İYIRMI BIRINCI DƏRS Oğlum! Ölüm, ölümdən sonra qəfil rastlaşacağın hadisələri tez-tez (çox) xatırla. Ölümü gözlərin qarşısına gətir. Yanına gələnədək özünü bəzə, hazırla. Məbada qəfil peyda olub, səni məğlub edə, aldanmış vəziyyətdə tapa. Axirət, onun nemətləri və dərdli əzablarını (çox) tez-tez xatırla. Həqiqətən, axirəti düşünmək sənə dünyada pəhrizkarlığı öyrədər və dünyanı kiçik, xar göstərər. Məbada, dünyaya könül verən, dünya üstə bir-birlərinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdıra. Çünki Allah səni dünyadan xəbərdar etmiş, dünya öz necəliyini sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni qaldırmışdır.” ("Nəhcül-bəlağə”.) Vəsiyyətnamənin şərhində diqqətin axirətə, əbədi həyata, ölüm düşüncəsinin yaddan çıxarılmamasına yönəldilən hissəyə çatdıq. Şübhəsiz ki, bütün canlı varlıqların ölümü labüddür. Din böyüklərinin diqqət mərkəzində dayanan ölüm düşüncəsinin tərbiyəvi əhəmiyyətidir. Bütün bu xəbərdarlıqlardan sonra müsəlman şəxs heç vaxt ölümü unutmamalıdır. Ölüm və axirətə əsil inam odur ki, insan ölümü yaddan çıxarmasın. Həzrət (ə) ölüm düşüncəsinin müsbət təsirlərindən danışaraq, bizi bu düşüncəyə rəğbətləndirir və ümid edir ki, bu düşüncə həqiqət yolunun seçilməsində təsirli olsun. MƏADA (ÖLÜMDƏN SONRAKI HƏYATA) INAM VƏ RƏFTARIN ISLAHI (TƏRBIYƏ) Əgər Qurani-kərimə diqqət etsək, görərik ki, daha çox əhəmiyyət verilmiş məsələlərdən biri axirət həyatı və ölümün xatırlanmasıdır. Doğrudan da, axirətə iman, əbədi həyata diqqət insanın rəftarında, tərbiyəsində mühüm rol oynayır. Bu istiqamətdə axirət inancı tövhid inancından da təsirlidir. Diqqət etsəniz, əksər insanlar Allaha inanır, amma bu inam onların həyat tərzini dəyişmir. Onlar istədikləri kimi yaşayır və Allahın razılığını nəzərə almırlar. Amma axirət inamı insanın həyat tərzinə təsir göstərir, onu bir başqa şəkildə yaşamağa vadar edir. Axirətə inanan insan anlayır ki, öz istəyincə yaşasa, bədbəxt olası, əbədi əzaba qovuşasıdır. Bəli, axirət həyatına inanan şəxs axirət əzabını nəzərdən qaçıra bilmir. Düşüncəli insan əbədi axirəti müvəqqəti dünya həyatı ilə müqayisə etdikdə, şübhəsiz ki, əbədini qoyub məhdudu seçəsi deyil. Amma elə Allah aşiqləri da var ki, Allahın razılığını həm dünya, həm də axirət xoşbəxtliyindən üstün tuturlar. Əfsus ki, belələri çox azdır. Əksər müsəlmanlar ilahi razılığa yox, behişt və onun nemətlərinə üstünlük verirlər. Amma həqiqi mömin üçün Allahın razılığı hər şeydən üstün olmalıdır. Qurani-kərimdə oxuyuruq: "...Allahın razılığı isə daha böyükdür.”