Nöqtələr
Əvvəlki ayədə bəyan olundu ki, dördayaqlıların ətindən faydalanmaq halaldır. Yalnız bəzi hallar istisna olundu. Bu ayədə haram ətlərdən on növü haqqında danışılır.
"Münxəniqə” boğulmuş heyvana deyilir. Heyvanın öz-özünə, insan və ya heyvan tərəfindən boğulmasının fərqi yoxdur. "Məvquzə” zərbə və kötəklənmə ilə öldürülən heyvana deyilir. Bütpərəst ərəblər bütlərə hörmət əlaməti olaraq bəzi heyvanları ölənədək döyürdülər. Onlar bu işi bir növ ibadət sayırdılar. Mutərəddiyə” hündürlükdən yıxılmış heyvana, "nətihə” buynuzlanıb öldürülmüş heyvana deyilir.
Bu ayədə adı çəkilənlərin haram edilməsi "Ənam”, "Nəhl”, "Bəqərə”, surələrində zikr olunmuşdur. Bu ayədə isə ölü heyvan nümunələri (boğulmuş, döyülmüş, buynuzlanmış) bəyan olunmuşdur.
İmam Baqir (ə) buyurmuşdur: "Vilayət son ilahi vacibdir.” Sonra imam uyğun ayəni oxumuşdur.
Bütlər formaya malik heykəllər idi. "Nusub” isə Kəbə ətrafında düzülmüş formasız daşlara deyilirdi. Onların qarşısında qurban kəsilir və qurbanlığın qanı onların üzərinə yaxılırdı.
Bu ayədə iki fərqli mövzu bəyan olunmuşdur. Bu mövzulardan biri haram ətlərin qadağasına aiddir. Yalnız istisna hallarda bu ətlərdən faydalanmaq caiz sayılır. Digər mövzu dinin kamilləşməsi və kafirlərin dinin puça çıxmasından məyus olması haqqındadır. Bir neçə dəlil sadalayaq:
a) Kafirlərin dindən məyus olmasının haram ətlərin yeyilib-yeyilməməsi ilə heç bir əlaqəsi yoxdur.
b) Bu ayənin nüzul şəni haqqında şiə və sünnilər tərəfindən nəql olunmuş bir rəvayətdə kafirlərin məyus olması və dinin kamilləşməsi məsələlərindən danışılarkən əvvəlki və sonrakı məsələlərə toxunulmamışdır.
v) Şiə və sünni rəvayətlərinə əsasən, ayənin "bu gün dininizi kamil etdik” hissəsi Qədir-Xumda Əli ibn Əbi-Talib (ə) imamət məqamına təyin olunduqdan sonra nazil olmuşdur.
q) Uyğun məsələni nəqli dəlillərdən əlavə, əqli təhlillər də təsdiqləyir. Çünki haqqında danışılan günün dörd xüsusiyyəti bəyan olunmuşdur: Kafirlərin məyus olma günü, dinin kamilləşmə günü, ilahi nemətlərin xalqa tamamlanması günü, İslamın bir din olaraq Allah tərəfindən bəyənilməsi günü. Əgər İslamın tarixi günlərini araşdırsaq, görərik ki, uyğun gün haqqında sadalanan dörd səciyyə - besət, hicrət, Məkkənin fəthi, döyüşlərdə qələbə günləri haqqında danışılarkən qeyd olunmamışdır. Hətta son həcc günü də uyğun gün kimi əhəmiyyətli sayılmamışdır. Çünki həcc bütöv din yox, dinin bir hissəsidir.
–Besət günü həzrət Peyğəmbərin (s) risalətinin başlanğıc günüdür. İlk besət günündə dinin kamil olmasından danışmağa dəyməz.
–Hicrət günü Peyğəmbərin (s) Allah əmri ilə Məkkədən hicrət etdiyi gündür. Həmin gün kafirlər peyğəmbərin evinə hücum etdilər. Belə bir gündə onların məyus olduğu ehtimal edilə bilməz.
–Bədr, Xəndək və bu kimi başqa döyüşlərdə bir dəstə kafir məyus olsa da, bu məyusluğu bütün kafirlərə aid etmək olmaz. Bu ayədə isə bütün kafirlərin məyus olduğu bildirilir.
–Vida həcci günü xalq həzrət Peyğəmbərdən (s) bütün dinin yox, həccin qaydalarını öyrəndilər. Quran isə məhz haqqında danışdığımız ayədə dinin kamil olmasını bildirir.
–Qədir-Xum günü Allah-təala Həzrət Əlini (ə) Peyğəmbərə (s) canişin təyin etdi. Uyğun dörd xüsusiyyət yalnız bu gün haqqında sadalanmışdır.
