ON DOQQUZUNCU DƏRS İstəməkdə, duada israrlı ol ki, sənin üçün mərhəmət qapısı açsın. Duanı gec eşitməsi səni ümidsiz etməsin – həqiqətən, bəxşiş istəyin qədərindən asılıdır. Daha uzun istəməyin və bixşişin kamil olması üçün duanın eşidilməsində təxir baş verə bilər. Olsun ki, bir şey istəyəsən və sənə verilməyə, ondan da üstününü bu və ya o dünyada alasan. Ya da onun verilməməsi daha yaxşı sayıla. Çox olsun ki, istədiyin bir şey sənə verilsəydi, dininin və dünyanın puçluğunu onda görərdin. O şeyi istəyəsən ki, o şeyin sənə yaxşılığı daha davamlı olsun, çətinliyi və əziyyəti uzaq. Nə var-dövlət sənə qalar, nə də sən var-dövlətə. Tezliklə yaxşı və pis işinin sonunu görərsən və ya kərim bağışlayan bağışlayar.” (Nəhcül-bəlağə”.) Şübhəsiz ki, səsini ucaldaraq bəndəlik iddiası edənlər az deyil. Amma o kəslər həqiqi bəndədirlər ki, bu bəndəliyi əməldə göstərirlər. Qəlbinə bəndəlik buxovu taxan insan yalnız Allah dərgahına əl açır. Başqalarına ümid gözü ilə baxan, möhtaca əl açan kəsləri kimsə Allah bəndəsi hesab etmir. Çünki Allahdan qeyrisinə ağız açmaq bəndəliklə uyuşmayan bir işdir. Həzrət Peyğəmbər (s) buyurur: "Dua ibadətin məğzidir.” Həzrət (ə) ilahi öyüdün bu hissəsində dua və onun əhəmiyyətindən danışır, sonra duanı ilahi rəhmət xəzinələrinin açarı kimi tanıtdırır. Həzrətin (ə) buyuruğuna əsasən, ilahi mərhəmətin heç zaman tükənməyəcək sonsuz xəzinələri vardır. Bu xəzinələrdən istifadə etmək üçün açara ehtiyac var və Həzrətin (ə) fikrincə, bu açar duadır. Hər bir bəndə istədiyi vaxt bu açar vasitəsi ilə mərhəmət xəzinələrini açıb, ilahi mərhəmətdən faydalana bilər. Həzrət Əlinin (ə) buyuruqlarına inanan insan duadan istifadə etmək qərarına gəlməlidir. Çünki insan üçün duadan xeyirli ikinci bir iş yoxdur. Həzrətin (ə) vəsiyyətində dua və onun təsiri elə açıqlanmışdır ki, şübhəyə zərrəcə yer qalmamışdır. Uyğun kəlamlar dinləyicini duaya tələsdirir. Amma yetərli məlumata malik olmayan insanlarda yersiz suallar da yarana bilər. Həzrət (ə) bu sualların aradan qaldırılması üçün bəzi mətləblər açıqlayır. DUANIN EŞIDILMƏSININ (YERINƏ YETMƏSININ) TƏXIRI Bəziləri soruşa bilərlər ki, nə üçün dəfələrlə dua etdikləri halda, onların duaları qəbul olunmur? Əgər dua ilahi rəhmət xəzinələrinin açarıdırsa, nə üçün bəziləri dua etdikləri halda bu xəzinələrə yol tapa bilmirlər? Həzrət öz dəyərli kəlamları ilə bu şübhələri aradan qaldırır: "Duanı gec eşitməsi (yerinə yetirilməsi) səni ümidsiz etməsin – həqiqətən bəxşişi istəyən qədərindən asılıdır.” Əlbəttə, bir dəfə dua edib, oturmaq olmaz. Digər bir tərəfdən, duanın gec qəbul olunmasının da səbəbləri var. Əgər dua birinci dəfədə qəbul olunmursa, ümidimizi üzməməliyik. Duanın qəbulunun yubanmasının bir çox səbəbləri ola bilər. Məsələn, məqsəd dua edənin diqqətini cəmləşdirmək ola bilər. Allah-təala insanın daha çox dua edib, daha çox mərhəmət qazanmasını istəyir. Çünki insanın hər duası bir mərhəmət gətirir. Duası dərhal qəbul olan insan, adətən, daha dua etmir və beləcə, daha artıq mərhəmət qazanmaqdan məhrum olur. Əgər insan Allaha dua vasitəsi ilə yaxınlaşırsa, demək çox dua etmək onun özü üçün faydalıdır. Bəndələrin tutumu fərqlidir. Bəzən kiçik tutumlu