İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Qurani-Kərimin tərcüməsi

    Qurani-Kərimin tərcüməsi
    Əl-Qəsəs ‏ surəsi
    0. Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Ta, Sin, Mim. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Və bu kitab həmin hərflərdən təşkil olunmuşdur, lakin heç bir kəsin onun oxşarını gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.) And olsun Turi – Sinaya və Məkkəyə, Tuba və Sidr ağaclarına və Muhəmmədə(s) ki,
    2. Bu surə bu aşkar və aydınlıq gətirən kitabın ayələrindən ibarətdir.
    3. Biz iman gətirən qövm(ü düz yola gətirmək) üçün Musa və Fironun xəbərindən (sərgüzəştindən) bəzisini haqq və düzgünlüklə (Cəbrailin dili ilə) sənə oxuyuruq.
    4. Həqiqətən, Firon (Misrin padşahı) o torpaqda baş qaldırdı və hakimiyyət tapdı və oranın camaatını müxtəlif dəstələrə parçaladı (hər dəstəyə öz dövlətinin işlərinin bir hissəsini tapşırdı və hər bir dəstəni o birisi ilə düşmən etdi.) Onlardan bir dəstəni (İsrail övladlarından ibarət olan dəstəni) zəifliyə (və qul olmağa) sürüklüyürdü (və bu nəslin kökünün kəsilməsi üçün) oğlanlarının hamısının başını kəsir və qadınlarını (isə) sağ buraxırdı. Həqiqətən, o, fəsad törədənlərdən idi.
    5. Biz (isə) istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək.
    6. Və onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq (ya onları o torpaqda yerləşdirək), Firona və (onun vəziri) Hamana və qoşunlarına onların (İsrail övladları) tərəfindən qorxduqları və çəkindikləri şeyi göstərək.
    7. Biz Musanın anasına sirli və sürətli bir şəkildə ilham etdik: «Onu əmizdir, elə ki, ondan ötrü (Fironun adamlarının ondan xəbər tutmalarından) qorxdun, onu (bir sandığın içərisinə qoy və) dəryaya at. Qorxma və qəmgin olma, şübhəsiz, Biz onu sənə qaytararıq və özünü də şəriət sahibi olan peyğəmbərlərdən edərik».
    8. Beləliklə, Fironun ailəsi onu (suyun üzündən) götürdülər ki, sonunda onlar üçün (məqam, mal və can) düşmən(i), hüzn və kədər səbəbi olsun! Həqiqətən, Firon, Haman və qoşunları xatakar idilər.
    9. Və Fironun zövcəsi dedi: «(Bu körpə) mənim və sənin gözünün işığıdır. Onu öldürməyin, bəlkə (gələcəkdə) bizə bir xeyri olar, yaxud onu oğulluğa götürərik». Onlar (işin aqibətindən) xəbərsiz idilər.
    10. (Övladından çox narahat olduğuna görə) Musanın anasının ürəyində (övladının fikrindən savayı) heç bir şey yox idi. Əgər Biz möminlərdən olması üçün onun qəlbini möhkəm etməsəydik, az qala mətləbi büruzə verəcəkdi.
    11. O, Musanın bacısına dedi: «Onun dalınca get»; beləliklə bacısı onu (körpənin Fironun adamlarının əlinə düşdüyünü) uzaqdan gördü, onlar isə xəbərsiz idilər (körpəyə kənardan nəzarət edən olduğunu bilmirdilər).
    12. Biz (bacısının onu tapmasından) öncə, bütün süd verən qadınları(n südünü) ona haram etdik. (Bu yaradılışda onun təbiətinə qoyulmuş bir haram idi.) (Körpə) heç kimin döşünü qəbul etmirdi (əmmirdi). Bacısı onlara dedi: «İstəyirsinizmi sizə zamin olub ona (uşağa) yaxşı baxacaq və ona qarşı xeyirxah olacaq bir ailəni nişan verim?»
    13. Beləliklə onu anasına qaytardıq ki, gözü aydın olsun, qəm yeməsin və bilsin ki, həqiqətən, Allahın vədi haqdır. Lakin onların (camaatın) əksəriyyəti (bunu) bilmir.
    14. (Musanın) cismi qüvvələri kamilləşəndə və əqli gücü möhkəmlənəndə (təqribən qırx yaşlarında) Biz ona hikmət (və əqli elmlər) və (keçmiş şəriətlər barəsində) elm verdik. (Biz) yaxşı əməl sahiblərini beləcə mükafatlandırırıq.
    15. (Musa Fironun qəsrindən) şəhərə əhalisi xəbərsizkən (istirahət vaxtı) daxil oldu. İki nəfərin bir-birilə vuruşduğunu gördü. Biri onun tərəfdarlarından idi, o biri düşmənlərindən. Tərəfdarlarından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Belə olduqda Musa bir yumruq vuraraq onu öldürdü, dedi: «Bu (dava) Şeytan əməlindəndir, həqiqətən, (Şeytan insanı) açıq-aşkar zəlalətə salan bir düşməndir».
    16. (Musa) dedi: «Ey Rəbbim, əlbəttə ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim, (çünki, özümü Fironun adamlarının təhlükəsinə atdım). Buna görə məni bağışla (onun pis nəticələrindən məni qoru)». Allah onu bağışladı. Həqiqətən, O, bağışlayan və mehribandır.
    17. (Musa) dedi: «Ey Rəbbim, (bütün ömrüm boyu) mənə əta etdiyin nemətlərə görə, əsla günahkarlara arxa olmayacağam».
    18. Beləliklə Musa şəhərdə (Misirdə) qorxu və vəhşət içərisində – (öz törətdiyi işin nəticəsini) gözləyən halda sübhü qarşıladı (gecəni keçirtdi). Bir də (gördü ki,) dünən ondan kömək istəyən şəxs, (yenə) onu köməyə çağırır. Musa ona dedi: «Həqiqətən, sən açıq-aşkar bir azğınsan!».
    19. Beləliklə (Musa) hər ikisinin düşməni olan kəsi yaxalamaq istədikdə (o düşmən qibti, yaxud onun tərəfdarı olan sibti Musanın onu vurmaq istədiyini zənn edərək) dedi: «Ey Musa, dünən bir nəfəri öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən?! Sən yer üzündə yalnız zülmkar və hökmran olmaq istəyirsən, islahedici (insanları islah edən) olmaq istəmirsən».
