Bildirişlər 1. İctimai ədalət yalnız Allah və məada iman sayəsində bərqərar olur. 2. Ədalət təkcə əxlaqi bir dəyər deyil. Ədalət qəti ilahi göstərişdir. 3. Əgər insanı hərəkətə gətirən onun qəlbindəki kindirsə, ixlasdan danışmağa dəyməz. Amma insan Allaha yaxınlıq məqsədi ilə hərəkət etdikdə, kin-küdurət ədalətin gözlənilməsinə təsir etmir. 4. Ötəri ədalət yox, xarakterə çevrilmiş ardıcıl ədalət dəyərlidir. 5. Möminlər həm Allahla rabitədədirlər, həm də xalqla rabitədə ədalətə şahiddirlər. 6. Əgər inansaq ki, Allah bizim əməllərimizdən xəbərdardır, ədaləti gözləyərik. 7. Qəlbi kinlə dolu insanlar ədalətli ola bilməzlər. (Ədalətə çatmaq üçün kin-küdurətə nəzarət edilməlidir.) 8. İnsanın hissləri ədalət çərçivəsində nizamlanmalıdır. 9. Kin-küdurət ədalətin pozulması amillərindəndir. 10. Siyasi proseslərdə, daxili və xarici əlaqələrdə hətta düşmənlərə də qarşı ədalətli olaq. 11. Ədalətli və insaflı insanlar təqvaya daha yaxındırlar. 9. وَعَدَ اللّهُ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ "Allah yalnız iman gətirib saleh işlər görənlərə bağışlanma və böyük mükafatlar vəd etmişdir.” 10. وَالَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُوْلَـئِكَ أَصْحَابُ الْجَحِيمِ "Küfr edib, Bizim ayələrimizi təkzib edənlər cəhənnəm əhlidirlər.” Quranda bir neçə növ əcr, mükafatdan danışılır. Allahın vədləri dəyişməzdir. "Cəhim” atəşin şiddətlə şölələnməsi mənasını bildirir. İbrahimin əhvalatında nəql olunur ki, onu "cəhimə” atdılar. "Əshabul-cəhim” dedikdə isə daim cəhənnəmdə olanlar nəzərdə tutulur. 1. İman əməldən ayrı deyil. 2. İman və saleh əməl həm ötən səhvləri aradan qaldırır, həm də gələcəyi təmin edir. 3. İşin aqibətinə diqqət insanın çıxardığı qərarlarda mühüm rol oynayır. 4. Bağışlanma mükafata çatmanın müqəddiməsidir. 5. Kafirlərin və təkzib edənlərin cəzası əbədi cəhənnəmdir. 6. Təşviq əməl üçün stimuldur. Necə ki, hədələmə Quranın tərbiyə üsullarındandır. 11. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُواْ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَاتَّقُواْ اللّهَ وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ "Ey iman gətirənlər! Allahın nemətini özünüzə xatırladın. (Düşmənlərin) bir dəstəsi sizə düşməncəsinə əl uzatmaq fikrinə düşdükdə Allah onların əllərini gödəltdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etməlidirlər.” Ayədə hansı tarixi hadisənin nəzərdə tutulması barədə fikir ayrılığı var. Amma onu bütün uyğun hadisələrə aid etmək olar. Bütün hallarda müsəlmanlar düşmənin hücumlarına Allaha təvəkül etməklə qalib gəlmiş və nicat tapmışlar. 1. İlahi nemətlərin xatırlanması möminlər üçün zəruridir. (Çünki belə bir xatırlama həm şükür növüdür, həm də qürur və qəfləti insandan uzaqlaşdırır. Nemətləri xatırlayan insanın Allaha eşqi də çoxalır.) 2. Mümkün təhlükələrin dəf olunması ən mühüm ilahi nemətlərdəndir. 