–Kafirlərin məyusluq səbəbi onların Peyğəmbəri (s) qətlə yetirmək planlarının baş tutmaması ilə bağlı idi. Onların yeganə ümidi Peyğəmbərin (s) ölümü idi. Əli ibn Əbi-Talibin (ə) canişin seçilməsi qəti şəkildə göstərdi ki, hətta Peyğəmbərin (s) ölümündən osnra da din məhv olmayacaq. Çünki Əli ibn Əbi-Talib (ə) kimi bir şəxs Peyğəmbərin (s) canişini və İslam ümmətinin rəhbəri təyin olunmuşdur. Yalnız bu məsələ bütün kafirləri məyus edə bilərdi.
–Əgər bütün qanunlar müəyyənləşdikdən sonra ümmət və cəmiyyət üçün məsum rəhbər təyin olunmasaydı, qanunlar icraya qoyulmazdı. Məsum rəhbər isə məhz həmin gün təyin olundu və din kamala çatdı.
–Həmin gün Quran ən böyük nemət olan rəhbərlik və hidayət nemətini təqdim etdi. Bununla da nemətlər tamamlandı. Əgər Peyğəmbər (s) dünyasını dəyişib, xalqı başsız qoyardısa, bu iş məntiqi olmazdı. Hətta çoban da öz sürüsünü nəzarətsiz qoymur. İlahi rəhbər təyin olunmadan nemətlər tamamlana bilərdimi?!
–Yalnız kamil qanun və ədalətli rəhbər Allahın razılığına səbəb ola bilərdi.
Hər hansı bir gündə uyğun "dörd xüsusiyyətlərdən biri olarsa, həmin günü "əyyamullah”, yəni Allah günü saymaq olar. Qədir günündə isə həmin xüsusiyyətlərin dördü də vardı. Ona görə də Əhli-beyt (ə) rəvayətlərində Qədir bayramı ən böyük bayramlardan sayılmışdır.
Bəzən bir işin təsiri onun tam halda yerinə yetirilməsindən asılı olur. Məsələn, insan azandan bir an qabaq iftar etsə, oruc batil olur. Ona görə də oruc haqqında danışılarkən "tamam” sözündən istifadə olunur. Bəzən isə işin hər bir hissəsi ayrıca təsirə malik olur. Məsələn, Quran ayələri bütövlüklə tilavət olunduqda kamil sayılsa da, ondan bir hissəsinin oxunmasının da savabı var. Bəzən müəyyən işlərdə bir şərt ödənmədikdə naqislik yaranır. Məsələn, təyyarəçi və sürücü sükan arxasında olmadıqda təyyarə və ya avtomobil tamamilə səmərəsiz olur. Həqiqi rəhbərlik və vilayət də belədir. Bu həqiqət insanı Allaha bağladığından, o olmadıqda nemətlər bədbəxtliyə dönür və insanı Allaha çatdırmır.
"Bəqərə” surəsinin 109-cu ayəsində kafirlərin müsəlmanları onların öz əli ilə azdırmaq meyli bəyan olunmuşdur. Allah-təala buyurur ki, ilahi əmr gələnədək səbir edin. Beləcə, müsəlmanlar kafirləri məyus edəsi qəti bir hökm intizarında idilər. Nəhayət, uyğun ayə nazil oldu.
İslamda qidalanmaya bir baxış
İslam ədalət məktəbidir və orta həddi əsas götürür. İslam nə qərblilər kimi ət istifadəsində ifrata varır, nə də buddistlər kimi əti haram sayır. İslam çinlilər kimi istənilən bir ətin istənilən bir şəkildə yeyilməsini caiz bilmir. İslamda ətdən istifadə üçün şərtlər və hədlər müəyyənləşdirilmişdir. O cümlədən:
a) Ət yeyən heyvanların əti ilə qidalanmayın. Bu ətlərdə müxtəlif mikroblar və zərərlər vardır.
b) Yırtıcıların ətini yeməyin, bu ətlər sizin ruhunuzda vəhşilik yaradır.
v) Hamının nifrətlə qarşıladığı iyrənc heyvanların ətindən istifadə etməyin.
q) Allahın mübarək adı ilə kəsilməmiş heyvanların ətindən yeməyin.
e) Ölü heyvanın ətini yeməyin. Çünki heyvan ölən zaman onun orqanizmində qalmış qan müxtəlif fəsadlar və zəhərlənmələr törədə bilər. Ona görə də boğulmuş, buynuzlanmış, hündür yerdən yıxılmış, döyülmüş, parçalanmış, eləcə də, ölən zaman qanı tam şəkildə axmamış heyvanların əti İslam tərəfindən haram buyurulur.
Əti haram olan heyvanlardan yalnız donuzun adı bu ayədə çəkilmişdir. Çünki donuz əti çox yeyilən bir ət idi.
