ÜÇÜNCÜ FƏSİL
LƏYAQƏTLİ QADININ SİFƏTLƏRİ
Ötən səhifələrdə ləyaqətli qadınların iki xüsusiyyətinə işarə olundu, beləliklə söhbətimizi onların başqa sifətlərini saymaqla davam etdiririk.
HƏYAT YOLDAŞINI HİMAYƏ ETMƏK
Ləyaqətli qadının digər gözəl və təqdirəlayiq sifətlərindən biri budur ki, öz ərini bütün dünyaya belə dəyişməsin. Bu məsələ bir neçə surətdə isbata yetir:
Birinci: Qohum-əqrəba və ya tanışlardan bəzisinin qadınının ərinə qarşı onun ardınca xoşagəlməz sözlər danışarsa qadın tam cəsarət, cürət və ədəblə öz ərinin tərəfini saxlamalıdır.
İkinci: Ailənin maddi vəziyyəti istər aşağı, istərsə də yuxarı həddə olduqda, başqa sözlə desək, ailənin pullu və pulsuz olması qadının rəftar və münasibətində dəyişiklik yaratmamalıdır. Əksinə, kasıbçılıq zamanı və maddi çətinliklərlə qarşılaşarkən ərinə qarşı daha artıq məhəbbət və mehribanlıq göstərməlidir. Əsla səbirsizlik edib öz qüdrət və dözümünü əldən verməməlidir.
Üçüncü: Süstlük, zəiflik, yaxud kiçik bir səhv müşahidə etdikdə, heç vaxt onu özgəsinə açıb söyləməməli, evin çatışmamazlıqlarını başqalarına bildirməməlidir.
QURAN VƏ HƏDİSLƏRİN YOL GÖSTƏRMƏSİ
Şərif Quran bu barədə belə yol göstərir.
Ümumiyyətlə Quran bu nəzərə malikdir ki, insan gərək başqalarının eyblərini örtməklə yanaşı, eyni zamanda bilməlidir ki, özü başdan-ayağa eyb, nöqsan, günah və üsyankarlıqdadır. Əgər eybləri örtən Allah onun eyblərini camaatın gözündən gizlətməsəydi hər yerdə rüsvay olardı.
Bu böyük nemət müqabilində şükr edərək gözlərimizi başqalarının nöqsan və çatışmamazlıqlarından örtərək eyblərini görməməliyik. Bu mühüm məsələdə hamıdan çox qadın çalışmalı və bilməlidir ki, pullu və pulsuz olmağın hər ikisi insan üçün bir imtahandır. Yəni Allah insanı pullu və pulsuz olmaqla yoxlayır.
Qadın pulsuzluğuna görə heç vaxt ərini təhqir etməməli və yaşayışda yoxsulluq ilə üzləşdikdə öz ərini digər tanışları, həmkarları və qohumları ilə müqayisə etmək fikrinə düşməməlidir ki, bu surətdə ailənin şirin yaşayışı acı zəhərə çevrilər.
Hədislərdə deyilir ki, Əmirəl-möminin (əleyhissalam) hər vaxt xanım Fatimə (əleyha salam)-ın zahirdə kiçik və yoxsul evinə daxil olsaydı, rahatlıq hiss edər, təskinlik tapardı. Amma, əgər bir qadın salehə və eləcə də sayılan sifətlərə malik olmazsa və ərin haqqı ödənilməzsə çarəsi nədir? Çarəsi nəsihət etməkdir!
QADININ ÜRFİ QAYDALARA ƏMƏL ETMƏSİ
Kişinin qadına qarşı hüququ əxlaqi vəzifələr və ürfi qaydalardan istisna olunur. Belə ki, kişinin öz arvadını "nə üçün partarlarını yumayıb və ya xörəyi yaxşı bişirməyib” deyə sorğu-suala tutmağa haqqı yoxdur. Kişinin qadına qarşı tam haqqı təkcə ər-arvad məsələləri ilə bağlıdır ki, bu barədə qadın gərək yalnız öz ərinə təslim olsun. Salehə qadın öz ərinin ruhiyyəsindən xəbərdar olub ərinin ondan bir şey istəməsindən əvvəl onun istəyinə müvafiq əməl edən qadınlara deyilir.