("Tövbə”, 72)Bəli, insanların iman dərəcələri çox fərqlidir. Çox nadir insanlar Allahın razılığını hər şeydən üstün tutur. Həzrət Əli (ə) Allaha belə ərz edir: "And olsun izzət və cəlalına, əgər razılığın bunda olsa ki, bədənim tikə-tikə doğransın, ən pis qətldən 70 qat ağır şəkildə öldürülüm, razı olaram. Hər halda sənin razılığını istəyirəm. Razılığın bunda olsa ki, axirət odunda yanım, yenə sənin razılığını üstün tutaram...” Adi insanlar üçün bu sayaq düşüncələr yaddır. Hətta ən imanlı insanlar da məsumların uyğun sözlərini təkrarlamaqdan başqa bir iş bacarmırlar. Böyük xalq kütlələrinə daha çox təsir edən axirət əzabı, cəhənnəm odudur. Daha doğrusu, adi insanların tərbiyəsində behişt müjdəsi və cəhənnəm qorxusu Allahın razılığından daha təsirli bir amildir. Yalnız Allahın razılığını düşünənlər isə çox azdır. Bəli, axirətə inanan, xeyir və şər əməllərinin əvəzini alacağına əmin olan insanlar öz əməllərinə nəzarət edir, nəfslərini başlı-başına buraxmırlar. Amma axirət həyatına ciddi yanaşmayanlara nəfs qalib gəlir, onlar ötəri dünya nemətlərini daha üstün tutur, min bir günaha batırlar. Demək, əksər vaxt günah və cinayətin qarşısını alan əbədi axirət əzabına inam olur. Onu da qeyd edək ki, axirət nemətləri axirət əzabı qədər təsirli deyil. Deyilənlərdən aydın olur ki, nə üçün Quran və Əhli-beyt buyuruqlarında, eləcə də, "Nəhcül-bəlağə”də axirət, onun dünyadan üstünlüyü, dünya sevgisinin əbədi axirət xoşbəxtliyinə maneçiliyi məsələləri diqqət mərkəzində dayanmışdır. Məqsəd bu deyil ki, insan dünyaya arxa çevirsin. Axı dünya həyatı özü də çox böyük nemətdir və axirət həyatı dünyada qazanılır. Məzəmmət olunan dünya yox, dünyaya hərislik, aşiqlik, vurğunluqdur. Həzrət Əlinin (ə) uyğun məsələləri tez-tez təkrarlaması onların əhəmiyyətini qabartmaqdır. Dünya ləzzətləri aldadıcı olduğundan insanın daimi xəbərdarlığa ehtiyacı var. Uyğun mövzuların təkrarında digər bir məqsəd insanın ölümü unutmamasıdır. Ölümü unudan insan şeytana daha asan aldanır və anlamır ki, işin sonu nə ilə nəticələnəcək. Dünya ləzzətlərinə aldanmış insan bu ləzzətlərin müvəqqəti olduğunu dərk etmir. İnsan öz həmnövlərinin başına gələn müsibətləri, qəfil ölümləri gördüyü halda, yenə də dünya həyatının əbədi olduğunu zənn edir. Dünyanın sonunu görən insan öz rəftarında az-çox dəyişiklik edir. Dünyanın müvəqqəti olduğunu anlasaq, ötən anların qədrini bilərik. İnsan dünyanın ötəriliyinə diqqətli olduğu qədər öz ömrünü qənimət sayır. Ömrün qısalığına diqqətsiz insanlar isə dünya ləzzətlərinə baş qatıb, yavaş-yavaş ölümü yaddan çıxarırlar. Ölümü unudan insana qəflət hakim olur və günah günah ardınca düzülür. Demək, şeytan və nəfsin hiylələrindən qurtarmaq üçün çıxış yolu ölümü xatırlamaq, dünyanın faniliyini unutmamaqdır. İti düşüncələri daha bir incə nöqtə özünə cəlb edir. Ölüm, ölümə inam, axirətlə yanaşı ölüm vaxtının gizli olması da insanın tərbiyəsində təsirli amillərdəndir. Olduqca həssas olan bu nöqtə Allahın bəşəriyyətə misilsiz nemətidir. Ölüm vaxtı gizli olduğundan hər bir insan onun intizarındadır. Bu hissi dərindən yaşayanlar öz əməl və rəftarlarına nəzarət edirlər. Ölüm düşüncəsi çox təsirli olduğundan məsum imamlar bu mövzunu təkrar-təkrar xatırlamışlar. Həzrət (ə) buyurur: "Oğlum! Ölüm, ölümdən sonra qəfildən rastlaşdığın hadisələri tez-tez xatırla.” Bəli, ölümdən