43-cü dərs: Dilin bəlaları Şübhəsiz ki, qeybət, böhtan, yalan, məsxərə, mübahisə, zarafat, boş-boş danışmaq, söyüş söymək və bu kimi xəbis əməllər dilin zərər gətirən bəlalarındandır. Deməli, dil insana başqa üzvlərdən daha çox zərər verir. Dil insanı yoldan çıxarmaq üçün Şüytanın ən çox xoşladığı bir alətdir. Hər kəs dilinə görə cəza çəkir. Belə ki, Şeytan insanın dilindən istifadə edərək əzaba, ağrıya və peşmançılığa aparır. Nəql edilən rəvayətdə Rəsulullahdan (s) soruşurlar: "Ya Rəsulullah! İnsanı Cənnətə daha çox yaxınlaşdıran nədir? Rəsulullah(s) cavabında buyurur: "Allah qorxusu və gözəl əxlaq. Sonra o Həzrətdən (s) soruşurlar: Bəs insanı Cəhənnəmə daha çox yaxınlaşdıran nədir? Rəsulullah (s) buyurur: "Ağız və övrət" ("Sünəni İbn Macə" c.2, 29-cu bab) Həmçinin Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulur: " Kim qarının, övrətinin dilinin bəlalarından uzaq olsa, sanki bütün günahlardan xilas olmuşdur". ("Muhəccətul-bəyza" c.5, səh.158) İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə buyurulur: " Hər gün insanın bütün üzvləri dilə lənət oxuyar və deyər: Allah bəlanı versin! Sənə görə əzab çəkirik". ("Usulul-kafi" c.2, susmaq və dili qorumaq fəsli) Nəql edilən digər bir rəvayətdə deyilir: "Hər səhər insanın bütün üzvləri dilə lənət oxuyar və deyər: Düz olsan düz oluruq, əyri olsan əyri" ("Lübbül-əlbab" Qutbuddin Ravəndi) Bəli, bütün dünyanın fəsad və bəlaları dildən irəli gəlir. Dilin bütün bəlalarının dərmanı susmaqdır. Susmaq alimin zinəti və cahilin örtüyüdür. Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyrulur: "Kim sussa nicat tapar" ("Məcmaul-bəyan" c. 5, səh. 192, "Əxlaq" Seyid Abdullah Şübbər, səh.185) Loğman öz vəsiyyətində deyir: "Danışmaq gümüşdürsə, susmaq qızıldır". (" Usulul-kafi" c.2, səh.93, hədis 6) İmam Baqirdən (ə) nəql edilən rəvayətdə buyurulur: "Həqiqətən şiələrimiz susanlardır" ("Usulul-kafi" c.2, səh.92. hədis 2, "Biharul-ənvar" c.68, səh.78-ci bab, 40-cı hədis, "Əxlaq" Seyid Abdullah Şübbər, səh.158) Ey əziz qardaş, bacardıqca susmağa çalış! Bunu özünə adət et! Susmağın faydalarından özünü məhrum etmə! Bil ki, cahil heç zaman susmaz. ("Usulul-kafi" c.2, səh.92, "Camius-səadət" səh.343, "Camiul-əxbar" SəbzəvariŞ səh. 247, "Əxlaq" Seyid Abdullah Şübbər, səh.158)
|