    20. Və şəhərin o biri başından (bəlkə də Fironun sarayı yerləşdiyi yerdən) bir kişi tələsik gəldi, dedi: «Ey Musa, həqiqətən, qövmün böyükləri səni öldürmək barəsində məsləhət – məşvərət edirlər. Odur ki, (Misirdən) çıx get. Şübhəsiz, mən sənin xeyirxahlarındanam».
    21. (Musa) qorxu və vəhşət içərisində, (hansısa bir hadisənin baş verməsini) gözləyən halda şəhərdən çıxdı, dedi: «Ey Rəbbim, mənə zalımların qövmündən nicat ver».
    22. O, Mədyən (şəhərinə) tərəf üz tutan zaman dedi: «Ümidvaram (ola bilsin ki,) Rəbbim məni düzgün yola (Mədyən şəhərinin yoluna) yönəltsin».
    23. (Musa) Mədyən şəhərinin suyuna yetişdikdə, bir dəstə adamın (öz qoyunlarına) su verdiyini gördü. Onların yanında (isə) (öz heyvanlarını camaatın heyvanlarına qarışmağa) qoymayan iki qadın görüb dedi: «Sizin işiniz nədir? (Niyə burada durmusunuz?)» Dedilər: «Bu çobanlar (öz heyvanlarını) qaytarıb aparmayınca biz (öz heyvanlarımıza) su vermərik. Bizim atamız (Şüeyb adında) yaşlı qoca bir kişidir».
    24. Beləliklə, (Musa) onlar üçün (heyvanları) suladı, sonra kölgəyə çəkildi və dedi: «Ey Rəbbim, həqiqətən, mən Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə (yeməyə) möhtacam».
    25. O iki qadından biri – yüksək həya ilə utana-utana onun yanına gəlib dedi: «Atam bizim üçün (heyvanlarımıza) su verməyinin muzdunu ödəməkdən ötrü səni çağırır». (Musa) onun yanına gəldikdə öz əhvalatını qocaya söylədi. (Qoca) dedi: «Qorxma, (artıq) zalımlar tayfasından nicat tapmısan (bura Fironun hökümətinin hüdudlarından kənardır)».
    26. O iki qadından biri dedi: «Atacan, onu (muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam) muzdla tutduqlarının ən yaxşısıdır».
    27. (Şüeyb) dedi: «Mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bunun müqabilində isə (mehriyyə belədir ki,) sən səkkiz il (ev işlərinin idarə olunması, ya heyvanların otarılması üçün) mənə xidmət edəsən. Əgər on ili tamamlasan ixtiyar səninlədir və mən səni çətinliyə salmaq istəmirəm. İnşallah, məni(m) salehlərdən (olduğumu) görəcəksən».
    28. (Musa) dedi: «Bu (müqavilə) mənimlə sənin aranda sabit olsun. Beləliklə (bu) iki müddətdən hər birini tamamlamaqda, mənə qarşı heç bir təcavüz və zor olmamalıdır. Allah dediklərimizə vəkildir».
    29. Beləliklə, Musa (təyin olunmuş) müddəti tamamlayıb öz ailəsi ilə birlikdə (Mədyəndən Misrə tərəf) hərəkət etdikdə, Turun (Tur dağının) yanında bir od gördü, ailəsinə dedi: «Siz (burada) dayanın, mən bir od gördüm, bəlkə, gedib (yolu tapmaq üçün) ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız».
    30. Musa odun yaxınlığına gəldikdə o vadinin sağ tərəfindən, o bərəkətli (mübarək) torpaq sahəsindən, (oradakı) ağacdan nida gəldi ki; «Ya Musa, şübhəsiz, aləmlərin Rəbbi olan yeganə Allah Mənəm».
    31. Və (nida gəldi ki,:) «Əsanı yerə at. (Atdı və) onun ilan (ya cin) kimi sürətlə hərəkət etdiyini gördükdə, geri dönüb qaçdı və arxasına (belə) baxmadı. (Buyuruldu:) «Ey Musa, irəli gəl və qorxma, həqiqətən, sən amanda olanlardansan».
    32. «Əlini qoynuna qoy ki, əlin (oradan) ağappaq, eyibsiz-qüsursuz, parlaq çıxsın. Və hər hansı bir qorxu(dan çıxmaq) üçün əlini (ya əllərini) qoynuna qoy (ki, vahimən aradan getsin). Beləliklə bu ikisi (iki möcüzə: əsa və parlaq əl) sənin Rəbbin tərəfindən Firona və onun əyanlarına qarşı iki dəlil-sübutdur. Həqiqətən, onlar öncədən fasiq bir tayfa idilər».
    33. (Musa) dedi: «Ey Rəbbim, mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram (dəvətimi çatdırmazdan öncə) məni öldürsünlər».
    34. «Və qardaşım Harunun dili mənimkindən daha fəsahətlidir (tutarlıdır). Buna görə onu da mənimlə kömək və arxa (olaraq) göndər ki, məni təsdiq etsin. Çünki qorxuram məni təkzib etsinlər (və mən məqsədimi aydın bəyan edə bilməyəm)».
    35. (Allah) buyurdu: «Tezliklə sənin qolunu qardaşınla möhkəmlədərik və siz ikinizə (mübarizə və mübahisə etməkdə) qüdrət və qələbə əta edərik. Belə ki, Bizim ayə və möcüzələrimiz sayəsində əsla sizə əlləri çatmayacaq; siz və sizə tabe olanlar qalib gələcəksiniz!»
    36. Beləliklə Musa Bizim aydın ayələrimizi onlara gətirdikdə, dedilər: «Bu uydurulmuş (quraşdırılmış) sehrdən başqa bir şey deyildir və biz belə bir şeyi (tovhidə dəvəti) öz ata-babalarımız arasında eşitməmişik».
    37. Musa dedi: «Mənim Rəbbim Onun tərəfindən (insanlara) düz yola dəvət gətirən kəsi(n halını) və bu evin (gözəl) aqibətinin kimə məxsus olacağını daha yaxşı bilir. (Dünya evinin gözəl aqibəti axirət evinin xoşluğudur). Şübhəsiz, zalımlar nicat tapmazlar».
