İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Quranda dunyaşünaslığın əsasları

    Quranda dunyaşünaslığın əsasları
    Varlıqların ahəngdar düzənə salınması və təqdiri
    Yaradılış aləminin başqa bir xüsusiyyəti müxtəlif varlıqların ahəngdar düzənə salınması (təsviyə) və təqdiri məsələsidir – yəni hər bir mövcud olan şey müəyyən ahəngdar düzənə və təqdirə malikdir.
    İndi bu iki anlamın izahını verməyə çalışaq və Qurani-kərimdə həmin məsələnin necə qoyulduğunu izləyək.
    Əla surəsi, 1-3-cü ayələrdə belə deyilir:
    (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de!
    O Rəbbin ki (hər şeyi) xəlq etdi və nizama saldı.
    O Rəbbin ki (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.
    Quranda işlənən "təsviyə" sözü ahəngdar etmək və düzənləmək, düzən və nizama salmaq mənasında işlənir, burada varlıq aləmində mövcud olan hər şeyin tərkib hissələrinin, onların enerjisinin ahəngdar bir nizama salınması nəzərdə tutulur. Başqa sözlə desək, Allah hər bir xilqəti bərabər və ahəngdar surətdə yaradıb və xilqətin hər bir element və hissəsini öz yerində bərqərar edib. Bu nizamda heç bir yanlış və xəta ola bilməz.
    Əllamə Təbatəbai öz təfsirində "təsviyə" sözünü izah edərək yazır:
    "Təsviyə bir şeyin tərkib hissələrinin bərabər səviyyədə nizamla düzənlənməsi deməkdir, belə ki, burada hər bir hissə öz yerində yerləşməlidir. Burada elə bir ahəngdarlıq olmalıdır ki, ondan daha yaxşı düzən təsəvvürə gəlməsin, həmin şey belə bir düzənlə ən xoş təsir bağışlasın" [12].
    Bu mənada bir neçə ayəyə diqqət yetirin:
    Naziat surəsi, 27-28-ci ayələr:
    (Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa Göyü ki Allah onu yaratdı;
    Qübbəsini ucaltdı, düzəldib nizama saldı;
    Bəqərə surəsi, 29-cu ayə:
    Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat Göy halında düzəldib nizama salan Odur (Allahdır!). O, hər şeyi biləndir!
    Yuxarıdakı ayələrdə "Göyün təsviyəsindən" bəhs edilir ki, bunun da mənası Göyün düzənə salınması, onun tərkib hissələrinin ahəngdar şəkildə düzənlənməsi deməkdir. Onun hər qatı və hər bir təbəqəsi hikmətlə və tələbə uyğun bir halda yerləşdirilib.
    Xatırladaq ki, təsviyə anlamı təkcə kainat və məxluqla məhdudlaşmır. Bütün varlıq aləmi, insan və onun nəfsi də Allah tərəfindən ahəngdar bir düzənə salınır.
    Nəfslə bağlı aşağıdakı ayəyə diqqət yetirək.
    Şəms surəsi, 7-8-ci ayələr:
    And olsun nəfsi (insanı və ya insan nəfsini) yaradana;
    Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,...
    Bu ayədə insan nəfsinin tənzimlənməsindən söhbət gedir, insanda olan nəfsi qüvvə gerçəkliyin tələbi ilə uzlaşır. Başqa bir tərəfdən, insanın özünün yaranma və təkamülü müəyyən nizam və qayda ilə tənzimlənir. Torpaqdan və damladan xəlq olunan insan qanunauyğun və ahəngdar bir təkamül yolu keçir.
    Aşağıdakı bəzi ayələr bu baxımdan maraqlıdır.
    Qiyamət surəsi, 37-39-cu ayələr:
    Məgər o, (ata belindən ana bətninə) tökülən bir qətrə nütfə deyildimi?!
    Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi (insan şəklinə saldı).
    Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.
    İnfitar surəsi, 7-ci ayə:
    O Rəbbin ki səni yoxdan yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.
    Kəhf surəsi, 37-ci ayə:
    Onunla söhbət edən (mömin) yoldaşı belə dedi: "Əvvəlcə səni (atan Adəmi) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni adam şəklinə (insan qiyafəsinə) salmış Allahı inkarmı edirsən?
    Bu ayələrdə insanın ahəngdar bir biçimə salınmasına, Allahın xaliq olaraq hər şeyi mükəmməl və yetkin şəkildə yaratmasına, öz xilqətinə nizam və düzən verməsinə işarələr vardır.
