BU MƏKTƏB BAXIMINDAN ALLAHA ETİQAD MƏSƏLƏSİ
Deməli, bu məktəb baxımından insanın cövhər və həqiqəti, insani dəyərlərin ən dəyərlisi, başqa sözlə desək, insani dəyərlərin anası azadlıq və ixtiyardır, insanlığını qorumaq və məhv olmaqdan saxlamaq istəyən şəxs isə azadlığını qorumalıdır. İnsanlığını qorumaq istəyən adam «ay üzlü nigara bağlılıq» və «haqq aşiqi olmaq» məsələlərini yığışdırmalıdır.
Bu məktəb deyir ki, insan tam azad olmalıdır. Buna görə də, ekzistansializm məktəbi nəzəriyyələrinin çoxu dialektik materializmlə zidd olmasına baxmayaraq, onun davamçılarının bir qrupu Allaha inamın iki baxımdan bu məktəblə düz gəlmədiyini vurğulayırlar. Həmin iki səbəbdən biri budur ki, Allaha inam ilahi təqdirə, ilahi təqdir isə icbara və insanın sabit təbiətə malik olmasına etiqad bəslənilməsini tələb edir. Çünki Allah varsa, insan Onun elmində müəyyən təbiətə malik olmalıdır və həmçinin Allahın olması insana ilahi təqdir və onun nəticəsində yaranan icbarın hakim olmasına səbəb olur və nəticədə azadlıq və ixtiyar aradan götürülür. Buna görə də biz azadlığı qəbul etdiyimiz üçün Allahı qəbul etmirik.
Digər səbəb isə budur ki, Allaha inamın azadlığa inamla zidd olması nəzərə alınmasa belə, həmin inam Allaha iman gətirilməsini tələb edir və bu imanın mənası Allaha bağlanmaq deməkdir, halbuki bağlılıq malik olduğu formadan asılı olmayaraq, insan azadlığına ziddir. Xüsusilə Allaha bağlılıq daha kəskindir, çünki bu bağlılıq bütün bağlılıqların başındadır. Şair demişkən:
Mən bəsteye to həstəm mohtace bəstəni nist Əhdi ke ba to bəstəm hərgez şekəstəni nist. |
Yəni: Mən sənə bağlıyam, bağlanmaq üçün başqa şeyə ehtiyac yoxdur; səninlə bağladığım əhd heç vaxt sınmaz.
Allaha olan bağlılığı heç bir şəkildə sındırmaq olmaz. Buna görə də bu məktəb insanın kamilliyini onun azadlığında görür.
Bu məktəb barəsində iki cəhətdən danışmaq olar: Birincisi, onların Allaha inamı, azadlıq və ixtiyara zidd hesab etmələridir. Bu, onların səhvlərindən biridir. Biz «Materializmə yönəlmənin səbəbləri» və «İnsan və taleh» kitablarında bu mətləbi izah edib məsələnin onlar deyən kimi olmamasını bildirmişik. Onlar ilahi təqdir barəsində qoca qarılar kimi fikirləşirlər. Bəli, onlar bu məsələni düzgün dərk etməyiblər, çünki islam maarifində olan ilahi təqdir məsələsi azadlıq və ixtiyarla heç cür zidd deyildir. Söhbətimizin əsas mövzusu bu məsələ olmadığı üçün onun haqqında çox danışmaq istəmirəm. Bizim söhbətimiz, ikinci hissə barəsindədir.
Bu məktəbin ikinci iradı «bütün bağlılıqlar insan azadlığına ziddir, hətta həmin bağlılıq Allaha bağlılıq olsa belə!» deməsidir. Mən burada bir müqəddimə gətirmək istəyirəm.
