Nöqtələr "Xovz” dedikdə məsxərə və təhqir məqsədli araşdırma və danışıq nəzərdə tutulur. Bu danışıqda haqqı dərk etmək məqsədi olmur. "Bədəz-zikra” təbiri bir başqasına xatırlatmaq və ya insanın özünün xatırlaması mənasını bildirir. Sual: İlahi peyğəmbərlər məsum sayıldığı halda nə üçün şeytanın peyğəmbərə nüfuzundan danışılır? Cavab: Şeytanın unutqanlıqla bağlı təsiri fərz olunan məsələdir. Bunun oxşarı ilə Quranın başqa ayələrində də rastlaşırıq. Məsələn, əgər müşrik olsan və ya rəva olmayanı bizə aid etsən.” Ayədə əsas məqsəd peyğəmbərin özü yox, ardıcılları da ola bilər. "Qızım sənə deyirəm, gəlin sən eşit” məsəlində olduğu kimi. Oxşar mövzu ilə "Nisa” surəsinin 140-cı ayəsində də rastlaşırıq: "İlahi ayələrin inkar olunduğu və ya məsxərəyə qoyulduğunu eşitsəniz, onlarla əyləşməyin ki, söhbət dəyişsin.” Çoxsaylı rəvayətlərdə peyğəmbər və məsum imamlar günahın qarşısını almaq gücü olmadıqda günah məclisində oturmağı qadağan etmişlər. İnsanın yaxınlarına münasibətdə də bu qadağa qüvvədədir. Həzrət Əli (ə) öz övladlarına vəsiyyət edir: "Allah qulağa vacib etmişdir ki, günah və qeybəti eşitməklə razılaşmasın.” Həzrət Peyğəmbər (s) bu ayəyə istinadən buyurmuşdur: "Allah və qiyamət gününə iman gətirən kəs imamın təhqir olunduğu və ya bir müsəlmanın eybi araşdırılan məclisdə oturmasın!” Həzrət Əli (ə) buyurmuşdur: "Pislərlə oturub-durmaq yaxşılar haqqında sui-zən yaradar.” 1. Müqəddisliklərə münasibətdə öz qeyrət və dini təəssübünüzü düşmənlərə nümayiş etdirin. 2. Pislik və pislik əhlindən üz döndərmək nəhy əz münkər üsullarından biridir. 3. Çirkin sözlərə qulaq asmaq (azdırıcı kitablar oxuyub, proqramlara baxmaq) məzəmmət olunmuşdur. Azdırıcı kitablar və proqramları qadağan edərkən bu ayəyə əsaslanmaq olar. Əlbəttə ki, bu qadağada, zəruri məlumat toplayıb cavab verən mütəxəssislər istisnadır. 4. Azğın cəmiyyət, dəstə və ya məclisdə ərimək əvəzinə mövcud vəziyyəti dəyişin. 5. Üz döndərmək və dillə məhkum etmək kifayət deyil. Hansısa şəkildə vəziyyətə müdaxilə etmək lazımdır. 6. Zalımlarla bir məclisdə oturmaq rəva deyil və bundan çəkinək. 7. Diqqət və xəbərdarlıq vəzifə şərtidir. (Bir şeyin yaddan çıxması qəbul olunan üzrdür.) 8. Quran ayələri haqqında haqsız danışmaq (istehza, şəxsi rəy əsasında təfsir, bidət və təhrif) zülmdür. 69. وَمَا عَلَى الَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِم مِّن شَيْءٍ وَلَـكِن ذِكْرَى لَعَلَّهُمْ يَتَّقُونَ "Təqva yolunu seçənlər onların (sitəmkarların) günahına görə sorğuya çəkilməyəcəklər. Amma onlara nəsihət verməlidirlər ki, bəlkə təqvalılardan olalar.” Pis danışanlar və məsxərəyə qoyanlarla yoldaşlığı qadağan edən ayə nazil olduqda bir dəstə dedi: "Demək, Məscidül-hərama da getməməli, təvaf etməməliyik. Çünki