Nöqtələr Müşriklərdən bir qrupu deyirdi: "Biz yalnız mələklər vasitəsi ilə kağız üzərində yazı nazil edilsə, ona iman gətirərik.” Amma onlar yalan deyirdilər və bəhanə axtarırdılar. "Qirtas” üzərində yazı yazılan şeydir. Bu həm kağız, həm ağac, həm dəri, həm də daş ola bilər. Dövrümüzdə isə yalnız kağıza «qirtas» deyilir. 1. İnadkarlıq olan yerdə bütün dəlillər faydasızdır. İnadkarlar hətta toxunub hiss etdiklərini belə inkar edirlər. 2. Müşriklərin peyğəmbərlərə münasibətdə ən məşhur ittihamları onları cadugər adlandırmaları idi. 8. وَقَالُواْ لَوْلا أُنزِلَ عَلَيْهِ مَلَكٌ وَلَوْ أَنزَلْنَا مَلَكًا لَّقُضِيَ الأمْرُ ثُمَّ لاَ يُنظَرُونَ "(Bəhanəçi kafirlər) dedilər: (Əgər Məhəmməd peyğəmbərdirsə,) nə üçün ona bir mələk nazil olmayıb (ki, dəvətində ona köməkçi olsun.) "Hansı ki, əgər mələk nazil edərdiksə (yenə inadkarlıq göstərərdilər) və işləri bitərdi, onlara heç bir möhlət də verilməzdi.” Kafirlərin istəyi əsasında mələk nazil olsaydı, o ya peyğəmbər sifətində, ya da öz həqiqi simasında olmalı idi. Onun həqiqi simasını görməyə isə kimsədə taqət yoxdur. Şeytani təkəbbür ruhiyyəsi insanı özü kimi bir bəşərə ardıcıllıqdan çəkindirir. Gah deyir ki, nə üçün peyğəmbərlər bizim kimi xörək yeyir, bazarlarda gəzir, bizim kimi geyinirlər? Gah da bir-birlərinə deyirlər ki, əgər özünüz kimisinə itaət etsəniz ziyana düşmüşsünüz. 1. Bəhanəçi kafirlər insanı risalət məqamına layiq bilmir, mələk istəyirdilər. 2. İlahi sünnə, qanuna əsasən, xalqın istəyi əsasında möcüzə göndərilsə və həmin möcüzəni xalq inkar etsə, hökmən həlak olmalıdırlar. ( Peyğəmbərlərin dəvəti azadlıq, təvəkkül, seçim və möhlət prinsiplərinə əsaslanır. Mələyin elçi olaraq göndərilməsi, səmadan süfrə nazil edilməsi kimi istəklər möhləti başa çatdırır və həmin məqamda yeganə yol qəbul etmək olur. Əks-təqdirdə bədbəxtçilik qaçılmazdır.) 9. وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَّجَعَلْنَاهُ رَجُلاً وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ "Əgər (peyğəmbəri) mələk qərar verərdiksə, hökmən onu bir kişi surətində gətirərdik. (Yenə də deyərdilər ki, bu bizim özümüzdəndir və öz şübhələrini təkrarlayardılar.) Həmin işi onlar üçün şübhəli (seçimli) etdik, necə ki, onlar (öz iradları ilə ) işi başqaları üçün şübhəli etmişdilər.” "Ləbs” sözü pərdələmək, dolaşıq salmaq mənalarını bildirir. "Lubs” sözü isə libas geymək mənasındadır. Əgər insanlar üçün peyğəmbər və nümunə mələk olsa, bu mələk nəfs istəkləri tufanında çabalayan insanlara necə rəhbərlik edə bilər? Ayə belə mənalandırıla bilər: Əgər peyğəmbər mələk olsa, bir kişi surətində zahir olmalıdır. Bu halda o, gözə görünər. Belə bir vəziyyətdə xalq təyin edə bilməz ki, o, insandır, yoxsa mələk. 1. İlahi sünnələr, qanunlar hikmətə əsaslanır. Kiminsə istəyi ilə onlar dəyişilmir. "(Ləv”) belə bir məna verir ki, biz öz işimizi görürük və yersiz istəklərlə işimiz yoxdur.) 2. Xalqın tərbiyə və dəvəti üçün insan seçilməlidir ki, o bütün işlərdə nümunə və öncül olsun. 3. Peyğəmbərlər xalqın arasından seçilir. 10. وَلَقَدِ اسْتُهْزِىءَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُواْ مِنْهُم مَّا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ "Şübhəsiz, peyğəmbərlərə səndən qabaq da istehza etdilər, istehza etdikləri əzab məsxərə edənlərə nazil oldu.” Bu ayə İslam peyğəmbərinə bir təskinlikdir. Əvvəla, əvvəlki peyğəmbərlərə də istehza edilmişdir. İkincisi, istehza edənləri təkcə axirət əzabı yox, həm də dünyəvi əzab gözləyir. 