3. Təqva, təvəkkül və imanla Allahın lütfünü cəlb edin, düşmənin təhlükələrini özünüzdən uzaqlaşdırın. (İnsan günah etdikdə Allah düşməni ona qalib edir. Allaha diqqət nəticəsində isə düşmən dəf olunur.) 4. Düşmənləriniz sizə yol tapmaq üçün daim təlaşdadırlar. 5. Allaha təvəkkül iman və təqva şərtidir. 6. Təqva və təvəkkül sayəsində Allah zikri və iman əldə olunur. 12. وَلَقَدْ أَخَذَ اللّهُ مِيثَاقَ بَنِي إِسْرَآئِيلَ وَبَعَثْنَا مِنهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا وَقَالَ اللّهُ إِنِّي مَعَكُمْ لَئِنْ أَقَمْتُمُ الصَّلاَةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّئَاتِكُمْ وَلأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ فَمَن كَفَرَ بَعْدَ ذَلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ "Həqiqətən, Allah Bəni-İsraildən əhd aldı. Onların arasından (on iki tayfa üçün) on iki rəhbər seçdik. Allah onlara buyurdu: "Mən sizinləyəm. Əgər namazı bərpa etsəniz, zəkat ödəsəniz, peyğəmbərlərimə iman gətirib yardım göstərsəniz, Allaha yaxşı borc versəniz, şübhəsiz, günahlarınızı örtərəm və sizi altından çaylar axan bağlara daxil edərəm. Bundan sonra sizdən kim kafir olsa, həqiqətən, doğru yoldan azmışdır.” "Əzzərtumuhum” "əzər” sözündən olub «hörmətlə yanaşı yardım göstərmək» mənasını bildirir. "Səvaəs-səbil” yolun ortasını bildirir və bu xətdən çıxmaq süqutla nəticələnir. Bəni-İsrailin rəhbərləri və qəyyumları həzrət Musanın vəzirləri və on iki tayfanın başçıları idilər. Həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "Məndən sonra xəlifə on iki nəfərdir. Onlar Bəni-İsrail hamiləri sayındadırlar.” Əhli-beyt (ə) yolunun müxalifləri çox çalışdılar ki, bu rəqəmi dörd xəlifəyə, Bəni-Üməyyə və Bəni-Abbas xəlifələrinə aid etsinlər. Amma uyğun say onların nəzərləri ilə heç cür düz gəlmirdi. Bu yersiz səylər qarşısında həzrət Peyğəmbərin (s) dilindən bəyan olunmuş onlarla hədis var idi ki, bu hədislərdə on iki imamın adı bircə-bircə sadalanırdı. Bu sayaq hədislər mötəbər şiə və sünni kitablarında yetərincədir. Onların birincisi Həzrət Əli (ə), sonuncusu həzrət Mehdidir (ə). 1. Digər ilahi dinlərin proqramlarında da namaz, zəkat, peyğəmbərlərə yardım və infaq tapşırılmışdır. 2. Namaz, zəkat, iman, peyğəmbərlərə yardım və infaq Allahın Öz bəndəsi ilə olması şərtləridir. 3. Peyğəmbərlərə inam təklikdə kifayət etmir. Onlara yardım da zəruridir. 4. Vacib əmrlərin bəzilərinə yox, hamısına əməl etmək səmərə verir. 5. Allahın bəndələrinə yardım Allaha yardımdır. 6. Borc yaxşı şəkildə verilməlidir. (Yaxşı maldan, yaxşı niyyətlə, dərhal və minnət qoymadan borc vermək lazımdır.) 7. Borc mövzusunun namaz, zəkat, peyğəmbərlərə iman və onlara yardım mövzuları ilə yanaşı bəyan olunması borcun fövqəladə əhəmiyyətindən danışır. (Borc dedikdə xalqa edilən bütün yardımlar nəzərdə tutulur. Nümunə olaraq xalqa verilən borcu göstərmək olar.) 8. Cəmiyyətin rəhbəri Allah tərəfindən təyin olunmalıdır. Peyğəmbərlərin də seçimi Allah göstərişlərinə əsaslanmalıdır. 