İSLAM NƏZƏRİNDƏN TARİXİ MATERİALİZM NƏZƏRİYYƏSİNİN TƏRƏFDARLARI
1. Quranda bir çox ictimai terminlər bəyan edilmişdir. Biz cəmiyyət haqqındakı bəhslərimzdə Quranın ictimai lüğətlərindən təqribən 50-yə yaxınını saydıq. Quranın ictimai ayələrini oxumaqla, Quran nəzərindən cəmiyyətdə iki qütblük halı müşahidə olunur. Digər tərəfdən Quran, cəmiyyətdə maddi – yəni, maddi malikiyyət və kasıblıq – iki qütblük halını göstərir və qütblərdən birini müstəkbir (hegemon) və digər qütbü müstəzəf (məzlum kütlə), adlandırır və bu iki qütbü bir-birinin qarşısında qoyur. Digər tərəfdən isə, mənəvi məhfumlara əsaslanan iki qütblülüyü göstərir və qütblərdən birini kafir, müşrik, münafiq, fasiq və s., digərini isə mömin, müvəhhid, müttəqi, saleh, mücahid, şəhid və s. adlandırır.
Əgər maddi və mənəvi qütbü tanıtdıran Quran ayələrinin mənasına fikir versək, birinci maddi qütblə birinci mənəvi və ikinci maddi qütblə ikinci mənəvi qütb arasında uyğunluğun şahidi olacağıq. Yəni kafirlər, müşriklər, münafiqlər və fasiqlər, həmin hegemonlardır; möminlər, müvəhhidlər, salehlər və mücahidlər də, elə həmin kasıblar, miskinlər, məzlumlar və məhrumlardırlar. Deməli ümumilikdə, cəmiyyət iki qütbə bölünür: Kafirlərdən ibarət varlı və zalım təbəqə; möminlərdən ibarət olan kasıb təbəqə. Bu da aşkar surətdə göstərir ki, cəmiyyət zəif və zalım təbəqəyə bölünərək kafir və mömin adlı iki qrup əmələ gətirir. Zalımlıq şirkə, küfrə, nifaqa və fəsada səbəb olur, məzlumluq isə imanın, təqvanın və s. bünövrəsidir.
Bu tətbiqi aydınlaşdırmaq üçün, Əraf surəsinin 59-cu ayəsindən 137-ci ayəsinədək oxumaq lazımdır. Bu ayələrdə Nuh, Hud, Saleh, Lut, Şüeyb və Musa peyğəmbərin dostları qısa şəkildə nəql olunmuş və bütün bu əhvalatlarda (Lut (ə) dastanı istisna olunmaqla) peyğəmbərlərə iman gətirənlərin müstəzəf və onlara qarşı müxalifətçilik edənlərin isə varlı və zalım olduqları müşahidə olunur. Bu uyğunluğun tarixi materializm üçün lazımi şərt olan sinfi vicdandan başqa heç bir dəlili yoxdur. Deməli, əslində Quranın nəzərində iman və küfrün bir-biri qarşısında əks mövqe tutması, zalımlığın və məzlumluğun bir-biri qarşısında dayanmasının əksinədir.
Quran izah edir ki, malik olmaq – yəni malikiyyət və varlılıq – tüğyana və özbaşınalığa səbəb olur. Yəni, malik olmaq, təvazökarlığa, əməli-salehliyə ziddir. Buna misal olaraq, Quran ayəsində buyurulur:
«Xeyr, (kafir) insan azğınlıq edər, özünün dövlətli olduğunu (bir şeyə ehtiyacı olmadığını) gördüyü üçün!» (Ələq surəsi, 6-7-ci ayələr).
Həmçinin Quranın, malikiyyət və malik olmağın mənfi təsirlərini aydınlaşdırmaq üçün, Qarunun hekayətini söylədiyini görürük. Qarun qibti deyil, sibti idi. Yəni Musanın tayfasından olub, Fironun istismar etdiyi müstəzəf və kasıblardan idi (sibti yəhudi və qitbi isə Misirin qədim əhalisi deməkdir). Eyni halda, həmin şəxs bəzi səbəblər üzündən varlı olduqda, kasıblardan ibarət olan öz tayfasına qarşı çıxır. Quran deyir:
«Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. O, İsrail oğullarına qarşı həddini aşmışdı.» (Qəsəs-76.)
