İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    QIBLƏNIN HÖKMLƏRI
    Məsələ 714: Bütün vacib namazlar üzü qibləyə qılınır.
    Məsələ 715: Müqəddəs Məkkə şəhərindəki Kəbə evi dünya müsəlmanlarının qibləsidir. İnsan harada olur-olsun, üzü Kəbəyə namaz qılmalıdır. Amma uzaqda olan bir şəxs elə dayansa ki, onun üzü qibləyə dayandığı söylənilsin, bəs edər. Beləcə, uzunluğu Kəbə evindən xeyli artıq olan cəmiyyət namazının sıralarında hamı üzü qibləyə dayanmış sayılır.
    Məsələ 716: Zəruri deyil ki, üzü qibləyə dayanan vaxt barmaqların ucu da üzü qibləyə olsun. Oturan vaxt dizlərin baş tərəfinin də tam üzü qibləyə olması zəruri deyil. Bir insan haqqında "üzü qibləyə dayanmışdır və ya oturmuşdur” söylənilərsə, bəs edər.
    Məsələ 717: Namazı oturaq vəziyyətdə qıla bilməyən şəxs uzanmış vəziyyətdə qıla bilər. Amma onun bədəninin ön tərəfi üzü qibləyə olmalıdır. Bu da mümkün olmasa, sol tərəf üstündə uzanmaq olar. Bu vaxt da bədənin ön hissəsi üzü qibləyə olmalıdır. Əgər tərəflər üzərində uzanmaq mümkün olmasa, arxası üstəyə uzanmaq olar. Bu vaxt ayaqların altı üzü qibləyə olmalıdır.
    Məsələ 718: Ehtiyat namazında, yaddan çıxmış səcdə və təşəhhüdə görə namazda da üzü qibləyə olmaq lazımdır. Vacib ehtiyata əsasən, səcdeyi-səhvi yerinə yetirərkən də üzü qibləyə dayanmaq lazımdır.
    Məsələ 719: Müstəhəb namazı yol gedə-gedə süvari halda qılmaq olar. Bu vaxt üzü qibləyə olmaq vacib deyil.
    Məsələ 720: Qibləni təyin etmək üçün çox yol var. İnsan öncə çalışmalıdır ki, müəyyənləşdirilmiş qibləyə əmin olsun. Bu işdə iki ədalətli şahidin və ya bir etibarlı şəxsi hiss olunan nişanələrlə şəhadəti və ya elmi şəkildə qibləni müəyyənləşdirmiş birinin sözü qəbuldur. Bu yollarla qibləni müəyyənləşdirmək olmadıqda, məscidlərin mehrabı, qəbirlər əsasında və bu kimi başqa yollarla qibləni tapmaq olar.
    Məsələ 721: Adi qiblənümalar (kompaslar) nöqsanlı işləməsə, qibləni müəyyənləşdirmək üçün yaxşı vasitədir. Qiblənin bu yolla müəyyənləşdirilməsinə ümid daha çoxdur. Bəlkə də ən dəqiq üsul bu üsuldur.
    Məsələ 722: Ev sahibi, mehmanxana məsulu və bu kimi şəxslər biganə olmazsa, onların sözünə etimad göstərmək mümkündür.
    Məsələ 723: Əgər qibləni tapmaq üçün bir yol olmasa, dörd səmtdən hansının qiblə olduğu bilinməsə, üzü bir tərəfə dayanıb namaz qılmaq bəs edər. Amma müstəhəb ehtiyata əsasən, namaz hər dörd tərəfə üz tutmaqla qılınsın. Əgər iki və ya üç tərəfin qiblə olması ehtimalı varsa, yalnız onlara doğru dayanıb namaz qılmaq lazımdır.
    Məsələ 724: Bir şəxs üzü dörd tərəfə dayanıb namaz qılmaq istəyərsə, günorta və ikindi, şam və xiftən namazlarından birini dörd tərəfə qılıb qurtardıqdan sonra o birinə başlasa daha yaxşıdır.
    Məsələ 725: Heyvanları kəsərkən onların üzü qibləyə olmalıdır. Qiblə tapılmasa ehtimal əsasında hərəkət edilir. Ehtimal da olmasa, üzü hansı tərəfə kəsilsə düzgündür. Müsəlman üzü qibləyə dəfn olunmalıdır; bu Məsələdə də yuxarıdakı göstərişlərə əməl edilir.
    Namazda bədənin örtülməsi
    Məsələ 726: Kişi bir şəxs onu görməsə də namaz zamanı ayıb yerini örtməlidir. Daha yaxşı olar ki, göbəkdən dizədək örtünsün. Bundan da üstünü hörmətli insanların hüzurunda olduğu kimi geyinməkdir.