9. Namaz, zəkat, infaq ilahi rəhbərlərin qəbulu və onlara yardımla müşayiət olunduqda məna daşıyır. 10. Rəhbər xalqın özündən olduqda müvəffəqiyyətə çatır. 11. Behişt bəhanəyə yox, bahasına verilir. Namaz, zəkat, iman, yardım və infaq olan yerdə behişt də var. 12. Behişt çirkaba batanların yeri deyil. Əvvəlcə təmizlənmək, sonra behiştə üz tutmaq olar. 13. İlahi əfv əldə etməyin yolu iman və saleh əməldir. 14. Əhd alındıqdan, höccət tamamlandıqdan, ilahi lütfü əldə etməyin şərtləri bəyan olunduqdan sonra üzr və bəhanəyə yer qalmır. 15. İlahi göstərişləri inkar edən kəs orta yoldan çıxmışdır. (Bəli, namaz qılınması, zəkat ödənməsi, peyğəmbərlərə iman, əhdə vəfa asilərin əldən çıxardıqları orta yoldur.) 13. فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ لَعنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَنَسُواْ حَظًّا مِّمَّا ذُكِّرُواْ بِهِ وَلاَ تَزَالُ تَطَّلِعُ عَلَىَ خَآئِنَةٍ مِّنْهُمْ إِلاَّ قَلِيلاً مِّنْهُمْ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ "(Bəni-İsrailə) əhdlərini sındırdıqları üçün lənət etdik (rəhmətimizdən uzaqlaşdırdıq). Onların qəlblərini bərkitdik. Onlar (ilahi) kəlmələrin yerini təhrif edirlər. Onların nəzərinə çatdırılanlardan bir hissəsini unutdular. Sən daim onların xəyanətlərindən xəbərdar olarsan. (Onların hər gün yeni bir xəyanətləri, qurğuları vardır.) Onların bir hissəsi istisnadır. (Daşqəlbli, təhrifçi xain deyildirlər.) Onlardan keç və büdrəmələrinə göz yum. Həqiqətən, Allah yaxşı əməl sahiblərini dost tutur.” Bu surənin ilk ayəsində əhdlərə vəfa, növbəti ayədə Allahın Bəni-İsraillə peymanı xatırlanmışdır. Bu ayədə isə vədə xilaflığın, əhdi pozmağın təsirləri bəyan olunur. Unutqanlıq bəzən ixtiyarsız şəkildə baş verir. Bu hal tənqid olunmur. Amma unutqanlıq səbəbi etinasızlıq və diqqətsizlik olur. Bu hal tənqid olunur. Bu ayədə də uyğun halların nümunəsi bəyan olunmuşdur. 1. Bəni-İsrailin vədə xilaflığından və bu işin aqibətindən ibrət götürün. 2. Əhdi pozmaq ilahi lütfdən məhrumluq səbəbi və qəlbin daşlaşması üçün zəmindir. "Tövbə”, surəsinin 77-ci ayəsində əhdə vəfasızlıq nifaq səbəbi kimi göstərilmişdir. 3. Bəni-İsraildən bir dəstəsi daim xəyanət əhli olmuşdur. 4. Peyğəmbər daim yəhudilərin əməl və rəftarlarını izləmişdir. 5. Düşmənlə münasibətdə insafı yaddan çıxarmayın. ("İlla qəlilən” ifadəsi Bəni-İsrail arasında fitnəkar olmayanların da varlığını göstərir.) 6. Əfv və bağışlama ehsan nümunələrindəndir. 7. Kafirin də bağışlanması ehsan və yaxşılıqdır. 8. Xeyirxah insan Allahın sevimlisidir. 