Bunun özü sübut etmirmi ki, peyğəmbərlərin həddi aşmağa qarşı mövqe tutması, əslində malik olmaq, var-dövlət və varlıq əleyhinə idi? Quran özünün bəzi ayələrində bəyan edir ki, peyğəmbərlərin müxaliflərinin başçıları və öncülləri, nemətlər içində batan – yəni varlı təbəqə idi. Səba surəsinin 34-cü ayəsində, bu mətləb ümumi qanun formasında bəyan olunub:
«Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan (və təşviq edən) bir peyğəmbər göndərdiksə, onu naz-nemət içində yaşayan zəngin başçıları ancaq: «Biz sizinlə göndərilənləri (Allahın hökmlərini, risaləti, möcüzələri) inkar edirik!» – dedilər.»
Bütün bunlar, peyğəmbərlərin müxaliflərlə qarşı-qarşıya durmasının, imanın küfrlə qarşı-qarşıya durmasının, iki ictimai təbəqə olan kasıb və varlı təbəqələrin bir-birinə qarşı mövqe tutmasının inikası olduğunu aydınlaşdırır.
2. Quran müraciət etdiklərini «nas» adlandırır və nas da, kütlə – yəni məhrum və kasıb xalq deməkdir. Bu, Quranın sinfi vicdana malik olmasına dəlildir və Quran nəzərindən islami dəvəti qəbul etməyə səlahiyyəti çatan yeganə təbəqə, məhrum təbəqədir. Bu eyni zamanda islamın xüsusi təbəqəyə meylli olduğunu da göstərir. Yəni islam, məhrum və zəiflərin dinidir, islam ideologiyasının xitab etdiyi şəxslər yalnız xalq kütlələridir. Bu özü də, iqtisadın bazis və tarixin maddi olmasının başqa bir dəlilidir.
3. Quran söyləyir ki, rəhbərlər, islahatçılar, mücahidlər, şəhidlər və nəhayət peyğəmbərlər varlı təbəqədən deyil, xalq kütlələri içindən çıxırlar. Quran, islam Peyğəmbəri (s) barəsində deyir:
«(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur.» (Cümə-2.)
Ümmət, məhrum kütlədən başqa bir şey deyil. Həmçinin, haqq yolunun şəhidləri barəsində deyir:
«(O gün) hər ümmətdən (öz peyğəmbərləri olmaqla) bir şahid çıxardacaq və (müşriklərə): «(Allaha şərik qoşmağınızın lüzumu barədə) tutarlı dəlilinizi gətirin!» – deyəcəyik.» (Qəsəs-75).
İnqilab və hərəkat rəhbərlərinin mütləq, məhrum kütlə içindən çıxması, ictimai və etiqadi bazanın, iqtisadi və sinfi baza ilə uyğun gəlməsinin zəruriliyinə sübutdur və bu zərurət, tarixi materializm və iqtisadın bazis olmasından başqa heç bir şeylə izah oluna bilməz.
4. Quranda, peyğəmbər hərəkatlarının mahiyyəti və onların ictimai meylləri üstqurum deyil, bazisdir. Qurandan dəlil gətirmək və sübut etmək olar ki, peyğəmbərlərin risalət və göndərilmə hədəfləri ədalətin bərpası, ictimai bərabərliyin qurulması və təbəqələrarası sədlərin uçurulmasıdır. Peyğəmbərlər həmişə üstqurumdan bazisə doğru deyil, bazisdən üstquruma doğru gedirdilər. Üstqurumlar – yəni əqidlər, imanlar, əxlaqın islahı – peyğəmbərlərin ikinci hədəfi idi və onlarla, bazisi islah etdikdən sonra məşğul olurdular. Peyğəmbər (s) buyurub: «Maddi həyatı olmayanın, mənəvi həyatının məhsulu olan məadı da yoxdur.»
Bu cümlə, maddiyyatın məad və maddi həyatın mənəvi həyatdan üstün və mənəvi həyatın maddi həyata bağlı olmasını xatırladır. Həmçinin, Peyğəmbər buyurub: «Pərvərdigara! Bizə çörək məsələsində bərəkət ver. Əgər çörək olmasaydı, nə zakət olardı və nə də namaz.»
Bu cümlə də, mənəviyyatın maddiyyata nisbətən asılı və üstqurum olmasını çatdırır.
