İKİNCİ BÖLMƏ (İMAM ƏLİ (Ə)-IN PEYĞƏMBƏR (S)-İN BESƏTİNDƏN SONRA VƏ HİCRƏTDƏN ƏVVƏLKİ HƏYATİ) İSLAMA İMAN GƏTİRƏN İLK ŞƏXS Əli (ə)-ın həyatının ikinci hissəsini besətdən sonra və hicrətdən əvvəlki dövr təşkil edir. Bu dövr on üç ildən artıq olmamışdır. Əli (ə) bütün bu müddət ərzində Peyğəmbərin (s) hüzurunda olmuş və müəyyən vəzifələri öhdəsinə almışdı. Bu dövrün həssas və maraqlı məsələləri Imam (ə)-a nəsib olmuş bir çox iftixarlardır. Belə ki, bu iftixarlar tarix boyu Əli (ə)-dan başqa heç kəsə nəsib olmamışdır. Onun ilk iftixarı islamı hamıdan əvvəl qəbul etməsi, daha dəqiq desək, qəbul etmiş olduğu çoxdankı müsəlmançılığını aşkar etməsi idi. Islamı qəbul edib tövhid ayininə iman gətirməkdə qabaqcıl olmaq Quranın təkid etdiyi işlərdəndir. Quran aşkar şəkildə elan edir ki, islamı qəbul etməkdə qabaqcıl olan şəxslər Haqq-Taalanın razılığını kəsb etməkdə və ilahi rəhmətə nail olmaqda da qabaqcıldırlar. Quran "islamı qəbul etməkdə qabaqcıl olmaq" mövzusuna o qədər əhəmiyyət vermişdir ki, hətta Məkkənin fəth olunmasından əvvəl iman gətirib Allah yolunda öz mal və canlarından keçənləri, məkkəlilərə qələbə çaldıqdan sonra iman gətirib cihad edənlərdən üstün tutmuşdur. Islamın ilk çağlarındakı müsəlmanlara və Mədinəyə mühacirət etməzdən əvvəl islamı qəbul edənlərə gəldikdə isə, onlara daha artıq üstünlük verilir. Izah: Məkkə şəhəri hicrətin səkkizinci ilində fəth edilmişdi və islam Peyğəmbəri (s) besətdən on səkkiz il sonra bütpərəstlərin sığındıqları Məkkə şəhərini fəth etmişdir. Məkkənin fəth edilməsindən əvvəl iman gətirənlərin imanlarına ona görə üstünlük verilir ki, onlar hələ islamın Ərəbistan yarımadasında hakimiyyətə çatıb qüvvəyə minmədiyi, hələ də bütpərəstlərin mərkəzlərinin alınmaz bir qala sayıldığı və müsəlmanların mal və canlarını növbənöv təhlükələr qarşısında təhdid olunduğu bir vaxtda iman gətirmişdilər. Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsi, Ovs və Xəzrəc qəbilələrinin, eləcə də Mədinə ətrafındakı qəbilələrin islamı qəbul etmələri nəticəsində müsəlmanların nisbi qüdrət əldə edərək hərbi əməliyyatların çoxunda qələbə çalmalarına baxmayaraq, təhlükə tamamilə aradan qaldırılmamışdı. Islamı qəbul edib mal və candan keçməyin yüksək bir dəyərə malik olduğu halda, sözsüz ki, Qüreyşin qüdrətindən başqa bir qüdrətin, barışmaz və düşmən qüvvələrindən başqa bir qüvvənin olmadığı bir şəraitdə imanı aşkar edib islamı qəbul etmək daha artıq və daha yüksək bir dəyərə malik olmalıdır. Məhz bu səbəbdən də Məkkədə və Peyğəmbərin dostları arasında islamı hamıdan əvvəl qəbul etmək heç bir fəzilətlə müqayisə oluna bilməyən iftixarlardan hesab olunurdu. Ömər özünün xilafəti dövründə islamın ilk çağlarında işkəncəyə məruz qalmış altıncı müsəlmandan-Xəbbabdan soruşdu ki, Məkkə müşrikləri səninlə necə rəftar etmişdi? O, öz köynəyini çıxarıb kürəyindəki yanıqları və işkəncə izlərini xəlifəyə göstərdi və dedi ki, dəfələrlə mənə dəmir zireh geyindirir, saatlarla Məkkənin qızmar havasında, yandırıcı günün altında saxlayırdılar, bəzən od qalayıb məni odun üzərinə atır və od sönənə qədər onun üstündə o tərəfə-bu tərəfə sürüyürdülər. Bəli, doğrudan da ən böyük fəzilət və mənəvi üstünlük islam yolunda hər cür əzab-əziyyət və işkəncələrə canla-başla sinə gərərək bu cətinliklərə səmimi qəlbdən qəbul edən şəxslərə məxsusdur. İSLAMI QƏBUL ETMƏKDƏ HEÇ KİM ƏLİ (Ə)-DAN QABAĞA DÜŞMƏMİŞDİR Hədisçilər və tarixçilərdən çoxu yazırlar ki, Peyğəmbər (s) bazar ertəsi günü risalətə (peyğəmbərliyə) məbus oldu və Əli (ə) o günün sabahı ona iman gətirdi. Rəsuli-Əkrəmin özü Əli (ə)-ın hamıdan əvvəl islamı qəbul etməsini aşkar şəkildə elan edib səhabələrin ümumi yığıncağında belə buyurdu: "Qiyamət günü (Kövsər) hovuzunda mənimlə görüşəcək ilk şəxs islamı qəbul etməkdə ən qabaqcıl olanınız Əli ibni Əbu Talibdir." Əli (ə)-ın islamı hamıdan qabaq qəbul etməsi ilə bağlı Peyğəmbəri-Əkrəmdən, Əmirəl-möminin Əli (ə)-ın özündən, eləcə də sair din rəhbərlərimizdən nəql olunan rəvayət və hədislər, həmçinin hədisçilərin və tarixçilərin bu məsələ barəsindəki