"Məytətən” təkcə öz-özünə ölmüş heyvan deyil. İslam göstərişi əsasında zibh olmamış istənilən bir heyvan ölü və haram hökmündədir. Ölü heyvan və qanın haramlığı Quranda dörd dəfə bəyan olunmuşdur. Bu bəyanatlardan ikisinə Məkkə, ikisinə isə Mədinə surələrində rast gəlirik. "Uhill” "ihlal” sözündən olub ayın əvvəlində səmada ayı görən zaman səsi ucaltmaq mənasını bildirir. Bundan əlavə, hər bir uca səs də "uhill” adlanır. Müşriklər heyvanları kəsərkən bütlərin adını bərkdən çəkərdilər. Ona görə də həmin məqamla bağlı "uhillə” sözü işlədilmişdir. Ayənin birinci hissəsi müşriklərin cahilanə qadağalarına cavabdır. Əslində bu ayədə adı çəkilməmiş bir çox quşlar və heyvanlar da haramdır. İslam baxımından "müztərr”, yəni çıxılmaz vəziyyətə düşmüş kəs o kəsdir ki, özü özünü günah yolla çətin vəziyyətə salmışlar. "Ğəyrə bağin” təbiri yalnız "müztərr” vəziyyətindən çıxmaq üçün zəruri olan miqdara işarədir. 1. Hökmlərin bəyanında peyğəmbərin yeganə elm mənbəyi vəhydir. 2. Əsl və ilkin (dəlilsiz qəbul olunan) qanun heyvanların halal olmasıdır. 3. Yalnız ayə və rəvayətlərdə haramlığı bildirilənlər məsuliyyət yaradır. Əgər araşdırmalardan sonra bir şeyin haram olmasına dəlil tapmasaq, demək halaldır. 4. Yeyib-yeməmək məsələsində peyğəmbər vəhydən göstəriş alırsa, başqaları hansı əsasla nəyisə haram edə bilərlər? 5. Donuz ətinin haram olmasının dəlili onun çirkinliyidir. 6. Qidalanma hökmləri kişi və qadın üçün eynidir. 139-cu ayədə isə bildirilirdi ki, xurafat əqidəsinə əsasən, kişilər üçün halal sayılan bəzi ətlər qadınlar üçün haram sayılırdı. 7. Qanunda "əhəm” və "mühüm” (əhəmiyyətli və ən əhəmiyyətli) prinsipinə riayət olunmalıdır. İnsanın öz həyatını, canını qoruması haram yeməməkdən daha mühümdür. 8. İslamda çıxılmaz vəziyyət yoxdur. Fövqəladə, sıxıntılı vəziyyət yarandıqda haramdan müəyyən miqdarda istifadə etməyə icazə verilir. 9. İstisna hallarda qanundan sui-istifadə etmək qadağandır. Yalnız məcburi vəziyyətlər əsas götürülür. 10. Heyvan kəsildikdən sonra ətdə qalan qan haram deyil. Amma kəsim zamanı axan qan haramdır. 11.Əgər insan özü özünü çıxılmaz vəziyyətə salmayıbsa, həmin vəziyyətdə haram ətdən istifadə edə bilər. Amma qəsdən özünü çıxılmaz vəziyyətə salan üçün belə deyil. 12. Qanunlarda güzəşt və yüngülləşdirmə ilahi bağışlama və rəhmət göstəricisidir. 146. وَعَلَى الَّذِينَ هَادُواْ حَرَّمْنَا كُلَّ ذِي ظُفُرٍ وَمِنَ الْبَقَرِ وَالْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَا إِلاَّ مَا حَمَلَتْ ظُهُورُهُمَا أَوِ الْحَوَايَا أَوْ مَا اخْتَلَطَ بِعَظْمٍ ذَلِكَ جَزَيْنَاهُم بِبَغْيِهِمْ وِإِنَّا لَصَادِقُونَ "Yəhudilərə bütün dırnaqlıları haram etdik. İnək və qoyunun piyini - bellərinə, bağırsaqlarına və sümüklərinə yapışan miqdar istisna olmaqla - yəhudilərə haram buyurduq. Bu onların yol verdiyi zülmə görə Bizim cəzamızdır və Biz həqiqətən doğruçularıq.” Ötən ayədə İslamdakı haramlar, bu ayədə yəhudilər üçün müəyyənləşdirilmiş haramlar haqqında danışıldı. Aydın oldu ki, müşriklərin xurafi əqidələri heç bir səmavi dinlə uyğun deyil. "Zufur” dırnaq deməkdir. Amma bəzi heyvanların (məsələn, atın, dəvənin) çatsız dırnaqları da "zufur” adlanır. Beləcə, dırnağı çatsız dördayaqlılar və quşlar yəhudilərə haram edildi. "Həvaya” qarının daxilindəkilərə deyilir. "Nisa” surəsinin 160-cı ayəsində oxuyuruq: "Bəzi pak şeyləriN yəhudilərə haram olmasının səbəbi onların yol verdiyi zülmlər idi. Yəhudilər də müşriklər kimi bəzi şeyləri özlərinə haram etmişdilər.” Başqa ayələrdə də bu sayaq buyruqlarla rastlaşırıq. Yəhudilərə bəzi şeylər müvəqqəti olaraq haram edilmişdi. Bu haramlar həzrət İsa vasitəsi ilə aradan qaldırıldı. İlahi hökmlər üç növdür: "Əksər hökmlərdə olduğu kimi, məsləhət və ya fəsad əsas götürülən hökmlər; İsmailin qurban kəsilməsi əmri kimi sınaq xarakterli hökmlər; uyğun ayədə nümunəsi ilə rastlaşdığımız ilahi əzab məqsədli hökmlər. 