Ayə 19: أَفَمَن يَعْلَمُ أَنَّمَا أُنزِلَ إِلَيْكَ مِن رَبِّكَ الْحَقُّ كَمَنْ هُوَ أَعْمَى إِنَّمَا يَتَذَكَّرُ أُوْلُواْ الأَلْبَابِ "Məgər Rəbbin tərəfindən sənə nazil olanın haqq olduğunu bilənlə görməyən kəs eynidirmi? Həqiqətən, yalnız düşüncə sahibləri öyüd götürür.” Nöqtələr Ötən ayədə peyğəmbərlərin həyatverici dəvətini qəbul edənlər haqqında danışıldı. Bu və bundan sonrakı ayələrdə dəvəti qəbul etməyin təsirlərinə işarə olunur. İnsanda fitrət, əql, elmi beyni (mərkəzi) var. Bəzən adət-ənənə, xurafat və nəfs istəkləri bu mərkəzin üstünə pərdə çəkir. Bu səbəbdən də insan daim adı çəkilən mərkəzlərə diqqətli olmalıdır. QURANDA DÜŞÜNCƏ SAHİBLƏRİNİN SİMASİ "Ulul-əlbab” (düşüncə sahibləri) ifadəsi Quranda 16 dəfə, müxtəlif vəsflərlə bəyan olunmuşdur. O cümlədən: 1. Hökmlərin əsrarını anlayarlar; 2. Gələcəyi nəzərə alarlar; 3. Dünyanı dayanacaq yox, keçid sayarlar; 4. Tarixdən ibrət götürərlər; 5. Yetərli məntiqi qəbul edərlər; 6. Gecə namazı və ibadət əhlidirlər. Bildirişlər 1. Quran həqiqətdən xəbərsiz insanı kor sayır. 2. Cin insan fitrətinə uyğundur. Qəfləti aradan qaldırmaq üçün yalnız xəbərdarlıq lazımdır. 3. İnsanı səmavi kitabın həqiqətinə yetirməyən ağıl ağıl deyil. 4. Faydalı elm düşüncə və zikr məhsuludur. 5. Sağlam ağıl və saf fitrət əldə etmək üçün günah və qəflətdən qurtulmaq lazımdır. الَّذِينَ يُوفُونَ بِعَهْدِ اللّهِ وَلاَ يِنقُضُونَ الْمِيثَاقَ "(Düşüncə sahibləri) ilahi əhdə vəfa qılan və əhdi pozmayan kəslərdir.” Nöqtələr "Əhdillah” dedikdə həm fitri, həm əqli, həm şəri, həm də insanlar arasındakı əhdlər nəzərdə tutulur. Haqq-ədalətə eşq fitri əhd, varlıq aləminin, yaranış və məadın həqiqətlərinin dərki əqli əhd, vacib hökmlərə əməl, haramlardan çəkinmək şəri əhd, insanlar arasındakı hər hansı müqavilə insanlararası əhd sayılır. Allah insanlara haqq əsasında öz aralarında bağladıqları əhdə əməl etməyi vacib buyurmuşdur. Ən mühüm ilahi əhdlərdən biri səmavi rəhbərlərin imamətidir. Həzrət İbrahim çoxsaylı sınaqlardan sonra imamət məqamına çatıb, Allahdan övladları üçün belə bir məqam istədi. Allah imamət məqamının mahiyyətini aydınlaşdırmaq üçün belə buyurdu: "Mənim əhdim (imamət) zalımlara yetişməz.” "Misaq” dedikdə insanın qəlbdən əmin olduğu bir şey nəzərdə tutulur. İlahi rəhbərin varlığı insanın qəlbinə və ruhuna aramlıq verdiyindən "misaq” nümunələrindən sayılmışdır. Valideynə hörmət, əmanətin qaytarılması kimi əhdə vəfadarlıq təkcə İslamda deyil, həm də insan haqlarındandır. Çünki hər bir düşüncəli insan bu vəzifələrə əməl etməlidir. Bildirişlər 1. Düzgün və sağlam düşüncə insanı Allah dininə vəfalı edir. 2. Əhdə vəfa ağıl və düşüncə nişanələrindəndir. 3. İctimai müqavilələrə hörmət düşüncə sahibi olan möminin xüsusiyyətlərindəndir. وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللّهُ بِهِ أَن يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الحِسَابِ "(Düşüncə sahibləri) Allahın əmri ilə birləşməli olanları birləşdirən, Rəbbinin hüzurunda və sorğu-sualın çətinliyindən qorxan kəslərdir.” Nöqtələr Rəvayətlərdə deyilir ki, birləşdirilməsi Allah tərəfindən əmr olunan həqiqət sileyi-rəhm, yəni ailə bağlılıqlarının