Hal hazırda bir çoxlarının, peyğəmbərlərin yalnız üstqurumda fəaliyyət göstərməsi və xalqı mömin etmək istəməsi, onların rəftarını, əxlaqını və əqidəsini dəyişmək və islah etmək istəməsi və heç bir bazis dəyişikliyi ilə işi olmaması fikrində olmamaları və yaxud xalqın mömin olmasını istəmələri və xalqın mömin olacağı halda bütün işlərin düzələcəyini fikirləşmələri fikrində olmaları və peyğəmbərlərin yalnız, əqidə və iman silahı ilə öz məqsədlərinə çatmaları və təbii olaraq onların ardıcıllarının da eyni yolla getmələri fikrində olmaları istismarçı təbəqənin və onlara bağlı ruhanilərin, peyğəmbərlərin təlimlərini təsirsiz etmək üçün işlətdikləri hiylələrdəndir. Bu fikri o qədər işlədiblər ki, onu əksəriyyət və hətta demək olar ki, hamısı qəbul edir. Marksın təbirincə «maddi əmtəə ixrac edənlər, mənəvi əmtəə də ixrac etməyə qadirdirlər. Cəmiyyətin maddi rəhbəri olanlar, həm də cəmiyyətin mənəvi rəhbəri və cəmiyyətin fikrinə hakim olanlardır.»(Alman ideologiyası.)
Peyğəmbərlərin üslubu indi əksəriyyətin fikirləşdiyinin əksinə olub. Peyğəmbərlər öncə cəmiyyəti şirkdən, ictimai ayrı-seçkilikdən, əxlaqi və etiqadi şirkin mənbəyi olan ədalətsizlikdən (istismarçı və istismar olunan) azad etmək və sonra, əxlaq və əməli-tohidə çatdırmağı düşünürdülər.
5. Quran peyğəmbər müxaliflərinin məntiqini, tarix boyu peyğəmbərlərin və onların ardıcıllarının məntiqi ilə qarşı-qarşıya qoyur. Quran aydın şəkildə göstərir ki, müxaliflərin məntiqi mühafizəkar, fundamentalist məntiqi olub və əksinə, peyğəmbərlərin və onların ardıcıllarının məntiqi isə islahatçı, yenilikçi və modernist məntiqi olub. Quran aydın şəkildə izah edir ki, birinci qrup, ikili təbəqələrdə istismarçıların işlətdikləri məntiqlə uyğun məntiq, peyğəmbərlər və onların ardıcılları isə, məhrumların istifadə etdiyi məntiqdən istifadə edirdilər. Sanki Quranın məqsədi, müxalif və müvafiqlərin məntiqini açıqlamaq və hər iki qrumun, hansı məntiqə malik olduqlarını göstərməkdir. Bunun da səbəbi, həmin iki məntiqin – iki təbəqə, yəni məhrum və istismarçı – tarix boyunca bir-birinə qarşı durmasıdır. Quran da, bu iki məntiqi tanıtdırmaqla, bu gün üçün meyar seçməyə kömək edir.
Quranda, bu iki məntiqin bir-birinə ziddiyətini göstərən səhnələr çoxdur. İstəyənlər Zuxruf surəsinin 40-50-ci, Mömin surəsinin 23-44-cü, Taha surəsinin 49-71-ci, Şüəra surəsinin 16-49-cu və Qəsəs surəsinin 36-39-cu ayələrinə müraciət edə bilərlər. Biz misal olaraq, Zuxruf surəsinin 20-24-cü ayələrini qeyd edir və onlar haqqında qısa şərh veririk:
«Onlar dedilər: «Əgər Rəhman (Allah) istəsəydi, biz mələklərə ibadət etməzdik!» Onların (dedikləri sözün həqiqətə nə qədər uyğun olması barədə) heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışırlar.
Yoxsa onlara Qurandan əvəl bir kitab vermişik və onlar (Alllahdan başqasına ibadət etməyin mümkünlüyü barəsində) ona istinad edirlər?!
Xeyr, (belə bir şey yoxdur). Onlar: «Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) gördük və biz də onların ardınca gedirik!» – deyirlər.
(Ya Məhəmməd!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan başçıları sadəcə olaraq: «Biz atalarımızı bir din üzərində gördük və biz də onların yolu ilə gedəcəyik!»– dedilər.