MOİZƏNİN TƏSİR ETMƏSİ ŞƏRTLƏRİ
Yuxarıda qeyd edildi ki, moizə üç əsas şərt əsasındadır ki, yalnız onların mövcud olduğu surətdə moizə təsir edib nəticə verəcəkdir:
1-Mehr-məhəbbət göstərmək: Yəni moizə edən mehribanlıq və ürək yanğısı ilə nəsihət etməlidir.
2-Dəlil gətirmək: Yəni moizənin əsası aşkar və məlum bir dəlil ilə qeyd olunsun.
3-Ürək genişliyinə malik olmaq.
Moizə zamanı sonuncu şərt çox mühüm əhəmiyyətə malik olması ilə yanaşı, həm də qeyd etmək lazımdır ki, böyük nemətdir. Belə ki, Allah-Taala Quranda Öz Rəsuluna bu cür xitab edir:
"Ey əziz Rəsul, Biz sənə geniş ürək və açıq qəlb əta etmədikmi?”("İnşirah” surəsi, ayə:1)
Yəni, Allah-Taala Öz Rəsulunun mübarək sinəsinin genişliyini və ona mənəvi aramlıq və sakitlik əta etməsini minnət ünvanı kimi yad edir.
PEYĞƏMBƏRLƏR GENİŞ ÜRƏYƏ MALİKDİR
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçildiyi zamandan vəfat edənə qədər təbliğlərini adətən geniş ürəkli və çox səbirli olmaq əsası üzrə planlaşdırmışdı. Həzrətin öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirməsi dəlillərindən biri çox ali bir xasiyyətə geniş ürəkliliyə malik olması idi.
Həmçinin, Mütəal Allah tərəfindən Musa ibn İmrana (əleyhissalam) xitab olunan zaman:
"Ya Musa indi qardaşın Harunla Fironun yanına gedin ki, o küfrdə həddi aşmışdır və onunla tam mülayimliklə söhbət edin, bəlkə qürur və qəflət yuxusundan ayılıb haqqı qəbul etsin və öz Allahından qorxsun.”("Taha” surəsi, ayə:43-44)
Həzrət Musa (əleyhissalam) bu əmri eşitdikdən sonra, Fironun çoxlu hərbi təchizata, döyüşçü qüvvələrinə və qüdrətə malik olmasına baxmayaraq, Allah-Taaladan yalnız "ürək genişliyi”, sakitlik və aramlıq istədi.
GENİŞ ÜRƏKLİLİYİN TƏSİRİNDƏ SÖZÜN NÜFUZU
Aydındır ki, insan "geniş ürək” sahibi olarsa sözü nüfuz edər, amma əgər xoşa gəlməzliklər və çətinliklər qarşısında özünü itirərsə, moizə və haqq sözünün əsər və nüfuzunu əldən verəcəkdir. İnsan Allah-Taala ilə əlaqə sayəsində "geniş ürəyə” və möhkəm iradəyə malik olur. İnsanın Allah ilə rabitəsi nə qədər sıx və güclü olarsa, hümmət və iradəsi də bir o qədər möhkəm olacaqdır. Əgər ailədə, ata möhkəm iradəyə malik olarsa, uşağı tənbeh və ya danlamağa etiyac olmayacaqdır. Çünki ata söz nüfuzu vasitəsi ilə onları daha yaxşı surətdə tərbiyə edəcəkdir.
