İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Qurani-Kərimin tərcüməsi

    Qurani-Kərimin tərcüməsi

    Fussilət ‏ surəsi
    0. Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
    2. (Bu surə və bu kitab boynunda şəri vəzifə olan bütün bəndələrə) ümumi rəhmət və (bütün iman gətirənlərə) xüsusi mərhəmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.
    3. (Bu,) elm əhli olan bir dəstə üçün ərəbcə bir Quran halında ayələri ayrılaraq müfəssəl açıqlanmış (kəlmələri surə və ayələrə bölünmüş və məzmunu dinin hökmləri, axirət təlimləri və dünyəvi elmləri əhatə edən) bir kitabdır.
    4. (İman gətirmiş hər bir şəxsə) müjdə verən və (hər bir itaətsizi) qorxudan (bir Qurandır). Lakin onların çoxu üz döndərdilər. Bu səbəbdən (qəlb qulağı ilə) eşitmirlər.
    5. Və dedilər: «Qəlblərimiz sənin bizi çağırdığın şey üçün örtülüdür, qulaqlarımızda ağırlıq var və bizimlə sizin aranızda (ədavət, inad, həmçinin əqidə və üslüb fərqi) pərdə(si) mövcuddur. Buna görə də sən öz işini gör, biz də mütləq (sənə qarşı) fəaliyyətdəyik.»
    6. De: «Mən (də) sizin kimi yalnız bir bəşərəm (nə mələyəm, nə cin, lakin) mənə vəhy olunur ki, sizin yeganə məbudunuz bir olan məbuddur. Buna görə də (əqidə və əməllərinizdə) Ona tərəf üz tutun və Ondan bağışlanma diləyin. Vay olsun müşriklərə!»
    7. O kəslərə ki, zəkat vermirlər (yoxsullara maddi yardım etmirlər) və axirət gününə inanmırlar.
    8. Əlbəttə, iman gətirib yaxşı işlər görmüş kəslər üçün minnətsiz və tükənməz bir mükafat vardır.
    9. De: «Siz doğrudan yer (kürəsin)i iki gündə (iki gündüzə və ya iki gecə-gündüzə bərabər zamanda, yaxud iki mərhələdə, məsələn maye və donmuş mərhələlərində) yaradana kafir olur və Ona şərik qoşursunuz? (Halbuki) aləmdəkilərin Rəbbi Odur!»
    10. O, yer üzərində sabit və möhkəm dağlar qoydu və ona xeyir-bərəkət verdi və onun (insan, heyvan, bitki və sairədən ibarət varlıqlarının) azuqələrini (yaradılış təbiətləri ilə) istəyənlər üçün (azuqənin verilməsi baxımından) bərabər olan dörd gündə (dörd fəsildə) təyin etdi.
    11. (Yerin yaradılışından) sonra (Allahın qəti iradəsi, əsas maddəsi) tüstü olan göyə yönəldi. Beləliklə ona və yerə buyurdu: «İstər-istəməz (vücuda) gəlin!» (Allah qəti iradə ilə həmin tüstünün göylər olmasını, yerin isə bərəkətli olmasını və həmin qidaları hazırlamasını istədi.) O ikisi (özlərinin halları və zatı məğlubiyyətlə) dedilər: «İstəyərək gəldik.»
    12. Beləliklə onları iki gündə (yaxud iki mərhələdə) yeddi göy etdi və hər bir göydə onun işlərini (oranın mələklərinə) vəhy etdi. Və sizə yaxın olan (birinci) göyü (ulduzlardan ibarət) çıraqlarla bəzədik və onu (cin və şeytanlardan) qoruduq. Bunlar qüdrətli (və hər şeyi) bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir.
    13. Beləliklə əgər üz döndərsələr, de: «Sizi Ad və Səmudun (bu qövmlərin) ildırımı kimi bir ildırımla (göydən gələn qorxunc nərə, od və külək kimi ölümə səbəb olan bəla ilə) qorxutdum.»
    14. Özlərindən qabaqkı və sonrakı peyğəmbərlər onların yanına gələndə «Allahdan başqasına ibadət etməyin!» (dedilər). (Ayədən belə məlum olur ki, bütün peyğəmbərlər hamının peyğəmbərləridir və sanki onlara bu sözü peyğəmbərlərin hamısı deyiblər.) Onlar dedilər: «Əgər bizim Rəbbimiz (bizim iman gətirməyimizi) istəsəydi, mütləq, mələklər göndərərdi. Buna görə də biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik.»