(Hər peyğəmbər öz ümmətinə) belə dedi: «Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!» Onlar: «Biz sizinlə göndərilənləri (şəriəti, möcüzələri) inkar edirik!» – deyə cavab verdilər.»
Görürük ki, peyğəmbərlərin müxalifləri bəzi hallarda icbar və qəza-qədər məntiqindən istifadə edirlər – sosiologiyanın göstərdiyi kimi, bu məntiqi, həmişə mövcud vəziyyətdən faydalanan və mövcud vəziyyətin dəyişilməsini istəməyən və qəza-qədəri bəhanə gətirənlərin məntiqidir – və bəzən də, ata-babaların adətinə əməl etməyi söyləyir, keçmişi müqəddəs və əmələ layiq kimi göstərir və bir şeyin keçmişə aid olmasını kafi bilərək, həmin şeyi düzgün sayır və ona əməl edirlər. Bu da, mühafizəkarlara və mövcud vəziyyətin dəyişməsini istəməyənlərə xas bir məntiqdir.
Qarşılıqlı olaraq peyğəmbərlər icbarlıq və fundametalizm yerinə, daha məntiqli, daha elmli olmaqdan söhbət açırlar və bu da, inqilabçıların və əzab çəkmişlərin məntiqidir. Müxaliflər peyğəmbərlər qarşısında dəlil cəhətdən aciz qaldıqda, son sözlərini – istər icbari olsun, istər olmasın, istər adətlərə hörmət edək, istər etməyək, sizin özünüzlə sizin peyğəmbərlərinizlə və sizin ideologiyanızla müxaliflik – deyirlər. Niyə? Çünki, sizin sözləriniz bizim təbəqə və ictimai mövcudluğumuza ziddir.
6. Daha aydın olanı, Quranın istismarçılarla zəiflər arasında mübarizədə mövqe tutmasıdır. Bu mövqeyə əsasən, bu iki qrup arasındakı mübarizədə son qələbə – tarixi materializmin dialektik məntiq əsasında söylədiyi kimi – zəiflərindir. Quran bu mövqeyi ilə, əslində tarixin zəruri və icbari inkişaf yolunu göstərir və o yol budur ki, zatən inqilabi xisləti olan təbəqə, özünün zatən zülmkar olan təbəqə ilə mübarizəsindən qalib çıxır və yer üzünün varisi olur.
Həmçinin Əraf surəsinin 137-ci ayəsində deyilir:
«Zəif, həqir görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr etdiklərinə görə Rəbbinin israil övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqları (qəsrələri, kaşanələri) isə viran qoyduq.»
Quranın çıxartdığı bu nəticə – tarix məhrumların, əsirlərin və zəiflərin qələbəsinə doğru hərəkət edir – tarixi materializmdən çıxardığımız nəticə ilə üst-üstə düşür ki, istismarçılığın zati xislətlərindən bir də irtica və mühafizəkarlıqdır. Bu xislətlər, yaranmışların təkamül qanuna zidd olduğu üçün, icbari olaraq məhvə məhkumdur. İstismar olunmağın əsas xüsusiyyəti isə ziyalılıq, hərəkat və inqilabdır və bu xüsusiyyət, yaradılışın təkamül qaydalarına uyğun gəldiyi üçün, qalib olacaq.
Burada, bir qrup müsəlman ziyalının tətrib etdiyi məqalənin bir hissəsinə toxunmaq yerinə düşərdi. Bu əsər, bir müddət öncə kitabça formasında çapdan buraxılıb. Bu məqalədə, yuxarıdakı ayə haqqında yazılır:
«Diqqəti daha çox cəlb edən şey, Tanrının və bütün varlığın, dünya zəifləri qarşısında mövqe tutmalarıdır. Şübhəsiz, Qurana əsasən dünya zəifləri, məhrum kütlənin oxşarıdırlar və icbari olaraq, öz müqəddəratlarının təyin olunmasında heç bir əsaslı rolları yoxdur... Bu mənanı nəzərə alaraq və Tanrının mövqeyini və varlıq üzərində hakim olan mütləq iradənin onlar üzərində minnət qoyması zəminində, belə bir sual yaranır ki, Tanrının iradəsini kimlər həyata keçirir? Bu sualın cavabı aydındır. Çünki cəmiyyətlərin idarəetmə təşkilatlarını iki qütb (zəif və istismarçı) formasında nəzərdə tutsaq və digər cəhətdən də, Tanrı iradəsinin həyata keçirilməsinin, bir tərəfdən zəiflərin imamət və varisliyinə (yer üzündə), bir tərəfdən də zalım rejimlərin dağılmasına səbəb olduğunu nəzərə alsaq, başa düşərik ki, zəiflər onların nümayəndələri və içərilərindən çıxan ziyalılar Tanrının iradəsini həyata keçirirlər.