ƏR VƏ ARVADIN ZƏİFLİYİNDƏN YARANAN İXTİLAFLAR
Qeyd etmək lazımdır ki, qadınlarınızda müəyyən bir çatışmamazlıq hiss etsəniz onlara moizə etməniz gərəkdir, heç vaxt bəd əxlaqlıq göstərməyin ki, lazım olan nəticəni verməyəcəkdir. Bilmək lazımdır ki, ixtilaf və çətinliklərin yaranmasında qadın həmişə müqəssir ola bilməz, çox vaxt hər iki tərəf təqsirkar olur. Bəlkə də, ailənin bir çox ixtilaf və narazılıqlarında əsas müqəssir kişidir ki, öz güc və qüdrətinə güvənir. Qadınların islah olunmasına çalışmağımıza baxmayaraq, özümüzü də yaddan çıxarmamalıyıq. Həyat yoldaşımızın islahından da mühümü öz əxlaqımızı müxtəlif pislik və çirkinliklərdən pak etməkdir. İlk növbədə özümüzü islah etməliyik ki, müxtəlif problemlərin yaranması və ixtilafların baş qaldırması zəminəsini azaltmış olaq. Belə də olmamalıdır ki, kişi məişət, iş və ictimai problemləri ev mühitinə çəkərək çətinlikləri evdə həll etsin. Buna görə ki, ata və ananın bədəxlaqlığı və əsəbiliyinin uşaqlara da xoşagəlməz və mənfi təsiri vardır. Psixoloqlar bu mühüm məsələni ciddi surətdə xəbərdarlıq ediblər ki, ata-ananın bəd əməlləri, kobud və əsəbi davranışı uşaqların əxlaq və xasiyyətini xarab edərək onların mənəvi şəxsiyyət kimi böyüməsində, hətta maddi işlərində böyük və islaholunmaz izlər buraxır.
EV İNSANIN XOŞ ƏXLAQ, MEHRİBAN OLMASI VƏ DÜZGÜN TƏRBİYƏ ALMASI ÜÇÜN İLK MƏKTƏBDİR
Ev şəraiti uşaqların bir-birini düşünmək, məhəbbət, güzəşt və səfa-səmimiyyəti dərk etmələri üçün ilk insaniyyət sinfi olmalıdır ki, bütün bu sadaladıqlarımız orada öyrənilir. Evi ata-ananın dava-dalaş məskəninə çevirmək düzgün deyildir, çünki bu iş, uşaqların ən ümdə və mühüm olan mütləq hüququnu aradan aparır. O zaman övladlarınıza olan birinci böyük zülm öz tərəfinizdən hesab olunmazmı? Onların bədbəxt olmaları öz əlinizlə olmamışdırmı?!
Ata və ana ayıq surətdə, diqqət etməlidirlər ki, onların evdəki kiçik bir əməl və ya rəftarı uşaqların tərbiyəsinə birbaşa təsir qoyur. Övlad şəxsiyyətinin formalaşmasının ev mühitindən başlaması bir həqiqətdir. Əgər bu mühüm məsələdə süstlük göstərsək, aşağıda qeyd olunan Quran ayəsi bizə aid olacaqdır:
"Ey Peyğəmbər, de: O kəslər ziyan-kardırlar ki, özləri və yaxın adamlarını (həyat yoldaşı və övladlarını) Qiyamət günü əbədi zərər və ziyana salarlar. Agah olun! Bu aşkar bir ziyandır.”("Zümər” surəsi, ayə:15)
Əziz oxucular! Ailə mühitini isti saxlamaqdan ötrü evdəki şadlıq və aramlığınızı qoruyun!
Həyat yoldaşınızla yanaşı övladlarınızla da eyni təbəssüm və vüqarla davranın ki, pərişanlıq və nigaranlığı ev mühitindən uzaqlaşdırasınız.
Problem və çətinliklərlə qarşılaşarkən tam ciddiyyətlə rəftar etməyiniz müşgüllərin gözlənilmədən aradan qalxmasına zəmin yaradır. Qəm-qüssə, pərişanlıq ilan və əqrəb kimidir ki, onların aradan qaldırılmasında geciksəniz, onlar sizi aradan aparcaqlar.
Dilinizdən muğayat olun, məbada bir dil yarası ilə aranızdakı səfa-səmimiyyət və mehribanlığı uzaqlaşdırasınız.
Öz yoldaş və övladlarınıza məhəbbət göstərib, mülayim və qəlboxşayan sözlərlə lətafətli qəlblərini özünüzə cəzb etdirin ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur:
"Ərin öz arvadına söylədiyi "səni sevirəm, səni çox istəyirəm” kəlməsi onun qəlbindən heç vaxt çıxmayacaq, onun mehribanlıq və səmimiyyət yaradan müsbət təsiri həmişəyaşardır.”("Vəsailüş-şiə”, 7-ci cild, səh.10)
Bu kiçik cümləni dilə gətirib söyləməklə qadındakı məişət və məsuliyyət yükünün bütün ağrı-acısını, çətinlik və yorğunluğunu aradan aparmaq mümkündür ki, qadın əlavə qüvvə və tam hazırlıqla ailə həyatını və uşaqlarının tərbiyəsini davam etdirsin.