    15. (Hud peyğəmbərin qövmü) Ada gəldikdə isə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərdilər və dedilər: «Kim bizdən daha güclüdür?» Məgər onlar (qəlb gözü ilə) özlərini yaradan Allahın onlardan güclü olmasını görmədilər? (Əslində) onlar (batini yəqinlikləri ola-ola) Bizim nişanələrimizi inkar edirdilər.
    16. Beləliklə onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün nəhs günlərdə çox soyuq və uğultulu bir külək göndərdik. Əlbəttə, axirət əzabı daha alçaldıcıdır və (həmin gün) onlara əsla kömək edilməyəcəkdir.
    17. (Saleh peyğəmbərin qövmü) Səmuda yolu göstərdik. Lakin onlar qəlbikorluğu doğru yoldan üstün tutdular. Beləliklə qazandıqları günahların cəzası olaraq onları alçaldıcı əzab ildırımı vurdu.
    18. İman gətirib həmişə pərhizkarlıqla (Allahın əmrlərinə tabe olub qadağalarından çəkinməklə) məşğul olanlara nicat verdik.
    19. Və (yada sal) o gün(ü) ki, Allahın düşmənlərini (qəbirlərdən və müxtəlif yerlərdən) oda tərəf toplayacaqlar. Beləliklə onların birincisindən sonuncusunadək (hamısı bir yerə) toplanılacaqlar.
    20. Nəhayət onların hamısı oda çatanda ətləri, gözləri və bədənlərinin dəriləri onlara qarşı, (dünyada) etdiklərinə (dünyada görüb şahid olduqlarına) şəhadət verərlər.
    21. Onlar öz (bədənlərinin günahda birbaşa iştirak etmiş) dərilərinə deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?» (Dəriləri) deyərlər: «Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı. Sizin hamınızı ilk dəfə O yaradıb və indi (də) Ona tərəf qaytarılırsınız.»
    22. Siz (dünyada günah edən zaman) qulaq, göz və dərilərinizin sizə qarşı şəhadət vermələrindən (qorxub) gizlənmir, (yalnız insanlardan gizlənirdiniz və) Allahın sizin (camaatdan gizlin) etdiklərinizin çoxunu bilməməsini güman edirdiniz.
    23. Rəbbiniz barəsində olan bu gümanınız (küfr və itaətsizliyin davam etdirilməsi ilə) sizi həlak etdi və beləliklə, ziyana uğrayanlardan oldunuz.
    24. Əgər səbr etsələr, onların yeri oddur və əgər (Bizim) razılıq(ımızı) istəsələr, onlar (zatları küfr və itaətsizlik çirkinliyinə qarışdığı üçün) əsla razılığa layiq deyildirlər (Allahın o dünyada onlardan razı qalması mümkün deyil).
    25. Biz (küfr və inadkarlıqlarına görə dünyada) onlar üçün (şeytan və cinlərdən) dost və yoldaşlar təyin etdik. Onlar (həmin şeytan və cinlər) bunlara indiki və gələcək nəfsi istəklərini və keflərini gözəl göstərdilər və onlardan qabaq keçmiş cin və insan tayfalarının zümrəsində (Allahın əzəli) söz(ü və kafirlərə verdiyi Cəhənnəm vədi) onlar barəsində gerçəkləşdi. Onlar doğrudan da ziyana uğradılar.
    26. Küfr edənlər dedilər: «Bu Qurana qulaq asmayın və (oxunan zaman) ona bihudə və puç sözlər atın ki, bəlkə qalib gəldiniz.»
    27. Buna görə Biz də küfr etmiş kəslərə şiddətli əzab daddıracaq və mütləq onları etdikləri çox pis işlərə görə cəzalandıracağıq (və ya onların pis işlərinin həqiqi təzahürünü onların axirət cəzaları edəcəyik).
    28. Allahın düşmənlərinin cəzası həmin o oddur. Onda (onun içində) onlar üçün Bizim nişanələrimizi inkar etmələrinin cəzası olaraq əbədi ev vardır.
