Otuz Doqquzuncu Görüş
Mərhum Əllamə Məclisi və Əllamə Nuri belə bir əhvalat nəql edirlər:
Seyyid ibn Tavus deyir ki, bir səhər çağı İmam Zaman (ə)-ın müqəddəs sərdabəsində Həzrətin dilindən belə bir münacat eşitdim: «Allahummə, innə şiətəna xuliqət min şuai ənvarina və bəqiyyəti tinətina və qəd fəəlu zunubən kəsirən ittikalən əla hubbina və vilayətina. Fə in kanət zunubuhum bəynəkə və bəynəhum, fəsfəh ənhum, fə qəd rəziyna. Və ma kanə minha fi ma bəynəhum fə əslih bəynəhum və qassi biha ən xumsina və ədxilhumul-cənnətə və zəhzihhum ənin-nari və la təcmə` bəynəhum və bəynə ə`daina fi səxətik.» (İlahi! Bizim şiələrimiz bizim nurumuzdan və bizim torpağımızın qalığından yaranmışlar. Onlar bizə və bizim rəhbərliyimizə olan məhəbbətlərinə arxayın olaraq bir çox günahlara düçar olmuşlar. Əgər onların günahları Sənə qarşı olubsa, onları bağışla ki, bununla bizi razı salmış olarsan. Yox, əgər düçar olduqları günahları ilə özlərinə zülm ediblərsə, onda onları islah et və əvəzini bizim payımız olan xümsdən çıx (beləliklə, Həzrət xümsdən olan öz şəxsi payını şiələrinə görə fəda etmişdir), onları cəhənnəm əzabından saxla və düşmənlərimizlə birgə əzab və qəzəbinə düçar etmə!)
Mərhum Əllamə Bəhrul-Ülum (Allah ondan razı olsun) dəfələrlə fədası olduğumuz İmam Zamanla görüşə nail olanlardandır. Onun heyrətamiz kəramətlərindən alimlər söz açır və böyük həvəslə nəql edirlər. Mühəddis Qumi "Rical” kitabında onun səkkiz kəraməti və İmam Zamanla görüşü haqda söz açır. Onlardan birində deyilir ki, İmam Zaman (ə) onu çox istədiyindən hətta, sinəsinə basaraq qucaqlamışdır. Doğrudan da İmam Zaman aşiqlərinin belə məqamlara yüksəlib, ali dərəcələri qət etmələri insanı heyrətə gətirir! Görün, onlar batinlərini necə mə`nəvi zinətləndirirlər ki, hətta Allahın yer üzündə tə`yin etdiyi "höccət” və "dəlil”inin sinəsində özlərinə yer edirlər.
Deyirlər ki, bir dəfə həmişəkindən fərqli olaraq Əllamə Bəhrul-Ülum mö`minlərin əmiri Əli (ə)-ın qəbri kənarında yox, çöldə dayanıb yanıqlı-yanıqlı ağlayaraq bu misranı zümzümə edir:
"Qur`anı qəlbləri ovsulayan dilindən eşitmək nə qədər xoşdur mənə...”
Ondan bunun səbəbini soruşduqda, buyurur: Ziyarətgaha daxil olmaq istəyirdim ki, bir də gördüm ki, İmam Zaman (ə) qəbirin baş tərəfində əyləşib avazla Qur`an oxuyur. Onun səsini eşitcək, dilimə bu misra gəldi. Amma ziyarətgaha daxil olduqda isə İmam Zaman (ə) qalxıb getdi.