istehza edənlərin əli oraya uzanmışdır.” Ayə nazil oldu ki, gücləri qədərində xatırladan təqvalı müsəlmanların hesabı ayrıdır. Onlar Məscidül-həramı tərk etməsinlər.” Nəhy əz münkər və doğru yola çağırış məqsədi ilə günah əhlinin məclisində iştirak etməyin eybi yoxdur. Əlbəttə ki, bu istisna təqvalı və təsirə düşməyən insanlara aiddir. Çoxları isə boğulanı qurtarmaq istədikdə özləri qərq olurlar. Su çəkmək istərkən çaydan bir qulam, Çay alıb qulamı apardı lapdan. 1. Məsələlərdə "əhəmm” və "mühüm” (əhəmiyyətli və daha əhəmiyyətli) prinsipinə riayət edilməsi əqli və islami üsullardandır. Azğınları qurtarmaq və ya pis sözə cavab vermək məqsədi ilə müvəqqəti olaraq haqsızlığı dinləmək caizdir. 2. Təqva insanı günahdan qoruyan vasitədir. (Yanğın söndürənləri oddan qoruyan xüsusi libas kimi.) 3. Haqsız danışanlarla yoldaşlıqdan çəkinək və onların sözünü dinləməyək. Amma özümüzdən asılı olmayaraq bir söz eşitsək, bunun eybi yoxdur. 4. Özümüz təqvalı olmaqla yanaşı başqalarının da təqvalı olmalarına çalışaq. 70. وَذَرِ الَّذِينَ اتَّخَذُواْ دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَذَكِّرْ بِهِ أَن تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِن دُونِ اللّهِ وَلِيٌّ وَلاَ شَفِيعٌ وَإِن تَعْدِلْ كُلَّ عَدْلٍ لاَّ يُؤْخَذْ مِنْهَا أُوْلَـئِكَ الَّذِينَ أُبْسِلُواْ بِمَا كَسَبُواْ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُواْ يَكْفُرُونَ "Dinlərini oyun-oyuncağa çevirənlərdən, dünya həyatının məğlub etdiyi kəslərdən əl götür. Quran vasitəsi ilə onlara öyüd ver. Məbada, kəsb etdiklərinin cəzası ilə məhv olsunlar. Halbuki Allahdan savay heç bir yardımçıları və şəfaətçiləri yoxdur!Əgər (həmin gün insan cəzasına görə) istənilən cür əvəz ödəsə, ondan qəbul olunmaz. Onlar o kəslərdir ki, kəsb etdiklərinin cəzası olaraq fəlakətə düşdülər. Onlar üçün küfrlərinin cəzası olaraq yanar sudan şərab və dərdli əzab olacaq.” Ayədə azğınlardan əl götürülməsi dedikdə, onlara nifrətin izharı və rabitələrin kəsilməsi nəzərdə tutulur. Bəzən bu, müxaliflərlə döyüşlə sona çatır. Şübhəsiz ki, təkcə müxaliflərlə cihadın tərk olunması nəzərdə tutulmur. "Tubsəl” dedikdə yaxşılıqlardan məhrum olub fəlakətə çatmaq nəzərdə tutulur. Dinin oyuncağa çevrilməsi hər dönəmdə müəyyən bir formada təzahür etmişdir. Bəzən xurafi əqidələr izhar edilmiş, bəzən hökmlərin icrası mümkünsüz sayılmış, bəzən günahlara don geyindirilmiş, bəzən bidətə əl atılmış, bəzən rəy əsasında təfsir verilmiş və mütəşabeh ayələr əsas götürülmüşdür. 1. Dini qeyrət cəmiyyətdə dinsizlərin və əqidə müxaliflərinin rədd edilməsinə səbəb olur. Digər ayələrdə də bu məsələyə toxunulmuşdur. 2. Dünyaya bağlılıq və aldanış dinin oyuncağa çevrilməsi üçün zəmindir. 3. Xatırlatma və moizə ilahi qəhr-qəzəbdən qurtuluş səbəbidir. 