insan uzun-uzadı dua edə bilmədiyindən Allah onun duasını daha tez qəbul edir. Hər halda qəbulun bir yubanma səbəbi bəndəni daha çox duaya sövq etməklə onu daha geniş mərhəmətdən faydalandırmaqdır. DUA BƏNDƏLIYIN ƏMƏLI ETIRAFIDIR Duanın cövhəri ibadətdir. Özünün sındırıb, istər zahirdə Allaha əl açan, istər batində onu çağıran şəxs ibadət edir. Çünki bu əməllər bəndəliyin və ilahi məqamın etirafıdır. İbadətin ruhu da elə bu mənadadır. Namaz qılmaq və ya digər bir formada Allahın böyüklüyünü, öz kiçikliyini izhar etmək ibadətdir. Duanın da mahiyyəti bundan ibarətdir. Əlini açıb, Allahı çağıran insan, şübhəsiz ki, özünü bəndə bilir. Əgər dua etməklə insan heç bir istəyinə çatmasa da, onun dua vasitəsi ilə bəndəliyini bildirməsi böyük işdir. Bəndəliyin izharı bütün duaların qəbul edilməsindən üstündür. Əfsus ki, insan duanın dəyərini qədərincə hiss etmir. Dua insanı Allaha yaxınlaşdırmaqdan əlavə həm də ibadətdir. İstəklərinin qəbulu da öz yerində! QƏBUL ÖLÇÜSÜ (GÖSTƏRICISI) Bilməliyik ki, duanın qəbulunun yubanmasının yalnız bir hikməti daha çox dua edilməsi və daha çox mərhəmət əldə olunmasıdır. Başqa səbəblər də ola bilər. Həmin səbəblərdən biri duanın qəbulunun məsləhətli olmamasıdır. Yəni duanın qəbulu nəticəsində insan üçün zərərli şərait yarana bilər. Bəzən insan öz istəyinin nəticəsini müəyyənləşdirə bilmir və elə bir şey arzulayır ki, bu şey onun üçün xeyirli olmur. Ümumiyyətlə, insan tələskən varlıqdır.("İsra”, 11.) O, duasının qəbul olunmasına tələsir. Amma bilmir ki, müəyyən nemətlər yalnız vaxtında əldə edildikdə səmərə verir. Allah-təala öz mömin bəndəsinə nəyi nə vaxt verməyi daha yaxşı bilir. İnsan bəzən tamamilə zərərli şeylər istəyir. Əlbəttə ki, Allah mömin bəndənin belə dualarını qəbul etmir. Belə bir dua dişi ağrıyan körpənin anasından şirni və ya başqa zərərli bir şey istəməsi kimidir. Ana uşağın bu arzusunu yerinə yetirirsə, ağrılar daha da güclənə bilər. Uşaq şirninin zərərindən xəbərsiz olduğu üçün öz istəyində təkid etsə də, ana onu sevdiyi üçün həmin arzunu yerinə yetirmir. Duanın qəbul olmamasının səbəblərindən biri məhz insanın öz zərərinə bir şey istəməsidir. Deyildiyi kimi Allah-təala insanın bəzi dualarını məsləhət bilmir və insana daha xeyirli olan başqa bir nemət əta edir. Bu o demək deyil ki, dua qəbul olmur. Məhz dua qəbul olduğu üçün Allah başqa bir xeyir qismət edir. Allah öz bəndələrinin xeyrini onlardan daha yaxşı bildiyi üçün öz məsləhətini əta buyurur. Məsələn, bir şəxs Allahdan tələsik çoxlu var-dövlət istədikdə, Allah ona məsləhət gördüyü vaxt məsləhət bildiyi qədər var-dövlət yetirir. İnsan Allahdan bir şey istəyib başqa bir şey aldıqda düşünməməlidir ki, duası qəbul olmayıb. Məhz onun duası sayəsində Allah öz məsləhət bildiyini əta edib. Bir sözlə duanın qəbul olmaması və ya yubanması ilə Allahın duaları qəbul etmək haqqında verdiyi vəd arasında heç bir ziddiyyət yoxdur. Dua bəzən təxirlə, bəzən də əvəz edilərək qəbul olunur. İnsana münasib vaxtda istədiyindən də xeyirlisi əta olunur. Həqiqi bəndə heç bir halda Allaha etimadını itirməməlidir. Düşünməməliyik ki, Allah öz nemətini qıymamazlıq edir. Əksinə, Allah daha xeyirli nemət yetirir. Dua