MÖHKƏMLİK VƏ DƏYANƏT Hər işdə və hadisədə dəyanət və möhkəmlik qələbənin ən əsas şərtlərindən, müvəffəqiyyətin güclü amillərindəndir. İctimai-siyasi həyat hadisələrində səbir cilovunu əlindən buraxanlar, nəinki qələbənin məqsədlərinə və nemətlərinə çatmaqdan məhrum olurlar, eyni zamanda bəzən həm özləri, həm də cəmiyyət üçün çətinliklər və faciələr törədirlər. Dərs proqramının əziyyətlərinə dözməyən şagird fəzilətin və kamalın parlaq çöhrəsini əsla görə, əhrimənin cəhalət çəngəlindən qaça bilməyəcəkdir. Öz dininin, millətinin və məktəbinin müdafiəsi yolunda düşmən qarşısında sabitqədəm olmayan əsgər nəinki qələbənin şahidi olmayacaqdır, hətta, ola bilsin ki, millətini məhv olmağa və zillətə sürükləyəcəkdir. İnsan cəmiyyətinin uzun siyasi-ictimai mübarizələri gedişində o qrup adamlar qalib gəlmişlər ki, çətin, acı hadisələr müqabilində səbir cilovunu əldən verməmiş və dağ kimi sabit və tərpənməz qalmışlar, hərçənd bəzən bu məsələlərdə "yanmışlar” çöllərdə, zindanlarda, sürgünlərdə və ya işgəncələr altında canlarını tapşırmışlar, ancaq öz cəmiyyətlərinin inkişafında elə bir ülgü, şəhadət və qəhrəmanlıq nümunəsi göstərmişlər ki, gələcək nəsillər öz abırlı həyatında onlara istinad etmişlər. İnqilabçı və azaddüşüncəli, əqidəsi və ideyası yolunda misilsiz möhkəmliyi və dəyanəti olan Əbuzər, həmişə öz dövrünün fəsadçı hakimiyyətinə qarşı etiraz edirdi, onun yoxsulların mallarını qarət yolu ilə əllərindən almasına maneçilik törədirdi. Buna görə dövrün xəlifəsi qarətçilərin təkidi ilə Mədinədən "Rəbəzə” adlı səhraya sürgün etdirdi, nəhayət o, çöllərdə azadlıq sevənlərin nəzərindən uzaq, öz məşəqqət dolu həyatını başa vurdu. Mədinənin hakimi Mərvan onun kimi düz danışan adam görmədiyindən, xalqa Əbuzərin ardınca getməyi qadağan eləmişdi. Bir adamın cürəti yox idi ki, Əbuzərlə bir addım atsın. Amma məzlum tərəfdarı və zalımın düşməni olan Peyğəmbər xanədanı, hakimin bu boşboğazlığına etina etməmiş, Mədinə şəhərindən kənarda özünü Peyğəmbərin həqiqi dostuna çatdırmış, onu öz ağuşuna almış və göz yaşı axıtmışdı. Həzrət Əliyyibni Əbi Talib və İmam Həsən (əleyhiməssalam), Əbuzərin şirin sözlərinə könül verdi, lakin şəhidlərin sərvərinin qəhrəmanlığa çağıran sözləri Əbuzərin qəlbində elə dərin bir rahatlıq yaratdı və onu elə qətiyyətli etdi ki, ömrünün axırına qədər zülmə qarşı mübarizədən əl çəkmədi və bütün varlığını bu yolda qoydu. Hər halda Hüseyn (ə), zövcəsinin və övladının əlindən tutaraq naməlum bir taleyə doğru gedəndə inqilabçı Əbuzərə belə dedi: "Ey Hüseynin əziz əmisi, həqiqətən Allah elə böyük və qadirdir ki, namünasib vəziyyəti dəyişə bilər, naümid olmaq lazım deyil, çünki, O, hər gün bir vəziyyət yardadır və nəqşə çəkir. Müxalif dəstə öz dünyasını səndən əsirgəsə də, ancaq sən onları özünün uca dinindən və fikirlərindən məhrum etdin, onların sənə olan ehtiyacı hər ehtiyacdan daha çoxdur, sən isə onların dünyasına ümumiyyətlə möhtac deyilsən. İndi böyük Allahdan səbir və qələbə istə, tamah və narahatlıqdan Ona pənah apar, çünki,səbir və dözüm dindarlığın zəruri ünsürü və böyüklük nişanəsidir. Qəzəb və tamah nə gündüzü (öz vaxtından) tez gətirər, nə də insanın əcəlinin gecikməsinə təsir göstərər. Allah səni vəhşətə salanlara rahatlıq, səni qorxudanlara əmin-amanlıq verməz. Allaha and olsun, əgər sən onların dünyasını istəsəydin, dediklərini qəbul etsəydin, hökmən sənə əmin-amanlıq verərdilər, əgər onların rəftarını bəyənsəydin, səni sevərdilər.”