4. Xatırlatma zamanı Qurandan bəhrələnməliyik. 5. Dünya ilə qürrələnməyək. Qiyamətdə Allahdan savay köməyimiz yoxdur. 6. İnsanın bədbəxtlik amili onun özü və əməlləridir. 71. قُلْ أَنَدْعُو مِن دُونِ اللّهِ مَا لاَ يَنفَعُنَا وَلاَ يَضُرُّنَا وَنُرَدُّ عَلَى أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَانَا اللّهُ كَالَّذِي اسْتَهْوَتْهُ الشَّيَاطِينُ فِي الأَرْضِ حَيْرَانَ لَهُ أَصْحَابٌ يَدْعُونَهُ إِلَى الْهُدَى ائْتِنَا قُلْ إِنَّ هُدَى اللّهِ هُوَ الْهُدَىَ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ "De ki, Allah bizi hidayət etdikdən sonra bizə heç bir faydası və zərəri olmayan Allahdan qeyrisinimi çağıraq?! Geriyəmi (küfrəmi) qayıdaq?! Şeytanların yerdə yoldan çıxarıb azdırdığı kəs kimimi?! Hansı ki, onun yardımçıları var, onu hidayətə dəvət edib (deyirlər,) yanımıza gəl (haqqı qəbul et... Amma o dinləməz.) De ki, Allah tərəfindən gələn hidayət həqiqidir və bizə aləmlərin Rəbbi qarşısında təslim olmaq əmr edilib.” 72. وَأَنْ أَقِيمُواْ الصَّلاةَ وَاتَّقُوهُ وَهُوَ الَّذِيَ إِلَيْهِ تُحْشَرُونَ "(Bizə əmr olunub ki,) namazı bərpa edək, Ondan (Allahdan) qorxaq. Hüzurunda hamının məhşur olacağı Odur.” Yetmiş ikinci ayədə dini vəzifələr arasından namaza və əqidələr arasından məada işarə olunmuşdur. Bu, namaz və məadın əhəmiyyətini göstərir. Bir olan Allaha pərəstişdə aramlıq və təmərküz var. Şirk və çoxallahlıq isə insanda mövqesizlik, giclik yaradır. Hər hansı bir vicdanlı şəxs etiraf edər ki, bir olan Allah növbənöv tanrılardan üstündür. Allah həm təkdir, həm də razılığında yubanmır. Yalançı məbudlar isə çoxdur, onların hər birinin öz tələbi var və asanlıqla razılaşmırlar. 1. Suallar ünvanlamaqla vicdanları hərəkətə gətirək. 2. İnsanın pərəstişdə məqsədi fayda qazanmaq, zərəri dəf etməkdir. Bütlərdə isə belə bir qüdrət yoxdur. Bu baxımdan şirk qeyri-məntiqidir. 3. Xalqın mənfəət meylindən onların təbliğ və tərbiyəsində istifadə edək. 4. Şirk bir növ geriyə addım və etiqadi irticadır. 5. Şirk avaralıq və mövqesizlik səbəbidir. 6. Çaşqınlıqlar qarşısında qəti və aşkar mövqe tutulmalıdır. 7. Allaha təslimçilik öz inkişafımız üçün faydalıdır. 8. Namaz təqva ilə müşayiət olunduqda səmərə verir. 9. Məad və qiyamətə iman insanda təqvanın yaranması amilidir. 73. وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ بِالْحَقِّ وَيَوْمَ يَقُولُ كُن فَيَكُونُ قَوْلُهُ الْحَقُّ وَلَهُ الْمُلْكُ يَوْمَ يُنفَخُ فِي الصُّوَرِ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ "O, göyləri və yeri haqq olaraq yaradan kəsdir. O gün ki "ol” deyər, yubanmadan olar. Onun sözü haqdır. (Qiyamət zamanı) sur üfürülən gün hakimiyyət yalnız Onundur. O, qeybi və aşkarı biləndir. Odur hikmət sahibi və agah.” Quranda surun