1. Başqalarının çətinlikləri barədə düşünmək insanın səbrini artırır. Müxaliflərin istehzaları din təbliğatçısını sarsıtmamalıdır. 2. Rəhbərlərin ruhiyyəsini zəiflətməkdə düşmənin psixoloji müharibələrindən biri də istehzadır. Düşmənlərin istehzasına müqavimət göstərilməlidir. 3. Məsxərə edənlər sonra zəlil olar və istehzaları onları öz ağuşuna alar. 4. Dinə istehza kəbirə günahlardan biridir. Bu günah müqabilində əzab vəd olunmuşdur. 5. Allah peyğəmbərlərin himayəçisidir və istehza edənləri məhv edir. 6. İstehza kafirlərin daimi üslubudur. 11. قُلْ سِيرُواْ فِي الأَرْضِ ثُمَّ انظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ "(Ey peyğəmbər! Onlara) de ki, yer üzündə dolanın, sonra baxın ki, təkzib edənlərin aqibəti necə oldu?” "Siru fil-ərz”, yəni "yer üzündə dolanın, gəzin” cümləsi Quranda altı dəfə işlədilmişdir. Təəssüf ki, kafirlər bu göstərişə bizdən öncə əməl etdilər və İslam ölkələrini qarış-qarış dolanıb onun təbii sərvətləri, güclü və zəif nöqtələri, mədəniyyət abidələri və əsərləri, dəyərli kitablarından xəbər tutdular. Bütün bu sərvətlər onlar tərəfindən qarət edildi. Müsəlmanlar isə hələ də qəflət yuxusundadırlar. 1. Elm və bilik qazanmaq məqsəd ilə olan və ibrətamiz səfərlər bəyənilmişdir. 2. Haqqa qarşı çıxanların məğlubiyyəti və süqutu qətidir. Əgər şəkk edirsinizsə, onların tarixini oxuyun, səfərlərə çıxmaqla deyilənləri gözünüzlə görün və ibrət götürün. 3. Cəmiyyətin yüksəliş və ya süqut amilləri qanunauyğundur. Həqiqətin inkarı kimi amillər hansısa bir dövrdə insanların həlak olmasına səbəb olmuşsa, başqa dövrlərdə də uyğun nəticə ilə qarşılaşasıyıq. 4. Mədəniyyətlərin süqut amillərindən biri peyğəmbərlərin təkzibidir. 5. Ötəri görüntülər mühüm deyil, mühüm olan şey işin sonudur. 12. قُل لِّمَن مَّا فِي السَّمَاوَاتِ وَالأَرْضِ قُل لِلّهِ كَتَبَ عَلَى نَفْسِهِ الرَّحْمَةَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ رَيْبَ فِيهِ الَّذِينَ خَسِرُواْ أَنفُسَهُمْ فَهُمْ لاَ يُؤْمِنُونَ "De ki, göylərdə və yerdə olan kimin üçündür? De ki, Allah üçündür. O, rəhməti göstərməyi Özü üçün vacib etmişdir. O hökmən sizi heç bir şübhə olmayan qiyamət günündə toplayacaq. Özünü uduzanlar (istedadlarını inkişaf əvəzinə süquta sərf edənlər) həqiqətən iman gətirmirlər.” Nöqtələr Allahın rəhməti özünə vacib etməsi mövzusu Quranda iki dəfə xatırlanmışdır. "La rəybə fihi”, yəni "heç bir şübhə yoxdur” cümləsi həm Quran, həm də qiyamət günü haqqında işlədilmişdir. Allah bizim üçün vəzifələr müəyyənləşdirdiyi kimi, Özü üçün də vəzifə müəyyənləşdirmişdir. Məsələn, hidayət etmək , ruzi vermək , lütf etmək , Allah dininin qələbəsi . Amma Allahın rəhmətinə çatmaq şərti Onun bəndələrinə rəhm etməkdir. Hədislərdə nəql olunur ki, rəhm etməyənə rəhm olunmaz. Salman Farsi nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: "Allahın rəhməti yüz dərəcədir. Onun bir dərəcəsi dünyadakı bütün ilahi lütflərin qaynağıdır. Allah qiyamət günü Öz rəhmətinin bütün yüz dərəcəsi ilə xalqla rəftar edəcək.” Quran ilahi rəhməti hər şeyə şamil edir. Bu rəhmətin bir çox nümunələri vardır: yağış ; külək ; gecə-gündüz ; peyğəmbər ; Quran ; Tövrat ; azadlıq ; həyat yoldaşına meyl ; bitkilər və meyvələr ; tövbənin qəbulu. 1. Peyğəmbərə əmr olunmuş təbliğ üsullarından biri sual-cavabın tərtibidir. 2. Varlıq rəhmətə əsaslanır. İlahi rəhmət hər yeri və hər şeyi əhatə edir. 3. Allahın yaratdıqları, məsələn külək, yağış, gecə-gündüz, nəbatat rəhmət olduğu kimi, məad da rəhmətdir. 