İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nurul-Quran (Maidə surəsinin təfsiri)

    Nurul-Quran (Maidə surəsinin təfsiri)
    Nurul-Quran

    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
    «MAİDƏ» SURƏSİ


    Bu surə Peyğəmbəri-Əkrəmin (s) vəfatından bir-iki ay qabaq nazil olmuş və onun ayələrindən heç biri nəsx edilməmişdir (yəni hökmü dəyişdirilməmiş və qüvvədən salınmamışdır).

    Bu surənin 114-cü ayəsində qeyd olunduğu kimi, Həzrət İsanın (ə) öz dostlarına səmavi süfrə nazil olması barədə dua etdiyi üçün «Maidə» («Süfrə») adlandırılmışdır («Maidə» içinə yemək qoyulmuş tabağa deyilir).

    Bu surə 120 ayədən ibarətdir və onun əksər xitabı «ya əyyuhəlləzinə amənu» ("Ey iman gətirənlər”) olub bütün surələrdən daha çox təkrar olunmuşdur. Məsələn, bu xitab «Bəqərə» surəsində 11 dəfə gəldiyi halda, «Maidə» surəsində 16 dəfə gəlmişdir.

    Bu surə özündə ümmətdə vilayət və rəhbərlik, məsihilərin üçlük əqidəsinin rədd olunması, əhdə vəfalı qalmaq, ədalət əsasında şahidlik etmək, qətlin haram edilməsi, yeyiləcək şeylərin hökmləri, dəstəmaz və təyəmmüm, eləcə də ictimai ədələt və sair məsələləri əhatə edir.

    Bu, nazil olan axırıncı surə olduğundan əvvəlində bütün əhd-peymanlara əməl edilməsinə tövsiyə edilir.

    ﴿ بسم الله الرحمن الرحيم ﴾
    AYƏ 1:

    ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَوْفُواْ بِالْعُقُودِ أُحِلَّتْ لَكُم بَهِيمَةُ الأَنْعَامِ إِلاَّ مَا يُتْلَى عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنتُمْ حُرُمٌ إِنَّ اللّهَ يَحْكُمُ مَا يُرِيدُ ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzr, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin. Dördayaqlı heyvanlar(ın ətləri və kəsilərkən analarının qarınlarından ölü halda çıxan balaları) sizə oxunan istisna olmaqla, ehram halında ov etməyi halal hesab etməyən sizlərə halal edildi. Həqiqətən Allah istədiyini hökm edir.»
    TƏFSİR:

    Müsəlmanlar bütün əhd-peymanlara, müqavilələrə, hansı növdən, eləcə də hər hansı qrup və şəxs tərəfindən olmasına baxmayaraq vəfalı qalmalıdırlar. İstər şifahi, istər yazılı, istərsə də əməli şəkildə bağlanan əhd-peymanlar, eləcə də istər siyasi müqavilələr olsun, istərsə iqtisadi, ictimai və ailəvi, istər zəif şəxslərlə bağlanmış olsun, istərsə də güclü şəxslərlə, istər dostla, istərsə düşmənlə,[Qur’an müşriklərlə və günahkar insanlarla belə bağlanan əhdə vəfalı qalmağı vacib bilir. İmam Sadiqdən (ə) nəql olunan hədisə əsasən. «Kafi», 1-ci cild, səh. 162] istər Allahla (nəzir və əhd kimi), istərsə də camaatla, istər bir şəxslə, istərsə də cəmiyyətlə, istər kiçik adamla, istərəsə də böyük adamla, istər məntəqədaxili, istərsə də beynəlxalq səviyyəli müqavilələr olsun, heç bir fərqi yoxdur. Əhd-peymanı pozmaq və zülm etmək bütün məhrumiyyətlərin mənşəyi olduğu kimi,[«Nisa» surəsinin 154 və 159-cu ayələrinə işarədir.] əhd-peymana vəfalı qalmaq da insanın bütün nemətlərdən bəhrələnməsinə səbəb olur. Bunu da qeyd etmək lazımdır ki, səmavi kitablar da Allahın bəndələr üzərində olan əhdidir, buna görə də onlara vəfalı qalmaq vacibdir: Əhdi-qədim (qədim əhd − Tövrat), Əhdi-cədid (yeni əhd − İncil) və Əhdi-əxir (axırıncı əhd − Quran). İmam Sadiq (ə) bir hədisdə buyurur: «Quran Allahın bəndələrlə bağladığı əhd-peymandır.»[Nurus-Səqəleyn», 4-cü cild, səh. 14]

    Ümumiyyətlə, imanın əsası əhd-peymana əməl etməkdən ibarətdir. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Əhd-peymana vəfalı olmayan bir kimsənin dindən bəhrəsi yoxdur.»

    Əgər əhd-peymanlara əməl olunmazsa, cəmiyyətin əsası olan qarşılıqlı etimad aradan gedər və hərc-mərclik yaranar.

    Əhd-peymana vəfalı qalmaqla bağlı göstərişdən sonra ardıcıl olaraq bir neçə İslam hökmü bəyan edilir. Əvvəlcə buyurulur ki, bəzi heyvanların əti sizin üçün halal oldu.

    Bu hökmdən yalnız iki hal istisna edilir: Haram olması sizin üçün tezliklə bəyan olunacaq heyvanların əti və ehram halında olduğunuz zaman ov etmək sizə halal deyildir. Allah istədiyi hökmü verir. Çünki O hər şeydən agah və hər şeyə malikdir. Yəni bəndələrin mənafeyinə və məsləhətinə olan, eləcə də hikmətin tələb etdiyi hökmləri qanun şəklinə salır.[«Biharul-ənvar», 69-cu cild, səh. 198]
    AYƏ 2:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحِلُّواْ شَعَآئِرَ اللّهِ وَلاَ الشَّهْرَ الْحَرَامَ وَلاَ الْهَدْيَ وَلاَ الْقَلآئِدَ وَلا آمِّينَ الْبَيْتَ الْحَرَامَ يَبْتَغُونَ فَضْلاً مِّن رَّبِّهِمْ وَرِضْوَانًا وَإِذَا حَلَلْتُمْ فَاصْطَادُواْ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَن تَعْتَدُواْ وَتَعَاوَنُواْ عَلَى الْبرِّ وَالتَّقْوَى وَلاَ تَعَاوَنُواْ عَلَى الإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır.»
    TƏFSİR:
    BİR AYƏDƏ SƏKKİZ İLAHİ HÖKM

    Bu ayədə Peyğəmbəri-Əkrəmə (s) nazil olan ilahi hökmlərdən və mühüm İslam göstərişlərindən bir neçəsi bəyan olunmuşdur. Onların hamısı, yaxud əksəriyyəti həcc və Allah evinin ziyarəti ilə əlaqədardır:

    1. Əvvəlcə imanlı şəxslərə xitabən buyurulur: Ey iman gətirənlər! İlahi şüarları pozmayın və onların hədd-hüdudunu (pozmağı) halal hesab etməyin.