    Məsələ 727: Qadın namazda bütün bədənini, hətta başının tükünü örtməlidir. Amma üzünü, əllərini əl topuğunadək, ayaqlarını ayaq topuğunadək örtməsi vacib deyil. Vacib həddə örtündüyünə əmin olmaq üçün ehtiyat budur ki, üzündən bir qədər, topuğundan aşağı bir qədər örtünsün.
    Məsələ 728: Ehtiyat namazında, yaddan çıxmış səcdə və təşəhhüdün yerinə yetirilməsində, vacib ehtiyata əsasən, səcdeyi-səhv və Quranın vacib səcdələrində namazdakı kimi örtünmək lazımdır.
    Məsələ 729: Qadın süni saçlarını, gizli zinətlərini (boyunbağı və qolbağ kimi) də örtməlidir.
    Məsələ 730: Əgər namaz gedişində məlum olsa ki, örtüləsi yer açıq qalıb, dərhal örtmək lazımdır. Bir şərtlə ki, namazın formasını pozan iş görülməsin. Əgər bu iş uzun çəkərsə, vacib ehtiyata əsasən, özünü örtüb namazını başa çatdırsın və onu yenidən qılsın.
    Məsələ 731: Əgər namazı başa çatdırdıqdan sonra məlum olsa ki, örtüləsi yer açıq qalıb, namaz düzgündür.
    Məsələ 732: İnsan namazda özünü ağac yarpağı və ya otla örtə bilər. Amma müstəhəb ehtiyat budur ki, bir şey tapılmadıqda bu şeylərdən istifadə olunsun.
    Məsələ 733: Əgər namaz zamanı torpaqdan başqa bir şey tapılmasa, bədəni torpaqla örtüb namaz qılmaq lazımdır.
    Məsələ 734: Əgər insan çılpaqsa və örtünmək üçün bir şey tapmırsa, namazın vaxtı qurtaranadək bir şey tapacağını ehtimal edərsə, ehtiyat budur ki, namazı təxirə salsın. Əgər tapa bilməsə, bir şəxs gördüyü halda, oturaq namaz qılmalı və ayıb yerini bu yolla örtməlidir. Əgər bir şəxs görmürsə əli ilə ayıb yerini örtmüş halda ayaq üstə namaz qıla bilər. Bu halda rüku və səcdələr işarə ilə yerinə yetirilir. Səcdə üçün başı bir qədər aşağı əymək bəs edər.
    Namaz qılanın libası ilə bağlı şərtlər
    Məsələ 735: Namaz qılan şəxsin libası ilə bağlı altı şərt var: Pak olsun; vacib ehtiyata əsasən, qəsbi olmasın; ölü heyvanın hissələrindən olmasın; əti haram heyvanın hissələrindən olmasın; (beşinci və altıncı şərt) namaz qılan şəxs kişidirsə, onun libası xalis ipək və ya qızılla toxunmuş olmasın. Bu Məsələlər qarşıda şərh olunacaq.
    Birinci şərt:
    Paklıq
    Məsələ 736: Bir şəxs bilərəkdən murdar libas və ya murdar bədənlə namaz qılarsa, namazı batildir. Hətta məsələni bilmədiyindən belə etsə də hökm gücündə qalır.
    Məsələ 737: Əgər bir şəxs bədəninin və ya libasının murdar olduğunu bilməsə və namazdan sonra bunu anlasa, namazı düzgündür. Amma öncədən bilib sonra yaddan çıxarmışsa və bu halda namaz qılmışsa, namazını təzələməlidir. Bu məsələnin namazın ortasında və ya namazdan sonra xatırlanması şərt deyil. Namazın vaxtı keçərsə onun qəzası yerinə yetirilir.
    Məsələ 738: Namaza məşğul insanın namaz gedişində bədəninin və libasının murdarlanması, eləcə də, libasının və bədəninin murdar olduğunu anlaması mümkündür. Əgər belə bir məqamda libas və bədəni həmin vaxt murdarlandığını və ya öncədən murdar olduğunu bilməsə, su olduqda və libası, bədəni suya çəkmək və ya libası dəyişmək namazın formasını pozmadıqda, libasını və bədənini suya çəkməli, ya da libasını dəyişməlidir. Sonra namaz davam etdirilir. Namazı davam etdirmək mümkün olmadıqda, namaz saxlanılır, pak libas və bədənlə namaz qılınır. Namazın vaxtı dar olmadıqda bu göstərişə əməl edilir. Vaxt dar olduqda həmin vəziyyətdə namaz qılınır və namaz düzgündür.