Başqa sözlə, seçilmiş rəsullar və zəiflər arasından çıxmış şəhidlər, zalım rejimlərlə mübarizənin ilk addımlarını atırlar və bu addımlar zəiflərin imamətə çatması üçün yol açır. Bu məna həqiqətdə, bizim, inqilabı və tarixi dəyişiklikləri Quran nöqteyi-nəzərindən tanımağımızı əks etdirir. Belə ki, tohidi inqilablar ictimai baxımdan zəiflərin imamətliyi və onların yer üzündə varisliyi məhvərində baş verdiyi kimi, bu inqilabların rəhbərləri və öncül dəstələri də, gərək zəiflər və məhrumlar içindən çıxmış olsunlar və onların ideoloji və ictimai bazaları, həmin məzlum və məhrumların ictimai və fikri meylləri ilə üst-üstə düşsün.»
Bu sözlər, bir neçə mətləbi əhatə edir:
A. Quran baxımından, cəmiyyət ikiqütblüdür və zalım-məzlum təbəqələrinə bölünür.
B. Tanrının iradəsi, (və həmin məqalənin dili ilə desək, «Tanrını mövqeyi və varlığın bütün formaları) zəiflərin və tarix əsirlərinin varisliyi və imaməti üzərində qurulub – onlar müşrik, bütpərəst, mömin ya qeyri-mömin olsunlar, heç bir fərqi yoxdur – yəni ayədəki «Əlləzinə» sözü hamıya aiddir və hamı üçün faydalıdır və ilahi qanun zəiflərin istismarçılar üzərində qələbəsini vəd edir. Başqa sözlə, tarix boyu baş vermiş mübarizənin əsil mahiyyəti (bu mübarizə hal-hazırda da davam edir), məzlumlarla zalımların mübarizəsidir və dünyanın daim təkmilləşən şərəfi də, məhrumların zalımlar üzərində qələbəsini vəd edir.
V. Tanrının iradəsi, məzlumların özləri vasitəsilə həyata keçirilir və rəhbərlər, peyğəmbərlər, şəhidlər və öncüllər başqa təbəqələrdən deyil, məhz məzlum və kasıb təbəqədən çıxırlar.
Q. İctimai və fikri baza ilə sinfi mövqeyi arasında, mütləq uyğunluq olmalıdır.
Bu ayədən, bir neçə marksist prinsiplərinin sübut olunma mümkünlüyünü görürük və görürük ki, Quran Marksın doğulmasından 1200 il öncə, onun düşüncə və fəlsəfəsini bəyan etmişdir.
Fərz edək ki, Quran əsasında belə bir nəticə almışıq. Görəsən müasir tariximizi onun əsasında təhlil edərkən hansı nəticələr ala bilərik? Həmin şəxslər tələsik bu dırnaq arası Quran prinsipinə istinad edərək, nəticə almağa çalışmışlar və mövcud dini hərəkatı(Yazıçının sağlığında, İranda olan ruhani hərəkatı nəzərdə tutulur.) bu şəkildə təhlil etmişlər. Onlar deyirlər ki, Quran bizə inqilab rəhbərlərinin mütləq məzlum təbəqədən çıxmasını bildirmişdir və bu gün görürük ki, tarixin qarətedici sisteminin üç üzvlərindən biri olan ruhani təbəqəsi, bu gün ictimai mövqeyini dəyişərək inqilabi təbəqəyə çevrilib. Bəs məsələni necə həll edək? Cavab çox sadədir. Gərək tərəddüd etmədən bildirək ki, işin içində iş var. Hakim təbəqə öz mövqeyini təhlükədə gördüyü üçün, özünə bağlı olan ruhani təbəqəyə, inqilabçı rolunu oynamağı tapşırmışdır və bu yolla da, çalışır ki, özünü xilas etsin.
Bu da marksizm (bağışlayan, Quran) baxımından və dnyagörüşündən çıxan nəticə. Bu nəticənin bu gün kimlərə sərf etməsi məlum məsələdir.