    38. Firon dedi: «Ey ölkə başçıları, mən sizin üçün özümdən başqa bir tanrı tanımıram. Ey Haman, (işin məlum olması üçün) palçıq üzərində od qala (və kərpic bişir), mənim üçün uca bir bina tik, bəlkə Musanın tanrısını görəm (ya ulduzların vəziyyətindən Onun varlığını dərk edəm). Əlbəttə, mən onu yalançılardan hesab edirəm».
    39. O və (onun) qoşunları yer üzərində haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, Bizim hüzurumuza qaytarılmayacaqlar.
    40. Beləliklə onu və qoşunlarını yaxaladıq və dənizə atdıq; (Ya peyğəmbər!) bax gör ki, zülmkarların aqibəti necə oldu?!
    41. Biz onları (küfr və tüğyanları ilə gələcək nəsilləri) (Cəhənnəm) od(un)a sarı çağıran rəhbərlər etdik. Qiyamət günü (heç bir şəfaət sahibi tərəfindən) onlara kömək edilməyəcək!
    42. Bu dünyada onların ardınca (böyük) bir lənət qoyduq. (Mələklərin və möminlərin lənəti, bu cür şəxslərə tabe olanların günahları onlar üçün həqiqi lənətdir.) Qiyamət günü (onlar) eybəcər üzlülərdən, rüsvay edilmişlərdən və mənfurlardan olacaqlar.
    43. Biz (Nuh, Hud, Saleh və Lutun qövmü kimi) keçmiş cəmiyyətləri həlak etdikdən sonra camaat üçün bəsirət vasitəsi hidayət və rəhmət səbəbi olan (səmavi) kitab(ı Tövratı) Musaya əta etdik ki, bəlkə öyüd - nəsihət alsınlar.
    44. (Ya Peyğəmbər!) Biz risalət əmrini (elmləri və Tövratı vəhy etməklə) Musaya elan etdiyimiz və hökm verdiyimiz (möhkəmlətdiyimiz) zaman sən (müqəddəs vadinin) qərb tərəf(in)də deyildin və sən (o heyrətli səhnənin) şahidlər(in)dən deyildin.
    45. Lakin Biz silsilə dövrlərdə bir sıra cəmiyyətlər yaratdıq, (onların) ömürləri çox uzun oldu (onların xəbərləri köhnəldi və dəyişdi. Biz o xəbərləri indi sənə vəhy edirik). Sən Mədyən əhalisi içində yaşamırdın ki, Bizim ayələrimizi bunlara (Məkkə müşriklərinə öz gördüklərini) söyləyəsən. Lakin Biz göndərənik (peyğəmbərləri göndərir və keçmişdəkilərin xəbərlərini onlara vəhy edirik ki, insanlara söyləsinlər).
    46. Biz (Musanı «Nur» ağacından nübuvvət məqamı üçün) çağıranda da, sən Turun (Tur dağının) yanında deyildin (ki, öz gördüklərindən xəbər verəsən). Lakin sənin Rəbbindən olan bir mərhəmətə xatir (səni onlardan xəbərdar etdik) ki, səndən öncə (İsanın, ya İsmailin zamanından sənin əsrinə qədər) heç bir qorxudan (Peyğəmbər) gəlməyən bir qövmü qorxudasan, bəlkə öyüd-nəsihət alsınlar.
    47. Və əks təqdirdə özlərinin qabaqcadan göndərdiklərinin (dünyada etdikləri əməllərin) müqabilində onlara bir müsibət və əzab (cəza) yetişsəydi (dəlil-sübut gətirər və) deyərdilər: «Ey Rəbbimiz, nə üçün bizə bir rəsul göndərmədin ki, Sənin ayələrinə tabe olub, möminlərdən olaydıq» (Biz onları peyğəmbər göndərmədən küfr və günahlarının cəzasına düçar edərdik. Biz daim əqli dəlilləri nəqli dəllillərlə təsdiq edirik).
    48. Beləliklə, Bizim tərəfimizdən onlara (müşriklərə) (Peyğəmbər və) haqq (olan kitab) gəldikdə (onlar) dedilər: «Musaya verilənin (Tövratın birdəfəlik nazil olunması, əsa və ağ, parlaq, nurlu əl möcüzələrinin) bənzəri nə üçün ona verilməmişdir?!» Məgər bu müşriklər bundan öncə Musaya veriləni inkar etməmişdilərmi? Dedilər: «(Bu Tövrat və Quran) iki sehrdir (cadudur) ki, bir-birlərinə arxa olmuşlar. Biz hər ikisini inkar edirik». (Və məgər o müşriklər bundan öncə Musaya verdiyimizi inkar etməmişlərmi? Dedilər: «(Musa və Harun) iki məharətli sehrbazdır və bir-birlərinə arxa olmuşlar. Biz hər ikisini inkar edirik»).
    49. (Ya Peyğəmbər!) de: «Əgər siz düz danışansınızsa, Allah tərəfindən elə bir kitab gətirin ki, bu ikisindən (Tövrat və Qurandan) daha doğru yol göstərən olsun ki, mən ona tabe olum».
    50. Beləliklə, əgər sən(in dəvətin)ə cavab verməsələr, bil ki, onlar öz (nəfsi) istəklərinə uymuşlar. Allahın hidayəti olmadan, öz (nəfsi) istəklərinə uyandan daha çox azğın kim ola bilər?! Həqiqətən, Allah zalım tayfanı doğru yola yönəltməz.
    51. Həqiqətən, Biz öz sözümüzü (Quranın ayələrini və surələrini) bir-birinin ardınca və bir-biri ilə əlaqəli halda (bir neçə il ərzində ardıcıl) onlara yetirdik, bəlkə, öyüd-nəsihət alsınlar.
    52. Bundan öncə səmavi kitab verdiyimiz kəslər (məsələn, Tövrat və İncil əhlinin bəziləri), buna (bu Qurana) da iman gətirirlər.
    53. Onlara Quran oxunan zaman deyərlər: «Ona iman gətirdik, şübhəsiz, bu bizim Rəbbimiz tərəfindən (nazil) olan həmin haqdır (həqiqətdir), həqiqətən, biz on(un nazil olmasın)dan qabaq (Tövratın və İncilin xəbərləri vasitəsilə) İslamı qəbul etmişdik».
