Nöqtələr
Ayədəki "caə” sözündən məlum olur ki, haqqında danışılan mükafat və cəza qiyamət mühakiməsinə aiddir. Axı bir çox pisliklər tövbə vasitəsi ilə məhv olur və ya yaxşılığa çevrilir. Həmin pisliklər bağışlana da bilər. Eləcə də, riyakarlıq, xudbinlik, təkəbbür və digər günahlar vasitəsi ilə puça çıxan yaxşılıqlar çoxdur. Demək, yalnız qiyamət səhnəsinə gəlib çıxan əməl meyardır.
Ayə yaxşı və pis əməl haqqında olsa da, rəvayətlərə əsasən, xeyir niyyətin də savabı var. Amma pis niyyət əmələ çevrilməyincə, onun müqabilində cəza verilməz. Bu, ilahi bir fəzldir.
Rəvayətdə deyilir: "Hər kəs ayda üç gün oruc tutsa, bütün ayı oruc tutmuş kimidir. Çünki oruc tutulan hər gün on gün hesablanır.
On qat mükafat ən az nəzərdə tutulan mükafatdır. Bəzi əməllərin bəzi şəraitlərdə bəzi fərdlər üçün yeddi yüz qat mükafatı olur.
On qat ilahi əvəzdən yalnız biri muzddur. Doqquz hissə isə ilahi fəzldir.
Sual: Əgər günahkarın cəzası onun günahı qədərdirsə, bəs nə üçün bir gün oruc tutmağa görə 60 gün kəffarə orucu tutulur?
Cavab: Ayədə "misl” sözü ədəd mənasında deyil. Məqsəd keyfiyyət və necəlikdir. Ramazan ayı orucunun bir günü başqa aylardakı orucun altmış gününə bərabərdir. Necə ki, Qədr gecəsi əhəmiyyət baxımından min aydan üstündür. Ayədəki bəyanda ədəd üstünlüyü yox, əhəmiyyət nəzərdə tutulur.
1. İslamın tərbiyə üsulunda təşviq on qat tənbeh kimidir.
2. Təşviq bir neçə qat artıq olsa, zülm olmaz, amma həddi aşmış cəza zülmdür.
3. Allah mükafat verməkdə Öz fəzli ilə rəftar edir. Cəza isə ədalət əsasında verilir.
4. İnsanın əməlləri daim, hər yerdə onunladır.
161. قُلْ إِنَّنِي هَدَانِي رَبِّي إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ دِينًا قِيَمًا مِّلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
"De ki, həqiqətən, Rəbbim məni doğru yola, müşriklərdən olmamış İbrahimin haqq ayinindən ibarət möhkəm dinə hidayət edib.”
"Qiyəm” sözü düzlük, möhkəmlik mənalarını bildirir. Bəli, o din möhkəm və əbədi qalacaq ki, bu dünyanın maddi və mənəvi məsələlərinə və o biri dünyaya diqqət yetirmiş olsun.
İmam Hüseyn (ə) buyurmuşdur: "Biz və bizim şiələrdən savay kimsə İbrahim ayinlərinə ardıcıl deyil.”
1. Peyğəmbərin (s) buyruqları və təlimləri onun şəxsi baxışı deyil. Bütün bunlar xalqa bəyan olunası ilahi vəhy mətnidir.
2. Doğru yol peyğəmbərin yoludur.
3. Hidayət yalnız Allahın işidir. Peyğəmbərlər də ilahi hidayətlə doğru yolu tapırlar.
4. Hidayət rübubiyyət şənindəndir.
5. İbrahimin yolu şirk qatqılı düşüncələr yox, təkallahçılıqdır. (Müşriklər öz azğın əqidələrini İbrahimə aid edirdilər.)
6. Bütlərin sındırılması və şirkdən üz döndərmə təkcə İslam peyğəmbərinə aid deyil. O, həzrət İbrahimin yolunu gedərək belə etmişdir.
7. Tövhid dinlərinin əsası tarix boyu bir olmuşdur. İslam həzrət İbrahimin ayinidir. Şirkə nifrət bütün peyğəmbərlərin yoludur.
162. قُلْ إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلّهِ رَبِّ الْعَالَمِينَ
«De: "Həqiqətən mənim namazım, ibadətlərim, həyatım, ölümüm aləmlərin Rəbbi olan Allah üçündür.”»
163. لاَ شَرِيكَ لَهُ وَبِذَلِكَ أُمِرْتُ وَأَنَاْ أَوَّلُ الْمُسْلِمِينَ
"Onun şəriki yoxdur, Mənə (təslim ruhu, xalislik, bəndəlik) əmr olunmuşdur. Mən ilk müsəlmanam, Rəbbimə təsliməm.”
Nəql olunur ki, həzrət Peyğəmbər (s) namaz astanasında bu ayələri oxuyardı.
Ölüm həyatı, həyat ibadətləri, ibadətlər isə namazı əhatə edir. Ona görə də namaz ibadətlərin mərkəzində özəkdir.