4. Qiyamətin bərpa olma dəlili xalqın ilahi rəhmətdən bəhrələnməsidir. 5. İlahi rəhmət nə qədər əhatəli olsa da, bəziləri özünü bundan məhrum edir. 6. Dəlil-sübut əvəzinə nəfs istəkləri ardınca qaçmaq, Allahın övliyaları yerinə tağuta üz tutmaq, axirətə etiqad əvəzinə küfr etmək, nura təslim olmaq yerinə oda təslim olmaq kafirlərin böyük zərərlərindəndir. 13. وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ "Gecə və gündüzdə qərarlaşan hər şey yalnız Ona aiddir. O, eşidən və biləndir.” Gecə-gündüz beşik tək insan və digər mövcudları öz ağuşuna almışdır. Bəzi mövcudlar gecə, bəziləri isə gündüz istirahət edir. 1. Həm bütün varlıq aləmi, həm də ona nəzarət Allaha məxsusdur. 14. قُلْ أَغَيْرَ اللّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالأَرْضِ وَهُوَ يُطْعِمُ وَلاَ يُطْعَمُ قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ وَلاَ تَكُونَنَّ مِنَ الْمُشْرِكَينَ "De ki, yoxsa Allahdan qeyrisini özünüzə rəhbər seçirsiniz? Halbuki O, göylərin və yerin yaradıcısıdır. Kimsə Ona yox, O hamıya təam verir. De ki, həqiqətən, mənə Onun əmrinə təslim olan ilk kəs olmaq əmr edilib. (Mənə deyilib ki,) heç vaxt müşriklərdən olma.” Ayənin nazil olma şəni haqqında deyilir ki, Məkkə əhlindən bir qrupu Peyğəmbərə (s) dedi: "Sən fəqirlik səbəbindən bütlərə arxa çevirmisən. Biz sənin ehtiyaclarını ödəyərik, amma bizimlə müxalifətçilik etmə.” Ayə nazil oldu və həmin qrupa cavab verildi. 1. Xalqın düşüncəsini oyatmaq məqsədi ilə peyğəmbərin təbliğ və hidayət üsullarından biri sual formasında dəlillərin bəyanıdır. 2. İnsan üzləşdiyi ehtiyaclar və məhdudiyyətlər səbəbindən fitri olaraq himayədar və sığınacaq sorağındadır. Əsas məsələ odur ki, insan bu məqsədlə kimə üz tutur? 3. Allah göyü və yeri ilkin nümunə olmadan yaratmışdır. "Fatir” ilkin yaradan mənasını bildirir. 4. Ehtiyacları ödəmək Allahın vilayət şənindəndir. 5. Allahdan savay bütün varlıqlar ehtiyaclıdır. 6. Allah bəşəriyyətin həm xaliqi, həm də ruzi verəni olduğundan, insan Ona tabe olub vilayətini qəbul etməlidir. 7. Peyğəmbərə öz əqidəsini izhar etmək əmr olunur. 8. Rəhbər ayinlərin icrasında ilk addım atmalı və ən yüksək ixlasa, təslimçiliyə malik olmalıdır. 9. Allahdan qeyrisinin vilayətini, hakimiyyətini qəbul etmək şirkdir. 15. قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ "De ki, Rəbbimə qarşı itaətsizlik etsəm, həqiqətən böyük günün əzabından qorxuram.” Xof, qorxu iki növdür: cihaddan qorxu kimi bəyənilməmiş qorxu; ilahi əzabdan qorxu kimi bəyənilmiş qorxu. 1. İlahi qanunlar hamı üçün eynidir. Allahın peyğəmbəri də günaha yol versə, Onun bəlasından qorxmalıdır. 2. Allahın övliyaları tağutdan və xalqdan yox, Allahın qəzəbindən qorxurlar. 3. Allahın rübubiyyətinə diqqət insanın günahdan çəkinməsini tələb edir. 4. Cəza qorxusu büdrəmə və xatadan qoruyan amillərdəndir. 5. Allah rəsulunun qiyamət qorxusunu izhar etməsi başqalarının tərbiyəsində müsbət rola malikdir. 6. Başqalarını həvəsləndirib onlara vəd edərkən qiyamət hesabı inancından istifadə edin. (Əvvəlki ayənin nazilolma şənində bildirildi ki, peyğəmbərə öz dəvətindən əl çəkmək təklif olundu. Ona deyilirdi ki, əgər öz təbliğindən əl götürsə, ehtiyacları ödənilər. Amma peyğəmbər belə buyurdu: "Mən qiyamətdən qorxuram.”) 16. مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ وَذَلِكَ الْفَوْزُ الْمُبِينُ "Həmin gün hər kəsdən ilahi əzab uzaqlaşdırılsa, şübhəsiz, ilahi rəhmətə çatmışdır və budur aşkar qurtuluş.” |