Əllamə Bəhrul-Ülum Məkkədə yaşadığı illərdə qohum-əqrəbadan, dost-tanışdan uzaq olsa da, tələbələrin və yoxsulların ehtiyaclarını ödəməkdə heç vaxt biganə deyildi. Bəhrul-Ülumun maliyyə üzrə mühasibi bir gün ona deyir: Büdcədə artıq bir dirhəm də olsun pul qalmamış və bir şey fikirləşmək lazımdır. O isə bu xəbərdarlığa bir cavab vermir. Məkkədə olduğu illərdə adəti üzrə, hər səhər Kə`bəni təvaf edər, sonra da istirahət etmək üçün mənzilə qayıdardı. İstirahət vaxı isə qabaqcadan hazırladığım qəlyanı çəkəndən sonra, o biri otağa keçib tədrisə başlayardı. Həmin gün yenə səhər Kə`bənin təvafından qayıtdıqdan sonra həmişəki kimi, qəlyanını hazırlayıb qarşısına qoymuşdum. Birdən, qapının döyültüsü eşidildi və bunu eşitcək, çox həyəcanlı halda mənə dedi: Götür qəlyanı ortalıqdan. Özü də tez yerindən qalxıb, xidmətçilərdən qabaq qapıya tərəf yüyürüb qapını açdı.
Ərəb qiyafəsində çox yaraşıqlı, alicənab bir seyyid içəri daxil oldu və hər ikisi Bəhrul-Ülumun şəxsi otağına keçdilər. Bəhrul-Ülum böyük hörmət və ehtiramla qapı qabağında əyləşdi.
Onlar iki saata qədər təklikdə söhbət etdilər. Seyyid getmək istəyərkən, Bəhrul-Ülum tez ayağa qalxıb qapını açdı və sonra onun əlindən öpüb həyətdəki dəvəyə mindirdi. Nəhayət, qonaq getdi və özü də otağa qayıtdı. Amma onun rəngi-ruhu tamamilə dəyişilmişdi. Sonra əlindəki qətfəni mənə verib dedi: Apar bunu Səfa dağının ətəyindəki dükanda filan sərrafa("Alimlər xəzinəsi”, 3-cü cild, səh. 6)ver və nə qədər pul versə, al gətir. Mən də qətfəni götürüb dediyi şəxsin yanına getdim. Həmin şəxs qətfəni görcək, öpüb gözləri üstə qoyaraq dedi: Bir neçə nəfər fəhlə gətir. Elə də etdim. Sonra sərraf onların gücləri çatdığı qədər kisələrə pul doldurub mənə təhvil verdi.
Bir gün qərara gəldim ki, həmin sərrafın yanına gedib həm hal-əhval tutum, həm də ondan qətfə sahibi haqda soruşum. Amma ora çatdıqda, belə bir dükan gözümə dəymədi. Qonşu dükanların birindən onun kim və harada olduğunu soruşdum. Dedi ki, hələ bu vaxta qədər burada belə bir sərraf görməmişdir. Başa düşdüm ki, bu da ilahi sirlərdən və İmam Zaman (ə)-ın bizə lütf etdiyi bəxşişlərdən biri imiş.
Bütün İslam dünyasında özünün fövqəladə iste`dad, bilik və zəkası ilə şöhrət tapmış, bə`zi alimlər tərəfindən "fəqih və müctəhidlər simvolu” ləqəbi verilmiş dahi şiə alimi, məşhur səhabə Cabir ibn Abdullahın nəslinə mənsub mərhum Şeyx Mürtəza Ənsari haqda (Allah ondan razı olsun) Əllamə Nuri yazır: "Allah-təala Cabirə böyük fəzilət bəxş etmiş və onun nəslindən elə bir alim yetirmişdir ki, özünün dərin elmi, yüksək iste`dad və bacarığı ilə din və ümmətə misilsiz xidmət göstərmişdir...”