    2. Haram ayların hörmətini saxlayın, bu aylarda müharibə etməyin.

    3. Həcc üçün gətirdiyiniz qurbanlıqları – istər əlamətsiz (hədy) olsunlar, istərsə də əlamətli (qəlaid), halal saymayın. Qoyun qurbangaha gətirilib orada kəsilsin.

    4. Allah evi ziyarətçilərinin hamısı bu böyük İslam mərasimində tam azadlıqdan bəhrələnməlidirlər. Bu zaman onların arasında qəbilə, irq, dil və s. baxımından heç bir fərq yoxdur. Buna əsasən, Pərvərdigarın razılığını cəlb etmək üçün, hətta ticarət yolu ilə mənfəət əldə etmək məqsədi ilə olsa belə, Allah evinə doğru hərəkət edənlərə də maneçilik törətməyin – istər sizinlə dost olsunlar, istərsə də düşmən. Onlar sadəcə müsəlman olub Allah evinin ziyarətinə gəldikləri üçün toxunulmazdır.

    5. Ov etmək yalnız hacının ehram halında olduğu müddətdə haramdır. Buna əsasən, həcc və ya ümrə ehramından çıxdığı zaman onun ov etməsinə icazə verilir.

    6. Əgər bütpərəstlərdən bir qrupu cahiliyyət dövründə («Hüdeybiyyə» hadisəsində) sizin Allah evini ziyarət etməyinizə mane olmuşlarsa da bu iş onların İslamı qəbul etdiklərindən sonra sizdə onlara qarşı kin-küdurət yaratmamalıdır. Siz onların Allah evini ziyarət etmələrinə mane olmamalısınız.

    Bu cümlədə külli və ümumi bir qanun bəyan edilir: müsəlmanlar heç vaxt kin-küdurət bəsləməməli, keçmişdə baş verən hadisələrlə əlaqədar intiqamçılıq ruhiyyəsində olmamalıdırlar.

    7. Bu bəhslərin təkmilləşdirilməsi üçün buyurulur: Siz bir-birinizlə əlbir olub dünən düşmən, bu gün isə dost olanlardan intiqam almaq əvəzinə, yaxşılıq və təqva yolunda bir-birinizə köməklik göstərib müttəhid olun.["Birr” - yə’ni Allaha, Qiyamət gününə, peyğəmbərlərə, asimani kitablara, mələklərə iman gətirmək, cəmiyyətdəki məhrum və yazıq kəslərin halına yanmaq, müqavilələrə vəfalı qalmaq, ağır işlərdə səbrli olmaq və yaxşı işlərdə həmkarlıq edib qarşılıqlı kömək göstərməkdir. Məsələn, elm öyrənmək yaxşı əməl sayılırsa, onun üçün lazım olan şərtlər də, o cümlədən mədrəsə, kitabxana labaratoriya tikmək, dərslik və nəqliyyat vəsaitləri hazırlamaq, ustad və müəllimləri dərs deməyə təşviq etmək və s. – bunların hamısı yaxşı əmələ kömək etmək sayılır. Əksər rəvayətlərdə yaxşı işlərdə əlbir olub həmkarlıq etmək, məzlum və məhrum təbəqələrə kömək etmək tövsiyə olunmuş, zalımlara kömək etmək, onlarla əlbir olmaq qadağan edilmişdir. Biz də təbərrük üçün bir neçə hədisi burada qeyd edirik: "Müsəlmana kömək etmək bir ay müstəhəb oruc tutmaqdan və e’tikafdan daha yaxşıdır.” ("Vəsail”, 11-ci cild, səh. 345)

    İmam Sadiq (ə) buyurur: "Hər kəs yaxşılıq etmək üçün bir addım atsa, mücahidin savabını qazanar.” ("Vəsail”, 8-ci cild, səh. 586)

    "Hər kim zalıma kömək etsə, onun özü də zalımdır.” ("Vəsail”, 11-ci cild, səh. 345)]


    8. Ayənin axırında, yuxarıda qeyd olunan hökmləri bir daha möhkəmləndirmək məqsədi ilə buyurulur: Təqvalı olun və Allahın fərmanları ilə müxalifətçilik etməkdən çəkinin, çünki Allahın cəzaları şiddətlidir.

    Bizə tövsiyə edilmişdir ki, hətta məscid tikmək kimi savab işdə belə zalıma kömək etməyək.[«Vəsail», 12-ci cild, səh. 130]

    Biz şərab istehsal edənlərə üzüm satmamalı, zalıma silah verməməli, tağuta, hətta Məkkəyə getmək üçün olsa belə, nəqliyyat vasitəsi verməməli, tutumu az olanlara sirr verməməli, günahkar adamlara təbəssüm etməməliyik.
    AYƏ 3:

    ﴿حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالْدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلاَّ مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى النُّصُبِ وَأَن تَسْتَقْسِمُواْ بِالأَزْلاَمِ ذَلِكُمْ فِسْقٌ الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِّإِثْمٍ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ﴾
    TƏRCÜMƏ:

    «Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və eləcə də (heyvanın ətini) qumar oxları ilə bölmək sizə haram oldu. Bu əməllərin hamısı Allaha qarşı itaətsizlikdir. Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. Beləliklə əgər kimsə qəhətlik və şiddətli aclıq halında günaha meyli olmadan (həmin haram şeylərin bəzilərindən yeməyə) məcbur olsa, Allah çox bağışlayan və mehribandır.»
    TƏFSİR:

    Bu surənin əvvəlində, sonradan qeyd olunacaq hallar istisna olmaqla, heyvanların ətinin halal olması bəyan edilirdi. Bu ayədə isə həqiqətdə vədə verilmiş istisnalar bəyan olunur. On bir şey haram edilmişdir:

    1. Özü ölmüş heyvan, həmçinin qan, donuz əti, cahiliyyət dövrünün adətlərinə uyğun olaraq bütlərin və ümumiyyətlə, Allahdan başqasının adına kəsilən heyvanlar, boğulub ölən heyvanlar haramdır.