KAMİLLİK «ÖZ»DƏN «ÖZ»Ə OLAN HƏRƏKƏTDİR
Təkamül yolunda hərəkət edən bir varlıq təsəvvür edin. Məsələn, torpaqdan göyərərək inkişaf edib gül açan bir bitkini təsəvvürünüzdə canlandırın. Yaxud bir heyvanın yaranmasına səbəb olan və əvvəldən heyvan olana kimi mərhələləri keçən hüceyrə, yəni zəif vəziyyətdən başlayaraq ən yüksək təkamül mərhələsinə çatan varlıq haradan-haraya hərəkət edir? O, özündən başlayıb qeyri bir varlıq olmağa doğru hərəkət edirmi, yəni yad bir şeyə çevrilirmi?
Başqasından özünə doğru hərəkət edirmi? Başqasından başqasına doğru irəliləyir, yoxsa özündən özünə doğru gedir? Onun özündən başlayıb qeyrisinə doğru hərəkət etməsini deməyin mənası budur ki, o, nə qədər ki, hərəkət və inkişaf etməyib özü olur, amma hərəkətə başladıqdan sonra özünə yadlaşaraq özündən ayrılır və bundan sonra özü olmur. Keçmiş filosoflardan bəziləri deyiblər ki, «hərəkət qeyriliyin yaranmasıdır», yəni hərəkət başqalaşmanın özüdür. Əlbəttə bu səhv sözdür.
Məsələ budur ki, gül toxumu və ya insanın nütfəsi inkişaf etməyə başladığı ilk andan, kamilliyin son hədəfinə çatana kimi «öz»ündən «öz»ünə doğru hərəkət edir, yəni onun «öz»ü və gerçəkliyi bir həqiqətdir. Onun «öz»ü xüsusi olaraq, nə əvvəldəki, nə ortadakı və nə də sondakı vəziyyətdədir. Onun «öz»ü əvvəldən axıra kimi «öz»üdür; o, axıra çatdıqca daha da «öz»ləşir, yəni onun «öz»ü daha kamil olur. Bəli, o, «öz»ündən «öz»ünə doğru hərəkət edir, amma naqis «öz»dən kamil «öz»ə doğru! Həmin gül şüura malik olmamasına baxmayaraq, öz kamilliyinə doğru hərəkət edir. Görəsən həmin gülün şüuru olsaydı, bu kamilliyə eşq bəsləməyəcəkdimi? Bütün varlıqlar fitri olaraq öz kamilliklərinin aşiqidirlər; həmin gül də, cansız təbiət də öz kamilliyinin vurğunudur; bu məsələ, yəni kamilliyin aşiqi olmaq bütün varlıqlara aiddir. Buna görə də hər hansı bir varlığın özünün son kamalına bağlılığı Sarterin nəzərinin əksinə olaraq özünə yadlaşma deyil, özündə daha çox qərq olmaqdır! Yəni daha çox «öz» olmaqdır. Azadlığın insanın hətta öz kamilliyindən azad olması mərhələsinə çatması, yəni onun hətta özündən azad olması dərəcəsinə çatması, özünə yadlıq gətirir və bu, insanın kamilliyinə zidd olan azadlıqdır. Azadlığın insanın kamilliyinə də şamil olması, yəni həmin varlığın kamillik mərhələsini də əhatə edərək «mən hətta öz kamillik və təkamül mərhələsində də azadam» mənasını verməsi o deməkdir ki, mən «öz»ümdən daha kamiləm və mənim naqis «öz»üm, daha kamil «öz»ümdən azaddır. Bu azadlıq, insanı özündən, onun öz kamilliyinə bağlılığından çox uzaqlaşdırır.