14. وَمِنَ الَّذِينَ قَالُواْ إِنَّا نَصَارَى أَخَذْنَا مِيثَاقَهُمْ فَنَسُواْ حَظًّا مِّمَّا ذُكِّرُواْ بِهِ فَأَغْرَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء إِلَى يَوْمِ الْقِيَامَةِ وَسَوْفَ يُنَبِّئُهُمُ اللّهُ بِمَا كَانُواْ يَصْنَعُونَ "Biz məsihiyik” deyən kəslərdən əhd aldıq. Onlar (Bəni-İsrail kimi) nəzərlərinə çatdırılanların bir hissəsini unutdular. Düşmənçilik və kin-küdurəti qiyamət gününədək aralarında qərar verdik. Allah tezliklə onları gördüyü işlərdən agah edəcəkdir.” "Nəsara” "nəsrani” sözünün cəm formasıdır. Həzrət İsa yardımçılarının şüarı da belə olduğundan onların «nəsara» adlandırılması nəzərə gəlir. "Bəğza” qəlb düşmənçiliyi, "ədavət” isə onun zahirdə təzahürüdür. Xatırlatmaların bir hissəsinin unudulması dedikdə, məsihilərin tövhid həddini aşıb üç üqnuma üz tutması və həzrət Məhəmmədi (s) qəbul etmək əvəzinə, onun nişanələrini gizlətmələri nəzərdə tutulur. "Əğrəyna” əslində «yapışdırma» mənasını bildirir. Yəni onların bağlılıq səbəbi aralarındakı ədavətdir. Bildirişlər 1. İddia çoxdur, amma əməl az! 2. İddiası olan kəs məsuliyyəti qəbul etməlidir. 3. İlahi xəbərdarlıqların və iki əhdin müjdələrinin unudulması nəticəsi təfriqə və ədavətdir. 4. Başqalarının əhdi pozmasının acı nəticələrindən ibrət götürək. (Nəsaradan əhd aldıq, unutduqları üçün bədbəxtliyə düçar oldular.) 5. Yəhudilər və məsihilər qiyamətədək qalasıdırlar. 6.Təfriqə və düşmənçilik ilahi əzablardandır. 7. Bütün işlər Allahın nəzarəti altındadır və hər bir işin mükafatı və cəzası olacaqdır. 15. يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَن كَثِيرٍ قَدْ جَاءكُم مِّنَ اللّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ "Ey kitab əhli! Həqiqətən, Bizim peyğəmbərimiz sizə doğru gəldi. (Səmavi) kitabdan bir çox şeyləri gizlətdiyiniz halda sizə bəyan edər və çox şeydən (hazırda ehtiyac olmayan sizin xilaflarınız və gizlətdiyiniz həqiqətlərdən) keçər. Şübhəsiz, Allah tərəfindən sizin üçün nur və aşkar kitab gəlmişdir.” Gizlədilmiş məsələlərin bəyanı qeyb elminin nişanəsi və peyğəmbəri tanıma yollarından biridir. 1. İslam ümumbəşəri bir dindir və bütün dinləri haqqa çağırır. 2. İnsanları dəvət edərkən kitab əhlindən də məyus olmayaq. 3. Quransız dünya qaranlıqdır. 4. Tövrat və İncilin bəzi həqiqətləri gizlədilmişdir. 5. Haqqa dəvət üslublarından biri məsələləri zəruri həddə bəyan etməkdir. 6. Peyğəmbər və Quran çox əzəmətlidir. ("Nur” və "kitab” sözlərinin qeyri-müəyyən formada işlənməsi böyüklük və əzəmət nişanəsidir.) 16. يَهْدِي بِهِ اللّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلاَمِ وَيُخْرِجُهُم مِّنِ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ "Allah onun (kitabın) vasitəsi ilə Allahın razılığı sorağında olan kəsləri əmin-amanlıq və qurtuluş yollarına hidayət edir. Onları Öz istəyi ilə zülmətlərdən işıqlığa çıxarır və doğru yola yönəldir.” Hidayətin dərəcələri vardır: Mərhələlərdən biri insanların qəbul edib-etməməsindən asılı olmayaraq hamı üçün nəzərdə tutulmuş ümumi hidayət mərhələsidir. İkinci mərhələdəki hidayət ümumi hidayəti qəbul edənlərə aiddir. Bu ayə ikinci növ hidayət haqqında danışır. Salam Allahın adlarından biridir. Behiştin də adlarından biri "darus-səlamdır.” Demək, «Salam» yolları, yəni Allah və behişt yolu əmin-aman və doğru yoldan keçir. "Subuləs-Səlam” fərd və cəmiyyətin, ailə və nəslin, düşüncə, ruh və namusun salamatlıq yollarını bildirir. Allahın razılıq yolunu gedənlərin aşkar nümunəsi Qədir-Xum xəttini izləyənlərdir. Çünki ayənin uyğun hissəsi Əli ibn Əbi-Talibin (ə) canişinlik məqamına seçilməsindən sonra nazil olmuşdur. 