Nöqtələr İslamda dünya bazara, xalq tacirə oxşadılır. İnsanın canı, var-dövləti, əməli bu bazarın malıdır. Bu malların alıcısı Allah, şeytan, nəfs istəkləri və başqaları ola bilər. Kimi onu ucuz, kimi də baha qiymətə alır. Quranda fayda "əcr”, "savab”, "zef”, "əzaf” sözləri, zərər isə "xusr”, "xusranun mubin”, "əxsərin” sözləri ilə bəyan olunur. Bilməli olduğumuz ən mühüm şey odur ki, istənilən bir zərər-ziyanı aradan qaldırmaq olar. Yalnız ötüb keçmiş ömrü geri qaytarmaq mümkünsüzdür. Bəzən insanın var-dövləti, məskəni, bəzən isə özü puça çıxır. Ən böyük zərər insanın öz insanlığını əldən verməsidir. 1. Batil və nahaq sözlər zahiri cilvəyə malik olsalar da, tamamilə puç olub gedəsidirlər. 2. Ən böyük zərər var-dövlətin yox, ömrün hədərə getməsidir. 3. Dünya zərərlərini aradan qaldırmaq olur. Qiyamətdəki zərərlər üçün isə heç bir çarə yoxdur. Ayə 23: إِنَّ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ وَأَخْبَتُواْ إِلَى رَبِّهِمْ أُوْلَـئِكَ أَصْحَابُ الجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ "Həqiqətən, iman gətirib saleh işlər görənlər, Rəbləri qarşısında təvazökar olanlar behişt əhlidirlər. Onlar orada həmişəlik olaraq qalacaqlar.” "Xəbt” sözündən olan "əxbətu” sözü həm təslimçilik, həm təvazö, həm də arxayınlıq mənasını bildirir. Xəbərdarlıq və hədə ilə yanaşı təşviqə də yer verilir. Ötən ayələrdə iftira əhlinin taleyi, bu ayədə isə haqq əhlinin siması bəyan olunur. 1. İman və saleh əməlimizə görə qürrələnməyək. Bəndəliyin şərti mütləq təslimçilikdir. 2. İnsanın qəlb halının onun alacağı mükafata təsiri var. Ayə 24: مَثَلُ الْفَرِيقَيْنِ كَالأَعْمَى وَالأَصَمِّ وَالْبَصِيرِ وَالسَّمِيعِ هَلْ يَسْتَوِيَانِ مَثَلاً أَفَلاَ تَذَكَّرُونَ "İki dəstə (kafirlər və möminlər) eynən "kor, kar” və "görən və eşidən” kimidir. Bu iki dəstənin məsəli eyni olarmı? Bəs nə üçün öyüd götürmürsünüz?” Bədəndə göz və qulaq olduğu kimi, qəlb və ruhda da göz və qulaq var. Kor və karlar dünyada olanları dərk edə bilmədiyi kimi, inadkar insanlar da ilahi maarifi dərk etmirlər. 1. Yalnız maddi varlıqları görüb mənəvi dəyərlərdən xəbərsiz qalan insan kordur. 2. Öz təbliğimizdə məntiqi suallarla fərdlərin vicdanını mühakiməyə çağıraq. Ayə 25: وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ إِنِّي لَكُمْ نَذِيرٌ مُّبِينٌ "Həqiqətən, Biz Nuhu öz qövmünə doğru göndərdik. (O, xalqa dedi:) "Mən sizə aşkar xəbərdarlıq edənəm.” Ayə 26: أَن لاَّ تَعْبُدُواْ إِلاَّ اللّهَ إِنِّيَ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍ "(Mənim dəvətim budur ki,) Allahdan qeyrisinə pərəstiş etməyin. Həqiqətən, mən ağrılı günün sizə əzabından qorxuram.” Həzrət Nuh ilk "ülul-əzm”, yəni böyük peyğəmbərdir. O, şirk və bütpərəstliyə qarşı qiyam qaldırdı. Kafirlər qərq olduqdan sonra qalan bəşər nəsli həzrət Nuhdandır. Bu səbəbdən də Nuhu ikinci Adəm və ya ikinci ata adlandırırlar. Həzrət Nuh bütün peyğəmbərlərdən çox yaşadığı üçün ona "şeyxül-ənbiya” adı verilmişdir. Ola bilsin ki, həzrət Nuh elə bu dünyada qövmünün ilahi qəzəbə gələcəyindən qorxurdu. Bu həqiqət növbəti ayələrdə təsdiqlənir. 