Bu məktəbdə insanın başqasına bağlılığı ilə özünə, yəni öz kamilliyinə bağlılığı arasında fərq qoyulmayıb. İnsanın özündən başqa digər bir yad zata bağlanmasını, onun mahiyyətinin dəyişməsinə səbəb olmasını biz də qəbul edirik. Dinlərdə, dünyanın maddi şeylərinə bağlılıq nə üçün bu qədər qadağan edilib? Çünki maddiyyat insana yaddır və doğrudan da insani dəyərlərin tənəzzülünə səbəb olur. Amma insanın son kamillik nöqtəsinə bağlılığı yad bir şeyə deyil, «öz»ünə bağlılıqdır. İnsanın özünə bağlılığı, onun özünə yadlaşmasına, biganəliyinə, özündən xəbərsizliyinə səbəb olmur və insanın öz dəyərlərini unutmasını tələb etmir, yaxud insan hərəkətinin dayanması və ətalətdə qalması ilə nəticələnmir, çünki hər hansı bir şey son hədəfinə bağlananda ona doğru tələsir və hərəkət edir.
BU MƏKTƏBİN İNSANIN ALLAHLA ƏLAQƏSİ BARƏSİNDƏKİ SƏHVİ
Cənab Sarter! Allah iki səbəbə görə insana yad deyil. Birincisi, insanın Allaha bağlılığı onun, öz zatına zidd və yad bir şeyə bağlılığı deyil və buna görə də insan Allaha bağlananda özünü unutmur. Çünki o, Allahı yadına salır. İslam fəlsəfəsində hər bir şeyin yaradıcı və vücuda gətirən amil və səbəbinin və hər bir şeyin zatının dayağının, yəni şeyin dayağı olan yaradıcı səbəbin həmin şeyə onun özündən yaxın olması çox aydın dəlillərlə bəyan və sübut edilib.
Quran buyurur ki, «Biz sizə sizin özünüzdən də yaxınıq. Bizim sizə olan yaxınlığımız sizin özünüzə olan agahlığınızdan çoxdur və Bizim zatımız sizə, sizin özünüzdən də yaxındır.» Quranın bu ifadəsi doğrudan da çox maraqlıdır. Hamı özünün özünə hamıdan yaxın olmasını deyir, amma Quran deyir ki, Allah hər bir şeyə onun özündən də yaxındır, çünki, Allah hər bir şeyə onun özündən daha çox «öz»dür. Əlbəttə bu çox ali səviyyəli bir sözdür.
Əli (ə) buyurub: «Allah şeylərdən xaricdə və onlardan ayrı deyil, amma eyni zamanda onların daxilində də deyil.» Bu Nəhcül-bəlağənin istinad etdiyi mətləblərdən biridir.
İkincisi, Quranın insanın Allaha bağlı olmasını deməsinin səbəbi onun, Allahı insan hərəkətinin son nöqtəsi hesab etməsidir və o, insan yolunun ona tərəf getməsini bildirir. Deməli, insanın Allaha üz tutması, onun öz kamalına diqqətidir, yəni bu, həmin gül toxumunun öz kamilliyinin son nöqtəsinə diqqəti kimidir. İnsanın Allaha tərəf getməsi onun özünə tərəf, yəni naqis «öz»ündən kamil «öz»ünə doğru getməsidir.
Deməli, Allahı da digər şeylərlə müqayisə edən və insanın Allaha tərəf getməsini onun özünü unutması və hərəkətdən qalması hesab edən şəxs səhvə düçar olub.
İNSANIN «ÖZ»ÜNDƏN VƏ «ALLAH»DAN AGAHLIĞI
Allah insana o qədər yaxındır ki, insanın Ondan agahlığı, eyni ilə özündən agah olmasıdır və insan Allahdan xəbərdar olanda özündən xəbərdar ola bilər. Kiminsə «öz»ündən xəbərdar olaraq Allahdan xəbərsiz və qafil olması qeyri-mümkündür. Quran buyurur: «Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir!» Bəli, Allahı unudan özünü unudub. İnsan Allahını tapanda özünü tapır, Onu unudanda isə özünü də unudur. Quran ekzistansializmin sözlərinin tam əksini buyurub. Onlar deyirlər ki, insanın diqqəti Allaha yönəldikdə o, Allahdan agah olaraq özünü unudur. Quran isə buyurur ki, insan yalnız Allahdan agah və xəbərdar olanda özündən xəbərdar ola bilər. Bu, Quranın ən ali və dəqiq insani və psixoloji mətləblərindəndir və doğrudan da çox heyrətləndirici bir məsələdir.