1. O insanlar hidayət ola bilirlər ki, Allahın razılığını qazanmaq əzmində olsunlar, məqam, mal, nəfs istəkləri və intiqam ardınca düşməsinlər. 2. İnsan özü öz hidayəti üçün zəmin hazırlayır. 3. Salamatçılıq və səadət yollarına hidayət Allahın razılığını qazanmaqdan asılıdır. Allahdan qeyrisini razı salmaq istəyində olanlar azmışlar. 4. Haqq yol birdir, batil yollar isə (şirk, küfr, nifaq, təfriqə yolları) çoxsaylı. ("Nur” kəlməsi tək, "zülmət” kəlməsi isə cəm formada işlədilmişdir. Bəli, bütün yaxşılıqlar və paklıqlar tövhid nuru sayəsində vəhdət və birlik halına gəlirlər. Zülmət isə həmişə təfriqə və cərgələrdə pərakəndəlik səbəbidir.) 5. Hədəf bir, ona çatmaq yolları isə çoxdur. 6. Vəhy məktəbi fərd və cəmiyyətin, ruh və cismin sağlamlıq və səadətini təmin edir. 7. Bəşəriyyət Quran sayəsində yanaşı yaşayış və həyat səfası əldə edir. 8. Salamatlıq yolu doğru yola aparır. Müxtəlif şəraitlərdə növbənöv vəzifələri yerinə yetirənlər Allahın razılığını qazanır və doğru yola çatırlar. 9. Doğru yola çatmaq üçün peyğəmbər və kitab kifayət etmir. Bu işdə Allahın lütf və istəyi də zəruridir. 10. Nə cəbr (məcburiyyət), nə də təfviz (özbaşına buraxılma). Həqiqət bu iki yol arasındadır. İnsan seçim aparır. Amma Allahın iradəsi olmadan məqsədə çatmaq olmur. 11. Quran bütün zülmətlərin şəfabəxş məlhəmidir. Cəhalət, şirk, təfriqə, vəhşilik, şəkk-şübhə, nəfs istəkləri, xurafat, cinayət, iztirablar zülməti Quran vasitəsi ilə elm, tövhid, vəhdət, mədəniyyət, yəqin, haqq, səfa və aramlıq nuruna çevrilir. 17. لَّقَدْ كَفَرَ الَّذِينَ قَآلُواْ إِنَّ اللّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ قُلْ فَمَن يَمْلِكُ مِنَ اللّهِ شَيْئًا إِنْ أَرَادَ أَن يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَن فِي الأَرْضِ جَمِيعًا وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا يَخْلُقُ مَا يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ "Allah Məryəmin oğlu Məsihdir” deyənlər, şübhəsiz ki, kafir oldular. (Ey peyğəmbər, onlara) de ki, əgər Allah Məryəm oğlu Məsih, onun anası və yer üzündə olan hər kəsi həlak etmək istəsə, kimin bunun (qəhrin) qarşısında əlindən bir iş gələr? Göylər və yer, onların arasında olanlar Allahın hakimiyyətindədir. İstədiyini yaradır, Allah hər şeyə qadirdir.” Məsihilərin Allahla bağlı bir neçə əsassız iddiaları var. Quran onlara işarə edir: 1.Üç məbuda etiqad. 2. Yaradan Allahın üç məbuddan biri (ata Allah) olmasına etiqad. 3. İlahiliyin Məsihə aid edilməsi. (Bu ayə həmin iddianı rədd edir.) "İstədiyini yaradır” ifadəsi İsanın atasız, Adəmin ata-anasız yaranışına işarədir. Əgər həzrət Məsih Allah idisə, necə oldu ki, (məsihilərin əqidəsinə görə) öldürüldü və xaç onun məzlumiyyət nişanəsi oldu? Allah sui-qəsd edə bilməz! 