    54. (İki səmavi kitaba iman gətirib əməl etməyə) səbr etdikləri üçün onlara iki dəfə muzd veriləcəkdir. Onlar (danışıqda və əməldə) yaxşılıq etməklə (insanların) pisliyi(ni) və əziyyətləri(ni) uzaqlaşdırarlar və onlara ruzi olaraq verdiklərimizdən (ehtiyacı olanlara) sərf edərlər.
    55. (Onlar) boş bir söz (məsxərə, söyüş, qeybət) eşitdikləri zaman, ondan üz döndərərlər və (bu hərəkətləri ilə) deyərlər: «Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam (Salamat qalın) olsun! Biz cahilləri (dostluq və yoldaşlıq üçün) istəmirik».
    56. (Ya Peyğəmbər!) Şübhəsiz, sən özün istədiyin hər bir kəsi doğru yola yönəldə bilməzsən (onun qəlbini haqqa yönəldə bilməzsən, çünki sənin vəzifən yolu göstərməkdir). Lakin Allah istədiyi hər bir kəsi imana çatdırır (onu düz yola yönəldir) və O, doğru yola istedadı (qabiliyyəti) olanları daha yaxşı bilir.
    57. (Məkkə müşrikləri başqa bir bəhanə gətirərək) dedilər: «Əgər səninlə birlikdə haqq yola tabe olsaq, (başqa müşriklər) bizi torpaqlarımızdan (yurdlarımızdan) didərgin salar (və ölümə və əsirliyə sürükləyərlər)». Məgər Biz onları hər növ məhsulun daşınıb gətirildiyi əmin-amanlıq (hökm sürən) bir Hərəmdə yerləşdirmədikmi?! (Bu) Bizim tərəfimizdən (verilən) bir ruzidir, lakin onların əksəriyyəti (bunun qədrini) bilmirlər.
    58. Biz öz yaşayışlarında tüğyan və təkəbbür edən neçə-neçə insan toplumlarını məhv etdik. Budur onların özlərindən sonra yalnız az bir hissəsində yaşayış olan yurdları. (Yalnız səfərə çıxmış şəxslərin müvəqqəti yaşayış yeridir). (Onlara) Biz varis olmuşuq.
    59. Sənin Rəbbin mərkəzlərinə Bizim (tovhidimizin və xilqətin məqsədlərinə dair) ayə və nişanələrimizi oxuyan bir peyğəmbər göndərmədən əsla şəhərləri və kəndləri məhv etməmişdir. Biz (peyğəmbərləri göndərdikdən sonra da) yalnız əhalisi zülmkar olan şəhərləri və kəndləri yox etmişik.
    60. (Dünya malından) Sizə verilən şeylər yalnız dünya həyatında bəhrələnmək üçün bir qaynaq, onun bərbəzəyi və zinətidir. Allah yanında olan (axirət nemətləri isə) daha yaxşı və daha əbədidir. Məgər düşünmürsünüz?
    61. Beləliklə, (axirət səadəti barədə) mütləq qovuşacağı gözəl bir vəd verdiyimiz kimsə dünya malını verdiyimiz sonra da Qiyamət günü (hesab və əzab üçün) gətiriləcək kəslə eyni ola bilərmi?!
    62. Və (yada sal) o günü ki, (Allah) onlara xitab edib deyər: «(Tanrılıqda, ibadət və ya itaətdə Mənimlə şərik olduqlarını) güman etdiyiniz o şəriklərim (bütlər, ulduzlar, cinlər və sairə) haradadırlar?!»
    63. Haqlarında əzab vədi həyata keçən kəslər (adamları dünyada öz ibadət və itaətlərinə çağıranlar) deyərlər: «Ey Rəbbimiz, bizim azdırdıqlarımız (bizə sitayiş edənlər) bunlardır. Biz nə cür (öz ixtiyarımızla) azmışıqsa, onları da (öz ixtiyarları ilə) elə azdırdıq. İndi isə onlardan uzaqlaşıb Sənə tərəf gəldik. (Əslində) onlar bizə ibadət etmirdilər, (məcburi surətdə ibadət etmirdilər, yaxud şeytanlara və ya öz «əmmarə» nəfslərinə ibadət edirdilər).
    64. Və (ibadət edənlərə) deyiləcəkdir: «Belə isə, şəriklərinizi (Allahla bərabər hesab etdiklərinizi, köməyə) çağırın.» Beləliklə onları çağırarlar, amma onlar cavab (hay) verməzlər; və əzabı (eynül-yəqinlə) görərlər və arzu edərlər ki, «kaş (dünyada) hidayət olmuş olaydılar».
    65. (Ya Peyğəmbər!) (Yada sal,) o gün ki, (Allah Məhşər əhlinin hamısına) xitab edib, deyəcəkdir: «Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?»
    66. Beləliklə, o gündə (cavaba və başqa məsələlərə aid) xəbərlər (zamanın uzunluğundan və dəhşətin çoxluğundan) onlardan gizli qalar. Hətta (onlar) bir-birlərindən belə soruşa bilməzlər.
    67. Lakin (küfr və günahdan) tövbə edib, iman gətirən və yaxşı işlər görən kəsə gəlincə isə onun nicat tapanlardan olmasına ümid vardır.
    68. Sənin Rəbbin hər nə istəsə (varlıq aləmində) yaradar və seçər, onlar üçün seçim ixtiyarı yoxdur. Allah pakdır və Ona şərik qoşulanlardan ucadır!
    69. Və sənin Rəbbin onların sinələrinin gizli saxladığı və (dillə, qələmlə, ya əməllə) aşkar etdikləri hər şeyi bilir.
    70. Ondan başqa heç bir tanrı olmayan Allah Odur. Dünyada və axirətdə həmd (sitayiş) yalnız Ona məxsusdur (çünki, hər iki aləmdə olan bütün gözəlliklər Ondandır). Hakimiyyət və hökm vermək (də hər iki aləmdə) Ona məxsusdur. Siz (hamınız) Ona tərəf qaytarılacaqsınız.
