ON IKINCI DƏRS Bil, ey oğlum! Tövsiyyələrim arasından təqva, ilahi vacibat, saleh sələflərin əməl etdikləri daxil olmaqla ən çox sevdiklərimə diqqət yetir; çünki onlar da (keçmiş salehlər) sizin kimi möhkəmlik və xoş düşüncəni tərk etməmişlər. Siz necə düşünürdünüzsə, onlar da elə düşünmüşlər; nəticə əldə etdikdə əməl etmiş, məsuliyyətli olmadıqda istənilən bir işdən çəkinmişlər. Əgər onların yolunu tutub, həmin yolu getmək istəmirsənsə, özün onların bildiklərini bilmək istəyirsənsə, qorxulu şübhələrdən, yersiz mübahisələrdən çəkinərək, onları anlamaq üçün dərin düşüncə və elmə yiyələnməlisən. Təhqiqə başlamazdan əvvəl Allahdan yardım dilə, yardım almaq üçün ona üz tut, səni şübhəyə salan, yoldan çıxaran tərəddüdləri tərk et. Elə ki, əmin oldun qəlbin paklanmış və işıqlanmışdır, qəbul etməyə hazırdır, onda yekdillik ərsəyə gəlmişdir, onda sənə bəyan etdiklərimə yaxşı-yaxşı nəzər sal. Xoşladığın fikir rahatlığı əldə olunamadıqda, bil ki, atdığın addımlar kor-koranə olasıdır, qaranlığa qədəm qoymusan. Hansı ki, din istəyən (tələbə) heç vaxt bilmədən addım atmır və heç nəyi bir-birinə qarışdırmır. Bu vəziyyətdə yubanıb dayanmaq daha yaxşı, daha münasibdir. Bu mövzuda ilk və son sözüm budur ki, öz Allahım, ilkin və son ataların Allahı, göylərdə və yerdə olanların Allahına layiq olduğu tərzdə, necə lazımdırsa, necə rəvadırsa, təşəkkür deyirəm. Onun istədiyi, layiq olan şəkildə ondan istəyirəm ki, bizim peyğəmbərimiz həzrət Məhəmməd (s) və bütün peyğəmbərlərə bütün məxluqatın göndərdiyi salamı göndərsin. Ondan istəyirik ki, nemətini bizi eşitməklə tamamlasın. Həqiqətən, bütün layiqli işlər onun nemətinin köməyi ilə yerinə yetir.” ("Nəhcül-bəlağə”.) Həzrət Əli (ə) vəsiyyətinin xülasə şəkilli ilk hissəsindən sonra ətraflı söhbətə başlayır. Bildirir ki, ilahi təqvaya, vacib ilahi əmrlərə, saleh sələflərin yoluna əməl edilməsi zəruridir. O, övladını öz sevdiyi işlərə diqqət yetirməyə çağırır. Bu çağırış dinləyicinin diqqətini cəlb edir. Uyğun bəyan üsulu bəlağət qanunlarına riayət edilməsinin əlamətidir. Nəsihətlərdə təqva ilə yanaşı ilahi vacibatlara əməl edilməsi də tapşırılır. Təqvanın tövsiyyə olunması səbəbi aydındır. Bəs ilahi vacib əmrlər nə üçün xatırladılmışdır? Bu sualın cavabını tapmaq üçün bəzi izahlara ehtiyac duyulur. DINI MAARIFƏ YIYƏLƏNMƏ YOLLARI Uyğun dəyərli tövsiyyəni bəyan edərkən deyilməlidir ki, ilahi maarifə yiyələnmək üçün iki yol var: Yollardan biri dini zəruriyyətləri ətraflı şəkildə öyrənmək və möhkəm dəlillərlə sübuta yetirmək, şəri hökmlərdə isə başqalarına təqlid etməkdir. Məsələn, tövhid və nübuvvətin sübutu üçün möhkəm dəlillər əldə etdikdən sonra ikinci dərəcəli məlumatları başqalarından almaq olar. Eləcə də Quranın Allah kitabı olmasına dəlillər vasitəsi ilə əmin olduqdan sonra bu kitabın köstərişlərinə əməl etmək qalır. Qurana iman gətirən insan mələklərin, bərzəxin, qiyamətin, cənnət-cəhənnəmin varlığı üçün sübut axtarmaya bilər. Çünki sadalanan xəbərlər