həm də bəndənin Allaha yaxınlaşmasına səbəb olur. Bu gözəl bəyanların ardınca Həzrət (ə) duanı ilahi mərhəmət xəzinələrinin açarı kimi tanıtdırır. Duada israrlı olmağı, onu tərk etməməyi tapşırır. Təkrar-təkrar dua oxumaq, Allahın duanı sevdiyini unutmamaq lazımdır. Çox dua etmək Allah dərgahında bəyənilmiş işdir. Duanın dərhal qəbul olunmamasının isə öz hikmətləri mövcuddur. Duanın qəbulu təxirə düşərsə, ondan kənarlaşmaq olmaz. Əmin olmaq lazımdır ki, Allah-təala etdiyimiz duaları eşidir və istəklərimizi əta edəcəkdir. Heç bir dua səmərəsiz qalmır. Dua yerinə yetmədikdə təkrar-təkrar Allahı çağırmaq lazımdır. Bilin ki, bu təkrarlar əldə edəcəyiniz mərhəməti artırır. Allahın mərhəməti sonsuz olsa da, onu əldə etmək üçün çalışmaq zəruridir. Bu mərhəmətə nail olma yollarından biri də duadır. Tutumunuz, dözümünüz imkan verdiyi qədər dua edin. Duanın qəbulu yubandığı qədər mərhəmət də çox olasıdır. DUANIN QƏBULUNUN TƏXIR SƏBƏBI. Duanın qəbulunun təxir səbəbləri haqqında rəvayətlər çoxdur. İncə məziyyətlərə malik olan bu rəvayətlərin mütaliəsi məhəbbət vadisində qədəm atanlar üçün çox xoşdur. Məsələn, bir hədisdə imam Sadiq (ə) buyurur: "Mömin dua edərkən Allah-təala mələklərə buyurur: "onun duasını qəbul etdim. Amma ona əta etməyib, saxlayın – bu mömin bəndənin səsini eşitmək istəyirəm...”("Kafi”, c.2, səh.489)Amma günahkar insanın səsi Allaha xoş gəlmədiyindən bəzən onun istəyini dərhal verər. Möminin duasının yubanma səbəbi isə ilahi sevginin nişanəsidir. Həzrətin (ə) buyuruqlarına əsasən, bir qisim insan öz duasının nəticəsini axirətdə əldə edər. Amma onlar Allahla ünsiyyətdən ləzzət aldıqları üçün heç vaxt duadan yorulmazlar. Dua vasitəsi ilə Allahla əlaqəyə elə bağlanarlar ki, duadakı istəklərin qəbulu yaddan çıxar. Həzrət (ə) buyurur: "Olsun ki, bir şey istəyəsən və sənə verilməyə, ondan da üstününü bu və ya o dünyada alasan.” Allah bəzən insana onun istəyindən da yaxşısını yetirir. İnsan elə güman edir ki, bu şey ona dua etmədiyi halda yetirilib. Hansı ki, Allah-təala insanın duasını qəbul etmiş, sadəcə, onun istədiyini yox, daha xeyirli bir nemət əta etmişdir. Amma elə böyük tutumlu insanlar vardır ki, Allah onların duasını axirət üçün qəbul edir. Belə insanlar dua vasitəsi ilə ünsiyyəti onun qəbul olmasından üstün sayırlar. Eləcə də, mərhəmətə daha çox ehtiyac duyduqları axirətdə dualarının faydasını görürlər. Bu insanlar axirət nemətlərinin dünya nemətlərindən üstün olduğunu bildikləri üçün axirət sevdasına üstünlük verirlər. Ümumiyyətlə, Allah-təala həmişə daha üstün neməti əta edir. Ya dünyanın, ya da axirətin ən üstün neməti əldə olunur. Bəzən duanın təxirə salınması münasib hesab edilir. Çünki bəzən insan öz zərərinə dua edir və anlamır ki, istədiyi şey ona xeyir gətirməyəcək. Belə duaları Allah qəbul etsə, insan özü peşman olar. Çox olur ki, israrlı dualar, ağır nəzirlər vasitəsi ilə əldə olunmuş bir şey sonradan insana böyük problemlər yaradır. Kimi bu kimi hallarla öz həyatında rastlaşır, kimi başqalarının həyatında uyğun halları müşahidə edir. Bəziləri Allahın məsləhətini nəzərə almadan israrla övlad istəyirlər. Allah onlara övlad əta etdikdən sonra bu övlad valideyni