    Təqdir məsələsinə gəlincə, bu məfhumun kökü "qədər" sözündəndir – yəni hədd və ölçü. "Bütün varlıqlar təqdirə malikdir" dedikdə belə bir məna nəzərdə tutulur ki, hər bir varlığın öz müəyyən ölçü və hüdudu vardır. Hər bir şeyin həndəsi ölçüləri, miqdarı və hüdudları vardır. Bir şey öz şəkil və ölçülərinə görə başqalarından fərqlənir. Hər bir varlığın özünəməxsus ölçüsü, forması və hüdudu vardır. Hətta insanlar ölçü və şəkil baxımından bir-birindən fərqlənir. Bütün varlıq aləmi – bərk cisimlər, bitki və heyvanat aləmində həmin fərqlənmə müşahidə edilir. Deməli, zahiri maddi dünyada müşahidə edilən bütün varlıqlar ölçü, şəkil, güc və təsir baxımından bir-birindən seçilir və fərqlənir. Ona görə Qurani-kərim hər bir şey üçün müəyyən ölçü və qədər
    nəzərdə tutur – yəni Allahın xilqətində ölçüsüz və qədərsiz heç nə yoxdur.
    Hicr surəsi, 21-ci ayə:
    (Yerdə və Göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım olması isə yalnız Bizə məlumdur.)
    Bu ayəyə görə, Allah tərəfindən dünyada yaradılan hər şey müəyyən ölçü və həddə malikdir. Allahın feyzi hər bir varlıq nümunəsi üçün müəyyən ölçü və hədd təyin edir.
    Bu məzmuna işarə edən ayələr çoxdur.
    Rəd surəsi, 8-ci ayədən:
    "Hər şey Onun yanında müəyyən ölçü ilədir."
    Talaq surəsi, 3-cü ayə:
    Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz buyuruğunu yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.
    Qəmər surəsi, 49-cu ayə:
    Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.
    Muminun surəsi, 18-ci ayə:
    Biz Göydən (lazım olduğu) qədər yağmur endirdik və onu Yerdə (dənizdə, çayda, göllərdə və quyularda) saxladıq. Biz sözsüz ki, onu aparmağa da (yox etməyə də) qadirik!
    Sonuncu ayəyə görə, hər şeyin təqdiri vardır. Göydən yağan yağmur müəyyən miqdar ilə nazil olur. Bu miqdar bitkilərin böyüməsi üçün kifayət edir. Həmin yağmur ölü torpağı dirildir və torpaq göyərərək yenidən canlanır. Əgər yağmur ölçüdən çox olarsa, nə bitkilər böyüyər, nə də torpaq dirçələrdi. Deməli, ölçü və miqdar varlıq aləmi üçün önəmli şərtdir.
    Təqdir anlamı təkcə fiziki ölçü və miqdarla məhdudlaşmır. Varlıq aləmindəki hər bir prosesin zaman baxımından müəyyən miqdarı olur, Günəş və Ay müəyyən çərçivədə hərəkət və dövr edir.
    Zuxruf surəsi, 11-ci ayə:
    O Allah ki Göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız!
    Mursəlat surəsi, 20-22-ci ayələr:
    Məgər sizi bir qətrə zəif, dəyərsiz sudan (nütfədən) yaratmadıqmı?!
    Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq;
    Müəyyən bir vaxta qədər.
    Ənam surəsi, 96-cı ayə:
    (Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, Günəşi və Ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət və elm sahibi olan Allahın təqdiridir (əzəli hökmüdür).
    Yasin surəsi, 38-ci ayə:
    Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan və (hər şeyi) bilən Allahın əzəli hökmüdür (təqdiridir).
    Fussilət surəsi, 12-ci ayə:
    Allah onları (səmaları) yeddi (qat) Göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində Yer, sonra iki gün ərzində Yer üzündə olanlar, daha sonra iki gün ərzində Göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı.) O, hər bir Göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı Göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər cür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan və (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur).
