TƏMİZ VƏ NATƏMİZ QƏLƏMLƏR Bəşər həyatının tarixi boyunca heç bir ağıllı adama qələmin və yazının dəyəri gizli qalmamışdır. İndi də elmli və dünyagörüşü olan adamların yanında təmiz qələmlər hörmət və izzət zörvəsindədir. Həqiqətən də dəyərli qələmlər keçmiş nəsillərin nəsihətlərinin mühafizi onların əməllərinin, rəftarlarının bəyanedicisi, müxtəlif şəxsiyyətləri nümayiş etdirən və cahanı göstərən bir camdır ki, bizdən əvvəl dünya səhnəsini siyasi ehtirasların döyüş meydanı və ya öz fikri-mənəvi aləmlərinin aynası saymış, bəşəri hadisələri tarixin səhifələrində təcəssüm etdirmişlər. Dəyərli qələmlər doğru yol göstərənlər kimidir ki, ölçülü-biçili və münasib işarəsi və hərəkəti ilə rahatlıq, səadət və xoşbəxtlik yolunu göstərir, aşkar və ehtimal olunan xətərləri də müəyyən edir və ya bir səfirə bənzər ki, zaman və məkan fəsilələrindən bəşərin bir-birini əvəz edən nəsilləri üçün keçmiş nəsillərin sərgüzəştlərini ərməğan kimi çatdırır, onların xatirələrini canlı və əbədi yadigar kimi saxlayır. Lakin hər qələmin, yazının dəyəri və qiyməti onun paklığının, dəqiqliyinin və əhatəliliyinin qədərincədir. Əgər bir yazıçının qələmi ədalətli, düz yazan və realist olsa, yazısında həqiqətlər təsvir edilsə, cəmiyyətin islahında onun təsiri daha artıq, davamiyyəti və sabitliyi daha çox olacaqdır. Əksinə, ədalət və həqiqət yolunun xilafına hərəkət eləyən, tarix səhifələrini bu istiqamətdə qaralayan qələmlər zəhərli neştərlər kimidir ki, cəmiyyətin vücuduna batır, onu zəhərləyir və tədricən yoxluğa sürükləyir, insanların fikrini doğru yoldan sapdırır, səadət və təkamüldən geri qoyur. Onun xoşagəlməz təsirləri çox vaxt bir nəsildən başqa nəslə keçir, milləti tarixi həqiqətlərdən və həqiqi kamillikdən uzaqlaşdırır. Bu qeyd olunan məsələlərə diqqət yetirməklə yanaşı, onların ən böyük məsuliyyəti, ən mühüm vəzifəsi həqiqətləri və əsil hadisələri göstərməkdən, cəmiyyəti cəhalətdən və nadanlıqdan təmizləməkdən, düzgün tərbiyə və baxış istiqamətini göstərməkdən ibarətdir. Məhz belə qələmlər hörmətə və and içilmək ləyaqətinə malikdirlər. "And olsun qələmə və yazı vasitələrinə” sözləri doğrudur və Allah yolunda şəhid olanların və döyüşənlərin qanından üstündürlər. Təəssüf ki, bizim əsrimizdə yazıçılıq öz əsil yolundan kənara çıxmış və öz həqiqi vəzifəsini yerinə yetirməkdə aciz olmuşdur. Qeydsiz-şərtsiz mədhiyyələr kimi, bir çox mövzularda yolunu sapmış, ictimai fəsadlarla həmahəng olaraq sürətlə öz fəaliyyət dairəsini artırmışdır, onun ticarət və fəsadlar marağı başqa məziyyətlərindən qabağa düşmüşdür. Bu qəbildən olan yazıçıların həqiqəti yazmaqla işi yoxdur, insanın ali tərbiyəsini və islam mədəniyyət səviyyəsini yüksəltmək fikrində deyillər. Onlar həqiqətdə tacirlər və sövdəgərlərdir ki, xüsusi bir məharətlə al-əlvan və cazibəli ağızları kitab şəklində bazara çıxarır və şəkildə, rəngdə, məzmunda