O, fəaliyyət göstərdiyi dövrdə müsəlmanların mərcə` müctəhidi və İmam Zamanın (ə) naib və xadimi olmuşdur. Mürtəza Ənsari, fədası olduğumuz İmam Zaman (ə)-ın həqiqi aşiqi olmaqla yanaşı, daim onun hüzurunda olduğunu hiss etmiş və bir an da olsun Həzrətin məqamından qafil olmamışdır. Şagirdlərindən biri onunla əlaqədar başına gələn bir əhvalatda deyir:
Bir gün gecə yarısı Kərbəlada küçə ilə gedirdim. Küçələr qaranlıq və palçıq olduğundan özümlə neft lampası da götürmüşdüm. Birdən, uzaqdan bir şəxs gördüm və yaxınlaşdıqda bildim ki, ustadım Şeyx Ənsaridir. Öz-özümə dedim: Görəsən, gecənin bu vaxtı gözləri də zəif gördüyü halda palçıq küçələrlə hara gedir? Kimsə tə`qib etməsin deyə onu qorumaq üçün arxasınca düşdüm. Şeyx yavaş-yavaş gedib bir evin qapısına çatdı və elə dayandığı yerdə səlis "Came`” ziyarətnaməsini oxumağa başladı. Sonra evə daxil oldu və daha nə baş verdiyini bilmədim. Amma diqqətlə qulaq asarkən Şeyxin orada kiminləsə danışdığı eşidilirdi. Bir saatdan sonra İmam Hüseyn (ə)-ın ziyarətgahına getdim və Şeyxi orada gödüm.
Sonralar Şeyx Ənsaridən həmin gecə nə baş verdiyini soruşdum və çox isrardan sonra buyurdu: Bə`zən İmam Zamanın (Allah zühurunu yetirsin) hüzuruna yetişmək üçün icazə alıram və bundan sonra sənin heç vaxt tapa bilməyəcəyin həmin evin yanına gedib, orada "Came`” ziyarətnaməsini oxuyuram. İkinci icazə verildikdə isə Həzrətin hüzuruna daxil olub, ondan məni maraqlandıran sualların cavabını soruşuram.
Sonra Şeyx (Allah ona rəhmət etsin) mənə tapşırdı ki, özü dünyadan köçməmiş heç kəsə bu əhvalatı danışmayım.
Bəhreyn Avropa və hegemon dövlətlərin istismarı altında olduğu dövrlərdə müsəlmanları razı salmaq üçün, bir sünni məzhəbli nasibini(Pul dəyişən.) ora hakim tə`yin etmişdilər. Onun şiələrə qatı düşmən olan bir vəziri var idi. Bəhreyn əhalisinin əksəriyyəti şiə və Əhli-beyt aşiqi olduğu üçün onlara qarşı düşmənçilik edərdi. O, daim şiələrə əzab-əziyyət verər, onların məhv olub aradan getməsi üçün müxtəlif hiylələrə əl atardı.
Günlərin bir günü vəzir hakimin yanına gəlib ona üzərində «La İlahə illəllah Muhəmmədun Rəsullullah və Əbu Bəkru və Uməru və Usmanu və Əliyyu xuləfai rəsulullah.» (Allahdan başqa Allah yoxdur. Məhəmməd onun rəsuludur. Və Əbu Bəkr, Ömər, Osman və Əli Allah peyğəmbərinin xəlifələridir.) yazılmış təbii işarələri olan bir nar təqdim edir. Hakim diqqətlə nara baxdıqdan sonra tam yəqinliklə belə qənaətə gəlir ki, narın üzərindəkilər şiələrin Əlinin Peyğəmbər (s)-dən sonra xəlifə olmasına dair iddialarını batil edəcək qəti dəlil ola bilər. Üzünü vəzirə tutub deyir: İndi nə fikirləşirsən? Biz onlarla nə edək? Vəzir deyir: Şiələr təəssübkeş bir camaatdır. Onlar hətta, əsaslı dəlilləri belə qəbul etmirlər. Bunun üçün də gərək onların ən böyük alimlərini çağırıb bu narı göstərək və onlara dörd yol təklif edək; ya əsassız məzhəblərindən əl çəkməli, ya zillətlə cizyə(Nasibi – Əliyə (ə) düşmən olanlara verilən ad.) verməli, ya kişiləri öldürülüb qadınları əsir olmalı, ya da bu narın müqabilində əsaslı dəlil gətirməlidirlər!