    29. Kafirlər (həmin gün) deyərlər: «Ey Rəbbimiz! Cin və insanlardan bizi azdırmış o iki dəstəni bizə göstər, xar olub alçalmaları üçün onları ayaqlarımızın altına sal(ıb tapday)aq.»
    30. Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!»
    31. Biz dünya və axirətdə sizin başçı, dost və yoldaşlarınızıq. Orada nəfsiniz (maddi nemətlərdən) nə çəksə və (mənəvi ləzzətlərdən qəlb və dil ilə) hər nə istəsəniz hazırdır.
    32. Bağışlayan və mehriban (Allah) tərəfindən ilk ruzi (ziyafət)dir.
    33. Kim Allaha tərəf dəvət edən, yaxşı işlər görən və (səmimi qəlbdən) «mən təslim olanlardanam» deyən kəsdən gözəl danışandır?!
    34. Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur.
    35. Bu (pisliyə yaxşılıqla cavab vermək xisləti), yalnız səbr edənlərə təlqin və əta edilər və ancaq (insanlıq kamalında) böyük payı olana verilər.
    36. Əgər şeytan tərəfindən bir vəsvəsə səni (vəzifənə əməl etməməyə) təhrik etsə, onda Allaha pənah apar. Çünki (hər şeyi) eşidən və bilən Odur.
    37. Gecə, gündüz, günəş və ay Onun (tovhid, qüdrət və rübubiyyət) nişanələrindəndir. Əgər siz (yalnız) Ona ibadət edirsinizsə günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.
    38. Buna görə də əgər təkəbbür göstərsələr, (bilsinlər ki,) sənin Rəbbinin hüzurunda olan (mələklər və yaxın)lar gecə-gündüz Onu pak sifətlərlə mədh edir və əsla yorulmurlar.
    39. Onun (tovhid və qüdrət) nişanələrindən(biri də) budur ki: Sən yeri quru və ölmüş görürsən. Onun üzərinə (yağış, qar və dolu şəklində) su endirdiyimiz zaman o, canlanar və (həm özü, həm də yetirdiyi bitkilər) qalxar. Həqiqətən onu (yeri və qurumuş bitkiləri) dirildən şübhəsiz, (Qiyamətdə) ölüləri (də) dirildəcəkdir. Çünki O hər şeyə qadirdir.
    40. Həqiqətən Bizim ayə və nişanələrimiz barəsində yolunu azanlar (Bizim günəş və ay kimi yaradılış nişanələrimizə ibadət edənlər və şəriət ayələrini rədd edən və səhv yozanlar) Bizə gizlin deyildirlər. Belə isə oda atılan şəxs yaxşıdır, yoxsa Qiyamət günü (Allahın hüzüruna) xatircəm gələn kəs?! İstədiynizi edin. Şübhəsiz, O etdiklərinizi görür.
    41. Həqiqətən öyüd verən bu Quran onlara gələn zaman onu inkar edənlər (odda olacaqlar). Doğrudan da bu (Quran) möhkəm, qalib və məğlubedilməz bir kitabdır.
    42. Ona nə qarşısından, nə də arxasından batil yol tapa bilməz (onun hökm və təlimlərində, həmçinin keçmiş və gələcək barəsindəki xəbərlərində heç bir yanlışlıq ola bilməz). O, yaradılış və şəriəti möhkəm, Özü isə bütün cəhətlərdən təriflənmiş (Allah) tərəfindən nazil edilmişdir.
    43. Sənə səndən əvvəlki peyğəmbərlərə deyilənlərdən (sehrbaz, dəli, məqampərəst və bu kimi iftiralardan) başqa bir şey deyilmir. Şübhəsiz sənin Rəbbin (iman gətirənlər üçün) bağışlanma və (itaətsizlər üçün) ağrılı əzab sahibidir.
    44. Əgər bunu (bu kitabı) ərəbcədən qeyri bir (dildə) Quran etsəydik mütləq deyərdilər: «Onun ayələri nə üçün aydın və aşkar bəyan olunmayıb?! Ərəb milləti və (onunla heç uyğunluğu olmayan) əcəm sözü?!». De: «(Bu kitabın nazil olmasında hədəf dil deyil.) Bu kitab iman gətirmiş kəslər üçün başdan-ayağa hidayət və (fərdi və ictimai xəstəliklər üçün) şəfadır. İman gətirməyənlərin qulaqlarında bir növ ağırlıq var (ki, onu eşitmirlər). Bu kitab onlara qaranlıq və anlaşılmazdır, (sanki) onlar uzaq bir yerdən çağırılırlar.»