rəyləri o qədər çoxdur ki, onların hamısını bu kitabda yerləşdirmək qeyri-mümkündür. Elə buna görə də, bu barədə təkcə imamın öz sözlərini və bir tarixi hadisəni nəql etməklə kifayətlənirik. Əmirəl-möminin Əli (ə) buyurur: "Mən Allahın bəndəsi, Peyğəmbərin (siğə) qardaşı və Siddiqi-əkbərəm. Məndən sonra bu sözü (Siddiqi-əkbər olmağı) yalançı və iftiraçıdan başqa bir kəs özünə aid etməz. Mən camaatdan yeddi il qabaq, Rəsulullah ilə namaz qılmışam. Mən onunla namaz qılan ilk şəxsəm." Imam öz nəzərini başqa yerdə belə buyurur: "O günlər islam dini Peyğəmbərin və Xədicənin evindən başqa bir yerə yol tapmamışdı. Mən də bu ailənin üçüncü şəxsi idim." Başqa yerdə Imam özünün islamı hamıdan əvvəl qəbul etməsini belə bəyan edir: "Ilahi, mən Sənə tərəf gələn, Sənin əmrini eşidib, Peyğəmbərinin dəvətini qəbul edən ilk şəxsəm. Məndən qabaq islam Peyğəmbərindən başqa, heç kim namaz qılmırdı." ƏFİF KİNDİNİN DEDİKLƏRİ Əfif Kindi deyir: Bir gün libas və ətir almaq üçün Məkkəyə daxil olub, Məscidül-Həramda Abbas ibni Əbdül-Müttəlibin yanında oturdum. Günəş səmada ən yüksək nöqtəyə qalxanda bir kişi gəlib səmaya baxdı, sonra üzü Kəbəyə tərəf dayandı. Bir az keçməmiş bir cavan oğlan onun yanına gəlib sağ tərəfində dayandı. Daha sonra bir qadın məscidə daxil oldu və o iki nəfərin arxasında durdu. Bu vaxt onların hər üçü namaz qılıb ibadət etməyə başladılar. Mən Məkkə bütpərəstləri arasında belə bir mənzərəni–bu üç nəfərin öz hesab-kitablarını cəmiyyətdən ayırıb Məkkə əhalisinin sitayiş etdikləri bütlərə deyil–yeganə Allaha sitayiş etdiklərini görüb heyrətləndim. Üzümü Abbasa tutub dedim: (Böyük (qəribə) bir işdir! O da həmin sözləri təkrar etdi və sonra dedi:–Bu üç nəfəri tanıyırsanmı? Dedim: Yox. Abbas dedi:–Əvvəlcə daxil olan və qabaqda dayanan mənim qardaşım oğlu Məhəmməd ibni Əbdüllahdır. Ikincisi mənim başqa qardaşımın oğlu Əli ibni Əbu Talibdir. Üçüncüsü isə Məhəmmədin həyat yoldaşıdır. O (Məhəmməd) iddia edir ki, dini Allah tərəfindən ona nazil olmuşdur. Hal-hazırda səmanın altında bu üç nəfərdən başqa heç kəs bu dinə iman gətirməmişdir. Burada belə bir sual qarşıya çıxır: Əgər Əli (ə) Peyğəmbərin (s) besətindən sonra ona iman gətirən ilk şəxsdirsə, bu halda Əli (ə) besətdən qabaq nəyə sitayiş edirdi? Bu sualın cavabı əvvəldə deyilənlərə diqqət yetirməklə aydın olur. Yəni, burada "iman gətirmək" dedikdə məqsəd besətdən qabaq Əli (ə)-ın ruhunun bütün yönləri ilə işləmiş və bir an da olsun belə, ondan ayrılmayan qədim imanını aşkara çıxarmasıdır. Çünki Peyğəmbəri-Əkrəm (s)-in Əli (ə)-ı ardıcıl və mütəmadi olaraq himayə etməsi nəticəsində vahid olan Allaha iman kökləri onun ruhunun dərinliklərində yer açmış və vücudu başdan-ayağa iman və ixlasla dolmuşdu. O günə qədər Peyğəmbər (s)-ə risalət məqamı verilmədiyinə görə, lazım gəldi ki, Peyğəmbər (s) bu məqama çatandan sonra Əli (ə) onunla olan bağlılığını daha da möhkəmlədib Peyğəmbərin risalətini qəbul etməklə öz imanını aşkar etsin. Qurani-Məciddə "iman" və "islam" mövcud əqidəni aşkar etmək mənasında çox işlənmişdir. Məsələn, Allah-Taala Ibrahim (ə)-a islamı qəbul et-deyə əmr etdikdə, o deyir: "Aləmlərin Rəbbinə təsliməm."("Bəqərə" surəsi, ayə:131 ) Quranda Peyğəmbərin dilindən onun öz barəsində deyilir: "Mənə əmr olunubdur ki, aləmlərin Rəbbi qarşısında təslim olam."("Mumin" surəsi, ayə:66 ) Qeyd olunan ayələrdə və həmçinin, bu kimi başqa yerlərdə islamı qəbul etmək dedikdə, məqsəd şübhəsiz ki, ibtidai imanı kəsb etmək deyil, insanın ruhuna nufuz etmiş islam və imanı aşkar etmək nəzərdə tutulur. Çünki Peyğəmbər bu ayənin nazil olmasından qabaq və hətta besətdən də öncə tam mənada bir müvəhhid (tək olan Allaha imanlı) və Allah dərgahına təslim olan bir şəxs idi. Buna görə də deməliyik ki, iman gətirməyin iki mənası var: 1) Ilk əvvəldən insanın ruhuna nüfuz etmiş olan batini imanı aşkar etmək ki, besətin ikinci günündə Əli (ə)-ın iman gətirməsi də məhz bu mənadadır. 