AYƏ 29-30: وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي هَارُونَ أَخِي "Ailəmdən mənim üçün bir vəzir qərar ver–qardaşım Harunu.” اشْدُدْ بِهِ أَزْرِي وَأَشْرِكْهُ فِي أَمْرِي "Onunla arxamı möhkəmləndir, onu işimə şərik et.” كَيْ نُسَبِّحَكَ كَثِيرًا وَنَذْكُرَكَ كَثِيرًا "Beləcə, Səni çox pak anaq, çox zikr edək.” Nöqtələr "Vizr” sözündən olan "vəzir” sözü ağır yük mənasını bildirir. Başqa birinin də məsuliyyət yükünü öhdəsinə götürən şəxs "vəzir” adlanır. "Əzri” dedikdə "mənim arxam” mənası anlaşılır. Təfsirlərdə deyilir ki, İslam Peyğəmbəri (s) bu ayələri dəfələrlə oxuyar və buyurardı: "Pərvərdigara! Mən də Musa kimi öz əhlimdən vəzir istəyirəm.”("Ali-İmran”, 52) Həzrət Musa vəhyin qəbulu üçün çətinlik çəkmirdi. O yalnız peyğəmbərlik məsuliyyətinin və təbliğin ağırlığından vəzir istəyirdi. Harun Musadan 3 yaş böyük idi. O, Musadan 3 il tez dünyasını dəyişdi.("Ənfal”, 64.) Bütün sonrakı peyğəmbərlər Harun nəslindəndir. Əllamə Təbatəbai "Əl-mizan” təfsirində buyurur: "Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: ”Harun Musa üçün necə idisə, sən də mənim üçün eləsən.” "Mənzilət” hədisi adlanan bu hədis 100 dəfə sünnə, 70 dəfə şiə əhli tərəfindən nəql olunmuşdur.” İnsanın xalqdan kömək istəməsi onun Allaha təvəkkülü ilə zidd deyil və şirk sayılmır. Quranda dəfələrlə qarşılıqlı yardım məsələsinə toxunulur. "Maidə” surəsinin 2-ci ayəsində buyurulur: "Xeyir işdə bir-birinizə yardım göstərin.” Həzrət İsa (ə) buyurdu: "Allaha doğru hərəkətdə yardımçım kimdir?”("Kəhf”, 95.) Başqa bir yerdə peyğəmbərə cavab olaraq Allah buyurdu: ”Allah və ardınca gələn möminlər sənə bəs edər.”("Yusuf”, 109) Zül-Qərneyn də sədd tikərkən xalqdan yardım istədi.("Təfsire-nümunə”. )Hazırkı əhvalatda da həzrət Musa dinin təbliğində kömək üçün Allahdan layiqli insan istəyir. Bildirişlər 1. Firon kimi zalım güclə təkbaşına mübarizə aparmaq mümkün deyil. 2. İş mühümləşdikcə vəzir seçimi də həssas məsələyə çevrilir. Musa üçün vəziri Allah təyin etməli idi. 3. İnsanın yardımçısı onun öz əhlindən olsa daha yaxşıdır. (Əlbəttə ki, yaxınlar arasında əgər ləyaqətli şəxs varsa.) 4. Rəhbərlik və müdriyyət bir şəxsdə cəmlənməlidir. Başqaları isə onunla həmkarlıq etməlidir. 5. Həmkarlıq irəliləyiş səbəbidir. 6. Zalım qüvvələrlə mübarizə fəzasında təsbih və zikr gerçək olur. 7. Hakimiyyət və qüdrət fəlsəfəsi cəmiyyətdə mənəviyyatın bərpasıdır. 8. Peyğəmbərlərin vəzifəsi şirk, şəkk-şübhə və xurafatların qarşısını almaqdır. 9. Böyük məsuliyyət çoxlu təsbih və zikr tələb edir. 10. Öncə Allahı istənilən eyb və nöqsandan pak bilək, sonra zikr və şükürlə məşğul olaq. 11. Yalnız ardıcıl zikr dəyərlidir. Təhlükə zamanı hamı Allahı yada salır. إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا "(Pərvərdigara,) həqiqətən, Sən bizim halımızdan daim agahsan və görürsən.” قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَى "(Allah) buyurdu: ”Ey Musa! İstədiyin sənə verildi.” وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَى "Həqiqətən, Biz növbəti dəfə sənə minnət qoyduq (səni Öz nemətlərimizdən bəhrələndirdik.)” Bildirişlər 1. Peyğəmbərlər özlərini daim Allahın hüzurunda görürlər və Onun məsləhətindən razıdırlar. 