və sairədə elə cəhət və üsullara riayət edirlər ki, mənəvi xeyir, həqiqəti söyləmək və hadisələri bəyan etmək əvəzinə, daha çox maddi mənfəət götürsünlər. Başqa sözlə desək, əlində qələm olan bu dəstənin səy və çalışmağının məqsədi Allahı və vicdanı sevindirmək deyil, insanların razılığını (sevgisini) qazanmaqdır. Gözəl zövqlü bir yazıçı aylarla vaxt sərf etməklə maraqlı, cəlbedici, yalan və süni şeylərlə dolu bir kitab yazıb xalqın ixtiyarına verir, ona gözəl bir islami ad da seçir, özü də mənfəət axtarmaq prinsipi üzərində qurulmuş bir müəssisə və ya nəşriyyat da ondan istifadə etmək üçün geniş təbliğata başlayır, ancaq o kitabın əvvəlindən axırına qədər müsəlmanların Quranından bir ayə və ya İslam Peyğəmbərindən bir rəvayət də yoxdur, əgər varsa da, kitabın həcmi müqabilində elə bir şey deyildir, ancaq şərqin və qərbin müsəlman olmayan alimlərinin nəzəriyyələri barədə o kitabda çoxlu səhifələr yazılmışdır, sanki onu İslamla, onun ali təlimləri ilə tanış olmayan və ya ayələrdən və rəvayətlərdən bəhrələnməmiş bir xarici qələmə almışdır. Mən heç vaxt deməmişəm və indi də demirəm ki, başqalarından bilik öyrənmək olmaz, elm dalınca Çinə qədər getmək lazım deyil və ya bilik əldə etmək, məlumatının səviyyəsini yüksəltmək üçün okeanların dibinə baş vurmaq, elmlərin, fənlərin və peşələrin müxtəlif sahələrində və ya müsəlman olmayanların təcrübələrindən bir şey öyrənmək lazım deyil. Necə ola bilər ki, bir kəs belə sözlər danışsın və ya öz beynində belə fikirlər yaşatsın? Halbuki, bizim uca məqamlı və həqiqi rəhbərlərimiz buyurmuşlar: "Elm və hikmət möminin itirdiyidir ki, həmişə axtarır, harda tapsa, əldə edər.”("Səfinətül-bihar”, 1-ci cild, səh.291) Buna görə elm və bilik öyrənmək üçün hədd, sərhəd və ya yaş şərtlərini nəzərə almaq olmaz. Amma şərh edilməsi lazım olan cəhət budur: Elmi istinadlarının çoxu xaricilərin sözləri və fikirləri olan möhtərəm bir yazıçı, bir az artıq mütaliə etmək və tədqiqat aparmaq əziyyətinə dözsün və Qurani kərim məktəbinə, İslam Peyğəmbəri ənənələrinə, din başçılarının əsərlərinə, Həzrət İmam Əli, İmam Baqir, İmam Sadiq (əleyhimussalam) və başqa İmamların yaradıcı məktəblərinə də bir baş çəksin. İlahi ayələrin, Quran elmlərinin varislərinin dəyərli kəlmələrini nəql etməklə öz yazısına daha dəyər və daha artıq etibar bəxş edər, bəzilərinin çirkin fikirlərini hörümçək kimi öz ətrafına hörməz, toxumaz; Qarışqa kimi də olmaz ki, hər qurunu-yaşı toplasın, kitabın həcmini, kağızın vəznini artırsın. Əksinə, bal arısı kimi zərif olar ki, ətirli və pak güllərin üstünə qonar, hər güldən bir şirə çəkər, onu şəfaverici şərbət şəklində hazırlayar, insanların ruhuna və canına qüvvət, səfa və cila verər, əsassız, bəzən yüz faiz ziyankar və ya zəruri olmayan bihudə mətləb və məsələlərdən danışmaqdan çəkinər. Əgər qələm sahiblərinin müqəddəs məqamlarına hörmətsizlik