DOQQUZUNCU DƏRS (Ey oğlum!) Bütün işlərdə özünü Allaha tapşır. Belə etsən özünü çox möhkəm bir sığınacağa tapşırmış olarsan. Arzularını yalnız öz Allahından istə. Bağışlamaq və məhrum etmək Onun əlindədir. Daim Allahdan xeyir istə. Vəsiyyətimi yaxşı dərk et. Diqqətsizlik və etinasızlıqla onun kənarından ötüşmə. Çünki ən yaxşı söz, həqiqətən, ən faydalı sözdür. Bil ki, fayda verməyən elm heç vaxt xeyirli deyil. Layiq olmayan elmi oxumaqla bir fayda əldə olunmur.” ("Nəhcül-bəlağə”.) Dünya həyatı bəlasız ötüşmür. Şübhəsiz, hər bir insan çətinliklərlə üzləşir. Hadisələrlə üzləşən zaman hazırlıqlı olmaq çox mühümdür. Hər bir insan bəlalarla üzləşməzdən əvvəl öz düşüncə və əməl fəzasında həmin bəlalar üçün yer hazırlamalıdır. Belə olduqda insan bəlaya təslim olaraq var-yoxunu əlindən vermir. Bəlaları zərərsizləşdirəcək amilləri əvvəlcədən tanımaq lazımdır. Əks tədbir görən insan bəlaların hücumundan xilas ola bilir. Buna görə də bəla növlərini müəyyənləşdirmək, təsirli amilləri tanımaq zəruridir. İnsan öz həyatında bir çox düşmənlərlə üz-üzə gəlir. Bəzi təhlükələr onun həyatını, var-dövlətini hədələyir. Bəzən şəxsiyyət, bəzən isə ruh və qəlb düşmənə hədəf olur. Həm nəfs, həm də insan və cindən olan şeytanlar hücuma keçir. Məqsəd əqidəni puça çıxaracaq şübhələr yaratmaq, əxlaqı korlamaqdır. İnsan əbədi axirət səadətini məhv edəsi rəftara sövq olunur. Təhlükə dərəcəsi insanın mərifətindən asılıdır. Mömin şəxs üçün mənəvi təhlükələr daha qorxuludur. Mömin insan günaha batmaqdan daha çox qorxur. O, dərk edir ki, günahın vurduğu ziyanı aradan qaldırmaq çətin olur. İstənilən maddi zərər ödənə bilər. Eyni zamanda dünyəvi zərər əbədi axirət səadətinə çatmaq üçün də ola bilər. Maddi çətinliklər çox vaxt düşüncəyə, mənəvi tərəqqiyə yardımçı olur. Ona görə də dünyəvi çətinlik mömini bir o qədər də narahat etmir. Maddi zərər mənəvi zərərlə müqayisədə olduqca əhəmiyyətsizdir. Amma insanların iman dərəcəsi fərqli olduğundan çoxları dünyəvi zərərdən daha çox qorxur. Məsələn, çoxlarını ağır xəstəlik günahdan daha çox narahat edir. Bu münasibət mərifət və imanın zəifliyindən yaranır. Amma iman nə qədər zəif olsa da, insan heç vəchlə onu itirmək istəmir. TƏHLÜKƏ ILƏ MÜBARIZƏDƏ IMANIN ROLU Bəs təhlükələrdən qorunmaq üçün hansı tədbirlər görülməlidir? Bir çox təhlükələrin yaranmasında bizim də rolumuz var. Əksərimiz ciddi təhlükələrlə üzləşərkən zəiflik göstərir, çıxış yolu tapa bilmirik. Məsələn, zəlzələ olduqda, xəstəliklə üzləşdikdə qurtulmaq asan olmur. İnsan özünü aciz gördükdə sığınacaq axtarır. Əksər insanlar belə problemlərlə üzləşirlər. Bəli, insan daim təhlükə hədəfidir. Təhlükəni hiss edən insan özünü qorumaq üçün vasitə axtarır. Bu axtarış onun iman dərəcəsindən asılıdır. Əksər insanlar çətinlik zamanı Allahı xatırlayır. Çünki o, Allahdan qüdrətli varlıq tanımır. İnsan inanır ki, bütün güclülər öz gücünü Allahdan alır. Əgər insan mağaraya sığınırsa, bu mağaranı da vücuda gətirən Allahdır. Bütün şəfaverici otlar Allah tərəfindən yaradılmışdır. Güclü iman sahibləri heç vaxt ümidsizləşmir, daim Allaha təvəkkül edirlər. Cücə öz anasının qanadları altına sığındığı tək, mömin insan da Allahın rəhmətinə sığınır. Zəif