2) Sonradan iman qazanmaq və islama ilkin yönəlmə. Peyğəmbərin (s) səhabələrinin çoxunun imanı bu qəbildən idi. MƏMUNUN İSHAQ İLƏ ELMİ MÜBAHİSƏSİ Məmun öz xilafəti dövründə siyasi şəraitin tələbinə görə (yaxud ola bilsin ki, əqidəsinə əsasən) özünün zahirdə şiə olmasını və Əli (ə)-ın yüksək məqamda olmasını qəbul edirdi. Bir gün dövrün qırx nəfər alimini, o cümlədən Ishaqı dəvət etdiyi bir elmi məclisdə (yığıncaqda) üzünü onlara tutub dedi:–Allah Peyğəmbərinin risalətə məbus olunan günü ən yaxşı əməl nə idi? Ishaq cavab verdi:–Allaha və Onun Peyğəmbərinə iman gətirmək. Məmun yenə soruşdu:–Islamı qəbul etməkdə qabaqcıl olmaq ən yaxşı əməllər sırasında deyildimi? Ishaq dedi:–Bəs necə! Quran buyurur: "Əssabiqunəs-sabiqun, ulaikəl-muqərrəbun." Bu ayədəki "sibqət"dən məqsəd elə islamı qəbul etməkdə qabaqcıl olmaqdır. Məmun soruşdu:–Bir kəs Islamı qəbul etməkdə Əli (ə)-dan qabağa keçmişdimi, yoxsa kişilərdən Peyğəmbərə iman gətirən ilk şəxs elə Əlidir? Ishaq dedi:–Əli Peyğəmbərə iman gətirən ilk şəxsdir, amma o, iman gətirdiyi vaxt uşaq idi və uşaq ikən iman gətirməyə yüksək qiymət vermək olmaz. Ancaq Əbu Bəkr sonralar iman gətirməsinə baxmayaraq, allahpərəstlərin sırasına qoşulanda kamil bir şəxs olduğundan, onun o yaşdakı imanı və etiqadı başqa dəyərə malik idi. Məmun soruşdu:–Əli necə iman gətirdi? Peyğəmbər onu islama dəvət etdi, yoxsa Allah tərəfindən ona əmr olundu ki, tövhid ayinini və islam dinini qəbul etsin? Heç vaxt demək olmaz ki, Əli islamı Allah tərəfindən olan vəhy əsasında qəbul etmişdir, çünki belə fərz etdikdə, onun imanı Peyğəmbərin imanından üstün sayılmalıdır. Çünki Peyğəmbərin iman gətirməsi Allah tərəfindən birbaşa ona əmr olunma yolu ilə deyil, Cəbrailin vasitəsi və yol göstərməsi ilə olmuşdur. Əli Peyğəmbərin dəvəti nəticəsində iman gətirdiyi halda, sual olunur ki, Peyğəmbər bu işi (dəvəti) özbaşına görmüşdü, yoxsa Allahın göstərişi ilə? Heç vaxt demək olmaz ki, Peyğəmbər Allahın əmri və izni olmadan Əlini islama dəvət etmişdir, hökmən deməliyik ki, Əlinin islama dəvət olunması Peyğəmbər tərəfindən və Allahın əmri ilə olmuşdur. Hikmət sahibi olan Allah əmr edərmi ki, Onun Peyğəmbəri iman gətirməyi və gətirməməyi bərabər olan, (imanı qəbul etmək üçün) hazırlığı və qabiliyyəti olmayan bir uşağı islama dəvət etsin?! Buna görə də demək lazımdır ki, Imamın uşaqlıq çağlarında şüur və dərrakəsi elə bir səviyyədə idi ki, onun imanı yaşlı adamların imanı ilə bərabər idi. Məmun bu barədə başqa bir cavab da versəydi, daha yaxşı olardı. Bu cavab vilayət və itaət məsələlərində geniş məlumatı olan şəxslər üçün daha münasibdir. Onun xülasəsi belədir: Ilahi övliyalara adi bir şəxs kimi baxmamalı, onların uşaqlıq çağlarını başqalarının uşaqlıq çağı ilə eyniləşdirməməli, dərrakə və düşüncə qabiliyyətini başqaları ilə bir səviyyədə bilməməliyik. Peyğəmbərlərin də arasında elələri olmuşdur ki, hətta uşaqlıq çağlarında belə, ali məfhumlu həqiqətləri dərk etmiş, kamal və düşüncənin ən ali və yüksək dərəcələrinə nail olmuşlar. Çünki, həmin dövrdə Allah tərəfindən onlara hikmətli sözlər və yüksək ilahi mərifətlər öyrədilməsi üçün ləyaqət və qabiliyyətləri varmış. Qurani-Kərim həzrət Yəhya (ə) barəsində belə buyurur: "Ey Yəhya, kitabı tam qüdrətlə götür (bu, onun tam möhtəvasına əməl etməyə bir kinayədir); Biz ona uşaq olduğu zaman hikmət verdik."("Məryəm" surəsi, ayə:12 ) Bəziləri demişlər ki, bu ayədə "hikmət"dən məqsəd "nübüvvət"dir. Bəziləri də ehtimal verirlər ki, məqsəd ilahi mərifətlərdir. Hər iki halda, ayənin məfhumu göstərir ki, ilahi övliya və peyğəmbərlər bir sıra istedadlar və fövqəl-adə qabiliyyətlər əsasında xəlq olunur və onların uşaqlıq çağları başqa uşaqlardan tamamilə fərqlənir. Həzrət Məsih (ə) öz təvəllüdünün ilk günlərində Allahın əmri ilə danışmağa başlayıb deyir: "Mən Allahın bəndəsiyəm, mənə kitab verilmişdir və ilahi peyğəmbərəm." Məsum rəhbərlərin tərcümeyi-hallarında oxuyuruq ki, onlar uşaqlıq çağlarında ən çətin əqli, fəlsəfi və fiqhi məsələlərə cavab verirlər. Bəli, dahilərin işlərini öz işlərimizlə müqayisə etməməli, öz uşaqlarımızın idrak və düşüncə səviyyələrini peyğəmbərlərin və ilahi rəhbərlərin uşaqlıq çağındakı idrakları