    2. İstər öz-özünə ölmüş olsun, istərsə tələyə düşməklə, yaxud insan tərəfindən bu cür (qeyri-şəri yolla) öldürülən heyvanlar. Belə ki, cahiliyyət dövründə mövcud olan adətlərə görə, bəzən heyvanı iki ağacın, yaxud bir ağacın iki budağı arasında ölənə qədər sıxırdılar ki, onun ətindən istifadə etsinlər.

    3. Döyülməklə, yaxud işgəncə verilməklə, yaxud xəstəlik nəticəsində ölən heyvanlar. Qurtubinin təfsirində qeyd olunur ki, ərəblər bütlərin xatirinə bəzi heyvanları ölüncəyə qədər döyür və bunu da bir növ ibadət hesab edirdilər!

    4. Yırtıcıların həmləsi nəticəsində ölən heyvanlar da haramdır.

    Yuxarıda haram edilən halların ardınca buyurulur: Əgər yırtıcıların həmlə etdiyi heyvanlar can verməmişdən qabaq ona çatıb başlarını İslama uyğun qaydada kəssəniz və onlardan kifayət qədər qan çıxsa, əti halal olacaqdır.

    Cahiliyyət dövrünün bütpərəstləri Kəbənin ətrafında həmişə xüsusi şəkildə olan bütlərdən fərqli olaraq, heç bir xüsusi forması olmayan müxtəlif daşlar qoymuşdular və onları «nüsub» adlandırırdılar. Bütpərəstlər heyvanları onların müqabilində qurbanlıq edir, qanını onların üstünə yaxırdılar. Qeyd olunan ayədə bu cür ətlər haram edilir və buyurulur: Bütlərin üstündə, yaxud qarşısında kəsilən heyvanların hamısı sizə haramdır. Bu cür ətlər maddi və cismani cəhətdən deyil, əsas etibarı ilə mənəvi və əxlaqi yöndən haram sayılır.

    AYƏ də haram olunan heyvanlardan biri də bəxt yoxlamaq məqsədi ilə kəsilərək bölüşdürülən heyvan ətləridir. Belə ki, on nəfər bir-biri ilə şərtləşib bir heyvan alır və onu kəsirdilər. Sonra, ucu itilənmiş olan və «əzlam» adlandırılan on dənə çubuğun yeddisinin üstünə «udmaq», üçünün üstünə isə «uduzmaq» yazılır, sonra bir kisəyə tökülür və onları püşk şəklində bir-bir çıxarırdılar. Yeddi uduş çubuğu hər kəsin adına çıxsaydı, ətdən müəyyən qədərini götürür və əvəzində heç nə vermirdi. Lakin uduzan çubuqlar kimin adına çıxsaydı, hər biri heyvanın pulunun üçdə birini ödəməli idilər, ətdən də onlara heç bir şey düşmürdü. İslamda belə ətlərin yeyilməsi ətin özünə görə deyil, qumar və bəxt yoxlamaq məqsədilə olduğuna görə haram edilmişdir.

    Sonra buyurulur: Həmçinin, ucları yonulmuş xüsusi bəxt yoxlama çubuqları vasitəsi ilə bölüşdürülən ətlər də sizə haram edildi.

    Aydındır ki, qumar və sair şeylərin haram edilməsi təkcə heyvan ətləri ilə əlaqədar deyildir. Onlar başqa şeylərlə oynanılsa da qadağandır. Ümumiyyətlə ictimai cəhətdən hesaba alınmayan faliyyətlərin ziyanları və ondakı xurafatçı proqramların hamısı qadağandır.

    AYƏ nin axırında onların haram edilməsi ilə əlaqədar bir daha buyurulur: Bu əməllərin hamısı fisq-fücur və Allahın itaətindən çıxmaqdır.
    ƏTDƏN İSTİFADƏ ETMƏKDƏ MÖTƏDİL YOL

    Yuxarıdakı bəhslərin məcmusundan, eləcə də rəvayətlərdən aydın olur ki, İslam dini özünün digər göstərişlərində olduğu kimi, ətlərdən bəhrələnmək barəsində də tamamilə mötədil bir yol seçmişdir. Cahiliyyət dövründə kərtənkələ, ölü heyvan, qan və sair kimi iyrənc şeylər yeyilirdi, müasir dövrdə də qərb ölkələrində hətta xərçəngin və müxtəlif növ həşəratların yeyilməsinə belə icazə verilir, hindistanlılar isə ətin yeyilməsini ümumiyyətlə qadağan edir. Amma bunların əksinə olaraq, müqəddəs İslam dini tərkibində pak qidası olan, insanda nifrət yaratmayan ətləri halal buyurmuş, bununla da qeyd olunan ifratçı və ya təfritçi üslubların əsassız olduğunu isbat etmiş, ətdən istifadə edilməsində də müəyyən şərtlər qoymuşdur.

    Yuxarıdakı hökmlər bəyan olunduqdan sonra iki dolğun mənalı cümlə ilə rastlaşırıq. Əvvələcə buyurulur: Bu gün kafirlər sizin dininizdən məyus oldular, buna görə də onlardan deyil, yalnız Məndən (Mənim əmr və fərmanlarımla müxalifət etməkdən) qorxun.

    Sonra buyurulur: Bu gün sizin dininizi kamil etdim, Öz nemətlərimi sizə tamamladım və bir din kimi İslamı sizin üçün bəyəndim.
    DİN HANSI GÜN KAMİL OLMUŞDUR?

    Bütün şiə müfəssirlərinin öz kitablarında qeyd etdiyi, məşhur şiə və sünni raviləri tərəfindən nəql olunan çoxlu rəvayətlərin təsdiq etdiyi və ayənin məzmunu ilə tamamilə uyğun gəldiyinə əsasən, yuxarıdakı iki cümlədə təkrar olunan «əl-yəum» (bu gün) kəlməsində məqsəd "Qədir-Xum” günüdür ki, həmin gündə Peyğəmbəri-Əkrəm (s) Həzrət Əlini (ə) rəsmi olaraq özünün ümmət arasındakı canişini təyin etdi. Məhz belə bir gündə İslam özünün kamil mərhələsinə çatdı. Kafirlər isə məyusluq və ümidsizlik tufanında qərq oldular. Onlar belə təsəvvür edirdilər ki, İslam dini bir şəxsə – Peyğəmbərə (s) bağlıdır və onun vəfat etməsilə vəziyyət tam əksinə dəyişəcək, İslam tədricən məhv olub aradan gedəcəkdir. Amma Peyğəmbərdən (s) sonra ümmət arasında elm, təqva, qüdrət və ədalət baxımından misilsiz olan bir insanın canişin seçildiyini, habelə camaatın ona beyət etməsini gördükdə onlarda İslamın gələcəyi barədə ümidsizlik yarandı və İslam dininin köklü və əbədi bir din olduğunu başa düşdülər.