    45. Həqiqətən Biz Musaya (səma) kitab(ı) verdik. Beləliklə onun (qövmünün arasında kitabın qəbul edilməsi) barəsində ixtilaf düşdü. Əgər Rəbbin (tərəfin)dən keçmiş (hər bir ümmət üçün bir möhlətin olması barəsində əzəli elmdən keçərək Lövhi-Məhfuzda yazılmış) o söz olmasaydı, onların arasında (inkar edən kimi) mütləq (kütləvi əzab) hökm(ü) çıxarılardı. Doğrudan da onlar (həmin gün) Tövrat barəsində şübhə və tərəddüd doğuran şəkk içərisində idilər. Bunlar da (bu gün) Quran barəsində şübhə və tərəddüd doğuran şəkk içərisindədirlər.
    46. Kim yaxşı iş görsə öz xeyrinədir və kim pis iş görsə öz ziyanınadır. Sənin Rəbbin bəndələrinə əsla zülm edən deyildir.
    47. Qiyamətin (baş verəcəyi zamanın) elmi yalnız Ona qayıdır. O bilmədən meyvələr qabıqlarından çıxmır, heç bir dişi hamilə qalmır və (hamiləlik) yükünü yerə qoymur. (Allah) müşrikləri «haradadır Mənim şəriklərim?» deyə çağıracağı gün onlar deyəcəklər: «Biz (ölüm və Bərzəx aləmini görməklə və həqiqətlərin aydın olması ilə) Sənə elan etdik ki, bizdən (Sənin şərikinin olmasına) əsla bir şahid yoxdur.
    48. Onların ondan öncə çağırdıqları (dünyada tanrı, Allah dərgahına yaxın və şəfaətçi kimi qəbul etdikləri) nəzərlərindən itəcək və onlar özləri üçün heç bir qaçış yolunun olmadığına yəqin edəcəklər.
    49. İnsan heç vaxt xeyir (mal və dünya rifahı) tələb etməkdən yorulmaz və doymaz. Ona şər və zərər yetişdikdə isə məyus olar.
    50. Əgər düçar olduğu zərər-ziyandan sonra ona Öz tərəfimizdən bir rəhmət dadızdırsaq, mütləq deyəcək: «Bu mənə məxsusdur (mənim öz ləyaqətimə görədir və onun hasil olmasında və istifadəsində heç kəsin əli yoxdur) və güman etmirəm Qiyamət də qopa. Əgər (birdən) Rəbbimə tərəf qaytarılsam, Onun yanında mənim üçün mütləq gözəl bir həyat olacaqdır.» Buna görə də Biz şübhəsiz, küfr etmiş kəsləri əməllərindən xəbərdar edəcək və onlara mütləq ağır və ağrılı bir əzab daddıracağıq.
    51. İnsana bir nemət əta etdiyimiz zaman (Bizdən) üz döndərir və özünü kənara çəkir. Ona bir şər və zərər yetişəndə isə israrlı və geniş dua etməklə məşğul olur.
    52. De: «Mənə xəbər verin (görüm), əgər (bu Quran) Allah tərəfindən olsa, sonra siz ona küfr etsəniz kim onunla bərk müxalif olandan daha azğındır?!»
    53. Tezliklə varlıq aləmində (Məkkənin və yer üzünün digər üfüqlərində) və onların öz vücudlarında Özümüzün (tovhid və qüdrət) nişanələrimizi (müsəlmanların həmin əsrdəki zəfərlərini, İslamın gələcəkdə dünyada yayılmasını və insanların Allahın onların vücudlarında olan hikmətlərini başa düşmələrini) onlara (Məkkə müşriklərinə və tarix boyu olacaq bütün insanlara) göstərəcəyik ki, Onun (Allahın və Quranın) haqq olması onlara aydın olsun. Məgər Rəbbinin hər şeyə şahid olması (və Onun bütün varlıqlara məlum və aşkar olması) kifayət deyil?!