qorunması, o cümlədən məktəb bağlılıqlarının hifz olunması, səmavi rəhbərlə daimi və dərin rabitə, vilayət xəttinə itaətdir. Əsrimizdə ötəri bir baxışla görmək olar ki, yer üzünün ən böyük və ən mühüm sərmayəsinə - neftə, bir milyard insanın vəhdət nöqtəsi olan Kəbəyə, ən üstün məktəb və məntiqə malik olmalarına baxmayaraq, müsəlmanlar ilahi rəhbər məsələsinə biganə qaldıqlarından dünyanın zalım güclərinin sıxıntısı altındadırlar. "Bəqərə” surəsinin 27-ci ayəsində buyurulur: "Allahla əhd bağladıqdan sonra onu pozanlar, birləşdirilməsi Allah tərəfindən əmr olunmuşu parçalayanlar, yer üzündə fitnə-fəsad törədənlər, məhz belələri ziyana uğrayanlardır!” Yalnız qohumluq əlaqələrinin kəsilməsi ilə yer üzünü fitnə-fəsadın bürüməsi inandırıcı görünmür. Şübhəsiz ki, əsas bəla ilahi rəhbərə itaətsizlikdədir. Məhz bu səbəbdən müsəlmanlar zalım qüvvələrin pəncəsinə düşmüş, müsəlman məmləkətlərini fəsad və yoxsulluq bürümüşdür. Allahın qorunmasını əmr etdiyi rabitələr çeşidli və çoxdur. O cümlədən: alimlərlə elmi rabitələr ; xalqla ictimai rabitələr ; valideynlə mənəvi rabitələr ; yoxsullarla iqtisadi rabitələr ; cəmiyyətin idarəçiliyində düşüncə rabitələri ; vilayətlə, rəhbərlə siyasi rabitələr ; möminlərlə hərtərəfli rabitələr ; Allahın övliyaları ilə mənəvi rabitələr . SİLEYİ-RƏHM (QOHUMLARLA ƏLAQƏ, QOHUMLARA EHSAN) Sileyi-rəhm dedikdə təkcə görüşmək nəzərdə tutulmur. Maddi yardımlar da sileyi-rəhm nümunələrindəndir. İmam Sadiq (ə) buyurur: "İnsanın var-dövlətində zəkatdan əlavə, başqalarının haqqı var.” Sonra imam bu ayəni oxumuşdur. Ola bilsin ki, imam başqalarının haqqı dedikdə xümsü nəzərdə tutmuşdur. Allah-təalanın sileyi-rəhm həqiqətini Öz adı ilə yanaşı zikr etməsi bu həqiqətin əhəmiyyətini yetərincə işıqlandırır. "Ərham”, yəni "qohumlar” dedikdə təkcə ailə və yaxınlar yox, həm də bütün fərdlərin qardaş olduğu İslam cəmiyyəti nəzərdə tutulur. Bu söz möminlərin atası olan həzrət Peyğəmbər (s) və həzrət Əliyə (ə) də şamil olunur. Həzrət Peyğəmbər (s) buyurur: "Mən və Əli ümmətin atasıyıq.” İmam Sadiq (ə) dünyadan köçmək astanasında ikən göstəriş verdi ki, onun üzünə ağ olmuş qohumlara hədiyyə verilsin. Həzrət bu işinə görə məzəmmət olunduqda yuxarıdakı ayəni oxudu. Bizə belə öyrədilmişdir ki, qarşı tərəfin bizə məhəbbəti və xoş gümanlığı sileyi-rəhm şərti deyil. "Yəxşəvnə Rəbbəhum” və "yəxafunə suəl hisab” ifadələri haqqında danışarkən deməliyik ki, "xəşyət” və "xovf” sözləri bəzən eyni mənanı bildirsə də, əslində fərqli mənalara malikdir. "Xəşyət” dedikdə hörmət və qarşı tərəfin əzəmətindən doğan qorxu, "xof” dedikdə isə istənilən bir qorxu və iztirab nəzərdə tutulur. Hər hansı acı hadisə ilə bağlı "xəşyət” sözü işlədilmir. İnsan soyuqdan və xəstəlikdən qorxusunu "xəşyət” sözü ilə ifadə etmir. Belə çıxır ki, "xəşyət” alimlərə, "xof” isə bütün xalqa aid olan haldır. Quranda buyurulur: "Yalnız alimlərin Allahdan qorxusu ("xəşyəti”) var.” Bildirişlər 1. Əqidə məktəbi və ilahi bağlılıqların qorunması həqiqi ağıl nişanəsidir. 2. Biz Allah əmrinə əsasən yaxınlarımızla bağlılıqda olmalı və onların bu bağlılıqda maraqlı olub-olmadıqlarını nəzərə almamalıyıq. 