SUAL 101-114 Sual 101: Hürr ibn Yezid kimdir? Cavab: İmam Hüseynin (ə) karvanı bir neçə məntəqədən keçib Şərafa yetişdi. İmamın qarşısını kəsmək tapşırığı almış Hürr ibn Yezid xeyli döyüşçüsü ilə birgə bu məntəqədə imama çatdı. Hürrün qoşununu susuz, yorğun görən imam öz köməkçilərinə göstəriş verdi ki, Hürrün əsgərlərinə su versinlər. Hürrün əsgərlərindən biri belə xatırlayır: "Mən susuz və yorğun olduğumdan qoşundan dala qalmışdım. Düşərgəyə daxil olanda gördüm ki, Hüseynin yaxınları bizim əsgərlərə su paylayırlar. Mənə baxan olmadığını görən Hüseyn (ə) əlində su məşki (tuluq) mənə yaxınlaşdı. Mənim taqətdən düşdüyümü görən həzrət məşki əlində tutaraq su içməkdə mənə kömək etdi.” Günorta namazının vaxtı çatdı, imamın müəzzini azan verdi. İmam (ə) Hürrə buyurdu: "Sən öz qoşununla namazını qıl.” Hürr imamla birgə namaz qılıb, ona iqtida edəcəyini bildirdi. Namazdan sonra Hüseyn (ə) Hürrün qoşununa müraciətlə xütbə oxudu və əsil həqiqəti açıqladı. İmamın xütbəsi başa çatdıqdan sonra Hürr dedi: "Bizə əmr olunub ki, sizi Kufəyə ibn Ziyadın yanına aparaq.” İmam bu sözlərdən qəzəbləndi və üzünü yaxınlarına tutub geri dönmək əmri verdi. Hürrün yolu kəsdiyini görən İmam (ə) buyurdu: "Anan əzanda otursun, bizdən nə istəyirsən? Hürr dedi: "Bir başqası anamın adını çəksəydi, ona cavab verərdim. Amma sənin anan haqqında təzimdən başqa bir söz gəlməz.” Bununla belə, Aşura günü imamın (ə) fəryadını eşidən Hürr özünü ona çatdırdı və ərz etdi: "Sənə fəda olum, ey Peyğəmbər övladı! Mən yolunu kəsib səni qayıtmağa qoymayan, sənin bu bəla dolu torpaqda qalmağına bais olan adamam. Heç vaxt güman etməzdim ki, bu camaat səninlə vuruşub, belə rəftar edə. Artıq peşmanam və Allahın dərgahına tövbə edirəm. Allah mənim tövbəmi qəbul edərmi? Həzrət buyurdu: "Bəli, Allah tövbəni qəbul edər və günahını bağışlayar.” Maraqlı bir nöqtəyə diqqət edək: Hürrün imam Hüseynə (ə) qoşulması hadisələrin nəticəsini dəyişə bilərdimi? Əlbəttə ki, Aşura günü artıq hər şey məlum idi, imam və ətrafındakılar şəhadətə qucaq açmışdılar. Demək, imam Hüseyn (ə) Hürrü qəbul etməklə hərbi qüvvəsini artırmaq yox, daha bir insanın hidayətinə, islahına cəhd edirdi. Budur övliya mərhəməti! Hürr ibn Yezid imama qoşuldu və çox keçməmiş şəhadət camını başına çəkdi. Yarıcan Hürr imamın hüzuruna gətirilərkən o həzrət əlini onun üzünə çəkib buyurdu:”Sən ananın qoyduğu ad kimi insansan, sən dünya və axirət azadəsisən.”("Biharül-ənvar”, c. 45, s. 14.) Sual 102: Züheyr ibn Qəyn kimdir? Cavab: Züheyr Kufənin tanınmış və şücaətli şəxslərindən biri idi. O, bir vaxt Osmanın havadarlarından olmuşdur. İmam Hüseyn (ə) Məkkədən Kufəyə hərəkət edərkən Züheyr də ailəsi ilə birgə həcdən qayıdırdı. O, imamla rastlaşmamaq üçün yolda məsafə saxlayırdı. Amma bir gün istirahət üçün imamın xeyməsindən bir qədər aralı xeymə qurmağa məcbur oldu. Züheyrin yoldaşları nəql edir ki, sübh yeməyi yediyimiz vaxt bir şəxs gəlib salam verdi və imam Hüseynin (ə) Züheyri görmək istədiyini bildirdi. Bu hadisə o qədər gözlənilməz oldu ki, Züheyr yerində donub qaldı. Xanımı Züheyrə dedi: "Peyğəmbər övladı səni çağırır, sənsə yubanırsan!” Züheyr ayağa qalxıb imamın xeyməsinə üz tutdu. Beləcə, qəlbi cəhalət qaranlığına bürünmüş Züheyrə imamın nurani sözləri vasitəsi ilə işığa çıxmaq nəsib oldu. Züheyr imama qoşulduqdan sonra qarşıdakı yolun çətinliyini nəzərə