("Qürərül-hikəm”, səh.188) İmam Hüseyn (əleyhissalam)-ın bu cazibəli sözləri inqilabçı Əbuzəri daha çox inqilabçı, daha möhkəm etdi, çörəyini hər günün tələbinə əsasən yemədi və hər an bir şəkilə düşmədi, azad surətdə yaşadı, dünyadan tənha getdi, tənha dəfn olundu və qiyamət günü də bir səfdə tənha olacaqdır. HÜSEYN (Ə) MƏKTƏBİNDƏ ACLAR VƏ TƏŞNƏLƏR İşlər və hərəkətlər çirkinlik və ya gözəllik cəhətindən eyni cür deyildir. Bu gözəllik və qəbahət, xoşa gəlimlik və xoşagəlməməzlik şeylərin və əməllərin zatında gizlənmişdir. Bu mənanı inkar edənlərin, hər şeyin yaxşılığını və pisliyini yalnız ilahi və ya irfani qanunların yolu ilə olduğunu qələmə verənlərin sözləri kəskin şəkildə rədd olunmuşdur. Pisliklərin və gözəlliklərin mərtəbəsi, möhkəmliyi və zəifliyini də əşyanın zatında axtarmaq lazımdır. Pis və daha pis, yaxşı və daha yaxşı da bu əsas üzrə qiymətləndirilməlidir. Gözəlliyin bütün sahələri nə qədər kiçik olsa da, yenə böyükdür. Möminlərin rəhbəri Həzrət Əliyyibni Əbi Talib (əleyhissalam)-ın öz dəyərli və qurucu təlimlərində buyurduğu kimi: "Xeyir iş gör və onu kiçik hesab etmə, çünki xeyir işlərin kiçiyi və azı da çoxdur.”("Nəhcül-bəlağə”nin şərhi (İbni Əbil-Hədid), 2-ci cild, səh.562, (Qədim Beyrut çapı)) Lakin Quran məktəbində və İslam mədəniyyətində yenə bir sıra xoşagələn və yaxşı əməllər, üstün və daha üstün məqamlar da vardır ki, Pərvərdigarın ləyaqətli və əməli saleh bəndələri onlara daha çox diqqət yetirir və o cür işlər göməklə Xudavəndi-aləmin rizasına nail olmağa çalışırlar. Bəzən dinin böyük şəxsiyyətləri bəyan ediblər: "Xeyir əməllərin ən üstünü, onların ən çox zəhmətlə başa gələnidir.”(Qürərül-hikəm”, səh.111) Çünki, insanın yaxşı əməl və işləri, onun nəfsinin və rahatlıq hərisliyinin başına döyməkdə (qarşısını almaqda) nə qədər çox təsirli olsa, onun ruhunun, kamalının və camalının saflaşmasında da bir o qədər çox rol oynayacaqdır və ən üstün və yaxşı əməl də odur ki, insanın ruhuna daha çox səfa bəxş edir. Bəzən əməllərin ən yaxşısını qiymətləndirmək, dərk etmək üçün başqa bir meyar da göstərilmişdir. Onun izahında belə demək olar ki, Allahı razı salmaq üçün insanın həyata keçirdiyi əməllər üç cür olur: Birincisi o əməldir ki, nəticəsi və faydası ancaq əməl sahibinin özünə çatır və başqa bir kəsə onun heç bir xeyri yoxdur. Bu qəbil əməllər yaxşı və qüvvətli yemək kimidir ki, insan onu yeyir, cismani qüvvət alır. Bu, gecələr oyaq qalaraq edilən xalis ibadətlər kimidir ki, onları edənin ruhuna qüvvət, camal və kamal bəxş edir ki, sonrakı aləmdə (axirət dünyasında) özünün ruhi gözəllik və qüdrətindən daha çox istifadə edə bilsin, daha çox pərvaz eləsin, o cahanın ləzzətlərini daha kamil dərk və hiss etsin. Lakin bu zahidin