    Burada diqqət yetirilməli və maraqlı məsələlərdən biri də budur ki, «Nur» surəsinin 55-ci ayəsində buyurulur: "Allah sizdən iman gətirib saleh əməl görənlərə vəd vermişdir ki, onlardan qabaqkıları yer üzünün varisləri və xəlifələri qərar verdiyi kimi, onları da yer üzünün xəlifələri qərar versin. Həmçinin vəd vermişdir ki, onlar üçün bəyənilən bir din müəyyən edib möhkəmləndirsin, onlara, qorxularından sonra aramlıq, xatircəmlik bağışlasın.”

    Bu ayədə isə buyurulur: «Onlar üçün bəyənilmiş dini yer üzündə möhkəmləndirəcəkdir.» «Nur» surəsinin «Maidə» surəsindən qabaq nazil olduğunu, eləcə də qeyd olunan ayədə Həzrət Əlinin (ə) vilayəti ilə əlaqədar nazil olan «və rəziytu ləkumul-İslamə dinən» (və sizə din olaraq İslamı bəyəndim) cümləsini nəzərə almaqla belə nəticə alınır ki, İslam dini yalnız vilayətlə yanaşı olduqda yer üzündə möhkəmlənib kök atacaqdır. Çünki Allahın bəyəndiyi və yer üzündə möhkəmlənəcəyinə dair vəd verdiyi İslam məhz bu İslamdır. Başqa sözlə, İslam o zaman dünya səviyyəsində yayılacaqdır ki, Əhli-Beytin (ə) vilayətindən ayrı düşməsin.

    Digər məsələ də budur ki, «Nur» surəsinin 55-ci ayəsinə hazırda bəhs olunan ayə ilə birlikdə nəzər yetirilməlidir. «Nur» surəsinin həmin ayəsində imanlı şəxslərə üç vəd verilmişdir: Birincisi yer üzündə xilafət, ikincisi, Pərvərdigara pərəstiş etmək üçün əmin-amanlıq və ruhi asudəlik, üçüncüsü isə, Allahın bəyənib razı olduğu dinin yer üzündə möhkəmlənməsi.

    Bu üç vəd Qədir-Xum günündə «əl-yəvmə əkməltu ləkum dinəkum» ayəsinin nazil olması ilə əməli olaraq gerçəkləşdi, çünki imanlı və əməlisaleh şəxsin kamil nümunəsi olan Əli (ə), Peyğəmbərin (s) canişinliyinə təyin edildi və «əl-yəumə yəisəlləzinə kəfəru min dinikum» (bu gün kafirlər sizin dininizdən məyus oldular) cümləsinin məzmununa əsasən, müsəlmanlar orada nisbi əminamanlıq və aramlıqda oldular. Eləcə də «və rəziytu ləkumul-İslamə dinən» (sizə din olaraq İslamı bəyəndim) ayəsinin məzmununa əsasən də Allahın razı olduğu din müsəlmanların arasında qərarlaşdı.[Ayənin bu hissəsi, çox həssas olduğuna, eləcə də müxaliflərin həsəd hissinin təhrik olunması mümkün olduğuna görə, murdar ətlərin haram edilməsi ilə əlaqədar olan ayələrin arasında yerləşdirilmişdir ki, təhrifdən amanda qalsın. Bu da eynilə öz cəvahiratlarını və qiymətli əşyalarını, bir kimsə onu tapa bilməsin deyə, başqa şeylərin arasına qoyaraq gizlədən bir şəxsə bənzəyir.]

    AYƏ nin axırında bir daha ayənin əvvəlindəki mətləblə əlaqədar məsələlərə qayıdır, insanın çıxılmaz vəziyyətə düşdüyü zamandakı hökm bəyan edilir və buyurulur: Aclıq zamanında haram ət yemək məcburiyyətində qalan şəxslərə, onun yeyilməsi günaha meyl etmədikləri halda halaldır. Çünki Allah bağışlayan və mehribandır, çıxılmaz vəziyyətdə bəndələrini çətinliyə salmır və onları cəzalandırmır.

    İNCƏ MƏTLƏBLƏR

    1. Bir məktəb və ideologiyanın davamlı olması onun rəhbərinə bağlıdır: kafirlər başqa şeylə yox, yalnız rəhbərin varlığı ilə məyus olurlar.

    2. Əgər cəmiyyətdə rəhbərlik (və vilayət) təyin olunarsa, müsəlmanların heç nədən qorxusu olmamalıdır.

    3. Kafirlərin ən böyük ümidləri müsəlmanların rəhbərinin vəfat etməsi idi ki, Əmirəl-möminin Əlinin (ə) rəhbərliyə təyin olunması ilə həmin ümid qapıları birdəfəlik bağlandı. Ümumiyyətlə, heç bir din rəhbərsiz kamil ola bilməz.

    4. Kafirlər rəhbər təyin olmamışdan öncə müəyyən qədər ümidvar idilər, Qədir-Xumda rəhbərin təyin olunması ilə məyus və naümid oldular. Deməli, Əli ibn Əbutalib (ə) təklikdə bütün kafirləri ümidsiz etmişdir.
    AYƏ 4:

    ﴿يَسْأَلُونَكَ مَاذَا أُحِلَّ لَهُمْ قُلْ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ وَمَا عَلَّمْتُم مِّنَ الْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ اللّهُ فَكُلُواْ مِمَّا أَمْسَكْنَ عَلَيْكُمْ وَاذْكُرُواْ اسْمَ اللّهِ عَلَيْهِ وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ سَرِيعُ الْحِسَابِ﴾
    TƏRCÜMƏ:

    «Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: «Bütün pak şeylər (ağılın qəbul etdiyi və insan təbiətinin meyl göstərdiyi ərzaq, geyim və digər yaşayış vasitələri) sizə halal edildi. (Həmçinin) Allahın sizə öyrətdiklərindən onlara öyrədərək təlim keçib əhliləşdirdiyiniz ov heyvanlarının (ovladıqları sizə halaldır). (Beləliklə) sizin üçün tutub saxladıqları hər bir heyvandan yeyin və (onları ov üzərinə göndərərkən) onun üçün Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz Allah tez hesab çəkəndir.»
    AYƏNİN NAZİLOLMA SƏBƏBİ