ilə eyniləşdirməməliyik. İKİNCİ FƏSİL ƏLİ (Ə)-IN FƏZİLƏTLƏRİNİN YAYILMASININ QADAĞAN OLUNMASI Bəşəriyyət tarixində Əli (ə) kimi çox az şəxsiyyət tapmaq olar ki, dost-düşmən əl-ələ verib onun fəzilətlərini və ali-insani sifətlərini ört-basdır etdiyi halda, onun fəzilət və kəraməti bütün aləmi bürüsün. Düşmən ona qarşı ədavət və kin bəsləmiş, bədxahlıq üzündən onun yüksək məqam və mənzilətini gizlətməyə çalışmışdır. Dost isə, ona qarşı səmimi qəlbdən məhəbbət bəsləyir, amma öldürülüb, əziyyətə düçar olmaq qorxusundan, ona qarşı olan məhəbbət və dostluğunu gizlətmək və onun barəsində bir söz də olsun belə, dilinə gətirməməkdən başqa çıxış yolu tapmamışdır. Əməvi sülaləsinin Əli (ə) və onun övladlarının fəzilətlərini və əsərlərini məhv etmək üçün göstərdikləri namərdcəsinə səylər heç vaxt unudulmaz. Əli (ə)-la dostluqda müttəhim olan şəxs barəsində o dövrün rüsvayçı hökumət üsul idarəsi ətrafında toplaşmış tör-töküntü ünsürlərdən ikisinin bu dostluğa şahidlik etməsi kifayət idi: dərhal həmin adamın adını dövlət işçiləri siyahısından silir və onun beytül-maldan olan maaşını kəsirdilər. Müaviyə özünün vali və əyalət hakimlərinə yazdığı bir məktubda onlara belə deyir: "Əgər bir nəfərin Əli və onun sülaləsinin dostlarından olması sübuta yetsə, onun adını dövlət qulluqçuları siyahısından çıxarıb maaşını kəsin və bütün imtiyazlardan məhrum edin." Başqa bir məktubda daha çox təkidlə əmr etmişdir ki, Əli sülaləsi ilə dostluğu aşkar edilən hər bir kəsin burun və qulaqlarını kəsib, evlərini viran edin. Bu fərman nəticəsində Iraq əhalisinə, xüsusilə də Kufəlilərə o qədər təzyiq göstərildi ki, şiələrdən heç biri Müaviyənin məxfi məmurlarının qorxusundan öz sirrini, hətta yaxın dostlarına belə, sirri açmamasına dair əvvəlcədən and içdirməyincə deyə bilmirdi. Əskafi "Nəqzül-Osmaniyyə" kitabında yazır: Abbasi və Əməvi dövlətləri Əlinin fəzilətlərinin yayılmasının qarşısını almaq üçün ciddi-cəhd göstərirdilər. Bu məqsədlə fəqihləri, qaziləri və hədisçiləri çağırıb, onlara fərman verirdilər ki, Əlinin fəzilətləri barəsində bir kəlmə belə danışmasınlar. Buna görə də, mühəddislərdən (hədis söyləyənlərdən) bir qrupu məcbur olmuşdular ki, imamın fəzilətlərini kinayə ilə və üstü örtülü şəkildə nəql edib desinlər: "Qüreyşdən olan bir kişi belə etdi." Müaviyə üçüncü dəfə olaraq özünün islam vilayətlərindəki siyasi nümayəndələrinə yazdı ki, Əli şiələrinin şahidliyini heç bir yerdə qəbul etməyin. Amma o, bu səy və təzyiqlərlə Əli (ə) sülaləsinin fəzilətlərinin yayılmasının qarşısını ala bilmədi. Buna görə də dördüncü dəfə valilərə yazdı: "Osmanın fəzilət və yaxşılıqlarını söyləyənlərə hörmət edib, adlarını mənə yazın ki, onların etdikləri xidmətlərin əvəzini verim və onları çoxlu mükafatlarla qiymətləndirim." Belə bir müjdə bütün şəhərlərdə Osmanın fəzilətlərini nəql etməklə qondarma və yalan hədis bazarlarının açılıb rövnəqlənməsinə və fəzilət nəql edən ravilərin üçüncü xəlifə barəsində hədis düzəltməklə bol sərvətlər qazanmasına səbəb oldu. Iş o yerə çatdı ki, hətta Müaviyənin özü də əsassız və rüsvayçı fəzilətlərin yayılmasından narahat oldu və bu dəfə əmr verdi ki, Osmanın da fəzilətlərinin söylənilməsinin qarşısı alınsın və birinci və ikinci xəlifənin və həmçinin digər səhabələrin fəzilətlərini söyləməyə səy göstərsinlər, əgər bir hədisçi Əbu Turab barəsində bir fəzilət söyləsə, dərhal onun oxşarını Peyğəmbərin başqa dostları haqqında da düzəldib yaysınlar. Çünki bu iş Əli şiələrinin dəlillərini təsirsizləşdirmək üçün daha yaxşıdır. Mərvan ibni Həkəm başqaları kimi deyirdi ki, Osmanı heç kim Əli qədər müdafiə etmədi. Buna baxmayaraq, Imam (ə)-a lənət demək onun dilinin əzbəri idi. Bir kəs ona etiraz edib "Əli barəsində belə etiqadın varsa, bəs nə üçün onu pisləyirsən?" - deyə soruşanda cavab verirdi ki, bizim hökumətimizin bünövrəsi yalnız Əlini alçaldıb, onu söyüb lənətləməklə möhkəmlənə bilər. Bəziləri Əli (ə)-ın misilsiz və parlaq xidmətlərinə, əzəmət və paklığına inandığı halda və məqam və mövqelərini hifz etmək üçün Əli (ə) və onun övladları