gecə yarısı etdiyi ibadəti, münacatı və göz yaşı axıtmasından dərdli adamların qəlblərinin yarasına, susuzluğuna, aclığına və naləsinə, binəvaların fəryadına bir məlhəm olmaz, dərdlilərin bir dərdi təskinlik tapmaz. İnsan bədəninin möhtac olduğu yemək kimi onun ruhunun güclənməsi, qorunması və kamilləşməsi üçün zəruri olan bu qəbil əməlləri birtərəfli və ya fərdi əməl adlandırmaq lazımdır. İkincisi o əməllərdir ki, onların xeyri və faydası eyni zamanda həm sahibinə çatır, onun ruhuna, əhvalına səfa bəxş edir, həm də başqaları da onun yaxşı əməllərindən bəhrələnir, çörəyə çatır, dərdi-qəmi azalır. Bu cür əməllər ictimai və ya ikitərəfli əməllər adlandırılmalıdır. Bunlar bir çırağa bənzəyir ki, bir şəxs onu yandırır, həm özü istifadə edir, həm də başqası nura qovuşur və (qarşısına çıxan) xətəri aradan qaldırır. Üçüncüsü o əməllərdir ki, onun maddi faydasının hamısı yüz faiz başqalarına aiddir və bu əməlin sahibi çətinlikdən və narahatlıqdan başqa bir şey duymur. Yalnız xeyrə olan eşq və yaxşı əməllər etməyə olan məhəbbət onu bu işləri görməyə vadar edir. Nəhayət, əgər o, bu işləri Allah və Onun rizası xatirinə etmiş olsa, Allahın rəhmətindən də faydalanar. Bəzən o, ilahi vəchdən başqa heç bir şeyi nəzərdə tutmur, hətta tərəfi-müqabildən və ya başqalarından da təqdir və təşəkkür (eşitməyi) belə nəzərə almır: "Yalnız Allahın xatirinə biz sizə ruzi veririk, sizdən nə cəza (əvəz) istəyirik, nə də təşəkkür.”("İnsan” surəsi, 9) Bu cür əməlləri ilahi əməl və əməllərin ən fəzilətlisi adlandırmaq lazımdır. İslamın ali təlimlərində bu əməllərdən çoxlu nümunələr göstərilmişdir ki, ayrıca bir əsərin mövzusudur. Lakin yenə şəhidlərin sərvərinin yaradıcı əxlaqi məktəbindən bir nümunə nəql edirəm ki, onun dəyərli məktəbinin davamçıları üçün şəhadətə səsləyən sözləri kimi, insan dəyərinə və kamalına uzanan bir yoldur. Bu baxımdan gərək Həzrət Hüseyn (əleyhissalam)-ı böyük rəhbər, əzəmətli İmam və dəyərli sərvər hesab edərək onun hərtərəfli ruhi və fikri rəhbərliyinin nəhəngliyinə nəzər salaq, yanmış ürəklərə məlhəm qoymağı, solmuş ürəklərin ələmlərinə təskinlik verməyi və ac qarınları doyurmağı da o həzrətin inqilabi məktəbinin əxlaqından (bir nümunə) sayaq ki, bəlkə onları insanın əməllərinin ən üstünü bilək, yaxşı işlər görməyi intixab edərkən yalnız bizim özümüzə xeyri olan birtərəfli əməllərlə kifayətlənməyək, başqaları, xüsusilə binəvalar üçün də bu geniş və nəhayətsiz dünyada yaşamaq haqqına qail olaq, bir gün də başımıza və sinəmizə vura-vura məhrumların, zəiflərin köməyinə çataq, dərdli ürəklərə məlhəm qoyaq. Və bunu da Hüseyndən öyrənək. Şəhidlərin sərvəri böyük babası İslam Peyğəmbəri (s)-dən belə nəql edir: "Böyük Pərvərdigarın yanında əməllərin ən üstünü-təşnə və yanan ürəkləri sərinlətmək və acların (qarnını) doydurmaqdır. Mühəmmədin canı qüdrət əlində olan Xudavəndi-aləmə and olsun ki, özü tox, müsəlman qardaşı (və ya qonşusu) ac olan heç bir bəndə mənim peyğəmbərliyimə və risalətimə iman gətirməyibdir.”