iki növ üfürülməsi qeyd olunur: Bunlardan biri viranedici, digəri qiyamət üçün dirçəldicidir. Bu ayədə həmin məsələyə bir dəfə toxunulur. Amma "Zumər” surəsinin 68-ci ayəsində iki sur üfürülməsinə işarə olunmuşdur. Əgər əvvəlki ayələrdə söhbət Allah qarşısında təslimçilik və namazın bərpasından gedirdisə, bu ayədə həmin mövzuların səbəbləri zikr olunur. Bildirilir ki, yaranış Allahın əlindədir, O, agah və hikmət sahibidir, hər şeydən xəbərdardır. İmam Sadiq (ə) "qeyb və aşkardan xəbərdardır” cümləsi haqqında buyurmuşdur: "Qeyb odur ki, hələ ki, gəlməmişdir. Aşkar isə olmuş və hazırda olandır.” 1. Yaranış hikmətli və məqsədlidir. Bu məsələyə bir çox ayələrdə işarə olunmuşdur. 2. Allahın istək və iradəsi qarşısında heç bir maneə yoxdur. 3. Allah üçün qeyb və aşkar, məxfi və aydın eynidir. 4. Allahın hakimiyyəti hikmət və elmə əsaslanır. 5. Qiyamətdə ilahi qüdrət hamı üçün aşkarlanar. Çünki orada bütün vasitələr aradan götürülər. 74. وَإِذْ قَالَ إِبْرَاهِيمُ لأَبِيهِ آزَرَ أَتَتَّخِذُ أَصْنَامًا آلِهَةً إِنِّي أَرَاكَ وَقَوْمَكَ فِي ضَلاَلٍ مُّبِينٍ "(Xatırla) o zaman ki, İbrahim atası Azərə dedi: "Bütləri tanrımı tutursan? Şübhəsiz, səni və qövmünü aşkar azğınlıqda görürəm.” Təbii ki, "əb” sözü ata mənasını bildirir. Amma ana babaya, əmi və tərbiyəçiyə də "əb” deyilir. Yaqubun övladları da ataları və atalarının əmisinə "əb” deyirdilər. Həzrət peyğəmbər buyurur: "Mən və Əli (ə) bu ümmətin atalarıyıq.” Belə ki, Azər İbrahimin atası yox, əmisi idi. İbrahimin ata-babası isə təkallahçı olmuşdular. Təbəri, Alusi, Süyuti kimi sünni alimləri də deyirlər: "Azər İbrahimin atası olmamışdır. Bundan əlavə, İbrahim öz ata-anası haqqında dua edir. Hansı ki, müsəlman hətta ən yaxın adamı müşrik olduqda, onun bağışlanması üçün dua edə bilməz. Bütün deyilənlərdən belə məlum olur ki, ayədə "əb” ata mənasını bildirmir. Onu da qeyd edək ki, tarix kitablarında İbrahimin atasının adı "Tarux” (terax) kimi zikr olunmuşdur. İbrahim əmisi Azərə hələ ondakı küfr ruhu aşkarlanmadığı bir vaxt dua etmişdi. Amma Azərin haqqı qəbul etmədiyi aşkar olduqda İbrahim ondan ayrıldı. 1. Qohumluq nəhy əz münkərə mane ola bilməz. 2. Münasibətlərdə meyar insanın yaşı yox, haqdır. (Həzrət İbrahim yaşlı əmisinə haqqı aşkar bəyan edib xəbərdarlıq etmişdi.) 3. Haqqa dəvət edərkən yaxınlardan başlamaq lazımdır. Söhbətdə diqqət əsas məsələyə yönəldilməlidir. 4. Şirk və bütpərəstlik həzrət İbrahimin risalətindən qabaq vardı. 5. Çoxluq, yaş batili haqq etmir və hər bir şəraitdə dəyər sayılmır. 6. Bütpərəstlik sağlam vicdan və ağılın məzəmmət etdiyi azğınlıqdır. 7. İbrahim həlim təbiətli olsa da, və peyğəmbər hətta fironla da yumşaq danışmalıdırsa, həzrət İbrahim bu ayədə əmisinin küfrdə israrına xatir sərtdir. 75. وَكَذَلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ "Göy və yer mülkünü bu sayaq İbrahimə göstərdik ki, (xatircəmlik tapıb) yəqin əhlindən olsun.” Ayədəki "mələkut” sözü haqqında müxtəlif rəylər vardır və onların bəzilərini nəzərdən keçiririk: "Mələkut” sözü "mülk” sözündəndir. Bu sözün sonuna artırılmış "vav” və "ta” hərfləri təkid, mübaliğə bildirir. "Səmaların mülkü” dedikdə Allahın onlar üzərindəki mütləq və həqiqi malikliyi nəzərdə tutulur. "Mülkün müşahidəsi” dedikdə isə əşyanın Allaha aidlik baxımından müşahidəsi başa düşülür. "Mələkuti baxış” varlıq aləmindəki tövhidin və şirkin batil olmasının dərkidir. Varlıq aləmi dörd hissəyə bölünür: Lahut (Allahdan başqalarının xəbərsiz olduğu ilahi aləm), Cəbərut (mücərrədliklər aləmi), Mələkut (cisimlər aləmi), Nasut (varlıq, fəsad, dəyişiklik, hadisələr aləmi.) Mələkut aləmi sirr, nəzm, qəribəliklər aləmi və qeyb dünyasıdır. Mələkut göylər və ondakı qəribəliklərdir. İbrahim səma və yer səltənətini gördükdə Allahın sünnə, xilqət, hikmət və rübubiyyəti ilə daha artıq tanış oldu. İmam Baqirin (ə) buyruğuna görə Allah İbrahimin gözünə bir qüdrət və nur vermişdi ki, səmaların, ərşin və yerin dərinliyini müşahidə edirdi.” Möhkəm dəlillər və başqalarına elmi yanaşma qəlb imanına ehtiyaclıdır. Həzrət İbrahim də yəqinliyə çatdıqdan sonra dəlillərə varırdı ki, bu da növbəti ayələrdə bəyan olunmuşdur. "Vəliyəkunə minəl-muqinin” cümləsindəki "vav” hərfi ilahi baxışın bir neçə məqsəd daşıdığını bildirir. Onlardan biri Həzrət İbrahimin yəqinə çatmasıdır. 1. Haqqı tanıyıb ona dəvət edən və heç nədən çəkinməyən kəsə Allah ilahi (mələkuti) baxış əta etmişdir. Ötən ayəyə əsasən, həzrət İbrahim də bu məqama çatmışdı. Bəli, bir gənc də mənəvi təkamüllə ilahi baxış əldə edə bilər. Çoxsaylı təfsirlərə əsasən, İbrahim həmin vaxt bir yeniyetmə idi. 2. Peyğəmbərlər Allahın xüsusi hidayətindən bəhrələnmişlər. 3. İmanın ən ali dərəcəsi yəqindir. 4. Yəqinə çatmaq üçün ilahi yardıma ehtiyac var. 76. فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لا أُحِبُّ الآفِلِينَ "Elə ki, gecə ona pərdə çəkdi, bir ulduz görüb dedi: "Bu, mənim Rəbbimdir.” Elə ki, (ulduz) qürub etdi, o dedi: "Mən zavala uğrayanları sevmirəm.” Həzrət İbrahimin dövründə ulduzpərəstlik yayılmışdı. İnsanlar ulduzun tədbir qüdrətinə malik olduğunu düşünürdülər. Sual: Həzrət İbrahim kimi böyük bir peyğəmbər bir an da olsa ulduz, ay və ya günəşə pərəstiş edə bilərdimi? Cavab: Həzrət İbrahimin müşriklərlə söhbəti qəlb əqidəsini bəyan etmək yox, qarşı tərəfin əqidəsini rədd etmək məqsədi daşıyırdı. Növbəti iki ayədə "ey qövm” müraciəti "bu mənim Rəbbimdir” deyimindəki yanaşma, yola getmə məqsədini göstərir. Həzrət İbrahim ay və günəşin