barəsində nalayiq sözlər deyirdilər. Ömər ibni Əbdül-Əziz deyir: –Atam Mədinənin hakimi, bacarıqlı natiq və söz ustası idi. Namazın xütbəsini kamil fəsahət və bəlağətlə oxuyardı. Amma Şam hökumətinin göstərişinə əsasən məcbur qalıb namazın xütbələri arasında Əli və onun övladlarını lənətləyirdi. Həmişə bu mərhələyə çatanda gözlənilmədən çaşır və rəngi dəyişilir, nitqinin ahəngini və səlisliyini itirirdi. Səbəbini atamdan soruşduqda cavab verdi ki, mənim Əli barəsində bildiyimi başqaları bilsəydi, heç kəs bizə tabe olmazdı. Mən Əlinin yüksək məqamını bilə-bilə ona nalayiq sözlər deyirəm. Mən Mərvanın yüksək mövqeyini qorumaq üçün bu işi görməyə məcburam. Üməyyə övladlarının (Bəni-Üməyyənin) qəlbləri Əli (ə)-a qarşı ədavətlə dolmuşdu. Xeyirxah adamlardan bir dəstəsi Müaviyəyə bu işdən əl çəkməsini tövsiyə edəndə demişdi: "Bu işi o qədər davam etdirəcəyik ki, uşaqlarımız bu fikirlə böyüsünlər, böyüklərimiz də bu fikirlə qocalsınlar!" Əli (ə)-ı lənətləyib ona nalayiq söz demək minbərlərdə, moizə, xitabə, dərs və hədis məclislərində, Müaviyənin üsul-idarəsində xidmət edən mühəddis və xətiblər arasında düz altmış il davam etdi və çox təsir buraxdı. Bir gün Həccac bir kişinin üstünə qışqırıb ona qarşı kobudluq etdi. Əzdi qəbiləsindən olan bu kişi üzünü Həccaca tutub dedi:–Ey Əmir! Bizimlə belə danışma, biz fəzilət sahibiyik. Həccac ondan fəzilətlərinin nə olduğu barədə soruşduqda cavab verdi:–Bizim fəzilətlərimizdən biri budur ki, əgər bir kəs bizimlə qohum olmaq istəsə, əvvəlcə ondan soruşuruq ki, görək Əbu Turabın dostlarındandır, yoxsa yox. Əgər ona azacıq məhəbbət bəsləmiş olsa, heç vaxt onunla qohum olmarıq. Bizim Əli övladları ilə olan ədavətimiz o qədər dərindir ki, qəbiləmizdə Həsən, yaxud Hüseyn adlı bir kişi, Fatimə adlı bir qız tapılmaz. Əgər bizim qəbilənin bir üzvünə desən ki, Əlidən bezar ol, dərhal onun övladlarından da bezar olar. Bəni-Üməyyənin göstərdiyi təzyiqlər nəticəsində Əli (ə)-ın fəzilətlərini gizlətmək və inkar etmək, eləcə də o həzrətin barəsində deyilən iftiraların düz olduğunu təsəvvür etmək ürəklərdə o qədər dərin kök salmışdı ki, onlar bu işləri müstəhəb (görülməsində savab olan), hətta bəzən əxlaqi bir vacib hesab edirdilər. Ömər ibni Əbdül-Əziz islam cəmiyyətindəki bu rüsvayçı ləkəni aradan qaldırmaq qərarına gələndə əməvilərin təsiri altında tərbiyə alanların naləsi ərşə qalxdı. Onlar deyirdilər ki, xəlifə "islami sünnə"ni məhv etmək istəyir! Bütün bunlara baxmayaraq, islam tarixi şəhadət verir ki, Bəni-Üməyyənin namərdcəsinə olan tədbirləri puça çıxdı və onların ardı-arası kəsilmədən göstərdikləri səylər tamamilə əks-nəticə verdi. Belə ki, Əli (ə)-ın başdan-ayağa fəzilət olan vücudu Əməvi xətiblərinin təlqinləri və yanlış təsəvvürlərinin arxasından gün kimi nur saçmağa başladı. Düşmənin israr və inkarı nəinki ayıq qəlblərdə Əli (ə)-a olan məhəbbəti və onun mövqeyini azalda bilmədi, üstəlik onların bu işləri o həzrətin barəsində daha artıq tədqiqat aparılmasına, Imam (ə)-ın şəxsiyyətinin siyasi oyunlardan uzaq üfüqlərdə dəyərləndirilməsinə səbəb oldu. Hətta Əli sülaləsinin düşməni olan Əbdüllah ibni Zübeyrin nəvəsi Amir öz övladına tövsiyə edir ki, Əli barəsində nalayiq danışmaqdan əl çəksin, çünki Bəni-Üməyyə tayfası altmış il müddətində minbərlərdə onun barəsində nalayiq sözlər dedi, amma bunun Əlinin məqam və mövqeyinin yüksəlməsindən və oyaq qəlbli insanların ona tərəf cəzb olunmasından başqa bir nəticəsi olmadı. İLK KÖMƏKÇİ Əli (ə)-ın fəzilətlərinin gizlədilməsi və o həzrətin barəsində olan aşkar həqiqətlərin qərəzli şəkildə təhlil edilməsi təkcə Bəni-Üməyyənin dövründə olmamışdır, əksinə, bəşəriyyətin kamil insan nümunəsi olan Əli (ə) düşmənlər və qərəzçilər tərəfindən həmişə hücumlara məruz qalmışdır. Hətta təəssübkeş yazıçılar belə Əli (ə) sülaləsinin hüququnu tapdalamaqdan çəkinməmişlər. Islamın əvvəlindən on dörd əsr keçməsinə baxmayaraq, indi də özlərini "ziyalı", "azad" və "yeni nəslin rəhbəri" hesab edənlər zəhərli qələmləri ilə Əməvilərin mənfur məqsədlərinə kömək edir, Əli (ə)-ın