    71. (Ya Peyğəmbər!) de: «Mənə deyin görüm, əgər Allah gecəni sizin üçün (yer kürəsini dayandırmaqla) Qiyamət gününə qədər həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı tanrı (hətta günəşdən deyil, başqa bir yerdən) sizə bir işıq gətirə bilərdi? Məgər eşitmirsinizmi?!»
    72. De: «Mənə deyin görüm, əgər Allah gündüzü sizin üçün (yer kürəsini dayandırmaqla) Qiyamət gününə kimi həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı bir tanrı aramlıq tapdığınız gecəni sizə gətirə bilərdi? Məgər görmürsünüz?!»
    73. Gecə dincəlməniz və (gündüz iş-güc ilə) Allahın fəzl və kərəmindən (ruzi) axtarmanızdan ötrü sizin üçün (yer kürəsinin hərəkəti ilə) gecə və gündüzü yaratması Onun (Allahın) mərhəmətindəndir. bəlkə şükr edəsiniz!
    74. Və (yada sal) o günü ki, (Allah) onlara xitab edib deyəcəkdir: «(Tanrılıq, ibadət və ya itaətdə Mənimlə şərik olduqlarını) güman etdiyiniz o şəriklər (bütlər, ulduzlar, cinlər və başqaları) haradadırlar?!»
    75. (O gün) hər bir ümmətdən bir şahid (məsum şəxs, ya ədalətli bir alim, yaxud saleh bir adil) çıxararıq, beləliklə (şahidin hüzurunda o ümmətə) deyərik: «(Dininiz barədə) dəlil – sübutunuzu gətirin!» Onlar (elmül-yəqin və eynül-yəqinlə) biləcəklər ki, (bütün səmavi kitablardakı xəbərlərdə, hökmlərdə, şəriətlərdə, vədlərdə) Haqq Allaha məxsusdur. İftira (ilə) düzəltdikləri şey onların nəzərindən qeyb olar, yoxa çıxar.
    76. Həqiqətən, Qarun Musanın qövmündən (onun əmisi oğlu) idi. (Fironun vergisini İsrail övladlarından almaq üçün məmur olunmuşdu.) (O) onlara qarşı həddini aşdı və zülm etdi. Ona o qədər xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstəyə ağırlıq edirdi. (Yada sal,) o zamanı ki, qövmü ona dedi: «(Malına qürrələnib) sevinmə. Çünki Allah (malına qürrələnib) sevinənləri sevməz».
    77. «Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz».
    78. (Qarun) dedi: «Həqiqət budur ki, bu mal – dövlət məndə olan elm (Tövrata, kimyagərliyə, ticarətə və əkinçiliyə yaxşı bələd olmaq) sayəsində mənə verilmişdir». Məgər o (Qarun) Allahın ondan öncə (gəlmiş) ondan da qüvvətli, sərvətli və sayca çox olan insan cəmiyyətlərini məhv etdiyini bilmirdimi? Və (əzab nazil olan zaman) əsla günahkarlardan günahları barədə soruşulmayacaq (Allahın əzabı qəfildən nazil olacaqdır).
    79. (Bir gün Qarun) şəxsi zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər: «Kaş Qaruna verilən qazanc bizə də veriləydi! Həqiqətən, o (dünyada) böyük bir qazanc sahibidir».
    80. (İlahi və din) elm(i) verilmiş şəxslər isə, dedilər: «Vay sizin halınıza! İman gətirən və yaxşı iş görən şəxs üçün Allahın mükafatı (Qarunun bütün sərvətindən) yaxşıdır və onu da yalnız səbirlilər əldə edərlər».
    81. Beləliklə onu (Qarunu) və evini yerə batırdıq. Allahın (əzabı) müqabilində ona kömək edə biləcək (dostlarından və nökərlərindən ibarət) bir dəstə də yox idi. Onun özü də özünü müdafiə edə bilmədi.
    82. Dünən (mal-dövlət və məqam baxımından) onun (Qarunun) yerində olmağı arzu edənlər, elə hala düşdülər ki, deyirdilər: «Vay-vay, sən demə Allah öz bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar və azaldarmış! Doğrudan Allah bizə lütf etdi (və bizi Qarunun gününə salmadı), yoxsa bizi də torpağa batırardı. Vay-vay, sən demə kafirlər nicat tapmayacaqlarmış!»
    83. Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur.
    84. Hər kəs (əqidə və əməl mərhələsində) yaxşı əməllə gəlsə, onun üçün (dünyada və axirətdə) ondan daha yaxşısı (mükafat) vardır və hər kəs pis əməllə gəlsə, pis iş görənlər yalnız günahları ölçüsündə cəzalandırılarlar.
    85. (Ya Peyğəmbər!) Şübhəsiz, bu Quranı(n təbliğini) sənə vacib edən (Allah) səni qayıdacağın yerə (yenidən dönmək arzusunda olduğun doğma Məkkə şəhərinə) qaytaracaqdır. De: «Mənim Rəbbim kimin hidayətlə gəldiyini, kimin açıq-aşkar azğınlıqda olduğunu daha yaxşı bilir».
    86. Bu kitabın sənə nazil olacağına ümid etmirdin, lakin (o) sənin Rəbbin tərəfindən olan bir rəhmət sayəsində nazil oldu. Buna görə də əsla kafirlərə arxa olma.
    87. Və məbada (Quran) sənə nazil edildikdən sonra (düşmənlər) səni Allahın ayələrinə (əməl etməkdən və camaata çatdırmaq)dan saxlayalar. (İnsanları) Rəbbinə tərəf dəvət et və əsla müşriklərdən olma!
    88. Və yeganə olan Allahla yanaşı başqa bir tanrı çağırma, Ondan başqa (heç) bir tanrı yoxdur. Yalnız Onun zatından başqa (vücudu mümkün olan) hər şey məhv və puç olmağa məhkumdur. (Çünki O, vücudu vacib olandır, varlıq aləmi üzərində) hakimiyyət (varlıq aləmində olan ən nüfuzlu əmr və bütün ixtilaflarda haqq üzrə hakimlik) Ona məxsusdur. Və (siz) Ona tərəf qaytarılacaqsınız!
    Əl-Ənkəbut ‏ surəsi
    0. Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Muhəmməd-səlləllahu ələyhi və Alihi və səlləmə) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)
    2. Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!
    3. Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar.