imanlı insanlar isə çətinliklə qarşılaşarkən öncə yaxın ətrafda kömək axtarırlar. Belələri xəstələnərkən, adətən, əvvəlcə həkimə müraciət edirlər. Həkimi aciz gördükdə Allahı xatırlayır, Ondan yardım diləyirlər. Dünyəvi vasitələri gücsüz görən insan məsum imamlara (ə) təvəssül edir, onları Allahla öz aralarında vasitə seçirlər. Bütün bunlar insanın imanının zəifliyini göstərir. Əslində imanlı şəxs təhlükə hiss edən kimi Allaha üz tutmalı, Onun misilsiz qüdrətindən faydalanmalıdır. Allah insanı bütün bəlalardan hifz edə biləcək yeganə varlıqdır. Allahın qüdrəti qarşısında bütün qüvvələr acizdir. Əlbəttə ki, Allahın əmri əsasında təbii vasitələrdən də yararlanmalıyıq. Xəstələnərkən həkimə müraciət etməmək, dərmandan imtina etmək düzgün deyil. Zəlzələ, sel vaxtı Allaha təvəkkül etməklə yanaşı tədbir tökmək də zəruridir. Təbii vasitələri də Allah yaratmışdır. Onlardan istifadə edilməsi ilahi vəzifədir. Çətinliklər, xəstəliklər zamanı təbii vasitələrin köməyi Allahın hikmətidir. İnsan təhlükə zamanı öz iman səviyyəsinə uyğun sığınacaq axtarır. Diqqətin sığınacağa yönəlməsində mərifət də rol oynayır. Bu diqqət özü imanı gücləndirən amildir. Çünki iman və mərifətin artmasında diqqət, düşüncə böyük rol oynayır. Diqqət və düşüncə qəlbdə yeni hal yaradır, münasib rəftar imanı gücləndirir. Ona görə də Əmirəl-möminin buyurur: "Bütün işlərdə özünü Allaha tapşır. Belə etsən özünü çox möhkəm bir sığınacağa tapşırmış olarsan.” Bəli, düşmən qarşısında gücə ehtiyac duyarkən Allah-təalaya sığınanlar heç vaxt məğlub olmur. ALLAHDAN VƏ BAŞQALARINDAN KÖMƏK ISTƏYI İnsan yalnız təhlükə vaxtı yox, adi vaxtlarda da xeyir əldə etmək üçün Allaha sığınmalıdır. Çünki bütün işlər, bəlaların dəfi də, nemətə çatmaq da Allahın əlindədir. Qeyd etməliyik ki, həm əməl meydanında, həm etiqad sahəsində Allahın dərgahına üz tutmaq zəruridir. Əlbəttə ki, qəlbin halı daha mühümdür. Təhlükə və ehtiyac hiss edən insan bütün varlığı ilə Allaha üz tutmalıdır. Məsələn, insan nəfəs almaq üçün havaya ehtiyac duyursa, unutmamalıdır ki, havanı onun ciyərinə çatdıran Allahdır. Allah insana güc verməsə, insan göz qapaqlarını hərəkətə gətirə bilməz. İnsan beyninə dərketmə qüvvəsi verən Allah deyilmi?! Belə bir ruhiyyə Allahın xalis bəndələrinə xasdır. İxlas odur ki, insan vücudunda Allahdan qeyrisinə etimad olmasın. Həqiqi bəndə yalnız Allaha ümid bağlamalı, yalnız Allahdan çəkinməlidir. Ona görə də Həzrət (ə) "arzularını yalnız öz Allahından istə” buyurur. İnsan qəlbən inanmalıdır ki, onun istəklərini yalnız Allah yerinə yetirməlidir. Əgər Allah əmr edirsə ki, hansısa təbii vasitələrdən istifadə edilsin, insan Allahı unudub həmin vasitələrə bağlanmamalıdır. Qəlb daim Allahı düşünməli, hər şeyi Ondan istəməlidir. Həzrət (ə) buyurur: "Bağışlamaq və məhrum etmək Onun əlindədir.” İnsan bir şəxsə inandıqda çətinlik zamanı məhz ondan kömək gözləyir. Ümidi puça çıxmış insan tənhalıq hiss edir. O, kömək gözlədiyi şəxsin diqqətini cəlb etmək üçün təvazö göstərir, özünü sındırır. Məqsədinə çatmaq üçün həmin şəxsin razılığını əldə etmək istəyir. Bundan ötrü onun əlini öpür, qarşısında ikiqat əyilir. Amma Allaha və Onun qüdrətinə inanan insan başqalarına yox, məhz Allahın hüzurunda təvazö göstərir, müti olur. Yalnız Allahı sığınacaq hesab edən bəndə özü kimi insanlara münasibətdə Allah əmrini əsas götürür. Məsələn, Allah-təala buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur.”