    Məsələ 739: Bir şəxs namazdan sonra libasının və ya bədəninin murdar olduğunu başa düşsə, namazı düzgündür. Bu halın vaxtında və ya vaxt keçəndən sonra yaranmasının fərqi yoxdur.
    Məsələ 740: İnsan murdar libas və ya bədəni suya çəkib onların paklığına əmin olduqdan sonra namaz qılarsa və namazdan sonra hələ də murdarlıq qaldığını başa düşərsə, namazı düzgündür. Sonrakı namazlar üçün paklanmaq lazımdır.
    Məsələ 741: İnsan bədənində qan görüb əmin olsa ki, bir dirhəm ölçüsündən azdır və ya namaza mane olmayan yara və çiban qanıdır, namazını qıldıqdan sonra həmin qanın bir dirhəm ölçüsündən çox olduğunu və ya qanın yara və çiban qanı olmadığını anlasa namazı düzgündür.
    Məsələ 742: Əgər bir şeyin murdar olduğunu unutsa, bədəni və ya libası həmin şeyin rütubətinə toxunsa, namaz qıldıqdan sonra bunu xatırladıqda namazı düzgündür. Amma bədəni murdarlığını unutduğu bir şeyə rütubətlə toxunsa və özünü suya çəkmədən qüsl versə, qüslü və namazı batildir.
    Məsələ 743: Yalnız bir libası olan şəxsin bədəni və libası murdarlanarsa və yalnız birini suya çəkmək üçün su olarsa, vacib ehtiyat budur ki, bədənini suya çəksin və namazını həmin murdar libasla qılsın. Amma libasın murdarlığı daha çox olsa (Məsələn, sidiklə murdarlansa. Cidiklə murdarlanan libas az su ilə iki dəfə suya çəkilir. Amma bədən qanla murdarlandıqda, onu bir dəfə yumaq bəsdir), vacib ehtiyat budur ki, libasını yusun və murdar bədənlə namaz qılsın.
    Məsələ 744: Əgər bir şəxsin murdar libasdan başqa bir libası yoxsa və namazın vaxtı qurtaranadək pak libas tapacağına gümanı gəlmirsə, həmin libasla namaz qıla bilər.
    Məsələ 745: Bir şəxsin iki libasından biri murdardırsa və onların hansı birinin murdar olduğunu bilmirsə, onlardan heç biri ilə namaz qıla bilməz. Hər ikisini suya çəkməlidir. Bunu edə bilməsə, namazlarını ayrı-ayrılıqda hər iki libasla qılmalıdır.
    İkinci şərt:
    Libasın qəsbi olması
    Məsələ 746: Namaz qılan şəxsin libası vacib ehtiyata əsasən, mübah, halal olmalıdır. İnsan bilərəkdən qəsbi libasla namaz qılsa, (hətta libasda bir sap və ya bir düymə qəsbidirsə) namazını təzələməlidir. Amma libasın qəsbiliyini bilmədən qıldığı namazlar düzgündür. Əgər libasın qəsbi olduğunu bilib sonradan yaddan çıxararsa, (əgər libası qəsb edən özü deyilsə. Yəni qəsb edib, sonra onu yaddan çıxarmamışsa) həmin libasla qıldığı namazları vacib ehtiyata əsasən, təzələməlidir.
    Məsələ 747: Əgər insan namaz gedişində anlasa ki, libası qəsbidir, əynində ayıb yerini örtəcək bir şey varsa, qəsbi libası çıxarıb namazını davam etdirməlidir. Əgər əynində ayıb yerini örtəcək bir şey yoxsa, qəsbi libasla namazını başa çatdırmalıdır.
    Məsələ 748: Əgər bir şəxs həyatını qorumaq məqsədi ilə qəsbi libasla namaz qılsa, namazı düzgündür. Eləcə də, libası oğrudan və bu kimi şeylərdən qorumaq üçün onu geyərsə namazı düzgündür.
    Məsələ 749: Əgər xümsü və ya zəkatı verilməmiş pulla libas alıb həmin libasla namaz qılarsa bu namaza irad var. Əgər nisyə libas alıb müamilə zamanı bu fikirdə olarsa ki, borcunu xüms və zəkatı verilməmiş pulla ödəsin və ya ümumiyyətlə ödəməsin, namazına irad var.