sayılmasaydı, sizin üçün bəzi mətləblər danışardım. Lakin elə buna görə və həm də bihudə söhbətlərin özünün də bihudə vaxt apardığını nəzərə alaraq bu fikirdən daşınıram. Və bu məsələdə də şəhidlər sərvərinin feyzlə dolu məktəbinə baş çəkək, şəhadət və can fəda etmək rəmzi sayılan bir mətləbi öyrənək və sonra elmi, əxlaqi, tədqiqi, tərbiyəvi digər söhbətlərimizi bunlarla zinətləndirək, beləliklə, hər yazıçının əqli və fikri inkişafını da qiymətləndirək. Hüseyn ibni Əli (əleyhissalam), İslam Peyğəmbərinin elm şəhərinin qapısı olan böyük atası Əliyyibni Əbi Talib (əleyhissalam)-dan belə rəvayət etmişdir: "İnsanların ən ağılsızı (axmağı) o kəsdir ki, öz yazılarını puç və bihudə mətləblərlə doldurur.” ÖZÜMÜZÜ BEHİŞTƏ VƏ DAHA YÜKSƏK QİYMƏTƏ SATAQ! Bizim dünyamız qaynayıb-coşan və narahat bir bazar kimidir ki, bütün insanlar, qiymətli sərmayələrlə və öz əziz ömürləri ilə orada al-verlə, ticarətlə məşğuldurlar. Çox dəyərli, lakin məhdud olan qiymətli ömür istər-istəməz bir gün tamam olur, heç bir qüdrət və qüvvə onu artıra bilməz və ya sona çatmasının qarşısını ala bilməz. Çünki hər kəsin ömrü bir təqvim kimidir ki, hər günün keçməsilə ondan bir yarpaq ayrılır və o, unudulmağın və sükunətin əlinə tapşırılır. Nəhayət, onun sonuncu yarpağı ilahi, qaçılmaz, səmavi bir qüdrətin əlilə qoparılır və ömür təqvimi sona yetişir. Aydındır ki, bu cür iki günlük sərvəti təkrar tapmaq olmaz, qopmalı olan sonuncu yarpağı əsla saxlamaq olmaz. Şəhidlərin sərvəri özünün mənalı xütbələrinin birində belə buyurmuşdur: "Ey Adəm oğlu, həqiqətən sən zaman məcmuusan, keçən hər gün sənin bir əzan və bir hissəndir.”("Bəqərə” surəsi, 16) Bu fikirdən başa düşmək olar ki, zaman özü də bir ölçü vahididir. Onu cisimlərin dördüncü ölçü vahidi adlandırmaq lazımdır. Bu vəziyyət ömrün sərvəti və onun məhdudiyyətidir, hər an azalır, ondan bir yarpaq ayrılır, unudulmaq və sükunət əlinə tapşırılır və bir gün də (çox da yox) ötüb keçir. Aydındır ki, belə sərvətə biganə yanaşmaq olmaz. Ondan düzgün faydalanmaq üçün daha çox diqqətli olmaq lazımdır. Çünki, keçib getmiş ömrü ikinci dəfə əldə etmək mümkün deyildir. Yalnız məsələnin zahirinə baxan, yaradılışın hadisələrinə, onun ali və əsl məqsədlərinə diqqət verməyən, hər yerdə və hər şeydə bu əsasda fikir yürüdən, bu qiymətli sərvətin sahibi olan bir qism insanlar bu nəfis mətahı və ömrün qiymətli gövhərini sərf edib qurtardılar, əvəzində yeməkdən, içməkdən, tez ötüb keçən ləzzətlərdən başqa bir şey almadılar, həsrətdən və qəmdən başqa bir ehtiyatları olmadı. Xudavəndi-aləm onlar haqqında buyurmuşdur: "Onlar doğru yol (hidayət) əvəzində əyri yolu (zəlaləti) satın almış kəslərdir. Nəticədə onların ticarətlərinin faydası olmadı və hidayət olunanlardan da olmadılar.”