ÖN SÖZ "Nəhcül-bəlağə” özündə çox qiymətli gövhərlər gizləmiş sahilsiz bir dəryadır. Haqlı olaraq, "Quranın qardaşı” adlandırılmış bu kitab müxtəlif yönümlərə malikdir. O, tarix boyu bir çox alimlərin, müsəlman və qeyri-müsəlman düşüncə sahiblərinin diqqət mərkəzində olmuşdur. Hər şəxs öz zövqü, dərrakəsi və istedadı səviyyəsində bu xəzinənin bir guşəsinə baş vurmuş, onun gizli və aşkar sərvətlərindən faydalanmışdır. Bu kitabın mühüm və üstün mövzularından biri əxlaq və tərbiyə mövzusudur. "Nəhcül-bəlağə”də bu mövzu nisbətən daha geniş yer tutur. Əmirəl-mömininin (ə) bu mövzudakı öyüd-nəsihətləri mənəviyyat təşnəsi, haqq axtarışında olan iman yolçuları üçün yardımçı ola bilər. Bu səbəbdən də böyük ustad, ziyalı alim ayətullah Misbah Yəzdi bir çox əxlaq dərsləri üçün Əmirəl-mömininin (ə) çox mühüm və dəyərli məktublarını mehvər seçmiş və ilahi maarif, eləcə də əxlaqi söhbətlərə təşnə olanların ruhunu bu çeşmə ilə sirab etmişdir. Bu məktub həzrətin (ə) öz aliqədr oğlu imam Həsən Müctəbaya (ə) çox ali və misilsiz məziyyətlərə malik vəsiyyətindən ibarətdir. Müəzzəm rəhbərlik məqamının "Əmirəl-möminin ili” adlandırdığı bu ildə bu bəhslərdən ibarət məcmuəni kitab halında həzrətin (ə) dostları və vilayət ardıcıllarına təqdim edə bildiyimiz üçün Allaha şükr edirik. Bu kitabdakı bəhslər çıxışlar əsasında tərtib olunduğundan, təbii ki, əvvəlcədən kitab məqsədi ilə qələmə alınmış bəhslərdən fərqlənir. Söhbətlər yazıya çevrilərkən bəzi ifadələr dəyişdirilmişdir. Bununla belə, bütün kitabda çıxış forması az-çox nəzərə çarpır. Mövzular həcmcə böyük olduğundan kitab iki cilddə tərtib olunmuşdur.(Tərc: kitabın farsca
variantı iki cilddir.) Ustad Misbah Yəzdinin söhbətlərini qələmə almış cənab Əli Zinətiyə və onun son tərtibini öhdəsinə götürmüş cənab höccətül-islam Məhəmməd-mehdi Nadiriyə təşəkkür edirik. Təhsil və araşdırma müəssisəsi nəşriyyatı |