    Son ayələrə görə, Günəş və Ay müəyyən ölçü və mizanla yaradılıb. Onların dövr etməsi və hərəkəti də nizamla müəyyənləşib və insanlar öz həyatlarını həmin ölçü və nizamla tənzimləyirlər. Gözəl ulduzlar Göy üzünü çıraq kimi bəzəyir və bunlar bir növ İlahinin düzənlədiyi həndəsi ölçü və təqdir əsasında sayrışır. Əgər bütün varlıqlar və məxluqat indiki ölçü və hüduda malik olmasaydı, xilqətdə heç bir nizam və harmoniya olmazdı və xilqət hədəfsiz, bihudə bir şey kimi dağınıq, sərgərdan halda qalardı.
    Xilqət aləmindəki varlıqların təsviyə və təqdiri məfhumu ilə daha yaxından tanış olmaq üçün təbiətşünaslıq elminin maraqlı bir mülahizəsini diqqətə gətiririk.
    Adətən Yer kürəsi böyük fəza müqabilində kiçik və əhəmiyyətsiz sayılır. Əgər Yer öz ölçüsünə görə Ay boyda olsaydı və onun diametri isə indiki ilə müqayisədə dörddə bir qədər az olsaydı, ümumdünya cazibə qüvvəsi Yer üzərindəki çayları və havanı saxlaya bilməzdi. Cazibə qüvvəsi bir növ altıda bir qədər azalardı. Yerin hərarəti dəhşətli surətdə yüksələrdi.
    Əksinə, əgər Yerin diametri iki dəfə çox olsaydı, onun sahəsi dörd dəfə və cazibə qüvvəsi iki dəfə artardı. Atmosferin hündürlüyü təhlükəli dərəcədə azalar, havanın təzyiqi 1 kq/sm-dən 2 kq/sm-dək yüksələrdi. Bütün bunlar Yer üzərindəki həyat mühitinə çox ciddi təsir göstərərdi. Yer üzərinin böyük bir hissəsi qış mövsümü keçirər, yaşamaq üçün yararlı yerlər hədsiz surətdə azalardı. İnsanların məskunlaşdığı yaşayış yerləri bir-birindən çox aralı düşər, rabitə vasitələri çox çətin və ya qeyri-mümkün olardı.
    Əgər Yer kürəsi Günəş boyda olsaydı, öz xüsusi çəkisini saxlayar və cazibə qüvvəsi 15 dəfə çox olardı. Atmosferin hündürlüyü 10 km-ə qədər aşağı düşər, suyun buxarlanması mümkünsüz olar və havanın təzyiqi 150 kq/sm2-ə çatardı. 1 kq çəkisində olan hər bir canlı 150 kq çəkiyə malik olardı. Adamların cüssəsi sincab boyda kiçilər və belə bir məxluq əqli inkişafdan məhrum olardı.
    Əgər Yer ilə Günəş arasındakı fasilə indiki məsafədən iki dəfə çox olsaydı, Günəşdən Yer üzərinə gələn hərarət dörddə bir qədər aşağı düşərdi. Yerin öz oxu ətrafında fırlanma sürəti yarıbayarı azalar, qış fəsli iki dəfə çoxalar və canlı aləm buz bağlayardı.
    Əksinə, əgər Yer ilə Günəş arasındakı fasilə iki dəfə az olsaydı, istilik dörd dəfə, Yerin öz oxu ətrafında fırlanma sürəti iki dəfə çoxalar, fəsillərin vaxtı yarıbayarı olar, Yer nazilər və həyat mümkünsüz olardı.
    Bu qısa elmi mülahizə bir daha xilqətin müəyyən ölçü və düzənlə yarandığını təsdiq edir. Allahın xilqətində hər şey ölçülüb-hesablanıb. Bu düzəni və bu təqdiri heç bir insan zəkası düşünüb nizama sala bilməzdi.
    Varlıqların hərəkəti
    Təbiət aləmindəki varlıqların əsas xüsusiyyətlərindən biri hərəkət anlamı ilə bağlı izah olunur. Hərəkət məfhumu barədə hələ qədim zamanlardan başlayaraq filosoflar geniş bəhs etmiş, çoxlu araşdırmalar aparmışlar. Filosof və müdriklər hərəkətin müxtəlif tərifini vermişlər və bu təriflər arasında ümumi bir baxışı əks etdirən yığcam fikir ondan ibarətdir ki, hərəkət bir şeyin potensial gücünün hərəkətə və fəaliyyətə keçməsi nəticəsində baş verir.