sonra nə baş verəcəyini, haraya gedəcəyini düşünən insan həyat tərzini dəyişir. Həzrət (ə) sözünə belə davam edir: "Ölümü gözlərinin qarşısına gətir. Yanına gələnədək özünü bəzə, hazırla...” Ölümü unudanlarda heç bir axirət hazırlığı olmur. Belə insanlar buraxılmış ibadətlərin qəzasını yerinə yetirmir, xalqın haqqını ödəmir, "hələ vaxt var” düşünərək fani dünyaya könül verirlər. Hansı ki, insan böyük əzaba qovuşmamış özünə çarə qılmalıdır. Ölümü gözləri qarşısında canlandırıb, bu barədə düşünməli, ölümə hazır olmalıdır. DÜNYA LƏZZƏTLƏRINƏ NECƏ UYMAMAQ? İnsan dünya və axirət nemətlərindən ibarət iki qüvvə tərəfindən cəzb olunur və təbii ki, bu qüvvələrdən birinin təsiri altına düşür. Həqiqət axirətə diqqətdir. Bu yolda dünya ləzzətlərinin maneçiliyini aradan qaldırmaq üçün bir çox tədbirlər görülə bilər. Onlardan biri ölüm haqqında düşünməkdir. Axirət dünyası, onun əbədi nemətləri, dözülməz əzabları haqqında düşünən insan müvəqqəti dünya həyatına könül vermir. Həzrət buyurur: "Axirət, onun nemətləri və dərdli əzablarını tez-tez xatırla. Həqiqətən, axirəti düşünmək sənə dünyada pəhrizkarlığı öyrədər və dünyanı kiçik, xar göstərər.” Bilməliyik ki, dünya axirətlə müqayisədə çox kiçikdir. Əgər çox kiçik bir həşərat ağacın bir budağından o birinə bir neçə günə yerini dəyişirsə, bu o demək deyil ki, həmin ağac çox əzəmətlidir. İnsanın dünyanı böyük bilməsi də onun özünün kiçikliyi, baxış məsafəsinin məhdudluğu ilə əlaqədardır. Hansı ki, ağıl başqa söz deyir. Ağıl varlıq aləminin genişliyini dərk etdiyi halda, axirət aləminin əbədiliyini də qavrayır. Dünya genişsə də məhduddur. Axirət isə nə zaman, nə məkanca bitib-tükənəsi deyil. Allah-təala buyurur: "Genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış cənnətə tələsin.”(Ali-İmran”, 133)Bu hər bir mömin üçün hazırlanmış cənnətdir. Allah-təala insana geniş ilahi mərhəmət əldə etmək imkanı vermişdir. Bu, insan ruhunun əzəməti nişanəsidir. Bu əzəmət 50-100 illik ömürdə görülmüş işlər nəticəsində ərsəyə gəlir. Hansı ki, bu işlərin davamı axirətlə müqayisədə heç bir göz qırpımı da çəkmir. Elə dünya ləzzətləri də axirət ləzzətləri ilə müqayisədə heçdir. Çünki biri məhdud, digəri isə əbədidir. Yalnız dünyaya iman gözü ilə baxanlar bu əbədiyyəti anlaya bilir. Məhz bu baxımdan həzrət Əli (ə) dünyanın bir ağac yarpağı qədər dəyərə malik olmadığını bildirir. Həzrət (ə) dünyanın zökəm keçi burnundan daman su damlasından da dəyərsiz olduğunu bəyan edir. Həzrət (ə) axirət dünyası nemətlərinin sonsuzluğuna o qədər əmindir ki, qeyb pərdələri qaldırılsa, onun yəqinliyinə bir zərrə də əlavə olunmaz.("Biharül-ənvar”, c. 40, səh.