("Əl-məcalis”, səh.28) İMAM HÜSEYN (Ə) MƏKTƏBİNDƏ İNSANŞÜNASLIQ Böyük və görkəmli adamlar fərdlərlə və şəxslərlə qarşılaşanda həmin fərdin və şəxsin özünü tanımazdan qabaq, onun şəxsiyyətini tanımağa, mənəviyyatının, təfəkkür tərzinin və dünyagörüşünün dərinliyindən xəbərdar olmağa, cəmiyyətdə özlərinin hər cür hərəkət və rəftarlarını onun əsasında möhkəmləndirməyə çalışırlar. İslamın başlanğıcında siyasi, hərbi, nizami və məhkəmə işlərində bu məsələyə dəqiq şəkildə diqqət verilmiş, hətta yaşca kiçik olsalar belə, dərrakəli, düşüncəli və qətiyyətli adamları, sadə və qətiyyətsiz yaşlılardan üstün tutmuş, İslamın idarə qurumlarına heç bir vəchlə dostbazlıq və dəstəbazlıq yol tapmamışdır. Əlaqələr zabitələr üzərində hakim deyildi, "mərifəti qədərincə məşhurdur” qanununa riayət edirdilər. Bu məsələ ilə əlaqədar yenə şəhidpərvər Hüseyn (əleyhissalam)-ın evinə baş vuraq və feyzlə dolu məktəbindən bir incəlik öyrənək: Ağır borc təzyiqi altında inləyən və heç bir çıxış yolu tapmayan bir ərəb kişi Mədinəyə gəldi, yoxsulların ümidinin evinə getdi, şəhidlərin sərvəri, Zəhra (əleyha salam)-ın oğlunun evinə daxil oldu və salam verəndən sonra belə dedi: Yəbnə Rəsulillah, böyük borcum var və bir qan puluna zamin olmuşam, ancaq onu ödəməyə imkanım yoxdur. Qərara aldım ki, insanların ən böyüyündən kömək istəyəm, öz ehtiyacımı ona deyəm. Bu gün İslam Peyğəmbərinin nəslində sizdən kəramətlisini tanımıram. Hüseyn (əleyhissalam): Ey ərəb qardaş, mən səndən üç məsələ soruşacağam. Əgər birinə cavab versən, sənin xahiş etdiyinin üçdə birini ödəyəcəyəm, əgər iki məsələyə cavab versən, üçdə ikisini, əgər hər üç sualıma cavab versən, sənin bütün istəklərini yerinə yetirəcəyəm. İmam Hüseyn (əleyhissalam) əvvəlcə ağır borc altına girmiş ərəb kişinin şəxsiyyətini öyrənmək və ona uyğun hərəkət etmək istəyirdi ki, məbada, birdən öz şəxsiyyətinin, böyüklüyünün və şəninin xilafına bir iş görər. Ancaq qəti aydın idi ki, o, heç bir cavab verməsəydi də, İmamın vücudunun kərəmindən məhrum olmayacaqdı, çünki, bu sual-cavab onun öz məqamına və şəninə riayət etmək məqsədi daşıyırdı. Hər halda söhbət belə davam etdi: Ərəb dedi: Yəbnə Rəsulillah, necə rəvadır ki, risalət və şərafət xanədanından olan sənin kimi bir şəxs, yalnız bədəvi bir ərəb olan məndən sual etsin? İmam Hüseyn (əleyhissalam) buyurdu: Babamdan eşitmişəm, belə buyurub: "Yaxşılıqlar mərifət qədərincə olmalıdır.” Ərəb dedi: Ey Peyğəmbərin oğlu, nə istəyirsən soruş, əgər bildim, cavabını verərəm, bilməsəm, sizdən öyrənərəm. "Allahdan başqa bir qüvvə yoxdur.” İmam Hüseyn (əleyhissalam): Əməllərin ən üstünü hansıdır? Ərəb: Allaha iman bəsləmək. İmam Hüseyn (əleyhissalam): İnsanın həlakətdən nicat tapmasına nə bais olar? Ərəb: Allaha etimad və inam. Hüseyn ibni Əli (əleyhissalam) üçüncü sualını soruşdu və belə buyurdu: İnsana zinət verən nədir? Ərəb: Elmlə helm. İmam Hüseyn (əleyhissalam): Əgər bu olmasa necə? Ərəb: Sərvət və mürüvvət. İmam Hüseyn (əleyhissalam): Əgər bu da olmasa, insanın zinəti nədir? Ərəb: Yoxsulluğa səbir və dözüm. İmam Hüseyn (əleyhissalam): Əgər bu da olmasa, kamalın və zinətin səbəbi nədir? Ərəb: Göydən bir ildırım çaxar və ona layiq olan şəkildə həyatına son qoyar. İmam Hüseyn (əleyhissalam) ərəb kişinin axırıncı cavabından gülümsündü, içində min qızıl dinar olan kisəni ona verdi, əlavə olaraq, qaşı iki yüz dirhəmə dəyən bir üzüyü də bağışlayıb buyurdu: Dinarlarla borcunu ödə və üzüyü də satıb öz həyatını təmin et. Ərəb dedi: Allah Öz risalətini harada qərar verməyi daha yaxşı bilir!”