3. Qohumlarla görüşdə günahdan, o cümlədən göz günahından çəkinin. 4. Həm Allahın əzəmətindən, həm də Onun cəzasından qorxun. 5. Qohumlarla əlaqəni kəsmək Qiyamət hesabını ağırlaşdıran səbəbdir. وَالَّذِينَ صَبَرُواْ ابْتِغَاء وَجْهِ رَبِّهِمْ وَأَقَامُواْ الصَّلاَةَ وَأَنفَقُواْ مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلاَنِيَةً وَيَدْرَؤُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُوْلَئِكَ لَهُمْ عُقْبَى الدَّارِ "Düşüncə sahibləri Rəbbinin diqqətini cəlb etmək üçün səbir edən, namazı bərpa edən, verdiyimiz ruzidən gizlində və aşkarda infaq edən, pisliyi yaxşılıqla paka çıxaran kəslərdir. Axirət sarayı onlara məxsusdur.” Nöqtələr Səbir dedikdə təkcə çətinliklərə dözmək nəzərdə tutulmur. Səbir ibadətdə, günahla mübarizədə, müsibətə düşdükdə dözüm göstərməkdir. İtaətdə təslimçilik, qürurdan uzaqlıq, nemətlər qarşısında məst olmamaq səbir nümunələridir. "Vəchi-Rəbbihim” dedikdə Allahın diqqətinin cəlb olunması və razılığı başa düşülür. Namazın bərpası ilahi əhd nümunələrindəndir. Bu həqiqət rəvayətlərdə də təsdiqlənir. Səbir və namaz Allahla, infaq və yaxşılıq xalqla rabitədir. İnfaqın dərəcələri var: Birinci addım – Allahın fəzl və bəxşişlərindən bağışlamaq; İkinci addım – Halal qazancdan bağışlamaq; Üçüncü addım – Sevimli şeylərdən bağışlamaq; Dördüncü addım – İsar (ehtiyac duyulanı bağışlamaq). "Əl-Mizan”da buyurulur ki, "uqbəddar” dedikdə dünyada xeyir aqibət nəzərdə tutulur. Amma bu sözü hər iki dünyada xeyir aqibətə aid etmək olar. Pisliyi yaxşılıqla aradan götürmək odur ki, möminlərdən biri xoşagəlməz bir iş gördükdə ona göz yumaq. Əlbəttə ki, söhbət zalım və günahkar fərdlərdən getmir. Zülm və fəsad əhlinə qarşı onların özü kimi cavab vermək lazımdır. İslam əxlaq, mərhəmət, güzəşt dini olsa da, müəyyən məqamlarda ürəyiyumşaqlıq göstərməmək tapşırılır. Quranın güzəşt, mərhəmət, qorxu, səbir, infaqla bağlı buyruqlarından məlum olur ki, bu məktəb əhatəli məktəbdir. Və kamil insanlar həm öz əhdlərinə sadiqdirlər, həm də bütün rabitələrini hifz edirlər. Onlar böyük təqvaya sahibdirlər, guşənişinlik əvəzinə bütün meydanlarda fəal iştirak edirlər. Bildirişlər 1. Yalnız Allah üçün və Onun yolunda olan səbir və sabitlik dəyərlidir. (Təəssübkeşlik və inadkarlıq, məsələyə birtərəfli yanaşma qəbul olunmazdır.) 2. Söhbət təkcə namaz qılmaqdan yox, namazın bərpa olunmasından gedir. Yəni namazın qaydalarına, şərtlərinə, namazla bağlı hədd və göstərişlərə əməl olunmalıdır. 3. Başqalarına yardım göstərmədən Allahla saxlanılan rabitə məqbul deyil. Başqalarına yardım dedikdə təkcə maddi yardım nəzərdə tutulmur. 4. İnfaqınızla (başqalarına göstərdiyiniz yardımla) qürrələnməyin. Nə verirsinizsə Allahdandır. 5. İşdə niyyət Allahın razılığıdırsa, bu işin aşkar və ya gizli görünməsi mühüm deyil. 6. Hikmət tələb edir ki, bəzi köməklər aşkar, bəzi köməklər isə məxfi çatdırılsın. 7. Günahı tövbə, pis işi yaxşı iş, zülmü güzəşt, təhqiri salam, əzabı sədəqə, cəfanı yardım, istibdadı məşvərət, zalım qüvvələrin və şeytanın vilayətini haqq vilayətlə aradan qaldıraq. 