    Bu ayənin nazilolma səbəbi ilə bağlı bir neçə hadisə qeyd etmişlər ki, onların hamısından münasibi aşağıdakı hadisədir:

    Peyğəmbərin (s) səhabələrindən olan Zeydul-Xeyir və Ədi ibn Hatəm o Həzrətin (s) hüzuruna gəlib dedilər: "Biz itlərlə və tazılarla ov edirik. Onlar əti halal olan vəhşi heyvanları tutub bəzilərini bizim əlimizə diri çatdırırlar. Biz də onların başını kəsirik. Bəzilərini isə öldürürlər. Onların başını kəsməyə fürsət olmur. Halbuki murdar olmuş heyvan ətinin haram edildiyini bilirik. Biz nə etməliyik?” Yuxarıdakı ayə nazil olaraq onlara cavab verdi.
    TƏFSİR:
    HALAL OV

    Haram və halal ətlər barədə nazil olan əvvəlki ayədəki hökmlərin ardınca, bu ayədə də onların bir qisminə işarə olunur və bu barədə olunan suala cavab olaraq belə buyurulur: Səndən halal şeylər barəsində soruşurlar, onlara de ki, pakizə olan hər şey sizin üçün halaldır. Yəni İslamın qadağan etdiyi bütün şeylər natəmizliklər, napaklıqlar və çirkinliklərdir. İlahi qanunlar təbii olaraq insanın istifadəsi üçün yaradılan pak şeyləri heç vaxt qadağan etmir.

    Sonra ov barəsində buyurulur: Sizin təlim verdiyiniz, yəni Allahın sizə təlim verdiyi şeyləri öyrətdiyiniz ov itlərinin və sair ov heyvanlarının etdiyi ov sizin üçün halaldır. İtlərin ovladıqları heyvanlar sizin əlinizə diri halda çatsa, onun başı İslam qaydalarına uyğun olaraq kəsilməlidir. Amma əgər insan ona çatmazdan qabaq can verərsə, hətta başı kəsilməsə belə, halaldır.

    Sonra ayə əsnasında belə ovların halalolma şərtlərindən digər ikisi qeyd edilir: Şikarçı itlərin sizin üçün saxladığı ovlardan yeyin. Deməli, əgər ov itləri özlərinin ovladıqları heyvanın bir hissəsini yemək, qalanını isə saxlamağa adət etmiş olsa, belə ovlar halal deyildir və həqiqətdə belə itlər təlim görmüş sayılmır. Onların öz sahibi üçün saxladığına «ələykum» (sizin üçün) deyilmir. Əksinə, həmin heyvanı özü üçün ovlamış olur. Digər məsələ budur ki, ov itini ovun dalınca göndərdiyiniz zaman gərək Allahın adını çəkəsiniz.

    AYƏ nin sonunda bütün bu göstərişlərə riayət olunsun deyə, buyurulur: Allah qarşısında təqvalı olun. Həqiqətən, Allah hesablara çox sürətlə yetişəndir.
    AYƏ 5:

    ﴿الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ وَطَعَامُ الَّذِينَ أُوتُواْ الْكِتَابَ حِلٌّ لَّكُمْ وَطَعَامُكُمْ حِلُّ لَّهُمْ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلاَ مُتَّخِذِي أَخْدَانٍ وَمَن يَكْفُرْ بِالإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ﴾
    TƏRCÜMƏ:

    «Bu gün, pak olan şeylər sizə halal oldu. (Səmavi) kitab verilmiş kəslərin yeməyi sizə halal, sizin yeməyiniz onlara halaldır. (Həmçinin) zina əhli olmadan və gizlində qeyri-qanuni aşna saxlamadan, ismətli olub mehriyyələrini ödəyəcəyiniz təqdirdə möminələrdən olan azad və ismətli qadınlar(la), eləcə də sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən olan azad və ismətli qadınlar(la evlənmək sizə halaldır). Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır.»
    TƏFSİR:
    KİTAB ƏHLİNİN YEMƏYİNDƏN YEMƏK VƏ ONLARLA EVLƏNMƏK

    Əvvəlki ayələrin təkmilləşdiricisi olan bu ayədə əvvəlcə buyurulur: Bu gün pakizə olan şeylər sizin üçün halal oldu. Habelə, kitab əhlinin yeməkləri sizin üçün, sizin yeməkləriniz də onlar üçün halaldır. «Kitab əhlinin təamı» dedikdə məqsəd onların əli ilə kəsilən heyvan ətləri nəzərdə tutulmur.

    Bu ayənin təfsirində İmam Sadiq (ə) belə buyurur: «Kitab əhlinin təamı dedikdə onların kəsdikləri heyvanlar deyil, meyvələr və dənli yeməklər nəzərdə tutulur. Çünki onlar heyvanın başını kəsərkən Allahın adını zikr etmirlər.»
    QEYRİ-MÜSƏLMAN QADINLARLA EVLƏNMƏK

    Kitab əhlinin təamının halal olması bəyan edildikdən sonra bu ayədə həm müsəlmanlardan, həm də kitab əhlindən olan pak və iffətli qadınlarla evlənmə məsələsini irəli çəkərək buyurur: Müsəlmanlardan və kitab əhlindən olan pak-pakizə qadınlar sizin üçün halaldır. Yəni onlarla evlənə də bilərsiniz. Bu şərtlə ki, onların mehriyyələrini vermiş olasınız.

    Digər bir şərti budur ki, bu evlilik açıq-aşkarda olan zina, yaxud gizli dost seçmə yolu ilə deyil, qanuni evlənmə yolu ilə olmalıdır.

    Həqiqətdə ayənin bu hissəsi müsəlmanların qeyri-müsəlmanlarla evlənməsində mövcud olan məhdudiyyətləri azaldır və onların kitab əhlindən olan qadınlarla evlənməsinə müəyyən şərtlərlə icazə verir. Bu barədə əlavə məlumatlar fiqhi kitablarda qeyd olunmuşdur.

    Yuxarıdakı ayədə kitab əhli ilə qaynayıb-qarışmaq və onların qadınları ilə evlənməyin mümkün olması ilə əlaqədər bəyan edilən bəzi güzəştlərdən sui-istifadə olunmasının, eləcə də bilərəkdən, yaxud bilməyə-bilməyə onlara tərəf çəkilməyin qarşısını almaqdan ötrü ayənin axırında müsəlmanlara xəbərdarlıq edilərək buyurulur: Hər kəs iman gətirməli olduğu şeylərə kafir olsa və möminlərin yolunu buraxaraq kafirlərin yolunu seçsə onun əməlləri bada gedəcək, axirətdə də zərər çəkənlərin cərgəsində olacaq.

