Nöqtələr "Ənşəə” sözündə iki zəruri nöqtə var: İxtira və ardıcıl tərbiyə. İnsanın yaranışında da ixtira və yeniliklər vardır. Eləcə də, bu zaman ardıcıl tərbiyə yaddan çıxarılmamalıdır. Bəli, bir şeyi təkrar yaratmaq və ya yaradıb başına buraxmaq elə də dəyərli deyildir. "Qərarlaşdı” və "əmanət qoyuldu” təbirlərinin başqa bir mənası da var. Məsələn, insanın ruhu daimi, cismi müvəqqətidir. İnsanda iman ya daimidir, ya da davamsız. İnsan ana bətnindəki daimi nütfədən və atanın davamsız nütfəsindən yaranır. O, yer üzündə qərarlaşıb qiyamət gününədək qəbirdə əmanət qalır. Nemətlər bəzən davamlı, bəzən davamsız olur. İmam Sadiqdən (ə) nəql olunmuş bir duada deyilir ki, Qədir bayramı namazından sonra Allahdan Onun nemətlərinin davamlı olmasını istəyin. Çünki Allah Özü iki hal bəyan etmişdir. 1. Sizin hamınızın əsli və kökü birdir. Bəs bu qədər ixtilaf və üstünlük istəyi nə üçündür?! 2. İnsanın yaranışında bir bu qədər çeşidlilik və yeniliyin mövcudluğu (özü də tənha bir nəfsdən) Allahın əzəmətini göstərir. 3. Bütün verilənlər daimi olmur. Nə qədər ki, nemət və imkan var, ondan ən üstün şəkildə faydalanaq. 4. İnsan nə qədər ki, düşüncə əhli deyil, maarifdən faydalanmaz. 99. وَهُوَ الَّذِيَ أَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُّخْرِجُ مِنْهُ حَبًّا مُّتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِّنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ انظُرُواْ إِلِى ثَمَرِهِ إِذَا أَثْمَرَ وَيَنْعِهِ إِنَّ فِي ذَلِكُمْ لآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ "Səmadan su nazil edən Odur. Onun vasitəsi ilə hər cür otlar çıxardıq və ondan bitkilər cücərtdik. Ondan (bitkilərdən) bir-birinə oturmuş və biçilən dənlər çıxardıq. Xurma qönçələrindən bir-birinə yaxın salxımlar (ərsəyə gətirdik) və üzüm, zeytun, nar bağları (yetirdik), bəziləri bir-birinə oxşar, bəziləri isə yox. Bar verdiyi və meyvəsi yetişən zaman ona bax. Həqiqətən, onda imanlı qövmü üçün nişanələr var.” Əvvəlki ayədə buyuruldu: "Bütün insanlar vahid bir nəfsdəndirlər. Bu ayədə buyurulur: "Bütün otlar, ağaclar və meyvələr eyni bir çeşmədəndir və o yağış suyudur.” "Mutərakib” sözü "rükub” sözündən olub bir-birinə sıxılmış, üst-üstə minmiş meyvələr mənasını bildirir. "Təl” xurmanın birbaş salxımı, "qinvan” isə sonradan xurma salxımını təşkil edən nazik iplərdir. "Daniyə” bir-birinə yaxın və ya yerə yaxın, eləcə də, ağırlıqdan yerə yaxınlaşmış salxıma deyilir. "Mütəşabeh” dedikdə ya zahirən bir-birinə bənzər ağaclar, ya da bir-birinə bənzər meyvələr nəzərdə tutulur. Bu və bundan əvvəlki iki ayədə ardıcıl olaraq üç təbir işlənildi: "bilən”, "anlayan”, "iman gətirən” qövm. Dördüncü bildirişdə bunun səbəbi bəyan olundu. 1. Bütün otların və nəbatatın cücərmə səbəbi yağış suyudur. 2. Həm yağış yağması, həm də ot və meyvələrin cücərməsi Allahın işidir. 3. İnsanın meyvələrlə əlaqəsi təkcə maddi əlaqə deyil. Bu həm də fikrən tövhidi bir əlaqədir. 4. Ulduzlardan istifadə üçün elm və ixtisas lazımdır. Bəşər karvanının bir nəfsdən olmasını və bu karvanın davamlı və davamsız şəkildə cərəyanını anlamaq üçün dərin düşüncə lazımdır. Ot, yağış və meyvələrdən mənəvi bəhrələnmənin dərk olunması və bütün varlıq aləminin Allaha bağlılığından xəbərsiz qalmamaq üçün iman tələb olunur. 