8. Dünya və axirətdə xoş aqibət düşüncə sahiblərinə məxsusdur. Ayə 23: جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا وَمَنْ صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ وَالمَلاَئِكَةُ يَدْخُلُونَ عَلَيْهِم مِّن كُلِّ بَابٍ "Özlərinin, saleh ataları, zövcələri və övladlarından hər kəsin daxil olacağı əbədi bağlar var. Mələklər hər bir qapıdan (təbrik üçün) onların yanına gələr.” Nöqtələr Quranda müxtəlif məqamlarda işlədilmiş 137 "cənnat” və "cənnət” sözlərindən yalnız 11-i Ədn cənnətlərinə aiddir. "Dürrül-Mənsur”da nəql olunmuş bir hədisə görə, ədn cənnəti dedikdə xüsusi bir behişt (bağ) nəzərdə tutulur. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs mənim ölümüm və həyatım kimi ölüm və həyat istəyirsə və mənim behiştim olan Ədn cənnətlərinə daxil olmağı arzulayırsa Əli ibn Əbu-Talib və onun övladlarını özünə rəhbər və imam qərar verməlidir. Onlar elm və düşüncədə ən üstün insan və xalqı doğru yola çağıran ən üstün hadidirlər.” Quranda dəfələrlə bəyan olunur ki, bir ailədən olan saleh insanlar behiştdə birlikdə qalasıdırlar. Onlar bir-birləri ilə söhbətdən ləzzət alacaqlar. Əlbəttə ki, ayədə yalnız atanın, onun zövcəsinin və övladlarının adının çəkilməsi bu lütfün yalnız onlara aid olduğunu göstərmir. Allahın bu lütfü ailənin digər saleh fərdlərinə, bacılara, qardaşlara da aiddir. Ayədə ananın qeyd olunmamasının səbəbi onun atanın zövcəsi olması da ola bilər. Bacı və qardaş atanın övladları olduğundan onların da adı xüsusi qeyd olunmamış qala bilər. Əmi və bibinin atanın nəslindən sayılması mümkündür. İlahi ayələrdən məlum olur ki, mələklər dünya və axirətdə bütün hallarda insanla əlaqəlidirlər. Onlar bəzən insana salam göndərir, bəzən onun bağışlanmasını diləyir, ölüm məqamı və bərzəxə daxil olarkən ona təlqin edirlər. Mələklər "səlamun ələykum” deməklə insanların canını alır. Mələklər axirətdə də dörd bir yandan möminləri salamlayırlar. Behiştdə 8 qapının olması zikr edilir. Bu say son ayələrdə "ulul-əlbab” - düşüncə sahiblərinə aid sadalanmış vəsflərin sayı qədərdir. Sanki bu 8 sifətdən hər biri üçün behiştdə bir qapı müəyyənləşdirilmişdir. Düşüncə sahiblərinə aid olan hər bir sifət insan üçün onu əbədi səadətə aparacaq bir yol açır. Ata və övladlar, ər və arvadların heç də hamısı behiştdə bir yerdə olmayacaqlar. Çünki Qiyamət günündə qohumluq əlaqəsi təsirsizdir. Həmin gün hər kəsin taleyi onun əməllərindən asılıdır. Həmin gün insanın taleyini müəyyənləşdirən yalnız və yalnız onun səy və təlaşıdır. Demək, yalnız ləyaqətli insanlar qohumluq əlaqələri səbəbindən bir yerdə ola bilərlər. Yəni ləyaqətli ata, ləyaqətli zövcə və ləyaqətli övladlar behiştdə bir yerə toplana bilərlər. "Ğafir” surəsinin 7, "Tur” surəsinin 21-ci ayələrində də həmin məsələyə işarə olunur. Bildirişlər 1. Behiştə daxil olmaq üçün saleh olmaq şərtdir. 2. Behişt ailəsi elə bir ailədir ki, onun üzvləri haqq yolda bir-birinə bağlı və səmimidirlər. 