    54. Bil ki, onlar Rəbbləri ilə görüşəcəkləri barəsində şübhə və tərəddüd içərisindədirlər (ölümdən sonrakı həyata inanmırlar). Bil ki, Allah (elm, qüdrət və rəhmət baxımından) hər şeyi əhatə etmişdir.
    Əş-Şura surəsi ‏
    0. Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Ha, Mim, Eyn, Sin, Qaf. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.).
    2.
    3. Qüdrətli, hikmət sahibi olan Allah sənə və səndən öncə olmuşlara (peyğəmbərlərə) bu cür (bu kəlmələr və bu surə kimi) vəhy edir.
    4. (Göylərlə yerin özlərindən əlavə) göylərdə və yerdə nə varsa Allahın həqiqi mülküdür. (Çünki onların yaradılışları, qorunmaları, idarə edilmələri və yox edilmələri Onun qüdrətli əlindədir.) (Zatı, sifətlərinin kamilliyi və işləri baxımından) uca və böyük Odur.
    5. (Mümkün varlıqların fövqündə duran vacib varlıq tərəfindən vəhy nazil olan zaman) göylər az qalır yuxarılarından (vəhy nazil olan tərəfdən) yarılsın. Və mələklər Rəbblərinə şükr etməklə birlikdə həmişə Onu (hər bir nöqsan və eybdən) pak və müqəddəs bilir və yer üzündə olan kəslər üçün bağışlanma diləyirlər. Bil ki, həqiqətən bağışlayan və mehriban məhz Allahdır.
    6. Allah (uluhiyyət və rübubiyyətdəki şərikləri adı ilə başqalarını) Onun yerinə başçı və dost götürənlərin üzərində nəzarətçidir (onların əməllərini qeyd edir və cəzalarını verəcəkdir). Sən əsla onların işlərinə vəkil deyilsən.
    7. Və beləcə biz sənə ərəbcə bir Quran vəhy etdik ki, Ummul-qura (Məkkə) və onun ətrafındakılara (həm vəhyin mərkəzinin, həm də dünyanın digər cəmiyyətlərin insanlarına) xəbərdarlıq edəsən və barəsində şübhə olmayan toplantı günündən (Bərzəx ruhlarının bədənlərlə, ilk insanların son insanlarla, insanların cin və şeytanlarla, boynunda vəzifə olanların öz əməlləri ilə, əməl sahiblərinin əməllərinin cəzası ilə bir yerə toplanacağı gün ilə) qorxudasan. Bir dəstə Cənnətdədir, bir dəstə alovlu odda.
    8. Əgər Allah (qəti iradə ilə) istəsəydi onların hamısını (məcburi şəkildə əqidə və əməl baxımından) tək bir ümmət edərdi. Lakin (Allahın ənənəvi qanunları dinin təbii ki, təfriqə doğuran ixtiyari şəkildə təqdim edilməsi üzərində qurulub və O,) istədiyi (və hidayətin kökünü qəbul etmiş) kəsləri Öz rəhmətinə daxil edir. Zalımların nə başçı və yoldaşları var, nə də yardımçıları.
    9. Yoxsa Allahın yerinə özlərinə başçı və yardımçılar götürüblər? Halbuki yeganə başçı və yardımçı Allahdır və ölüləri dirildən və hər şeyə qadir olan Odur.
    10. Barəsində ixtilafda olduğunuz (dini və dünyəvi) mövzuların hökmü Allaha qayıdır. Mənim Rəbbim belə Allahdır. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam.
    11. (O,) göyləri və yeri (ilk olaraq və misli görünməmiş şəkildə) yaradandır. Sizin üçün (mələk və cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı və (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır və yayır. Heç nə Onun kimi deyil və eşidən və görən Odur!
    12. Göylərin və yerin xəzinələri (ruzinin xammal və mənbələri və onların Allahın istəyindən ibarət açarları) Ona məxsusdur. Ruzini istədiyi kəs üçün genişləndirir (artırır) və ya daraldır (azaldır). Çünki O, hər şeyi biləndir.
    13. (Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb və dinin bir olması) onlara çətin və ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə (və bu dinə) tərəf cəlb edir və (tovhid dinini qəbul etməklə) Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir.