Hakim xəbis vəzirin təklifini qəbul edir. O, vaxt tə`yin edib şiə alimlərini saraya çağırtdıraraq onlara xəbər göndərir ki, mühüm bir məsələ barədə söhbət etmək istəyir. Alimlər yığıncaqda hazır olduqdan sonra hakim narı onlara göstərib vəzirin təklifini söyləyir və tələb edir ki, tez bir vaxta dürüst cavab versinlər. Əks təqdirdə, onların özlərini öldürəcək, qadınlarını əsir götürəcək və var-dövlətlərini isə qarət edəcəkdir. Sonra bildirir ki, onlara edəcəyi ən böyük güzəşt onlardan zillətlə cizyə alması olacaqdır. Bir sözlə, şiələrlə eynilə İslam dövlətinə tabe olan qeyri-müsəlmanlarla necə rəftar olunursa, elə rəftar olunacaqdır.
Şiə alimləri narı görüb hakimin sözlərindən bədənləri lərzəyə düşür və özlərini itirirlər. Onlar nə edəcəklərini və nə cavab verəcəklərini bilmirlər. Alimlərdən bir neçəsi hakimə deyir: Əgər mümkündürsə, bizə üç gecə möhlət ver, sənə cavab verə bilək. Yox, əgər verə bilməsək, hər nə istəsən bizə qarşı həyata keçirə bilərsən. Hakim onlara üç gecə möhlət verir.
Alimlər qorxu və hürkü içində bir yerə toplaşıb, birgə məşvərət edirlər. Nəhayət, hamılıqla belə bir qərara gəlirlər ki, təqva əhlindən olan on nəfər zahid alim seçsinlər və onların da arasından üç nəfər üstününü tə`yin edib, hər gecə biri səhraya getsin və İmam Zaman (ə)-a təvəssül etməklə məsələnin həlli yolunu tapsınlar. Onlar belə də edirlər. Birinci gecə onlardan birinə deyirlər: Bu gün səhraya gedib orada ibadətlə məşğul ol və dua, münacat edərək Allahın qapısını döy. Sonra isə İmam Zaman (ə)-a təvəssül edib ondan kömək dilə. Bəlkə, Həzrətdən bu müəmmanın cavabını öyrənə bildin.
Qəlbi iman və təqva ilə dolu həmin alim ixlas və sədaqətlə səhraya uz tutur və səhərə qədər Allahla münacat etdikdən sonra, İmam Zaman (ə)-a təvəssül edir. Lakin, təəssüflər olsun ki, bir şey görmir və cavabsız qayıdır. İkinci axşam o biri təqvalı alim səhraya üz tutur. O da birinci alim kimi səhərə qədər münacat və dua edib, İmam Zaman (ə)-a andlar versə də cavabsız gəlir. O da mə`yus halda camaatın yanına qayıdıb bir nəticə vermədiyini bildirir.
Vəziyyəti belə görən şiələr sonuncu gecəni iztirab içində keçirirlər. Daha onların cavab üçün yalnız bir gecələri qalırdı. Əgər bu gecə də cavab əldə edə bilməsələr, çarələri kəsiləcəkdi. Hamı bir nəfər kimi əllərini duaya qaldırır və seçilən üçüncü alim və təqvalı şəxs Məhəmməd ibn İsa səhraya göndərilir. O da ayaqyalın, başı açıq səhraya tərəf üz tutur. O gecə həmişəkindən çox qaranlıq olur. O, bir guşəyə çəkilib dua və münacatla məşğul olmağa başlayır. Allahın dərgahına üz tutaraq düçar olduqları bəlanı İmam Zaman (ə)-ın vasitəsilə aradan qaldırmasını istəyir. O gecə xeyli ağlayır və çalışır ki, özündə qeyri-adi ixlas əldə etsin. Səbirsizliklə İmam Zamanın intizarını çəkir. Gecənin sonunda birdən, qulağına bir səs gəlir. Diqqətlə qulaq asdıqda, mə`lum olur ki, kimsə onu adı ilə çağırıb deyir: Ey Məhəmməd ibn İsa! İxtiyar sahibindən nə istəyin var? Cavab verir: Əgər sən doğrudan da ixtiyar sahibimsənsə, mənim nə istədiyimi bilməlisən və mənim deməyimə heç bir ehtiyac yoxdur! Deyir: Elədir, düz deyirsən. Sən şiələrin düçar olduqları bəlaya – hakimin üzərində yazı olan narla əlaqəli olan məsələyə cavab tapmaq və onun hədə-qorxusundan yaxa qurtarmaq üçün bu səhraya gəlmisən.