    Qeyd olunan güzəştlər müsəlmanların həyat və məişətində yaranacaq müəyyən çətinlikləri həll etməkdən əlavə, İslamın bu dinə yad olanların arasında genişlənməsinə, nüfuz etməsinə səbəb olmalıdır. Amma müsəlmanların onların dinlərindən və özlərindən təsirlənməsinə, nəticədə öz dinindən dönmələrinə səbəb olmamalıdır. Əks halda, onlara verilən cəzalar çox ağır olacaqdır.
    AYƏ 6:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَينِ وَإِن كُنتُمْ جُنُبًا فَاطَّهَّرُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مَّنكُم مِّنَ الْغَائِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ مَا يُرِيدُ اللّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَلَـكِن يُرِيدُ لِيُطَهَّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.»
    TƏFSİR:

    Keçən ayələrdə cismi pakizəlik və maddi nemətlər barəsində müxtəlif mövzular irəli çəkildi. Bu ayədə isə insan ruhunun paklığına səbəb olan məsələlər qeyd edilir, ruhun səfalı və pak olmasına səbəb olan dəstəmaz, qüsl və təyəmmümün hökmlərindən böyük bir qismi bəyan edilir. Əvvəlcə imanlı şəxslərə xitab edilərək dəstəmazın hökmləri aşağıdakı ardıcıllıqla bəyan edilir: Ey iman gətirənlər! Namaz üçün qalxanda üzünüzü və əllərinizi biləyə qədər yuyun, başınızın, eləcə də ayağınızın üstünə – ayağın üstündəki çıxıntıya qədər məsh çəkin.

    Buna əsasən, ayədə qolun yalnız yuyulacaq miqdarı qeyd olunur, amma onun necə yuyulması Əhli-beyt (ə) vasitəsi ilə bizə gəlib çatan Peyğəmbər (s) sünnəsində bəyan olunmuşdur. Bu da qolun dirsəkdən başlayaraq barmaqların ucuna tərəf yuyulmasıdır.

    Sonra qüslün hökmü izah edilir və buyurulur: Əgər cünub olsanız, qüsl edin. Aydındır ki, «fəttəhhəru» cümləsində məqsəd bədənin hər yerinin yuyulmasıdır. «Nisa» surəsinin 43-cü ayəsində də qeyd olunduğu kimi, «cünub» uzaqlaşan deməkdir. Cənabətli şəxsin «cünub» adlandırılmasının səbəbi həmin halda namazdan və paklıqla şərtlənən digər işlərdən çəkinməli olmasıdır.

    Yuxarıdakı ayədə «əgər cünub olsanız, namaz üçün qüsl edin» deyilməsindən məlum olur ki, cənabət qüslü dəstəmazın əvəzində kifayət edir.

    Daha sonra təyəmmümün hökmləri belə bəyan edilir: Əgər yuxudan qalxıb namaz qılmaq istəsəniz, xəstə, yaxud müsafir olsanız, ya sizin hər hansı biriniz ayaq yolundan qayıtsa, yaxud qadınlarınızla yaxınlıq etmisinizsə, bütün bu hallarda su tapa bilməyirsinizsə, pak torpaqla təyəmmüm edin.

    Təyəmmümün alınma qaydası icmali şəkildə belə bəyan edilir: Əllərinizi pak torpağa vurun, əllərinizdə qalan torpaqla üz və əllərinizə məsh edin.

    AYƏ nin axırında bu göstərişlərin heç birində müsəlmanlar üçün çətinlik qoyulmadığını, onların hamısının nəzərə çarpacaq dərəcədə məsləhət xatirinə bir qanun olduğunu bəyan etmək üçün buyurulur: Allah sizin zəhmətə, məşəqqətə düşməyinizi istəmir, əksinə, Onun nemətlərinə şükr edəsiniz deyə, sizi pak etmək və Öz nemətlərini sizə tamamlamaq istəyir. Həqiqətdə şərif ayə bir daha bu həqiqəti çatdırmaq istəyir ki, bütün ilahi göstərişlər və İslamın mütərəqqi proqramları insanların mənafeyinin qorunması istiqamətində qoyulmuş və bundan başqa heç bir şey nəzərdə tutulmamışdır. Allah-təala bu göstərişlərlə bəndələrə həm ruhi, həm də cismi paklıq bağışlamaq istəyir. Şərif ayənin axırıncı cümləsi ümumi bir qaydada buyurur ki, ilahi hökmlər heç bir halda üzücü mükəlləfiyyət formasında deyildir.
    AYƏ 7:

    ﴿ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ وَمِيثَاقَهُ الَّذِي وَاثَقَكُم بِهِ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ ﴾
    TƏRCÜMƏ:

    «Allahın sizə olan nemətini və «eşitdik və itaət etdik» dediyiniz zaman (peyğəmbərliyi və dini qəbul etməklə) sizinlə bağladığı əhd-peymanını xatırlayın. Allahdan qorxun ki, həqiqətən Allah ürəklərdə olanı biləndir.»
    TƏFSİR:

    Bu ayədə Allahın sonsuz nemətlərinin əhəmiyyəti bir daha müsəlmanlara xatırladılır ki, onların da ən mühümü iman və düz yola hidayətdir. Allah-təala buyurur: «Allahın sizə verdiyi nemətləri xatırlayın.» İslam dini sayəsində bütün nemətlərin, iftixarların və imkanların müsəlmanlara nəsib olmasından, əvvəllər tam mənada pərakəndə vəziyyətdə olan cahil, azğın, qaniçən, fasiq və dinsiz insanların mütəşəkkil, müttəhid, elmli, maddi və mənəvi imkanlara sahib olan bir cəmiyyət formasına düşməsindən də böyük nemət ola bilərmi?

    Sonra Allahla bağlanan əhd-peyman xatırladalaraq buyurulur: Allahın sizinlə bağladığı möhkəm zamanı «eşitdik və itaət etdik» dediyinizi unutmayın . Bu ayə həm təkvini, həm də təşrii əhd-peymanlara – həm fitrətin hökmü ilə Allahın insanlardan aldığı, həm də Peyğəmbəri-Əkrəmin (s) müxtəlif mərhələlərdə müsəlmanlardan aldığı əhd-peymanlara şamil ola bilər. Çoxlu rəvayətlərə əsasən, yuxarıdakı ayələrdəki əhd-peyman Həzrət Əlinin (ə) vilayət və rəhbərliyi barəsində alınan əhd-peymandır ki, Peyğəmbəri-Əkrəm (s) vida həccində, Qədir-Xum çölündə onlardan bu əhd-peymanı almış, onlar da qəbul etmişlər.