1. İslam istənilən bir məktəbə aid küfr, şirk və xurafatla müxalifdir. (Həddi aşmaq da küfrün bir növüdür.) 2. Peyğəmbərə müxaliflərlə məntiq əsasında danışmaq əmr olunub. 3.Əgər məsih Allah olsaydı, qadın bətnində qərar tutmazdı. 4. Fəna və yoxluq Allahlıqla uyğun gəlmir. 5. İsa, onun anası və bütün bəşəriyyət Allah qarşısında acizlikdə eynidirlər. 6. İsa kimi bir insanı Allah bilmək məsihilərin Allahı tanımaması nişanəsidir. 7. İlahi qüdrət məhdud bir nizam çərçivəsində deyil. Allah, ata olmadan da övlad yarada bilər. 18. وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَى نَحْنُ أَبْنَاء اللّهِ وَأَحِبَّاؤُهُ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم بَلْ أَنتُم بَشَرٌ مِّمَّنْ خَلَقَ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا وَإِلَيْهِ الْمَصِيرُ "Yəhudilər və məsihilər dedilər: "Biz Allahın oğulları və (xüsusi) dostlarıyıq.” De ki, bəs nə üçün sizi günahlarınıza görə cəzalandırır? (Belə deyil,) siz də Onun məxluqlarından olan insanlardansınız. (Üstünlüyünüz yoxdur.) (Allah) istədiyini (layiqli bilsə) bağışlayar və istədiyinə əzab verər. Göylərin və yerin, onların ikisi arasında olanların hakimiyyəti Allahındır. Qayıdış və son yalnız Ona doğrudur.” Nöqtələr İslam peyğəmbəri yəhudilərdən bir dəstəsini İslama dəvət ediyi vaxt onlar dedilər: "Biz Allahın övladları və dostlarıyıq.” (Bu iddia Yuhanna İncilində, səkkizinci fəsil, 41-ci cümlədə bəyan olunmuşdur.) Yəhudilər və məsihilər özlərini Allahın gerçək oğlanları yox, oğulluq şərəfinə malik kəslər kimi təsəvvür edirdilər. Peyğəmbərlərin qətlə yetirilməsi, İslam peyğəmbərinin gəlişini bildirən müjdələrin gizlədilməsi, əhdin sındırılması, səmavi kitabların təhrifi, buzovpərəstlik, bəhanəçilik, qarınqululuq Bəni-İsrailin cinayətlərindəndir. Dağın yerindən qoparılması, qırx illik avaralıq, məsx və zillət ilahi cəza nümunələrindəndir. 1. İrqçilik, imtiyaz istəyi, yalnız özünü və mənsub olduğu firqəni haqlı bilmək qadağandır. 2. Heç bir fərd, qövm, millət və ümmət Allahın bağışlayacağına əmin olmamalıdır. Eləcə də, Allahın rəhmətindən məyus olmaq qadağandır. 19. يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَى فَتْرَةٍ مِّنَ الرُّسُلِ أَن تَقُولُواْ مَا جَاءنَا مِن بَشِيرٍ وَلاَ نَذِيرٍ فَقَدْ جَاءكُم بَشِيرٌ وَنَذِيرٌ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ "Ey kitab əhli! Həqiqətən, Bizim rəsulumuz peyğəmbərlərin olmadığı bir dövrdə sizə doğru gəldi ki, (həqiqətləri) sizin üçün bəyan etsin. Məbada, deyəsiniz ki, bizə müjdə verən və bizi qorxudan (bir kəs) gəlmədi. Həqiqətən də, sizin üçün müjdəçi və qorxudan gəldi. Allah hər şeyə qadirdir.” Həzrət Məsih ilə həzrət Məhəmməd (s) arasında altı yüz il fasilə olmuşdur. Peyğəmbərlərin məbus olmadığı dövrlərdə yer ilahi höccətsiz