("Nur” surəsi, 37) Yaradılışın əsl məqsədinə diqqət yetirməyən, onu qeydsiz-şərtsiz məsrəf edən, xeyir və ziyanına etinasız olanların əksinə olaraq, çox dəqiq, anları belə hesaba alan, bir qrup zamanşünas adamlar da olmuşlar ki, öz ömrünün bir anını da faydasız, mənasız xərcləməmiş, əldən verməmişlər. Hətta onların baxışı və sükutu da daha çox xeyir götürməyə və daha üstün kamilliyə nail olmağa xidmət etmişdir. Bununla belə onlar da başqaları kimi, bu dünyada müəyyən işlərlə məşğul olmuş, guşənişinliyə, tərki-dünyalığa, inzivaya çəkilməmiş və həyatın hay-küyündən uzaq olmamışlar. Onların da evi, zövcəsi, deyib-danışmağı, oyaqlığı, yatmağı, dərdi-dərmanı, ahı və fəryadı, qəmginliyi və şadlığı olmuşdur, ancaq heç vaxt səhv etməmişlər, öz sevdiklərindən əl çəkməmişlər, əsl məqsədi unutmamışlar. Xudavəndi-aləm onların şənində belə buyurmuşdur: "O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən saxlamaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar.” Çox qiymətli ömrün sərvəti, mətahı və onunla sövdələşənlərin vəziyyəti belədir. Yaxşısı budur ki, bu məsələnin daha yaxşı aydın olması üçün yenə, şəhidlərin sərvəri, cəsurların rəhbərinin evinə baş çəkək və İslamın rəşadətli övladı İmam Hüseyn (əleyhissalam)-dan dəyərli bir mətləb öyrənək, onu dünyanın qaynar bazarının mehvəri sayaq ki, öz əziz ömrümüzün qiymətli sərvətini müft uduzmayaq. Şəhidlərin sərvəri özünün dürr saçan kəlamlarının birində dünya insanlarına xitab edərək belə buyurmuşdur: "Sizin (canınız və ömrünüz) üçün behiştdən qiymətli bir şey yoxdur. Elə isə diqqətli olun və onu behiştdən başqa bir şeyə satmayın ki, ziyana düşərsiniz.”("Nəfsətül-məsdur, səh.45 (daş çapı)) Şəhidlərin sərvəri başqa bir hədisdə belə buyurmuşdur: "Hər kəs Allahın nemətlərindən və vədlərindən yalnız dünyadakı həyatla kifayətlənərsə, həqiqətən ən alçaq bir şeyi seçmişdir.” İnsan cəmiyyəti heç yerdə və heç zaman firqə və firqəbazlıqdan, qrup və qrupbazlıqdan azad olmamışdır. Hər zamanda və hər məkanda bir firqə insanların və ya təbəqələrin fikirləri üzərində hökmranlıq edirdi, bir qrupu bilərəkdən və ya bilməyərəkdən öz ardınca çəkib aparırdı və bu təbii, ictimai ənənə bütün tarix boyunca da davam edəcəkdir. Amma bilmək lazımdır ki, hər bir firqənin dəyəri və əzəməti onun məqsədi ilə bağlıdır, müvəffəqiyyəti və qələbəsi də "hər bir firqə və qrup öz tapdığı-toxuduğu proqramı ilə öyünsə də, öz qrupbazlığından şad və məğrur olsa da, "bütün firqələr öz dininə sevinər”,("Rum” surəsi, 32) bir neçə gün ərzində qüdrət və əzəmət tapsa da, dəniz suyunun köpüyü kimi üstdə olsa da çox çəkməz ki, unudular, ondan bir əsər-əlamət, yadigar qalmaz. Belə bir firqənin fikri bünövrəsi (mərkəzi) hörmçək yuvası kimidir: "Həqiqətən evlərin ən zəifi hörümçək yuvasıdır.”