    AYƏ nin axırında təkidlə buyurulur: Təqvalı olun, Allah sizin qəlblərinizin sirlərindən agahdır.

    İmam Baqirdən (ə) nəql olunmuşdur ki, Peyğəmbəri-Əkrəm (s) vida həccində haram şeylərin haramlığını bəyan etmiş və Həzrət Əlinin (ə) vilayətinə itaət etməyin vacibliyini müsəlmanlara buyurmuşdur.[«Təfsiri-Burhan», 1-ci cild, səh. 454]
    AYƏ 8:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُونُواْ قَوَّامِينَ لِلّهِ شُهَدَاء بِالْقِسْطِ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلاَّ تَعْدِلُواْ اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.»
    TƏFSİR:

    Bu ayə möminləri ədalətin bərqərar edilməsinə dəvət edir. Əvvəlcə onlara xitab edərək buyurur: Ey iman gətirənlər! Həmişə Allah üçün qiyam edənlərdən olun, haqq-ədalətə şahidlik verin.[«Cəvamiül-cami» təfsiri, 3-cü cild, səh. 44]

    Sonra ədalət yolundan çıxma amillərindən biri xatırladılır və müsəlmanlara belə xəbərdarlıq edilir: Hər hansı bir qövmə qarşı sizdə olan ədavət və kinlər, eləcə də şəxsi işləriniz ədalətin icrasına mane olmamalı, başqalarının hüquqlarına təcavüz etməyinizə gətirib çıxarmamalıdır. Çünki ədalət bunların hamısından mühüm bir işdir.

    Həmin məsələnin kəsb etdiyi əhəmiyyətə görə bir daha ədalət məsələsinə təkid edilərək buyurulur: Ədalətli olun, çünki bu iş pərhizkarlığa daha yaxındır.

    Ədalət pərhizkarlıq və təqvanın mühüm yollarından olduğuna görə, ikinci dəfə əlavə təkidlə buyurulur: Allah qarşısında təqvalı olun, çünki Allah sizin bütün əməllərinizdən agahdır.
    AYƏ 9-10:

    ﴿ وَعَدَ اللّهُ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ. وَالَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُوْلَـئِكَ أَصْحَابُ الْجَحِيمِ ﴾
    TƏRCÜMƏ:

    9. «Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir.»

    10. «Kafir olub ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər.»
    TƏFSİR:

    9-cu ayədə Quranın həmişəki üslubuna uyğun olaraq, xüsusi dini hökmlər bəyan edildikdən sonra onun təkmil olunaraq tərtibə salınması, eləcə də ümumi qayda-qanunlara işarə edilməsi üçün yenə də ədalətin icra olunması və haqq şüarına təkid edərək buyurur: Allah-təala iman gətirib saleh əməllər görənlərə bağışlanmaq və böyük mükafat vədəsi vermişdir.

    Bunların da müqabilində 10-cu ayədə buyurulur ki, Allahı inkar edərək Onun ayələrini təkzib edənlər cəhənnəm əhlidir.

    Diqqət yetirilməlidir ki, birinci ayədə bağışlanmaq və böyük mükafat «ilahi vəd» kimi, cəhənnəm əzabı isə «yaramaz əməllərin nəticəsi» kimi göstərilərək belə əməl sahiblərinin həmin aqibətə düçar olacaqları buyurulur. Bu da həqiqətdə Allah-təalanın axirət aləmində bəndələrə verəcəyi mükafatlarla əlaqədar geniş rəhmət və mərhəmətini göstərir ki, bu iş insanın düzgün əməlləri ilə əsla müqayisə olunmazdır. Bu dünyanın cəzaları da intiqam xarakteri daşımır, sadəcə olaraq insanların öz nalayiq əməllərininin nəticəsidir.
    AYƏ 11:

    ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُواْ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَاتَّقُواْ اللّهَ وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ﴾
    TƏRCÜMƏ:

    «Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək və onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.»
    TƏFSİR:

    Müfəssirlər arasında bu ayənin hansı hadisəni bəyan etməsi ilə əlaqədar fikir ayrılığı olmasına baxmayaraq, onu sonradan qeyd olunacaq halların hamısına aid etmək olar. Belə ki, müsəlmanlar düşmənin hücumları və ya onların bəd niyyətləri qarşısında Allaha arxalanır və qələbə çalaraq xilas olurdular. Lakin ümumi halda Allahın nemətlərinin yad edilməsi bir növ şükürdür və insandan qürur və qəfləti uzaqlaşdırır, onun Allaha olan eşqini daha da artırır.
    İNCƏ MƏTLƏBLƏR

    1. Düşmən tərəfindən törənən təhlükələrin aradan qaldırılması ən böyük ilahi nemətlərdən biridir.

    2. Təqva, təfəkkür və imanla Allahın mərhəmətli nəzərlərini özünüzə cəlb edin, düşmənin təhlükələrini dəf edin və bununla yanaşı bilin ki, günah nəticəsində Allah insanın düşmənini ona müsəllət edər və Allaha diqqət yetirilməsi düşmənin dəf edilməsinə səbəb olar.
    AYƏ 12:

    ﴿وَلَقَدْ أَخَذَ اللّهُ مِيثَاقَ بَنِي إِسْرَآئِيلَ وَبَعَثْنَا مِنهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا وَقَالَ اللّهُ إِنِّي مَعَكُمْ لَئِنْ أَقَمْتُمُ الصَّلاَةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّئَاتِكُمْ وَلأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ فَمَن كَفَرَ بَعْدَ ذَلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ﴾
    TƏRCÜMƏ:

    «Həqiqətən Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: «Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir.»
    TƏFSİR:

    On iki nəfərdən ibarət olan Bəni-İsrail nəqibləri Həzrət Musanın (ə) vəzirləri və Bəni-İsraildən olan on iki tayfanın rəisləri idi. Rəsuli-Əkrəmdən (s) rəvayət olunur: «Məndən sonrakı xəlifələr də Bəni-İsrail nəqiblərinin sayı qədər, yəni on iki nəfərdir.»