İslam ilahi əmrlər qarşısında təslimçilik mənasındadır və bütün peyğəmbərlərin müsəlmançılığı bildirilmişdir. Həzrət Nuh özünü müsəlman saymışdır. Həzrət İbrahim Allahdan istəyir ki, onu və ondan olan nəslini özünə təslim qərar versin. Həzrət Yusif də öz növbəsində Allahdan diləyir ki, müsəlman olaraq ölsün. İslam peyğəmbəri isə ilkin müsəlmandır. Bu, həzrətin həm öz dövründə ilkin müsəlmanlığına, həm də məqamca ilkin müsəlmanlığına işarə ola bilər.
1. Azğın yollar müqabilində öz yolunuzu və məqsədinizi qəti şəkildə iftixar duyaraq elan edin.
2. Namaz ibadətlərdən biri olsa da, ayrıca zikr olunması onun xüsusi əhəmiyyətini göstərir.
3. Xalis insanlar öz təkvini (ölüm və həyat) və təşrii (namaz və ibadət) yollarını yalnız Allah üçün nəzərdə tuturlar.
4. Namazda Allaha yaxınlıq (qürbət) məqsədində olduğunuz kimi, hər nəfəs çəkdikdə, ölüm və həyatımızda da belə bir məqsəddə qala bilərik.
5. Ölüm və həyat yox, ölüm və həyatdakı məqsəd, onların ilahiliyi mühümdür.
6. Allahın razılığı üçün görülən bütün işlər təkamül səbəbidir.
7. Ölüm və həyat bizim əlimizdə deyil, amma onları istiqamətləndirmək öz əlimizdədir.
8. İşlərdə ixlaslı, səmimi olmaq Allahın göstərişidir.
9. Cəmiyyətin rəhbəri ilahi yolda getməkdə və ilahi göstərişləri həyata keçirməkdə öncül olmalıdır.
164. قُلْ أَغَيْرَ اللّهِ أَبْغِي رَبًّا وَهُوَ رَبُّ كُلِّ شَيْءٍ وَلاَ تَكْسِبُ كُلُّ نَفْسٍ إِلاَّ عَلَيْهَا وَلاَ تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى ثُمَّ إِلَى رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ
"De ki, bir olan Allahdan savay tanrımı axtaraq? Halbuki O hər şeyin Rəbbidir. Hər kəs (pis işi) yalnız öz ziyanına görür. Kimsə başqasının (günah) yükünü çiyninə götürməz. Qayıdışınız sizi ixtilafda olduğunuz şeylərdən agah edən Rəbbinizə doğrudur.”
Cəzalandırmada ilahi ədalət və kimsənin başqasının günahına şərik olmaması mövzusu təkcə İslamda yox, İbrahim və Musaya nazil olanlarda da öz əksini tapmışdır.
Sual: Əgər bir şəxs başqasının günahını çiyninə almırsa, nə üçün Quranda buyurulur ki, azğın rəhbərlər öz ardıcıllarının da günahına cavabdehdirlər?
Cavab: Uyğun buyuruq əsassız deyil. Çünki azğın rəhbərlər başqalarını da doğru yoldan ayırır və azdırma günahını öhdələrinə götürürlər.
Zinaya yol vermiş hamilə bir qadını cəzalandırmaq üçün Ömərin yanına gətirirlər. Ömər qadının daş-qalaq edilməsi göstərişini verir. Həzrət Əli (ə) buyurur: "Ananın günahından onun bətnindəki körpəyə nə?” Sonra uyğun ayəni oxuyur.
1. Çirkin əməl sahibləri və müşriklərlə rəftarda öz haqq mövqeyimizi qəti şəkildə elan edək.
2. Oyaq vicdan içdən gələn sualları ən yaxşı şəkildə cavablandırandır.
3. Allah bütün varlıq aləminin yeganə Rəbbi olduğu kimi, mənim də Rəbbimdir.
4. Xalqın küfr və şirki, fitnə-fəsadı Allaha heç bir zərər vurmur və onların özləri üçün təhlükəlidir.
5. Allah qarşısında hər kəs öz əməlinin məsuliyyətini daşıyır.
6. Qiyamətin bərpası və insanların sorğusu ilahi rübubiyyət cilvələrindəndir.
7. Dünyanın da bir sonu var. İnadkarlıq göstərərək inkar etdiklərimizdən bir gün agah olasıyıq.
165. وَهُوَ الَّذِي جَعَلَكُمْ خَلاَئِفَ الأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِّيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ إِنَّ رَبَّكَ سَرِيعُ الْعِقَابِ وَإِنَّهُ لَغَفُورٌ رَّحِيمٌ
"Odur sizi yer üzünə canişin qərar verən, bəzilərinizin dərəcəsini bəzilərinizin dərəcəsindən üstün buyuran. Bununla sizə verdiklərinə münasibətdə sizi sınayır. Həqiqətən, Rəbbin tez cəzalandırandır. Şübhəsiz ki, O, bağışlayan və mehribandır.”
"Ənam” surəsi ilahi həmdlə başladı və ilahi rəhmətlə başa çatdı.
Yer üzünün canişinləri dedikdə, ya Allahın yer üzündəki canişinləri, ya da bugünkü insanın keçən ümmətlərə canişin olması nəzərdə tutulur.