    Keçmiş filosoflar, o sıradan İbn Sina hərəkəti yalnız aksidensiya ilə əlaqələndirmişlər. Hər hansı bir şeyin iki əsas cəhəti vardır: mahiyyət (cövhər) və aksidensiya (şəkil və ya zahiri forma). Qədim filosoflara görə hərəkət dörd baxımdan gerçəkləşir: kəmiyyət, keyfiyyət, məkan və vəziyyət. Misal üçün, alma böyüyərkən həm çəki və ölçü baxımından (kəmiyyət baxımından hərəkət), həm də rəng, iy və dad baxımından (keyfiyyət cəhətdən hərəkət) dəyişir. Bundan başqa, iki hərəkət vardır: məkan baxımından və vəziyyət baxımından hərəkət.
    Molla Sədranın zamanınadək böyük islam filosofları həmin hərəkət növlərini qəbul etmişlər. O isə ilk dəfə olaraq mahiyyətlə bağlı cövhərin hərəkəti məsələsini qətiyyətlə qoydu. Həmin baxışa görə hərəkət əslində zahiri formada deyil, şeylərin mahiyyət (substansiya) və cövhərindədir. Varlıq aləmi bütöv bir tam kimi hərəkət və dəyişmə halı keçirir. Hər şey cövhər və mahiyyətcə dəyişir və hər an yeni bir vəziyyət alır. Aksidensiyada baş verən hərəkət də substansiya və cövhərlə bağlıdır. Molla Sədra öz təlimini əsaslandırmaq üçün təkcə fəlsəfi dəlillərlə kifayətlənmir, öz düşüncəsini Quran ayələri ilə təsdiqləyir. Bu baxımdan bir sıra Quran ayələrini nəzərdən keçirək [13].
    Rəhman surəsi, 29-cu ayə:
    Göylərdə və Yerdə kim varsa, hamısı Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalimə qəhr edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz).
    Qurani-kərimdə təbiətlə bağlı toxunulan məsələlərdən biri varlıq aləmindəki şeylərin hərəkətidir. Quran ayələrində həmin məsələyə işarələr vardır.
    Nəml surəsi, 88-ci ayə:
    (O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir. Həqiqətən O, etdiyiniz bütün əməllərdən xəbərdardır!
    Bu ayədə dağların hərəkətindən bəhs edilsə də Yerin hərəkətinə də işarə edilir.
    Aşağıdakı ayədə isə Göylərin, Günəş və Ayın hərəkəti təsvir edilir.
    Rəd sürəsi, 2-ci ayə:
    Göyləri, gördüyünüz kimi, dayaqsız olaraq yüksəldən, sonra Ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta (dünyanın axırına, qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı (iradəsinə) tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra), Rəbbinizlə qarşılaşacağınıza, qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza bəlkə inanasınız!
    Başqa bir ayədə Göyün geniş açılmasına işarə edilir ki, burada bir hərəkət məfhumu vardır, belə ki, hərəkətsiz genişlənmə anlamı ola bilməz.
    Zariyat surəsi, 47-ci ayə:
    Biz Göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya Biz Göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik.)
    Bir sıra ayələrdə isə təbiət aləminin sonluğu ilə bağlı dəyişmələrdən bəhs edilir. Həmin dəyişmələr bir növ hərəkət məfhumu ilə bağlıdır. Qiyamətin təsvirini verən Quran kəskin dəyişmələri hərəkət anlamı ilə bəyan edir.
    Vaqiə surəsi, 4-6-cı ayələr:
    Yer hərəkətə gəlib şiddətlə titrədiyi zaman
    Və toz səpələndiyi zaman
    Quranda təbiət hadisələri ilə bağlı dəyişmə və hərəkətlə yanaşı, cəmiyyətdə baş verən hərəkətlərə işarə vardır.
    Ali-İmran surəsi, 140-cı ayə:
    Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!
    Quran ayələrində cəmiyyətdə baş verən hərəkət və dəyişmələrlə yanaşı, həmin hərəkəti törədən amillərə də işarə edilir.
    Rəd surəsi, 11-ci ayə:
    İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına bilməz və Allahdan başqa onların heç bir hamisi də olmaz.
    Ənfal surəsi, 53-cü ayə:
    (Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti (pisliyə) çevirən deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidən və biləndir!
    Bu ayələrdə insanların daxili hərəkət və dəyişmələri – yəni rəftar və əxlaq baxımından hərəkətləri bəşər cəmiyyətinin inkişafı üçün önəmli amil sayılır. Daha sonra bəşər cəmiyyətində baş verən dəyişmələrin son qayəsi önə çəkilir: bu isə Yer üzərində saleh əməl sahiblərinin hakimiyyətinin təmin edilməsini nəzərdə tutur.