Ailənin intizamı və möhkəmliyinin əsası məhəbbət, ər-arvadın arasında olan qarşılıqlı ehtirama bağlıdır. Odlu nəvaziş qığılcımlarını qəlbinizdə şölələndirin. Uşaqların ikitirəlik, pərişanlıq və qanıqaraçılıqdan, habelə mehribanlıq, mənəviyyət, məhəbbət və səfa-səmimiyyətin olmamasından çəkdikləri əziyyət qədər, maddi çatışmamazlıqdan çəkmirlər. Məhəbbət və nəvaziş istər-istəməz maddi çatışmazlıqların yerini tutacaqdır.
Həyatda qadın və kişinin dostluq, sədaqət, səfa-səmimiyyətin olması ilə, eləcə də uşaqlara qarşı nəvaziş və can yandırmaları olmasaydı, bəşəriyyət dəhşətli fəlakətə uğrayıb məhv olardı. Necə ki, şərqdə və qərbdə bütün bu ağır cinayət, zülm, təcavüzlər, adam öldürmə, qətl və qarətlər, eləcə də öz əslindən dönüb yad mədəniyyətə meyl edənlərlə yanaşı bu boşanma və ixtilafları səfa, səmimiyyət və mənəvi ruhiyyənin olmaması səbəbindən onlar ruhsuz bir əşyalara çevrilərək vücudlarında eşqdən, məhəbbət və atifi duyğulardan bir xəbər olmayan mövcudata bənzəyirlər.
MƏHƏBBƏT–İFFƏT MƏNŞƏYİDİR
Ürəyində ərinə qarşı eşq və məhəbbət olan qadını heç bir xarici ünsür iffət və paklığından azdıra bilməz. Qadın və uşaqların yoldan çıxması və bir-biri ilə yola getməməsinin əsas mənşəyi bu nöqtədən başlayır ki, kişi öz ailəsinə qarşı lazım olan məhəbbət və mehribanlığı göstərmir.
Hər bir şəxsin fitri yaranışına əsasən, məhəbbət və sevgiyə ehtiyacı olması şəksiz, bu ehtiyacın kişidə qadından bir neçə dəfə çox və güclü olması ilə sübuta yetmişdir. Kişi bu mühüm məsələyə xüsusi diqqət yetirməli, mümkün olan müxtəlif yollarla öz yoldaşına məhəbbət göstərib onun etimadını qazanmalıdır. Belə ki, qadın öz ərini ürəyi yanan, mehriban və fədakar bir insan kimi qiymətləndirməlidir. Bu iş ailə nəzminin sabit qalmasında təsirli rola malikdir. İmam Sadiq (əleyhissalam) buyurur:
"Həyat yoldaşlarına məhəbbət bəsləmək peyğəmbərlərin əxlaqi sifətlərindəndir.”("Vəsailüş-şiə”, 7-ci cild səh.9)
Başqa bir hədisdə isə buyurur: "Hər kəsin öz həyat yoldaşına məhəbbəti çox olarsa, Allaha imanı daha çoxdur.”(Vəsailüş-şiə”, 7-ci cild səh.11)
Eləcə də, "Biz Əhli-beytə o kəs daha əzizdir ki, öz həyat yoldaşına daha çox məhəbbət bəsləsin.”("Vəsailüş-şiə”, 7-ci cild, səh.11)
Həmçinin, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alih) bu barədə belə buyurur:
"Sizlərdən ən yaxşınız o kəslərdir ki, öz həyat yoldaşlarına qarşı yaxşıdırlar və mən öz qadınlarıma qarşı sizdən daha yaxşıyam.”(Mən la yəhzurul-fəqih”, səh.324 (beşinci hədis.))
Məsum İmamlar bu ibrətamiz və yolgöstərici nəsihətləri ilə ailə mühitinin xoşluq, asayiş və əmin-amanlıq mühitinə çevirməsini, eləcə də ailə inzibatını daha da möhkəmlənməsini istəmişlər. Belə ki, yer üzündə böyük bir cəmiyyətin nizam-intizamının, quruluşunun davamı ailədən başlanır. Ailə nizam-intizamının dağılması və məhv olması bəşər ictimaiyyətinin aradan getməsinə bais olur.