Quranda bəyan olunmuşdur. Etiqadlara belə bir münasibətlə yanaşıldığı vaxt əməli hökmlərə də bu yolla təslim olmaq lazım gəlir. Məsələn, namazın, orucun zəruriliyi sübuta yetdikdən sonra bu ibadətlərə aid kiçik məsələlərdə mütəxəssislərə təqlid etmək, onların göstərişlərini yerinə yetirmək kifayətdir. Bu yolu seçən insan özünü artıq zəhmətə salmadan bir çox məsələləri hazır şəkildə başqalarından öyrənir. Vəsiyyətnamədə aşkar şəkildə bildirilir ki, insan çalışaraq etiqad və əməl bünövrəsini möhkəmləndirməlidir. Dini zərurətləri sübuta yetirərək qəbul edən insan heç vaxt şəkk-şübhəyə düşüb, yolundan azmır. Dini əsaslara əmin olduqdan sonra insan Allahın və Peyğəmbərin (s) buyuruqlarını istisnasız olaraq düzgün sayır və nə üçün niyəsiz əməl edir. Məsələn, bir şəxsdən ilk qəbir gecəsi haqqında soruşulduqda o, tərəddüd etmədən Peyğəmbər (s) və Əhli-beyt buyuruqlarına istinad edərək cavab verir. Bu yola yolçuluq edən bəndə dini zərurətlər dairəsində kənarda axtarışlar aparmaqla özünü zəhmətə salmır. Bu yol digər yola nisbətən daha təhlükəsiz və az məsuliyyətlidir. Dini maarifə yiyələnməyin ikinci yolu bütün etiqadi və əməli işlərdə yetərli dəlillər əldə olunmasıdır. Bu yolu seçən insanlar ən kiçik məsələlərdə belə dəlil axtarır, kimsənin mövqeyinə istinad etmir, yalnız əldə etdiyi sübutları etibarlı sayır. Sözsüz ki, ikinci yolu seçənlər və davam edənlər çox azdır. Çünki bütün kiçik məsələləri araşdırıb, yetərli dəlillər əldə etmək olduqca çətindir. Bu yol ideal və üstün yol olsa da, hamı üçün müyəssər deyil. İstedadlı və lazımınca vaxtı olan, kifayət qədər diqqət göstərən, pak və qüvvəli insanlar bu yolu gedə bilər. Amma şərait olmadıqda bu yola can atmaq lazım deyil. Birinci yol daha rahat və məqsədəuyğundur. Birinci yolu gedənlər "nə üçün belə edirsiniz” sualına belə cavab verirlər: Mütəxəssisin nəzərinə əsasən! Axı bir çox digər işlərdə də insan birinci yola uyğun olaraq mütəxəssisə üz tutur. Xəstəlik, inşaat işləri və digər problemlərlə qarşılaşan insan tərəddüd etmədən mütəxəssisə müraciət edir. Dinin əməli hökmlərində də eyni üsulla hərəkət etmək lazımdır. Həkimə inanan insan heç vaxt onun yazdığı dərman nüsxəsini araşdırmır. Bütün bunları nəzərə alaraq, ikinci yolla getmək mümkün olmadıqda, daha təhlükəsiz olan birinci yolla getmək lazımdır. Böyük çalışqanlıq, xalis niyyət, yetərli vaxt, zəruri istedad olmadığı halda ikinci yola qədəm qoymaq özünü aşkar təhlükəyə atmaqdır. Şərait olduqda isə bütün xırdalıqların dəlil vasitəsi ilə qəbulu çox yaxşıdır. Həzrət (ə) məhz bunu sevərək buyurur: "Tövsiyyələrim arasında ən çox sevdiklərimə diqqət yetir.” Yəni elm və əməldə təqva, vacib göstərişlə əməl et. Diqqət edin ki, bu günkü dünyamızda bu məsələ nə dərəcədə əhəmiyyətlidir. Bu məsələyə əməl edən insan bir çox büdrəmələrdən qoruna bilir. Yanlışlığa düçar olanların əksəriyyəti bu vəsiyyətə əməl etməyən, elm təhsilində tələsən, ustadsız elm meydanına girənlərdir. İnsan əvvəlcə öz