("Məqtəli-Xarəzmi”) İMAM HÜSEYN (Ə) MƏKTƏBİNDƏ VASİTƏÇİLİK Şəhidlərin sərvərinin dostlarının və sevənlərinin çoxu böyük məhəbbət, şövq və səmimiyyətlə Həzrət İmam Hüseyn (əleyhissalam)-ın təziyəsində, sübhə qədər sinə vurmağa və ya onun şərəfinə cəlallı məclislər təşkil etməyə hazırdırlar. Əlbəttə, bu, elə belə də olmalıdır, çünki, bu hərəkət çox yaxşı, rəğbətlə qarşılanan dini ənənələrdəndir və ondan daha cəlallılarını da təşkil etmək olar. Ancaq çox təəssüflə, bu səmimi adamların bir çoxu ehtiyaclıların çətinliklərini aradan qaldırmaq, onların şəri istəklərini və ehtiyaclarını və ya bir düyünlərini açmaq, istəklərini yerinə yetrirmək üçün bir iş görməyə, adım atmağa hazır deyillər. Bəlkə bu qəbil adamlardan elələri də tapılır ki, ehtiyac içində olanların və biçarələrin onlara müraciət etmələrini də bir növ zəhmət və narahatlıq hesab edirlər. Amma şəhidlərin sərvərinin və azadlıqsevənlərin rəhbərinin əxlaqi və insani məktəbində bu qəbil müraciətlər nəinki qayğı və zəhmət hesab olunmamış, əksinə, ilahi rəhmət, nemət və fəzilət kimi təqdim edilmişdir ki, buna şükr etmək və şad olmaq lazımdır. O Həzrətdən edilən rəvayətdə belə bəyan olunmuşdur: "Həqiqətən insanların sizə olan ehtiyacı Pərvərdigarın nemətlərindəndir ki, sizə göndərilmişdir. Bu nemətlərdən bezməyin və nigaran olmayın ki, intiqam kimi üstünüzə qayıda bilər."(Kəşfül-ğəmmə”, 2-ci cild, səh.241) Şəhidlərin sərvərinin bu yolla gedən həqiqi davamçıları axtarırlar ki, çətinliyə düşmüş bir şəxs tapsınlar, onun qayğılarını aradan qaldırsınlar və ya bir möhtacın ehtiyacını ödəsinlər və beləliklə, təzə bir nemət əldə eləsinlər və ya bir möminin ürəyini şad etməklə Allaha minnətdarlıq etsinlər. Fəzilət yolunun cəsurlarının rəhbəri, həqiqət aşiqlərinin sarvanı, azadlıq sevənlərin seyyidi və sərvəri İmam Hüseyn ibni Əli (əleyhissalam) buyurmuşdur: "Namazı çıxmaq şərtilə əməllərin ən üstünü-günah sayılmayan bir şeylə bir möminin gönlünü şad etməkdir”-deyən babamın buyurduğunun düzgünlüyü mənə sübut oldu, çünki bir gün bir qulam gördüm ki, çörək yeyirdi və yanında dayanmış bir itə də o qədər yemək verirdi. Heç vaxt biçarələrin, yoxsulların yanından biganə keçməyən İmam Hüseyn (əleyhissalam) bu işlə maraqlandı və əhvalatı belə aydınlaşdırdı: Hüseyn (əleyhissalam): Ey qulam, sənin bu heyvana bu qədər diqqət və yaxşılığının səbəbi nədir? Qulam: Ey Peyğəmbər övladı, mən qəm-qüssəyə giriftar olmuş bir adamam. Bu heyvanı şad etmək və sevindirməklə öz şadlığımı əldə etmək istəyirəm. (Sonra əlavə etdi:) Mənim sahibim bir yəhudidir, onun əlindən azad olmaq istəyirəm. Biçarələrin və yoxsulların ən mehriban pənahı olan və həmişə onların rifahına xüsusi diqqət yetirən Hüseyn (əleyhissalam) dərhal iki yüz dinar qızıl