fəzilətlərinin üstünə pərdə çəkmək istəyirlər. Belə bir aşkar dəlilə diqqət yetirin: Ilahi vəhy ilk dəfə Həra mağarasında Peyğəmbəri-Əkrəm (s)-in qəlbinə nazil oldu və onu nübüvvət və risalət məqamı ilə iftixarlandırdı. Vəhy mələyi onu risalət məqamı ilə agah etməsinə baxmayaraq, risaləti təbliğ etməyin vaxtını müəyyən etməmişdi. Buna görə də Peyğəmbər (s) üç il müddətində islamı ümumi şəkildə təbliğ etməkdən çəkindi. O, qabiliyyətli və ləyaqətli şəxslərlə xüsusi görüş təşkil etməklə sayı çox da olmayan bir qrupu yeni ilahi ayinə hidayət edə bildi. Nəhayət, vəhy mələyi nazil oldu və Allah tərəfindən belə bir fərman gətirdi ki, Peyğəmbər öz ümumi təbliğini yaxın qohum-əqrəbalarını dinə dəvət etməklə başlasın: "Öz yaxın adamlarını (qohumlarını) ilahi əzabdan qorxut və öz mehr-məhəbbət qanadını imanlı şəxslərin başına çək. Əgər səninlə müxalifətçilik etsələr, de ki, mən (sizin bəd) əməllərinizdən bezaram."("Şüəra" surəsi, ayə:214-216 ) Aşkar və ümumi dəvət ona görə qohum-əqrəbalardan başlanmalı idi ki, hər hansı ilahi və ya ictimai bir rəhbərin yaxın adamları ona iman gətirməsə və ona tabe olmasalar, onun dəvəti başqalarına heç vaxt təsir etməz. Çünki, hər bir adamın qohum-əqrəbası onun sirlərindən, vəziyyət və əhvalından, gözəl xüsusiyyətlərindən və eyblərindən agahdırlar. Buna görə də nübüvvət və risalət iddiaçısının qohum-əqrəbasının iman gətirməsi onun öz dəvətində doğruçu olmağının bir nişanəsi hesab olunur. Bunun əksi də düzdür, yəni qohum-əqrəba ondan üz döndərsə, bu, iddiaçının öz iddiasında sadiq olmamasını göstərir. Buna görə də Peyğəmbər (s) Əli (ə)-a göstəriş verdi ki, Bəni-Haşimin böyük şəxsiyyətlərindən qırx beş nəfərini nahar süfrəsinə dəvət etsin və qonaqlar üçün ətli xörək və süd hazırlasın. Qonaqların hamısı müəyyən olunmuş vaxtda Peyğəmbərin hüzuruna tələsdilər. Nahar yeyiləndən sonra Peyğəmbərin əmisi Əbu Ləhəb yüngül və atmaca sözlərlə məclisin dəvət məsələsinə dair əsas məqsədinin müzakirə olunmasına mane oldu. Heç bir müsbət nəticə alınmadan məclis sona çatdı və qonaqlar yeməkdən sonra Rəsulullah (s)-in evini tərk etdilər. Peyğəmbər (s) qərara aldı ki, o günün sabahı başqa bir ziyafət təşkil edib Əbu Ləhəbdən başqa onların hamısını öz evinə dəvət etsin. Yenə də Əli (ə) Peyğəmbərin (s) göstərişi ilə yemək və süd hazırladı, Bəni-Haşimin görkəmli və tanınmış şəxsiyyətlərini Peyğəmbərin sözlərinə qulaq asmaq üçün nahara dəvət etdi. Qonaqların hamısı yenidən müəyyən olunmuş vaxtda məclisə gəldi. Peyğəmbər (s) yeməkdən sonra öz sözlərinə belə başladı: "Həqiqəti camaata göstərən şəxs onlara yalan deməz. Mən (qeyri-mümkün olan fərzə görə) başqalarına yalan desəm də, heç vaxt sizə yalan demərəm, başqalarını aldatsam da, sizi heç vaxt aldatmaram. Ondan başqa məbud olmayan Allaha and içirəm ki, mən Onun sizə və bütün dünya xalqlarına tərəf göndərilmiş elçisiyəm. Agah olun ki, yatdığınız kimi ölüb, durduğunuz kimi də diriləcəksiniz. Yaxşı əməl sahibləri öz əməllərinin mükafatına, pis əməl sahibləri öz əməllərinin cəzasına çatacaqlar, əbədi cənnət yaxşı iş sahibləri üçün, əbədi cəhənnəm isə pis əməl sahibləri üçün hazırdır. Camaat içərisində heç kim öz əhli üçün mənim sizin üçün gətirdiyimdən yaxşı bir şey gətirməmişdir: Mən sizin üçün dünya və axirət xeyrini gətirmişəm. Allah mənə fərman vermişdir ki, sizi Onun vəhdaniyyətinə (yeganəliyinə) və öz risalətimə dəvət edəm. Bu yolda sizdən kim mənə kömək edər ki, (nəticədə) mənim qardaşım, vəsim (canişinim) və mənim sizin aranızdakı nümayəndəm olsun?!" Bu sözləri deyib bir az dayandı ki, oradakılardan hansı birinin onun çağırışına müsbət cavab verəcəyini görsün. Həmin vaxt məclisdə heyrət dolu bir sükut hökm sürürdü. Hamı başını aşağı salmış, dərin fikrə dalmışdı. O günə kimi yaşı on beşi keçməyən Əli (ə) gözlənilmədən sükutu pozaraq ayağa qalxdı və üzünü Peyğəmbərə (s) tutub dedi: "Ey Allahın Peyğəmbəri, bu yolda mən sənə kömək edərəm." Sonra əlini Peyğəmbərə tərəf uzatdı ki, fədakarlıq əhd-peymanı olaraq onun əlini sıxsın. Peyğəmbər (s) ona göstəriş verdi ki, əyləşsin. Sonra