(Ənkəbut” surəsi, 41) İKİ BİR-BİRİNƏ ZİDD FİRQƏ Qurani Kərim müxtəlif şəkilli və müxtəlif məqsədli bütün firqələri iki qismə ayırmışdır ki, hər birinin öz xüsusiyyətləri vardır: biri şeytan firqəsi, digəri Rəhman firqəsi və ya hizbullahdır. Bu iki fəal və qüvvətli firqənin varlığının elan olunması tarixi çox qədimdir və bəşərin yaranma tarixi ilə eyni vaxta düşmüşdür. Və elə bir zaman da olmamışdır ki, bu iki firqədən biri öz fəaliyyətini dayandırmış və ya buraxıldığını elan etmişdir, əksinə, onların hər biri qüdrət və digəri üzərində üstünlük əldə etmək yolunda döyüşmüş, mübarizə aparmış və öz aydın proqramlarını həyata keçirmək üçün, düşmənin xilafına olaraq, qurbanlar da vermişdir. ŞEYTAN FİRQƏSİNİN PROQRAMI VƏ ƏSASNAMƏSİ Bu firqənin, yaradıcısı və müəssisi olan İblis adlı böyük şeytan tərəfindən tərtib edilmiş əsasnaməsi o qədər dəqiq və dərindir ki, indiyə qədər bir maddəsi də dəyişməmişdir. Mübarizə və fəaliyyət məşəli bəzən əvəz olmuşsa da, firqə mübarizələrinin əsas və son məqsədi tarix boyunca eyni olaraq qalmışdır. Şeytan firqəsinin müəssisi özünün varlığını elan etdiyi elə ilk gündə aydın və qəti surətdə bəyan eləmişdir ki, nə yolla olursa olsun və hər tərəfdən piyada və ya atlı hizbullahla (Rəhman firqəsi ilə) mübarizə aparmaq lazımdır, onun son məqsədi olan Allaha doğru gedən kamal və hərəkət yolunu bağlamaq gərəkdir; heç kəsi, heç məqamı və fərdi (bu işdə) nəzərdən qaçırmamışdır. Hətta hizbullahın əsl rəhbərlərinin, yəni böyük Peyğəmbərin də yanına getmək lazımdır; Namazda, mehrabda, dua edilən və Quran oxunan zaman, münacatda, Ərəfatda, Mina və təvafda, ayıqlıqda və yuxuda da boş-bekar oturmaq olmaz, qələbə ümidi ilə mübarizəni davam etdirmək gərəkdir; Qurani kərimin işarə etdiyi kimi: "İblis dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladlarının) hamısını–yalnız Sənin sadiq bəndələrindən başqa, (haqq yoldan) azdıracağam.”("Sad” surəsi, 83) Şeytan firqəsinin rəsmi əsasnaməsində insanları haqq yoldan azdırmaq, onları firqə tərəfinə çəkmək üçün torlar və nəqşələr (planlar) vardır ki, nəzərdə tutulan fərdlərin əhval-ruhiyyəsinə və istəklərinə diqqət yetirməklə hazırlanmış və yayılmışdır. Ancaq siyasi və ümumi xarakter daşıyan şey-iqtisadi yoxsulluq məsələsidir ki, bu, şeytan firqəsinin əlində bir silahdır və onun vasitəsilə insanların çoxunu, hətta cəmiyyətləri ovlamışdır. Yoxsulluqdan, dilənçilikdən qorxu və ondan qaçmaq hissi hər kəsin fitrətində vardır; Həyatını təmin etmək, iqtisadi bünövrəni möhkəmləndirmək və başqalarına möhtac olmamaq hər şəxsin və hər cəmiyyətin qüvvətli və təbii istəkləridir. Yeni doğulmuş körpə də hər təbii istəkdən qabaq bu qüvvə zühur edir və onu anasının sinəsinə doğru cəzb eləyir. Məhz həmin qüdrətli və tez yaranan qüvvədən şeytan firqəsi istifadə edir və öz işini yerinə yetirir. Böyük şeytan və ya onun fərmanlarını icra edənlər əvvəlcə insanları yoxsulluq və ehtiyacla qorxudurlar, ona mal və sərvət vəd edirlər və bu zaman öz istəklərini, öz firqələrinin doğru yoldan azdırıcı və sapdırıcı proqramlarını ona sarıyır və firqəsinin üzvünə çevirir. "Şeytan sizi fəqr ilə, ehtiyacla qorxudur və alçaq işlərə sövq edir.”