    Əhli-Beyt (ə) yoluna müxalif olanlar əbəs yerə çalışaraq bu sayı Raşidi xəlifələrinə, eləcə də Bəni-Üməyyə və Bəni-Abbas xəlifələrinə uyğunlaşdırmaq istəyirlər, halbuki, həmin say onların heç biri ilə uyğun gəlmir. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan hədisdə əvvəldə Əli ibn Əbi Talib (ə), axırda isə Həzrət Məhdi (ə) olmaqla həmin on iki nəfərin hamısının adı qeyd olunub.

    «Əzzərə» kəlməsi (əzzərtumuhum) ehtiramla yanaşı olan kömək etmək, onun kökü olan «təzir» də günahkar və müqəssir şəxsin günahının tərk olunmasında ona bir növ kömək etmək mənasınadır. Deməli, İslamın cəza qanunları intiqamçılıq deyil, yalnız təlim-tərbiyə məqsədi güdür.[Müsnəd» (Əhməd ibn Hənbəl), 1-ci cild, səh. 398. «Səvaus-səbil» mö’tədil və orta yoldur ki, ondan çıxmaq insanı mə’nəvi süquta yönəldir.]
    İNCƏ MƏTLƏBLƏR

    1. Allahın bizimlə olmasının bir neçə şərti var: iman gətirmək, namaz qılmaq, zəkat vermək, peyğəmbərlərə kömək etmək və Allah yolunda infaq etmək. Bunlar olmazsa, Allahın bəndələrinə olan mərhəməti kəsilər.

    2. Namaz, zəkat, infaq bütün ilahi dinlərdə olan göstərişlərdəndir. Bunu da qeyd edək ki, təkcə vacibatın yerinə yetirilməsi kifayət deyildir. Vaciblər yalnız müstəhəbbi əməllərin yerinə yetirilməsi və haram işlərdən uzaq olmaqla birlikdə mühüm rol oynayır.

    3. Namaz, zəkat, infaq kimi işlər özünün həqiqi məfhum və mənasını məhz vilayət və rəhbərliklə yanaşı olduğu zaman tapır. O da bütün ilahi rəhbərlərin vilayət və rəhbərliyini qəbul etməkdən ibarətdir.

    4. Behişt mənəviyyatını itirmiş, ruhu çirkinləşmiş insanların yeri deyil. Əvvəlcə paklaşmaq, sonra behiştə getmək olar.

    5. Allahın əhdini əldə etməyin yolu iman və saleh əməldən ibarətdir.
    AYƏ 13:

    ﴿فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ لَعنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَنَسُواْ حَظًّا مِّمَّا ذُكِّرُواْ بِهِ وَلاَ تَزَالُ تَطَّلِعُ عَلَىَ خَآئِنَةٍ مِّنْهُمْ إِلاَّ قَلِيلاً مِّنْهُمُ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ﴾
    TƏRCÜMƏ:

    «Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik. (Belə ki,) (Allahın) sözlərin(in) yerini dəyişib təhrif edirdilər və xəbərdar edildikləri şeylərdən (Tövrat elmləri və İslam Peyğəmbərinin peyğəmbərlik nişanələrindən) olan layiqli pay(ların)ı unutdular. Sən həmişə onların – az bir qismi istisna olmaqla –xəyanətkarlıqlarından xəbərdar olacaqsan. Buna görə də (hələlik, nə qədər ki, cihada əmr olunmamısan) onlardan keç və üz döndər ki, həqiqətən Allah yaxşıları və yaxşı iş görənləri sevir.»[«Tövbə» surəsinin 77-ci ayəsində isə belə buyurulur: «Əhd-peymanı pozmaq nifaqa səbəb olur.»]
    TƏFSİR:

    1. Bu surənin ilk ayəsində əhd-peymanlara, müqavilələrə vəfalı qalmağa dair göstəriş verilməsi, 12-ci ayədə Allahın Bəni-İsrail ilə olan əhd-peymanı, bu ayədə isə onların əhd-peyman pozmaları irəli çəkildiyindən bu surəyə «Əhd» surəsi də demişlər.

    2. Əhd-peymanı pozmaq Allahın mərhəmətindən məhrum olmağa, insanın daşürəkli olmasına, qəlbinin bərkiməsinə zəmin yaradır.

    3. Xəyanət əhli olan Bəni-İsrail Allah dinini təhrif etdiyinə görə əzaba düçar oldu.
    AYƏ 14:

    ﴿وَمِنَ الَّذِينَ قَالُواْ إِنَّا نَصَارَى أَخَذْنَا مِيثَاقَهُمْ فَنَسُواْ حَظًّا مِّمَّا ذُكِّرُواْ بِهِ فَأَغْرَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء إِلَى يَوْمِ الْقِيَامَةِ وَسَوْفَ يُنَبِّئُهُمُ اللّهُ بِمَا كَانُواْ يَصْنَعُونَ﴾
    TƏRCÜMƏ:

    «Biz xaçpərəstlərik (Allaha köməyə qalxırıq) deyənlərdən (dünyada pəhrizkar olmaları, sözlərinin bir olması və dində parçalanmamaları barəsində) əhd-peyman aldıq. Onlar sonra xəbərdar edildikləri şeylərdən (İncilin tovhid məsələləri və İslam Peyğəmbərinin əlamətləri və sifətləri kimi təlimlərindən) olan layiqli pay(ların)ı unutdular. Buna görə də onların arasında Qiyamət gününədək düşmənçilik və kin yaratdıq. Tezliklə Allah onları etdiklərindən xəbərdar edəcəkdir.»
    TƏFSİR:

    Əvvəlki ayədə Bəni-İsrailin, burada isə məsihilərin əhd-peyman pozmasından söz açılır. Əvvəldə az bir qrup istisna olmaqla bütün Bəni-İsraildən əhd-peyman alınması bəyan edilir. Bu ayədə isə məsihilərdən az bir qrupun əhd-peyman pozmasına işarə edilir. Deməli, yəhudilərin yollarını azanları məsihilərlə müqayisədə daha çoxdur.

    Qeyd: «Nəsara», nəsrani kəlməsinin cəm formasıdır. Həzrət Məsihin (ə) köməkçilərinin şüarı «nəhnu ənsarullah» (biz Allah köməkçiləriyik) olduğuna görə məsihilərə nəsara deyilir.[«Səff» surəsi, ayə 14]

    Başqalarının əhd-peyman pozmaq nəticəsində düçar olduqları ağır və acı aqibətdən ibrət almaq lazımdır. Nəsranilər, onlardan alınan əhd-peymanları unutduqlarına görə bədbəxtliyə düçar oldular.

    Category: Nurul-Quran (Maidə surəsinin təfsiri) | Added by: Islam_Kitabxanasi (2012-06-25)
    Views: 1983 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024