qalmır, peyğəmbərləri onların canişinləri əvəz edir. Həzrət Əlinin (ə) təbirincə, istər qüdrətli ola, istərsə də qüdrətsiz, yer heç vaxt ilahi höccətsiz qalmır. Çünki ilahi yol o yolu gedənlər üçün məxfi qalmamalıdır.” Demək, fətrət dövrü (iki peyğəmbər arasında peyğəmbərin olmadığı dövr) xalqın başlı-başına qalması mənasını daşımır. Qısa və ya uzun müddətli fətrətlərdə bir hikmət var. İlahi tərbiyə nizamında bu proqramın özünəməxsus faydası var. Fətrətə nümunə olaraq tarixdə həzrət Musanın öz qövmündən ayrılması, peyğəmbərlərin etikafı (ibadət üçün kənara çəkilməsi), peyğəmbərdən vəhyin qət olması, imam Mehdinin (ə) kiçik və böyük qeybi göstərilə bilər. 1. İslam kitab əhlini imana doğru dəvət edir. 2. Gizlədilmiş, təhrif olunmuş və ya unudulmuş həqiqətlərin bəyanı peyğəmbərlərin vəzifələrindən biridir. 3. İlahi hökmlərin bəyanında peyğəmbərlərə ehtiyac var. 4. Peyğəmbərlərin besəti (gəlişi) bəşəriyyət üçün üzr və bəhanə yeri qoymur. 5. Müjdə və qorxutma peyğəmbərlərin təbliğat üsullarındandır. 6. İnsan yol seçimində azaddır. Peyğəmbərlərin vəzifəsi yalnız müjdə və agahlıq verməkdir. Peyğəmbərlərin işində məcburiyyət və ikrah yoxdur. 7. Dərs oxumamış bir peyğəmbərin gizlədilmiş maarifi açmasına və ya baş vermiş təhrifləri aradan qaldırmasına şübhə edilməməlidir. Çünki Allah hər işə qadirdir. 20. وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنبِيَاء وَجَعَلَكُم مُّلُوكًا وَآتَاكُم مَّا لَمْ يُؤْتِ أَحَدًا مِّن الْعَالَمِينَ "(Xatırlayın) O zaman ki, Musa öz qövmünə dedi: "Ey mənim qövmüm! Özünüzə Allahın nemətini xatırladın. Bir zaman ki, sizin aranızda peyğəmbərlər qərar verdi, sizə mükafatlar təyin etdi (Var-dövlət, can, namus, hökumət sahibi oldunuz) sizə elə şeylər verdi ki, aləmdəkilərdən kimsəyə verilməmişdi.” İlahi nemətlərin yada salınması Allah eşqi, nemətlərin şükrü, bəndəlik, ilahi göstərişlər qarşısında təslimçilik səbəbidir. "Məlik” həm hakim və rəhbər, həm də sahib mənasını bildirir. Bir rəvayətdə peyğəmbərin belə buyurduğu nəql olunur: "Bəni-İsraildə arvadı, xidmətçisi, miniyi olan kəsə malik deyirdilər.” Əgər ayədəki "muluk” sözünü "sultan”kimi mənalandırsaq, təbii ki, bütün xalq sultan ola bilməz. Ona görə də uyğun söz ixtiyar sahibi kimi mənalandırılmalıdır. Nil çayından keçmək, "mənn və səlva” kimi nemətlərin göndərilməsi, on iki su çeşməsinin qaynaması Bəni-İsrailə əta olunmuş xüsusi nemətlərdən idi və bu ayə həmin nemətlərə işarə edir. 1. Xalqı dəvət edərkən onun mənəvi hisslərindən istifadə olunmalıdır. 2. İlahi göstərişləri bəyan etməzdən qabaq xalq ilahi lütflərin yada salınması ilə hazırlanmalıdır. (Bu ayədə nemətlər zikr olunur, növbəti ayədə mühüm ilahi göstəriş bildirilir.) 3. Nübuvvət, hökumət və qüdrət ən böyük nemətlərdəndir. 4. İlahi nemətlərin xalqa xatırladılması peyğəmbərlik vəzifələrindəndir. 5. Həzrət Musadan qabaq da Bəni-İsrail arasında peyğəmbərlər olmuşdur. Həzrət Musa onların varlığını bir nemət kimi yada salır. 