    Üçüncü şərt:
    Ölmüş Heyvan hissələrindən hazırlanmış libas
    Məsələ 750: Namaz qılan şəxsin libası atıcı qanı olan heyvanların ölüsünün hissələrindən olmamalıdır. Vacib ehtiyat budur ki, balıq və ilan kimi atıcı qanı olmayan heyvanların da hissələrindən olmasın.
    Məsələ 751: Namaz qılanın üstündə ölü heyvan hissələri olmamalıdır. Bu hökm libasdan əlavə əşyalara da aiddir. Amma tük, yun kimi ruhsuz hissələrin eybi yoxdur. Məsələn, əti halal heyvan ölüsünün yunundan və tükündən hazırlanmış libasla namaz qılmaq olar.
    Məsələ 752: Müsəlman bazarından alınmış dəri paltarla namaz qılmaq olar. Hətta həmin heyvanın şəri qaydada zibh edilib-edilməməsinə şübhə olsa da, bunun eybi yoxdur. Amma dərinin qeyri-İslami məmləkətdən gətirildiyinə yəqinlik olsa, həmin dəri üstündə olan halda namaz qılmaq olmaz. Əgər satıcı lazımınca araşdırma aparmayan biganə bir şəxsdirsə, ondan alınmış dəri məmulatla da namaz qılmaq düzgün deyil. Amma bir şəxs öz üzərindəki dərinin İslami, ya qeyri-İslami məmləkətdən gətirildiyini bilməsə, həmin dəri ilə namaz qılmaq olar.
    Dördüncü şərt:
    Əti haram olan heyvanın hissəsi
    Məsələ 753: Namaz qılanın libası əti haram heyvanın hissələrindən olmamalıdır. Namaz qılanın üstündə belə bir heyvanın tükü də olsa, iradı var.
    Məsələ 754: Əgər namaz qılanın libasında əti haram olan heyvanın ağzının və burnunun suyu kimi bir rütubət olsa, bu rütubətin əsli aradan getməmiş onunla namaz qılmağa irad var. Amma həmin rütubət qurusa və onun əsli aradan getsə, qılınmış namaz düzgündür.
    Məsələ 755: Namaz qılanın libasında başqa bir şəxsin tükü, təri və ya ağzının suyu olarsa bu halda namaz qıla bilər.
    Məsələ 756: Namaz qılanın üstündə mirvari və ya mum olarsa bu vəziyyətdə namaz qılmaq olar. Amma əti haram olan heyvandan götürülmüş sədəf düymə ilə namaz qılmağın eybi var.
    Məsələ 757: Əgər insan şəkk etsə ki, əynindəki libas əti halal, yoxsa haram olan heyvanın tükündən və yunundandır, qıldığı namaz düzgündür. Bu libasın ölkə daxilində və ya xaricində hazırlanmasının fərqi yoxdur.
    Məsələ 758: Plastik maddələrdən hazırlanmış süni dərilərlə namaz qılmaq olar. Bir şəxs öz üzərindəki dərinin süni və ya təbii olduğuna şübhə edərsə, həmin dərinin əti haram, ya ölü heyvan dərisi olduğunu bilməzsə, bunun da eybi yoxdur.
    Məsələ 759: Vacib ehtiyata əsasən, sar və səncab (dələ) dərisindən namazda çəkinmək lazımdır.
    Beşinci şərt:
    Qızıl sap parçalar
    Məsələ 760: Kişilərin qızıl saplı libasla qıldığı namaz batildir. Amma qadınlar israf sayılmasa, belə bir libasla namaz qıla bilər. Namazdan başqa vaxtlarda da kişilərin bu qəbil libas geyinməsi haram sayılır.
    Məsələ 761: Kişilərin qızıl üzük taxması, qızıl saat vurması, üzərində qızıl zinət gəzdirməsi haramdır. Bu zinətlərlə qılınan namaz batildir. Vacib ehtiyata əsasən, qızıldan hazırlanmış eynəkdən də çəkinmək lazımdır. Amma bütün bunlar istər namazda, istər namazdan başqa vaxtlarda qadınlara halaldır.
    Məsələ 762: Kişilərdə qabaq dişin zinət məqsədi ilə qızıldan olması həm namazda, həm də namazdan başqa hallarda eyiblidir. Bu işi yalnız çarəsizlikdən görmək olar.
    Altıncı şərt:
    Libas xalis ipəkdən olmamalıdır
    Məsələ 763: Kişilərin xalis ipəkdən libas geyinməsi haramdır. Hətta xalis ipəkdən hazırlanmış araxçın və başqa şeylər də namazı batil edir. Libasın astarı da xalis ipəkdən olmamalıdır. Amma qadınlar üçün bütün bunlar həm namazda, həm də namazdan başqa vaxtlarda halaldır.