    4. Yoxsa (etiqadlarıyla və əməlləriylə) günahlara batanlar (hesab-kitab və cəza məqamında) Bizdən sovuşacaqlarını və Bizi aciz edəcəklərinimi güman etdilər?! Onlar necə də pis mühakimə yürüdürlər?
    5. Hər kəs Allahla görüşəcəyinə (Bərzəx, Qiyamət günü və Cənnətdə Onun hüzuruna daxil olmağa) ümid edirsə, onda (çox çalışsın, çünki) şübhəsiz, Allah (tərəfindən müəyyən olunmuş) müddət (mütləq) gələcəkdir. O, (hər şeyi) eşidən və biləndir.
    6. Və kim (öz nəfsi, yaxud Allah düşməni ilə) cihad etsə, yalnız öz xeyrinə cihad etmişdir, çünki Allah aləmdəkilərin heç birinə möhtac deyil.
    7. İman gətirib yaxşı işlər görənlərin günahlarını mütləq silərik və onların ən gözəl əməllərinə mükafat verərik.
    8. (Biz) insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik və (dedik:) «Əgər (atan, anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa vadar etsələr onlara itaət etmə. Hamınızın dönüşü Mənə tərəfdir (hüzuruma qayıdacaqsınız). (Mən də) sizə etdiklərinizdən xəbər verəcəyəm».
    9. İman gətirib yaxşı işlər görənləri şübhəsiz, salehlər zümrəsinə daxil edəcəyik.
    10. Camaat arasında elələri (də) vardır ki, (dillə) «Allaha iman gətirdik» deyərlər, amma Allah yolunda bir işkəncə görsələr, insanların fitnəsini Allahın əzabı hesab edərlər (və onun qorxusundan zahiri imandan dönərlər). Əgər Rəbbindən bir kömək yetişsə, (zəfər, ya qənimət əldə etsəniz) ciddi surətdə deyərlər: «Biz də sizinləydik». Allah aləmdəkilərin sinələrində olanları daha yaxşı bilən deyilmi?!
    11. Əlbəttə, Allah iman gətirənləri də tanıyacaqdır, münafiqləri də mütləq tanıyacaqdır. (Onların halı barədə Onun əzəli elmi həqiqətə çevriləcəkdir və halları hamıya məlum olacaqdır).
    12. Və (Məkkə müşriklərindən) kafir olanlar iman gətirənlərə dedilər: «Siz bizim yolumuza tabe olun ki, (əgər axirət və cəza olmuş olsa) biz sizin günahlarınızı öz öhdəmizə (boynumuza) götürərik». Və onlar əsla bunların günahlarından heç bir şeyi öz boyunlarına götürəsi deyillər. Onlar, həqiqətən, yalançıdırlar.
    13. Əlbəttə, (onlar Qiyamət günü) həm öz (günahlarının) ağır yüklərini, həm də öz ağır yüklərindən əlavə daha ağır yüklər (azdırdıqları kəslərin yüklərini) daşıyacaqlar. (Eyni zamanda azdırdıqları şəxslərin günahları azaldılmayacaq). Mütləq Qiyamət günü onlar uydurduqları yalanlar (şirk və digər bidətlər) barəsində sorğu-sual olunacaqlar!
    14. Həqiqətən, Biz Nuhu öz qövmünə (Peyğəmbər) göndərdik. Beləliklə onların arasında doqquz yüz əlli il qaldı (amma az bir qism istisna olmaqla ona iman gətirmədilər). Zalım olduqları halda tufan (su) onları yaxaladı.
    15. Beləliklə Biz ona və gəmi əhlinə nicat verdik və onu (o hadisəni, yaxud o gəmini) aləmlər üçün (Öz qüdrət və qəzəbimizə dair) bir nişanə (ibrət) etdik.
    16. Və İbrahimi (göndərdik). O zaman (o), öz qövmünə demişdi: «Allaha ibadət edin və Ondan qorxun, bu sizin üçün daha yaxşıdır, əgər bilsəydiniz!»
    17. «Həqiqətən, siz Allahı qoyub (təsirsiz) bütlərə ibadət edirsiniz və (onlara İlah (məbud), şəfi və müqərrib adları verməklə) yalan uydurursunuz. Şübhəsiz, Allahın yerinə ibadət etdikləriniz sizin üçün heç bir ruzi verməyə qadir deyildirlər. Odur ki, ruzini yalnız Allahdan diləyin və Ona ibadət edin. Ona şükr edin ki, hamınız Ona tərəf (hüzuruna) qaytarılacaqsınız».
    18. «Əgər (məni) təkzib etsəniz (təəccüblü olmaz). Sizdən öncəki ümmətlər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Açıq-aşkar təbliğdən başqa bir şey Peyğəmbərin öhdəsində deyildir (təslim olmağa və əməl etməyə məcbur etmək isə imamın öhdəsindədir. Dünyada və axirətdə mükafat və cəza vermək isə Allahın öhdəsindədir)».
    19. Məgər görmədilər (bilmədilər)mi ki, Allah canlı məxluqları (dünyada) necə vücuda gətirir, sonra isə onları (öldükdən sonra, axirət aləmində) yenidən qaytaracaqdır?! Şübhəsiz bu (iş) Allah üçün asandır.
    20. (Ya Peyğəmbər!) De: «Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir».
    21. İstədiyinə (əzaba layiq bildiyinə) əzab verər və istədiyinə (layiq bildiyinə) rəhm edər. (Siz) Ona tərəf qaytarılacaqsınız.
    22. Siz əsla (Qiyamət günü) nə yerdə və nə də göydə Allahı aciz edəcək və Onun qüdrətindən qaçacaq deyilsiniz və sizin (orada) Allahdan başqa heç bir dost, hami və yardımçınız olmayacaqdır.
    23. Allahın (tovhid və kitab) nişanələrinə və Onunla görüşə kafir olanlar (inanmayanlar) mənim rəhmətimdən ümidlərini üzənlərdir. Onlar üçün şiddətli bir əzab vardır.
    24. Beləliklə, onun (İbrahimin) qövmünün cavabı «Onu öldürün, yaxud da yandırın!» – deməkdən başqa bir şey olmadı. (Və onu oda atdılar). Amma Allah onu oddan xilas etdi, həqiqətən, bunda (bu cür xilas etmədə) iman gətirən bir tayfa üçün (Onun tovhidinə və qüdrətinə dair) nişanələr (ibrətlər) vardır.