Quran deyir ki, insan bəzən özünü unudur. Bu ilahi kitabın buyurduğu mətləblərə əsasən, ən böyük məğlubiyyət və uduzmaq bütün pullarını, var-yoxunu və ya namusunu uduzmaq deyildir, ən böyük uduzan özünü uduzmuş şəxsdir. İnsan özünü uduzanda hər şeyini uduzmuş olur. Bəli, insanın özünü uduzması onun hər şeyini uduzması deməkdir.
İbadətin fəlsəfəsi nədir? İbadətin fəlsəfəsi insanın özünü tapmaq üçün Allahı tapmasıdır; Quranın buyurduğu kimi, özünü həqiqi mənada tapmaq və özündən xəbərdar olmaqdır. Bəşəriyyət bu mətləbi hələ ki, dərk edə bilməyib və bunu yalnız islam məktəbindən ilham alan şəxslər dərk ediblər. Siz əgər islam dünyasında Mühyiddin Ərəbinin peyda olaraq insanın özündən agahlığını təfsir etməsini görürsünüzsə və bu bəhsi ondan sonra Mövləvi və digər şagirdlərin davam etdirməsini müşahidə edirsinizsə, nəzərə almalısınız ki, onlar Qurandan altı yüz il sonra gəlib və bu ilahi kitabdan ilham alıblar. Əlbəttə onlar Qurandan altı yüz il sonra gəliblərsə də, müasir filosoflardan 700 il qabaq olmaq iftixarına da malikdirlər.
Mövləvi, insanın özünüdərk və şüurun ilahi agahlıqdan ayrı olmaması barəsində belə deyib:
İqtizayi can çe ey del agəhist Hər ke agəhtər bovəd canəş qəvist. |
O, bu şerdə deyir ki, ruh agahlıq deməkdir və kimin agahlığı çoxdursa, onun ruhu da güclüdür. İnsan ruhunun heyvan ruhundan güclü olmasının səbəbi onun daha çox agah olmasına görədir. O, şerin davamında mətləbi yavaş-yavaş dəqiqləşdirdikdən sonra deyir ki, insan Allahından xəbərdar olanda özündən də xəbərdar və agah olur!
Buna görə də onların, hər bir bağlılığı azadlığa zidd təsəvvür etmələrinə cavab olaraq demək lazımdır: Bəli, Allaha bağlılıqdan başqa hər bir bağlılıq azadlığa ziddir. Amma Allaha bağlılıq belə deyil, çünki o, insanın özünə – kamil «öz»ə – bağlılığıdır və azadlıq Allaha bağlılıqdan başqa heç bir şeylə yaranmır. Deməli, ilahi şüur və agahlıq insanın özündən daha çox agah olmasına səbəb olur və insan ibadətdə və təklikdə Allahın zikrində nə qədər çox qərq olarsa, onun Allaha olan diqqəti çoxalacaq və nəticədə özünü daha yaxşı tanıyacaq.
Bəzi böyük şəxsiyyətlər irfani agahlığa bu yollarla çatıblar. Təqribən əlli il bundan əvvəl Nəcəfi-əşrəfin böyük müctəhid və alimlərindən olan mərhum Hüseynqulu Həmədaninin şagirdi Mirzə Cavad ağa Məliki Təbrizidən bir neçə kitab yadigar qalıb. O, bu kitabların birində bir neçə müqəddimə gətirməklə insanın «özündən agahlığını» izah edərkən «irfani agahlıq» mərhələsinə, yəni insanın özünü tanıyaraq dərk etməsi bəhsinə çatanda deyir: Mən «özündən agahlıq» hissinə ilk dəfə yuxuda nail olan və həmin hissi oyaq olandan sonra da davam etdirən bir şəxs tanıyıram. Sonra isə həmin mətləbi öz kitabında müəyyən formalarla izah edir. Özündən agahlığın bu həqiqi forması ilahi agahlıqdan yaranmadır və o, həqiqi ibadətdən başqa heç nə ilə əldə edilmir. Psixoloq min il də tədqiqat aparsa, bu «həqiqi özündən agahlıq» düşüncəsinin nə olduğunu tapa bilməz.