("İsra”, 23)Əgər insan öz ata-anası qarşısında təvazö edirsə, bu təvazö Allahın əmrinə əsaslanır. Əslində belə bir təvazö Allah qarşısında təvazödür. Amma çıxış yolunu yalnız və yalnız başqalarına əyilməkdə görmək Allaha şərik qoşmaqdır. Yəni belə bir insan öz taleyində Allahla bərabər başqalarını da təsirli bilir. Zəiflik onun ruhuna hakim kəsilir. Allah isə öz bəndəsini zəif görmək istəmir. Allah insanı özü kimi yaranmışlara qul olmamağa çağırır. Yalnız ilahi hikmət səbəbindən məsumlar qarşısında, valideyn önündə təvazö caizdir. Allah nəzərində hörmətli olan şəxslərə ehtiram Allaha ehtiramdır. Beləcə, kiminsə önündə dünya nemətlərinə görə əyilmək şirk, Allaha şərik qoşmaqdır. Allah öz bəndəsinin bu şəkildə alçalmasını istəmir. Quranda buyurulur: "Həqiqətən, xalis din Allah üçün olan dindir”("Zumər”, 3) Başqa bir ayədə oxuyuruq: "Əmr edilmədimi ki, dini yalnız Allaha aid edərək Ona ibadət etsinlər?”(Bəyyinə”, 5) Həzrət Əli (ə) də bu əsasla "arzularını yalnız öz Allahından istə” –deyə buyurur. İnsan öz əməlində riyaya, Allahdan qeyrilərinin razılığına yer verdiyi qədər öz dəyərini aşağı salır. Qatqı qızılın dəyərini saldığı kimi, riya da insanın qiymətini endirir. Qızıl kimi, insanın da dəyəri onun xalisliyindədir. Allah öz bəndəsinin xalis, qatqısız olmasını istəyir. Xalislik yolu ilə kamala çatan bəndə Allaha yaxınlaşır. Bəndələrinin xalisliyini, kamilliyini istəyən Allah onu şirkdən çəkinməyə, ixlaslı olmağa çağırır. Nemətlərin Allah ixtiyarında olduğuna inanan şəxs Allahdan başqa digər birinin qarşısında əyilmir. Övliyalara təzim isə yalnız Allahın əmri əsasında mümkün olur. Allah-təala bu məsələni aydınlaşdıraraq buyurur: "Əgər Allah sənə bir zərər yetirsə, səni Ondan başqa heç kəs qurtara bilməz...”(Yunus”, 107) Xeyir də belədir, şübhəsiz. Bu ayədə peyğəmbərə (s) müraciət olunsa da, məqsəd bütün insanları xəbərdar etməkdir. Axı peyğəmbərin (s) mərifəti bizim mərifətimizdən çox-çox dərindir. Allah-təala buyurur ki, sizə zərər yetirmək istəsəm, yenə də kimsə buna mane ola bilməz; bəs nə üçün qəlbiniz başqalarına tərəf yönəlir?! Başqalarında olan hansı şey Allahda yoxdur?! Allahını tanıyan bəndəyə layiqdirmi ki, başqalarına üz tutsun?! Biganələrin qapısında boyun büküb, məhbubdan uzaq dayanmağın əsası nədir?! Ehtiyacsızın qapısından yan keçib, möhtacların qapısını döyüb, nəsə istəmək ağıllı işdirmi?! Kimdə nə varsa, Allahın əmanətidir. Nemət sahibi ola-ola həmin nemətdən pay umana ağız açmağa dəyərmi?! Belə bir münasibət nadanlıq deyilmi?! Ağıllı iş isə budur ki, "arzularını yalnız öz Allahından istə. Bağışlamaq və məhrum etmək Onun əlindədir.” Əgər özü möhtac olan insana ağız açmaq ağılsızlıqdırsa, yalnız Allahdan istəmək lazımdır. Allahdan nə istəmək lazım olduğunu da bilmək lazımdır. Həzrət Əli (ə) belə tövsiyyə edir: "Daim Allahdan xeyir istə”. Vəsiyyətin bu cümləsində "istixarə” sözü işlədilmişdir. Bu söz üç mənada işlədilə bilər: 1. "Xeyir axtarışı” mənası. Bir iş görmək istəyərkən əvvəlcə götür-qoy edib, ən yaxşı yolu seçmək lazımdır. Bu mənada istixarə mümkün olan yollar arasından ən xeyirlisini, mövcud olan variantların ən üstününü seçməkdir. Əlbəttə ki, insan fitrətən, təbiətən də ən üstün şeyi seçməyə meyillidir. 