alaraq arvadının nikahını geri oxuyub onu evə göndərdi. Hürrün dəstəsi imam Hüseynin (ə) qarşısını kəsərkən Züheyr Hürr ilə döyüşməyi təklif etdi. Amma imam səbr etməyə üstünlük verdi. Aşuradan bir gün qabaq (tasua günü) imam ətrafındakılara Kərbəladan getmək icazəsini verdi. Züheyr dedi: "Ana olsun Allaha! Sənin və Əhli-beytini hifzi üçün min dəfə ölüb dirilməyə hazıram.” Aşura günü imam Hüseyn (ə) öz cəbhəsinin sağ cinahında rəhbərliyini Züheyrə tapşırdı. O, imamdan sonra düşmən qarşısına çıxan ikinci şəxs idi. Züheyr şücaətlə döyüşdü və öz əqidəsini sübut edərək şəhadətə yetişdi. Sual 103: Əbdüllah ibn Hürr Cöfi kimdir? Cavab: Bəni-məqatil adlanan yerdə dayanarkən imama (ə) xəbər verdilər ki, Əbdüllah ibn Hürr Cöfi də bu mənzildə dayanmışdır. Osmanın tərəfdarlarından olan Əbdüllah Osman qətlə yetirildikdən sonra Müaviyəyə qoşulub, Siffeyn döyüşündə həzrət Əli (ə) ilə vuruşmuşdu. İmam Hüseyn (ə) Əbdüllahın yanına adam göndərib ona qoşulmasını istədi. Əbdüllah Həccac adlı elçiyə dedi: "And olsun Allaha! Mən Kufədən çıxanda əhalinin çoxu Hüseynlə (ə) döyüşə hazırlaşırdı. Hüseynin bu döyüşdə öldürüləcəyi məndə şübhə doğurmur. Məndə Hüseynə yardım gücü yoxdur və istəmirəm də məni görsün.” Həccac bu sözləri imama çatdırdıqdan sonra imam özü Əbdüllahın görüşünə getdi. Həzrət Əbdüllaha buyurdu:”Sən çox günahlara batmış, çox səhvlərə yol vermisən. Tövbə edib, günahlarını yumaq istəmirsənmi? Peyğəmbər (s) qızının övladına yardım et, onun tərəfində düşmənləri ilə döyüş.” Əbdüllah dedi: "And olsun Allaha! Sənə itaət edənin əbədi səadətə çatacağına inanıram. Amma inanmıram ki, mənim yardımımın sənə faydası olsun. Məni bu işdən azad et, çünki ölümdən çox qorxuram. Amma qaçışda məşhur atımı sənə verirəm.” İmam buyurdu: "Bir halda ki, bizim yolumuzda canını qıymırsan, nə səni, nə də atını istəyirik.” Mənbələrdə bildirilir ki, Əbdüllah ömrünün sonunadək, imama qoşulmaq səadətini əldən verdiyi üçün təəssüf etdi. İmamın (ə) Əbdüllahın xeyməsinə getməsinə həkimin xəstə yanına getməsi kimi baxmalıyıq. Allahın övliyaları daim insanların əqidəsini islah etmək, onları axirət əzabından qurtarmağa çalışmışlar. Amma Əbdüllah xislətində olanlar belə dəvətlərin əsil mahiyyətini anlaya bilmir, hədiyyə və ehsan yolu ilə razılıq almaq istəyirlər. Sual 104: Kərbəlada qara qulam olmuşdurmu? Cavab: Bəli, Kərbəlada "Cun” adlı qara qulam olmuşdur. Cunu həzrət Əli (ə) alıb, Əbuzərə bağışlamışdı. Əbuzər Rəbəzə sürgünündə vəfat etdikdən sonra Cun həzrət Əlinin yanına qayıdıb Həsən və Hüseynə xidmət etmişdir. Kərbəlada Aşura günü imamın məzlumiyyətin görən Cun onun yanına gəlib, döyüşə getmək üçün icazə istəmişdir. İmam (ə) ona belə cavab vermişdir: "Mən sənə icazə verirəm ki, geri qayıdasan. Çünki sən vuruşmaq üçün yox, bizim rahatlığımızı təmin etmək üçün bizə qoşulmusan...” Cun həzrətin ayaqlarına düşüb dedi: "Ey Peyğəmbər oğlu, necə ola bilər ki, rahatlıq vaxtı sizinlə olub, çətinlik vaxtı sizi tərk edəm?! And olsun Allaha, qara qanım sizin qanınıza qarışanacan sizdən ayrılmaram.” Nəhayət o, imamdan icazə alıb döyüş meydanına getdi və şücaətlə döyüşüb şəhid oldu. İmamın (ə) köməkçiləri üçün ən ləzzətli hal imamın simasında seyr edərək ölmək idi. Həzrət can üstündə olan qulamın yanında oturub belə dua etdi: "Pərvərdigara, onun çöhrəsini ağ, qoxusunu xoş et, onu yaxşılarla məşhur buyur, onunla Peyğəmbər və ailəsi arasında yaxınlıq qərar ver.”