Əli (ə)-ın çox heyrətləndirici bir cümləsi var. O həzrət buyurur: «Mən, bir şey itirəndə həmişə onun dalınca gəzən, amma özünü itirməsinə baxmayarq, onu axtarmayan şəxsə təəccüb edirəm!» O, nə üçün özünü axtarmır? Ey insan! Sən özünü itirdiyini bilmirsən? Get, özünü tap; bu sənin üçün itirdiyin digər şeylərdən daha qiymətli və dəyərlidir.
Ekzistansialistlərin «Allaha iman gətirmək insani dəyərlərin unudulmasına səbəb olur» sözlərinin cavabında demək lazımdır ki, yad bir şeydə qərq olmaq insanın zati dəyərlərini unutmasına səbəb olur, amma «öz» və kamilliyin eyni olan bir şeydə qərq olmaq insanda dəyərlərin daha da çiçəklənməsinə gətirib çıxarır. Buna görə də ibadət və bəndəçilik məqamında yüksəlmiş şəxslərdə bütün insani dəyərlər güclənir, onların ağılları kamilləşir, eşqləri qüvvətlənir, qüdrətləri artır, ictimai xislətləri, izzət və kəramətləri güclənir; çünki bütün bunlar Haqqın zati təzahürləridir.
Onların «Allaha bağlılıq insanın hərəkətdən qalması və ətalətə düçar olmasına səbəb olur» iddiaları da səhvdir. Onlar elə bilirlər ki, Allah da ağac kimidir və kiminsə Allaha bağlanması, onun məhdud varlığa bağlanması kimidir və o, hərəkət edə bilməz. Cənab ekzistansialist! Allah sonsuz həqiqətdir. Məsələn, bir də görürsən ki, insanı yüz ağac eni və uzunu olan yerdə həbs edirlər və bu, insan üçün məhdudiyyət yaradır. Çünki insan deyir ki, mən həmin ərazini gəzib-dolaşdım və onun axırı məhduddur. Amma insanı sonsuz ərazidə həbs etmək onun üçün məhdudiyyət yaratmaq deyil. Sonsuz ərazidə dayanacaq nöqtə yoxdur. Bunun mənası odur ki, ey insan! Sən sonsuzluğa doğru hərəkət edəndə də kamala doğru gedirsən, Allah-taala elə bir məhdudiyyətsiz varlıqdır ki, bəşəriyyətin ən kamil insanı həzrət Peyğəmbər (s) belə, əbədi olaraq irəliləsə və hərəkətdə olsa sona çatmaz. Allah sonu olan məhud varlıq deyil və O, bəşəriyyətin yeganə sonsuz tərəqqi meydanıdır.
Salavat barəsində alimlər arasında belə bir söhbət var ki, bizim Peyğəmbərə (s) salavat göndərməyimizin mənası nədir və onun nə təsiri var ki, biz Allahdan Peyğəmbər üçün rəhmət və xeyir istəyirik? Bir dəstə deyir ki, Peyğəmbər kamil insandır, bəs bizim ona rəhmət istəməyimizin mənası nədir? Bu sualın cavabında deyilir ki, Peyğəmbər də hər an hərəkətdədir və o, əbədi olaraq getsə də bu yol sona çatmayacaq. Deməli, ilahi Zata bağlılıq insan hərəkətinin ətalətə çevrilməsinə səbəb olmur.