Məhəmməd ibn İsa deyir: Ağamdan mö`cüzəli sözləri eşitcək, üzümü ona tutub dedim: Bəli, siz bizim başımıza gələnlərdən agahsınız. Siz bizim imamımız, həm də bu bəlanı bizdən dəf etməyə qadirsiniz. Həzrət buyurdu: Ey Məhəmməd ibn İsa! Allahın lə`nətinə gəlmiş vəzirin evində bir nar ağacı vardır. Onun meyvələri böyüməyə başladıqda, vəzir onlara gildən hazırlatdığı məxsus qəliblər keçirir. Qəliblərdə həmin yazılar vardır ki, narlar böyüdükcə onların üzərinə həkk olur. Səhər açıldıqda hakimin yanına get və ona cavab verməyə hazır olduğunu bildir. Sonra de ki, şəxsən vəzirin evinə getməyincə kimsəyə bir söz deməyəcəyəm. Evə daxil olduqda, hakimə de ki, bunun cavabını sağ tərəfdəki otaqda deyəcəyəm. Vəzir bunu eşitdikdə, sizi həmin otağa daxil olmağa qoymayacaq. Lakin, sən israr et və qoyma ki, vəzir otağa tək daxil olsun. Çalış, otağa birinci sən özün girəsən. Otaqda taxçanın üzərində bir kisə var və qəliblər də onun içindədir. Onu götürüb hakimin yanına apar. Sonra narı həmin qəlibə qoy və bununla da o, həqiqətdən agah olsun. Sizə başqa bir sirr də açıram. O da budur ki, hakimə deyərsən İmamın bir mö`cüzəsi də var. O deyir ki, əgər narı iki yerə bölsəniz, onun içində gilələr yerinə kül görəcəksiniz. Camaatın gözləri önündə vəzirdən narların birini bölməyi tələb edin, qoy hamı bu həqiqətin şahidi olsun. Vəzir bu işi gördükdə, narın içindən çıxan kül onun saç-saqqalına yapışacaqdır.
Məhəmməd ibn İsa bu sözləri fədası olduğumuz İmam Zaman (ə)-dan eşitdikcə, qol-qanad açır və sevindiyindən Həzrətin ayaqları altındakı torpağı öpməyə başlayır. Sonra o, böyük fərəhlə camaatın yanına qayıdır. Səhər tezdən yerli şiələrlə birlikdə hakimin yanına gedir və İmam Zaman (ə)-ın ona dediklərini yerinə yetirir. Hakim soruşur: Sizin İmamınız kimdir? Məhəmməd ibn İsa İmam Zaman (ə)-a qədər bütün mə`sum imamların adlarını çəkməyə başlayır. Hakim ona deyir: Əlini ver, səninlə bey`ət edim! Mən bu andan şiə məzhəbini qəbul edirəm.
Beləliklə, hakim özü də aşkar mö`cüzəni müşahidə etdikdən sonra şiə məzhəbini qəbul və vəzirini isə edam edir. Özü də bir daha şiələrdən üzrxahlıq istəyib, həqiqi müsəlman olur.
"Nəcmus-Saqib”də nəql olunan bu əhvalat Bəhreyndə çox məşhurdur. Hamı bu əhvalatı danışır və indinin özündə də Məhəmməd ibn İsanın qəbrini böyük ehtiramla ziyarət edirlər.