öz sualını yenidən təkrar etdi. Yenə də Əli (ə) ayağa qalxıb öz hazırlığını elan etdi. Bu dəfə də Peyğəmbər (s) ona dedi ki, otursun. Üçüncü dəfə də Əli (ə)-dan başqa heç kəs ayağa qalxmadı–ayağa duran və müqəddəs amallarında Peyğəmbərə arxa olacağını elan edən şəxs yalnız Əli idi. Bu vaxt Peyğəmbər (s) öz əlini Əli (ə)-ın əlinə verib, Haşimi tayfasının ağsaqqallarının iştirak etdikləri məclisdə özünün Əli (ə) barəsindəki tarixi kəlamını buyurdu: "Ey mənim qohumlarım və yaxın adamlarım! Bilin ki, Əli mənim qardaşım, sizin aranızdakı vəsim və xəlifəmdir (canişinimdir)." "Siyreyi-Hələbiyy"nin müəllifinin nəql etdiyinə əsasən, Peyğəmbər bu cümləyə əlavə olaraq iki mətləbi də artırdı: "Həmçinin mənim vəzirim və varisimdir." Beləliklə, islamın ilk vəsisi sonuncu ilahi peyğəmbərin vasitəsi ilə, həm də risalətin elan olunmasının əvvəlində və az saylı qrupdan başqa heç kəsin iman gətirmədiyi bir dövrdə təyin olundu. Peyğəmbərin eyni bir gündə həm öz peyğəmbərliyini, həm də Əli (ə)-ın imamətini elan etməsindən imamətin mövqeyini və məqamını aşkar şəkildə başa düşmək və həmçinin, bu iki məqamın (risalət və imamət) bir-birindən ayrı olmadığını dərk etmək mümkündür. Başqa sözlə, imamət nübüvvətin təkmilləşdiricisi və tamamlayıcısıdır. BU TARİXİ SƏNƏDİN MƏNBƏYİ Şiə və qeyri-şiə hədisçi və təfsirçilərindən bir qrupu yuxarıdakı hədisi–sənəd və möhtəvasına heç bir irad tutmadan–söyləmiş və bu hədisi Imam (ə)-ın fəzilət və tərifəlayiq xidmətlərinin göstəricisi hesab etmişlər. Yalnız tanınmış sünnü yazıçısı ibni Teymiyyə Dəməşqi (bu şəxsin Əhli-beyt və risalət sülaləsinin fəzilətləri barəsində olan hədislərdəki zidd nəzəriyyələri gün kimi aydınlaşmışdır) bu sənədi rədd etmiş, onu cəli (saxta və qondarma) hədis hesab etmişdir. O, bu hədisi qondarma hesab etməkdən əlavə, həm də özünəməxsus təfəkkür tərzinə əsasən, Imam (ə)-ın sülaləsinin fəzilət və xidmətləri barəsində olan hədislərin əksəriyyətini–mütəvatir olduğu halda–əsassız və qondarma hesab edir. Bu yazıçı öz ustadının (adını da qeyd etmir) "Tarixi-kamil" kitabındakı haşiyələrini söyləməklə deyir: "O, bu hədisi qondarma hesab edir." (Deyəsən o, öz ustadı ibni Teymiyyənin fikirlərinin təsiri altında olmuş, yaxud da hədisin sənədinin əvvəlki üç xəlifənin hakimiyyəti ilə müxalif olduğunu gördüyü üçün, onu qondarma hesab etmişdir). Sonra onun özü bu hədisin məzmununu çox təəccüblü şəkildə yozur və deyir ki, islamın əvvəllərində Imam (ə)-ın vəsi olmasının sonralar Əbu Bəkrin xilafəti ilə heç bir ziddiyyəti yoxdur, çünki o gün Peyğəmbərin canişini olsun deyə, Əlidən başqa bir müsəlman yox idi. Belə adamlarla mübahisə aparmağın heç bir xeyri yoxdur; bizim iradımız bu hədisi özlərinin bəzi kitablarında kamil surətdə, bəzi kitablarında isə ixtisarla və müəmmalı şəkildə (bu özü də bir növ həqiqəti gizlətməkdir) söyləyən, yaxud bu hədisi kitabın ilk çapında dərc edən, lakin sonrakı çaplarda mühitin göstərdiyi təzyiq nəticəsində ixtisara salan şəxslərədir. Belə olan halda deyilməlidir ki, Əli (ə)-ın hüququnun pozulmasının əsası Peyğəmbərin (s) vəfatından sonra qoyulmuş, indi də davam edir. Indi isə mətləbi ətraflı şəkildə şərh edirik. TARİXİ HƏQİQƏTLƏRİN ÖRT-BASDIR EDİLMƏSİ Böyük islam tarixçisi Məhəmməd ibni Cərir Təbəri öz tarixində ("Tarixi-Təbəri"də) bu tarixi fəziləti mötəbər sənədlərlə nəql etmişdir. Amma öz təfsirində "və ənzir əşirətəkəl-əqrəbin" ayəsinə yetişdikdə, onun sənədini o qədər müəmmalı şəkildə söyləmişdir ki, ona yersiz təəssübkeşlikdən başqa bir səbəb tapmaq olmaz. Əvvəldə qeyd etdik ki, Peyğəmbər (s) qonaqlığın sonunda məclisdəkilərə xitab edərək soruşdu: "Fə əyyukum yuvaziruni əla ən yəkunə əxi və vəsiyyi və xəlifəti?" Təbəri Peyğəmbərin verdiyi bu sualı belə nəql etmişdir: "Fə əyyukum yuvaziruni əla ən yəkunə əxi və kəza və kəza?" Aydındır ki, "vəsiyyi" və "xəlifəti" kimi iki kəlmənin ixtisara salınması və onların yerinə şübhəli və mənası aydın olmayan sözlərin ("kəza və kəza", yəni "filan cür", "filan cür" sözlərinin) deyilməsində məqsəd təəssübkeşlik, xəlifələrin mövqeyini