    Qəsəs surəsi, 5-ci ayə:
    Biz də o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) bol nemət vermək, onları (dində və xeyirxah işlərdə) rəhbər etmək, Fironun mülkünə varis etmək qərarına gəldik.
    Ənbiya surəsi, 105-ci ayə:
    Biz Tövratdan (yaxud lövhi-məhfuzdan) sonra Zəburda da cənnət torpağına (Yer üzünə və ya müqəddəs torpağa) yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.
    Qurani-kərimdə, maddi dünyadakı varlıqların hərəkəti və insan cəmiyyətinin təkamül yolları ilə yanaşı, bütün aləmlərin ümumi hərəkətinin qayəsi müəyyənləşdirilir. Qurana görə hər bir varlıq nümunəsinin hərəkətinin son mənzili Allaha doğru seyrdən ibarətdir. Bu mənada çoxsaylı ayələr vardır ki, burada yalnız ikisinə işarə edirik.
    Şura surəsi, 53-cü ayə:
    O Allahın yoluna ki, Göylərdə və Yerdə nə varsa, hamısı Onundur. Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!
    Maidə surəsi, 18-ci ayə:
    Yəhudilər və xaçpərəstlər dedilər: "Biz Allahın oğulları və sevimliləriyik." Onlara de: "Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?" Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. Allah istədiyini bağışlar, istədiyinə əzab verər. Göylərin, Yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır!
    Varlığın hidayət olunması
    Quranda varlığın hərəkəti ilə yanaşı, onun hidayət olunması məsələsi də qoyulur. Quran ayələrinə görə aləmdə mövcud olan varlıqlar Allahın əmri ilə ölçü və miqdar baxımından müəyyən biçimə salınır və düzənlənir. Bundan əlavə, onlar bir növ hidayət yolu keçir.
    Əla surəsi, 2-3-cü ayələr:
    O Rəbbin ki (hər şeyi) xəlq etdi və nizama saldı.
    O Rəbbin ki (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.
    Musa peyğəmbər (ə) Fironla qarşılaşanda onu aləmlərin Pərvərdigarı olan Allaha doğru dəvət edir. Firon isə Musadan (ə) aləmlərin Pərvərdigarını ona göstərməyi tələb edir. Musa (ə) onun cavabında belə deyir.
    Taha surəsi, 50-ci ayə:
    (Musa) belə cavab verdi: "Rəbbimiz hər şeyə Öz surətini və şəklini verən, sonra da ona doğru yolu göstərən Allahdır!"
    Bu şərafətli ayədə iki önəmli prinsipə işarə vardır. Birinci prinsip ondan ibarətdir ki, Allah xilqətdə hər bir şeyə lazım olan xasiyyətləri bağışlayıb. Hər bir bitki növünü araşdırsaq, görərik ki, ətraf təbii mühitlə tam ahəngdar şəkildə yaradılıb və ona ehtiyac olan nə varsa hamısı hazırlanıb.
    İkinci prinsip isə varlıqların hidayəti – yəni doğru yola yönəlməsi məsələsidir. Yəni hər bir varlıq nümunəsi öz potensial gücündən həyatını davam etdirmək yolunda bəhrələnir və öz son hədəf və qayəsinə doğru yönəlir.
    Hidayət dedikdə bütün varlıq aləminə şamil edilən keyfiyyət nəzərdə tutulur. Bu isə hər bir şeyin öz mövcudiyyət qayəsinin təyin edilməsi və həmin qayə və hədəfə yetişmək üçün keçdiyi yol deməkdir. Başqa ifadə ilə desək, hidayət hər bir varlıq nümunəsi üçün münasib kamillik parametrinin müəyyən edilməsi – yəni onun son hədəf və qayəsinin təyin edilməsi və həmin qayəyə yetişmək yolu deməkdir. Bu baxımdan, bütün varlıq nümunələri müəyyən hədəf və qayəyə malikdir və onlar üçün ilahi hidayət yolu vardır.
    Varlıq aləminin qaynağı olan Allah başlanğıcda hər bir məxluqu yaratdıqdan sonra həm onun keçəcəyi təkamülü, həm də son qayəyə yetişmək üçün düzgün yolu müəyyən etmişdir.