    Məsələ 764: Bir libasın xalis ipəkdən və ya başqa bir şeydən olması məlum deyilsə, onu geymək olar və bu libasla qılınan namaz dügzündür.
    Məsələ 765: Kişinin cibində ipək və bu kimi başqa bir dəsmal olsa haram deyil və bu halda namaz batil olmur.
    Məsələ 766: Əgər libas ipəklə başqa bir şeyin qatqısından hazırlanarsa bunun eybi yoxdur. Amma həmin qatqıda ikinci şeyin miqdarı hesaba alınmayacaq qədər az olarsa, bu libas icazə verilmir.
    Məsələ 767: Çıxılmaz vəziyyətə düşdükdə ipək və qızıldan hazırlanmış, qəsbi, ölü heyvan hissələrindən düzəldilmiş libaslardan istifadə etmək olar. Çıxılmaz vəziyyətdə həmin libaslarla namaz da qılmaq mümkündür.
    Məsələ 768: Əgər insanın murdarlanmış, ipək, qızıl saplı libasdan başqa bir libası yoxsa həmin libasla namazını qılmalıdır. Amma libası qəsbi olduqda və çılpaq namaz qılmağa şərait yarandıqda çılpağın hökmünə əməl etməlidir.
    Məsələ 769: Əgər insanın ixtiyarında namaz üçün münasib libas olmazsa, onu almalı və ya kirayəyə görürməlidir. Bir şəxs belə bir libası bağışlasa və ya icarəyə versə, minnət və narahatçılıq olmasa qəbul etmək lazımdır.
    Məsələ 770: Vacib ehtiyata əsasən, insan şan-şöhrət göstəricisi olan libaslardan çəkinməlidir. Şöhrət libası dedikdə elə bir libas nəzərdə tutulur ki, bu libası geyməkdə riyakarlıq olsun. Məsələn, bir şəxs özünü zahid və tərki-dünya göstərmək üçün ucuz və solğun rəngli libaslar geyərsə, buna irad var. Amma əgər həqiqətən onun məqsədi sadə geyinməkdirsə bunun eybi yoxdur. Əksinə, riyakarlıq yox, sadəlik məqsədi ilə belə geyinmək bəyənilmiş işdir. Şöhrət libası ilə qılınan namaz batil deyil.
    Məsələ 771: İnsanın ona hörmətsizlik gətirəcək və fəsad yaradacaq libaslar geyinməsinə irad var.
    Məsələ 772: Ehtiyata əsasən, kişi qadına məxsus və qadın kişiyə məxsus libas geyməməlidir. Amma belə bir libasla namaz qılmaq olar.
    Məsələ 773: Uzanmış vəziyyətdə namaz qılmalı olan şəxs çılpaq olsa, vacib ehtiyata əsasən, istifadə etdiyi döşək və döşək üzü murdar, xalis ipək və bu kimi şeylər olmamalıdır. Çıxılmaz vəziyyətdə isə bunun eybi yoxdur.
    Hansı hallarda namaz qılan şəxsin libası və ya bədəni murdar ola bilər?
    Məsələ 774: Altı halda namaz qılan şəxsin bədəni və ya libası murdar olarsa, bu halda namaz qıla bilər:
    1. Libas və ya bədən yara, zədə və ya çiban vasitəsi ilə qana bulaşdıqda.
    2. Libasdakı və ya bədəndəki qan bir dirhəm ölçüsündən az olduqda (bir dirhəm təqribən şəhadət barmağının bir bəndi ölçüsündədir).
    3. Corab və araqçın kimi xırda geyimlər murdarlandıqda;
    4. Namaz qılanın üstündə murdarlanmış bir şey olduqda;
    5. Uşaq saxlayan dayənin libası;
    6. İnsan murdar bədən və ya libasla namaz qılmağa məcbur olduqda, məsələn, murdarlanmış libası dəyişmək mümkün olmadıqda, onu paklamaq üçün vaxt dar olduqda. Bu hallarda zərurət səbəbi ilə həmin libasla namaz qılmaq olar.
    Bu mövzular növbəti Məsələlərdə şərh ediləcək.
    Məsələ 775: Birinci üzürlü hal: Namaz qılanın bədəni və libası yara, zədə və ya çiban qanına bulaşmışdır, onları suya çəkmək çətindir. Nə qədər ki, yara, zədə və ya çiban sağalmayıb, insan bu halda namaz qıla bilər. Qanlı çirk gələn zaman, yaranın üzərindəki dərman murdarlandığı vaxt bu halda namaz qılmaq olar. Amma əgər yara sağalmışsa və libasdakı, ya da bədəndəki qanı yumaq asandırsa, bu iş görülməlidir.