vəzifəsini müəyyənləşdirməlidir. Lazımınca istedad, çalışqanlıq, vaxt, ən əsası xalis niyyət olmadan müvəffəq olmaq mümkünsüzdür. Allahdan yardım istəmədən qədəm götürməkdənsə, oturmaq daha yaxşıdır. Həzrətin (ə) bildirdiyi kimi, ilkin əldə olunası nemət bütün peyğəmbər və övliyaların vəsiyyət etdiyi ilahi təqva, bəndənin Allahdan çəkinməsidir. Sonra isə Allahın bəndəyə vacib buyurduğu əmrlər gəlir. Həzrətin (ə) buyuruğunun mənası budur ki, zəruri səy, pak niyyət, vaxt yetərincə deyilsə, etiqad əsasları ilə kifayətlənib, əməldə təqlid etmək lazımdır. Bir sözlə, insan müəyyənləşdirməlidir ki, Allah qarşısında vəzifəsi nədir. Vacib olan əqidə əsaslarını dərk edib, dini zərurətləri öyrənməkdir. Başqa işlərə şərait yoxdursa, həmin işlər vacib sayılmır. Vacib olmayan, güc çatmayan işlərə girişməyin sonu peşmançılıq, təəssüfdür. Həzrətin (ə) buyuruğunda əməl ediləsi üçüncü tövsiyyə saleh sələflərin təcrübəsidir. İmam (ə) keçmiş saleh möminlərin zəhmətlə əldə etdiyi təcrübələrdən faydalanmağı tapşırır. Bu təcrübələrin arxasında ciddi araşdırmalar, böyük zəhmət dayanır. Həmin sələflər sənin bu günki diqqət və düşüncəndən xəbərsiz olmamışlar. Onlar öz həyatları haqqında düşünmüş, inanmalı və əməl etməli olduqlarını müəyyənləşdirmişlər. Bu gün etimad etdiyimiz əcdadlarımız, sələflərimiz uzun araşdırmalardan sonra müəyyən nəticələrə gəlmişlər. Onlar bildiklərinə əməl etmiş, anlamadıqlarını özlərindən kənarlaşdırmışlar. Hər halda sələflərin yolu həzrət Əlinin (ə) tövsiyyə etdiyi etibarlı yollardandır. ELM QAZANMAĞIN (TƏHSILIN) ŞƏRTLƏRI Sağlam həyat üçün üç yol bəyan olundu. Bu yollardan biri etiqad əsasları və əsas əməli maarifə yiyələnib, cüzi məsələlərdə təqlid etməkdir. İkinci yol saleh sələflərin yoludur. Üçüncü yol bütün əsas və cüzi sahələrdə dərin bilik əldə olunmasıdır. Əgər üçüncü yolu seçib, ictihad yolu ilə əhatəli və dərin elmə yiyələnmək istəsəniz, həzrətin (ə) növbəti buyuruğuna diqqət yetirin: "Özün onların bildiklərini bilmək istəyirsənsə, qorxulu şübhələrdən və yersiz mübahisələrdən çəkinərək, onları anlamaq üçün dərin düşüncə və elmə yiyələnməlisən.” Beləcə, elm əldə etməyin şərtlərini həzrətdən öyrənmək lazım gəlir. Elm qazanmaq yolunda ilkin addım və şərt pak niyyətə malik olmaqdır. Elm yolunu seçən insan əvvəlcə öz niyyətini islah etməlidir. Bu işdə yeganə məqsəd həqiqətlərin dərki olmalıdır. Məbada, yersiz mübahisələrə yol verilə. Bu yola qədəm atan insan özündən soruşmalıdır ki, doğrudanmı məqsədi özünü göstərmək yox, həqiqətləri dərk etməkdir? Unutmayın ki, qeyri-ilahi məqsədlə elm meydanına atılmaq təhsil yox, zordur. Təhsilin digər bir şərti Allahdan yardım diləmək və Ona təvəkkül etməkdir. Həzrət (ə) buyurur: "təhqiqə başlamazdan əvvəl Allahdan yardım dilə, yardım almaq üçün ona üz tut.” Dərin biliyə gedən yollarda təhlükəli döngələr olduğundan bu yola çıxmış insan niyyətini xalis edib, Allahdan kömək istəməlidir. İlahi maarifi, dini göstərişləri olduğu kimi dərk etmək üçün belə bir şərt ödənməlidir. Allahın diqqəti olmadan kimsə öz hədəfinə çatmaq gücündə deyil. Əlbəttə ki, məqsəd nə qədər çox müqəddəs olarsa, Allaha bir o qədər çox təvəkkül etmək lazım gəlir. Yalnız işin başlanğıcında yox, bütün təhsil boyu insan Allahın diqqətinə ehtiyaclıdır. Təhsil boyu hər bir məsələnin dərkində ilahi yardımdan faydalanmaq, həzrət haqqı unutmamaq lazımdır. 