    14. (Bütün şəriət sahibləri müxtəlif əqidə və yollara) yalnız onlara kamil elm gəldikdən sonra aralarındakı zülm, həsəd və məğrurluq üzündən parçalandılar. Əgər Rəbbindən (Onun əzəli elmindən Lövhi-Məhfuzda) keçmiş (və orada qeyd edilmiş: «hər bir şəxs və qövm üçün) müəyyən müddətədək (möhlət vardır») sözü olmasaydı, onların arasında (batil əhlinin məhvi barəsində) mütləq qəti hökm olunardı. Əlbəttə, onlardan sonra kitabın varisi olan kəslər(in də çoxu) tərəddüd doğuran şübhə içərisindədirlər.
    15. Buna görə də (insanları) ona (həmin şəriətə) tərəf dəvət et, sənə əmr olunduğu kimi səbatlı ol, onların (kafir və müşriklərin) nəfsi istəklərinə tabe olma və de: «Allahın nazil etdiyi bütün kitablara iman gətirdim və mənə sizin aranızda ədalətli davranmaq əmr olunmuşdur. Allah bizim və sizin Rəbbinizdir. Bizim əməllərimiz(in nəticəsi) bizə, sizin əməlləriniz özünüzə məxsusdur. Artıq (həqiqətlər aydınlaşdıqdan və sizin inadkarlığınız aşkar olduqdan sonra) bizimlə sizin aranızda mübahisə (etməyə) və dəlil (gətirməy)ə (ehtiyac) yoxdur. Allah (Qiyamət günü) bizim hamımızı bir yerə toplayacaqdır və hamının qayıdışı Ona tərəfdir.»
    16. Allahın dəvəti (fitrət, sağlam ağıl və kitab əhlinin insaflı alimləri tərəfindən) qəbul olunduqdan sonra Onun (tovhid və rübubiyyəti) barəsində höcətləşərək mübahisə edənlərin dəlilləri Rəbblərinin yanında puç və batildir. Onlar üçün (Allahdan) bir qəzəb və şiddətli bir əzab olacaqdır.
    17. Allah haqq olaraq (və yüksək və ağılın qəbul etdiyi bir hədəf üçün) kitabı (bütün əsrlərin səma kitablarını) və ölçünü (maddi və mənəviliyindən asılı olmayaraq həm ölçülən şeyləri, həm də onların ölçü meyarlarını) nazil edəndir. Sən nə bilirsən, bəlkə (sorğu-sual edilmək və əməllərin ölçülməsi üçün) Qiyamət yaxındır?
    18. Ona imanı olmayanlar onun gəlməsinə tələsir, ona imanı olanlar isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Bil! Qiyamət barəsində şübhə edənlər şübhəsiz, uzun-uzadı azğınlıq içərisindədirlər.
    19. Allah (Öz) bəndələrinə qarşı mülayim rəftarlı, onları çətinliyə salmayan və diqqətlidir. İstədiyinə (mənəvi və maddi) ruzi verir və O, qüvvətli və yenilməz qüdrət sahibidir.
    20. Kim axirət əkini istəsə (axirət məhsulu üçün əməl toxumu əksə) onun əkinini artırarıq (lütfkarlıqla ona ədalətli dəyərin ən azı on bərabərini verərik) və kim dünya əkini istəsə (əməli dünya məqsədi ilə etsə, Biz Öz yazımıza əsasən) ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır.
    21. Yoxsa (Allahdan qeyrisinin şəriət hökmü çıxarmaq haqqı olmadığı halda) onların dinin hökmlərindən Allahın icazə vermədiyi şeyi onlar üçün qanun etmiş şərikləri var? Əgər o qəti söz (hər bir şəxs və qövmə möhlət vermək barəsində Allahın Lövhi-Məhfuzda yazılmış əzəli hökmü) olmasaydı onların arasında mütləq (məhv edilmələri haqqında) qəti hökm çıxarılardı. Həqiqətən zalımlar üçün ağrılı bir əzab vardır.
    22. (Cəza günü) zalımları kəsb etdiklərindən qorxan görəcəksən, halbuki özlərinin qazandıqlarının təzahürü eyni ilə onların başlarına gələcəkdir (və ondan qaça bilməyəcəklər). İman gətirərək yaxşı işlər görmüş kəslər isə Cənnətin təravətli bağlarında olacaqlar. Rəbblərinin dərgahında onlar üçün istədikləri şey hazırdır. Bu, həmin böyük lütfdür.