2. Allah hər şeydən xəbərdar olsa da, Ona dua etmək bəyənilmişdir. 3. Əgər istək düzgün, dua xalisanə (səmimi) olsa, onların qəbulu qətidir. 4. Allahın ətası hikmət və bəsirətə əsaslanır. 5. Bir şəxsə müəyyən iş tapşırdıqda onu tələb olunan vasitələrlə təmin edək. 6. İlahi nemətlər insanların ləyaqəti yox, Allahın mərhəməti əsasında nazil olur. 7. Allahın lütflərini heç vaxt yaddan çıxarmayaq. إِذْ أَوْحَيْنَا إِلَى أُمِّكَ مَا يُوحَى "(Nemətə çatdırdıq,) o zaman ki, anana lazım olanı vəhy etdik.” أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِّي وَعَدُوٌّ لَّهُ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِّنِّي وَلِتُصْنَعَ عَلَى عَيْنِي "(Ona belə vəhy etdik:) Öz körpəni bir sandığa qoy, sonra onu dəryaya at. Qoy dərya onu sahilə çıxarsın. Və Mənim və onun düşməni onu götürsün. (Ey Musa,) Mən Öz tərəfimdən sənin üçün məhəbbət yetirdim ki, (səni sevələr və) Mənim nəzərim altda ərsəyə çatasan.” Nöqtələr Ayədə vəhy deyərkən ilham, təlqin nəzərdə tutulur. Şübhəsiz ki, söhbət peyğəmbərlərə məxsus vəhydən getmir. Çünki risalət kişilərə məxsusdur.("Səcdə”, 17. ) "Tabut” dedikdə sandıq, "yəmm” dedikdə dərya nəzərdə tutulur. "Yəmm” sözü Quranda səkkiz dəfə və hər dəfə həzrət Musanın əhvalatı ilə bağlı işlədilmişdir. Bu gün sənət sözü yalnız istehsalla bağlı işlədilirsə, Quran insan tərbiyəsi ilə bağlı da uyğun sözdən istifadə edir. Allah bir işin gerçəkləşməsini istəyən kimi, onun bütün müqəddimələri hazır olur. Musanın hifzi üçün onun anasına ilham edilir ki, övladını dəryaya atsın. Dəryaya əmr olunur ki, sandığı sahilə çıxarsın. İş bununla başa çatmır. Düşmənə sandığı götürmək təlqin olunur, həm də körpənin məhəbbəti onun qəlbinə salınır. İmam Baqir (ə) buyurur: "Allah xalqın qəlbində Musaya elə bir məhəbbət yaratmışdı ki, onu görən dərhal sevirdi.("Məryəm”, 52) Dünya bağlılıqlarında və dostluqlarından qurtuluş kamilliyə çatmaq rəmzidir. O cümlədən: a) Özünə əsir olmamaq (İbrahim oda atılmasına razı oldu.); b) Zövcəyə əsir olmamaq (İbrahim öz zövcəsini otsuz-susuz Məkkədə qoyub getdi.); v) Övlada əsir olmamaq (Musanın anası öz körpəsini dəryaya atdı; İbrahim İsmaili qurban verməklə razılaşdı.); q) Şəhvət əsiri olmamaq (Yusif Əzizi-Misrin zövcəsinin işrət təklifini rədd etdi.); e) Yuxu əsiri olmamaq (Gecə yarı namazın savabını Allahdan başqa kimsə bilmir.);("Taha”, 13) Bildirişlər 1. Bəzən valideynə xatir xüsusi lütf olunur. 2. Qadın elə bir məqama çata bilər ki, Allah ona ilham edər. (Bu, sadəcə bir ilham deyildi. Çünki Musanın anası bu ilham vasitəsi ilə öz övladını dalğaların qoynuna atdı.) 3. Peyğəmbərlərin hərəkatında qadınlar da rol oynamışdır. 4. Dərya varlıq aləminin bir hissəsi kimi Allahın əmrinə tabedir. 5. "Əduvv” (düşmən) sözünün təkrarlanması zalım hakimlərin ilahi peyğəmbərlərə qarşı ədavətinin dərinliyini göstərir. 6. Əgər Allah istəsə, düşmən də xeyirə səbəb olar. 7. Sevimlilik ilahi lütflərdən biridir. Qəlblər də, məhəbbət də Ona məxsusdur. 