gəldiyinə baxmayaraq – körpə doğulduğu andan ana döşünü axtarır – tədriclə insanın fitrətində olan mənəvi ehtiyaclar özünü büruzə verir. İnsan özünün inkişaf dövründə maddi ehtiyaclarını mənəvi ehtiyaclarına qurban verir. Başqa sözlə, mənəvi ləzzətlər maddi ləzzətlərlə müqayisədə daha güclü və daha cazibəlidir.(İbni Sina, «İşarələr» kitabının 8-ci fəslində bu barədə geniş izah verib.) İnsanın tərbiyəsi və təhsili artdıqca, mənəvi ehtiyaclar, mənəvi ləzzətlər və nəhayət, mənəvi həyat maddi həyatı öz təsiri altına alır. Cəmiyyət də belədir. Yəni bədəvi və ibtidai cəmiyyətlərdə maddiyyat mənəvi ehtiyaclara hakim kəsilir. Ancaq cəmiyyət inkişaf etdikcə, mənəvi ehtiyaclar özünün əsil yerini tapmağa başlayır, insanın ali hədəfinə çevrilir və bununla da, maddi ehtiyacları öz təsiri altına alır.
3. İŞİN DÜŞÜNCƏYƏ NİSBƏTƏN ÜSTÜNLÜK PRİNSİPİ
İnsan həm fikirləşən və düşünən, həm də işləyən bir varlıqdır. Görəsən iş mühümdür, yoxsa düşüncə? İnsanın cövhəri işdir, yoxsa düşüncə? İnsanın şərəfi işlədir, yoxsa düşüncə ilə? İnsan işdən yaranıb, yoxsa düşüncədən?
Tarixin maddiliyi işin mühümlüyü, onun düşüncədən üstün olması prinsipinə əsaslanır. İşi bazis, düşüncəni üstqurum sayır. Qədim fəlsəfə və məntiq, düşüncəni açar hesab edirdi. Həmin məntiqə əsasən düşüncə və fikir iki yerə bölünürdü: Təsəvvür və təsdiq. Onlar da öz növbəsində iki yerə bölünürdü: bədihi və nəzəri. Bədihi – yəni, sübuta ehtiyacı olmayan – fikirlər, nəzəri fikirlərin açarı sayılır, həmin fəlsəfə isə, insanın cövhərini fikir sayırdı. İnsanın kamalı onun elmi ilə ölçülür, kamil insan isə alim adama deyilirdi.
Ancaq tarixi materializm, «iş fikrin açarı, iş fikrin meyarıdır, iş insanın cövhəridir, iş insanın formalaşdırıcısıdır» prinsipi əsasında qurulur. Marks deyib: «Dünya tarixi bütünlüklə, insanın bəşəri əmək vasitəsilə yaradılmasından başqa bir şey deyil.»(Marks və marksizm, səh-40-41.)
Engels isə deyir: «İnsanın özünü də əmək yaradıb.»(Marks və marksizm, səh-40-41.) Çünki, əzəldən insan təbii fəlakətlərə qarşı düşünmək əvəzinə, öz ağır zəhməti ilə ətraf mühitə qələbə çalır, bu yolla da təcavüzkarlarla vuruşaraq öz istədiyi cəmiyyəti yaradır və inkişaf etdirir.
Marks və marksizm kitabında yazılıb:
«Varlığın fəlsəfəsində əvvəl fikir və prinsiplərin bəyanı və sonda onlardan əməli nəticə çıxarmaq adi hal olduğuna baxmayaraq, praksis (əməli fəlsəfə) əməli fikrin əsası sayılır. Bu fəlsəfə, imanı qüdrətlə əvəz edir və Heygel kimi, o, da iddia edir ki, insanın həqiqi varlığı, ilk növbədə onun əməlidir. O, bu düşüncə ilə də, məşhur alman filosofuna həmfikirlik edib deyir: ilk olaraq ruh və söz yaranıb yerinə, öncə əməl yaranıb demək lazımdır.(Həmin mənbə, səh-39.)
Bu prinsip, bir marksist-materialist fəlsəfə prinsipidir. Bu prinsip, marksizmdə «praksis» adı ilə tanınır və Marks onu, öz ustadları Feyerbax və Heygeldən əxz edib.
Bu nəzəriyyənin müqabilində, iş və düşüncənin qarşılıqlı təsirini və düşüncənin önəmliyini bəyan edən realist fəlsəfi prinsipi dayanır. Bu fəlsəfədə insanın cövhəri, fikirdir. İnsan – ətraf mühitlə məşğul olmaqla – öz işi ilə, məlumatlarını ətraf mühitdən kəsb edir və zehni, bu məlumatlarla dolmayana qədər onları araşdırmağa macal tapmır. Bu məlumatları topladıqdan sonra, beyin bunlar üzərində müxtəlif formalarda araşdırmalar aparır və doğru anlayış üçün şərait yaradır. Anlayış təkcə görünən maddənin beyindəki sadə əksi deyil. Maddənin beyində əks olunmasından sonra, ruhun qeyri-maddi cövhərindən doğan bir sıra beyin prosesləri nəticəsində, anlayış formalaşır. Deməli, iş fikrin başlanğıcı və eyni halda da, fikir işin mənşəyidir. İş fikrin və fikir də işin meyarıdır. İnsanın şərəfi, onun elmi, imanı, izzəti və kəraməti ilə ölçülür və iş də, bunları təmin etmək vasitəsi olduğu üçün şərəf mənbəyi sayılır. İnsan, işin həm yaradıcısıdır, həm də yaratdığı. Bu xislət yalnız insana məxsusdur – bu xüsusiyyət başqa varlıqlarda yoxdur – və onun xüsusi, ilahi yaranışından irəli gəlir. Ancaq, insanın işi yaratmağı həqiqi, işin insanı yaratmağı isə məcazidir. Yəni insan öz işini həqiqətdə yaradır. Ancaq iş insanı yaratmır. İş, əmək və əməllərin təkrarı, insanın daxilən formalaşmasına şərait yaradır. İki şeyin qarşılıqlı əlaqəsi, biri «həqiqi» və «icadi», digəri isə «məcazi» və «imkani» olduqda, üstünlük «həqiqi» və «icadi» tərəfdə olur.
Deməli, agahlığı və elmi, onun zati cövhəri olan insanın işlə qarşılıqlı əlaqəsi olmaqla – insan işi yaradır, iş də insanı – bərabər, yuxarıda dediyimizə əsasən, işdən üstündür. Yəni, iş insandan deyil, insan işdən üstün və mühümdür.