("Bəqərə” surəsi, 268) İnsanlar öz fitrətləri etibarı ilə ədalətsizlikdən, zülm və zülmkarlıqdan qaçır, ona nifrət edir, fəsadı və əxlaqsızlığı bəyənmir, islahpərvər, sülhsevər, biçarələrin halına yanan, könüllərini oxşayan olurlar. Şeytan firqəsi xalqı yoldan azdırmaqda bu sözlərdən və soyuq silahdan həddindən artıq istifadə edir, bəzən islah və sülhsevərlik, bəzən bəşər hüququna tərəfdarlıq, bəzən yoxsullara xidmət və fəhlənin, zəhmətkeşin hüquqlarını bərpa etmək adı ilə, bəzən də azadlıq və demokratiya adı ilə inqilab edir. Lakin bütün bu sözlər, gözəl və cəzbedici kəlmələr qəzetlərdə, jurnallarda gözə dəyir və ya radio-televiziyada eşidilir, ancaq cəmiyyətin biçarə və yoxsul insanlarının həyatında, küçə-bazarda, xiyabanlarda, idarə və nazirliklərdə, ictimai müəssisələrdə əsla görünmür, hiss olunmur. Əgər xalqın həyatında nəzərə çarpsa da, bu, o zamana qədər davam edir ki, firqənin başçıları, insanların tapdalanmış hüquqlarını müdafiə edən iddiaçılar qüdrət əldə edir, özlərinə söyəkənəcək tapır. Sonra hər şey unudulur, hətta verilmiş vədlərin yerini yeni zülmlər tutur. Allah insanların bu dəstəsi barədə Öz Peyğəmbərinə buyurur: "İnsanların eləsi vardır ki, onun dünya haqqındakı sözləri sənin xoşuna gələr, o, qəlbində olana da Allahı şahid göstərər, halbuki o, sənin düşmənlərinin ən qəddarıdır. Zaman bu düşmənçiliyi o vaxt aşkara çıxarar ki, onlar qüdrət əldə edərlər. O zaman fəsad törətməkdə, istehsal, əkinçilik mənbələrini və insan nəslini məhv etməkdə onların necə səy göstərdiyini görəcəksiniz.”("Bəqərə” surəsi, 204-205) Bəli, şeytan firqəsinin bütün yağlı vədləri, yoxsulların və fəhlələrin tərəfdarı olması iddiaları, qüdrət əldə etməklə və xalq kütlələri üzərində tam ixtiyar sahibi olmaqla-hər şey, hər şey unudulur, daha yazılarda o gözəl sözlərdən, bəzəkli-düzəkli kəlmələrdən, istilahlardan nə xəbər olur, nə əsər. Bəşər cəmiyyətlərində məzlumlara tərəfdar olmaq, zülmü və zülmkarı aradan götürmək adı altında nə qədər çox hərəkətlər və qiyamlar meydana gəlmişdir, sitəm görmüş insanlar da bu istək və arzular yolunda çoxlu sərvət və can itkisi verməyə məcbur olmuşlar. Lakin inqilab və hərəkat rəhbərləri qüdrət sahibi olandan və düşməni aradan götürəndən sonra bir muncuğun aradan getdiyi, onun yerini digər bir muncuğun tutduğu və bir zalimin yerinə başqa bir zalımın oturduğu məlum olmuşdur. Bəzi kommunist və sosialist ölkələrini yaxından müşahidə etdim, onların behişt vəd edən torpaqlarında yandırıcı və dərd artıran cəhənnəm mənzərələrindən başqa bir şey görmədim. Hərçənd xalqın həyatında müəyyən qədər səthi islahatlar nəzərə çarpır, istismar zənciri zahirən aradan götürülmüşdü, amma həqiqətdə o zənciri sağ ayaqdan açıb sol ayağa və ya ayaqdan açıb ələ vurmuşdular. Nəticədə