batdığını gördükdə «sizin şirkinizdən üz döndərdim»-deyə buyurur. (ayə 78) Bundan əlavə, əvvəlki ayədə oxuduq ki, Allah göy və yer səltənətini İbrahimə göstərdi və o, yəqinə çatdı. Ayənin "fa” hərfi ilə başlaması, haqqında danışılan ilahi səltənət və yəqinin uyğun növ dəlillərlə nəticələnməsini göstərir. (Ərəb qrammatikasına əsasən.) Doğan və batan bir mövcud, qanunlara hakim yox, məhkumdur. Həzrət İbrahim sonradan uyğun baxışı rədd etmək üçün əvvəlcə müvəqqəti olaraq onu qəbul etdiyini bildirir. 1. Haqqı sübuta yetirmə üsullarından biri əvvəlcə batil əqidədə olanlarla həmfikirliyi izhar edib sonra onu rədd etməkdir. 2. Fitrətləri oyatmaq, düşüncələri hərəkətə gətirmək, diqqəti hisslərə yönəltmək ən üstün təbliğ üsullarındandır. 3. Həqiqi məhbub üçün məkan, zaman məhdudiyyəti yoxdur. 4. Məbud məhbub və ibadət aşiqanə olmalıdır. Dinin ruhu eşqdir. 77. فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِي رَبِّي لأكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ "Növbəti dəfə ayı tülu və parlayan halda gördükdə dedi: "Bu mənim Rəbbimdir.” Elə ki, (ay) qürub etdi dedi: "Əgər Rəbbim məni hidayət etməsəydi, şübhəsiz, azğın dəstələrdən olardım.” "Baziğ” sözü parçalamaq və qan axıtmaq mənasını bildirir. Burada isə günəş və ay zülmət pərdəsini yırtır və onların ətrafında bir qızartı müşahidə olunur. İbrahim həm ulduzpərəstlər, həm də ay-günəşpərəstlərlə üz-üzə gəlmişdi. Bir çox təfsirçilərin bildirdiyinə görə, həzrət İbrahim Babil məntəqəsinin müşrikləri ilə qarşılaşmışdı. İnsan hər hansı ehtimalla çıxılmaz vəziyyətə düşdükdə inadkarlıq göstərməməli, yolu dəyişməlidir. "Kişi dediyindən dönməməlidir” deyiminin əksinə olaraq, ayə bizə buyurur: "Kişi odur ki, mövqeyini dəyişməklə də olsa, sözü haqq olsun.” Ötən ayənin bir, iki və üçüncü bildirişləri bu ayəyə də aiddir. 4. Tənqiddə "addım-addım” üsullardan istifadə etməliyik. Ötən ayədə buyuruldu: "Mən zavala uğrayanları (batanları) sevmirəm.” Bu ayədə isə belə buyurulur: "Aya pərəstiş azğınlıq və zəlalətdir.” 5. Haqqı tanıma yolunda ilahi feyz və hidayətə arxalanmaq lazımdır. İlahi yardımsız şirin maarif çeşməsinə yetişmək olmaz. 6. İnsanın daxili bir itkisi var. Bəzən bu itkinin axtarışında olan insan onun oxşarları ilə rastlaşır və azır. Bu mövzu ilə ardıcıl olaraq iki ayədə rastlaşırıq. 7. Peyğəmbərlər də ilahi hidayətə ehtiyaclıdırlar. 8. Hidayət rübubiyyət şənindədir. 78. فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَـذَا رَبِّي هَـذَآ أَكْبَرُ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ "Elə ki günəşi doğmuş gördü, dedi: "Budur mənim Rəbbim! Bu, (ayla ulduzdan) daha böyükdür.” Amma elə ki, (günəş) qürub etdi, dedi: "Ey mənim qövmüm! Həqiqətən, mən Allaha şərik qoşduğunuza düşmənəm.” |