AYƏ 130: فَاصْبِرْ عَلَى مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا وَمِنْ آنَاء اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَى "Onların dediklərinə səbir et. Günəş doğmamışdan və qürub etməmişdən öncə Rəbbinə sitayişlə Ona təsbih de. Gecənin bəzi vaxtlarında və gün ətrafı təsbih söylə. Ola bilsin ki, razı qalasan (xoşhal olasan).” Nöqtələr Allah-təala Qurani-kərimdə 19 dəfə Peyğəmbərə (s) səbir göstərişi verir. Bu ayə də "Bəqərə” surəsinin 45-ci ayəsi kimi Peyğəmbəri (s) səbrə və Rəbbinə sitayişə çağırır. Ayədə zahirən Peyğəmbərə (s) müraciət olunsa da, göstərişlər ümumi ünvanlanmışdır. Bəzi rəvayətlərə və bəzi təfsirçilərin nəzərinə əsasən, ayədə gündəlik yövmiyyə namazları, gün uzunu qılınası namazlar nəzərdə tutulur. "Gün ətrafı” dedikdə isə gündəlik müstəhəb nafilə) namazlarına işarə olunmuşdur. Bildirişlər 1. Allahın tədbirinə, əzabın qanunauyğunluğuna, ilahi sünnələrə diqqət səbir və təsbih üçün müqəddimədir. 2. İnsanın səbri onun rastlaşdığı çətinliklər həddində olmalıdır. 3. Allaha həmd-səna və onun təsbihi düşmənin inadkarlıqları və təbliğatları qarşısında ruhiyyəni gücləndirən vasitədir. 4. Allaha sitayiş və həmd-səna yolu ilə Ona tasbih edilir. 5. Çirkinliklərdən təmizlənmək yaxşılıqlarla zinətlənməkdən öndə gəlir. Təsbih (Allahı pak bilmək) həmddən müqəddəmdir. 6. Quran təbii meyarlardan istifadə etməklə vəzifələr üçün zaman müəyyənləşdirir. 7. İlahi təsbih və həmd-səna günəşin tülu (doğuş) və qürubundan öncə xüsüsi təsirə malikdir. 8. Vaxtımızı ilahi zikrlə keçirək. Belə etsək, boş fikirlərə yer qalmaz. 9. Gecə təkcə yatmaq üçün deyil. Onun bir hissəsini ibadət üçün ayırmaq lazımdır. 10. Bütün şərtlər ödəndikdə Allahın zikri böyük nəticələr verir. (Allah zikri təklikdə bəs etmir, səy, vəhdət, ixlas kimi digər şərtlər də ödənməlidir.) 11. Təkamülün ən üstün dərəcəsi razılıq məqamıdır. (Təkamülün dərəcələri var: Səbir, Allahı pak bilmək, Allaha həmd-səna, sitayiş, Allahın qəza-qədərindən razılıq.) وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَى مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِّنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنيَا لِنَفْتِنَهُمْ فِيهِ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَى "Heç vaxt onlardan bir dəstəsinə verdiyimiz dünya malına göz dikmə. (Dünya malı) dünya həyatının bir cilvəsidir və bununla onları sınamaq istəyirik. Rəbbinin ruzisi isə daha üstün və daha davamlıdır.” Nöqtələr Nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: "Gözü xalqın əlində olan kəsin qəm-qüssəsi uzanar, qeyzi yerində qalar.”("Təfsire-kəbire-Fəxr Razi”; "Təfsire-dürrül-mənsur”; "Təfsire-Məcməül-bəyan”.) Qurani-kərim dünya malını xeyir, fəzl, zinət saysa da("Təfsire-Əl-mizan”. ) ona əsir olmağı məzəmmət edir. Çünki dünya həyatının ömrü çiçək tək qısadır və bir küləklə sona çatır. Bildirişlər 1. Yalnız dünyanın bər-bəzəyinə uymayan insan Allahın razılıq məqamına çata bilər. (Bəli, maddiyyata vurğun insan daim əskiklik hiss edir və Allahdan razı qalmır.) 2. İnsan təbii şəkildə maddiyyata meyl göstərir. Amma bu meyl cilovlanmalıdır. 3. Əsarət və bağlılığın müqəddiməsi baxışdır. Gözün də, qəlbin də, əlindən aman, Könül bəndə düşür göz görən zaman. 4. Ümmətin rəhbərinin başqalarının malında gözü olmamalı, diqqəti maddiyyata, başqalarının dəbdəbəli həyatına yönəlməməlidir. 5. Maddi görüntülər hətta peyğəmbərlər üçün təhlükə yarada bilər. 6. Hər dünya malı və hər ləzzət vasitəsi ilahi nemət sayılmır. 7. Kafirlər arasında dünyadan ləzzət almayanlar da var. 8. Dünya görüntüləri heç zaman açmayan qönçə kimidir. 9. Dünya həyatının görüntüləri insan üçün sınaq vasitəsidir. 10. Başqalarının əlində olan yox, öz əlimizdə olanlar haqqında düşünək. 11. Ruzi vermək Allahın rübubiyyət şənindəndir. 12. İnsan öz ixtiyarında olanların hamısından faydalana bilmir. Bəzilərinin bütün imkanları olsa da, çox az şeylərdən istifadə edirlər. 