"NƏHL” SURƏSİ (SURƏ: 16; CÜZ: 14; AYƏLƏRIN SAYI: 128) Qurani-Kərimin 128 ayədən ibarət olan 16-cı surəsində bal arısının yaranışına işarə olunduğundan bu surə "nəhl” adlandırılmışdır. Quran təşrii (cəmiyyətə aid) kitab olsa da, onun bir çox surələri təkvini (təbiətə aid) adlarla adlandırılmışdır. Məsələn, "nəcm” (ulduz), "şəms” (günəş), "fil”, "ənkəbut” (hörümçək), "nəhl” (arı). Bu adlar göydə və yerdəki, kiçik və ya böyük bütün mövcudların Allahın qüdrəti müqabilində eyni olmasını göstərir. Şəriət kitabı təbiət kitabı əsasında formalaşmışdır. Bu iki kitab eyni bir mənbədən qaynaqlanır. Bu surənin başqa bir adı "nemət”dir. Çünki bu surədə 15-dən çox nemət adı çəkilir. Tövhid və məadın dəlilləri, cihad hökmləri, müşriklərin hədələnməsi, zülm və günahın, əhdi pozmağın, bidətlərin, şeytani vəsvəsələrin qadağası və ilahi nemətlərin zikri bu surənin mövzularındandır. Mərhum Əllamə Təbatəbainin nəzərincə, surədəki ayələrin nazil olma şənindən belə anlaşılır ki, surənin ilk 40 ayəsi Məkkə dövrünün axırlarında, qalan 88 ayəsi isə Mədinəyə hicrətin ilk vaxtlarında nazil olmuşdur. Bağışlayan və mehriban Allahın adı ilə |