3. AZDIRICI DƏLİLLƏRDƏN ÇƏKİNMƏK Təhsilin üçüncü şərti şübhələrdən, şübhəli üsul və dəlillərdən çəkinməkdir. Həzrət (ə) buyurur: "Səni şübhəyə salan, yoldan çıxaran tərəddüdləri tərk et.” Bəli, təhsil yolunda şübhəli dəlillərdən çəkinmək lazımdır. Məqsədə çatmaq üçün doğru yol tapmaq lazımdır. İnsanı səhvə düçar edən yanlış yollarla getməməliyik. Məsələn, əmin olun ki, qəlbiniz saf, niyyətiniz pakdır. Əmin olun ki, məqsədiniz yalnız həqiqəti dərk etməkdir. Qəlb həqiqətən də saf olsa, məqsəd yalnız anlamaq olsa, Allahın yardımından faydalanmaqla addım-addım doğru yolda irəliləsəniz, dəlilləriniz möhkəm və sağlam olsa, bilin ki, bu təhsil həqiqət üzərindən pərdələri qaldıracaq, ilahi nur olan elmə yol tapacaqdır. 4. ALİ SƏY (HİMMƏT) VƏ QƏTİ QƏRAR Əvvəlki şərtlər ödəndikdən sonra bütün qüvvələri təmərküzləşdirib, qəti qərara gəlməklə təhsilə başlamaq lazımdır. Elm yolunda qədəm atmaq qərarına gəlmiş insan öz gücünü digər işlərə sərf etməməlidir. İnsanın bütün diqqəti və gücü həqiqətlərin dərk olunması istiqamətində yönəldilməlidir. Həzrət Əli (ə) buyurur: "Elə ki, əmin oldun qəlbin paklanmış və işıqlanmışdır, qəbul etməyə hazırdır, onda yekdillik ərsəyə gəlmişdir, onda sənə bəyan etdiklərimə yaxşı-yaxşı nəzər sal.” Həqiqəti kəşf etmək üçün qeyd olunan şərtləri yetərincə götür-qoy etmək lazımdır. Bu şərtlər tam şəkildə ödənmədikdə elm meydanına girməmək daha yaxşıdır. Kifayət qədər asayiş və ya yetərincə səy və təlaş olmadıqda bu yola çıxmaq təhlükəlidir. Zərrəcə şübhə etməyin ki, sadalanan şərtlər ödənməyəcəyi təqdirdə yolunuzu azacaqsınız. Belə insan nəinki həqiqəti tapa bilmir, hətta həqiqətdən daha da uzaqlaşır. Dini təhsil yanlışlıq və büdrəmələrlə uyğunlaşmır. Vəsiyyətnamədə oxuyuruq: "Xoşladığın fikir rahatlığı əldə olunmadıqda, bil ki, atdığın addımlar kor-koranə olasıdır, qaranlığa qədəm qoymusan. Hansı ki, din istəyən (tələbə) heç vaxt bilmədən addım atmır və heç nəyi bir-birinə qarışdırmır. Bu vəziyyətdə yubanıb dayanmaq daha yaxşı, daha münasibdir.” Dini maarifə yiyələnmək istəyən elm meydanına elə daxil olmalıdır ki, büdrəməsin. Xətaya yol verən, niyyəti saf olmayan şəxs dini biliklərdən yetərincə faydalana bilməz. Bəli, belə bir məqamda dini təhsil fikrindən daşınmaq daha yaxşıdır. Həzrət (ə) vəsiyyətinin bu hissəsini dua ilə tamamlayır. Əslində bu dualarla vəsiyyətnamənin ətraflı bölməsi başlanır. Qeyd edək ki, burada olan bəzi sətirlər "Nəhcül-bəlağə”də yox, "Biharül-ənvar”da nəql olunmuşdur. Həzrət (ə) buyurur: "Həqiqətən, bütün layiqli işlər onun nemətinin köməyi ilə yerinə yetir.” |