İmam Sadiq (ə) buyurmuşdur: "Kim belə ətdən istifadə etdisə, zəifliyə, arıqlığa, süstlüyə, sonsuzluğa, infarkta və qəfil ölümə düçar oldu.”
Qan içmək cahiliyyət ənənəsi idi. Bu iş qəlbi bərkidir, rəhimsizlik yaradırdı. Belə ki, qan içmək nəticəsində ata-ananı öldürmək övlada asan olurdu. Qan içən şəxs dost-tanış tanımaz. Buna görə də qan içmək haramdır. Amma onun köçürülməsinin eybi yoxdur.
Sual: Ətindən istifadə məqsədi ilə heyvanın öldürülməsinə icazə verilməsi Allahın rəhməti ilə uyğun gəlirmi?
Cavab: Dəyişmə və çevrilmə yaranışın əsasını təşkil edir. Torpaq ot, ot heyvan olur. Heyvan (qidalanma yolu ilə) insana çevrilir və bu dəyişikliklərin nəticəsində inkişaf baş verir.
1. İslam hərtərəfli bir dindir. Bu dində insanın bütün təbii və psixoloji ehtiyacları dəqiq şəkildə nəzərə alınmışdır.
2. Cisim və ruhun sağlamlığında qidalanma o qədər əhəmiyyətə malikdir ki, Quranda bu məsələyə dəfələrlə toxunulmuşdur.
3. Tövhid nizamında heyvanın kəsilməsi də ilahi rəngə malik olmalıdır. Əks-təqdirdə bu iş haram olur.
4. Əgər vurulmuş, buynuzlanmış, yıxılmış, parçalanmış heyvanın bədənində yarıcanlılıq varsa, onu şəri qaydada kəsib yemək halaldır.
5. Şirkin istənilən bir formalı təzahürləri ilə mübarizə aparmaq lazımdır.
6. Qumar oxları vasitəsi ilə bölünmüş ət haram olsa da, elə görünür ki, nə həmin ət, nə də həmin bölgü uyğun xüsusiyyətə malikdir. Əslində qumar yolu ilə əldə olunmuş bütün gəlirlər haramdır.
7. Kafirlərin ən mühüm ümid yerləri Həzrət Peyğəmbərin (s) ölümü idi . Həzrət Əlinin (ə) rəhbərliyə təyin olunması ilə həmin yol bağlandı.
8. Cəmiyyətdə ilahi rəhbər varsa, müsəlmanlar heç nədən qorxmamalıdırlar.
9. Xarici düşmənlər sizdən əl çəksə də, daxili düşmənlər var. Allahdan qorxaraq onlarla mübarizə aparmaq lazımdır.
10. Əgər müsəlmanlar "Qədir” günü təyin olunmuş rəhbərlik xəttindən çıxmasaydılar, kafirlər tərəfindən heç bir təhlükə ilə üzləşməzdilər.
11. Kafirlər kamil dindən qorxurlar. Rəhbəri təslim olmuş, cihaddan əl çəkmiş, mənbəyi dastanlar, xalqı pərakəndə olan cəmiyyətin dini kafirləri qorxutmur.
12. Əgər kafirlər sizdən ümidlərini üzməmişlərsə, deməli rəhbərlik baxımından dininizdə nöqsan var.
13. Rəhbərsiz din kamil deyil.
14. Məktəbin möhkəmliyi düzgün rəhbərdən asılıdır. Yalnız həqiqi rəhbərin varlığı kafirləri məyus edir. Başqa şeylər bir o qədər də əhəmiyyət daşımır.
15. İlahi rəhbərsiz bütün nemətlər naqisdir.
16. Həzrət Əlinin (ə) imamətə təyini nemətlərin tamamlanmasıdır. O həzrətin (ə) vilayətindən çıxmaq naşükürlükdür və sonu çox pisdir.
17. Rəhbərsiz İslam Allahın nəzərində yetərsizdir.
18. İnsandan asılı olmayaraq yaranmış çıxılmaz vəziyyətlərdə haramdan istifadə caizdir. Demək, insan bilərəkdən özünü çıxılmaz vəziyyətə salmamalıdır.
19. İnsanın bütün hallarını və şəraitlərini nəzərə alan qanun kamildir. Xüsusilə çıxılmaz vəziyyətlərə nəzər yetirilməlidir. Bəli, İslam hökmlərində çıxılmaz vəziyyət yoxdur.
20. Fövqəladə vəziyyət günah və mütləq azadlığa şərait yaratmamalıdır. Çıxılmaz vəziyyətə düşdükdə də hədd gözlənilməlidir.
21. Çıxılmaz vəziyyətə düşmüş insanlar üçün nəzərdə tutulan yüngülləşdirmə hallarından sui-istifadə edilməməlidir. İmam Baqir (ə) bu cümlənin təfsirində buyurmuşdur: "Sui-istifadə etməyən şəxs o kəsdir ki, bilərəkdən günah sorağınca getməsin.”