    Məsələ 776: Əgər libas və ya bədənin yaradan kənarda qalan hissəsi murdarlanarsa, onu suya çəkmək lazımdır. Yaradan gələn qanın daim sirayat etdiyi istisnadır.
    Məsələ 777: Əgər yaranı tibbi parça ilə örtmək asansa və bu yolla qanın libasa və ya bədənə sirayatinin qarşısını almaq mümkündürsə, bu iş görülməlidir.
    Məsələ 778: Əgər yara burunun və ya ağızın içindədirsə, oradan axıb bədənə və ya libasa dəydiyi vaxt vacib ehtiyat budur ki, bu halda namaz qılınmasın. Bədənin daxilindəki babasil qanı da bu hökmdədir.
    Məsələ 779: Bədəni yaralı şəxs libasında və ya bədənində qan görərsə və bu qanın hansı qan olduğunu bilməzsə, həmin halda namaz qılmasına irad var.
    Məsələ 780: Əgər bədəndə bir neçə yara olarsa və bu yaralar bir yara sayılacaq həddə yaxındırlarsa, bütün yaralar sağalanadək həmin halda namaz qılmaq olar. Amma yaralar o qədər aralıdırsa ki, hərəsi bir yara sayılsın, hər yara sağaldıqdan sonra bədən və libas onun qanındn təmizlənməlidir.
    Məsələ 781: İkinci üzürlü hal: Əgər namaz qılanın libasındakı və ya bədənindəki qan bir dirhəm ölçüsündən kiçikdirsə, həmin halda namaz qılmaq olar. Bir şərtlə ki, bu qan heyiz, nifas, istihazə, eləcə də it və donuz, ölü heyvan, əti haram olan heyvanın qanı olmasın. Vacib ehtiyata əsasən, kafirin də qanı bu qəbildəndir.
    Məsələ 782: Əgər qan libas və bədənin bir neçə yerinə yayılmışsa, birlikdə bir dirhəm ölçüsündən az olduqda namaz qılmaq olar.
    Məsələ 783: Əgər qan libasın astarına da sirayat etmişsə, libasdakı və astardakı qan ayrıca hesablanır. Amma parça qalın olmadıqda onun üzü və arxası bir sayılır.
    Məsələ 784: Bir dirhəm ölçüsündən az olan qan libası yumadan gedərsə, onun yeri murdardır. Amma bu halda namaz qılmaq olar.
    Məsələ 785: Əgər libasdakı qan bir dirhəm ölçüsündən kiçik olarsa və onun üzərinə sidik kimi başqa bir murdar tökülərsə, bu halda namaz qılmaq olmaz.
    Məsələ 786: Üçüncü üzürlü hal: Namaz qılan şəxsin ayıb yeri örtməyə bəs etməyəcək həddə xırda geyimləri (Məsələn, araqçıq, corab) murdarlanarsa, onlarla namaz qılmaq olar. Murdarlanmış üzük və eynək də bu qəbildəndir.
    Məsələ 787: Dördüncü üzürlü hal: Əgər namaz qılan şəxsin cibində ayıb yeri örtəcək ölçüdə murdar dəsmal və ya başqa bir şey olarsa, onunla namaz qıla bilər. Başqa murdar əşyalar da bu qəbildəndir. Amma müstəhəb ehtiyat budur ki, onlardan pəhriz edilsin.
    Məsələ 788: Beşinci üzürlü hal: Körpə uşağa dayəlik edən və libasını namaz üçün asanlıqla paklaya bilməyən qadın gündə bir dəfə libasını paklayarsa onunla namaz qıla bilər. Onun libası uşaq sidiyi ilə murdarlansa da eyni hökmdədir. Amma ehtiyat budur ki, libasını qılacağı birinci namaz üçün suya çəksin.
    Məsələ 789: Əgər adi geyim kimi vasitələrlə uşaqdakı murdarlığın sirayat etməsinin qarşısını ala bilərsə bunu etməlidir. Əgər bir neçə libası varsa pak libasdan istifadə etməlidir.
    Namaz qılanın paltarı ilə bağlı müstəhəb və məkruh hallar
    Məsələ 790: Namaz qılanın libası ilə bağlı savab ümidi olan bir neçə hal var. Ağ libas geyinmək, ən pak libasları geymək, xoş ətirdən istifadə etmək, barmağa əqiq üzük salmaq bu qəbil savab işlərdəndir.