Seyyid Həsən Əbtəhi deyir ki, rəhmətlik atam seyyid Rza Əbtəhi dəfələrlə bu əhvalatı müxtəlif vaxtlarda söyləmişdir. Deyirdi ki, təxminən on altı yaşım olardı. Atam da vəfat etmişdi. Özümdən böyük bacım Məşhədin "Yuxarı Mayun” adlı ətraf yaylaqlarından birində ərdə idi. Məşhəddə havalar qızdığından biz də "Yuxarı Mayun”a getmək istəyirdik. O vaxtlar həmin məntəqələrə maşın getmirdi. Bunun üçün də bir neçə uzunqulaq kirayə edib birinə anamı, birinə özümdən kiçik olan bacımı mindirib, o birinə də şəxsi əşyalarımızı yükləyib yola düşdük. Uzunqulaqların ədəbsiz sahibi cavan oğlan da bizimlə birgə gəlirdi. Mayun çayına təxminən üç kilometr qalmış o, bizdən aralı bir nəfərlə söhbətə başladı. Biz isə qaya tərəflə hərəkət edirdik. O, uzaqdan bizi səsləyib dedi ki, çayın alt tərəfi ilə gedin. Biz isə onun sözlərinə e`tina etməyib yolumuza davam etdik. Çünki, əvvəlcədən demişdik ki, biz Yuxarı Mayuna tərəf gedəcəyik.
Yuxarı Mayun çayına üç kilometr qalmış Aşağı Mayun çayının başlanğıcında, sıx ağaclıqlar altında özünü bizə çatdırıb dedi: Uzunqulaqların kirayəsini verin və yolun qalan hissəsini isə piyada gedin. Anam ondan çox xahiş etdi ki, bizi Yuxarı Mayun çayına çatdır və nə qədər istəyirsən, əlavə pul al. Amma o, bunu qəbul etmədi. Anam isə havanın qaralmasıyla onun fürsətdən istifadə edərək bizimlə olan qadın və cavan qıza qarşı cinayətə əl atacağı ehtimalını fikirləşdikcə, bərk nigarançılıq keçirirdi.
Hava artıq tam qaralmış və sıx ağaclar altında isə göz-gözü görmürdü. Anam o qədər nigarançılıq hissi keçirirdi ki, bilmirdi nə etsin. Birdən, ayağa qalxıb mənimlə bacımı kötəkləyə-kötəkləyə dedi: Məgər siz seyyid deyilsiniz, nə üçün cəddinizi köməyə çağırmırsınız? Biz də ağlaya-ağlaya "Ya Cədda!” (Ey cəddimiz!) – deyərək fəryad etməyə başladıq. Bir də gördük ki, çayın aşağı tərəfindən əyinində zolaqlı əba, başında yaşıl əmmaməli uca boylu, yaraşıqlı bir seyyid gəlir. Bizə yaxınlaşandan sonra bir şey soruşmadan həmin cavana tərəf gedib dedi: Ay nanəcib! Peyğəmbər övladını bu qaranlıq havada, çayın ortasında iztirab içində qoyursan? O, bu sözləri deyərkən nə bizi tanıyır, nə də ki, bizdə seyyidliyimizi bildirən bir əlamət var idi. Cavan isə bir söz demədən tez aradan çıxdı. Sonradan bizə mə`lum oldu ki, o, olduqca bədəxlaq, hamını incidən bir mərdimazar imiş. Seyid ardınca düşüb, onu tutub gətirdi və dedi: Get uzunqulaqları gətir və onları istədikləri yerə çatdır. O da bir söz deməyib itaət etdi və yol boyu bir kəlmə də olsun danışmadı. Sonra seyyid buyurdu: Məqsədə çatana qədər sizinlə birgə olacağam. Biz isə havanın qaraldığını tam unutmuşduq. Çünki, gündüz tək hər tərəfi görür və yolumuza çox asanlıqla davam edirdik. Bacımgilin evi elə bir yerdə idi ki, ətrafında nə bir ev, nə də ki ağaclıq var idi. O, bizi çatdırıb soruşdu: Çatdınızmı? Dedik: Bəli və dərin minnətdarlığımızı bildirdik. Anam tam əmin idi ki, o, İmam Zaman (ə)-dır. Mənə dedi: Ağanı evə də`vət elə, bir az istirahət etsin. Bir də baxıb gördüm ki, artıq yoxdur və hava da qaralmışdır. Nə qədər onu səslədimsə, kimsə səsimə cavab vermədi. Sonra yadıma düşdü ki, çayın kənarında hava qaranlıq olsa da, biz onun əynindəki paltarın rəngini, üzünün bütün cizgilərini belə görə bilirdik.