13. İstənilən bir şeyi dəyərləndirmək üçün iki meyar var: Xeyirlilik və davamlılıq. وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَّحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى "Ailənə namazı əmr et. Özün bu işdə möhkəm ol. Biz səndən ruzi istəmirik, sənə ruzi veririk. (Yaxşı) aqibət təqva əhli üçündür.” Nöqtələr Çoxsaylı rəvayətlərdə bildirilir ki, bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) bir neçə ay ardıcıl Əli (ə) və Fatimənin (s) qapısını döyüb buyururdu: "Namaz!” Sonra həzrət "Təthir” ayəsini oxuyurdu.("Təfsire-furqan”.) Həzrət Peyğəmbər (s) sıxıntıya düşdüyü vaxt bu ayəni oxuyar və ailəsinə namaz göstərişi verərdi.("Təvilul-ayat”, s. 317. ) "İstəbir ələyha”, yəni həm namazın icrasında, həm də ona çağırışda möhkəm ol. Bildirişlər 1. Əmr be məruf (yaxşılığa əmr) maddiyyat əsiri olmayanlara daha çox təsir göstərir. 2. İslam cəmiyyətinin rəhbəri öz ailəsindən xəbərsiz olmamalıdır. 3. Kişi öz ailəsinin etiqadına görə məsuliyyət daşıyır. Ailənin təkcə maddi ehtiyaclarını ödəmək yetərli deyil. 4. Əmr be məruf üçün ən mühüm ünvanlardan biri insanın ailəsi və yaxınlarıdır. ("Əhl” dedikdə təkcə ailə-övlad yox, bütün ev əhli nəzərdə tutulur.) 5. Təbliğatçı ilkin mərhələdə öz ailəsini doğru yola çağırmalıdır. 6. Tərbiyənin ilk mərhələsi ailə ocağında gerçəkləşir. 7. Bütün göstərişlər arasından namaz göstərişinə önəm verilməsi ailə üzvlərinin sığortalanma rəmzidir. 8. Dünya bağlılıqları və dəbdəbəsindən namaza sığınaq. 9. Namaz xeyir əməlin ən bariz nümunələrindəndir. 10. Namazın ailə üçün mühüm əhəmiyyəti var. Valideyn bu məsələyə diqqətli olmalıdır. 11. Əmr be mərufda davamlılıq və möhkəmlik şərtdir. 12. İbadətlərimizin Allaha heç bir faydası yoxdur. Namaz özümüz üçün faydalıdır. 13. Yaxşılığa çağırış ciddi olmalı, işin sonu açıqlanmalıdır. 14. Namaz paklıq və təqva üçün zəmin yaradır. 15. Xoş aqibət maddiyyat yox, ilahi təqva sayəsində əldə olunur. وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِّن رَّبِّهِ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَى "(Kafirlər) dedilər: «Nə üçün (Peyğəmbər) öz Rəbbi tərəfindən bizim üçün möcüzə və nişanə gətirmir?» Məgər əvvəlki kitablarda onlar üçün aşkar dəlil və nişanə gəlməmişdimi?!” Nöqtələr Müşriklər tələb edirdilər ki, İslam Peyğəmbəri (s) də həzrət Musa kimi möcüzələr göstərsin. Amma Allah-təala buyurur: "Quran möcüzəsinin bütün əvvəlki möcüzələrdən üstün olduğunu bilmirsinizmi?! Məgər həmin möcüzələr qarşısında inadkarlıq göstərmədilərmi?!” Əvvəlki kitablar dedikdə Tövrat, İncil və Zəbur nəzərdə tutulur. Bildirişlər 1. Bəhanə xarakterli tələblərə məhəl qoymamaq lazımdır. (Bu sayaq tələblər inadkar və təkəbbürlü insanlara aiddir. Onlar aşkar dəlili bir kənara qoyub, başqa tələblər irəli sürürlər.) 2. Əsas məsələ möcüzə yox, qarşı tərəfin qəbul ruhiyyəsidir. وَلَوْ أَنَّا أَهْلَكْنَاهُم بِعَذَابٍ مِّن قَبْلِهِ لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَى "Əgər Biz onları (Peyğəmbərin (s) gəlişi və Quranın nazil olmasından) əvvəl əzab göndərib həlak etsəydik deyərdilər: «Pərvərdigara! Nə üçün bizə peyğəmbər göndərmədin? Biz zəlil və xar olmazdan öncə Sənin ayələrinə itaət edərdik.»” Bildirişlər 1. Peyğəmbərlərin gəlişində məqsəd höccəti tamamlamaq, yetərli dəlillər gətirmək və bəhanəyə yer qoymamaqdır. 2. Qanun elan edilməmiş cəzalandırılmaq ədalətdən kənardır. 3. Xalq dinləsə də, dinləməsə də dinin təbliği vacibdir. Təbliğ olmayan yerdə insanların etiraz haqqları var. 4. Peyğəmbərlərə tabeçilik izzət və hörmət səbəbidir. قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوا فَسَتَعْلَمُونَ مَنْ أَصْحَابُ الصِّرَاطِ السَّوِيِّ وَمَنِ اهْتَدَى "De ki, (biz və siz) hər birimiz intizardayıq. Gözləyin, tezliklə kimlərin doğru yolda olduğunu və kimin hidayət tapdığını biləcəksiniz.” Nöqtələr "Doğru yol səhabələri” dedikdə məsum imamlar, "hidayət tapanlar” dedikdə onların ardıcılları nəzərdə tutulur.(Təfsire-nümunə”.) İmam Kazim (ə) uyğun ayə ilə bağlı buyurur: "Doğru yol bizim Qaimin (imam Mehdinin (ə)) yoludur. Yalnız ona itaət edənlər hidayət tapanlardır.("Əraf”, 16. ) Bildirişlər 1. Peyğəmbər xəbərdarlıq edib qorxutmağa vəzifəlidir. 2. Zaman və tarix bütün qaranlıqlara işıq salır. 3. Kafirlər özlərini doğru yolda sayırlar. 4. İslam ifrat və təfritdən uzaq olan orta məktəb, müsəlmanlar isə doğru yolu (hidayət) tapmış kəslərdir. |