    Məsələ 791: Namaz qılan şəxs savab ümidi ilə libasına münasibətdə bir neçə işdən çəkinə bilər: Qara libas geyməkdən (əzadarlıqda qara geymək, çadra, əba və seyyidlərin əmmaməsinin qara olmasının eybi yoxdur). Çirkin və dar libasdan çəkinmək. Murdar-təmiz bilməyən insanın libasından çəkinmək savabdır. Xüsusilə şərabxorun libasından çəkinmək lazımdır. Namazda düymələrin açıq olması, üzərində çöhrə çəkilmiş libas geymək, üzərində insan və ya heyvan şəkli çəkilmiş üzük taxmaq kərahətli (bəyənilməyən) işlərdir.
    Namaz qılanın yeri
    Məsələ 792: Namaz qılanın yeri ilə bağlı bir neçə şərt ödənməlidir:
    Birinci şərt: Yerin halal olması;
    Vacib ehtiyat budur ki, namaz qılanın namaz qıldığı yer halal olsun. Demək, qəsbi yerdə və ya qəsbi xalça üzərində namaz qılmaq iradlıdır. Başqasının ixtiyarında olan icarəyə götürülmüş yer də belədir. Həmin yerdə icarəçinin icazəsi olmadan namaz qılmaq iradlıdır. Başqasına aid mülk də bu qəbildəndir. Məsələn, bir şəxs vəsiyyət etsə ki, onun malının üçdə biri müəyyən istiqamətdə xərclənsin, o dünyasını dəyişdikdən sonra üçdə bir ayrılanadək həmin yerdə namaz qılmaq olmaz.
    Məsələ 793: Bir şəxs məsciddə daim müəyyən yerdə namaz qılırsa, başqası onun yerini qəsb etsə vacib ehtiyata əsasən, qıldıqları namazları təzələməlidir.
    Məsələ 794: Bir şəxs bir yerdə namaz qıldıqdan sonra həmin yerin qəsbi olduğunu bilsə, namazı düzgündür. Bir yerin qəsbi olduğunu bilib sonradan bunu unudan şəxsin də orada qıldığı namaz düzgündür. Amma namaz qılan şəxs özü qəsb etmiş olsa, orada namaz qılması iradlıdır.
    Məsələ 795: Əgər bir şəxs bir yerin qəsbi olduğunu bilərsə, amma qəsbi yerdə namaz qılmaqla bağlı məsələdən xəbərsiz olarsa, orada qıldığı namazı vacib ehtiyata əsasən, təzələməlidir.
    Məsələ 796: Vacib namazı süvari halda qılmağa məcbur olar şəxs miniyi, yəhəri, üzəngisi qəsbi olsa və suvari halda namaz qılmağa məcbur olmasa, həmin halda qıldığı namaz iradlıdır. Bu hökm müstəhəb namaza da aiddir.
    Məsələ 797: Bir şəxs başqası ilə şərikli mülkə malik olarsa, nə qədər ki, payı ayrılmayıb, şərikindən icazəsiz orada namaz qıla bilməz.
    Məsələ 798: Xüms və zəkatı verilməmiş pulla mülk alsa, həmin mülkdən istifadəsi haramdır və orada qıldığı namazlar iradlıdır. Mülkün haqqını ödəməyi boynuna götürdüyü halda, həmin məbləği xümsü və zəkatı verilməmiş pulla ödəmək istəsə, vacib ehtiyata əsasən, bu işdən çəkinməlidir.
    Məsələ 799: Əgər müəyyən dəlillər əsasında mülk sahibinin razılığı məlum olsa, orada namaz qılmaq olar. Bu halda mülk sahibinin dillə razılığı olmaya da bilər. Amma dillə razılıq vermiş sahibin qəlbən razı olmadığı bilinərsə, orada namaz qılmaq olmaz.
    Məsələ 800: Xüms və ya zəkat borcu olan ölünün mülkündən istifadə etmək orada namaz qılmaq haramdır. Yalnız onun borcunu verdikdən sonra mülkündən istifadə etmək olar.
    Məsələ 801: Xalqa borclu olan meyyitin mülkündə vərəsənin icazəsi ilə namaz qılmaq olar. Bir şərtlə ki, bu istifadə borcluların haqqına mane olmasın.
    Məsələ 802: Meyyitin vərəsələrindən bəziləri sağır, divanə və ya itkin olarsa, onların mülkündən istifadə və orada namaz qılmaq haramdır. Amma meyyiti götürmək üçün cüzi istifadənin eybi yoxdur.