100. وَجَعَلُواْ لِلّهِ شُرَكَاء الْجِنَّ وَخَلَقَهُمْ وَخَرَقُواْ لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يَصِفُونَ "Onlar Allaha cinlərdən şəriklər qərar verdilər. Halbuki onları da Allah yaratmışdı. Nadanlıq səbəbindən Allah üçün oğlanlar və qızlar uydurdular. Allah onların vəsflərindən üstün və pakdır.” Bir şeyin hesabla vücuda gətirilməsi "xələqə” adlanır. "Xərəqə” isə bir şeyin hesabsız paralanmasıdır. "Xərəqu”, yəni diqqət və götür-qoysuz bir mətləbi açıqlamaq, ya da hesabsız düzəltmək və dəlilsiz iddia etməkdir. Quranın bildirdiyinə əsasən, məsihilər həzrət İsanı, yəhudilər isə həzrət Üzeyri Allahın oğlu sayırdılar. Bəziləri də mələkləri Allahın övladları kimi qəbul edirdi. Zərdüştilər cinlərdən olan Əhriməni Allaha rəqib qərar vermişdilər. Onlar bütün pislikləri Əhrimənə aid edirdilər. Bəzi ərəblər də Allahla cin arasında hansısa qohumluğun olduğuna inanırdılar. Bu ayə həmin gümanları batil sayaraq buyurur: "Allah bütün bu sifətlərdən pak və üstündür.” 1. Cəhalət xurafata meylin köküdür. (İnsanın Allaha əqidəsi elmə əsaslanmalıdır.) 2. Yaranmış yaradana necə şərik ola bilər?! 3. İzdivac və övlad sahibi olma hansısa naqisliyi tamlaşdırmaq üçündür. Allah bu sayaq eyblərdən pakdır. 101. بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ أَنَّى يَكُونُ لَهُ وَلَدٌ وَلَمْ تَكُن لَّهُ صَاحِبَةٌ وَخَلَقَ كُلَّ شَيْءٍ وهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ "O, göyləri və yeri yaradandır. Onun üçün yoldaş olmadığı halda övladı necə ola bilər?! O hər şeyi yaratmış və hər şeyi biləndir.” 102. ذَلِكُمُ اللّهُ رَبُّكُمْ لا إِلَـهَ إِلاَّ هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ "Odur Allah, sizin Rəbbiniz. Ondan başqa məbud yoxdur. O hər şeyin yaradıcısıdır. Beləcə, Ona pərəstiş edin. O hər şeyin vəkilidir.” "Bədi” dedikdə heç bir təqlidsiz və təkrarsız, ixtira etməklə yaratmaq nəzərdə tutulur. Göyləri və yeri heç bir təqlid və öncədən plan çəkmədən yaradanın övlad və ailəyə nə ehtiyacı var? O, qərara gəlməklə istədiyini yaradır. Allahın hər şeyi yaratması xilqətdəki tövhid, hər şeyə vəkil olması, işdəki tövhiddir. 1. Aləmin yaradıcısı qüvvətlidir. Onun ailə və övlada ehtiyacı yoxdur. 2. Quranın tanıtdırdığı Allahla başqalarının əqidə bağladığı Allahı müqayisə edin. 3. İslam əqidəsində Yaradan (Xaliq) və Pərvərdigar (Rəbb) birdir. (Müşriklər isə yaradanı Allah adlandırır, amma bir neçə Rəbb olmasına inanırlar.) 4. Allahın mütləq yaradan olması tövhid dəlilidir. 5. Həm yaradılış, həm də davam Allahın iradəsindən asılıdır. 6. Allahın rübubiyyət və xaliqliyi pərəstişin fəlsəfəsidir. 103. لاَّ تُدْرِكُهُ الأَبْصَارُ وَهُوَ يُدْرِكُ الأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ "Gözlər Onu dərk etməz, amma O, gözləri dərk edər. O, görünməyən, (dəqiq, ayırd edən) və agahdır.” "Bəsər” sözü həm göz, həm də bəsirət mənalarını bildirir. Bu əsasla ayəni belə mənalandırmaq olar: Nə zahiri göz Allahı görə bilir, nə də qəlb onun mərifəti dərinliyinə varır. "Lətif” sözünün bir neçə mənası var: "Verdiyini az, xalqın itaətini çox sayır; Dəqiq, işlərin gizli tərəfindən xəbərdarlıq və hər incəliyi ayırd etmə; zərif və nadir şeylərin xaliqi; müdara və yoldaşlıq əhli; vəfa əhlinə mükafat verən, cəfa əhlini bağışlayan. İmam Riza (ə) buyurmuşdur: "Düşüncə və xəyallar Allahı əhatə etmir. Onun zatı dərk olunası deyil.” Allah heç vəchlə görünməz. Baxın ki, həzrət Musa xalqın istəyi ilə Allahı görmək istədikdə hansı cavab aldı. Sünnə əhlindən