153.) Amma dünyaya məsumlardan fərqli baxan bizlər həzrətin "dünya dəyərsizdir, ona bağlanmayın” sözlərini gündə on dəfə eşitsək də, yenə əmin olmuruq. Bizi cəhalət içində görən imamlar hər vasitə ilə düşüncəmizi həqiqətə yaxınlaşdırmağa çalışırlar. Nəfs istəkləri bəsirət gözümüzü bağladığından şeytani vəsvəsələr qəlbimizi əhatə etmiş, dünya məhəbbəti bizə qələbə çalmışdır. Allah bəndələrini sevən həzrət Əli (ə) müxtəlif nəsihətlərlə bizi qəflətdən oyatmağa, "çürümüş donuz sümüyünə” aşiq olmamağımıza səy göstərmişdir. Çünki dünyaya aşiq olan axirətini itirir. İnsan öz dini vəzifələrinə əməl edərsə, həm dünyanın halal nemətlərindən faydalanar, həm də əbədi axirət nemətlərindən məhrum olmaz. İnsan, adətən, yaşadığı mühitin təsiri altında olur. O, başqalarını razı salacaq bir şəkildə hərəkət etmək istəyir. Eləcə də barmaqla göstərilmək, kimsədən dala qalmaq onun üçün ağırdır. Xalqı bir məsələyə diqqətlə yanaşdığını görən insan həmin işin xeyirli və ya zərərli olmasını yoxlamadan çoxluğa qoşulur. Sözsüz ki, fərdə mühitin böyük təsiri var. Çoxluq bir şeyi əldə etməyə çalışırsa, fərd də çoxluğun təsiri altında eyni cür hərəkət edir. İnsanların bir yerə toplaşdığını görən şəxs tələsik onlara yaxınlaşır. İlk əvvəl cəmiyyətdən fərqli düşünən insan, nəhayət toplumun rəyinə uyğunlaşır. Bu yaxınlaşma ixtiyarsız şəkildə baş verir. Maraqlıdır ki, dünya nemətlərinə münasibətdə ictimai təsir daha güclüdür. Dünya nemətləri uğrunda mübarizəni hər addımda müşahidə edən insan istər-istəməz bu yarışa qoşulur. Dünyapərəst insanlar ov ətrafında dövrə vurub dayanmış qızılquşları xatırladırlar. Onlar ovdan daha çox pay götürmək üçün bir-birlərinə dimdik atır, caynaqlaşırlar. Bu misalı təkcə dünyapərəst insanlara yox, bir çox müsəlmanlara da şamil etmək olar. Amma ağıl neməti ilə bəzənmiş insan dünya malı uğrunda savaşa qatılmamalıdır. Dünya malı qızılquşların, quzğunların qonduğu leşi xatırladır. Düşüncəli insan öz hisslərini cilovlamalı, canavarlara, quzğunlara qoşulmamalıdır. İnsan Allahın müəyyənləşdirdiyi ruzini qazanmalı və bununla kifayətlənməlidir. Dünya həyatını, komfortlu yaşayışı məqsədə çevirmək insana yaraşmayan bir işdir. TƏNBƏLLIK AYRI, ZÖHD (PƏHRIZ) AYRI! Qeyd etməliyik ki, dünyapərəstlikdən çəkinəmək (zöhd) tənbəllik kimi başa düşülməməlidir. Dünya yox, dünyaya bağlılıqda ifrata varmaq məzəmmət olunur. İnsan dünyaya hərislik göstərmədən çalışmalı və ehtiyacından artıq qalanı (bəzən hətta ehtiyac duyduğunu) imkansızlara bağışlamalıdır. Dünyaya hərislik gündə bir model maşın, bir moda geyim, bir forma ev arzusunda olmaq, sözsüz ki, pislənilir. İnsanı bədbəxt edən məhz dünyaya hərislikdir, var-dövlət yarışıdır. İnsan vəzifəsini müəyynləşdirib, ona əməl etməli və əmin olmalıdır ki, Allah öz saleh bəndəsini bədbəxtliyə düçar etməz. Bizi övliyalara əta olunmuş nemətlər maraqlandırmalıdır. Kafirlərin var-dövləti möminlərdə həsəd doğurmamalıdır. Quranda buyurulur: "Dünya həyatı aldadıcı həzz və əyləncədən başqa bir şey deyil.”;("Ali-İmran”, 185) "Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil.”("Ən`am”, 32)Belə bir dünyaya könül verməyə dəyərmi?! Allahın müvəqqəti mənzil kimi tanıtdırdığı dünyaya bağlanmaq yox, ona sevgi bağlarını qırmaq gərək!
|