    Məsələ 803: Mehmanxana və hamam kimi yerlərdə oranın müsafirləri və müştəriləri namaz qıla bilər. Amma xüsusi mülklərdə sahibin icazəsi olmadan namaz qılmaq olmaz. Sahib istifadə icazəsi verdiyi zaman namaz qılınması ilə də razılaşdığı məlum olur. Necə ki, bir şəxsi qonaq çağıran şəxs ona namaz qılmaq icazəsi də verəsidir.
    Məsələ 804: Hasara alınmamış böyük əkin yerlərində əkin olmadığı vaxt namaz qılmaq, əyləşmək, yatmaq və oradan cüzi istifadə etməyin eybi yoxdur. Həmin yerin yaşayış məntəqəsinə yaxın və ya uzaq olmasının fərqi yoxdur. Onun sahibləri yaşlı və ya az yaşlı şəxslər ola bilər. Amma əkin sahəsinin sahibi aydın şəkildə bildirsə ki, razı deyil və ya onun qəlbən razı olmadığını bilsək, həmin yerdən istifadə etmək haramdır, namaz qılınmasına irad var.
    İkinci şərt:
    Hərəkətsizlik
    Məsələ 805: Əgər namaz qılan şəxsin namaz qılmaq istədiyi yer hərəkətli olarsa, yəni həmin şəxs həmin yerdə namazın əməllərini adi qaydada yerinə yetirə bilməzsə, onun namazı batildir. Beləcə, gəmidə, qatarda və bu kimi başqa yerlərdə namazın əməllərini düzgün yerinə yetirmək düzgün olduqda bunun eybi yoxdur. Vaxt darlığından və ya başqa bir zərurətdən gəmi, aftomobil və bu kimi hərəkətli bir yerdə namaz qılmağa məcbur olduqda imkan həddində daim dəyişən qiblə tərəfə dayanmaq lazımdır. Namaz qılan şəxs dəyişən qibləyə doğru hərəkət etdiyi vaxt namazın mətnindən deməməlidir.
    Məsələ 806: Arpa, buğda və bu kimi dənli bitkilər xırmanında bir qədər hərəkət olsa da, namazın vacib əməllərini yerinə yetirmək mümkünsə namaz qılmaq olar.
    Məsələ 807: Külək, yağış və ya izdihamın sıxıntısı səbəbindən namazın düzgün yerinə yetirilməsinə şübhə yarandıqda, namazı başa vurmaq ümidi ilə başlayıb maneəsiz başa çatdırsa, namaz düzgündür.
    Məsələ 808: Əgər bir yerdə dayanmaq haramdırsa (Məsələn, uçmaqda olan bir yerdə) orada namaz qılınmamalıdır. Namaz qılınarsa belə, vacib ehtiyat budur ki, həmin namaz təzələnsin. Eləcə də üzərində dayanmaq və oturmaq haram olan bir yerdə (məsələn, Allahın adı yazılmış xalça üzərində) namaz qılmağın hökmü yuxarıdakı kimidir.
    Üçüncü şərt:
    Namazın vacib şərtlərini yerinə yetirməyin mümkünlüyü
    Məsələ 809: Namaz elə bir yerdə qılınmalıdır ki, onun vacib şərtlərini yerinə yetirmək mümkün olsun. Əgər bir yer alçaq olduğundan ayaq üstə düz dayanmaq mümkün deyilsə və ya rükuya, səcdəyə getmək olmursa, belə bir yerdə namaz batildir.
    Məsələ 810: Namaz qılan şəxs ədəbə riayat edərək Peyğəmbər və məsum imamların qəbrindən öndə dayanmamalıdır. Əgər onun namazı müqəddəsliklərə hörmətsizlik sayılarsa, haramdır və belə bir namaza irad var. Başqa hallarda isə namaz batil olur.
    Dördüncü şərt:
    Kişinin qadından öndə dayanması
    Məsələ 811: Namazda qadın kişidən arxada dayanmalıdır. Qadının səcdə yeri kişinin səcdə yerindən bir qədər arxada olmalıdır. Əks təqdirdə namaz batildir. Bu hökmdə məhrəm və naməhrəmlər arasında fərq qoyulmur. Amma əgər qadın və kişi arasında divar və ya pərdə olarsa, eləcə də onlar arasındakı məsafə təqribən beş metrə çatarsa, bunun eybi yoxdur.
    Məsələ 812: Əgər qadın kişidən öndə dayandığı vəziyyətdə birlikdə namaza başlasalar, hər ikisinin namazı batildir. Amma biri namaza başladıqdan sonra o biri qoşularsa, birincinin namazı düzgündür, ikincinin namazı batildir.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 1706 | Rating: 3.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024