    25. Və (İbrahim) dedi: «Həqiqət budur ki, dünya həyatında aranızda dostluğa səbəb olsun deyə siz Allahı yox, bütləri qəbul etdiniz (hər hansı bir məzhəb adamlarının aralarındakı dostluq kimi). Sonra – Qiyamət günü – sizin bəziniz digərinizi inkar edəcək və bəziniz digərinizə lənət oxuyacaqdır. Sizin qalacağınız yer oddur və sizə heç bir kömək edən olmayacaqdır».
    26. Beləliklə (qardaşı oğlu) Lut ona iman gətirdi. Və (İbrahim) dedi: «Həqiqətən, mən (öz qövmümün arasından) Rəbbimə tərəf hicrət edirəm. Odur yenilməz qüdrət və hikmət sahibi».
    27. İshaq və Yəqubu (ömrünün axırlarında) ona bəxş etdik və nübuvvəti və (səmavi) kitabı övladlarına əta etdik. Dünyada onun mükafatını verdik və əlbəttə (o,) axirətdə də salehlərdən olacaqdır.
    28. Və Lutu (göndərdik), o zaman öz qövmünə dedi: «Həqiqətən, siz özünüzdən əvvəl aləmlərdəkilərdən heç birinin etmədiyi olduqca iyrənc bir işi görürsünüz!»
    29. «(Doğrudanmı) siz kişilərlə cinsi əlaqədə olur və yol kəsirsiniz (nəsil artırma yolunu yaxud da şəhərin yolunu oradan keçənlərin üzünə bağlayırsınız) və ümumi məclislərinizdə çirkin işlər görürsünüz?!» Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Əgər düz danışanlardansansa, bizə Allahın əzabını gətir!»
    30. (Lut) dedi: «Ey Rəbbim, bu fitnə-fəsad törədən qövmə qarşı mənə kömək et».
    31. Göndərdiklərimiz (mələklər) İbrahimə müjdəni (övladı olması xəbərini) gətirdikdə, dedilər: «Əlbəttə Biz bu şəhərin (Lut qövmünün məskəninin) əhalisini də həlak edənik, çünki oranın əhalisi zalımdır».
    32. (İbrahim) dedi: «Lut oradadır!» Dedilər: «Biz orada olanları daha yaxşı bilirik, mütləq onu və ailəsini xilas edəcəyik. Yalnız zövcəsindən başqa. O, (əzab içində) qalanlardandır».
    33. Bizim göndərdiklərimiz (elçilərimiz) Lutun yanına gələndə, onlara (qövmünün onların dalınca gələ biləcəklərinə) görə halı pisləşdi və taqəti azaldı. Dedilər: «Qorxma və qəmgin olma, Biz sənin və ailənin xilaskarıyıq. Yalnız zövcəndən savayı. O (əzab içində) qalanlardandır».
    34. «Biz etdikləri pozğunluğa görə bu şəhərin əhalisinə göydən bir əzab endirəcəyik».
    35. Həqiqətən, Biz düşünən bir tayfa üçün o şəhərdən aydın bir nişanə (yağmış daşlar, qurumuş bulaqlar və sahibsiz torpaqlar) qoyduq.
    36. Mədyən (əhlin)ə onların (qəbilə) qardaşları Şüeybi (göndərdik). O, dedi: «Ey mənim qövmüm! Allaha ibadət edin və axirət gününə ümidiniz (və imanınız) olsun və yer üzündə fəsad törədici hərəkət etməyin».
    37. (Mədyənlilər) onu təkzib etdilər, bu zaman şiddətli bir zəlzələ onları yaxaladı. Öz evlərində üzləri üstə yerə düşdülər və həlak oldular.
    38. Ad və Səmud qövmünü də (məhv etdik) və onların (viran olmuş) məskənlərindən (pis aqibətləri) sizə bəlli oldu. Şeytan onların (çirkin) əməllərini nəzərlərində zinətləndirdi, beləliklə də onları (Allahın) yol(un)dan saxladı. Halbuki bundan öncə (tovhid və din barədə) bəsirət əhli idilər.
    39. Və Qarunu, Fironu və Hamanı da (məhv etdik). Şübhəsiz, Musa (tovhid və şəriətlər barədə) Bizim aydın dəlillərimizi onlara gətirmişdi, onlar isə yer üzündə təkəbbür və tüğyan etdilər. Amma əsla Bizim iradəmizdən önə keçən deyildilər (Bizim əzabımızdan qaça bilməzlər).
    40. Beləliklə (Biz) onların hər birini öz günahının cəzası ilə (bərk) yaxaladıq. Onlardan elələri var idi ki, başına daş yağdırdıq (Lut qövmü kimi), yaxud qum yağışı ilə (qarışıq) bir külək göndərdik (Ad qövmü kimi). Onlardan (Şüeyb və Səmud qövmü kimi) elə tayfa da var idi ki, onları (göydən gələn öldürücü) bağırtı bürüdü. Onlardan bəzisini yerə batırdıq (Qarun kimi). Bəzisini (suda) qərq etdik. (Nuhun qövmü və Fironun adamları kimi). Allah onlara əsla zülm etmirdi. Lakin onlar (özləri) özlərinə zülm edirdilər.
    41. Allahdan başqa (və Onun müqabilində) özlərinə hami və yardımçı qəbul edən kəslər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından) özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər.
    42. Şübhəsiz, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini hər nə olursa-olsun (həqiqətini) bilir (ki, Allahın müqabilində təsirsiz və cansızlardan başqa bir şey deyillər). O, yenilməz qüdrət və hikmət sahibidir.
    43. Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır).
    44. Allah göyləri və yeri haqq olaraq (uca, üstün və əqli bir məqsəd naminə) yaratdı; şübhəsiz, bunda (yaradılışda) möminlər üçün (Onun tovhidinə, cəlalına və camalına dair) bir nişanə vardır.
    45. Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir.
    46. Və kitab əhli ilə (yəhudilər və xristianların) zülm edənləri (təkəbbürlü olanlar, inadkarlar və haqqı qəbul etməyənlər) istisna olmaqla, yalnız ən gözəl bir tərzdə (təhqirsiz, hədəsiz, kobud davranmadan) mücadilə və mübahisə edin. Deyin: «Biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz Ona təslim olanlarıq».