1. Peyğəmbərlər ilk növbədə öz qövmlərinə təbliğ edirlər. 2. Peyğəmbərlərin xəbərdarlığı xalqın xeyrinədir. 3. Qafil insanın hər şeydən öncə xəbərdarlığa ehtiyacı var. 4. Göstəriş və təbliğ aydın və dəqiq olmalıdır. 5. Peyğəmbərlər həm xəbərdarlıq edir, həm də xalqa xeyirli yolu göstərirlər. 6. Peyğəmbərlərin məqsəd və vəzifələri tövhid məsələsinin bəyanıdır. 7. Şirkin tarixi həzrət Nuhun zamanına gedib çıxır. 8. Bütün insanlarda pərəstiş və ibadət cövhəri var. Peyğəmbərlər isə sadəcə bu yolu müəyyənləşdirir. 9. Peyğəmbərlər xalqın xeyirxahıdırlar və ona can yandırırlar. 10. Təbliğatçı və tərbiyəçinin vəzifəsi qarşı tərəfi şirkin pis aqibətindən xəbərdar etməkdir. Ayə 27: فَقَالَ الْمَلأُ الَّذِينَ كَفَرُواْ مِن قِوْمِهِ مَا نَرَاكَ إِلاَّ بَشَرًا مِّثْلَنَا وَمَا نَرَاكَ اتَّبَعَكَ إِلاَّ الَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِيَ الرَّأْيِ وَمَا نَرَى لَكُمْ عَلَيْنَا مِن فَضْلٍ بَلْ نَظُنُّكُمْ كَاذِبِينَ "Onun qövmünün kafir başçıları dedilər: "Biz səni yalnız özümüz kimi bir insan bilirik. Sadəlövh səfillərdən başqa kimsənin sənə itaət etdiyini görmürük. Sizdə özümüzlə müqayisədə heç bir üstünlük görmür, sizi yalançı sayırıq.” Haqqın müxalifləri bəzən ilahi rəhbərləri kiçildərək deyirdilər: "Siz də bizim kimi insansınız və bizdən üstünlüyünüz yoxdur.” Bəzən də peyğəmbərlərin ardıcıllarını kiçik sayıb bildirirdilər: "Onlar əlsiz-ayaqsız, şəxsiyyətsiz kəslərdir.” Bəzən də peyğəmbərlərin əqidə məktəbini kiçik göstərərək deyirdilər: "Sizin sözünüz yalan, iftira, sehr və ya keçmişdəkilərin əfsanəsidir. Danışdıqlarınız adi sözdür, biz də istəsək, belə sözlər deyərik.” 1. Əyan-əşraflar, adətən, peyğəmbər müxaliflərinin ön cərgəsində dayanmışlar. 2. Xalq kütlələri, xüsusi ilə məhrumlar arasındakı bərabərlik təkəbbürlü qüvvələri qorxudur. 3. Dünyaya dərin bağlılığı olmayanlar daha tez iman gətirirlər. 4. Dünyapərəstlərin nəzərində həqiqət yox, var-dövlət dəyərlidir. 5. Peyğəmbərlərin müxaliflərinin heç bir dəlili yoxdur. Onlar zənn-güman əsasında danışırlar. 6. Kafirlərin ağlı onların gözündədir. Bu ayədə "görmürlər” sözü üç dəfə işlədilmişdir. Ayə 28: قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّيَ وَآتَانِي رَحْمَةً مِّنْ عِندِهِ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَارِهُونَ "(Nuh öz qövmünə) dedi: "Rəbbim tərəfindən aşkar dəlillə gəldiyimi və Özündən mənə rəhmət (peyğəmbərlik xüsusiyyəti) verdiyini görsəniz və bu sizə məxfi qalmasa (yenə də boyun qaçıracaqsınız?) Sizi ikrah bəslədiyiniz bir şeyin qəbulluğuna vadarmı edək?!” |