hörmətdən salır, onu min bir əzab-əziyyətə düçar edir. Təbii ki, belə valideynlər sonradan peşman olur, "kaş sonsuz qalaydım” deyə təəssüflənirlər. Allah-təala israrla öz zərərlərinə dua edənlərin duasını ona görə qəbul edir ki, həmin şəxslər Allahdan inciyib, öz imanlarını itirməsinlər. Dar düşüncəli insan Allahdan istədiyi şeyin zərərli olduğunu anlamır və duası qəbul edilmədikdə Allahdan üz döndərir. Allah isə öz bəndəsinin imandan məhrum olmaması üçün duasını yerinə yetirir. İnsanlar duaya münasibətdə bir-birlərindən fərqlənirlər. Bəziləri duaları qəbul olmadıqda Allahdan üz çevirmək həddinə çatırlar. Allah belələrinin imanını qorumaq üçün onların dualarını qəbul edir. Bəziləri isə duaları qəbul olduqda şeytanın tilovuna düşürlər. Allah belələrinə qarşı başqa növ tədbir görür. Peyğəmbər (s) zamanında yaşayan bir şəxs maddi cəhətdən sıxıntı içində yaşayırdı. Həzrət (s) ona qoyun almaqda kömək etdi. Həmin qoyun doğub-törədi. Bir müddət sonra kişi sürü sahibi oldu. Sürü böyüdükcə onu şəhərdə saxlamaq çətinləşdi və kişi şəhərdən çıxıb, kənarda bu işlə məşğul olmağa başladı. Şəhərdə olmadığından Peyğəmbərin (s) imaməti ilə qılınan camaat namazlarından da məhrum oldu. Namazdan uzaqlaşması onun imanını o qədər zəifləşdirdi ki, Peyğəmbərin (s) zəkat üçün göndərdiyi şəxsə zəkat ödəməkdən boyun qaçırdı, hətta onları bac yığmaqda ittiham etdi. Bir sözlə, həzrət (s) nəhayət ona verdiyi sərmayəni geri almaq qərarına gəldi. Həmin şəxs böyük sürü ilə müqayisədə həzrətin (s) tələbini əhəmiyyətsiz sayıb, ilkin sərmayəni ona qaytardı. Amma unutdu ki, var-dövləti həmin sərmayədən bərəkətə gəlib. Nə isə, sərmayə qaytarıldıqdan sonra bəla nazil oldu və sürü məhv olub getdi. Həmin kişi Allaha israrla dua edib, var-dövlətini geri qaytarmaq istədi. Hansı ki, Peyğəmbər (s) verdiyi sərmayəni geri almaqla onu imansızlıqdan xilas etmək istəmişdi. Bəli, bəzən insanın dünyəvi istəyi onun axirətinə zərərli olduğundan Allah-təala onun dinini qorumaq məqsədi ilə duasını qəbul etmir. Deyilənlərdən belə nəticə çıxarmaq olmaz ki, dua etmək faydasızdır və Allah onsuz da öz məsləhət bildiyini əta edir, yox! Maraqlıdır ki, Allah öz istədiyini nəsib etdiyi halda duanın faydası nə olur? Qeyd etməliyik ki, dua Allaha ibadətdir, qəbul olmasa da savabı var. Eləcə də, heç bir dua cavabsız qalmır. Sadəcə, dua təxirə düşə bilər, insana onun istədiyindən daha faydalı bir şey əta olunar. Bəzi duaların bəhrəsi isə axirət həyatında əldə edilir. Duanın müstəsna əhəmiyyətini nəzərə alaraq, Allahdan nə istəmək daha yaxşı olar? Dua açarı ilə ilahi xəzinələri açan insan, şübhəsiz ki, həmin xəzinədən ən qiymətli şeyi götürməyə çalışmalıdır. Görən qızıl-gümüş, ləl-cəvahiratdan da dəyərli bir şey varmı bu xəzinədə? Sözsüz ki, dünya nemətlərinin istənilən hər biri həmişəlik deyil və dünyada qalasıdır. Əbədi nemətlər isə həmişə insanın istifadəsindədir. Xəzinədən götürdüyümüz nemət axirət neməti olsa, heç vaxt əldən çıxmaz. İnsanın dərdini daha da artıran dünya nemətlərinə aldanmamalıyıq. Allahdan əbədi, davamlı, faydalı nemətlər təmənna etməliyik. Əks-təqdirdə bir gün həmin nemətlərdən ayrılacaq və öz yanlış seçimimizə görə təəssüf edəcəyik. |