1. Bəzən müxaliflərin və düşmənlərin qidalarının məhdudlaşdırılması üçün maneə olmur. 2. İlahi cəza təkcə axirətə yox, həm də dünyaya aiddir. 147. فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمْ ذُو رَحْمَةٍ وَاسِعَةٍ وَلاَ يُرَدُّ بَأْسُهُ عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ "(Ey peyğəmbər!) Əgər səni təkzib etdilərsə, de ki, Allahınız geniş rəhmət sahibidir. (Amma) Onun əzabı günahkar qövmdən dəf olmaz.” 1. Rəhbər bəzi insanlardan təkzib və böhtan eşitməyə hazır olmalıdır. 2. Təkzib edənlərlə öncə xeyirxahlıqla rəftar edilməli, əgər təsir olmasa hədələmədən istifadə olunmalıdır. 3. Tərbiyəçi rəhmət dəryası olmalıdır. 4. Qorxu və ümid yanaşı olduqda səmərə verir. 5. İlahi rəhmət qapıları hətta müxaliflərin də üzünə bağlı deyil. 6. Allahın rəhməti Onun qəzəbindən çoxdur. 7. İlahi rəhmətin genişliyi Allahın cəza verməsinə mane olmur. Əlbəttə ki, Allahın cəzası da insanın tərbiyəsi üçündür və ilahi rəhmət və rübubiyyətdən qaynaqlanır. 148. سَيَقُولُ الَّذِينَ أَشْرَكُواْ لَوْ شَاء اللّهُ مَا أَشْرَكْنَا وَلاَ آبَاؤُنَا وَلاَ حَرَّمْنَا مِن شَيْءٍ كَذَلِكَ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِم حَتَّى ذَاقُواْ بَأْسَنَا قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا إِن تَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ أَنتُمْ إَلاَّ تَخْرُصُونَ "Şirkə uğrayanlar tezliklə deyəcəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olmazdıq və heç nəyi özbaşına) haram etməzdik. Onlardan qabaqkılar da (ötən peyğəmbərləri) bu sayaq təkzib etdilər ki, Bizim qəhr və əzabımızı dadsınlar. De ki, bir şey bilirsinizmi? Onu bizə aşkar edin! Siz yalnız zənn-gümana, xəyala tabe olursunuz. Siz yalnız ehtimal edən və yalançılarsınız.” Bu ayədə gələcəklə bağlı qeybi bir xəbər verilir. Bu, müşriklərin gələcəkdəki rəftarları ilə bağlıdır. Bu xəbər gerçəkləşdi və öncədən xəbər verilən həqiqət oldu. "Əgər Allah istəsəydi, biz və atalarımız müşrik olmazdıq” bəhanəsi müşriklər tərəfindən dəfələrlə təkrarlanmışdır. Sual: Ayədə müşriklərin dilindən nəql olunur ki, əgər Allah bizim şirkimizə razı deyilsə, nə üçün onun qarşısını almır? Yoxsa bizim şirkimiz Allahın razılığı ilə baş verir? Cavab: İstənilən bir insanın gördüyü istənilən bir iş ilahi qüdrət dairəsindən kənarda deyil. Amma Allah hər kəsin öz yolunu azad şəkildə seçməsini istəmişdir. Əgər dövlət bizim mənzilimizə su, işıq və qaz çəkmişsə, bu o demək deyil ki, dövlət onları israf etməyimizə razıdır. Allah insana əql və vəhy əta etmiş, haqq və batil yolu göstərmiş, ona seçim azadlığı vermişdir. Amma iradə və ixtiyar, Allahın xilaf işlərimizə razı olması nişanəsi deyil. Allah insanların məcburi yox, azad şəkildə iman gətirməsini istəyir. Quranda dəfələrlə buyurulur ki, Allah istəsəydi, hamını hidayət edərdi. Hətta peyğəmbərin də xalqı məcburi şəkildə imana gətirməsinə icazə verilmir. 1. Din rəhbərləri və alimləri özlərini mümkün irad və bəhanələrə cavab verməyə hazırlamalıdırlar. 2. Peyğəmbərlərin və səmavi kitabların göndərilməsində məqsəd xalqın azad şəkildə müvəhhid, təkallahçı olmasıdır. Demək, Allahın istəyi ilə bağlı müşriklərin məntiqləri yanlışdır. 