("Biharül-ənvar”, c. 45, s. 32.) Kərbəlada digər bir qulamın olduğu da bildirilir. Bu qulam "türk” qulam kimi xatırlanır. Türk qulam döyüşərək şəhadətə yetmiş və İmam ona oğlu Əli Əkbər qədər vaysınmışdır. Üzünü qulamın üzünə qoyub, ona dua etmişdir. Sual 105: Əgər gülüş hər dərdin dərmanıdırsa, nə üçün ağlamalıyıq? Cavab: Təəssüf ki, çoxları gördüyünü həqiqət kimi qəbul edir. Amma hər hansı dini mərasimə baxmaqla İslam haqqında qərara gəlmək olmaz. Bu gün bir çox müsəlmanlar hətta dini bayramlarda, imamların təvəllüd günündə qəmli şerlər oxuyub ağlayırlar. Bu qəbil adamlar elə düşünürlər ki, dini mərasimin əsas vəzifəsi xalqı ağlatmaqdır. Amma bayram tədbirini əzadarlığa çevirmək yanlış addımdır və heç bir mənbəyə əsaslanmır. Qəmlənmək və ağlamaq insanın fitri ehtiyacı olsa da, İslam orta dindir və heç bir işdə ifratı bəyənmir. İslamda sevincin qəmdən, qəmin sevincdən xüsusi bir üstünlüyü yoxdur. Sevincin sevinc, qəmin qəm yeri var; insana ali hədəflərə çatmaqda yardımçı olan sevinc və qəm bəyənilmiş, təkamülə mane olan sevinc və qəm pislənilmişdir. Əsassız və cahilanə gülüş pisləndiyi kimi, əsassız göz yaşları da bəyənilmir. Mənasız gülüş İslamda cahillik əlaməti sayılır.("Biharül-ənvar”, c. 72, s. 59.) Göz yaşları isə xüsusi şəraitdə faydalı sayılır. Həzrət Əli (ə) buyurur: "Allah qorxusundan ağlayış ilahi mərhəmətin açarıdır.”("Mizanul-hikmə”, c. 1, s. 453. ) Sual 106: Kərbəla hadisələrini səhnələşdirməyin (şəbihin) hökmü nədir? Cavab: Əgər şəbih mərasimində yalan və batil fikirlərə yer verilməzsə, eybi yoxdur. Amma şəbih yerinə moizə və müsibət zikri olsa daha yaxşıdır. Təziyə və şəbih mərasimlərində harama yol verilməzsə, eybi yoxdur.(Safi, "Camiül-əhkam”, c. 2, s. 1599 ) Sual 107: Əzadarlıq mərasimində ələmdən istifadə, ələm gəzdirməyin hökmü nədir? Cavab: Eybi yoxdur (İmam (rəh.), Təbrizi, Lənkərani, Şirazi, Sistani). Sual 108: Əzadarlıq mərasimində musiqi alətindən istifadə etmək olarmı? Cavab: Ləhv və harama aid alətlərdən istifadə etmək caiz deyil. Haram musiqi həm əzadarlıqda, həm də bayram mərasimində haramdır. Sual 109: Əzadarlıqda baş yarmağa icazə verilirmi? Cavab: Bu işdən çəkinmək lazımdır. Məzhəbə mənfi münasibət yaradan əməllər yolverilməzdir. Bu da qeyd olunmalıdır ki, İslamda bədənə zərərli işlər haram sayılır. Sual 110: Namaz vacibdir yoxsa əzadarlıq? Cavab: Şübhəsiz ki, vacib namazlar əzadarlıqda iştirak etməkdən mühümdür. Əzadarlığı bəhanə edib namazı tərk etmək caiz sayılmır. Amma vacib namazı qılmaqla əzadarlıqda iştirak etmək müstəhəbdir. Sual 111: Camaat namazını vaxtında qılmaq mühümdür, yoxsa əzadarlığı davam etdirmək? Cavab: Camaat namazı daha mühümdür. Sual 112: Əzadarlıqda mikrofondan istifadə etməklə qonşuluqda sakitliyi pozmağın eybi yoxdurmu? Cavab: Əzadarlar imkan daxilində çalışmamalıdırlar ki, qonşulara əziyyət verməsinlər. Sual 113: Məhərrəm ayında saç boyamaq, bəzənmək caizdirmi? Cavab: Əzadarlığa hörmətsizlik olmasa eybi yoxdur. Amma belə bir hədisi xatırlamaq yerinə düşər. İmam Sadiq (ə) buyurmuşdur: "Allah bizim şiələrə rəhmət etsin ki, şadlığımızda şad, hüznümüzdə qəmgin olarlar.” Sual 114: Məhərrəm ayında izdivac (evlənmək) haramdırmı? Cavab: Bu növ mərasimlərdə harama yol verilməzsə, eybi yoxdur. Amma daha yaxşı olar ki, şadlıq mərasimləri başqa aylara keçirilsin. |