    23. Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm.» Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq(onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir.
    24. Yoxsa onlar «(Muhəmməd peyğəmbərlik və Quranın Allah tərəfindən olması barəsində) Allaha iftira yaxmışdır» deyirlər? (Belə deyil! Çünki iş Allahın əlindədir.) Buna görə də əgər istəsəydi sənin qəlbini möhürləyərdi (və səndən ayələri bəyan etmək qüdrətini alardı). Allah (həmişə Öz ənənəvi qanunlarına əsasən) özünün (peyğəmbərlərə vəhy etdiyi) kəlmələri vasitəsi ilə batili məhv edir və haqqı gerçəkləşdirir. Həqiqətən O, ürəklərdə olanları bilir.
    25. Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur.
    26. İman gətirib yaxşı işlər görmüş kəsləri(n istəklərini) qəbul edir və Öz lütfündən onları (onların mükafatını) artırır. (Qiyamət günü) kafirlər üçün şiddətli bir əzab vardır.
    27. Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir.
    28. (İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!
    29. Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət və hikmət) nişanələrindəndir. O, istəyəndə (Qiyamətdə) onları bir yerə toplamağa qadirdir.
    30. Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir.
    31. Siz yer üzündə (Allahı) aciz qoya (bilə)n deyilsiniz (ki, müsibətdən qaçasınız və ya onu dəf edəsiniz). Sizin Allahdan başqa əsla başçı və yardımçınız yoxdur.
    32. Dənizdə üzən dağ gövdəli gəmilər (də) Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir.
    33. Əgər istəsə (onların hərəkət etmələri üçün vasitə olan) küləyi saxlayar, beləliklə gəmilər suyun üzündə hərəkətsiz qalarlar. Həqiqətən bunda (dənizin dərin suyunda, gəmi ləvazımatının yaradılması və insanın onu düzəltməyə istiqamətləndirilməsində) çox səbr və şükr edən (yaradılışın sirlərini tapmaq yolunda səbirli olan və nemətlərin müqabilində şükr edən) hər bir kəs üçün nişanələr vardır.
    34. Yaxud onları (gəmidəkiləri) qazandıqlarının (günahlarının) müqabilində məhv edər. O, (günahların) çoxundan da keçir.
    35. (Belə edirik ki, qorxsunlar) və Bizim ayə və nişanələrimiz barəsində höcətləşərək mübahisə edənlər bilsinlər ki, onların (Bizim qüdrətimizdən) qaçmaq yerləri yoxdur.
    36. Buna görə də (müvəqqəti həyatın müxtəlif vasitələrindən) sizə verilənlər dünya həyatının pay və malıdır. Allahın yanında olanlar (axirət mükafatları) iman gətirib öz Rəbblərinə təvəkkül edənlər üçün daha yaxşı və sürəklidir.
    37. (Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən və (şəxsi məsələlərdə birinə) qəzəblənəndə (intiqam almaq əvəzinə onu) bağışlayan kəslər (üçün).
    38. Və o kəslər (üçün) ki, Rəbblərini(n iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
    39. Və onlara (cəmiyyətlərinə və ya dini hədəflərinə) zülm olunduqda bir-birlərindən kömək istəyən və bir-birlərinə kömək edən (və düşməndən intiqam alan) kəslər (üçün).
    40. Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir.
    41. Həqiqətən, zülmə məruz qaldıqdan sonra intiqam alan kəslərə qarşı (həddi aşmaq və təcavüz etməyə ağıl və şəriət baxımından) əsla bir yol yoxdur.
    42. (Cəza və tənbeh) yol(u) yalnız insanlara zülm edən və yer üzündə haqsız yerə hökmranlıq və fəsad axtaran kəslərə qarşıdır (belələrinə qarşı açıqdır). Onlar üçün ağırılı bir əzab vardır.
    43. Əlbəttə kim (intiqam almaq qüdrəti ola-ola) səbr etsə və bağışlasa, bu, doğrudan da mühüm işlərdəndir.