bəziləri deyir: "Allah qiyamət günü görünər. Onlar "Qiyamət” surəsinin 23-cü ayəsinə əsaslanırlar. Onlar unudurlar ki, Allah cisim və maddə deyil. «Allahı görmək» dedikdə isə qəlb gözündən söhbət gedir. Çünki gözlə yalnız cismi görmək olar. Məkan, məhdudiyyət, rəng və başqa maddi səciyyələr ehtiyac nişanəsidir və Allah belə ehtiyaclardan uzaqdır. Həzrət Əli (ə) buyurur: "Nəinki təkcə göz Onu görmür, hətta düşüncə də Onu qavraya bilməz.” Sədi bu barədə deyir: Ey xəyaldan üstün, gümandan üstün, Hər eşidiləndən, bəyandan üstün. Məclis tamam oldu, ötüşdü ömür. Deyiləndən artıq yoxdur səs-səmir. |
"Gözləri dərk etmək” dedikdə Onun insan baxışlarından xəbərdarlığı nəzərdə tutulur. Necə ki, «səmi» və «bəsir» dedikdə Allahın eşidilən və görülənlərdən xəbərdar olması anlaşılır. 1. Allah maddi cisim deyildir. 2. Kimsə Allahın zatından xəbərdar deyil. 3. Heç bir pərdə və maneə ilahi elmin qarşısını ala bilməz. 4. Bütün çirkinliklərimizi bilsə də, yenə də bizə lütf göstərir. 5. Allah varlıq aləmindəki bütün incəliklərdən və sirlərdən xəbərdardır. 104. قَدْ جَاءكُم بَصَآئِرُ مِن رَّبِّكُمْ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ وَمَنْ عَمِيَ فَعَلَيْهَا وَمَا أَنَاْ عَلَيْكُم بِحَفِيظٍ "Həqiqətən, Allah tərəfindən sizin üçün bəsirət mayası (səmavi kitab və aydın dəlil) gəlmişdir. Kim bəsirət tapdısa, öz xeyrinədir. Hər kəs korluğu seçdisə, öz zərərinə əməl etdi. Mən nəzarətçi və zamin deyiləm.” 95-ci ayədən hazırkı ayəyədək Allahın tanıtdırılması və şirkin tənqid mövzusuna yer ayrıldı. Bu ayə ötən ayələrin nəticə və xülasəsi kimidir. Quranda bu ayənin oxşarı çoxdur. Bildirilir ki, insanın iman və ya küfrünün, yaxşılıq və ya pisliyinin, bəsirət və ya korluğunun nəticəsi onun özünə aiddir. 1. Quranın nazil olması ilə kimsə üçün üzr və bəhanə yeri qalmadı. 2. İnsanlar yol seçimində azaddır. 3. Xalqın xəbərdar edilməsi Allahın rübubiyyət şənindəndir. 4. İmanın faydası və küfrün zərəri insanın özünə qayıdır və Allaha təsirsizdir. 5. Xalqın bir dəstəsinin cəzalanması ilahi təlimlərin batil olması göstəricisi deyil. Bu cəza insanın özünün qəlbən kor olması nişanəsidir. 6. Peyğəmbərin vəzifəsi məcbur etmək yox, bəyan etməkdir. 105. وَكَذَلِكَ نُصَرِّفُ الآيَاتِ وَلِيَقُولُواْ دَرَسْتَ وَلِنُبَيِّنَهُ لِقَوْمٍ يَعْلَمُونَ "Beləcə, ayələri müxtəlif şəkildə bəyan edirik (ki, hidayət vasitəsi olsun. Amma iman gətirməyib) deyirlər: "Sən (kiminsə yanında) dərs oxumusan! (Qoy desinlər. Amma Biz) Düşüncə və elm əhli olanlar üçün bəyan edirik.” Kafirlər təkzib məqsədi ilə peyğəmbərə deyirdilər: "Bu sözlər sənin deyil. Başqalarından öyrənmisən.” Digər bir məqamda belə deyirdilər: "Kimsə onu öyrədib.” Bəzən də "bir dəstə ona kömək edib” deyirdilər. 1. Bəyan, dəlil, təlim üsullarının müxtəlifliyi qəbul yolunu daha da genişləndirir. 2. Müxaliflər Quranın əhəmiyyətini etiraf edib deyirdilər: "Bu maarifi kimdənsə öyrənib.” Onlar Quran buyruqlarını dəyərsiz saymırdılar. 3. Bəziləri Quranın ayələri qarşısında böhtan və inkarla dayanırlar. Bəziləri isə deyilənlərdən nəticə çıxarıb doğru yola gəlirlər. Əslən yağışda yoxsa da nöqsan, Bağda lalə bitir, səhrada tikan. 106. اتَّبِعْ مَا أُوحِيَ إِلَيْكَ مِن رَّبِّكَ لا إِلَـهَ إِلاَّ هُوَ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ "Yalnız Rəbbin tərəfindən sənə vəhy edilənə tabe ol. Ondan başqa məbud yoxdur və müşriklərdən üz döndər.” |