3. Günahdan da pis olan şey günaha don geyindirməkdir. Müşriklər öz şirklərinə don geyindirir, onu Allahın iradəsi kimi təqdim edirdilər. (Cəbrilik, yəni insanın gördüyü işlərdə məcbur olmasına iman məsuliyyətdən qaçmaq üçün bir bəhanədir.) 4. Müşriklər öz azğınlıqlarını babalarının tarixi ilə pərdələyirdilər. 5. Cəbrə (məcburiyyətə) əqidə azğınların əsassız bəhanələrindəndir. Azğınların rəhbəri olan şeytan da öz azğınlığını Allahın adına yazırdı. 6. Müxaliflər daim cəbr məsələsi vasitəsi ilə peyğəmbərləri təkzib edirdilər. 7. Quran müxaliflərdən də dəlil istəyir. 8. Tale yazısı bəhanəsi ilə məsuliyyətdən qaçanlar ilahi qəzəb intizarında olsunlar. 9. Cəbr tərəfdarları məntiqə əsaslanmırlar, zənn-gümana uyurlar. 10. Əgər elm və yəqin əvəzinə zənn-gümana qapılsaq yolumuzu azacağıq. 149. قُلْ فَلِلّهِ الْحُجَّةُ الْبَالِغَةُ فَلَوْ شَاء لَهَدَاكُمْ أَجْمَعِينَ "De ki, aydın və yetərli dəlil yalnız Allahdandır. Əgər istəsəydi, hamınızı (məcburən) hidayət edərdi.” Allah insanda qərar verdiyi tövhid fitrəti ilə, eləcə də, peyğəmbərlərin və əqlin hidayəti vasitəsi ilə höccəti, dəlili xalqa tamamlayıb xeyir və şər yolları, onların xeyir və bəd sonluqlarını bəyan etmişdir. Xataya yol verənlər üçün də tövbə və qayıdış yolu açıq saxlanmışdır. Peyğəmbərlərin aşkar möcüzələri, gözəl şəkildə dəvətləri və möhkəm dəlilləri, eləcə də, dinin fitrət və əqllə uyğun olması xalq üçün höccəti tamamlamışdır, bəhanə yeri qalmamışdır. Bəli, müşriklərin əsassız gümandan savay öz şirklərinə bir dəlilləri yoxdur. Onlar Allahdan qeyrisinin yolunu seçməklə xatalara, zəifliklərə, elmi və əqli məhdudiyyətlərə, həvəslərə üz tutmuşlar. Rəvayətdə bildirilir ki, Allah qiyamətdə insana buyurar: "Haqq yolu bilirdin, yoxsa yox?” «Bilirdim» deyənlərdən soruşular ki, nə üçün əməl etmədin? «Bilmirdim» deyənlərdən "nə üçün bilməyə çalışmırdın?” deyə soruşular. Budur Allahın yetərli höccəti. 1. Yetərli dəlili, höccəti olan yalnız Allahdır. Ona cavab verməkdə hər birimiz aciz və əliboşuq. 2. Allah yolunda müxaliflər üçün heç bir bəhanə yoxdur. Onlar nə dəlillərdə, nə peyğəmbərlərin sifətində, nə onların dəvət üsulunda nöqsan tapa bilməzlər. 3. Allahın istəyi azad, insanın iradəsinə əsaslanan hidayət, eləcə də, insanın azadlığıdır. 4. Allahın iradəsi dəyişməzdir. 150. قُلْ هَلُمَّ شُهَدَاءكُمُ الَّذِينَ يَشْهَدُونَ أَنَّ اللّهَ حَرَّمَ هَـذَا فَإِن شَهِدُواْ فَلاَ تَشْهَدْ مَعَهُمْ وَلاَ تَتَّبِعْ أَهْوَاء الَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا وَالَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ وَهُم بِرَبِّهِمْ يَعْدِلُونَ "(Ey peyğəmbər! Mal-qara və əkinlərdən bəhrələnməyi boş yerə haram edən kəslərə) de ki, "Allah bunu haram edib” deyən şahidlərinizi gətirin. Əgər şahidlik etsələr, sən onlarla birlikdə şahid durma. Ayələrimizi təkzib edənlərin istəklərinə, axirətə iman gətirməyənlərə, Rəblərinə şərik qoşanlara tabe olma.” İslam məntiq və azadlıq dinidir. Ötən iki ayədə Allah müşriklərdən soruşdu: "Elə bir şey bilirsinizmi ki, Biz onu bilməyək? Burada isə buyurulur: "Əgər sübutunuz varsa, gətirin.” Bu ayədə əvvəlcə buyurulur: "Əgər dəlilləri varsa, gətirsinlər.” Sonra isə belə buyurulur: "Şəhadət versələr də, sən qəbul etmə.” (Çünki sadiqanə deyil.) "İdl” sözündən olan "yədilunə”, yəni tay, oxşar mənasını bildirir. "Bi Rəbbihim yədilunə”, yəni "Allaha şərik, tay, oxşar qərar verirlər.” |