həmin əvvəlki əsarət, qədim əziyyət və zəhmət zənciri başqa şəkildə qalmaqdadır. Bəli, dünya inqilablarının çoxunda insanlar üçün qələm və söz azadlığı əldə edilmişdir, lakin qəzetlərin xüsusi sütunlarında və müəyyən məqsədlərlə istismarla və zülmkarlıqla mübarizə sədaları xalqın qulağına çatır, ancaq bunlar müəyyən dalğalarda və təyin olunmuş yerlərdə yayılmalıdır, sitəmin başqa sahələri, cəhətləri barədə danışmaq yenə elə möhkəm sıxışdırılır və senzuradan keçirilir ki, İran İslam İnqilabının səsini əks etdirən, ya sitəmin, istismarın bariz nümunəsi olan Əfqanıstana təcavüzü şərh edən bir radio başqasının əlində ola bilməz. Müsavat, qardaşlıq və bərabərlik çağırışları göyə ucalır, bir qrup xəbər agentlikləri də onu yayır və gücləndirir, lakin cəmiyyət içində onlardan bir əsər-əlamət yoxdur, olsa da, yuxuda, ölümdə və ölümdən sonradır. Hərçənd orda da şiddətli sinfi ixtilaf, təzad vardır; bir sitəmkarın qəbrinin saxlanması üçün məmləkətin xalqının səhiyyəsindən, dərmanından, su və çörəyindən çox diqqət yetirilir və sərmayə qoyulur. Bəşər hüququnu himayə etməyə tərəfdar olmaq günün ən dəbdə olan iddialarından, dünənin, bugünün ən gözəl sözlərindəndir, ancaq görəsən hansı insan, hansı hüquq və necə himayə, nə cür tərəfdarlıq? Bütün bunları Fələstinin, Əfqanıstanın xalqını, cənubi Afrikanın qara dərililərinin ürək parçalayan vəziyyətində, bəsçi İraq hökuməti tərəfindən kimyəvi bombalarla dağıdılan İran şəhərlərində və digər yerlərdə axtarmaq və görmək, Kremlin sülhü bərqərar etmək haqda puç, boş hay-küylərinə, Vaşinqtonun Ağ Evinin bəşər hüququna tərəfdar olmasına gülmək, millətlərin halına və ya cahilliyinə də ağlamaq lazımdır. Şair demişkən, "ürəkdən yanmaq, ağlamaq-hər bir dərmansız dərdin davasıdır.” Amma demək lazımdır: Məndən məmləkətin sitəm görmüşlərinə söylə ki, nalə eləməkdən keçmişdir, inqilab edin. Yoxsa sülh və firavan həyat adı ilə ya dara çəkəcəklər, ya da şişə. İslamın ağuşuna gəl. Səfa da görməsən, cəfa görməzsən. HİMAYƏ ADI İLƏ SÜLHPƏRVƏRLİK, YAXUD XƏYANƏT Şeytan firqəsinin bol-bol bəhrələnmiş olduğu və indi də bəhrələndiyi aldadıcı proqramlardan və sözlərdən biri, dünyada sülh bərqərar edilməsi və sazişçilik arzusu olmuşdur. Bəli, cəmiyyətin müxtəlif təbəqələri və tayfalarının bir-birini başa düşəcəyi, sazişə gələcəyi, bir-birinin hüququna təcavüz etməyəcəyi günü bütün dünyada bayram eləmək, insanların öz arzularına çatdığı o günü "insaniyyət günü” adlandırmaq lazımdır. Lakin bu müqəddəs arzu maskası altında, eşq və azadlıq sözləri kimi, nə ağır xəyanətlər və nə ağır cinayətlər edilmiş, indi də edilməkdədir və nə fasadlar, nə əxlaqsızlar törədilməmişdir? Quran şeytanın bu rəftarı və metodu barədə buyurmuşdur. "Onlara: "yer üzündə fəsad törətməyin” deyilən zaman, "biz islah etmək, yer üzündə sülh yaratmaq istəyirik” , deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədənlərdir, lakin bunu dərk etmirlər.”