2. Allahdan xeyir istəmək mənası. Daim xeyir axtaran insan, təbii ki, Allahdan da xeyir istəyəsidir. 3. Məlum üsullardan biri vasitəsi ilə ən məsləhətli, ən xeyirli yolun tapılması. Belə ki insan ayə və rəvayətlərdə göstərilmiş üsullardan birinin vasitəsi ilə ən məsləhətli yolu tapıb, hərəkət edə bilər. Məsələn, Quran və ya təsbehin köməyi ilə müxtəlif yollar arasında ən faydalısını təyin etmək olar. Qeyd olunan üç mənadan burada ən münasibi ikinci məna, yəni Allahdan daim xeyir istənilməsidir. ŞƏRIƏT ƏHLI ARASINDA ISTIXARƏ Bəzi qaranlıq nöqtələrə aydınlıq gətirmək, şübhələri aradan qaldırmaq üçün istixarənin bugünkü anlamı haqqında bəzi məsələləri araşdırmaq münasib olardı. 1. İSTIXARƏNIN MÜNASIB YERI Bu günkü anlamda istixarədən o vaxt istifadə etmək olar ki, insan xeyirli yolu tapmaq üçün öz ağılından və başqalarının məsləhətindən faydalana bilmir. Yəni insan elə bir vəziyyətə düşür ki, nə edəcəyini bilmir və uyğun vəziyyətdən çıxmaq üçün istixarəyə əl atır. Xeyir yolu tapmaqda aciz qalmış insan istixarə vasitəsi ilə Allahdan xeyir istəyir. Əlbəttə ki, Allah bu vaxt vəhy göndərmir ki, həqiqi xeyir haradadır. Sadəcə, insan istixarəni Allahla öz arasında vasitə seçir və deyir: "Pərvərdigara, mən bu işi Sənin razılıq əlamətin kimi nəzərdə tuturam, məni doğru, xeyirli yola yönəlt.” Ona görə də istixarədən məəttəlçilikdən qurtulmaq üçün istifadə edilir. Ağıl və məsləhətin təsirli olduğu işlərdə istixarəyə üz tutmaq, istixarəni vərdişə çevirmək olmaz. Məsum imamlar (ə) bir rəvayət də olsun belə, ağıl və məsləhət əvəzinə istixarəni əsas götürməyi tövsiyyə etməmişlər. Bəli, yalnız bütün yollar bağlı olduqda insan çıxış yolu kimi istixarə edib, Allahdan xeyirli yol istəyə bilər. Digər zəruri nöqtə istixarə üçün dəlilə malik olmaqdır. Yəni insan hansı dəlillə istixarə yolunu seçə bilər? Tərəddüddən qurtulmaq üçün istixarə edərkən xüsusi bir dəlilə ehtiyac yoxdur. Əql özü tərəddüdü insan üçün zərərli bildiyindən bu vəziyyətdən çıxış yolu tapılmasını zəruri sayır. Belə bir vəziyyətə düşmüş insan istənilən halal yolla vəziyyətdən çıxmalıdır. Belə bir məqamda istixarə özü məsləhətli sayılır. İstixarə duanın bir növüdür. İnsan istixarə vasitəsi ilə sanki deyir: "Pərvərdigara, qərarsızam, Sən isə hər şeydən agah, rəhimlisən. Xeyirli olan yolu mənə göstər.” Başqa sözlə, istixarə edən şəxs bir Quran ayəsini vasitə seçir ki, bu yolla nəyin Allah nəzərində xeyirli olduğunu öyrənsin. Allaha etimadlı olan, Onu alim və qadir bilən şəxs ərz edir: "Pərvərdigara mən dua edirəm, duamı qəbul et, xeyir yolu mənə göstər.” Allaha etimad göstərib, Ondan yol göstərməsini istəyən şəxs əmindir ki, Allah onu doğru yola yönəldəcəkdir. Beləcə, istixarə etmək üçün şəri dəlilimiz olmasa da, bu iş dinə zidd deyil. Çünki istixarədə sadəcə əlamət qəbul edərək deyirik: "Pərvərdigara, bu əlamət vasitəsi ilə mənə xeyir və şəri göstər.” Bu mövzuda daha artıq məlumat əldə etmək üçün "Biharul-ənvar” kitabına müraciət edə bilərsiniz(c.77; c.91.) 