Atamın bu əhvalatı nəql etməsində əsas məqsədi seyyidliyimizi sübuta yetirmək olmuşdur. Çünki, Həzrət həmin cavanı tənbih edərək demişdi: Ay nanəcib! Peyğəmbər övladını bu qaranlıq havada, çayın ortasında iztirab içində qoyursan? Atam və nənəm əmindirlər ki, həmin şəxs İmam Zaman (ə) olmuşdur.
Seyyid Həsən Əbtəhi deyir: Bir vaxtlar Tehranda Əbdülkərim adlı pinəçi bir seyyid var idi ki, bir çox alimlərin dediyinə görə, bə`zən İmam Zaman (ə) onun kiçik dükanına gələr, yanında əyləşərək onunla söhbət edərmiş. Bunun üçün də bə`zən onlar da İmam Zaman (ə)-ı görmək ümidi ilə saatlarla onun dükanında oturardılar ki, bəlkə Həzrətlə görüşmək səadəti onlara da nəsib ola. Seyyid Əbdülkərim isə dünyaya bağlı adam olmamış, hətta şəxsi evi belə yox imiş və yeganə gəlir mənbəyi də köhnə ayaqqabılara pinə vurmaq olmuşdur. Tehran bazarının hörmətli və bir çox böyük alimlərin e`timad etdiyi tacirlərindən biri belə bir əhvalat nəql edir:
Seyyid Əbdülkərim Tehranda kirayə evdə yaşayırdı. Ev sahibi onun gəlirinin aşağı olduğundan daha mənzili başqa birisinə vermək qərarına gəlib, ona evdən çıxmaq üçün on gün möhlət verir. Müddət başa çatdıqda Seyyid Əbdülkərim münasib ev tapa bilmədiyi üçün söz verdiyi kimi, ev əşyalarını götürüb küçənin bir küncünə yığır. O, nə edəcəyini və harada qalacağını belə bilmir. Elə bu vaxt İmam Zaman (ə) onun yanına gəlib deyir: Heç narahat olma, əcdadlarımız da çox müsibətlər çəkiblər. Seyyid Əbdülkərim deyir: Düzdür, amma onlardan heç biri kirayə müsibətinə düçar olmayıb. Fədası olduğumuz İmam Zaman (ə) gülümsəyərək buyurur: Düzdür, amma biz bütün işləri yoluna qoymuşuq. Mən gedirəm, bir neçə dəqiqədən sonra işin həll olacaq.
Tacir əhvalatın davamında deyir ki, bir gecə fədası olduğum İmam Zaman (ə)-ı yuxuda gördüm və mənə dedi: Filan evi alıb açarlarını apar ver filan küçədə oturan Seyyid Əbdülkərimə.
Səhər yuxudan durub saat səkkizdə həmin mənzilə getdim. Ev sahibi nə üçün gəldiyimi biləndə, təəccüblə mənə dedi: Borcum var idi, axşam İmam Zaman (ə)-dan kömək dilədim və gecə yatıb yuxuda onu gördüm. Mənə evimi satıb borcumu ödəməyi əmr etdi.
Mən də həmin evi alıb, açarlarını aparıb Seyyid Əbdülkərimə verdim. Ora çatdıqda, İmam Zaman (ə) təzəcə oradan getmişdi.
Allah-təala o səxavətli tacir və Seyyid Əbdülkərimə rəhmət etsin.