6. Peyğəmbərlər hakimiyyət və istiqlal üçün zəmin yaratmışlar. 7. Tarixdən ibrət götürək. Musanın qövmü xüsusi ilahi lütflərdən bəhrələndikdən və hakimiyyətə çatdıqdan sonra zillət və miskinliyə düça oldular. Kimsəyə verilməmiş nemətlər ilahi qəzəbə çevrildi. 21. يَا قَوْمِ ادْخُلُوا الأَرْضَ المُقَدَّسَةَ الَّتِي كَتَبَ اللّهُ لَكُمْ وَلاَ تَرْتَدُّوا عَلَى أَدْبَارِكُمْ فَتَنقَلِبُوا خَاسِرِينَ "(Musa buyurdu:) Ey mənim qövmüm! Allahın sizin üçün müəyyənləşdirdiyi müqəddəs torpağa varid olun və ziyankarlardan olmamaq üçün geriyə dönməyin.” «Müqəddəs yer» dedikdə ya bütün Suriya, İordaniya, Fələstin məntəqəsi, ya da təkcə Beytül-müqəddəs nəzərdə tutulur. «Geriyə dönməmək» deyildikdə ya ilahi göstərişlərə arxa çevirməmək, ya da haqq yolda dayanmamaq nəzərdə tutulur. 1. Rəhbər və xalqın rabitəsi dərin və qəlbən olmalıdır. 2. Müqəddəs torpaqlar azğınların çəngindən xilas edilməlidir. 3. Yer üzündəki bütün məntəqələr eyni deyil. Bəzi yerlərin müqəddəsliyi var. 4. Savaşda geri çəkilməmək əmri Bəni-İsrailin üsyankar ruhiyyəsini göstərir. 5. Cəbhədən qaçmaq haramdır. 6. İlahi nemətlərdən faydalanmağın məsuliyyəti var. 7. Müqəddəs məkanlardan məhrumluq ziyankarlıq nümunələrindəndir. 22. قَالُوا يَا مُوسَى إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىَ يَخْرُجُواْ مِنْهَا فَإِن يَخْرُجُواْ مِنْهَا فَإِنَّا دَاخِلُونَ "(Bəni-İsrail cavab olaraq) dedi: "Ey Musa! Həqiqətən, həmin yerdə zalım bir qövm var və nə qədər ki, onlar oradan çıxmayıb, heç vaxt ora daxil olmarıq. Əgər oradan çıxsalar, şübhəsiz daxil olarıq.” "Cəbbar” "cəbr” sözündən olub qəhr-qəzəb və təzyiq vasitəsi ilə islah və bir şeyin aradan qaldırılmasını bildirir. Allaha münasibətdə hər iki mənadan istifadə olunur. "Qovmən cəbbarin” ifadəsi sami irqindən olan, Ərəbistanın şimalında Sina səhrasında yaşamış və Misirə hücum edib beş yüz il hakimiyyət sürmüş qövmə aiddir. 1. Bir məmləkətdə azğınların olması layiqli insanların həmin yerdən uzaqlaşması üçün dəlil ola bilməz. 2. Səbir edib düşmənin tutduğu yerdən çıxmasını gözləmək yox, onu həmin yerdən çıxarmaq lazımdır. 3. Rahattələblik qadağandır. Addım atmaq və düşməni qovmaq üçün Allahdan yardım diləmək lazımdır. (Quran Bəni-İsraili gözləmə mövqeyi tutduğu üçün tənqid edir. 4. Mübarizə aparmadan qələbə istəmək yanlış düşüncədir. 5. İtaətsizlikdən də pisi inadkarlıqdır. (Ayədəki "lən” sözü cəsarət və inadkarlığa işarədir.) 23. قَالَ رَجُلاَنِ مِنَ الَّذِينَ يَخَافُونَ أَنْعَمَ اللّهُ عَلَيْهِمَا ادْخُلُواْ عَلَيْهِمُ الْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَالِبُونَ وَعَلَى اللّهِ فَتَوَكَّلُواْ إِن كُنتُم مُّؤْمِنِينَ "(Allahdan) qorxan və Allahın hikmət (ağıl, iman və şücaət) verdiyi iki şəxs dedi: "Şəhər darvazasından düşmənin üstünə yeriyin (və qorxmayın), elə ki, daxil oldunuz, həqiqətən, qalibsiniz. Əgər imanınız varsa, Allaha təvəkkül edin.” |