və məqamını müdafiə etməkdən başqa bir şey olmamışdır. O yalnız Peyğəmbərin verdiyi sualı təhrif etməmiş, üstəlik hədisin ikinci hissəsi olan "innə haza əxi və vəsiyyi və xəlifəti" (yəni Əmirəl-möminin Əli (ə)-ın qanuni xilafəti üçün aşkar dəlil olan "canişinim və xəlifəmdir") sözlərinin yerinə bir növ müəmmalı və düzgün olmayan "kəza və kəza" kəlmələrini işlətmişdir. Tarixinin bünövrəsini "Tarixi-Təbəri" təşkil edən ibni Kəsir Şami bu sənədə çatanda dərhal "Tarixi-Təbəri"ni buraxıb, onun təfsirdəki üslubundan istifadə edir və elə onun kimi də müəmmalı sözlərə əl atır. Bunlardan da pisi, Misrin adlı-sanlı müasir ziyalısı Doktor Məhəmməd Hüseyn Heykəlin öz "Həyati-Məhəmməd" kitabında yol verdiyi təhrifdir. Bu təhriflə o, öz kitabının dəyər və etibarlılığına güclü zərbə vurmuşdur. Çünki əvvəla, Peyğəmbər (s)-in o məclisin axırındakı iki həssas cümləsindən yalnız sual cümləsini nəql etmiş, amma Peyğəmbər (s)-in Əli (ə)-a buyurduğu ikinci cümləni, yəni "Sən mənim qardaşım, canişinim və xəlifəmsən"-cümləsini tamamilə ixtisara salmış və ümumiyyətlə ondan söz açmamışdır. Ikincisi, o, qeyd olunan kitabın ikinci və üçüncü nəşrində daha da cürətlənmiş, hətta əvvəldə bir hissəsini nəql etdiyi hədisi kökündən çıxarmışdır. Təəssübkeş insanlar onu elə həmin hissəni də nəql etdiyinə görə danlamış, nəticədə onu vadar etmişlər ki, tarix tənqidçilərinin əlinə başqa bir sənəd versin, öz kitabına başqa bir ləkə salsın. ƏSKAFİDƏN BİR SÖZ Əskafi özünün məşhur kitabında Əli (ə)-ın öz atasının, əmilərinin, həmçinin Bəni-Haşimin görkəmli şəxsiyyətlərinin hüzurunda Peyğəmbər (s)-lə bağladığı fədakarlıq əhd-peymanı və Peyğəmbərin onu öz xəlifəsi və canişini adlandırması kimi tarixi fəzilət barəsində belə deyir: "Imam (ə) uşaqlıq çağlarında, uşağın yaxşını-pisi lazımınca ayırd edə bilmədiyi bir dövrdə iman gətirmişdir" deyənlər bu tarixi sənəd barəsində nə deyirlər? Görəsən, Peyğəmbər (s)-in çoxsaylı bir qonaqlıq üçün nahar bişirmək zəhmətini bir uşağın öhdəsinə qoyması mümkündürmü? Yaxud azyaşlı bir uşağa deyərmi ki, onları qonaqlığa dəvət etsin? Görəsən, Peyğəmbərin həddi-büluğa çatmayan bir uşağı öz nübüvvət vəzifəsində sirdaş bilməsi, əlini onun əlinə qoyub onu öz qardaşı, camaat arasındakı canişini və nümayəndəsi kimi təqdim etməsi düzgün bir işdirmi? Şübhəsiz ki, yox! Əksinə, bunu qeyd etmək lazımdır ki, o vaxt Əli (ə) fiziki idrak cəhətindən inkişaf edib elə bir həddə çatmışdı ki, bu işlərin hamısını görmək üçün ləyaqətli idi. Məhz buna görə də o, başqa uşaqlarla ünsiyyətdə olmamış, onların sıralarına daxil olmamış və onlarla oynamamışdır. Peyğəmbərlə fədakarlıq və xidmət etmək əhd-peymanını bağlayandan sonra, öz sözündə möhkəm idi və həmişə sözləri əməlləri ilə uyğun gəlirdi. O, həyatının bütün mərhələlərində Peyğəmbər (s)-in munisi idi. Həmin məclisdə Peyğəmbər (s)-in nübuvvətinə iman gətirən ilk şəxs olmaqla bərabər, həm də Qüreyş başçıları Peyğəmbərdən öz dediklərinin doğru olmasını və Allahla olan əlaqəsinin sübut etməsi üçün möcüzə göstərməsini istədikləri vaxtda (onlar deyirdilər ki, ağac kökündən qopub gəlsin və onların qarşısında dayansın) Əli (ə) inkar edənlərin qarşısında öz imanını aşkar edən yeganə şəxs idi. Əmirəl-möminin (ə) möcüzə istəyənlərin macərasını öz xütbələrinin birində nəql edib buyurur: "...Peyğəmbər onlara dedi:–Əgər Allah belə etsə, Onun tək olmağına və mənim peyğəmbərliyinə iman gətirəcəksinizmi? Hamılıqla bəli" - dedilər. Bu vaxt Peyğəmbər (s) dua etdi va Allah da onun duasını qəbul etdi: Ağac yerindən qopub hərəkət etdi və Peyğəmbər (s)-in qarşısında dayandı. Möcüzə istəyənlər inadkarlıqla küfr yolunu seçərək, Peyğəmbəri təsdiq etmək əvəzinə, onu cadugər hesab etdilər. Amma mən Peyğəmbərin yanında dayanmışdım. Üzümü ona tutub dedim: Ey Peyğəmbər! Mən sənin risalətinə iman gətirən ilk şəxsəm və etiraf edirəm ki, ağac bu işi Allahın əmri ilə görmüş, sənin peyğəmbərliyini təsdiq edib sözünü böyük saymışdır. Bu vaxt mənim sözlərim onlara çox ağır gəldi və dedilər ki, səni Əlidən başqa bir kəs təsdiq etməyəcəkdir." |