8. Allahın övliyaları Onun xüsusi nəzər və tərbiyəsi altındadır. إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَى مَن يَكْفُلُهُ فَرَجَعْنَاكَ إِلَى أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَى قَدَرٍ يَا مُوسَى "O zaman bacın (sandığın ardınca saraya) gedib dedi: «Sizə onu (körpə Musanı) öhdəsinə götürəcək bir şəxs tanıtdırımmı?» (Onlar qəbul etdilər.) Ananın gözünə işıq gəlsin və qəmdən qurtulsun deyə Biz səni (bu sayaq) anana qaytardıq. (Ey Musa,) sən bir şəxsi qətlə yetirdin. Biz səni qəmdən xilas etdik, müxtəlif sınaqlara çəkdik. Bir neçə il Mədyən camaatının yanında qaldın. Sonra təyin olunmuş vaxtda (peyğəmbərliyin qəbulu üçün buraya) gəldin.” Nöqtələr Firon sandığı sudan çıxardığı vaxt öncə körpəni öldürmək istədi. Amma zövcəsi onu bu işdən çəkindirdi. Uşağa süd vermək üçün dayələr dəvət olundu. Amma Musa heç bir qadının südünü qəbul etmədi. Firon hökuməti bu uşaq qarşısında aciz qaldı. Musanın məsələdən xəbər tutan bacısı oraya gəlib adi halda dedi: "Mən sizə elə birini tanıtdıraram ki, uşaq onun döşünü qəbul edər.” Bəli, Musa bu sayaq anasının qoynuna qayıtdı. Həzrət Musanın həyat və mübarizə yolunda bir neçə qadın mühüm rol oynamışdır. (Musanın anası, Musanın bacısı, Musanın zövcəsi və Fironun zövcəsi.) Peyğəmbərlərin başına gələn hadisələr bəzən bir-birinə oxşayır. Məsələn, həzrət Musanın əhvalatı həzrət Yusifin əhvalatına bir neçə baxımdan oxşardır: a) Hər iki peyğəmbər bir müddət sarayda yaşamışdır; b) Onlardan heç biri saray həyatını özü seçməmişdir; v) Hər iki peyğəmbərin ata-anası övladdan ayrılıq ağrısını yaşamışlar; q) Sonda hər iki peyğəmbər valideyninin yanına qayıtmışdır; e) Hər iki şəxs başqa birinin fitnəsinə düşmüşdür; həzrət Yusif qardaşlarının, Musa isə Fironun fitnəsinə düçar olmuşdur; ə) hər iki şəxsin həyatında saray qadını rol oynamışdır. Əzizi-Misrin zövcəsi Yusifin həyatında mənfi, Fironun zövcəsi Musanın həyatında müsbət rol ifa etmişdir. Bildirişlər 1. Zalım quruluşda istər qadın, istər kişi, hər bir haqq tərəfdarı mübarizə vəzifəsini yetərincə icra etməlidir. 2. İlahi lütflər əldə etmək üçün hərəkət lazımdır. 3. Öz haqq və məntiqi təkliflərimizi mülayimliklə bəyan edək. 4. Sirləri faş etməyək. 5. Övlada süd vermək bəs etmir, onu tam himayə etmək lazımdır. 6. Allah Öz vədlərinə vəfalıdır. (İmam Baqir (ə) buyurur: "Övlad öz anasından 3 gün ayrı düşdü.”) 7. Övladın normal inkişafı üçün ən zəruri şərt ananın himayəsidir. 8. Ananın razılığı Allah hüzurunda xüsusi dəyərə malikdir. 9. Görülən işlərin doğuracağı reaksiyadan nigarançılıq xalislik və ismətə zərbə vurmur. (Musa bilmədən bir qibtini öldürmüşdü. Bu, günah olmasa da Musa nigaran və qəmgin idi.) 10. İlahi insanların qarşısında çətin sınaqlar olur. Peyğəmbərlər də çətin hadisələrin acısını dadmalıdırlar. Buna görə də illər uzunu saray həyatından sonra biyabanda çobanlığa başlayır. 11. Çətin mərhələləri adladıqdan sonra ilahi və mənəvi məqama çatmaq üçün müqəddimə gəlir. 12. Məsuliyyətlərin, ilahi yardımların və lütflərin öz vaxtı və hesabı var. |