4. يَسْأَلُونَكَ مَاذَا أُحِلَّ لَهُمْ قُلْ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ وَمَا عَلَّمْتُم مِّنَ الْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ اللّهُ فَكُلُواْ مِمَّا أَمْسَكْنَ عَلَيْكُمْ وَاذْكُرُواْ اسْمَ اللّهِ عَلَيْهِ وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ سَرِيعُ الْحِسَابِ
"(Ey peyğəmbər,) səndən soruşurlar ki, onlar üçün nələr halal olmuşdur? De ki, "bütün pak şeylər sizin üçün halal olmuşdur. (Eləcə də) ov ardınca göndərdiyiniz və Allahın sizə öyrətdiyinə xatir öyrətdiyiniz ov itlərinin (ovu). Onların sizin üçün tutduqlarından yeyin. (Ov heyvanını göndərən zaman) Allahın adını çəkin və Allahdan çəkinin. Allah tez hesab çəkəndir.”
"Cəvarih” sözü "carihə” sözünün cəm forması olub "cərh” kökündən alınmışdır və kəsb və yara kimi iki məna daşıyır. Ovçu heyvana "carihə” deyilir. Çünki o ya ovu yaralayır, ya da onu sahibi üçün kəsb edir. Kəsb və səy vasitəsi olan bədən üzvləri də «cəvarih» adlandırılmışdır.
"Mukəllibin” sözü "kəlb” sözündən olub «it» mənasını bildirir. Yalnız təlim görmüş ov itlərinin ovu halaldır. Bu it ovun ardınca göndərilməli və onu saxlamalıdır. İt ovu özü üçün ovlamışsa, həmin ovu yemək haramdır.
1. Peyğəmbərlər cəmiyyətdəki təbii sual və ehtiyaclara cavab verirlər.
2. Bilmədiklərimizi peyğəmbərlər və onların varislərindən soruşaq. (İlkin İslam dövrü müsəlmanlarında dini hökmlərin və vəzifələrin öyrənilməsinə münasibətdə məsuliyyət hissi var idi.)
3. Sual bir dəyərdir və məsuliyyət hissinin göstəricisidir.
4. Sual Quran ayələrinin tədricən nazil olma zəminəsidir.
5.Ümmətin peyğəmbərlə rabitəsi vasitəsiz olur.
6. İslamda qidalanma məsələsinə əhəmiyyət verilmişdir.
7. Hər hansı qida aşkar və ya gizli çirkinliyə görə haram edilir.
8. Əsas və külli qanun odur ki, bütün pak və xoşagəlimli şeylər halaldır.
9. İslam fitri din olduğundan könül oxşayan və zərərsiz şeyləri halal bildirir. (Şəriət və yaranış (təbiət) arasında tam uyğunluq var.)
10. Təlim təkcə insana aid deyil. Heyvanlara da təlim verilə bilər.
11. Bilik hətta itə də dəyər verir. Bu yolla itin səmərəsi artır. İt azca təlim görməklə bir ömür ovunu öz müəlliminə bağışlayır. Bəs bütün biliklərini Allahdan öyrənmiş insanlar Allah üçün nə edir?
12. Ovlanmış ətin bir hissəsi ovçu heyvana çatır. (Ayədəki "min” hissəsi ovun bir qisminə işarədir.)
13. Ov itini göndərən zaman Allahın adını çəkin.
14. İtdən istifadə edərkən İlahi göstərişlərə riayət təqva nişanəsidir.
15. Bəzi çöl heyvanlarının əti halaldır. ("Ov” sözü heyvanın çöl heyvanı olmasını göstərir)
16. Məad və Allahın dərhal hesab çəkməsinə diqqət yetirmək təqva səbəblərindən biridir.
5. الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ وَطَعَامُ الَّذِينَ أُوتُواْ الْكِتَابَ حِلٌّ لَّكُمْ وَطَعَامُكُمْ حِلُّ لَّهُمْ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلاَ مُتَّخِذِي أَخْدَانٍ وَمَن يَكْفُرْ بِالإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ
"Bu gün bütün pak və könül oxşayan şeylər sizin üçün halal oldu. Kitab əhlinin təamı sizin üçün halaldır. Sizin təam da onlar üçün halaldır. Pak, imanlı, eləcə də, sizdən əvvəl kitab verilmiş kəslərdən olan pak qadınlar (ilə izdivac) caizdir. Bir halda ki, qadınların mehriyyəsini ödəyin, zinakar yox, pak olun, gizlində (qeyri-şəri) dost tutmayın. Hər kəs öz imanını küfrə dəyişsə, hökmən onun əməli puç olmuşdur və o, axirətdə ziyankarlardandır.”