("Bəqərə” surəsi, 11) Xülasə, işlədilən gözəl istilahlara və kəlmələrə diqqət etmək, bu məzlum sözləri işlədənlərin hərəkətinə baxmaq lazımdır. Hətta tamamilə islami xarakter daşıyan inqilablara da şeytan firqəsinin tərəfdarları və mənfəət güdənləri müxtəlif şəkillərdə nüfuz edir və öz məqsədlərini yerinə yetirirlər. Əgər möhkəm nəzarət edilməsə və bu işlərdə məsuliyyət daşıyanlar layiqincə diqqət yetirməsələr, bizim əziz İslami inqilabımızın şəhidlərinin müqəddəs qanları mənfəət axtaran tacirlərin malına və sərvətinə çevriləcək və səhv yolla gedənlərin əlində bir vasitə olacaqdır və hər şeyə inanan o müsafirin taleyi başımıza gələcəkdir. O dastan belədir: İran padşahı Kuruşun söz-söhbəti ölümündən sonra sağ olduğu vaxtdan daha artıq zülmkarların və onların muzdurlarının xəbərçiləri tərəfindən xalqa çatdırıldığı günlərdə böyük şəhərlərin birinin yolu üstündə bir kababxana açıldı, üzərinə "Kuruşun kababxanası” yazılmış böyük və gözəl bir lövhə qapısının başından asıldı, kababxana işləməyə başladı. Lakin heç kəs ikinci dəfə bu kababxanada yemək yemədi, o böyük lövhənin altından keçmədi, çünki orada bir dəfə kabab yemək ömrünün axırına qədər kifayət idi. Zaman keçdi, Allahın rəhmət nəsimi əsməyə başladı, ölkədə bir abid, zahid və filosofun əli ilə, tarixin gələcəkdə şərh edəcəyi bütün çətinliklərə baxmayaraq, bir inqilab oldu, lövhələr, şüarlar, o cümlədən müsafirlər arasında məşhur olan "Kuruşun kababxanası” lövhəsi də əvəz olundu. Birdən ağ bir parçanın üzərinə gözəl bir söz yazıldı, keçmiş lövhənin yerinə "İslamın müqəddəs kababxanası” yazılmış lövhə vuruldu. Yoldan keçənlər bu mənzərəni görüb şad oldular. O cümlədən, bir dəfə bu yerdə tora düşmüş bir kişi hamıdan çox sevindi və keçmiş nigarançılığını yox etmək üçün salona daxil oldu, yemək istədi, kabab hazır oldu. Yeməkdən əvvəl şükr elədi. Amma ət həmin ət, şiş həmin şiş, xidmətçi həmin xidmətçi idi, çəngəl-qaşıq da dəyişməmişdi. Ancaq qiymət lövhənin gözəlliyi və "müqəddəs” kəlməsinin ehtiramı xatirinə çox dəyişmiş və daha baha olmuşdu. Nə vardı, yedi, bu dəfə iki gün ishala mübtəla oldu. Yüzlərlə belə hadisələr var. Əgər dövlət bu xeyirgüdənlərin qarşısını almasa, onlarla İslama zidd, kafir bəsçilərin ordusu ilə etdiyi kimi vuruşmasa, şeytan firqəsinin tərəfdarları öz arzusuna çatacaqlar, "müqəddəs” kəlmələrin abrı aradan gedəcəkdir və şeytan övliyaları özlərini yaxşılar sırasında gizlədəcəklər. Şeytan firqəsinin əsasnaməsinin bir hissəsi belədir. Lakin bütün rəngarəngliyinə baxmayaraq, axırda rüsvayçılq və məğlubiyyət onların və başqa riyakarların nəsibi olacaqdır. Buna görə bu tor və tələlərdən qorxmaq lazım deyildir; nə olsa da, onların fikri süst və zəifdir. "Şeytanın dəstəsi şübhəsiz həmişə zəif və qeyri-möhkəm olmuş və olacaqdır.”("Mucadilə” surəsi, 19) |