    47. (Keçmiş peyğəmbərlərə necə kitab nazil etmişdiksə) bu kitabı da sənə belə nazil etdik. Beləliklə kitab verdiyimiz kəslər (öz kitablarına diqqət yetirmək və etiqad bəsləməklə) bu kitaba iman gətirirlər. Bunlardan (müşriklərdən də) bəzisi iman gətirir. Bizim ayələrimizi (inadkar) kafirlərdən başqa (heç kəs) inkar etmir.
    48. Sən bu Qurandan öncə heç bir yazı və kitab oxumurdun. Və öz əlinlə heç bir yazı yazmırdın. Əgər belə olmasaydı, onda batilə uyanlar (sənin peyğəmbərliyinə) şəkk edərdilər.
    49. Xeyr, bu Quran (İlahi) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi zalımlardan başqa (heç kəs) inkar etmir.
    50. (Kafirlər) dedilər: «Bəs nə üçün ona (Salehin dişi dəvəsi, Musanın əsası və İsanın maidəsi kimi möcüzəli) nişanələr (möcüzələr) nazil olmur?» De: «O ayələr yalnız Allahın ixtiyarındadır və mən isə yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm».
    51. Məgər daim oxunmaqda olan bu kitabı sənə nazil etməyimiz (sənə möcüzə nazil olması məsələsində) onlara kifayət etmədimi,? (Və onlar Quranın müxtəlif yöndən möcüzələrini görürlər?) Həqiqətən, bu kitabda iman gətirən tayfa üçün rəhmət və öyüd – nəsihət vardır!
    52. De: «Allahın mənimlə sizin aranızda şahid olması kifayət edər; O, göylərdə və yerdə olanı bilir. O kəslər ki, batilə (Allahdan başqa ibadət olunan hər bir şeyə) iman gətirib Allaha küfr etmişlər, onlar ziyankarlardır».
    53. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər (Allahın Lövhi – Məhfuzda onlar üçün yazmış olduğu) müəyyən bir müddət olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Əlbəttə, onların əzabları qəfildən – onlar qafil olduqları halda yetişəcəkdir.
    54. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Halbuki, Cəhənnəm kafirləri əhatə edir, yaxud əhatə edəcəkdir.
    55. O gün ki, əzab onları başları üstündən və ayaqları altından bürüyəcəkdir, deyəcəkdir: «Etdiklərinizin cəzasını (yaxud o əqidə və əməlin eynilə təcəssümünü) dadın».
    56. Ey mənim iman gətirən bəndələrim, şübhəsiz, Mənim yerim genişdir. Odur ki, (əgər hər hansı bir mühitdə dini əqidənizi qorumağa, yaxud onun əməllərini, hökmlərini həyata keçirməyə qadir deyilsinizsə, başqa bir yerə gedin və) yalnız Mənə ibadət edin.
    57. Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim Cənnətimizə və Cəhənnəmimizə) qaytarılacaqsınız!
    58. İman gətirən və saleh işlər görən kəsləri, şübhəsiz altından çaylar axan Cənnət otaqlarında əbədi olaraq yerləşdirəcəyik. (Yaxşı) mükafat necə də gözəldir!
    59. O kəsləri ki, (həm camaat qarşısında vəzifələrini, həm də öz ilahi vəzifələrini yerinə yetirməkdə) səbr etdilər və daim öz Rəbbinə təvəkkül etdilər.
    60. Bir çox canlılar var ki, öz ruzilərini əldə edə bilmirlər (quruda və suda yaşayan heyvanların bir çoxu kimi). Onlara da, sizə də ruzini Allah verir. O, eşidən və biləndir.
    61. (Ya Peyğəmbər!) əgər onlardan (Məkkə müşriklərindən) soruşsan ki; «Göyləri və yeri kim yaratmış və günəşi, ayı kim ram etmişdir?» Mütləq deyəcəklər: «Allah» (Çünki, onlar bütləri xaliq və aləmlərin idarə edəni deyil, yalnız Rəbbin dərgahında, onun nəzəri altında olan şəfaət edən, dərgaha yaxın olan tanrılar bilirdilər). Bəs belə isə (Haqdan) necə və haraya döndərilirlər?
    62. Allah bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar da, azaldar da. Həqiqətən, Allah hər şeyi biləndir.
    63. Və əgər onlardan: «Göydən (yağış, qar və dolu şəklində) su nazil edib, bunun vasitəsilə yeri ölümündən sonra (bitkilər, ağaclar bitirməklə) dirildən kimdir?» – deyə soruşsan, mütləq deyəcəklər: «Allah». De: «Həmd yalnız Ona məxsusdur. Lakin onların çoxu (dərindən) düşünmür».
    64. Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!
    65. Gəmiyə minən (və qərq olmaq təhlükəsi ilə üzləşən) zaman dini yalnız Allaha məxsus edib Ona dua edərlər. (İbadət etdikləri bütləri unudarlar. Allah) onları quruya çıxarıb, xilas edən kimi dərhal ona şərik qoşarlar.
    66. Qoy onlar verdiklərimizə (nicat nemətinə) nankorluq etsinlər və (dünya ləzzətlərindən) bəhrələnsinlər, (əməllərinin nəticələrini) tezliklə biləcəklər.
    67. Məgər görmədilərmi ki, Biz (dünya əhalisinə) əmin-amanlıq olan bir hərəm (yer) etdik, halbuki (əmin-amanlığın olmaması üzündən) onların ətrafında insanlar oğurlanırdı? Belə isə, (indi) məgər batiləmi iman gətirirlər, Allahın nemətinimi (din və kitabı) inkar edirlər?!
    68. Allaha qarşı yalan uydurandan (Allah bütləri özünə şərik, şəfaət edən qərar vermişdir deyən kəsdən), yaxud haqq (Peyğəmbərin nübuvvəti və kitabı) ona yetişdikdə təkzib edəndən də daha zalım kimdir?! Məgər Cəhənnəmdə kafirlər üçün qalacaq yer yoxdur?
    69. Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir.
    Category: Qurani-Kərimin tərcüməsi | Added by: Islam_Kitabxanasi (2012-06-05)
    Views: 671 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024