3.İSTIXARƏNIN TƏRBIYƏVI ƏHƏMIYYƏTI İnsanın qeyri-adi bir yolla həqiqətləri kəşf etməsi ilahi qayda deyil. Ruzi qazanmaq üçün minlərlə vasitə olduğu kimi, başqa ehtiyaclara çatmaq üçün də vasitələr mövcuddur. Allah hər bir bəndəsinin ruzisini onun evində də yetirə bilərdi və bu iş Onun üçün çətin deyil. Amma istənilən bir ehtiyacın ödənməsi üçün yollar qoyulmuşdur ki, insan çalışsın, səy göstərsin, dağların və dənizlərin təkindən nemətlər çıxarsın. Bu məsələnin bir çox faydaları vardır. O cümlədən, insanın təlaşı ictimai bağlılıqlar yaradır, onun üçün vəzifələr ortaya çıxır. Eləcə də, insan öz səyləri ilə imtahan verir və kamala doğru hərəkət edir. Bu baxımdan istixarə də bir təlaş, hərəkətdir. Əql və təcrübəsi yetərsiz olan insan tərəddüd burulğanından çıxmaq üçün istixarəyə əl atır. Əlbəttə ki, əvvəlcə mövcud qüvvələr işə salınmalıdır. Əql və təcrübədən, məsləhətdən faydalanmaq lazımdır. Bütün bunlardan nəticə çıxmadıqda istixarə yolu açıqdır. Bir sözlə, yol ayrıcında donub qalmaq olmaz. Möminin ən üstün cəhətlərindən biri onun çətinliklərə təslim olmamasıdır. Yəni mömin şəxs dənizin ortasında tənha qalsa belə məyus olmamalıdır. "Pərvərdigara, göndərdiyin hər bir yaxşılığa möhtacam”("Qəsəs”, 24) – deyilməlidir. Bəli, mömin üçün bağlı qapı yoxdur. O, ən çətin vaxtda Allahı çağırır: "Pərvərdigara, özün mənə bir yol göstər. Ya Quran, ya təsbeh vasitəsi ilə öz məsləhətini bildir.” Demək, mömin şəxs digər vasitələrdən yararlana bilmədikdən sonra istixarəyə müraciət edir. Hər işə görə istixarəyə əl atmaq ilahi hikmətə, Peyğəmbər (s) və Əhli-beyt (ə) yoluna ziddir. Peyğəmbər (s) və məsum imamlar (ə) öz ardıcıllarını ağıl və məsləhət yolunu tərk edib, istixarə yolunu tutmağa çağırmamışlar. Əslində belə bir münasibət, istixarəni adətə çevirmək Allahın nemətlərinə qarşı küfrdür. Əql və məsləhət kimi nemətlərin inkarı heç zaman tövsiyyə olunmamışdır. İnsanlar üçün əql və məsləhət kimi qapılar açıq olduğu halda başqa vasitələrə əl atılmamalıdır. Məsələn, şəri hökmü istixarə yolu ilə yox, ictihad və təqlid yolu ilə öyrənmək lazımdır. İstixarə son anda məyusluqdan xilas qapısıdır. Son anda Allaha üz tutub dua etmək, yol istəmək təbiidir. Bəli, ağıl işlədiyi məsələdə istixarə yoxdur. İstixarə məyusluqdan qurtuluş yoludur, elmi bir məsələnin həlli yolu yox! ELM VƏ ƏMƏLIN QOŞALAŞMASI Bu mühüm məsələnin bəyanından sonra müraciət olunan şəxsi hazırlamaq üçün ümumi bir xatırlatmaya ehtiyac var. Qarşı tərəfi deyilənlərə rəğbətləndirmək lazım gəlir. Həzrət (ə) buyurur: "Vəsiyyətimi yaxşı dərk et. Diqqətsizlik və etinasızlıqla onun kənarından ötüşmə. Çünki ən yaxşı söz, həqiqətən, faydalı sözdür. Bil ki, fayda verməyən elm heç vaxt xeyirli deyil. Layiq olmayan bir elmi oxumaqla fayda əldə olunmur.” Həzrət (ə) etdiyi vəsiyyətə diqqətlə yanaşılmasını istəyir. Məbada bu vəsiyyət təsirsiz qala. Deyilən söz yalnız o vaxt xeyirlidir ki, sənə bir faydası olsun. Elm ona görə öyrənilir ki, ondan istifadə olunsun. Oxuduğuna əməl etməyən şəxs həkimə nüsxə yazdırıb, həmin dərmanları qəbul etməyən şəxsə oxşayır. Həzrət (ə) buyurur ki, faydasız bir elmin ardınca düşmək gərəksiz bir işdir. |