    Varlıq aləmində müşahidə edilən çeşidli xilqət növləri ilə bağlı hidayət anlamını şərti olaraq bir neçə qismə ayırmaq olar.
    Təbii hidayət
    Bu növ hidayət varlıq aləmindəki iki növ xilqətə şamil edilir: bərk cisimlər (maddi aləmdə mövcud olan qeyri-üzvi təbiət) və bitki aləmi. Bitki və canlı bioloci (heyvanat) aləmindən başqa kainatda olan səmavi cisimlər, Göy, Günəş, Ay, ulduzlar və Yer üzərində olan cismani varlıqlar bərk cisimlər (camadat) sırasına daxildir. Bu növ hidayət bir sıra Quran ayələrində vurğulanır.
    Fussilət surəsi, 12-ci ayə:
    Allah onları (səmaları) yeddi (qat) Göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir Göyün işini özünə vəhy edib bildirdi.
    Ulduzlar həm dəryada hərəkət edənlər və həm də səhrada olanlar üçün səmti müəyyən etməyə kömək edir. Gəmidə səfər edənlər ulduzlar ilə istiqaməti tapıb sahilə çıxa bilir və nicat tapırlar. Səhrada hərəkət edənlər onların köməyi ilə yolu tapırlar. Minaya bənzər Göy qübbəsinin ulduzlarla bəzədilməsi hidayət baxımından əhəmiyyətlidir. Başqa ayələrə diqqət yetirək.
    Ənam surəsi, 27-ci ayə:
    Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları da sizin üçün yaradan Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik.
    Nəml surəsi, 63-cü ayə:
    Yaxud suyun və qurunun (dənizin və səhranın) zülmətlərində sizə doğru yol göstərən, küləyi Öz rəhməti (yağışı) önündə bir mücdəçi olaraq göndərən kəs?! Məgər Allahla yanaşı başqa bir Tanrımı var?! Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən ucadır.
    Buludlar Göydə sıxlaşarkən təbiətdə bir sıra proseslər cərəyan edir və Göy üzərindən rəhmət yağışı nazil olur, bununla ölü torpaqlar dirçəlir, bitkilər göyərib çiçəklənir və bütün bu dəyişmələrdə ilahi hidayətin nişanələri vardır.
    Fatir surəsi, 9-cu ayə:
    Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən. Biz o buludları quru (ölü) bir məmləkətə tərəf qovub onunla öldükdən sonra torpağı dirildirik. Ölüləri diriltmək də belədir!
    Zumər surəsi, 21-ci ayə:
    (Ya Peyğəmbər!) Məgər Allahın Göydən yağış yağdırdığını, onu Yer üzündəki bulaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o əkin quruyar, sən onu saralmış görərsən. Sonra da Allah onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!
    İnstinkt baxımından hidayət
    Bu növ hidayət heyvanat aləminə xasdır. Heyvanlar öz gizli şüuruna əsasən öz həyat məqsədini müəyyənləşdirir və həmin məqsədə yetişmək üçün təlaş edirlər. Yemək əldə etmək, dostu və düşməni tanımaq, həyatını qorumaq üçün müdafiə tədbirləri görmək, təbii artım və övladı böyütmək, yuva qurmaq və bir sıra başqa işlər – heyvanlara aid edilən hidayətdir. Yəni Allah heyvanat aləminə bərk cisimlər və bitkilərdən fərqli olan hidayət yolu təyin edib.
    Nəhl surəsi, 68-ci ayədə deyilir:
    Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə (evlərin damında, üzümlüklərdə) özünə yuva tik;
    4500 növ bal arısı vardır, bəziləri axtarış işi görür və pətəyi sahmana salır, güllərdən şirə toplayır və pətəyə daşıyırlar. Bal arıları dağlar qoynunda, ağaclar arasında, başqa münasib guşələrdə şan düzəldir, altıbucaqlı yuvacıqlar qurur və çox dəqiq mühəndislik işi görürlər. Arılar toplum halda nizamlı bir ictimai həyat keçirir, öz yaşam və fəaliyyətini qayda-qanun üzrə və planlı surətdə tənzimləyirlər. Onların bu sayaq məntiqli və nizamlı yaşamı ilahi hidayətin nişanələrini təsdiq edir.
    Category: Quranda dunyaşünaslığın əsasları | Added by: Islam_Kitabxanasi (2012-06-07)
    Views: 845 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024