götürdü, qulamın müsəlman olmayan sahibinin yanına yola düşdü, ondan qulamı almaq istədiyini bildirdi. Yəhudi kişi şəhidlərin sərvərini görən zaman o Həzrətin rəftarına və söhbətinə vuruldu. Ərz etdi: Ya Hüseyn, mən bu qulamı sənə bağışladım, bu bağı da ona verdim. Pulu da sizin özünüzə qaytarıram. İmam Hüseyn (əleyhissalam) pulu qəbul etməkdən imtina etdi. Buyurdu: Mən onu sənə bağışladım və hədiyyə etdim. Yəhudi dinarları qəbul etdi və sonra onları qulama bağışladı. İslam qanununa əsasən qulam və onun bütün malları İmam Hüseyn (əleyhissalam)-a çatandan sonra, o Həzrət əvvəlcə o qulamı Allah yolunda azad etdi, sonra bütün malları da ona bağışladı. Yəhudinin İmam Hüseyn (əleyhissalam)-ın bu böyüklüyünü görən və ərinin fədakarlığını müşahidə edən arvadı ərinin alicənablığını təqdir elədi, özünün nəzərə çarpacaq qədər çox olan mehriyyəsini ona bağışladı və islam dinini qəbul etdi. İmamın bərəkətli qədəmləri səbəbilə bu gözlənilməz dəyişiklikləri görən yəhudi kişi o həzrəti tanıdı, onun yüksək məqamını dərk etdi və islam dinin qəbul etdi. Ondan əvvəl İslam həqiqətinə aşiq olmuş xanımını sevgilərə və ənamlara qərq etdi.("Mənaqib” 4-ci cild, səh.78) Hüseyn ibni Əliyyibni Əbi Talib (əleyhissalam) elə mücahid bir şəxsiyyətdir ki, fəzilətə, ədalətə məhəbbət, haqqı və həqiqəti müdafiə, din və şəriətin düşmənləri ilə mübarizə yolunda bütün varlığını qurban verdi, bütün azadlıq sevənlər üçün canlı, yaradıcı, əbədi, dəyərli bir məktəb yaratdı və şair demişkən: "Varlığının nəqdini verdi və cahanın varlığını bir yerdə aldı.” Əsil aşiq odur ki, sevdisə, bütün varlığı ilə sevmiş olsun. O böyük rəhbər və böyük şəxsiyyətin mənəvi və ruhi mübarizələr, səylər, əsəbləri kontrol etmək, heyvani istəkləri cilovlamaq, nəfsə və əhriməni xasiyyətlərə üstün gəlmək, şərəfli və nəfis insani ruhu çirkinliklərdən və qara niyyətlərdən saxlamaq və mühafzə etməklə əlaqədar həyat bəxş edən cəsurluq, rəşadət və şəhadət kimi maraqlı, cazibəli fikirləri və yaradıcı bir məktəbi vardır ki, öz həqiqi davamçılarına bilik və qüdrət bağışlayır, cəmiyyəti süqut və məhv olmaqdan xilas edir. Bundan sonra da Fatimeyi-Zəhranın oğlu Hüseyn ibni Əlini böyük mürəbbi və böyük rəhbər kimi tanımaq lazımdır. Bu mənəvi və ruhani məktəbi şəhadət və şəhamət ayini kimi canlı, fəal saxlamaq üçün ucadan danışmaq, başa-sinəyə vurmaq, bu dəyərli təlimlərin maraqlananların və ardıcıllarının fikrindən çıxmasına, unudulmasına imkan verməmək lazımdır. O Həzrətin özünün hesab edilən şerlərində şəhidlərin sərvəri dəfələrlə deyirdi: "Əgər doğrudan da bədənlər ölmək üçün yaranır və böyüyürsə, onların Allah yolunda qılıncla öldürülməsindən gözəl nə ola bilər?” O, həmçinin öz səadətini və xoşbəxtliyini din düşmənləri və zülmkarlara qarşı cihadda görürdü, bu amal və arzu ilə yanaşı, nəfsə qarşı cihadı və nəfsin istəkləri ilə mübarizəni müvəffəqiyyət və böyük cihad hesab edir və böyük babasından belə nəql edir: "İnsanı günahlardan və Allaha itaətsizlikdən çəkindirmək yolunda, nəfsani istəklərə qarşı etdiyi cihad, cihadların ən böyüyüdür.”("Töhəfül-üqul”, səh.139) |