    44. Allahın boşladığı (və üzərindən lütf nəzərini götürdüyü) kəsə Allahdan başqa əsla bir başçı və yardımçı olmayacaqdır. Zalımların (Cəhənnəm) əzabı(nı) görən zaman «(dünyaya və ya iman və tövbəyə) qayıtmaq üçün bir yol varmı?» deyən görəcəksən.
    45. Onları zillət və xarlıqdan (doğan) itaətkarlıqla (qorxudan) gözaltı baxa-baxa oda göstərilən görəcəksən. Və iman gətirənlər (onların barəsində) deyəcəklər: «Doğrudan da, ziyana düşənlər özlərini və öz (dünya və ya Cənnət) adamlarını verməklə Qiyamət günü ziyana uğrayan kəslərdir.» Bil ki, zalımlar mütləq daimi əzab içərisində olacaqlar.
    46. Onların Allahın müqabilində onlara kömək edəcək bir başçı və dostları olmayacaq. Allahın (rəhmətini kəsməklə) azğınlıqda boşladığı kəsin əsla bir (nicat) yolu yoxdur.
    47. Allah tərəfindən bir qayıdışı olmayan gün (Qiyamət) gəlib çatmamışdan qabaq Rəbbinizi(n iman və əmələ dəvətini) qəbul edin. Həmin gün sizin üçün nə bir sığınacaq olar və nə də (əməllərinizi) bir inkar etmək (qüdrətiniz).
    48. Beləliklə əgər (sənin dəvətindən) üz döndərsələr (bunun üçün sən məzəmmət edilməzsən. Çünki Biz) səni onlara gözətçi göndərməmişik. Sənin öhdəndə (dinin tapşırıqlarını) çatdırmaqdan başqa bir şey yoxdur (onların ürəkdən etiqad bəsləmələri, əməli bağlılıqları, dünya və axirətdə cəzalandırılmaları sənin vəzifən deyil). Biz insana Öz tərəfimizdən bir mərhəmət daddıran zaman ona sevinər. Əldə etdikləri müqabilində onlara bir pislik və müsibət yetişəndə isə, şübhəsiz, insan çox nankordur (həmin müsibətə görə bütün nemətləri yaddan çıxarır).
    49. Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. (Çünki onların yaradılması, qorunması, idarə və məhv edilməsi Ona məxsusdur.) O, istədiyini yaradır. İstədiyinə qızlar bağışlayır, istədiyinə oğlanlar əta edir.
    50. Yaxud da (başqa biri üçün) oğlan və qızları birlikdə, bir yerə toplayır. İstədiyini də sonsuz edir. Çünki O, doğrudan da (hər şeyi) bilən və qüdrətlidir (yaradılışın ən kamil quruluşunun xeyirini bilir və həyata keçirir).
    51. Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz (mətləbin duyğuların rolu olmadan, ya yuxuda ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsi ilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət) vəhy, yaxud (qeyb) pərdə(si) arxasından (danışmaq) və ya (mələklərdən) bir elçi göndərərək Öz izni (və nəzarəti) ilə istədiyini (şəxsin görməsi və səsini eşitməsi ilə) vəhy etməsi istisnadır. Həqiqətən Allah uca məqamlı və hikmət sahibidir.
    52. Və beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir ruh (Öz fərmanımızdan qaynaqlanan Quran və dini təlimlər) vəhy etdik. Sən (bundan öncə) kitabın nə, imanın (dinin hökmlərinin əsas və şaxələrinin) hansı(lar) olmasını bilmirdin. Lakin Biz bu Quranı, vasitəsi ilə bəndələrimizdən istədiyimizi (dinin əsasını qəbul etdikdən sonra, sonrakı kamillik mərtəbələrinə) istiqamətləndirdiyimiz bir nur etmişik. Şübhəsiz, sən (insanları) doğru yola yönəldirsən.
    53. O Allahın yoluna ki, göylərdə və yerdə olanlar(ın hamısı onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və vəd edilmiş vaxtda yox etmək Onun istəyindən asılıdır.) Bil! (Dünyanın və bəndələrin) bütün işlər(i Məhşər günü) Ona tərəf qayıdacaqdır.
    Category: Qurani-Kərimin tərcüməsi | Added by: Islam_Kitabxanasi (2012-06-05)
    Views: 1489 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024