3. İslamda daxili hislərə diqqət mühüm məsələdir. Ləyaqətli insan üçün ailədən uzaqda olan ən gözəl məkan belə darıxdırıcı gəlir. Ayə 24: سَلاَمٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ "(Mələklər behişt əhli ilə görüşən zaman onlara deyərlər:) səbir etdiyinizə görə sizə salam olsun. Axirət evi necə də gözəldir!” Nöqtələr Quranın misilsiz imtiyazlarından biri ən dərin mənaya malik məsələlərin ən sadə və müxtəsər şəkildə bəyan olunmasıdır. Qısa və mənalı ifadələrdən biri də "səlamun ələykum” ifadəsidir. Bu mənalı və səlis ifadənin tarixi həzrət İbrahim, Nuh və Adəmə yetişir. Salam Allahın adlarından biridir. Salam Allahın Peyğəmbərə "mübarək olsun” müraciəti, Behişt əhlinə təbriki, mələklərin zümzüməsi, bütün müsəlmanlar arasında beynəlmiləl söz, behişt əhlinin dünya və axirətdə şüarı, xaliq və məxluq zikri, giriş və çıxış nidası, bütün məktubların başlanğıcı, ölüyə və diriyə, böyüyə və kiçiyə ünvanlanan sözdür. Salamın cavabını almaq vacibdir. Salamın mahiyyəti ehtiram, təbrik, dua, Allah tərəfindən mübarəklikdir. Biz namazın sonunda salam verməklə tarix boyu irq, yaş, cins, sərvət, məqam, dil, zaman imtiyazlarını aradan götürür, Allahın bütün saleh bəndələri ilə rabitə qurur və onlara salam göndəririk. Rəvayətdə deyilir: "Xalqın bir dəstəsi behiştə sorğu-sualsız gedər. Mələklər bunun səbəbini soruşduqda onlara bildirilər ki, biz dünyada Allaha itaətə, çətinliklərə səbir edirdik. Mələklər bu cavabı eşidib onları salamla qarşılayarlar.” İmam Sadiq (ə) buyurmuşdur: "Biz səbir əhliyik. Amma şiələrimiz bizdən də səbirlidir. Çünki biz nəyə səbir etdiyimizi bildiyimiz halda onlar nəyə səbir etdiklərini bilmirlər.” SƏBİRLƏ BAĞLI BƏZI NÖQTƏLƏR 1. Səbirin mənşə və qaynağının Allah tərəfindən olduğuna inanın. 2. Səbirlilikdə məqsədimiz yaxşı tanınmaq və ya başqa bir şey yox, Allahın razılığı olsun. 3. Səbir peyğəmbər xüsusiyyətlərindəndir. 4. Səbir behiştin açarıdır. 5. Bəlalar və ilahi sınaqlar zamanı səbir insan şəxsiyyətinin məhəyi, haqq və səbir əhlinin çöhrəsinin işıqlanmasıdır. 6. Səbir Allahın salavatını əldə etmək səbəbidir. (Peyğəmbər və onun Əhli-beytinə (ə) salavat göndərilməsinin səbəblərindən biri onların səbirdə öncüllüyü ola bilər.) 7. Baş bədən üçün necədirsə, səbir də iman üçün o cürdür. Bu oxşatma Peyğəmbər (s) buyruğuna əsaslanır. 8. Səbir Behişt əhlinin dərəcə mizanıdır. 9. Səbirin dərəcələri var. Hədisdə deyilir ki, müsibətə səbirin 300, itaətə səbirin 600, günah qarşısında səbirin 900 dərəcəsi var. 10. Bütün Quran boyu yalnız səbir əhli üçün hesabsız mükafatdan danışılır. 11. Qurani-məcid səbrlə yanaşı şükrü də qeyd edir. İşarə olunur ki, çətinliklər də bir nemətdir. 12. Səbir imam Hüseynin (ə) öz (övladı imam Səccada (ə)) vəsiyyətidir. 13. Bəzi məqamlarda bir neçə növ səbir nəzərə çarpır. Məsələn, həzrət İbrahim İsmaili qurban edərkən həm itaət və təslimçilik, həm də müsibətlərə müqavimət üçün səbrə ehtiyac olur. Bildirişlər 1. Bütün kamilliklərin qaynağı səbirdir. (Səbir düşüncə sahibləri üçün 8 nişanə və kamilliyin sonunda bəyan olunur. Mələklər də öz gəlişi üçün möminlərin səbrini əsas sayırlar.) 2. Daxil olarkən salam vermək mələklərin qaydasıdır. 3. Behişt "darus-səlam”, yəni salam evidir. Çünki behiştdə mələklər behişt əhlinə hər tərəfdən salam verər. 4. Dözümlü və çalışqan insanlara ehtiram göstərək. 5. İlahi nizamda hətta danışıq, salam və təbrik hikmət əsasındadır, boşboğazlıq deyil. |